Məhkəmə qərarları › İş №2-1(105)-67/2025

Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(105)-67/2025

06.03.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(105)-67/2025 06.03.2025 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçılar İddiaçı2 və İddiaçı1 cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 4 saylı Abşeron Ərazi İdarəsinə qarşı iş üzrə (X6 və “ X8 Bankı” (Ləğv prosesindədir) Qapalı Səhmdar Cəmiyyətinin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu iş üzrə üçüncü şəxs qismində cəlb edilməklə) (Açar sözlər: bağ evi üzərində istifadə hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması, dövlət reyestrindən çıxarışın verilməsi) Sədrlik edən və məruzəçi hakim X2, hakimlər Axundov Toğrul Bəhruz oğlu və Quliyev İsmayıl Rza oğlundan ibarət tərkibdə, İsmayılova Ləman Zakir qızının katibliyi, İddiaçı və iddiaçının nümayəndəsi İddiaçı2, Cavabdehin nümayəndəsi X1, Üçüncü şəxsin nümayəndəsi Nümayəndə iştirakları ilə, İddiaçılar İddiaçı2 və İddiaçı1 cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 4 saylı Abşeron Ərazi İdarəsinə qarşı bağ evi üzərində istifadə hüquqlarının dövlət qeydiyyatına alınmaqla müvafiq çıxarışın təqdim edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair inzibati iş üzrə Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(118)- 1969/2024 nömrəli qərarından cavabdeh və üçüncü şəxs tərəfindən verilmiş apellyasiya şikayətlərinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(105)-2310/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsindən görünür ki, Abşeron Rayon Məhkəməsinin 2(012)- 3766/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsi qismən, X7 ünvan 2ndə yerləşən bağ evinə istifadə hüquqlarının tanınaraq həmin bağ evinə köçürülməsinin təmin edilməməsi hissəsində ləğv edilmiş, X7 X3 mülkiyyətində olan ünvan 2ndəki 0,1612 ha torpaq sahəsində yerləşən bağ evinə (reyestrdən çıxarış: MA 0217161) istifadə hüquqları tanınaraq həmin evə köçürüməsi qət edilmişdir. Abşeron Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(012)-496/2022 saylı qətnaməsindən görünür ki, iddia təmin edilmiş, İddiaçı1 ünvan 2ndə yerləşən bağ evinə istifadə hüququnun tanınması qət edilmişdir. Cavabdehin iddiaçılara ünvanladığı imtina məktublarından görünür ki, aparılan araşdırma zamanı Abşeron Rayon Məhkəməsinin xx.xx.2022-cı il tarixli, 2(012)-496/2022 saylı qətnaməsinə əsasan DƏDKR yanında 4 saylı Abşeron Ərazi İdarəsinin üzərinə öhdəlik qoyulmadığı aşkar olunmuşdur. Nəzərinizə çatdırırıq kı, sözügedən bağ evi üzərində istifadə hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatı qanununvericilikdə nəzərdə tutulmamışdır. Birinci instansiya məhkəməsində icraat İddiaçılar cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 2ndəki 0,1612 ha torpaq sahəsində yerləşən, ümumi sahəsi 293.24 kv.m olan 7 otaqdan ibarət bağ evi üzərində istifadə hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmaqla müvafiq çıxarışın təqdim edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişlər. İddiaçılar tələbini onunla əsaslandırmışlar ki, iddiaçılar İddiaçı2 və İddiaçı1 xx.xx.2023-cü il tarixli ərizələrlə Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 4 saylı Abşeron Ərazi İdarəsinə müraciət edərək Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinin 05 oktyabr 2021-ci il tarixli, 2(105)-2310/2021 nömrəli qanuni qüvvəsini almış qətnaməsi ilə ünvan 2ndəki 0,1612 ha torpaq sahəsində yerləşən, ümumi sahəsi 293.24 kv.m olan 7 otaqdan ibarət bağ evi üzərində tanınmış istifadə hüquqlarının qeydiyyata almaqla bu barədə müvafiq çıxarışın verilməsini xahiş etmişlər. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 4 saylı Abşeron Ərazi İdarəsinin müraciətə baxılması barədə 15 sentyabr 2023-cü il tarixli, 3-H-3-32/2- Ə-0258-8 nömrəli və 3-H-3-32/2-Ə-0259-8 nömrəli cavab məktublarında göstərilmişdir ki, aparılan araşdırma zamanı Abşeron Rayon Məhkəməsinin 11 02.2022-ci il tarixli, 2(012)-496/2022 saylı qətnaməsinə əsasən DƏDKR yanında 4 saylı Abşeron Ərazi İdarəsinin üzərinə öhdəlik qoyulmadığı aşkar olunmamışdır. Həmçinin qeyd olunmuşdur ki, sözügedən bağ evi üzərində istifadə hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatı qanunvericilikdə nəzərdə tutulmamışdır. Halbuki, iddiaçıların həmin bağ evi üzərində istifadə hüquqları məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi ilə tanınmışdır. Cavabdehin iddia tələbinə dair etirazının dəlilləri Cavabdeh iddia tələbinə qarşı etirazında qeyd etmişdir ki, aparılan araşdırma zamanı Abşeron Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(012)-496/2022 nömrəli qətnaməsi əsasında 4 saylı Abşeron Ərazi İdarəsi üzərinə öhdəlik qoyulmadığı; ünvan 2 ünvanında yerləşən bağ evi üzərində istifadə hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatın aparılmasının qanununvericilikdə nəzərdə tutulmadığı müəyyən olunmuşdur. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(118)-1969/2024 nömrəli qərarı ilə iddia təmin edilmiş, ünvan 2ndəki 0,1612 ha torpaq sahəsində yerləşən, ümumi sahəsi 293.24 kv m olan 7 otaqdan ibarət bağ evi üzərində iddiaçılar İddiaçı2 və İddiaçı1 istifadə hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və müvafiq çıxarışın verilməsi öhdəliyinin cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 4 saylı Abşeron Ərazi İdarəsinin üzərinə qoyulması qərara alınmışdır (hakim Vəfa Əzizova). Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçıların daşınmaz əmlak (fərdi yaşayış evi) üzərində istifadə hüquqları məhkəmənin qanuni qüvvəyə minmiş qətnamələri əsasında yarandığından və daşınmaz əmlak üzərində mülkiyyət və digər əşya hüquqlarınnı qeydiyyatı məsələlərini tənzimləyən “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununda istifadə hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması nəzərdə tutulduğundan iddiaçıların tələbləri qanuni və əsaslı hesab edilməlidir. Bundan başqa Mülki Məcəllənin 228.1-ci maddəsinə görə yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin ailə üzvləri və digər şəxslər yaşayış binasından istifadə hüququna bu şərtlə malikdirlər ki, həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınsın. Bu baxımdan da cavabdehin iddiaçıların müraciətinin təmin olunmasından imtinası əsassız hesab edilməlidir. Cavabdeh qərardan apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsi və iddia tələbinin rədd edilməsi haqqında yeni qərar qəbul edilməsini xahiş etmişdir. Üçüncü şəxs qərardan apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsi və iddianın rədd olunması barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətlərinin dəlilləri Cavabdehin apellyasiya şikayətinin dəlilləri iddia ərizəsinə etiraza uyğun əsaslandırılmış və əlavə olaraq göstərilmişdir ki, daşınmaz əmlak üzərində istifadə hüququ qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın istifadəyə verilməsi barədə aktlar əsasında qeydiyyata alına bilər. ünvan 2ndəki 0.1612 ha torpaq sahəsində yerləşən, ümumi sahəsi 293.24 kv.m olan 7 otaqdan ibarət bağ evi daşınmaz əmlakın dövlət reyestrindən verilmiş **********13-11301 reyestr nömrəli çıxarışa əsasən X3 mülkiyyətindədir. Başqa şəxsin mülkiyyətində olan daşınmaz əmlak üzərində digər şəxslərin istifadə hüquqlarının qeydiyyata alınması və bu barədə müvafiq çıxarışın verilməsi qanunvericilkilə nəzərdə tutulmadığı, ümumiyyətlə başqa şəxsin mülkiyyətində olan daşınmaz əmlak üzərində digər şəxslərin istifadə hüquqlarının qeydiyyata alınması 4 saylı Abşeron Ərazi İdarəsinin səlahiyyətləri xaricindədir. Bu səbəbdən Sumqayıt İnzibati Məhkəməsinin 21 iyun 2024-cü il tarixli, 2-1(118)-1969/2024 saylı qərarının icrası qanunamüvafiq olmamaqla texniki cəhətdən mümkün deyil. Bundan başqa, ünvan 2ndəki 0.1612 ha torpaq sahəsində yerləşən, ümumi sahəsi 293.24 kv.m olan 7 otaqdan ibarət bağ evi üzərində xx.xx.2014-cü il tarixdə QSC “Bank Standart” Kommersiya Bankının xeyrinə ipotekanın qeydiyyatı aparılmışdır. Üçüncü şəxs apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmə qərar qəbul edərkən maddi hüquq normalarını pozaraq işi obyektiv araşdırmamış, üçüncü şəxsin (LPO QSC “Bank Standard” KB) maraqlarına zidd olan hallara nəzər yetirməmiş və əsassız qərar qəbul etmişdir. Belə ki, X3 şəxsi mülkiyyətində olan ünvan 2ndə olan 0.1612 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən 2 mərtəbəli, 239.24 kv.m ümumi, 219.62 kv.m yaşayış, 73.62 kv.m yardımçı sahədən ibarət 7 otaqlı bağ evi QSC “Bank Standard” KB ilə "xxxx" MMC arasında 16 mart 2016-cı il tarixdə bağlanmış 1xx/xx/3502/14 saylı kredit müqaviləsinin təminatı olaraq bank qarşısında xx.xx.2016-ci il tarixli, 1xx/xx/3502/14 saylı ipoteka müqaviləsi əsasında yüklü edilmiş və xx.xx.2016-cı il tarixli ********** qeydiyyat nömrə ilə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətində qeydiyyata alınaraq, RX ******* Seriyalı Dövlət reyestrindən Çıxarış verilmişdir. Qeyd edilən hallar Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(118)-1969/2024 nömrəli qərarı bankın birbaşa maraqlarına toxunmuşdur. X3 şəxsi mülkiyyətində olan daşınmaz əmlak üzrə hüquqlar ipoteka müqaviləsi əsasında məhdudlaşdırılmışdır. Lakin Sumqayıt İnzibati Məhkəməsi işə baxarkən iddiaçıların tələbini təmin edərək onların istifadə hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasına və bununla bağlı çıxarışın verilməsi öhdəliyini DƏDK və Reyestri publik hüquqi şəxsin 4 saylı Abşeron Ərazi İdarəsinin üzərinə qoymaqla maddi hüquq normasının pozmuş, düzgün qərar tətbiq etməmişdir. X3 şəxsi mülkiyyətində olan ünvan 2ndə mülkiyyətində olan 0.1612 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən 2 mərtəbəli, 239.24 kv.m. ümumi, 219.62 kv.m. yaşayış, 73.62 kv.m. yardımçı sahədən ibarət 7 otaqlı bağ evi QSC “Bank Standard” KB ilə "xxxx" MMC arasında 16 mart 2016-cı il tarixdə bağlanmış 1xx/xx/3502/14 saylı kredit müqaviləsinin təminatı olaraq bank qarşısında xx.xx.2016-cı il tarixli 1xx/xx/3502/14 saylı ipoteka müqaviləsi əsasında yüklü edilmiş və xx.xx.2016-cı il tarixli ********** saylı qeydiyyat nömrə ilə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətində qeydiyyata alınaraq, ******* saylı yüklü edilməsinə dair Dövlət reyestrindən Çıxarış alınmışdır. İddiaçılar İddiaçı2 və İddiaçı1 sözügedən əmlaka dair istifadə hüquqlarının tanınaraq həmin evə köçürülməsinə dair qüvvədə olan qətnamə mövcuddur. İddiaçılar həmin qərara əsaslanmaqla istifadə hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasına və bununla bağlı çıxarışın verilməsi öhdəliyini DƏDK və Reyestri publik hüquqi şəxsin 4 saylı Abşeron Ərazi İdarəsinin üzərinə qoyulmasına dair Sumqayıt İnzibati Məhkəməsinə iddia ərizəsi ilə müraciət etmişdir. Məhkəmənin xx.xx.2024-cü il tarixli 2-1(118)-1969/2024 nömrəli qərarı ilə iddia təmin edilmişdir. Burdan aydın olur ki, iddiaçılar sözügedən əmlakın bank qarşısında ipoteka ilə yüklü olmasını barədə məlumatı bilərəkdən məhkəmədən gizlətmişlər. Beləliklə iddiaçılar öz hüquqlarından sui-istifadə etməklə LPO QSC “Bank Standard” KB-də yüklü edilmiş əmlaka dair yeni çıxarış əldə edərək bankın hüquqlarına və mənafeyinə toxunmaq niyyətində olmuşdur. Ləğv prosesində olan QSC “Bank Standard” KB Bakı Şəhəri Yasamal Rayon Məhkəməsində cavabdeh "xxxx" və diğərlərinə qarşı kredit borcunun qaytarılması və borcun ipoteka predmetinə yönəlməsinə dair iddia qaldırmışdır. Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(004)-6/2023 saylı qətnaməsi ilə bankın iddiası qismən təmin edilərək cavabdehlərdən ümumilikdə 3.073.506,39 ABŞ dolları məbləğində pulun tutulması və tutmanın ipoteka predmetləri olan əmlaklara yönəlməsi qət edilmişdir. Həmin qətnamə üzrə sözügedən X3 şəxsi mülkiyyətində olan ünvan 2ndə olan 0.1612 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən 2 mərtəbəli, 239.24 kv.m. ümumi, 219.62 kv.m. yaşayış, 73.62 kv.m. yardımçı sahədən ibarət 7 otaqlı bağ evinədə tutma yönəlməsi açıq hərracda satılması və əmlak satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər yaşayış sahəsini ən geci bir ay ərzində tərk etmələri qeyd edilmişdir. Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(004)-6/2023 saylı qətnaməsindən cavabdeh apellyasiya şikayəti vermişdir. Hazırda Bakı Apellyasiya Məhkəməsində 2(103)-2458/2024 saylı mülki iş üzrə məhkəmə prosesi davam edir. Həmçinin, iddiaçı qismində İddiaçı2 cavabdeh X5 və LPO QSC “Bank Standard” KB-ya qarşı birgə nigah dövründə əldə edilmiş sözügedən bağ evinin üzərinə ipoteka müqaviləsinin ləğv olunması və bağ evində payların müəyyən olunması tələbinə dair Abşeron Rayon Məhkəməsində iddia qaldırmışdır. Hazırda qüvvədə olan Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(105)-3564/2018 saylı qətnaməsi ilə iddia tələbi rədd edilmişdir. Həmçinin İddiaçı2 cavabdeh X5 və LPO QSC “Bank Standard” KB-ya qarşı müqavilənin etibarsız hesab edilməsi və sözügedən bağ evinin girovdan azad edilməsi tələbinə dair Bakı Şəhəri Səbail Rayon Məhkəməsində iddia qaldırmışdır. Hazırda qüvvədə olan Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2022ci il tarixli, 2(103)-1816/2022 saylı qətnaməsi ilə iddia tələbi rədd edilmişdir. Bu kimi qüvvədə olan qətnamələrdən və hazırki iş üzrə irəli sürülən iddia tələbindən aydın olur ki, İddiaçı2 öz hüquqlarından sui-istifadə edərək LPO QSC “Bank Standard” KB tərəfindən Yasamal Rayon Məhkəməsində xx.xx.2018-ci il tarixdə qaldırılmış iddia ərizəsi üzrə məhkəmə prosesinin aparılmasına işə düzgün və tezliklə baxılmasına və onun həll edilməsinə aşkar surətdə maneçilik törədərək açıq aşkar əsassız iddia ərizələri qaldırır. Sumqayıt İnzibati Məhkəməsi öz təşəbbüsü ilə zəruri sübutları topladıqda işin bu kimi hallarından xəbərdar olardı və bankı maraqlı şəxs qismində məhkəməyə cəlb edərdi. Beləliklə də birinci instansiya məhkəməsi tərəfindən iş üçün əhəmiyyəti olan halların müəyyən edilməmişdir. Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri İddiaçı və iddiaçının nümayəndəsi apellyasiya şikayətlərinə qarşı etirazlarda apellyasiya şikayətlərinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında iştirak etmiş cavabdehin nümayəndəsi X4 izahat verərək, cavabdehin apellyasiya şikayətini müdafiə edərək, öz izahatında apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak etmiş üçüncü şəxsin nümayəndəsi Nümayəndə izahat verərək, üçüncü şəxsin apellyasiya şikayətini müdafiə edərək, öz izahatında apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak etmiş iddiaçı və iddiaçının nümayəndəsi İddiaçı2 apellyasiya şikayətlərinə etiraz edərək, öz izahatında apellyasiya şikayətlərinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar olunmağına baxmayaraq iş üzrə üçüncü şəxs X6 məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 139.1. Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Maddə 139-1.1. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: Maddə 139-1.1.4. qanuni qüvvəyə minmiş məhkəmə qərarları... Maddə 228.1. Yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin ailə üzvləri və digər şəxslər yaşayış binasından istifadə hüququna bu şərtlə malikdirlər ki, həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınsın. Maddə 228.2. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər. Azərbaycan Respublikasının Mənzil Məcəlləsi Maddə 30.1. Yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər. Maddə 30.2. Əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə üzvləri arasında başqa razılaşma yoxdursa, mülkiyyətçinin ailə üzvləri həmin yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış sahəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri həmin yaşayış sahəsindən təyinatı üzrə istifadə etməyə və onun saxlanmasını təmin etməyə borcludurlar. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunun: Maddə 2.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. 2.2. Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində (bundan sonra - dövlət reyestri) aparılır. Maddə 8. Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: .... 8.0.4. qanuni qüvvəyə minmiş məhkəmə qərarları;... Maddə 19. Daşınmaz əmlak üzərində icarə və istifadə hüquqlarının dövlət qeydiyyatı 19.1. Daşınmaz əmlak üzərində müddəti on bir aydan çox olan icarə və ya istifadə hüququ dövlət qeydiyyatına alınır. İcarə və ya istifadə hüququnun dövlət qeydiyyatına alınması barədə ərizəni daşınmaz əmlakın icarə (istifadə) müqaviləsi üzrə tərəflərdən biri verə bilər. Daşınmaz dövlət əmlakı üzərində icarə (istifadə) hüququ, daşınmaz dövlət əmlakı üzərində icarə (istifadə) müqaviləsi bağlamaq hüququ olan müvafiq icra hakimiyyəti orqanının müraciəti əsasında dövlət reyestrində qeydiyyata alınır. Ərizənin və müraciətin formaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. ..... 19.3. Binanın, qurğunun, evin, binada və ya evdə yerləşən mənzillərin, otaqların icarəsi haqqında müqavilə üzrə hüquq dövlət qeydiyyatına verildikdə, yerləşməsi və ölçüləri göstərilməklə icarəyə verilən sahələrin planı təqdim olunur. Daşınmaz əmlakın icarəsi (istifadəsi) haqqında müqavilə icarəyə (istifadəyə) verənin hüququnun məhdudlaşdırılması kimi qeydiyyata alınır. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan respublikası Konstitusiya Məhkəməsi Plenumunun 16 dekabr 2014-cü il tarixli Qərarı: .....”Mülki Məcəllədə “istifadə” sözü mahiyyətcə müxtəlif institutlarla bağlı müddəalarda geniş şəkildə işlədilmişdir. Məsələn, Mülki Məcəllənin əşya hüququ olan mülkiyyət hüququ anlayışının izahı ilə bağlı 152-ci maddəsində, 11-ci Fəslinin servitut və uzufrukt ilə bağlı müddəalarında, habelə öhdəlik hüququna aid olan 33-cü Fəslində kirayə və 36-cı Fəslində əvəzsiz istifadə müqaviləsi ilə bağlı müddəalarda da bu anlayışa rast gəlinir. İstifadə hüququ öz-özlüyündə konkret hüququn əşya və yaxud öhdəlik hüququna aid edilməsini müəyyənləşdirmir. Hüquqi mahiyyəti baxımından bir-birindən çox fərqli olmalarına baxmayaraq, belə hüquqların ortaq cəhəti ondan ibarətdir ki, “istifadə” sözünün işlədilməsi yalnız əşyadan öz sahibinin istifadə etmək səlahiyyətini təmin edir. Lakin bu hüquqların məzmunundan görünür ki, onlardan hər birinin əşyadan istifadə etmək imkanını təmin etməsi şərtləri, istifadənin həcmi, istifadənin hüquqi baxımdan yaranması və ona xitam verilməsi ilə bağlı qayda və şərtlər, başqa sözlə istifadə səlahiyyətinin hüquqi rejimi bir-birindən fərqlidir. Buna görə, bu hüquqlar öz sahiblərinin əşyadan istifadə etmək səlahiyyətlərini təmin etsələr də, bu imkanı təmin edən əmlak hüquqlarının heç birini “istifadə hüququ” adlandırmaq olmaz. Əks halda əmlak hüquqlarının adlarının əsas funksiyası olan fərqləndirmə və müəyyən etmə xüsusiyyəti aradan qalxmış olar. Belə olan halda isə hansı hüququn nəzərdə tutulduğunu müəyyən etmək mümkün olmaz. Nəticə etibarilə, mülki qanunvericilikdə “istifadə hüququ” ifadəsi əmlak hüquqlarının hər hansı bir növünü deyil, müəyyən bir hüququn həyata keçirilmə şəklini (formasını) ifadə edir. Buna müvafiq olaraq qeyd edilməlidir ki, Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələrində nəzərdə tutulan yaşayış binasının tərkib hissəsindən “istifadə hüququ”nun mahiyyəti və həcmi Mənzil Məcəlləsinin 30.2-ci maddəsində nəzərdə tutulan yaşayış sahəsindən “istifadə etmək hüququ”nun mahiyyəti və həcmindən fərqlidir. Hər iki Məcəllədə yaşayış sahəsindən istifadə etmək imkanı nəzərdə tutulsa da, bu istifadəni təmin edən hüquqi əsaslar fərqlidir. Mülki Məcəllənin 228-ci maddəsinin məzmunundan məlum olur ki, həmin maddədə yaşayış binasının tərkib hissəsindən istifadə etmək səlahiyyətini təmin edən hüquq, mülki qanunvericilikdə məhdud əşya hüquqlarına dair nəzərdə tutulan bütün xüsusiyyətləri özündə əks etdirdiyinə görə, məhdud əşya hüququdur. Belə ki, daşınmaz əşyalar üzərində mülkiyyət hüququnun yüklü hala gəlməsinə səbəb olan məhdud əşya hüquqları, bir qayda olaraq, sözügedən daşınmaz əşyanın mülkiyyətçisi ilə notariat qaydasında bağlanan müqavilə əsasında (Mülki Məcəllənin 144.1-ci maddəsi) və daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmaqla yaranır (Mülki Məcəllənin 14.3-cü maddəsi). Həmçinin, daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmış məhdud əşya hüquqları bağlı olduqları daşınmaz əşyaya olan mülkiyyət hüququnun özgəninkiləşdirilməsi halında xitam olmadıqları kimi (Mülki Məcəllənin 158.3-cü maddəsi), istənilən üçüncü şəxslərə qarşı da irəli sürülə bilərlər (Mülki Məcəllənin 158.4-cü maddəsi). Beləliklə, Mülki Məcəllənin 228-ci maddəsində yaşayış binasının tərkib hissəsindən istifadə imkanını təmin edən əmlak hüququ yalnız notariat qaydasında təsdiq olunan müqavilə əsasında daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmaqla yarandığına və istənilən şəxsdən bu hüququn pozulmasının aradan qaldırılmasını tələb etmək səlahiyyətini təmin etdiyinə görə, bu hüquq mahiyyətcə məhdud əşya hüququdur. Bundan fərqli olaraq, yaşayış sahəsi mülkiyyətçisinin hüquqlarının məhdudlaşdırılmasının digər əsaslarından biri kimi Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrində göstərilən ailə münasibətləri əşya hüquqlarına aid edilə bilməz. Belə ki, Mənzil Məcəlləsinin 30-cu maddəsində göstərilən şəxslərin yaşayış sahəsindən istifadə edə bilmələrinə hüquqi əsas yaşayış sahəsinin mülkiyyətçisi ilə bağlanan müqavilələr və onlara əsasən həyata keçirilən mülki hüquqi əməliyyatlar sayəsində əldə edilən hüquqlar deyil, məhz yaşayış sahəsinin mülkiyyətçisi ilə olan ailə münasibətləri sayəsində yaranan hüququn həyata keçirilməsidir. Mənzil Məcəlləsinin 30.2-ci maddəsində yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvünün “yaşayış sahəsindən istifadə etmək hüququ” ifadəsi ilə yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətləri əsasında yaranmış, yəni ailə hüququ sahəsinə aid olan hüququn (haqqın) həyata keçirilməsi şəkli (forması) nəzərdə tutulmuşdur. Bu hüquq, ailə qanunvericiliyinin ailənin möhkəmləndirilməsi və etibarlı ailə münasibətlərinin təmin edilməsi ilə bağlı ümumi məqsədindən irəli gələn hüquq olmaqla, yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinin hüquqlarının sosial təminatı kimi çıxış edir. Bu hüququn yaranması ailə münasibətlərinin mövcudluğu ilə şərtləndiyindən, xüsusi hüquq sahəsinə aid edildiyinə baxmayaraq, onun cəmiyyətin normal mövcudluğu üçün vacib olan ailə, valideyn və uşaq institutlarını qoruyan publik hüquq komponentləri də mövcuddur. Beləliklə, Mənzil Məcəlləsinin 30-cu maddəsində mülkiyyətçiyə məxsus yaşayış sahəsindən onun ailə üzvünün istifadə etməsinə əsas verən hüququn yaranması və xitamı mülki qanunvericiliyin deyil, ailə qanunvericiliyinin müvafiq normaları ilə tənzimlənir. Buna görə də həmin hüququn yaranması və həyata keçirilməsi üçün notariat qaydasında müqavilənin bağlanması və onun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması zərurəti yoxdur. Ailə qanunvericiliyində hansı hallarda valideynlərin öz övladlarını və digər ailə üzvlərini saxlamaq vəzifəsi daşıdıqları və hansı hallarda övladların öz valideynlərini və digər ailə üzvlərini saxlamaq vəzifəsi daşıdıqları müəyyən edilmişdir (Azərbaycan Respublikası Ailə Məcəlləsinin 13 və 15-ci Fəsillərinin müvafiq müddəaları). Buna uyğun olaraq, şəxsin ailə qanunvericiliyi əsasında yaşayış sahəsinin mülkiyyətçisi ilə birlikdə yaşamaq və yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ varsa və mülkiyyətçi ilə birlikdə yaşayırsa, həmin şəxs Mənzil Məcəlləsinin 30.1-ci maddəsində nəzərdə tutulan “ailə üzvləri” anlayışının əhatə dairəsinə daxildir. Bunun davamı olaraq, şəxsin ailə qanunvericiliyi əsasında yaşayış sahəsinin mülkiyyətçisi ilə birlikdə yaşamaq və yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ yoxdursa, onda həmin şəxsin Mənzil Məcəlləsinin 30.2-ci maddəsi əsasında yaşayış sahəsi mülkiyyətçisinin yaşayış sahəsindən istifadə etmək səlahiyyəti də olmaz. Nəzərə almaq lazımdır ki, Mənzil Məcəlləsinin 30.4-cü maddəsində yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma yoxdursa, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdə, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə hüququnun saxlanmadığı qeyd edilmişdir. Bununla belə, əgər tərəflər arasında başqa razılaşma olarsa, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə etmək imkanı artıq ailə münasibətlərini tənzimləyən normalara görə deyil, mülki qanunvericilik əsasında davam edər. (Mənzil Məcəlləsinin 30.7-ci maddəsi). Göstərilənlərə əsasən, Konstitusiya Məhkəməsinin Plenumu aşağıdakı nəticələrə gəlir: - Mənzil Məcəlləsinin 30.1-ci maddəsinin ikinci cümləsinin “digər qohumlar” ifadəsi Ailə Məcəlləsinin 15-ci Fəslinin müddəalarına əsasən yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ olan şəxsləri ehtiva edir; - Mənzil Məcəlləsinin 30.2-ci maddəsində mülkiyyətçiyə məxsus yaşayış sahəsindən onun ailə üzvlərinin istifadə etməsinə əsas verən hüququn yaranması və xitamı mülki qanunvericiliyin deyil, ailə qanunvericiliyinin müvafiq normaları ilə tənzimləndiyindən, bu hüququn yaranması və həyata keçirilməsi üçün Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələrinə əsasən notariat qaydasında müqavilənin bağlanması və onun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması tələb olunmur.”…. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 1.1. Bu Məcəllə inzibati hüquq münasibətləri ilə bağlı mübahisələrin (bundan sonra inzibati mübahisələr) məhkəmə aidiyyətini, həmin mübahisələrə məhkəmədə baxılmasının və həll edilməsinin prosessual prinsiplərini və qaydalarını müəyyən edir. Maddə 34.1. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2024-cü il tarixli və xx.xx.2024-cü il tarixli qərardadları ilə apellyasiya şikayətləri mümkün sayılmışdır. Apellyasiya şikayətlərində birinci instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. Apellyasiya instansiyasi məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası işdə iştirak edən şəxslərin izahatını dinləyib, iş materiallarını araşdırıb, apellyasiya şikayətlərinin dəlillərinə qiymət verərək hesab edir ki, apellyasiya şikayətləri təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli,iş üzrə yeni qərar qəbul edilməli, iddia təmin edilməməlidir. Hazırki iş üzrə iddia tələbi mübahisə predmeti olan bağ evi üzərində istifadə hüquqlarının dövlət qeydiyyatına alınmasından ibarət olmuşdur. Cavabdeh inzibati orqan imtinasını onunla əsaslandırmışdır ki, Abşeron Rayon Məhkəməsinin xx.xx.2022-cı il tarixli, 2(012)-496/2022 saylı qətnaməsinə əsasan DƏDKR yanında 4 saylı Abşeron Ərazi İdarəsinin üzərinə öhdəlik qoyulmadığı aşkar olunmuş, bağ evi üzərində istifadə hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatı qanununvericilikdə nəzərdə tutulmamışdır. Birinci instansiya məhkəməsinin qərarı ilə iddia təmin edilmişdir. Məhkəmə kollegiyası hazırki iş üzrə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayaraq, aşağıdakıları qeyd etməyi zəruri hesab edir. İşin müəyyən edilmiş hallarından görünür ki, qanuni qüvvəyə minmiş məhkəmə qətnamələri əsasında iddiaçıların sözügedən bağ evi üzərində istifadə hüquqlarının tanınması qət edilmişdir. İndiki halda iddiaçılar məhz qeyd edilən məhkəmə qətnamələri əsasında tanınmış istifadə hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasını istəyir, iddia tələbinin əsası kimi məhz həmin hala istinad edirlər. İş materiallarında olan Abşeron Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(012)-496/2022 saylı qətnaməsinin məzmununda qeyd edilmişdir ki,“…iddiaçı (İddiaçı1) yaşayış evinin mülkiyyətçisi ilə ailə münasibətlərində (ata-oğul) olmuş və həmin ev bu münasibətlərin olduğu dövrdə inşa edilmişdir.İşin faktiki hallarından göründüyü kimi iddiaçı həmin evdə müəyyən müddət bir yerdə valideynləri ilə birgə yaşamış, iddiaçının valideynlərinin nikah münasibətlərinə xitam verildikdən sonra da iddiaçı valideynləri ilə birlikdə həmin mənzildə yaşamaqda davam etmişdir. Bundan sonra cavabdeh iddiaçının anasına və iddiaçıya mübahisəli bağ evində yaşamasına maneçilik törətməyə başlamışdır. Məhkəmə hesab edir ki, nə qədər ki, torpaq sahəsi və evdən iddiaçının valideynləri həmin evdən ailə üzvi kimi istifadə edərək, yararlanıb, hazırda həmin əmlak cavabdehin adına daşınmaz əmlakın dövlət reyestrində qeydə alınsa belə və həmin evdən (iqtisadi dəyərdən) cavabdeh istifadə etdiyi halda, bərabərlik prinsipinə uyğun iddiaçı da oradan istifadə edə bilər…..Məhkəmənin qənaətinə görə ailə-nikah münasibətlərindən doğan bu tipli əmlak münasibətlrəində başqa mövqenin tutulması düzgün olmayan presedent yaratmaqla arzuolunmaz nəticələrə gətirib çıxarda bilər…(Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddələrinin şərh edilməsinə dair xx.xx.2023-cü il tarixli, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1-ci və 228.2-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinin şərh edilməsinə dair xx.xx.2014-cü il tarixli qərarları və s. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, mübahisəli evə dair tərəflər eyni istifadə hüququna malik olduqlarından iddia təmin edilməli, İddiaçı1 sözügedən həmin bağ evinə istifadə hüququ tanınmalıdır….” İş materiallarında olan Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(105)- 2310/2021 saylı xx.xx.2021-ci il tarixli qətnaməsinin məzmununda qeyd edilmişdir ki, “….Daha öncə qeyd edildiyi kimi, iddiaçı yaşayış evinin mülkiyyətçisi ilə ailə münasibətlərində (ər-arvad) olmuş və həmin ev məhz bu münasibətlərin olduğu dövrdə inşa edilmişdir. İşin faktiki hallarından göründüyü kimi onlar həmin evdə müəyyən müddət biryerdə yaşamış, nikah münasibətlərinə xitam verildikdən sonra da iddiaçı tərəflərin birgə nikahından doğulmuş oğlu ilə birlikdə həmin mənzildə yaşamaqda davaç etmiş, ona məxsus mebel, digər məişət əşyaları və geyim ləvazimatı həmin bağ evindədir.Həmin evlə bağlı tərəflər arasında mübahisə 2018-ci ildən başlanmışdır.Bundan sonra cavabdeh iddiaçının mübahisəli bağ evində yaşamasına maneçilik törətməyə başlamışdır. Məhkəmə kollegiyası hesab edir ki, nə qədər ki, torpaq sahəsi iddiaçı və cavabdehin iştirakı ilə məhz birgə nikah dövründə əldə edilib, iddiaçı da uzun illər birgə mülkiyyətin iştirakçısı kimi həmin evdən ailə üzvi kimi istifadə edərək yararlanıb, onun həmin əmlaka münasibətdə iqtisadi marağı formalaşmışdır. Ona görə də hazırda cavabdehin adına daşınmaz əmlakın dövlət reyestrində qeydə alınsa belə həmin evdən (iqtisadi dəyərdən) cavabdeh istifadə etdiyi halda, bərabərlik prinsipinə uyğun iddiaçı da oradan istifadə edə bilər…. Məhkəmənin qənaətinə görə ailə-nikah münasibətlərindən doğan bu tipli əmlak münasibətlrəində başqa mövqenin tutulması düzgün olmayan presedent yaratmaqla arzuolunmaz nəticələrə gətirib çıxarda bilər…(Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddələrinin şərh edilməsinə dair xx.xx.2023-cü il tarixli, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1-ci və 228.2-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinin şərh edilməsinə dair xx.xx.2014-cü il tarixli qərarları və s. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, mübahisəli evə dair tərəflər eyni istifadə hüququna malik olduqlarından iddia qismən təmin edilməli, İddiaçı2 mübahisəli evə köçürülməli, onun həmin bağ evinə istifadə hüququ tanınmalıdır….” Göründüyü kimi, hər iki iddiaçıya münasibətdə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə evə dair istifadə hüququnun tanınmasına əsas olan hal məhz ailə münasibətlərindən irəli gələn hallar təşkil etmişdir. Başqa sözlə desək, iddiaçıların həmin evə dair istifadə hüququnun ailə münasibətləri əsasında yaranması halı qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi əsasında müəyyən edilməklə, işin mübahisəsiz halı kimi çıxış edir. Bu baxımından kollegiya onu qeyd etməyi zəruri hesab edir ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun yuxarıda istinad edilən Qərarında əks olunmuş hüquqi mövqeyə əsasən daşınmaz əmlak üzərində ailə münasibətləri əsasında yaranan istifadə hüququ ilə mülki qanunvericilik normasının tələbinə əsasən yaranmış istifadə hüququ anlayışları mahiyyət etibarilə fərqli anlayışlar qismində çıxış edir. Belə ki, daşınmaz əmlak üzərində istifadə hüququ mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan (servitut, superfitsi, icarə müqaviləsi, əmlak kirayə müqaviləsi və s.) yaranırsa, qeyd edilən hüquq əşya hüququnun bir növü olan məhdud əşya hüququ qismində çıxış etməklə, bu əsasla yaranmış hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmalıdır, bu zəruri haldır. Bundan fərqli olaraq, daşınmaz əmlak üzərində istifadə hüququ ailə münasibətləri əsasında yarandıqda, həmin münasibətlərin yaranma əsası qismində mülki qanunvericilik norması deyil, məhz mənzil və ailə qanunvericiliyinin norması çıxış edir. Bu halda, şəxsin daşınmaz əmlakdan istifadə etməsinin hüquqi əsası qismində mülki qanunvericilikdə ehtiva edilən əsaslar deyil, məhz mülkiyyətçi ilə olan ailə münasibətləri çıxış edir. Ailə münasibətləri isə mülki qanunvericiliyin tələbi baxımından əşya hüququnun bir növü kimi çıxış etməməklə, əşya hüququ mənasında bu hüququn yaranması əsası hesab edilmir. Kollegiya qeyd edir ki, yuxarıda istina edilən hüquqi mövqeyə əsasən əmlak üzərində istifadə hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması üçün həmin hüququn əşya hüququnun növü kimi məhdud əşya hüquqi kimi yaranması zəruri şərtdir. Başqa sözlə desək, daşınma zəmlak üzərində istifadə hüququ ailə münasibətləri əsasında yarandıqda, bu hüquq əşya hüququnun növü kimi məhdud əşya hüququ kimi çıxış etmədiyindən, mülki qanunvericiliyin tələbi baxımından həmin hüququn daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması zərurəti mövcud deyildir. Qeyd edilən hallara əsasən kollegiya hesab edir ki, iddiaçıların mübahisə predmeti olan evə dair istifadə hüququnun məhz ailə münasibətləri əsasında yaranması halı aşkar olduğundan, bu hal qanuni qüvvəyə minmiş məhkəmə qətnamələri ilə müəyyən edildiyindən, yuxarıda qeyd edilən qanunvericilik normalarının tələbinə əsasən bu hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmalı olan məhdud əşya hüququ kimi çıxış etmədiyindən, iddiaçılar ailə münasibətləri əsasında yaranmış istifadə hüququnun daşınmaz əmlakın dövlət reyestində qeydə alınmasını tələb etməkdə haqlı olmamışlar. Buna baxmayaraq, birinci instansiya məhkəməsi tərəfindən işin qeyd edilən halları ətraflı araşdırılmamış, qanunvericilik normasının tələbi düzgün tətbiq edilməmiş, əmlak üzərində yaranmış istifadə hüququnun mahiyyəti mülki və mənzil qanunvericilik normalarının və formalaşdırılmış hüquqi mövqeyin tələbi baxımından düzgün dəyərləndirilməmiş, bununla da iş üzrə gəldiyi nəticə yanlış olmuşdur. Qeyd olunan hallara əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətlərinin dəlilləri əsaslı olmuşdur. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətləri təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli, iş üzrə yeni qərar qəbul edilməli, iddia təmin edilməməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Apellyasiya şikayətləri təmin edilsin. Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(118)-1969/2024 nömrəli qərarı ləğv edilsin. İş üzrə yeni qərar qəbul edilsin. İddia təmin edilməsin. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti, 70) vasitəsilə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar