Məhkəmə qərarları › İş №2-1(105)-67/2023

Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(105)-67/2023

01.06.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(105)-67/2023 01.06.2023 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinin yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 4 saylı Abşeron Ərazi İdarəsinə qarşı iş üzrə QƏRARİ Sədrlik edən və məruzəçi hakim Məmmədov Zahid Tahir oğlu, hakimlər Babayeva Hökümə Çingiz qızı və X1 ibarət tərkibdə, X23 qızının katibliyi, İddiaçının hüquqi varisi X5, iddiaçının hüquqi varisinin vəkili və nümayəndəsi X2, cavabdehin nümayəndəsi X4, üçüncü şəxsin qanuni təmsilçisi X6 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 4 saylı ünvan 1 ünvanında yerləşən 22 saylı mənzil üzərində İddiaçı mülkiyyət hüquqlarının dövlət reyestrində qeydiyyata alınması və bu barədə müvafiq çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati mübahisə üzrə Sumqayıt İnzibati Məhkəməsinin 27 sentyabr 2022-ci il tarixli, 2-1(118)-1479/2022 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları:

1. Bakı Mebel Hissələri Kombinatı tərəfindən verilmiş 01/5-262 saylı oredrə əsasən 2№-li BMHK-nin fəhləsi İddiaçı Xırdalan 27-ci məhəllə ev 18b 2№-li yataqxanada otaq (orderdə otaq nömrəsi göstərilməmişdir) onun müəssisədə işlədiyi dövrdə yaşayış sahəsi kimi ayrılmışdır. Orderdə yataqxanada yaşayış sahəsinin ayrılmasına əsas kimi BMHK-nin müdriyyəti həmkarlar komitəsinin xx.xx.1998-ci il tarixli birgə protokol qərarındandan çıxarış göstərilmişdir. Orerin arxa səhifəsində ailə üzvləri – X9 göstərilmişdir.

2. Binəqədi rayon İcra Hakimiyyətinin 2 saylı X8 möhürü və direktorunun imzası ilə ilə təsdiqlənmiş xx.xx.2009-cu il tarixli Forma№2 Arayışında Xırdalan qəsəbəsi, 27-ci məhəllə ev 18b, mənzil 22 ünvanında X7 yaşadığı, evin Bakı Mebel Hissələri Kombinatına məxsus olduğu göstərilmiş, mənzili kirayə edən vətəndaş R.Səmədovanın ailəsinin 1 nəfərdən (özü) ibarət olduğu göstərilmişdir.

3. 17.11.2021-ci il tarixli 4606414№-li yaşayış yeri üzrə qeydiyyat haqqında arayışa əsasən İddiaçı xx.xx.2005-ci il tarixdən ünvan 3 ünvanında qeydiyyatdadır. Həmin arayışda qeydiyyatda olan digər şəxslər X10 və X17 göstərilmişdir.

4. X10 notarial qaydada təsdqilənmiş xx.xx.2021-ci il tarixli ərizəsində ünvan 4 ünvanında yerləşən 22 nömrəli mənzilin İddiaçı adına özəlləşdirilməsinə və dövlət reyesterindən çıxarış verilməsinə etiraz etmədiyini bildirmişdir.

5. İddiaçı qeyd edilən mənzil üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması ilə bağlı ərizə ilə cavabdehə müraciət etmişdir.

6. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 4 saylı Abşeron Ərazi İdarəsinin xx.xx.2022-ci il tarixli bildirişi ilə ərizə nin təminindən imtina edilmişdir. İmtina onunla əsaslandırılmışdır ki, qanunvericiliklə müəyyən olunmuş qaydada müvafiq icra hakimiyyəti orqanlarının balansına verildikdən sonra həmin yataqxanalardakı yaşayış sahələri yalnız orada faktiki yaşayan və mənzil fondunun mülkiyyətçisi ilə mənzil kirayə müqaviləsi olan sakinlər tərəfindən özəlləşdirilə bilər. İmtinada göstərilir ki, kirayə müqaviləsi, Forma2 arayışı müraciətə əlavə edilməmiş, həmçinin təqdim edilmiş orderdə mənzilin nömrəsi qeyd edilməmişdir.

Birinci instansiya məhkəməsində icraat

7. İddiaçı xx.xx.2022-ci il tarixdə Sumqayıt İnzibati Məhkəməsində iddia qaldıraraq, ünvan 5 ünvanında yerləşən 22 saylı mənzil üzərində İddiaçı mülkiyyət hüquqlarının dövlət reyestrində qeydiyyata alınması və bu barədə müvafiq çıxarışın verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul olunmasını xahiş etmişdir.

8. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, ünvan 6 ünvanında 22 saylı mənzil üzərində hüquqların Daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı xx.xx.2022 ci il tarixdə DƏDKR 4 saylı Abşeron Ərazi İdarəsinə rəsmi şəkildə müraciət etmiş, cavabdeh tərəfindən Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilməsi barədə ona xx.xx.2022-ci il tarixli, **********24 nömrəli bildiriş göndərilmişdir. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi yaşayış yeri üzrə qeydiyyat haqqında ******* nömrəli arayışda həmin mənzilin nömrəsi göstərilmiş və həmin arayış digər sənədlər ilə birlikdə DƏDKR 4 saylı Abşeron Ərazi İdarəsinə təqdim edilmişdir. Bundan əlavə qeyd edilən order ünvan 7 ünvanında 22 saylı mənzilə məxsusdur. Cavabdehin imtinası qanunsuzdur.

Cavabdehin iddia tələbinə dair etirazının dəlilləri

9. Cavabdeh iddia ərizəsinə etiraz edərək bildirmişdir ki, ünvan 8 ünvanında 22 saylı mənzil üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı iddiaçının 23 fevral 2022-ci il tarixli, ********** daxilolma nömrəli müraciəti olmuşdur. Qanunvericiliklə müəyyən edilmiş qaydada müvafiq icra hakimiyyəti orqanının qərarı əsasında müvafiq icra hakimiyyəti orqanlarının balansına verildikdən sonra həmin yataqxanalardakı yaşayış sahələri yalnız orada faktiki yaşayan və mənzil fondunun mülkiyyətçisi ilə mənzil kirayə müqaviləsi olan sakinlər tərəfindən özəlləşdirilə bilər. Sözügedən kirayə müqaviləsi, Forma 2 arayışı müraciətə əlavə edilməmişdir. Həmçinin təqdim edilmiş orderdə mənzilin nömrəsi qeyd edilməmişdir.

Birinci instansiya məhkəməsinin gəldiyi nəticə

10. Sumqayıt İnzibati Məhkəməsinin 27 sentyabr 2022-ci il tarixli, 2-1(118)- 1479/2022 nömrəli qərarı ilə iddia təmin edilmişdir.

11. Məhkəmə “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Qanuna istinad etməklə iddiaçının sözügedən mənzilin qanuni əsaslarla sahibi (kirayəçisi) olmasını və mənzilin onun adına özəlləşdirilməsindən imtina edilməsi üçün “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Qanunun 9-cu maddəsinin 2-ci bəndində, həmçinin “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsində müəyyən edilmiş əsasların olmamasını nəzərə alaraq hesab etmişdir ki, 4 saylı Abşeron Ərazi İdarəsi iddiaçının qeyd olunan ünvanda yerləşən mənzilinin ilkin hüquqi qeydiyyata alınması ilə əlaqədar ərizəsindən imtina edərkən haqlı olmamışdır. Məhkəmə eyni zamanda cavabdehin xx.xx.2022-ci il tarixli müşayət məktubu ilə göndərilmiş və iddiaçının qonşuluğunda yaşayan şəxslərin mənzillərinə dair verilmiş mülkiyyət hüquqlarına dair çıxarışlara əlavə edilmiş sənədlərə istinad etməklə göstərmişdir ki, iddiaçının qonşuluğunda olan mənzillər Bakı Mebel Hissələri Kombinatının verdiyi orderlər əsasında özəlləşdirilib və həmin mənzillərin özəlləşdirilməsi zamanı hər hansı digər sənədlər təqdim edilməmişdir. Bundan başqa iddiaçının yaşadığı 9 saylı yataxananın verdiyi forma 2 saylı arayışdan görünür ki, iddiaçının yaşadığı mənzilin nömrəsi 22 saylıdır.

12. Qərardan narazı qalan cavabdeh apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddianın təmin olunmaması barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.

Apellyasiya şikayətinin dəlilləri:

13. İmtinanın və etirazın dəlilləri ilə eynilik təşkil edən apellyasiya şikayətində göstərilir ki, aparılan araşdırma zamanı qanunvericiliklə müəyyən edilmiş qaydada müvafiq icra hakimiyyəti orqanının qərarı əsasında müvafiq icra hakimiyyəti orqanlarının balansına verildikdən sonra həmin yataqxanalardakı yaşayış sahələri yalnız orada faktiki yaşayan və mənzil fondunun mülkiyyətçisi ilə mənzil kirayə müqaviləsi olan sakinlər tərəfindən özəlləşdirilə bilər. Sözügedən kirayə müqaviləsi müraciətə əlavə edilməmişdir. Təqdim edilmiş orderin isə səlahiyyətsiz şəxs Bakı Mebel Hissələri Kombinatı tərəfindən verildiyi aşkar edilmişdir. Təqdim edilmiş orderdə mənzilin nömrəsi qeyd edilməmişdir. Şikayətdə daha sonra göstərilir ki, ünvan 10 ünvanında yerləşən 22 saylı mənzil üzərində **********46-05101-093055 reyestr nömrəli çıxarışa əsasən X3 mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestri tərəfindən qeydiyyata alınmışdır.

14. Cavabdeh xx.xx.2023-cü il tarixdə apellyasiya şikayətinə əlavə təqdim edərək göstərmişdir ki, təkrar araşdırma zamanı mübahisə predmeti olan ünvan 11 ünvanında yerləşən binanın tərkib hissələri olan heç bir mənzil üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmadığı, ünvan 12 ünvanında yerləşən bina ilə mübahisə predmeti olan mənzilin yerləşdiyi bina ayrı-ayrı binalar olmaqla **********46- 05101-093055 reyestr nömrəli çıxarışa əsasən X3 mülkiyyətində olan ünvan 13 ünvanında yerləşən 22 saylı mənzil ilə mübahisə predmeti olan ünvan 14 ünvanında yerləşən 22 saylı mənzilin eynilik təşkil etmədiyi və ayrı-ayrı mənzillər olduğu müəyyən edilmişdir.

15. İddiaçı xx.xx.2023-cü il tarixdə vəfat etmiş (xx.xx.2023-cü il tarixli, AZ-İİ 324712 saylı Ölüm haqqında Şəhadətnamə), X10 xx.xx.2023-cü il tarixli ərizə ilə müraciət edərək və xx.xx.2023-cü il tarixdə iş üzrə keçirilən məhkəmə iclasında iştirak edərək iddiaçının vəsiyyət üzrə vərəsəsi kimi (xx.xx.2021-ci il tarixli vəsiyyətnamə, Abşeron rayon 1 saylı notariat ofisinin xüsusi notarisusunun vərəsəlik işinin açılması barədə xx.xx.2023-cü il tarixli 545 saylı məktubu) iddiaçının hüquqi varisi qismində hazırkı işdə iştirak etmək istədiyini bildirmiş, məhkəmənin həmin tarixli qərardadı ilə iş üzrə İddiaçı vəsiyyətnamə üzrə vər’səsi X10 iddiaçının hüquqi varisi kimi məhkəmə prosesinə cəlb edilmişdir.

16. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli, 2-1(105)-67/2023 nömrəli qərardadı ilə Binəqədi rayon İcra Hakimiyyətinin 2 saylı X19 zəruri cəlbetmə qaydasında üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilmişdir.

Məhkəmə icraatı iştirakçılarının izahatları

17. Cavabdehinin nümayəndəsi apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək şikayətin təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini xahiş etdi.

18. İddiaçının hüquqi varisi və onun vəkili və nümayəndəsi apellyasiya şikayətinə etiraz edərək onun təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdilər.

19. Üçüncü şəxsin qanuni təmsilçisi apellyasiya şikayətinin təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini xahiş etdi.

Tətbiq edilən hüquq

20. “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Qanun: Maddə 1. Dövlət və ya ictimai mənzil fondunun mülkiyyətçisi ilə mənzil kirayə müqaviləsi bağlamış Azərbaycan Respublikasının vətəndaşlarının, habelə vətəndaşlığı olmayan şəxslərin yaşadıqları mənzilləri (evləri) bu Qanunla müəyyən edilmiş şərtlərlə və qaydada əvəzsiz olaraq şəxsi mülkiyyətinə keçirmək hüququ vardır. Maddə 4. Dövlət mülkiyyətində, habelə ictimai mülkiyyətdə olan mənzil fonduna məxsus yaşayış evlərindəki mənzillərin (evlərin) özəlləşdirilməsi, vətəndaşların müraciətləri əsasında bu Qanunun 9-cu maddəsində göstərilən qaydada müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilir. Maddə 5. Mənzillər (evlər), özəlləşdirilməsi üçün müraciət edilən anda mənzil kirayə müqaviləsində göstərilmiş və kirayəçi ilə birlikdə faktiki yaşayan onun yetkinlik yaşına çatmış ailə üzvlərinin razılığı ilə onlardan birinin mülkiyyətinə və ya bir neçəsinin və yaxud bütün ailə üzvlərinin ümumi (paylı, birgə) mülkiyyətinə verilə bilər. Maddə 6. Təhsil müəssisələrinin yataqxanalarında, qəza vəziyyətində olan evlərdə, qapalı hərbi şəhərciklərin evlərində mənzillərin, eləcə də xidməti mənzillərin özəlləşdirilməsinə yol verilmir. Dövlət mülkiyyətində olan yataqxanalar (təhsil müəssisələrinin yataqxanaları istisna olmaqla) müvafiq icra hakimiyyəti orqanının qərarı əsasında müvafiq icra hakimiyyəti orqanlarının balansına verildikdən sonra həmin yataqxanalardakı yaşayış sahələri yalnız orada faktiki yaşayan və mənzil fondunun mülkiyyətçisi ilə mənzil kirayə müqaviləsi olan sakinlər tərəfindən özəlləşdirilə bilər;

21. Mənzil Məcəlləsi: Maddə 146.1. Bu Məcəllə qanuni qüvvəyə minən günədək “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikasının 26 yanvar 1993-cü il tarixli Qanununa əsasən dövlət mənzil fondunun mənzillərini özəlləşdirmək hüququ olan şəxslər öz hüquqlarını saxlayır. 146.2. “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikasının 26 yanvar 1993-cü il tarixli Qanunu bu Məcəllə qanuni qüvvəyə mindikdən sonra vətəndaşlara bu Məcəllənin İİİ-İV bölmələrinə əsasən verilən sosial və xüsusi təyinatlı dövlət mənzil fondunun yaşayış sahələrinə şamil edilmir. 146.3. Bu Məcəllənin 146.2-ci maddəsində nəzərdə tutulmuş yaşayış sahələrinin özəlləşdirilməsi Azərbaycan Respublikasının qanunlarında nəzərdə tutulduğu hallarda və qaydada həyata keçirilə bilər. 146.4. Dövlət mənzil fondunun bu Məcəllənin 146.1-ci maddəsinə aid edilməyən yaşayış sahələrinin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi hallarda özəlləşdirilməsinə yol verilir.

22. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanun: Maddə 2. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı 2.1 Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Maddə 8. Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: ... 8.0.11. Azərbaycan Respublikasının Mənzil Məcəlləsi qüvvəyə minənədək (2009-cu il oktyabrın 1-dək) dövlət və ya ictimai mənzil fondundan yaşayış sahəsinin verilməsinə dair müvafiq icra hakimiyyəti orqanının sərəncamı, order və ya mənzil kirayəsi müqaviləsi; Maddə 11.1. Hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır.

23. İnzibati Prosessual Məcəllə: Maddə 34.1. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə 69.4. Məhkəmə qərarının əsaslandırma hissəsində qərar qəbul edərkən məhkəmənin əsaslandığı faktiki hallar və sübutlar, istinad etdiyi normativ hüquqi aktlar və onların qiymətləndirilməsi göstərilməlidir. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər

Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri

24. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2022-ci il tarixli qərardadı ilə apellyasiya şikayəti mümkün sayılmışdır. Apelyasiya şikayətində birinci instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır.

Apellyasiya instansiyasi məhkəməsinin mövqeyi

25. Məhkəmə kollegiyası işdə iştirak edən şəxslərin izahatını dinləyərək, iş materiallarını araşdırıb, apellyasiya şikayətinin dəlillərinə qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilmələrək yeni qərar qəbul edilməli, iddia təmin edilməməlidir.

26. İşdən görünür ki, iddiaçı Bakı Mebel Hissələri Kombinatı tərəfindən verilmiş Order əsasında ünvan 6 ünvanında 22 saylı mənzil üzərində mülkiyyət hüquqlarını daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata almaq üçün cavabdehə müraciət etmiş, lakin cavabdeh təşkilat həmin hüququn qeydə alınmasından imtina etmişdir. Cavabdeh təşkilatın imtinasında və etirazında gətirdiyi arqumentlər mənzilin kirayə müqaviləsinin, Forma 2 arayışının müraciətə əlavə edilməməsi və orderdə mənzilin nömrəsinin qeyd edilməməsindən ibarətdir.

27. Kollegiya birinci instansiya məhkəməsinin iddianın təmin olunmaması ilə bağlı gəldiyi nəticə ilə razılaşmayaraq aşağıdakıları qeyd etməyi zəruri hesab edir ki, cavabdeh inzibati orqanın imtinası qanunsuz olmamışdır.

20. Belə ki, hazırkı mübahisənin İPM-nin 34-cü maddəsinə uyğun olaraq öhdəliyin icrası haqqında iddia olmasını nəzərə alaraq kollegiya qeyd edir ki, bu növ iddialar üzrə mübahisə həll olunarkən cavabdeh inzibati orqanın imtinasının qanuni və əsaslı olubolmadığının müəyyən edilməsi ilə yanaşı, iddiaçının mövcud hüquqi vəziyyətin dəyişdirilməsini (öhdəliyin icrasını) tələb etməkdə nə dərəcədə haqlı olduğu da müəyyən edilməlidir. Bu qəbildən olan işlərə baxarkən məhkəmələr cavabdehin imtina, etiraz, apellyasiya şikayətlərinin dəlillərinə münasibət bildirməli olsalar da, yalnız həmin dəlillərin araşdırılması və qiymətləndirilməsi ilə məhdudlaşmayaraq, işin mahiyyəti üzrə həll edilməsinə təsir edən hissədə, yəni iddiaçıya arzuladığı inzibati aktın qəbuluna (hərəkətin edilməsinə) imkan verən bütün zəruri faktiki halların mövcudluğunu müəyyən etməli və onlara tətbiq edilməli hüquq normaları əsasında məsələyə qiymət verməlidirlər. Qeyd olunmalıdır ki, məcburetmə haqqında iddialarda olduğu kimi öhdəliyin icrası haqqında iddialar üzrə də həmin öhdəliyin icra edilməli olmasını zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının, belə öhdəliyin icrasını istisna edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi isə cavabdehin üzərinə düşür ki, hazırkı işdə iddiaçı faktiki şərtlərin mövcudluğunu sübut edə bilməmiş, bunun əksi isə cavabdeh tərəfindən sübuta yetirilmişdir.

28. Apellyasiya baxışı zamanı cavabdehin imtinasının müvafiq dəlilləri ilə bağlı araşdırma aparılmış, iddiaçının mülkiyyət hüquqlarını qeydiyyata alınmasını tələb etdiyi mənzilin yataqxana binasında yerləşməsi ilə əlaqədar həmin 2№-li yataqxananın hansı qurumun balansında olması ilə bağlı sorğular verilmiş, Abşeron və Binəqədi rayon icra hakimiyyətlərindəb daxil olmuş cavablarda qeyd edilən yataqxanaların həmin icra hakimiyyətlərinin balansında olmadığı göstərilmişdir.

29. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının icraatında iddiaçı 2 saylı X8 cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Abşeron rayon Polis İdarəsinə qarşı “qeydiyyatın ləğv edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati iş üzrə Sumqayıt İnzibati Məhkəməsinin 05 iyul 2022-ci il tarixli, 2- 1(118)-371/2022 nömrəli qərarı ilə iddia təmin edilərək, Səlimova (Səmədova) Rəvanə Şaban qızının ünvan 15 ünvanında yerləşən 2 saylı X11 qeydiyyatının ləğv edilməsi öhdəliyinin cavabdehin üzərinə vəzifə olaraq qoyulmuş, üçüncü şəxs həmin qərardan apellyasiya şikayəti vermişdir.

30. Kollegiya qeyd edilən iş materiallarında 2 saylı X8 hüquqi şəxs qismində qeydiyyatdan keçməsi barədə müvafiq sənədlərin olmasını nəzərə alaraq 2 saylı X12 zəruri cəlbetmə qaydasında üçüncü şəxs qismində məhkəmə icraatına cəlb etmiş, məhkəmə kollegiyasının iclasında iştirak edən yataqxananın komendantı A.Quliyeva yataqxanaya dair müvafiq sənədləri təqdim etmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Hüquqi şəxslərin Dövlət qeydiyyatı üzrə Sumqayıt şəhər şöbəsində 04 iyun 1998-ci il tarixdə dövlət qeydiyyatına alınmış X8 Nizamnaməsindən görünür ki, müəssisə Binəqədi rayon İcra Hakimiyyətinin tabeçiliyində təsərrüfat hesablı hüquqi statuslu müəssisə kimi fəaliyyət göstərir, müstəqil balansa malik olub, hüquqi şəxsdir, yerləşdiyi ünvan Xırdalan qəsəbəsi, 27-ci məhəllə, Nizami küçəsi 18b-dir.

31. Bakı şəhər Vergilər Departamentinin 2 saylı filalı tərəfindən xx.xx.2005-ci il tarixdə verilmiş vergi ödəyicisinin uçota alınması haqqında şəhadətnamədən görünür ki, Binəqədi rayon İcra Hakimiyyətinin 2 saylı X13 vergi ödəyicisi kimi uçota alınmışdır (VÖEN **********).

32. Məhkəmə kollegiyasının iclasında üçüncü şəxsin qanuni təmsilçisi A.Quliyeva Bakı Mebel Hissələri Kombinatı ləğv edildikdən sonra 2 saylı X8 hüquqi şəxs kimi dövlət qeydiyyatına alınaraq fəaliyyət göstərdiyini, həmin vaxtdan yataqxananın komendantı olduğunu, hazırda yataqxanada kombinatın keçmiş işçilərinin müvafiq orderlər əsasında yaşadığını, iddiaçı mərhum D.Şıxəliyevanın da uzun müddət orada yaşadığını, həmin yataqxanada heç bir mənzilin özəlləşdirilmədiyini, Səmədova Rəvanənin qanunsuz olaraq yataqxanada D.Şıxəliyevanın ailə üzvü kimi qeydiyyata düşdüyünü, lakin heç vaxt orada yaşamadığını, bunun Sumqayıt İnzibati Məhkəməsinin 05 iyul 2022-ci il tarixli, 2- 1(118)-371/2022 nömrəli qərarı ilə də müəyyən edildiyini bildirmişdir.

33. İşin yuxarıda qeyd edilən hallarına istinadən kollegiya qeyd edir ki, 2 saylı X19 “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Qanunun 6-cı maddəsində nəzərdə tutulmuş qaydada icra hakimiyyəti orqanlarının balansına verilmədiyindən qeyd edilən qanunun tələblərinə əsasən cavabdeh inzibati orqanın iddiaçının həmin yataqxanada yerləşən mənzil üzərində mülkiyyət hüququnun qeydə alınmasından imtinası əsaslı olmuşdur. Qeyd edilməlidir ki, həmin qanunun müvafiq maddəsinin xx.xx.2006-cı il tarixədək olan redaksiyası ümumiyyətlə yataqxanalarda yaşayış sahələrinin özəlləşdirilməsini qadağan edirdi.

34. Hazırkı halda isə istinad edilən normaya əsasən mərhum iddiaçıya Bakı Mebel Hissələri Kombinatı tərəfindən verilmiş 01/5-262 saylı oredr “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0.11-ci maddəsində nəzərdə tutulmuş dövlət və ya ictimai mənzil fondundan yaşayış sahəsinin verilməsinə dair müvafiq icra hakimiyyəti orqanının orderi kimi qəbul edilə bilməz. Çünki, həmin normada nəzərdə tutulan müvafiq icra hakimiyyəti orqanı yerli icra hakimiyyəti orqanlarını nəzərdə tutur.

35. Qeyd olunanlara əsasən kollegiya bu nəticəyə gəlir ki, iddiaçı üzərində hüquqlarının qeydiyyata alınmasını tələb etdiyi mənzilə dair “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8-ci maddəsində nəzərdə tutulmuş hüquqların dövlət qeydiyyatı üçün əsaslardan hər hansı birini təqdim etmədiyindən cavabdeh inzibati orqan həmin qanunun 15-ci maddəsinə əsasən iddiaçının tələbinin təmin olunmasından imtina etməkdə haqlı olmuşdur. Cavabdeh habelə, mübahisə predmeti olan ünvan 11 ünvanında yerləşən binanın tərkib hissələri olan heç bir mənzil üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmadığını bildirmişdir.

36. Göstərilənlərə əsasən məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi tərəfindən hazırkı işə baxılarkən işin halları tam araşdırılmamış, iş üzrə müəyyən edilmiş hallara maddi hüquq normaları düzgün tətbiq olunmamış, qərarın ləğvi üçün əsas olan qanun pozuntularına yol verilmişdir. Bu baxımdan, məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətlərində göstərdiyi dəlilləri qiymətləndirirərək hesab edir ki, bu dəlillər birinci instansiya məhkəməsinin qərarının ləğvi üçün əsasdır.

37. Sadalanan xüsusatlara və istinad olunan hüquq normalarına əsaslanan məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, cavabdehin apellyasiya şikayəti təmin edilməli, Sumqayıt İnzibati Məhkəməsinin 27 sentyabr 2022-ci il tarixli, 2-1(118)-1479/2022 nömrəli qərarı ləğv edilməli, iş üzrə yeni qərar qəbul edilərək iddia təmin olunmamalıdır.

38. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

QƏRARA ALDİ:

Apellyasiya şikayəti təmin edilsin. Sumqayıt İnzibati Məhkəməsinin 27 sentyabr 2022-ci il tarixli, 2-1(118)-1479/2022 nömrəli qərarı ləğv edilsin. İş üzrə yeni qərar qəbul edilsin. İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 4 saylı ünvan 17 ünvanında yerləşən 22 saylı mənzil üzərində mülkiyyət hüquqlarının dövlət reyestrində qeydiyyata alınması və bu barədə çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddiası təmin edilməsin. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti, 70) vasitəsilə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar