Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(105)-67/2022 16.03.2022 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Hakimləri Babayeva Hökümə Çingiz qızı qızı (sədrlik edən və məruzəçi), Məmmədov Zahid Tahir oğlu və Məmmədov Fuad Əli oğlundan ibarət tərkibdə, Hüseynli Aydın Hüseyn oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı “cavabdeh tərəfindən verilmiş oğlunun təsərrüfatdan ayrılması barədə imtina məktubunun ləğv edilərək X3 ailə təsərrüfat başı qeydiyyatından çıxarılması vəzifəsinin cavabdehə həvalə edilməsi” tələbinə dair Sumqayıt İnzibati Məhkəməsinin 29 iyul 2021-ci il tarixli, 2-1(118)-1183/2021 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ:
1. Kirayəyə verən Azərbaycan Respublikası Qaçqınların və X6 üzrə Dövlət Komitəsi ilə kirayəçi İddiaçı arasında 13 avqust 2013-cü il tarixli 2-34 saylı xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsi bağlanmış, müqaviləyə əsasən, Abşeron rayonu Masazır qəsəbəsi 2 nömrəli evdə 34 nömrəli mənzildə yerləşən dövlət mənzil fonduna aid 2 otaqlı yaşayış sahəsi haqqı ödənilmədən müvəqqəti yaşamaq üçün iddiaçının və ailə üzvləri X7 və X3 istifadəsinə verilmişdir.
2. Azərbaycan Respublikasının şəhər, rayon və şəhər rayonlarının icra hakimiyyəti başçılarının şəhər və qəsəbə inzibati ərazi dairələri və sahə inzibati ərazi dairələri üzrə nümayəndəliklərində 07 nömrəli ev təsərrüfatlarının uçotu kitabında (2018-2022-ci illər üçün) İddiaçı təsərrüfat başçısı kimi göstərilməklə onunla birgə X2, nəvələri X8, X9 və X10, oğlu X11 təsərrüfat üzvləri kimi təsbit edilmişdir.
3. İş materiallarından görünür ki, İddiaçı oğlu X5 öz təsərrüfatından ayırmaq barədə müxtəlif dövlət orqanlarına, həmçinin, Zəngilan rayon İcra Hakimiyyəti başçısının Zəngilan şəhər inzibati ərazi dairəsi üzrə icra nümayəndəliyinə müraciət etmişdir.
4. İddiaçının X22 13.11.2020-ci il tarixli ərizə ilə Zəngilan rayon İcra Hakimiyyəti başçısına müraciət edərək, Zəngilan şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyin təsərrüfat başına uçot kitabında ayrı təsərrüfat kimi aparılmasına etirazını bildirmiş, həmçinin, 28.04.2021-ci il tarixdə Zəngilan rayon İcra Hakimiyyəti başçısına öz adından iltizamnamə verərək iddiaçının təsərrüfatından ayrılmasına qəti etiraz etdiyini bildirmişdir.
5. Zəngilan şəhər inzibati ərazi dairəsi üzrə icra nümayəndəliyi iddiaçının müraciətinə cavab olaraq 30 aprel 2021-ci il tarixli 20 nömrəli məktubla X22un onun təsərrüfatının anasının təsərrüfatından ayrılmasına qəti etirazını bildirdiyi, iddiaçı və oğlunun hər ikisinin müraciəti (ərizəsi) olmadan Elşən Əsədovun nümayəndəlik tərəfindən təsərrüfatdan ayırmağın mümkün olmadığı səbəbindən müraciətin təmin edilməsindən imtina etmişdir.
İŞÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ: a) Birinci instansiya məhkəməsindəki icraat
6. İddiaçı, cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh vəzifəli şəxsləri tərəfindən yol verilən hüquq və azadlıqlarının məhdudlaşdırmasına səbəb olan halların aradan qaldırılması, Cavabdeh tərəfindən 30 aprel 2021-ci il tarixdə verilmiş oğlunun təsərrüfatdan ayrılması barədə imtina məktubunun ləğv edilərək X3 üzərində ailə təsərrüfat başı qeydiyyatından çıxarılması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
7. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Zəngilan rayon məcburi köçkünüdür, onun həyat yoldaşı X1 rayon məhkəməsinin 29 yanvar 1999-cu il tarixli qətnaməsi ilə xəbərsiz itkin düşmüş elan edilmişdir. Onunla birgə yaşayan X2 ailəsindən boşanmış və onun 3 azyaşlı uşaqları ilə onunla yaşayırlar. Oğlu 11.02.1992-ci il təvəllüdlü X11 ailəlidir, bir övladı var, Abşeron rayon Mehdabat qəsəbəsi yeni məhəllədə yaşayır. X22 çox vaxtlar evdən pul oğurlamış, ondan məcburi sürətdə pul verməyini tələb etmişdir. Hətta onu evdə küçədə dəfələrlə döymüş təhqir etmiş və xəsarət yetirmişdir. Bu hadisələrə dözə bilməyib 30.10.2018-ci ildə Abşeron rayon polis idarəsinə şikayət ərizəsi vermiş, Abşeron rayon polis idarəsinin təhqiqatcısı polis mayoru Ələddin Alməmmədov tərəfindən istintaq aparılmış 180.1-ci maddə ilə cinayət işi başlanmış, Abşeron rayon məhkəsinin 26.02.2020-ci il tarixli 1(012)-86/2020 saylı hökmü ilə X11 180.1-ci maddəsi ilə təqsirli bilinərək 02 (iki) il müddətinə azadlığı məhdudlaşdırıması cəzasına məhkum edilmişdir. 2012-ci ildən hal-hazıradək oğlu X11 və arvadı X13 aralarında münasibətlər tam pozulub. Daima münaqişələr baş verir. Birgə evdə ana bala kimi yaşamaq bir evdə qeydiyyatda olmaq tam mənasız olmuşdur. O dəfələrlə Zəngilan şəhər icra nümayəndəsi Murad müəllimə müraciət etsə də, ona bildirmişdir ki, oğlu təsərrüfatından ayrılmaq isdəmədiyindən, onu yeni ayrıca ailə kimi qeydiyata ala bilmirlər. Sonuncu müraciətinə cavab olaraq 30 aprel 2021-ci il tarixdə cavabdeh tərəfindən imtina məktubu verilmişdir. Oğlu Cavabdehnə gedib məqsədli sürətdə onun təsərrüfat uçotundan çıxarılmasına qarşı imtina etmişdir. O, hazırda X2 və onun 3 azyaşlı uşağı ilə qalır. Oğlu ailəlidir, bir uşağı var, hazırda Abşeron rayon Mehdabat qəsəbəsi yeni məhəllədə yaşayır. Oğlunun təsərrüfatdan çıxarılaraq ayrıca təsərrüfat kimi qeydiyata alınmasını xahiş edir.
8. Cavabdeh təşkilat 18 iyun 2021-ci il tarixli 26 nömrəli məktubla iddia ərizəsinə etiraz edərək bildirmişdir ki, Zəngilan şəhər sakini hazırda Abşeron rayonu Masazır qəsəbəsi Məcburi köçkün şəhərciyi ev 2 mənzil 34-də məskunlaşmış İddiaçı oğlu X3 təsərrüfatının onun təsərrüfatından ayrılmasını xahiş etmişdir. Məlumat üçün bildirir ki, 13 avqust 2013-cü il tarixdə 2-34 saylı xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsi əsasında dövlət tərəfindən İddiaçı 1986-cı il təvəllüdlü qızı Aygün, 1992-ci il təvəllüdlü oğlu Elşənə Abşeron rayonu Masazır qəsəbəsi Məcburi köçkün şəhərciyi ev 2 mənzil 34-də 2 otaqlı mənzil verilmişdir. E.Əsədov hazırda anası ilə eyni ünvanda deyil, ünvan 1mışdır, ona verilən vahid aylıq müavinət öz adına olan ayrı kartla ödənilir. Həmçinin bildirir ki, təsərrüfatın ayrılması üçün təsərrüfatı ayrılan şəxs ərizə ilə, aid olduğu təsərrüfatın başçısı razılıq ərizəsi ilə müraciət edir, qanuna müvafiq olduqda təsərrüfatın ayrılması icra nümayəndəliyinin sərəncamı ilə ayrılır. İddiaçı oğlunun təsərrüfatının ayrılması barədə ərizə yazsada, oğlu ərizə yazmamışdır. Elşən Əsədov rayon İcra hakimiyyətinə dəvət olunmuş və söhbət aparılmışdır. E.Əsədov 13.11.2020-ci ildə yazdığı ərizədə, 28.04.2020ci ildə yazdığı izahatda və həmçinin onunla aparılan telefon söhbəti zamanı (***-***-**-**) təsərrüfatından ayrılmasına qəti etirazını bildirmişdir. Ona görə də Əsədovun təsərrüfatı anası İddiaçı təsərrüfatından ayrılmamışdır. Təkrarən 28.04.2021-ci ildə bu məsələ ilə əlaqədar X11 nümayəndəliyə dəvət olunmuş onunla anasının ərizəsinə əsasən təsərrüfatdan ayrılması barədə söhbət aparılmışdır. O əvvəlki fikrində qalaraq qəti şəkildə təsərrüfatdan ayrılmasına etiraz etmişdir. Bu barədə İddiaçı məlumat verilmişdir. İddiaçı eyni zamanda özünə və oğluna ayrı-ayrılıqda mənzil verilməsini tələb edir. Məcburi köçkünlərə mənzillərin verilməsi dövlət proqramı əsasında Azərbaycan Respublikası Qaçqınların və X6 üzrə Dövlət Komitəsi tərəfindən həyata keçirilir. Rayon İcra hakimiyyətinin mənzil fondu yoxdur. İddiaçı və oğlunun mənzillə təmin olunması rayon İcra hakimiyyətinin imkanı xaricindədir. İddiaçı nəzərinə çatdırılmışdır ki, təsərrüfatdan ayrılmaq tərəflərin hər ikisinin müraciəti əsasında mümkündür. Tərəflərdən biri etiraz edirsə nümayəndəlik olaraq təsərrüfatdan ayırmaq onların səlahiyyətləri xaricindədir. Qeyd edilənlərə əsasən iddia tələbinin təmin edilməməsini məhkəmədən xahiş etmişdir.
9. Sumqayıt İnzibati Məhkəməsinin 05.07.2021-ci il tarixli 2-1(118)-1183/2021 saylı qərardadı ilə X11 inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb edilmişdir. (hakim C. Məmmədov).
10. Sumqayıt İnzibati Məhkəməsinin 29.07.2021-ci il tarixli, 2-1(118)-1183/2021 nömrəli qərarı ilə iddia təmin edilməmişdir (hakim C. Məmmədov).
11. İddiaçı həmin qərardan apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddianın təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. b) Apellyasiya instansiya məhkəməsindəki icraat
12. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 19.01.2022-ci il tarixli 2-1(105)-67/2022 nömrəli qərardadı ilə Azərbaycan Respublikası Qaçqınların və X6 üzrə Dövlət Komitəsi üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilmişdir.
APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a) Apellyasiya şikayətinin dəlilləri
13. İddiaçı apellyasiya şikayətini iddia ərizəsi ilə eyni məzmunda əsaslandırmış və əlavə olaraq bildirmişdir ki, Sumqayıt İnzibati Məhkəməsi tərəfindən onun ana kimi dəfələrlə döyülməyi, təhqir olunmağı, Polis bölmələrində dəfələrlə cinayət işinin başlanmasının rədd edilməsi barədə qərarları, Abşeron Rayon Məhkəməsinin cinayət işi barədə hökmünü nəzərə almadan ədalətsiz, bir tərəfli, heç bir qanuna söykənməyən ədalətsiz qərar çıxarmışdır.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
14. Apellyasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları
15. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı iddia ərizəsi və apellyasiya şikayəti ilə eyni məzmunda izahat verərək, apellyasiya şikayətinin təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
16. Əvvəlki məhkəmə iclasında iştiak edən cavabdehin nümayəndəsi iddia ərizəsinə etirazla eyni məzmunda izahat verərək iddia tələbinin təmin edilməməsini məhkəmədən xahiş etmişdir.
17. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar olunmuş üçüncü şəxslər məhkəmə iclasında iştirak etməmişdirlər.
18. Məhkəmə üçüncü şəxslərin iştirakı olmadan işə baxılmasını və iş üzrə qərar qəbul edilməsini mümkün saymışdır. (İnzibati Prosessual Məcəllə maddə 62.3).
TƏTBİQ EDİLƏN HÜQUQ
19. İnzibati Prosessual Məcəllə: Maddə 2. İnzibati mübahisələrin məhkəmə aidiyyəti İnzibati məhkəmə icraatı qaydasında aşağıdakı iddialara baxılır: 2.2.3. inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) (-). 34.1. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Maddə 89. Apellyasiya instansiyası məhkəməsinin qərarının qanuni qüvvəyə minməsi Bu Məcəllənin 94.1-ci maddəsində nəzərdə tutulmuş müddətdə şikayətin verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda, məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadı isə 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Maddə 90. Kassasiya şikayəti vermək hüququ 90.1. Apellyasiya instansiyası məhkəməsinin qərar və ya qərardadlarından, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, Ali Məhkəmənin İnzibati kollegiyasına (bundan sonra – Ali Məhkəməyə) şikayət verilə bilər.
20. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanun: Maddə 1. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın əsasları Azərbaycan Respublikasının vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər (bundan sonra şəxslər) Azərbaycan Respublikasında yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alınmalıdırlar. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın məqsədi Azərbaycan Respublikasında yaşayan şəxslərin uçota alınması, onların başqa şəxslər, dövlət və cəmiyyət qarşısında vəzifələrinin icra edilməsi, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsi (sosial müdafiə, pensiya təminatı, hərbi xidmətə çağırış, məhkəmə qərarlarının icrası və s.) üçün zəruri şərait yaratmaqdır. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat icazə xarakteri daşımır və yalnız Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş hallarda hüquqi nəticəyə səbəb ola bilər. Maddə 2. Yaşayış yeri və olduğu yer anlayışları Şəxsin yaşayış yeri — tam həcmdə fəaliyyət qabiliyyətli şəxsin mülkiyyətçi kimi icarə və kirayə müqaviləsi üzrə, yaxud Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslarla daimi və ya daha çox yaşadığı ev, mənzil, xidməti yaşayış sahəsi, yataqxana, ahıllar və əlilliyi olan şəxslər, o cümlədən sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlar üçün sosial xidmət müəssisələri, xüsusi təhsil müəssisələri və digər bu kimi yaşayış yerləri başa düşülür.
21. Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin 2017-ci il 27 sentyabr tarixli 22/05 №-li qərarı ilə təsdiq edilmiş Şəhər və qəsəbə inzibati ərazi dairələri və sahə inzibati ərazi dairələrində təsərrüfatbaşına uçotun aparılmasına dair göstəriş İ. EV TƏSƏRRÜFATLARİNİN UÇOTU KİTABİNİN APARİLMASİNİN ÜMUMİ QAYDALARİ Əsas anlayışlar Bu göstərişdə istifadə olunan əsas anlayışlar aşağıdakı mənaları ifadə edir: ev təsərrüfatı – bir şəxsdən və ya şəxslər qrupundan ibarət institusional vahiddir. Şəxslər qrupu o halda ev təsərrüfatı hesab edilir ki, onlar bir evdə (mənzildə) yaşasınlar, öz gəlir və əmlakını tam və ya qismən birləşdirsinlər və bir sıra mal və xidmətlərin, əsasən də mənzil-kommunal xidmətləri və ərzaq məhsullarının istehlakını birgə həyata keçirsinlər; şəxsi hesab – ev təsərrüfatlarına dair ilkin məlumatları özündə ehtiva edən və Azərbaycan Respublikasının şəhər, rayon və şəhər rayonlarının icra hakimiyyəti başçılarının müvafiq inzibati ərazi dairələri və sahə inzibati ərazi dairələri üzrə nümayəndəliklərində fərdi uçot nömrəsi ilə qeydə alınan göstəricilər məcmusudur. 6-cı bənd. Ev təsərrüfatlarının uçotu kitabları (1 №-li forma) hər beş ildən bir yenilənir. Ev təsərrüfatlarının uçotu kitabları məsul şəxslər tərəfindən yanvarın 1-dən 30dək şəhər, qəsəbə və sahə inzibati ərazi dairələri üzrə bütün təsərrüfatlar başdan-başa gəzilərək təsərrüfat başçısını (və ya təsərrüfatın mülki hüquq və fəaliyyət qabiliyyəti olan digər üzvünü) sorğu etmək yolu ilə yanvar ayının 1-i vəziyyətinə tərtib edilir və hər il üzrə məlumatların doğru-düzgünlüyü şəxsi hesabın son səhifəsinin aşağı hissəsində məsul şəxsin və təsərrüfat başçısının imzaları ilə təsdiq edilir. İdarə və müəssisələrə məxsus evlərdə, yardımçı təsərrüfatlarda, yataqxanalarda, internat məktəblərində, xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün nəzərdə tutulmuş müəssisələrdə, ahıllar və əlilliyi olan şəxslər üçün internat evlərində, xəstəxanalarda və digər yerlərdə yaşayan təsərrüfatların uçotuna da xüsusi diqqət yetirilməli, müvafiq yoxlama aparılmalıdır. Növbəti 4 ildə ev təsərrüfatlarının uçotu kitablarındakı məlumatlar yanvar ayının 1-i vəziyyətinə təkrar yoxlanılır və həmin ayın 30-dək qeydlərin dürüstləşdirilməsi başa çatdırılır. 7-ci bənd. Ev təsərrüfatlarının uçotu kitablarının məlumatlarından əhalinin milli və sosial mənsubiyyətinin, cins və yaş tərkibinin müəyyən edilməsi, mövcud torpaq sahələrindən istifadə vəziyyətinin öyrənilməsi, təsərrüfata məxsus yaşayış evləri və digər tikililər, heyvanlar, quşlar və arı ailələri haqqında məlumatların əldə edilməsi, seçkilərdə və referendumlarda iştirak etmək hüququna malik olan şəxslərin siyahılarının müəyyən edilməsi və s. məqsədlər üçün istifadə edilir. İİ. EV TƏSƏRRÜFATLARİNİN UÇOTU KİTABİNDA (1 №-li forma) TƏSƏRRÜFATLARİN ŞƏXSİ HESABLARİNİN AÇİLMASİ VƏ BAĞLANMASİ QAYDALARİ
2. Yanvarın 1-i vəziyyətinə şəhər, qəsəbə və sahə inzibati ərazi dairələri üzrə daimi yaşayan şəxslərin təsərrüfatlarının hər biri üçün ev təsərrüfatlarının uçotu kitablarında şəxsi hesab açılır. Daimi yaşayan kirayənişinlər ev sahibinin təsərrüfat üzvlərinin siyahısına daxil edilməməli və onlar üçün ayrıca şəxsi hesab açılmalıdır.
3. Ev təsərrüfatlarının uçotu kitabına şəhər, qəsəbə və sahə inzibati ərazi dairəsində daimi yaşayan bütün şəxslərin (təsərrüfata məxsus tikililərə və həyətyanı torpaq sahəsinə hüquqlarının olub-olmamasından asılı olmayaraq) ev təsərrüfatlarının üzvləri yazılır. İİİ. EV TƏSƏRRÜFATLARİNİN UÇOTU KİTABİ (1 №-li forma) ÜZRƏ ŞƏXSİ HESABLARDA QEYDLƏRİN APARİLMASİ QAYDALARİ Birinci bölmə “Təsərrüfat üzvlərinin siyahısı”. Bu bölmənin 11-ci “Təsərrüfatın tərkibindən tamamilə çıxan üzvlər haqqında qeydlər” sətrində səbəbi göstərilməklə təsərrüfat üzvünün təsərrüfatdan çıxıb getdiyi və ya çıxarıldığı ay, il yazılır. Bu zaman çıxıb gedənlər haqqındakı qeydlərdə həmin şəxslərin inzibati ərazi dairəsi daxilində başqa təsərrüfata, yaxud inzibati ərazi dairəsindən kənara daimi yaşamağa getdiyi göstərilməlidir. Məsələn, “2018-ci ilin aprel ayında ərə getməsi ilə əlaqədar ____ nömrəli təsərrüfata köçüb getmişdir”, “2018-ci ilin iyun ayında iş yerini dəyişməsi ilə əlaqədar Sumqayıt şəhərinə köçüb getmişdir”, “16.02.2018-ci il tarixdə ölümü ilə əlaqədar çıxarılmışdır”, “2018-ci ilin mart ayında məhkəmənin qərarına əsasən çıxarılmışdır”. Eyni zamanda, şəxsi hesabın 1-ci “Təsərrüfat üzvlərinin siyahısı” bölməsinin təsərrüfatın çıxıb getmiş və ya çıxarılmış (ölmüş) üzvünə aid sütununda çarpaz xətt çəkilir. Təsərrüfatların tərkibindən çıxan və ya çıxarılan şəxslər haqqındakı qeydlər bütün il boyu aparılır və yanvarın 1-i vəziyyətinə təsərrüfatların başdan-başa gəzişi zamanı yoxlanılır. İkinci bölmə “Təsərrüfatın xüsusi mülkiyyətində və (və ya) istifadəsində olan tikililər”. “Təyinatı” sətri yalnız dövlət və ya bələdiyyə mənzil fonduna aid olan yaşayış evləri (mənzillər) üzrə doldurulur və bu zaman istifadə məqsədlərinə uyğun olaraq onlar sosial təyinatlı mənzil fonduna (dövlət və bələdiyyə mənzil fondlarından sosial kirayə müqavilələri əsasında vətəndaşlara verilən yaşayış sahələri) aid olduqda “S” hərfi yazılır.
APELLYASİYANİN MÜMKÜNLÜYÜ, APELLYASİYA BAXİŞİNİN HƏDLƏRİ
22. Apellyasiya şikayəti vaxtında verilmişdir. Apellyasiya şikayəti formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
23. Birinci instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır.
APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
24. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Məhkəmə qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
25. Birinci instansiya məhkəməsi iddiaçının tələbini təmin etməmiş və qəbul etdiyi qərarı belə əsaslandırmışdır ki, üçüncü şəxs hər nə qədər həmin təsərrüfat üzvlərinin ailə üzvü olmaqla orada yaşayırsa və onun həmin təsərrüfatda yerləşən yaşayış sahəsindən məcburi çıxarılması haqqında məhkəmə qərarı mövcud deyildirsə cavabdehin həmin təsərrüfatdan üçüncü şəxsin qeydiyyatdan çıxarılmasından imtinası qanunidir.
26. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməməkdə haqlı olmuşdur.
27. Belə ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 2-ci maddəsinə görə şəxsin yaşayış yeri — tam həcmdə fəaliyyət qabiliyyətli şəxsin mülkiyyətçi kimi icarə və kirayə müqaviləsi üzrə, yaxud Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslarla daimi və ya daha çox yaşadığı ev, mənzil, xidməti yaşayış sahəsi, yataqxana, ahıllar və əlilliyi olan şəxslər, o cümlədən sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlar üçün sosial xidmət müəssisələri, xüsusi təhsil müəssisələri və digər bu kimi yaşayış yerləri başa düşülür.
28. Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin 2017-ci il 27 sentyabr tarixli 22/05 nömrəli qərarı ilə təsdiq edilmiş Şəhər və qəsəbə inzibati ərazi dairələri və sahə inzibati ərazi dairələrində təsərrüfatbaşına uçotun aparılmasına dair göstərişin İİİ hissəsinin (EV TƏSƏRRÜFATLARİNİN UÇOTU KİTABİ (1 №-li forma) ÜZRƏ ŞƏXSİ HESABLARDA QEYDLƏRİN APARİLMASİ QAYDALARİ) birinci bölməsinin (“Təsərrüfat üzvlərinin siyahısı”) 27-ci bəndinə əsasən bu bölmənin 11-ci “Təsərrüfatın tərkibindən tamamilə çıxan üzvlər haqqında qeydlər” sətrində səbəbi göstərilməklə təsərrüfat üzvünün təsərrüfatdan çıxıb getdiyi və ya çıxarıldığı ay, il yazılır. Bu zaman çıxıb gedənlər haqqındakı qeydlərdə həmin şəxslərin inzibati ərazi dairəsi daxilində başqa təsərrüfata, yaxud inzibati ərazi dairəsindən kənara daimi yaşamağa getdiyi göstərilməlidir. Məsələn, “2018-ci ilin aprel ayında ərə getməsi ilə əlaqədar ____ nömrəli təsərrüfata köçüb getmişdir”, “2018-ci ilin iyun ayında iş yerini dəyişməsi ilə əlaqədar Sumqayıt şəhərinə köçüb getmişdir”, “16.02.2018-ci il tarixdə ölümü ilə əlaqədar çıxarılmışdır”, “2018-ci ilin mart ayında məhkəmənin qərarına əsasən çıxarılmışdır”.
29. Qeyd olunan normanın məzmunundan göründüyü kimi təsərrüfat üzvünün təsərrüfat tərkibindən çıxarılması əsasları kimi 1) təsərrüfat üzvünün ərə getməsi ilə əlaqədar başqa təsərrüfata köçüb getməsi, 2) iş yerini dəyişməsi ilə əlaqədar başqa şəhərə köçüb getməsi, 3) ölümü ilə əlaqədar təsərrüfatdan çıxarılması, 4) məhkəmə qərarına əsasən təsərrüfatdan çıxarılma halları göstərilmişdir.
30. İş materiallarından görünür ki, iddiaçının oğlu X11 barəsində qeyd olunan normada göstərilən təsərrüfatdan çıxma və ya çıxarılma hallarından heç biri mövcud deyildir.
31. İddiaçı apellyasiya şikayətinin dəlillərində birinci instansiya məhkəməsi tərəfindən onun oğlu tərəfindən dəfələrlə döyülməsi, təhqir olunması, təhqiqat orqanları tərəfindən cinayət işinin başlanmasının rədd olunması barədə qərarların mövcud olması, həmçinin Abşeron rayon məhkəməsinin oğlu barəsində hökmünü (Cinayət Məcəlləsinin 180.1-ci maddəsi ilə təqsirli bilinərək 02 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir) nəzərə almadan ədalətsiz qərar qəbul edildiyini qeyd etmişdir.
32. Məhkəmə kollegiyası apellyasiya şikayətinin qeyd edilən dəlilinə münasibətdə qeyd edir ki, sadalanan hallar Elşən Əsədovun iddiaçının təsərrüfatından çıxarılması üçün əsas deyil. Çünki, qeyd olunan hallardan heç biri təsərrüfatdan çıxma və ya çıxarılma hallarını nəzərdə tutan hazırkı qərarın 28-ci bəndində göstərilən normada nəzərdə tutulmamışdır.
33. Bundan əlavə, işdən görünür ki, 13 avqust 2013-cü il tarixdə bağlanmış kirayə müqavilə əsasında dövlət tərəfindən İddiaçı təsərrüfatın digər iki üzvü(oğlu və qızı) ilə birlikdə xüsusi təyinatlı yaşayış sahəsi ayrılmışdır. Sözügedən kirayə müqaviləsində kirayəçinin ailə üzvləri kimi iddiaçının X22 və qızı Aygün Əsədovanın adları qeyd olunmuşdur. Bundan əlavə, kirayə müqaviləsinin 2.5-ci bəndində qeyd olunmuşdur ki, kirayəçinin ailə üzvləri bu müqavilə üzrə kirayəçi ilə bərabər hüquq və vəzifələrə malikdirlər. Yəni, təsərrüfatın birgə istifadəsinə ayrılmış yaşayış sahəsindən iddiaçı ilə yanaşı X22un da istifadə etmək hüququ vardır.
34. Bu baxımdan işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası hesab edir ki, iddiaçının oğlu X11 təsərrüfatın birgə üzvü olaraq kirayə müqaviləsi üzrə təsərrüfata ayrılmış yaşayış sahəsindən istifadə hüququna malik olduğundan və bu hüquqa məhkəmənin qərarı ilə xitam verilmədiyindən, həmçinin hazırkı qərarın 28-ci bəndində göstərilən hallardan hər hansı birinin mövcudluğu hazırkı iş müəyyən edilmədiyindən, üçüncü şəxsin təsərrüfatından çıxarılmasının qanuni əsası yoxdurir.
35. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq, hesab edir ki, üçüncü şəxsin təsərrüfatdan qeydiyyatdan çıxarılmaması ilə bağlı cavabdehin hərəkətlərinin iddiaçıya münasibətdə qanuni olması və iddia tələbinin təmin edilməməsi barədə birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmiş, maddi və prosessual hüquq normaları düzgün tətbiq olunaraq qanuni qərar qəbul etmişdir.
36. Göstərilənlərə əsasən, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.
Nəticəvi hissə:
Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 89 və 90-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Qərara aldı:
Apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt İnzibati Məhkəməsinin 29.07.2021-ci il tarixli, 2-1(118)-1183/2021 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apelyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti 70) vasitəsilə kassasiya şikayəti verilə bilər.