Məhkəmə qərarları › İş №2-1(105)-670/2023

Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(105)-670/2023

28.09.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(105)-670/2023 28.09.2023 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Məmmədov Zaur İkram oğlu (sədrlik edən və məruzəçi), Babayeva Hökümə Çingiz qızı və X5 ibarət tərkibdə, Əliyeva Aysel Sərvan qızının katibliyi, Cavabdehin nümayəndəsi X6, Üçüncü şəxs Salayev Zaur Rukəxan oğlunun nümayəndəsi X23 oğlunun iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 2 saylı Sumqayıt Ərazi İdarəsinə qarşı “Sumqayıt şəhəri, Çerkassi küçəsi, 76-cı məhəllə ərazisində yerləşən qeyri-yaşayış binası üzərində mülkiyyət hüququnun onun adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması, dövlət reyestrindən çıxarışın və texniki pasportun verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati mübahisə üzrə Sumqayıt İnzibati Məhkəməsinin 06 iyun 2023-cü il tarixli, 2-1(118)-737/2023 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ: xx.xx.2022-ci il tarixli, **********29 nömrəli məktubla qeyri-yaşayış sahəsinin üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasından imtina edilmişdir. Sumqayıt şəhər bələdiyyəsinin xx.xx.2007-ci il tarixli, 27 nömrəli qərarına əsasən İİ qrup Qarabağ müharibəsi əlili–İddiaçı Sumqayıt şəhəri, 76-cı məhəllə ərazisində, Çerkassi küçəsində kommersiya obyektinin tikinti-quraşdırılması məqsədilə 24 kvadrat metr torpaq sahəsi ayrılmışdır. Sumqayıt şəhər İcra Hakimiyyəti başçısının xx.xx.2008-ci il tarixli sərəncamından görünür ki, iddiaçıya ayrılmış 24 kvadrat metr torpaq sahəsində təqdim edilmiş inşaat pasportuna uyğun kommersiya obyektinin tikinti-quraşdırılmasına icazə verilmişdir. xx.xx.2021-ci il tarixli Tikinti obyektinin istismarına icazədən görünür ki, iddiaçının istifadəsində olan 0,0024 ha (24 kv.metr) torpaq sahəsində birmərtəbəli avtomobilyuma obyekti şəhərsalma və tikintiyə dair normativ sənədlərin tələblərinə və tikinti layihəsinə uyğun inşa edildiyinə görə istismarına Sumqayıt şəhər İcra Hakimiyyəti tərəfindən icazə verilmişdir. Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğın Nəzarəti Xidməti Sumqayıt Regional Dövlət Yanğın Nəzarəti İdarəsinin 18 noyabr 2019-cu il tarixdə tərtib etdiyi akta əsasən mübahisəli obyekt tikinti norma və qaydalarına uyğun olmaqla inşa edilmişdir. İş materiallarına xx.xx.2019-cu il tarixli, 003351 nömrəli istismara hazırlıq aktı əlavə edilmişdir. Sumqayıt şəhər İcra Hakimiyyətinin Memarlıq və Şəhərsalma İdarəsi tərəfindən obyektin layihəsi təsdiq edilmişdir. Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən A seriyalı 381122 nömrəli torpaq sahəsinin planı və ölçüsü tərtib edilmiş və dövlət torpaq kadastr kitabında xx.xx.2011-ci il tarixdə 4930 nömrə ilə uçota alınmışdır. Plan və ölçü sənədində torpaq sahəsinin normativ qiyməti, əsas döngə nöqtələrinin koordinatları, torpaq sahəsinə dair baş plandan çıxarış əks olunmuşdur. Məhkəmə sorğusu nəticəsində əldə edilmiş sənədlərdən görünür ki, iddiaçıya məxsus qeyri-yaşayış obyektinin 1,5 kv.metr hissəsinin üst-üstə düşdüyü **********2706301 reyestr nömrəli çıxarışa əsasən qeyri-yaşayış obyekti X10 mülkiyyətinə verilmişdir (Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-1035/2014 saylı, xx.xx.2014-cü il tarixli qətnaməsinə əsasən). Həmin obeykt xx.xx.2014-cü il tarixli, AN seriyalı ******* nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən X3 və onun adına daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verilmişdir. Daha sonra sözügedən obyekt onun tərəfindən X1 və sonuncu tərəfindən xx.xx.2023-cü il tarixdə məhkəmə icraatına cəlb edilmiş X2. Üçüncü şəxs tərəfindən məhkəməyə təqdim edilmiş 27 nömrəli, xx.xx.2023-cü il tarixli icarə müqaviləsindən görünür ki, Sumqayıt şəhər İcra Hakimiyyətinin xx.xx.2007-ci il tarixli sərəncamına əsasən 24 kv.metr torpaq sahəsi iddiaçıya müvəqəti olaraq istifadəyə verilmişdir. Müqavilə xx.xx.2023-cü il tarixədək etibarlıdır. Məhkəmə sorğusu nəticəsində cavabdeh tərəfindən təqdim edilmiş daşınmaz əmlakın texniki vəziyyətini əks etdirən müayinə (baxış) aktına əsasən (xx.xx.2023-cü il tarixli) müayinə zamanı mübahisəli hala rast gəlinməmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ: a) Birinci instansiya məhkəməsindəki icraat İddia tələbi onunla əsaslandırılmışdır ki, Sumqayıt Şəhər Bələdiyyəsinin xx.xx.2007-ci il tarixli 27 saylı qərarı ilə 2-ci qrup Qarabağ müharibəsi əlili İddiaçı, yəni iddiaçıya Sumqayıt şəhəri, 76-cı məhəllə ərazisində Çerkassi küçəsində kommersiya obyektinin tikinti quraşdırılması məqsədilə 24 kv. metr torpaq sahəsi istifadə üçün icarəyə ayrılmışdır. Sumqayıt Şəhər İcra Hakimiyyəti başçısının xx.xx.2008-ci il tarixli 12 saylı sərəncamı ilə ayrılmış 24 kv. metr torpaq sahəsində inşaat pasportuna uyğun kommersiya obyektinin tikinti quraşdırılmasına icazə verilmişdir. Obyektin tikintisinə icazə verilməsinə dair sənəd və məlumatlar Dövlət Şəhərsalma və Arxitektura Komitəsində Tikintilərin Dövlət reyestrinə daxil edilmiş, tikinti obyektlərinə verilən koda dair Şəhadətnamə mövcuddur. Torpaq sahəsi ilə bağlı torpaq sahəsinin planı və ölçüsü tərtib edilmiş, Dövlət Torpaq Kadastrı kitabında xx.xx.2011-ci il tarixdə 4930 nömrə ilə uçota alınmışdır. Eyni zamanda Sumqayıt şəhər bələdiyyəsi ilə icarə müqaviləsi bağlanmış, icarə müqaviləsinin müddəti bitməmiş, aidiyyəti qurumlar tərəfindən tikinti obyektinin istismarına icazə verilmişdir. Sumqayıt şəhəri, 76-cı məhəllə, Çerkassi küçəsində yerləşən bu qeyri-yaşayış binası üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması, reyestrdən çıxarışın və texniki pasportun verilməsi ilə əlaqədar aidiyyəti üzrə cavabdeh orqana müraciət edilmişdir. Lakin həmin idarə daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı alınmasından imtina edilməsi barədə xx.xx.2022-ci il tarixli bildiriş göndərmişdir. Bundan əlavə, Sumqayıt şəhər bələdiyyəsinin xx.xx.2007-ci il tarixli 27 saylı qərarı ilə İddiaçı ayrılmış Sumqayıt şəhəri, 76-cı məhəllə ərazisində Çerkassi küçəsində yerləşən 24 kv. metr torpaq sahəsinə dair bağlanmış xx.xx.2011-ci il tarixli 241 nömrəli torpaq icarəsi müqaviləsinin müddəti bitmişdir. DƏDRX-nin 2 saylı Sumqayıt Ərazi İdarəsi xx.xx.2022-ci il tarixli cavab məktubunda da eyni məzmunlu ərizəni təmin etməyərək bildirmişdir ki, sözügedən qeyri-yaşayış binası ilə bağlı təkrar araşdırma aparılmış və xx.xx.2022-ci il tarixdə Sumqayıt Ərazi İdarəsi tərəfindən verilmiş daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilməsi barədə bildirişdə qeyd olunan səbəblərin əsaslı olduğu müəyyən olunmuşdur. Sözügedən obyekt texniki sənədlərə, layihəyə uyğun tikilmişdir. 2014-cü ildə Sumqayıt Şəhər İcra Hakimiyyəti başçısının göstərişi əsasında bu obyektin və onun yanında yerləşən bütün obyektlərin ön fasad hissəsinə üzlük daşının vurulması tapşırılmışdır. Həmin vaxtlar icra hakimiyyətinin təyin etdiyi işçilər tərəfindən bu sıradakı bütün obyektlərin ön hissəsində, eyni zamanda göstərilən obyektdə irəli çıxarılmaqla konstruksiyalar qurulmuş, bunun nəticəsində 2,5 kv. metr əlavə sahə artmışdır. Həmin konstruksiyalarda üzlük daşının vurulması üçün iddiaçı tərəfindən 1000 manatdan artıq vəsait xərclənmişdir. Qeyd olunanlara əsasən iddiaçı iddia tələbinin təmin olunması barədə qərar çıxarılmasını məhkəmədən xahiş etmişdir. Cavabdeh iddiaya etirazını onunla əsaslandırmışdır ki, İddiaçı etibarnamə üzrə nümayəndəsi Salayev Zaur Rukəxan oğlu Sumqayıt şəhəri, Çerkassi küçəsi, 76-cı məhəllə ərazisində yerləşən qeyri-yaşayış binası üzərində mülkiyyət hüququnun qeydiyyata alınması, reyestrdən çıxarış və texniki pasportun verilməsi barədə xx.xx.2022ci il tarixli ********** qeydiyyat nömrəli ərizə ilə Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 2 saylı Sumqayıt Ərazi İdarəsinə müraciət etmişdir. Bununla əlaqədar olaraq İddiaçı etibarnamə üzrə nümayəndəsi Salayev Zaur Rukəxan oğluna bildirilmişdir ki, idarənin mütəxəssisləri tərəfindən daşınmaz əmlakın natura quruluşu və ölçülərinin ərizəyə əlavə olunmuş sənədlərə uyğun olub-olmamasını müəyyənləşdirmək üçün sözügedən qeyri-yaşayış binasına müayinə baxışı keçirilərkən müəyyən olunmuşdur ki, ləğv olunmuş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən verilmiş xx.xx.2011-ci il tarixli, 4930 nömrəli torpaq sahəsinin plan və ölçüsündə qeyd edilən koordinatlarla faktiki koordinatlar arasında 0.3 metr sürüşmə fərqi var. Bununla yanaşı, faktiki tikintialtı sahənin 1.5 kv.m hissəsi **********27-06301 reyestr nömrəli qeyri-yaşayış binasının torpaq sahəsi ilə üst-üstə düşür və 2.5 kv.m zəbt torpaq sahəsi mövcuddur. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 111-ci maddəsinə əsasən Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması qanunla qadağan olunur. Həmçinin Sumqayıt şəhər bələdiyyəsinin xx.xx.2007-ci il tarixli, 27 nömrəli qərarı ilə İddiaçı ayrılmış Sumqayıt şəhəri, Çerkassi küçəsi, 76-cı məhəllə ərazisində yerləşən 24.0 kv.m torpaq sahəsinə dair bağlanmış xx.xx.2011-ci il tarixli, 241 nömrəli torpaq icarəsi müqaviləsinin müddəti bitmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 180-ci maddəsinə əsasən tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. Özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Belə ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0.9-cu və 8.0.9.2-ci maddələrinə əsasən Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə minənədək inşa edilmiş qeyri-yaşayış binalarına dair torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə, müvafiq icra hakimiyyəti orqanının tikilinin inşa edilməsinə icazə barədə qərarı, istismara qəbul aktı hüquqların dövlət qeydiyyatı üçün əsaslardır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 11.1-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Qeyd olunanlara əsasən iddia tələbinin rədd olunması məhkəmədən xahiş edilmişdir. Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli və xx.xx.2023-cü il tarixli qərardadları ilə Salayev Zaur Rukəxan oğlu və X12 üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilmişlər. Məhkəmə iclaslarında iddiaçının nümayəndəsi (həyat yoldaşı) X14 iddia tələbinin məzmununa uyğun izahat verərək təmin olunmasını xahiş etmişdir. Cavabdehin nümayəndəsi məhkəmə iclasında etiraza uyğun izahat verərək iddianın təmin edilməməsini xahiş etmişdir. Məhkəmə icraatına üçüncü şəxs qismində cəlb edilmiş Salayev Zaur Rukəxan oğlu iddia tələbini müdafiə edərək bildirmişdir ki, yeni icarə müqaviləsindən də göründüyü kimi müqavilənin müddəti uzanmışdır. Digər şəxsin əmlakı ilə üst-üstə düşməsinə dair münasibəti isə ondan ibarət olmuşdur ki, həmin hissə ara divardan ibarətdir ki, Sumqayıt şəhəri, 76-cı məhəllə ərazisində yerləşən qeyri-yaşayış binalarının hər biri yan-yana olmaqla eyni ölçülərə malikdir. Obyekt özü onun tərəfindən təmir edilmişdir. Məhkəmə icraatına cəlb edilmiş üçüncü şəxs Seyidilyas Qədirov iddia tələbinə hər hansı bir etirazının olmadığını bildirmişdir. Belə ki, iddiaçıya məxsus qeyri-yaşayış sahəsi onun hüquqlarını hər hansı bir formada məhdudlaşdırmır. Sumqayıt İnzibati Məhkəməsinin 06 iyun 2023-cü il tarixli, 2-1(118)-737/2023 nömrəli qərarı ilə iddia tələbi təmin edilmiş, Sumqayıt şəhəri, Çerkassi küçəsi, 76-cı məhəllə ərazisində yerləşən qeyri-yaşayış binası üzərində mülkiyyət hüququnun İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması, dövlət reyestrindən çıxarışın və texniki pasportun verilməsi öhdəliyi Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 2 saylı Sumqayıt Ərazi İdarəsinin üzərinə qoyulmuşdur (hakim İ.Burcayev). Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək, iddianın rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a) Apellyasiya şikayətinin dəlilləri Ləğv olunmuş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən verilmiş xx.xx.2011 -ci il tarixli, 4930 nömrəli torpaq sahəsinin plan və ölçüsündə qeyd edilən koordinatlarla faktiki koordinatlar arasında 0.3 metr sürüşmə fərqi var. Həmçinin, faktiki tikintialtı sahənin 1.5 kv.m hissəsi **********27-06301 reyestr nömrəli qeyri-yaşayış binasının torpaq sahəsi ilə üst-üstə düşür və 2.5 kv.m zəbt torpaq sahəsi mövcuddur. Bundan əlavə, Sumqayıt şəhər Bələdiyyəsinin xx.xx.2007-ci il tarixli, 27 nömrəli qərarı ilə İddiaçı ayrılmış Sumqayıt şəhəri, Çerkassi küçəsi, 76-cı məhəllə ərazisində yerləşən 24.0 kv.m torpaq sahəsinə dair bağlanmış xx.xx.2011-cİ il tarixli, 241 nömrəli torpaq icarəsi müqaviləsinin müddəti bitmişdir. b) Apellyasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayəti ilə bağlı bildirdi ki, mübahisəli torpaq sahəsinin plan ölçüsündə qeyd edilən koordinatlarla faktiki koordinatlar arasında 1.5 kv metr (30 sm) sürüşmə fərqi var idi və icarə müqaviləsinin vaxtı bitmişdi. Sonradan vətəndaş koordinatları düzəltmiş və icarə müqaviləsini yeniləmişdir, yəni mübahisə həll olunmuşdur. xx.xx.2023-cü il tarixli müayinə aktı sonuncudur və orada mübahisə halına rast gəlinmədiyi qeyd olunmuşdur. Ondan öncəki müayinələr zamanı üst-üstə düşmə halları aşkar olunub, hal-hazırda həll olunmuş, şikayətin verilməsinə əsas olmuş hallar artıq həll olunmuşdur. Məhkəmə kollegiyasının iclasında iştirak edən üçüncü şəxslər ayrı-ayrılıqda apellyasiya şikayətinin dəlillərini qəbul etməyərək, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılması barədə qərar qəbul edilməsini xahiş etmişlər. İddiaçı məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar olunmasına baxmayaraq, məhkəmə iclasında iştirak etməmiş, gəlməməyin səbəbləri haqqında məlumat verməmişdir. İnzibati Prosessual Məcəllənin 62.3-cü maddəsinə əsasən məhkəmə kollegiyası iddiaçının iştirakı olmadan işə baxılmasını və iş üzrə qərar qəbul edilməsini mümkün saymışdır. TƏTBİQ EDİLƏN HÜQUQ Azərbaycan Respublikasının Konstitusiyası: Maddə 13. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. Maddə 29. Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 2. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı 2.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. 2.2. Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində (bundan sonra - dövlət reyestri) aparılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi: Maddə 12. İşin hallarının araşdırılması prinsipi 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 81. Apellyasiya şikayəti vermək hüququ 81.1. İnzibati məhkəmələr tərəfindən qəbul olunmuş qərarlardan və ya qərardadlardan, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, şikayət verilə bilər. Şikayətə apellyasiya qaydasında apellyasiya instansiyası inzibati kollegiyaları (bundan sonra - apellyasiya instansiyası məhkəmələri) tərəfindən baxılır. 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Maddə 89. Apellyasiya instansiyası məhkəməsinin qərarının qanuni qüvvəyə minməsi Bu Məcəllənin 94.1-ci maddəsində nəzərdə tutulmuş müddətdə şikayətin verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda, məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadı isə 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir. APELLYASİYANİN MÜMKÜNLÜYÜ, APELLYASİYA BAXİŞİNİN HƏDLƏRİ Apellyasiya şikayəti vaxtında verilmişdir. Apellyasiya şikayəti formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə apellyasiya mümkün hesab edilmişdir. Birinci instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ Məhkəmə kollegiyası işdə iştirak edən şəxslərin izahatını dinləyərək, iş materiallarını araşdırıb, apellyasiya şikayətinin dəlillərinə qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, birinci instansiyası məhkəməsi tərəfindən işə baxılan mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuş, prosessual hüquq normalarının tələblərinə riayət edilmişdir. Yaranmış mübahisə ilə bağlı kollegiya aşağıdakıları qeyd edir: Hazırkı mübahisənin predmetini cavabdehin Sumqayıt şəhəri, Çerkassi küçəsi, 76-cı məhəllə ərazisində yerləşən qeyri-yaşayış sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınmasından imtinası təşkil edir. İddiaçının hüquqi marağı qeyri-yaşayış sahəsi üzərində mülkiyyət hüququnun dövlət tərəfindən tanınmasına nail olmaqdan ibarətdir. Birinci instansiya məhkəməsi iddianı təmin etmiş və cavabdehin dəlillərinə qiymət verərək qərarını onunla əsaslandırmışdır ki, daşınmaz əmlakın texniki vəziyyətini əks etdirən müayinə (baxış) aktında müayinə zamanı hər hansı mübahisəli hala rast gəlinməmişdir, üçüncü şəxslərin hüquqları hər hansı bir formada məhdudlaşdırılmamışdır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq aşağıdakıları qeyd etməyi zəruri hesab edir: Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən qorunur. Azərbaycan Respublikasının Konstitusiyanın 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikasının tərəfdar çıxdığı “İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 1 saylı protokolun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları və qanunda, beynəlxalq hüququn ümumi prinsiplərində nəzərdə tutulan hallardan başqa əmlakından məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka hüquqlar dövlət qeydiyyatına alınmalıdırlar. Həmin Məcəllənin 139.3-cü maddəsinə əsasən daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. Cavabdeh aşağıdakı əsaslarla iddiaçının müraciətinə imtina cavabı vermiş və hazırda da apellyasiya şikayətində həmin dəlillərə istinad etmişdir: 1) Ləğv olunmuş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən verilmiş xx.xx.2011-ci il tarixli, 4930 nömrəli torpaq sahəsinin plan və ölçüsündə qeyd edilən koordinatlarla faktiki koordinatlar arasında 0.3 metr sürüşmə fərqi; 2) Faktiki tikintialtı sahənin 1.5 kv.m hissəsinin **********27-06301 reyestr nömrəli qeyri-yaşayış binasının torpaq sahəsi ilə üst-üstə düşməsi və 2.5 kv.m zəbt torpaq sahəsinin mövcud olması; 3) Torpaq sahəsinə dair bağlanmış xx.xx.2011-ci il tarixli, 241 nömrəli torpaq icarəsi müqaviləsinin müddətinin bitməsi. Məhkəmə kollegiyası cavabdehin dəlillərini əsassız hesab edərək aşağıdakıları qeyd edir: Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin 74.1-ci maddəsinə əsasən bu Məcəllənin 79-80-ci maddələrində nəzərdə tutulmuş tikinti obyektləri istisna olmaqla, digər obyektlərin tikintisinə icazə tələb olunur. 79.1-ci maddəyə əsasən mülkiyyətdə, icarədə və ya istifadədə olan torpaq sahəsində aşağıdakı tikinti obyektlərinin tikintisinə icazə tələb olunmur: hündürlüyü ən çoxu 5 metr, sahəsi 100 kvadratmetr olan bir mərtəbəli yardımçı tikililərin, kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq fəaliyyəti ilə bağlı obyektlərin; xüsusi mülkiyyətdə olan torpaq sahələrində həcmi ən çoxu 60 kubmetr və dərinliyi ən çoxu 5 metr olan quyuların, yeraltı su və çirkab su anbarlarının (rezervuarların), habelə həcmi ən çoxu 200 kubmetr olan hovuzların; 79.1.3. hündürlüyü ən çoxu 2 metr 20 santimetr olan və qonşu torpaq sahəsi ilə sərhəddə və ya küçə boyunca hasarların (təbii və süni daşdan olan hasarlar da daxil olmaqla); 79.1.4. hündürlüyü ən çoxu 8 metr olan enerji və ya işıqlandırma dirəklərinin, antena qüllələrinin və ya tutumu ən çoxu 10 kubmetr olan su çənləri qüllələrinin; bu Məcəllənin 81.1-ci maddəsində nəzərdə tutulmuş ölçülərdən az olan reklam qurğularının, habelə kiçik memarlıq formalarının (köşklər, örtüklər və buna bənzər digər obyektlərin), açıq idman və ya oyun meydançalarının, açıq avtomobil dayanacaqlarının; tutumu 100 nəfərə qədər olan müvəqqəti tikililərin; fasadının mövcud qabaritləri dəyişdirilmədən təmir edilən tikinti obyektlərinin; təmir edilən yol və ya mühəndis-kommunikasiya təminatı xətlərinin; bu Məcəllənin 70.2-ci maddəsinin tələblərinə əməl edilməklə, yaşayış evlərinin həyətyanı sahələrində hündürlüyü ən çoxu 3 metr və sahəsi ən çoxu 100 kvadratmetr olan yardımçı tikililərin; 79.1.10. hündürlüyü ən çoxu 3 metr və sahəsi ən çoxu 300 kvadratmetr olan istixanaların və oranjereyaların. Bu Məcəllənin 79.1.1, 79.1.2 və 79.1.9-cu maddələrində nəzərdə tutulan ölçülərin hədlərini keçən obyektlərin tikintisinə məlumatlandırma icraatı şamil olunur (79.2). Daşınmaz əmlaka mülkiyyət hüququ və digər əşya hüquqlarının, bu hüquqların əmələ gəlməsi, məhdudlaşdırılması (yüklənməsi) və başqasına keçməsinin, onlara xitam verilməsinin dövlət qeydiyyatı, habelə, Azərbaycan Respublikası ərazisi üzrə vahid olan daşınmaz əmlakın dövlət reyestrinin aparılması qaydaları “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunu ilə müəyyən edilir. Həmin Qanunun 8.0.8-ci maddəsinə əsasən bu Qanun qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər. 8.0.9. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə minənədək (2013cü il yanvarın 1-dək) inşa edilmiş tikililərə dair: 8.0.9.2. çoxmənzilli binalara, qeyri-yaşayış binalarına və hündürlüyü 12 metrdən çox olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə, müvafiq icra hakimiyyəti orqanının tikilinin inşa edilməsinə icazə barədə qərarı, istismara qəbul aktı və s. həmin tikililər üzərində hüquqların qeydə alınması üçün əsas hesab edilir. İstinad edilən normanı hazırki mübahisəyə tətbiq etdikdə, mübahisələndirilən qeyriyaşayış sahəsi üzərində iddiaçının müllkiyyət hüquqlarının dövlət qeydiyyatı üçün aşağıdakı hüquqmüəyyənedici sənədlər mövcud olmalıdır: -torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, -müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə, -müvafiq icra hakimiyyəti orqanının tikilinin inşa edilməsinə icazə barədə qərarı, -istismara qəbul aktı. İşin yuxarıda sadalanan sübutlarının tədqiqi nəticəsində müəyyən olunmuşdur ki, İddiaçı məxsus mübahisəli yaşayış obyektinə dair istismara hazırlıq aktı 02 dekabr 2019cu il tarixdə qəbul edilmiş, obyektin istismarına Sumqayıt şəhər İcra Hakimiyyəti tərəfindən 22 noyabr 2021-ci il tarixdə icazə verilmişdir. Həmin tikintiyə (avtomobil yuma obyekti) tikintilərin reyestri tərəfindən 309000002-2-2501-003807/0821 nömrəli kod verilmişdir. Müvafiq sənədlərdə tikinti obyektinin tikintiyə dair sənədlərin tələblərinə və tikinti layihəsinə uyğun inşa edildiyi və təyinatı üzrə istifadə edildiyi qeyd olunmuşdur. Tikinti layihəsi Sumqayıt şəhər Memarlıq və Şəhərsalma İdarəsi tərəfindən, tikilinin yerləşdiyi torpaq sahəsinin plan və ölçü sənədi isə ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Sumqayıt şəhər şöbəsi tərəfindən təsdiq edilmişdir. Habelə məhkəmə sorğusu nəticəsində əldə edilmiş daşınmaz əmlakın texniki vəziyyətini əks etdirən müayinə (baxış) aktında müayinə zamanı hər hansı mübahisəli hala rast gəlinmədiyi qeyd edilmişdir. İddiaçının hazırki iddia tələbi öhdəliyin icrası haqqındadır və İnzibati Prosessual Məcəllənin 14.2-ci maddəsinə əssasən müdaxilədən müdafiəyə dair iddialar üzrə müdaxiləni zəruri edən faktiki şərtlərinin mövcudluğunu sübut etmək yükü cavabdehin üzərinə düşür. Göründüyü kimi, cavabdeh irəli sürdüyü halla bağlı hər hansı bir dəlili məhkəməyə təqdim etməmişdir. Ona görə də məhkəmə cavabdehin ilkin etirazını əsassız hesab edir. Beləliklə, iş materiallarında iddiaçının mülkiyyət hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə və istismara qəbul aktı müəyyən edilmişdir. Kollegiya Sumqayıt şəhər İcra Hakimiyyəti tərəfindən sözügedən obyektin tikintisinə verilmiş icazə məktubunu inzibati akt kimi qiymətləndirir. Bu, aşağıdakı səbəblərdən irəli gəlir: Birincisi, mövcud qanunverciliyin təhlili onu deməyə əsas verir ki, inzibati hüquqi akt inzibati münasibətləri tənzimləyən və ya konkret inzibati məsələni (mübahisəni) həll edən, hüquq subyektlərinin yeni hüquqi statusunu müəyyənləşdirən, səlahiyyətli orqan və ya vəzifəli şəxslər tərəfindən inzibati qaydada qəbul edilən (idarəetmə prosesi çərçivələrində), idarəçilik funksiyalarının həyata keçirilməsi və onun məqsədlərinə nail olmaq üçün qəbul edilən aktdır. İnzibati hüquqi akt bir tərəfdən qeyri-müəyyən hüquq münasibətlərini tənzimləyir, yəni fiziki və hüquqi şəxslərin qeyri-məhdud dairəsi üçün məcburi davranış qaydalarını müəyyən edir, digər tərəfdən isə fərdi hüquqi tənzimləməni həyata keçirir, yəni publik hüquq müstəvisində yaranan konkret məsələləri və mübahisələri həll edir. İnzibati aktın yaratdığı idarəetmə hüquq münasibətlərinin tərkibi iki əsas elementdən ibarətdir. Hüquq münasibətinin subyekti kimi aktı qəbul edən orqan, obyekti kimi isə barəsində akt qəbul edilən şəxs çıxış edir. Beləliklə, inzibati akt səlahiyyətli inzibati orqan tərəfindən birtərəfli qaydada qəbul edilən, ümumi (publik) hüquq sahəsində ictimai maraqlara xidmət edən və icrası vacib olan iradə ifadəsidir. Məhkəmə kollegiyasının hüquqi mövqeyi ondan ibarətdir ki, Sumqayıt şəhər İcra Hakimiyyəti tərəfindən sözügedən obyektin tikintisinə verilmiş icazə məktubu forma baxımından inzibati akt hesab edilməsə də, məzmun (mahiyyət) etibari ilə inzibati aktdır. İkincisi, Sumqayıt şəhər İcra Hakimiyyəti tərəfindən sözügedən obyektin tikintisinə verilmiş icazə məktubu ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salır. Digər tərəfdən, qeyd olunmalıdır ki, oxşar mövqe Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2013-cü tarixli qərarında da öz əksini tapmışdır. Həmin qərarda X22 üzrə Dövlət Komitəsinin “Yehovanın şahidləri” dini icmasına dini nəşrin idxalının sayına və istifadəsinə məhdudiyyət qoyulması ilə bağlı ünvanladığı məktublar inzibati akt hesab edilmişdir və belə nəticəyə gəlinmişdir ki, hər hansı bir sənəd inzibati akt kimi qiymətləndirilərkən onun forması ilə yanaşı inzibati aktın məzmunu da nəzərə alınmalıdır. Yəni həmin qərarda “məktublar” forma baxımından inzibati akta xarakterik olmasa da, məzmun etibarı ilə inzibati akt hesab edilmişdir. Bundan başqa, məhkəmə tərkibi hesab edir ki, inzibati aktın qəbul edilməsi zamanı formal (prosessual) pozuntulara yol verilməsi hallarında məsələ inzibati icraatın qanunçuluq və etimadın qorunması prinsipləri baxımından qiymətləndirilməlidir. Başqa sözlə, prosessual pozuntularla müşayiət edilən icraat nəticəsində qəbul edilmiş yekun qərar qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır (“İnzibati icraat haqqında” Qanunun 64.2-ci maddəsi). Qanunvericinin belə yanaşmasının əsasını inzibati hüququn təməl prinsiplərindən olan etimadın qorunması prinsipi təşkil edir. Bu prinsipin mahiyyətinə görə, maraqlı şəxs inzibati akta etibar etmək, inzibati orqanın davranışını, qəbul etdiyi aktı qanunauyğun və düzgün hesab etmək, məzmununa uyğun davranmaq və ona etimad göstərmək haqqına malikdir. Etimadın qorunması doktrinası o zaman tətbiq edilir ki, inzibati orqanın səlahiyyətləri çərçivəsində hərəkətləri, xüsusilə də qəbul etdikləri inzibati aktlar, vətəndaşda publik maraqlara zidd olmayan əlverişli qanuni gözləntilərin yaranması ilə nəticələnsin. Kollegiya cavabdehin 2-ci dəlili ilə bağlı məhkəmə qeyd etməyi zəruri hesab edir ki, sorğu nəticəsində **********27-06301 reyestr nömrəli qeyri-yaşayış binasına dair hüquqmüəyyənedici sənədlər məhkəməyə təqdim edilmişdir. Həmin materiallardan görünür ki, ilk növbədə Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-1035/2014 saylı, xx.xx.2014-cü il tarixli qətnaməsinə əsasən **********27-06301 reyestr nömrəli qeyriyaşayış obyekti X10 mülkiyyətinə verilmişdir. Həmin obeykt xx.xx.2014-cü il tarixli, AN seriyalı ******* nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən X3 və sonuncunun adına daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verilmişdir. Daha sonra sözügedən obyekt onun tərəfindən X1 və onun tərəfindən xx.xx.2023-cü il tarixdə X7 adına özgəninkiləşdirilmişdir. X13 məhkəmə icraatına üçüncü şəxs qismində cəlb edilmiş və qeyri-yaşayış binasının onun hüquqlarını pozmadığını bildirmişdir. Sumqayıt şəhəri, 76cı məhəllə ərazisində yerləşən qeyri-yaşayış binalarının hər biri yan-yana olmaqla eyni ölçülərə malikdir. Həmin qeyri-yaşayış binaları arasında daş hasar mövcuddur. Müayinə (baxış) aktından da göründüyü kimi mübahisəli vəziyyət mövcud deyildir. Yəni, hazırkı halda üçüncü şəxslərin hüquqları hər hansı bir formada məhdudlaşdırılmadığından cavabdeh orqanın bu yanaşması da əsassızdır. “Mülkiyyət” anlayışı “mövcud mülkiyyətlə” məhdudlaşmır və tələblər də daxil olmaqla, ərizəçinin ən azından mülkiyyət hüququndan səmərəli şəkildə istifadənin əldə olunmasına ağlabatan və “qanuni gözləntisi” olan əmlakı da əhatə edə bilər. “Gözlənti” mübahisə obyekti olan mülki maraqla bağlı hüquqi müddəaya və ya hüquqi akta əsaslandığı halda “qanunidir” (Saghinadze və başqaları Gürcüstana qarşı 27.5.2010 tarixli qərar [İİ Bölmə] ərizə № 18768/05). Cavabdehin sonuncu imtinası torpaq sahəsinə dair bağlanmış xx.xx.2011-ci il tarixli, 241 nömrəli torpaq icarəsi müqaviləsinin müddətinin bitməsi ilə əlaqədar olmuşdur ki, bununla bağlı məhkəmə kollegiyası qeyd edir ki, məhkəməyə təqdim edilmiş sonuncu torpaq icarə müqaviləsinə (xx.xx.2023-cü il, 27 tarixli) əsasən Sumqayıt bələdiyyəsi tərəfindən iddiaçıya Sumqayıt şəhəri, 7-ci məhəllə, Çerkassi küçəsində yerləşən ümumi sahəsi 24 kv.metr olan torpaq sahəsi icarəyə verilmişdir. İcarə müqaviləsi xx.xx.2023-cü il tarixədək qüvvədədir. Məhkəmə kollegiyasının iclasında cavabdehin nümayəndəsi bildirmişdir ki, mübahisəli torpaq sahəsinin plan ölçüsündə qeyd edilən koordinatlarla faktiki koordinatlar arasında 1.5 kv metr (30 sm) sürüşmə fərqi var idi və icarə müqaviləsinin vaxtı bitmişdi. Sonradan vətəndaş koordinatları düzəltmiş və icarə müqaviləsini yeniləmişdir, yəni mübahisə həll olunmuşdur. xx.xx.2023-cü il tarixli müayinə aktı sonuncudur və orada mübahisə halına rast gəlinmədiyi qeyd olunmuşdur. Ondan öncəki müayinələr zamanı üstüstə düşmə halları aşkar olunub, hal-hazırda həll olunmuş, şikayətin verilməsinə əsas olmuş hallar artıq həll olunmuşdur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun "xxxx" Açıq Səhmdar Cəmiyyətinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati- İqtisadi Kollegiyasının 9 fevral 2016-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 04 oktyabr 2016-cı il tarixli qərarında göstərilmişdir ki, “hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilməsi üçün müəyyən edilmiş hallar “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 15.1-ci maddəsində sadalanmışdır və həmin hallar aşağıdakılardan ibarətdir: 15.1.1-dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2-hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3-hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6-bu Qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Göründüyü kimi, qanunvericilikdə hüquqların dövlət qeydiyyatına alınmasından imtinanın əsasları dəqiq göstərilmiş, lakin cavabdeh orqan tərəfindən iş üzrə araşdırmaların aparılması zamanı həmin halların heç biri müəyyən edilməmişdir.” Azərbaycan Respublikasının qanunvericiliyində təsbit edilmiş mülkiyyət hüququnun təminatı mexanizmi məhz daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat əsasında həyata keçirilir. Daşınmaz əmlaka aid olan məlumatların vahid dövlət reyestrində qeydiyyatı həm dövlət, həm də mülkiyyətçilərin mənafelərinin qorunması baxımından vacibdir. Daşınmaz əmlakın dövlət qeydiyyatı nəticəsində şəxsin qanuni əsaslarla əldə etdiyi müvafiq daşınmaz əmlaka mülkiyyət hüququnun tanınması bu hüququn pozulmasının qarşısını alır. Daşınmaz əmlakın dövlət qeydiyyatı əmlaka dair mülkiyyət hüququnu təsdiqləyən sənədlərin həqiqiliyinə və əsaslılığına təminat kimi qiymətləndirilir. Dövlət orqanlarının bu istiqamətdəki fəaliyyətinin əsas məqsədlərindən biri isə hər kəsin hüquq və qanuni mənafelərinin qorunmasıdır. Bu baxımdan qeyd olunan sahədə dövlət orqanlarına həvalə edilmiş səlahiyyətlərin həyata keçirilməsi nəticəsində hər bir fiziki və ya hüquqi şəxsin hüquqlarının, o cümlədən mülkiyyət hüquqlarının tam həcmdə reallaşdırılmasının əsassız olaraq məhdudlaşdırılmasının yolverilməzliyi də xüsusi əhəmiyyət kəsb edir (“Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 28 mart 2017ci il tarixli qərarı). Məhkəmə kollegiyası qeyd olunanları, o cümlədən hazırkı mübahisə üzrə “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsi ilə müəyyən edilmiş daşınmaz əmlaka dair hüquqların dövlət qeydiyyatına alınmasından imtinanın əsaslarının mövcud olmamasını nəzərə alaraq, hesab edir ki, iddiaçı hazırki iddia tələbi ilə məhkəməyə müraciət etməkdə haqlı olmuş, birinci instansiya məhkəməsi iddia tələbini təmin etməklə iş üzrə düzgün nəticəyə gəlmişdir. Bu baxımdan, apelyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. NƏTİCƏVİ HİSSƏ Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt İnzibati Məhkəməsinin 06 iyun 2023-cü il tarixli, 2-1(118)-737/2023 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apelyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti 70) vasitəsilə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar