Məhkəmə qərarları › İş №2-1(105)-670/2022

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(105)-670/2022

05.10.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-1(105)-670/2022 05.10.2022 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Babayeva Hökümə Çingiz qızı (sədrlik edən və məruzəçi), Məmmədov Fuad Əli oğlu və Məmmədov Zahid Tahir oğlundan ibarət tərkibdə, Hüseynli Aydın Hüseyn oğlunun katibliyi, İddiaçı1 cavabdehlər Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi və Azərbaycan Respublikası Maliyyə Nazirliyinə qarşı “maddi və mənəvi ziyana görə kompensasiyanın ödənilməsi” tələbinə dair ərazi aidiyyətinin müəyyənləşdirilməsi məsələsinə Sumqayıt Apelyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. müəyyən etdi: İddiaçı1 xx.xx.2013-cü il tarixdə cavabdehlər Cavabdeh1 və AR Maliyyə Nazirliyinə qarşı 1 saylı iddia ərizəsi ilə Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək, onun mülkiyyətində olan ümumi sahəsi 2,79 ha torpaq sahəsinin ədalətli dəyəri ödənilmədən, eyni zamanda onun razılığı olmadan cavabdeh Gənclər və İdman Nazirliyi tərəfindən həmin torpaq sahəsi üzərində etdiyi hərəkətləri (inşa və quraşdırma işləri) və dəymiş maddi ziyana görə kompensasiyanın ödənilməsində göstərdiyi hərəkətsizliyi qanunsuz hesab edilməklə, bu cür hərəkət və hərəkətsizliyə son qoyulması, mülkiyyətində olan ümumi sahəsi 2,79 ha torpaq sahəsinin cavabdeh Gənclər və İdman Nazirliyi tərəfindən alındığı və X1 inşa olunduğu üçün dəyən maddi ziyana görə 5.580.000 manat kompensasiyanın və 558.000 manat mənəvi ziyanın dövlət büdcəsi hesabına ödənilməsi, kompensasiyanın və mənəvi ziyanın ödənilməsi üçün vəsaitin sifariş edilməsi vəzifəsinin cavabdeh Gənclər və İdman Nazirliyinə tapşırılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 02 may 2014-cü il tarixli, 2-1(81)- 233/2014 nömrəli qərarı ilə iddia tələbi qismən təmin edilmiş, iddiaçının mülkiyyətində olan torpaq sahəsinin Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi tərəfindən alınması müqavilində kompensasiya olaraq 2.967.150,0 manat pul dövlət büdcəsi hesabına iddiaçıya ödənilməsi, kompensasiyanın ödənilməsi üçün sifariş verilməsi Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinə həvalə edilmiş, iddia qalan hissədə təmin edilməmişdir (hakim M.Bayramov). Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx.xx.2019-cu il tarixli qərardadı ilə cavabdeh Gənclər və İdman Nazirliyinin apellyasiya şikayətinin qismən təmin edilməsi, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 02 may 2014-cü il tarixli qərarının və həmin qərara düzəliş edilməsi barədə 25 iyun 2014-cü il tarixli qərardadının ləğv edilməsi, işin məhkəmə icraatının davam etdirilməsi üçün həmin məhkəməyə göndərilməsi qərara alınmışdır (hakim C.Yusifov). Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3491/2020 nömrəli, xx.xx.2020-ci il tarixli qərardadı ilə iddiaçı inzibati mübahisəyə dair iş üzrə iddia geri götürülmüş sayılmışdır (hakim P.Hüseynov). Bakı Apellyasiya Məhkəməsinin 02 noyabr 2021-ci il tarixli qərardadı ilə iddiaçının apellyasiya şikayəti təmin edilmiş, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3491/2020 nömrəli, xx.xx.2020-ci il tarixli qərardadı ləğv edilmiş, inzibati iş müvafiq prosessual hərəkətlərin edilməsi üçün Bakı İnzibati Məhkəməsinə göndərilmişdir (hakim E.Nağıyeva). Bakı İnzibati Məhkəməsinin 25 iyul 2022-ci il tarixli 2-1(112)-8415/2022 nömrəli qərardadı ilə inzibati işin aidiyyəti üzrə baxılması üçün Sumqayıt İnzibati Məhkəməsinə göndərilməsi qərara alınmışdır (hakim A.Əhədova). Bakı İnzibati Məhkəməsi qərardadında qeyd etmişdir ki, İPM-in 8.1.1-ci maddəsinə əsasən daşınmaz əmlakla, yaxud müəyyən ərazi ilə bağlı hüquq və ya hüquq münasibəti ilə əlaqədar inzibati mübahisələrə həmin əmlakın və ya ərazinin aid olduğu yerin məhkəməsi tərəfindən baxılır. İş materiallarından müəyyən olunur ki, iş üzrə cavabdeh orqan Bakı şəhəri ərazisində yerləşsə də iddiaçının tələbi Abşeron rayonu, Xırdalan şəhəri ərazisində yerləşən daşınmaz əmlakla bağlı hüquq münasibəti ilə əlaqədardır. Belə ki, İddiaçı ona məxsus torpaq sahəsinin cavabdeh tərəfindən təqdim edilmiş layihəyə əsasən X1 tikintisi ilə əlaqədar dövlət ehtiyacının alınmasının təsiri altına düşdüyündən ondan alındığını, tikinti altına düşən torpaq hissəsi ilə bağlı ona hər hansı kompensasiya ödənilmədiyini iddia edərək hazırkı inzibati məhkəmə icraatında müvafiq kompensasiyanın ödənilməsini mübahisələndirir. Məhkəmə qeyd edir ki, hazırkı iş üzrə ərazi aidiyyəti İPMnin 8.1.1-ci maddəsinin tələbləri ilə tənzimlənməli və işə müvafiq daşınmaz əmlakın olduğu yerin inzibati məhkəməsində, yəni Sumqayıt İnzibati Məhkəməsində baxılmalıdır. Sumqayıt İnzibati Məhkəməsinin 28 sentyabr 2022-ci il tarixli, 2-1(112)-3167/2022 nömrəli qərardadı ilə iddianın məhkəmə aidiyyətinin müəyyən olunması üçün iş Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilmişdir. Sumqayıt İnzibati Məhkəməsi qərardadı onunla əsaslandırmışdır ki, iddiaçının tələbi maddi və mənəvi ziyana görə kompensasiyanın ödənilməsi ilə bağlıdır. Bu halda hazırkı mübahisənin aidiyyətinin müəyyən olunmasında İPM-nin 8.1.1-ci maddəsi tətbiq edilə bilməz. Bu halda ümumi norma olan İPM-nin 8.1.4-cü maddəsi tətbiq edilməlidir. Həmin maddəyə əsasən digər hallarda iddialara cavabdehin yerləşdiyi yerin, yaşayış yerinin, yaşayış yerinin olmadığı hallarda olduğu yerin və ya axırıncı yaşayış yaxud olduğu yerin məhkəməsi tərəfindən baxılır. Hazırki iş üzrə cavabdehlər Bakı şəhəri ərazisində yerləşdiyi üçün ərazi aidiyyətının müəyyən olunması İPM-nin 8.1.4-cü və 2.2.7-ci maddələrinə əsasən Bakı İnzibati Məhkəməsinə aid edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 9.1-ci maddəsinə əsasən, aşağıdakı hallarda ərazi aidiyyəti üzrə səlahiyyətli məhkəmə müvafiq yuxarı məhkəmə instansiyası tərəfindən müəyyən edilir:

1. səlahiyyətli məhkəmə konkret halda hüquqi və ya faktiki baxımdan məhkəmə icraatını həyata keçirə bilmədikdə;

2. birdən çox məhkəmə özünü səlahiyyətli saydıqda;

3. mübahisə ilə bağlı işin göndərildiyi məhkəmə özünü səlahiyyətli saymadıqda. Həmin Məcəllənin 9.2-ci maddəsinə görə bu Məcəllənin 8.1-ci maddəsində nəzərdə tutulmuş qaydada ərazi aidiyyətini müəyyən etmək mümkün olmadığı hallarda, səlahiyyətli məhkəmə Ali Məhkəmə tərəfindən müəyyən edilir. Məhkəmə kollegiyası hesab edir ki, İPM-in 9.2-ci maddəsinə əsasən hazırkı iş üzrə səlahiyyətli məhkəmə Azərbaycan Respublikasının Ali Məhkəməsi tərəfindən müəyyən edilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 9.2, 87, 89-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Qərara aldı:

İddiaçı1 cavabdehlər Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi və Azərbaycan Respublikası Maliyyə Nazirliyinə qarşı “maddi və mənəvi ziyana görə kompensasiyanın ödənilməsi” barədə inzibati iş ərazi aidiyyəti üzrə səlahiyyətli məhkəmənin müəyyən olunması üçün Azərbaycan Respublikasının Ali Məhkəməsinə göndərilsin.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar