Məhkəmə qərarları › İş №2-1(105)-670/2024

Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(105)-670/2024

26.07.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(105)-670/2024 26.07.2024 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Babayeva Hökümə Çingiz qızı (sədrlik edən və məruzəçi), Quliyev İsmayıl Rza oğlu və X1 ibarət tərkibdə, X12 qızının katibliyi, İddiaçının nümayəndəsi (vəkili) Vəkil, Cavabdehin nümayəndəsi X6 iştirakı ilə, İddiaçı X9in cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya X2rşı “hərbi xidmətlə əlaqədar əlilliyin təyin edilməsi” tələbinə dair inzibati mübahisə üzrə Sumqayıt İnzibati Məhkəməsinin 05 aprel 2024-cü il tarixli, 2-1(118)-1120/2024 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ Müdafiə Nazirliyi Mərkəzi Hərbi Poliklinikası tərəfindən X9 barəsində tərtib edilmiş 03 fevral 2023-cü il tarixli, 865 nömrəli “Xəstəlik haqqında Şəhadətnamə” yə əsasən onun xx.xx.2020-ci il tarixdə aldığı “Mülayim dərəcədə ifadə olunmuş uzunmüddətli posttravmatik stress pozuntusu, Fəlakətdən sonrakı mülayim dərəcədə ifadə olunmuş şəxsiyyət dəyişikliyi, intihar fikirləri ilə” diaqnozlu xəstəliyin səbəb əlaqəsi “Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır”, “Dəqiqləşdirilməmiş ensefalopatiya, qıcolma sindromu, tez-tez təkrarlanan tutmalar ilə, sol budun, sağ baldır nahiyələrinin bərkimiş dəri çapıqları, ikinci dərəcəli alimentar konstitusional piylənmə BÇİ-32.5” diaqnozlu xəstəliyinin səbəb əlaqəsi isə “Ümumi xəstəlikdir” kimi müəyyənləşdirilmişdir. R.S.Canalıyev barəsində Abşeron Rayon Mərkəzi Xəstəxanası tərəfindən xx.xx.2022-ci il tarixli, 0215003AAEWE nömrəli göndəriş tərtib edilmişdir. Həmin göndəriş əsasında onun əlilliyi TSEK-də xx.xx.2022-ci il tarixdə qiymətləndirilmiş və ona “Əlavə müalicəyə ehtiyacın olması – Səbəb: əlavə ixtisaslaşmış müalicə tövsiyə olunur” səbəbi ilə əlilliyin təyin edilməsindən imtina edilmişdir. Daha sonra R.S.Canalıyev xx.xx.2022-xx.xx.2022-ci il, xx.xx.2022-xx.xx.2022-ci il, xx.xx.2022-xx.xx.2022-ci il, xx.xx.2022-xx.xx.2022-ci il, xx.xx.2022-xx.xx.2022-ci il, xx.xx.2022-xx.xx.2022-ci il, xx.xx.2022-xx.xx.2022-ci il, xx.xx.2022-xx.xx.2022-ci il, xx.xx.2022-xx.xx.2022-ci il, xx.xx.2022-xx.xx.2022-ci il, xx.xx.2022-xx.xx.2022-ci il, tarixlərdə F43.1 kodlu xəstəliklə ambulator müalicədə olmuşdur. Bundan sonra R.S.Canalıyev barəsində Sumqayıt Psixiatriya Xəstəxanası tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli, 0525003AABHU nömrəli göndəriş əsasında onun əlilliyi xx.xx.2022-ci il tarixdə qiymətləndirilərək ona “Diaqnozun əlillik əlaməti təyin etməməsi – Səbəb: Diaqnoz əlillik əlaməti təyin etmir” səbəbi ilə əlilliyin təyin edilməsindən imtina edilmişdir. Həmin tibb müəssisəsi tərəfindən R.S.Canalıyev barəsində növbəti dəfə xx.xx.2023cü il tarixli, S00093921LUU nömrəli göndəriş tərtib edilmişdir. Həmin göndərişə əsasən, R.S.Canalıyev son 1 il ərzində - 2022-ci ilin may, sentyabr, oktyabr, noyabr və dekabr ayları, 2023-cü ilin yanvar, fevral, mart, aprel ayları F43.1, F62.0, S06.3, G44.3, R45.8, T90.5, G40.5, F32, G93.4, L90.5 və G93.4 kodlu xəstəliklərlə ambulator və satsionar müalicələrdə olmuşdur. TSEK-ə göndəriş zamanı əsas diaqnozu: XBT 10 G40.5 “Xüsusi epilektik sindromlar, Dəqiqləşdirilməmiş ensefalopatiya, qıcolma sindromu, tez-tez təkrarlanan tutmalarla (ayda 8-9)”, ağırlaşmalar: F62.0 “Fəlakət keçirdikdən sonra şəxsiyyətin davamlı dəyişikliyi, Fəlakətdən sonrakı şəxsiyyət dəyişikliyi, intihar fikirləri ilə”, F43.1 "Posttravmatik stress pozuntusu” qeyd edilmişdir. Həmin göndəriş cavabdeh tərəfindən xx.xx.2023-cü il tarixdə qiymətləndirilmiş, “Diaqnozun əlillik əlaməti təyin etməməsi – Səbəb: Diaqnoz əlillik əlaməti təyin etmir” səbəbi ilə R.S.Canalıyevə əlilliyin təyin edilməsindən imtina edilmişdir. Sözügedən imtina qərarından R.S.Canalıyev tərəfindən verilmiş şikayətlə əlaqədar 26 may 2023-cü il tarixdə onun əyani müayinəsi həyata keçirilmiş və bu barədə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və X3 Sosial Ekspert Komissiyası tərəfindən 08 iyun 2023cü il tarixli, 3-17- 4/3-3-3655/2023 nömrəli qərar qəbul edilmişdir. Qərarın 24-cü bəndində qeyd edilmişdir ki, R.S.Canalıyevin psixi vəziyyəti mütəxəssislər tərəfindən “Fəlakətdən sonra isterik tip şəxsiyyət dəyişikliyi, funksional tutmalarla” kimi müəyyənləşdirilmiş, əlillik təyinatına əsas verən tez-tez baş verən dekompensasiya halları, kobud davranış pozuntuları qeyd olunmamış, bələdliyin və tənqidin bütün növləri saxlanılmışdır. Nəticədə, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli, 187 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması mevarları” na uyğun olaraq “Diaqnoz əlillik əlaməti təyin etməməsi barədə” qərar qəbul edilmişdir. Bundan sonra iddiaçı X9 cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya X2rşı iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək, hərbi xidmətlə əlaqədar əlilliyin təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını məhkəmədən xahiş etmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) Birinci instansiya məhkəməsində icraat İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı xx.xx.2020-ci il tarixdə ehtiyatda olan əsgər kimi hərbi xidmətə çağırılmış, xx.xx.2020-ci il tarixdə hərbi xidmətdən ehtiyata buraxılmışdır. xx.xx.2020-ci il tarixdə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlər zamanı qəlpə yarası kimi xəsarət almış, Psixi Sağlamlıq Mərkəzində bir neçə dəfə müayinə olunmuş və ona “Fəlakətdən sonrakı şəxsiyyət dəyişikliyi, intihar fikirləri ilə F62.0” diaqnozu qoyulmuşdur. xx.xx.2022-c il tarixdə X11 göndərilmiş və xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək "Posttravmatik xroniki baş ağrısı, Posttravmatik ensefalopatiya, Qıcolma sindromu, tez-tez təkrarlanan tutmalarla (ayda 8- 9), Fəlakətdən sonrakı şəxsiyyət dəyişikliyi, depressiv epizod anamnezində intihar fikirləri ilə” diaqnozu ilə müalicə olunmuşdur. O, xəstəliyi ilə əlaqədar əlillik vəziyyətinizin qiymətləndirilməsi üçün cavabdeh Agentliyə müraciət etmişdir. Cavabdeh tərəfindən “diaqnoz əlillik əlaməti təyin etmir” səbəbi ilə ona imtina cavabı vermişdir. Hesab edir ki, cavabdehin imtinası əsassızdır. Belə ki, “Əlilliyin müəyyən olunması mevarları” nın 7.7.1-ci bəndində ona qoyulmuş diaqnoz öz əksini tapmışdır. Cavabdeh iddia tələbinə etiraz edərək qeyd etmişdir ki, iddiaçının əlillik vəziyyətinə Abşeron rayon Mərkəzi Xəstəxanasının xx.xx.2022-ci il tarixli göndərişi əsasında baxılmış və “Ağır stresə və adaptasiya pozğunluğuna qarşı reaksiya, mülayim dərəcədə ifadə olunmuş uzunmüddətli postravmatik stres pozuntusu [Durğunluq] ürək çatmamazlığı olmadan, əsasən ürəyin zədələnməsi ilə hipertenziv [hipertoniya] xəstəliyi, arterial hipertenziya İ dərc, ə.r İV Xroniki xolesisti” diaqnozu əsasında ona “Əlavə müalicəyə ehtiyacın olması" səbəbi ilə imtina verilmişdir. Daha sonra Sumqayıt Psixiatriya Xəstəxanasının xx.xx.2022-ci il tarixli göndərişi əsasında baxılmış və ”Posttravmatİk stress pozğunluğu, Uzun müddətli postravmatik stress pozuntusu. Fəlakət (müharibə) nəticəsində əmələ gələn şəxsiyyət pozuntusu Asteno-nevrotik vəziyyət. Vegetativ sinir sisteminin somatoform disfunksiyası. Sol baldurun aşağı 1/3 nin qəlpə yaralanmasından sonra çapıq [Durğunluq] ürək çatmamazlığı olmadan, əsasən ürəyin zədələnməsi ilə hipertenziv [hipertoniya] xəstəlik [-yi] Xroniki xolesistit Miopiya, Zəif dərəcəli miopiya” diaqnozu ilə “Diaqnoz əlillik əlaməti təyin etməməsi” səbəbi ilə imtina verilmişdir. Növbəti dəfə həmin tibb müəssisəsinin xx.xx.2023-cü il tarixli göndərişi əsasında baxılmış və “Dəqiqləşdirilməmiş ensefalopatiya, qıcolma sindromu, tez-tez təkrarlanan tutmalar ilə (ayda 8-9 dəfə). Fəlakətdən sonrakı şəxsiyyət dəyişikliyi, intihar fikirləri ilə. Posttravmatik stress pozuntusu” diaqnozu ilə “Diaqnoz əlillik əlaməti təyin etməməsi” səbəbi ilə imtina verilmişdir. Bundan əlavə, iddiaçı əyani müayinədə olmuş və Agentliyik tərəfindən 08 iyun 2023-cü il tarixli, 3-17- 4/3-3-3655/2023 nömrəli diaqnozun əlillik əlaməti təyin etməməsi barədə qərar qəbul edilmişdir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: Sumqayıt İnzibati Məhkəməsinin 05 aprel 2024-cü il tarixli, 2-1(118)-1120/2024 nömrəli qərarı ilə iddia təmin edilmiş, iddiaçıya hərbi xidmətlə əlaqədar əlilliyin təyin edilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmuşdur (hakim Vəfa Əzizova). Məhkəmə qərarını onunla əsaslandırmışdır ki, iş üzrə təyin edilmiş məhkəmə-tibb ekspertizası ilə iddiaçının “Dəqiqləşdirilməmiş ensefalopatiya, qıcolma sindromu, tez-tez təkrarlanan tutmalar ilə (ayda 8-9 dəfə) mülayim dərəcədə ifadə olunmuş uzunmüddətli posttravmatik stress pozuntusu, Fəlakətdən sonrakı şəxsiyyət dəyişikliyi, intihar fikirləri ilə, Posttravmatik stress pozuntusu” xəstəliyindən əziyyət çəkdiyi təsdiq edilmiş, lakin həmin xəstəliyin (diaqnozun) əlillik əlamətlərini təyin etməməsi qeyd edilmişdir. NK-nın 2022-ci il 13 may tarixli, 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarlarına” Əlavədə “Psixi və davranış pozuntuları” (7) adlanan Bölməsində üzvi mənşəli şəxsiyyət pozuntusu (F07.0), fəlakət keçirdikdən sonra şəxsiyyətin davamlı dəyişikliyi (F62.0) xəstəlikləri nəzərdə tutulmuşdur. Məhkəmə hesab edir ki, cavabdehin iddaçıya əlilliyin təyin edilməsindən imtina cavabı əsaslandırılmamışdır və iş materialları ilə təkzib edilir. Qərardan narazı qalan cavabdeh apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi və iddianın təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a) Apellyasiya şikayətinin dəlilləri Cavabdeh apellyasiya şikayətini iddia ərizəsinə etirazla eyni məzmunda əsaslandırmış və əlavə olaraq qeyd etmişdir ki, birinci instansiya məhkəməsi tərəfindən icraat zamanı yalnız məhkəmə-tibbi ekspertizası təyin edilmiş, müvafiq ekspert rəyində iddiaçıda aşkar edilmiş patofunksional dəyişikliklərin əlillik dərəcəsinin təyini zamanı ona NK-nın 2022-ci il 13 may tarixli, 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarlarına” dair Əsasnamənin maddələrini aid etməyə əsas vermədiyi bildirilsə də, məhkəmə hər hansı əsaslandırma aparmadan iddianın təmin edilməsi barədə qərar qəbul etmişdir. Bundan əlavə, məhkəmə işin hərtərəfli araşdırılmasının təmini məqsədilə iddiaçının əyani müayinə edilməsi üçün aralıq qərardad qəbul etməmişdir. Göndərişdə qeyd olunan diaqnoz əlillik təyinatına əsas vermədiyi halda, məhkəmə xüsusi tibbi bilik tələb edən sahədə qərar çıxararaq inzibati orqanın diskresion səlahiyyətinə əsassız müdaxilə etmişdir. Hesab edir ki, məhkəmənin qərarı qanunsuz və əsassızdır. b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri: İddiaçı apellyasiya şikayətinə qarşı yazılı etiraz edərək etirazı iddia ərizəsi ilə eyni məzmunda əsaslandırmış və əlavə olaraq qeyd etmişdir ki, birinci instansiya məhkəməsində icraat zamanı alınmış ekspert rəyi isə iş üzrə maraqlı tərəf - cavabdehin nümayəndəsinin iştirakı ilə tərtib edilmişdir. Hesab edir ki, apellyasiya şikayəti əsassız olduğundan təmin ediməməlidir. c) Məhkəmə icraatı iştirakçılarının izahatları: Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətini müdafiə edərək şikayətin təmin edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi (vəkili) apellyasiya şikayətinin dəlillərini qəbul etməyərək iddia ərizəsi və şikayətə etirazla eyni məzmunda izahat verərək şikayətin təmin edilməməsini xahiş etmişdir. Eyni zamanda, iddiaçının nümayəndəsi (vəkili) məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, iddiaçıya “Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar” əlilliyin təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ: “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 3. Əlilliyin müəyyən edilməsi 3.1. Şəxsin orqanizminin funksiyalarının pozulması faizi, səbəbi və müddəti müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən onun əlilliyinin qiymətləndirilməsi keçirildikdən sonra qəbul edilmiş qərar əsasında müəyyən edilir. Şəxsin əlilliyinin qiymətləndirilməsi, o cümlədən əlilliyin təkrar qiymətləndirilməsi onun tibbi-sosial ekspertiza müayinəsinə göndərişi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) mərkəzləşdirilmiş elektron informasiya sisteminə daxil olduğu tarixdən 10 (on) iş günü müddətində, əlavə araşdırma tələb edildiyi halda isə 15 (on beş) iş günü müddətinə uzadılmaqla keçirilir. Əlilliyinin qiymətləndirilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) müəyyən edir. 3.2. Əlilliyin qiymətləndirilməsi məqsədi ilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. 3.3. Şəxs müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən bu barədə qərarın qəbul edildiyi tarixdən əlilliyi olan şəxs hesab edilir. (-) 3.4. Əlilliyin müəyyən olunması meyarlarını müvafiq icra hakimiyyəti orqanı təsdiq edir. Maddə 4. Əlilliyi olan şəxslərin hüquqi vəziyyətinin əsasları 4.1. Əlilliyi olan şəxslər Azərbaycan Respublikasının Konstitusiyasında və digər normativ hüquqi aktlarda, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə təsbit olunmuş bütün insan və vətəndaş hüquq və azadlıqlarına malikdirlər. 4.2. Əlilliyi olan şəxslərə qarşı ayrı-seçkilik qadağandır və qanunla təqib edilir. Əlilliyi olan şəxslərin faktiki bərabərliyinin sürətləndirilməsi və ya buna nail olunması üçün zəruri olan konkret tədbirlər ayrı-seçkilik hesab edilmir. 4.3. Əlilliyi olan şəxs özü və ya nümayəndə vasitəsi ilə hüquqlarını və qanunla qorunan maraqlarını müdafiə etmək məqsədi ilə inzibati aktdan, inzibati aktın qəbul edilməsindən imtinadan, inzibati orqanın hərəkət və ya hərəkətsizliyindən “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq şikayət edə bilər. Maddə 6. Əlilliyi olan şəxslərlə bağlı dövlət təminatları (-) 6.4. Əlilliyi olan şəxslərin hüquq və qanuni mənafelərini inzibati qaydada və məhkəmə qaydasında müdafiə etmək hüququ vardır. “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun qiymətləndirilməsi sisteminin təkmilləşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 14 sentyabr 2015-ci il tarixli, 595 nömrəli Fərmanı: (-)

6. Azərbaycan Respublikasının Nazirlər Kabineti: 6.1. birinci dərəcə əlilliyin və tibbi göstəriş olan xüsusi hallarda ikinci və üçüncü dərəcə əlilliyin müddətsiz təyin edilməsini, ikinci və üçüncü dərəcə əlilliyin təyinat müddətinin 5 ildən az olmayaraq artırılmasını və təkrar müayinə sayının azaldılmasını nəzərdə tutmaqla, əlilliyin müəyyən olunması meyarlarında iki ay müddətində dəyişikliklər etsin; (-)

“Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”nin təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 dekabr 2015-ci il tarixli, 413 nömrəli qərarı: Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun qiymətləndirilməsi sisteminin təkmilləşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 14 sentyabr tarixli 595 nömrəli Fərmanının 6.1-ci bəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

1. “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə” təsdiq edilsin (əlavə olunur). (-)

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 30 dekabr tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair” Əsasnamə

Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli, 187 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”: 1.5. Şəxsin əlilliyi aşağıdakı səbəblərdən birinə əsasən müəyyən edilir: (-) 1.5. Şəxsin əlilliyi aşağıdakı səbəblərdən birinə əsasən müəyyən edilir: 1.5.1. ümumi səbəblərdən: 1.5.1.1. ümumi xəstəlik; 1.5.1.2. istehsalat zədəsi; 1.5.1.3. peşə xəstəliyi; 1.5.1.4. Çernobıl AES-də qəzanın ləğvi ilə əlaqədar; 1.5.1.5. hərbi xidmət dövrü ilə əlaqədar; 1.5.1.6. hərbi əməliyyatlar keçirilən zonada olmaqla əlaqədar; 1.5.1.7. terror hadisəsi ilə əlaqədar; 1.5.2. xüsusi səbəblərdən: 1.5.2.1. Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar; 1.5.2.2. 1990-cı ilin 20 Yanvar hadisələri ilə əlaqədar; 1.5.2.3. hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirməklə əlaqədar; 1.5.2.4. Çernobıl AES-də hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirməklə əlaqədar. (-) 1.8. Əlillik Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nda nəzərdə tutulan insanın həyat fəaliyyətinin əsas kateqoriyaları və onların məhdudlaşma dərəcələri və “Əlilliyin müəyyən olunması meyarları” na Əlavə - “Orqanizmin funksiyalarının pozulmasının faiz göstəricisi və müddəti” nə əsasən müəyyən olunur. (-)

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli, 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi qaydası” 1.1-ci bənd. Bu Qayda “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.1-ci maddəsinə əsasən hazırlanmışdır və əlilliyin qiymətləndirilməsi ilə bağlı məsələləri tənzimləyir. 1.2-ci bənd. Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbisosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (bundan sonra – Nazirlik) yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin (bundan sonra – Xidmət) tibbi-sosial ekspert komissiyaları (bundan sonra – TSEK) tərəfindən həyata keçirilir. 2.1-ci bənd. Şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli, 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra – Komissiya) tərəfindən “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri” nə elektron sənəd formasında daxil edilmiş Tibbisosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra – göndəriş) əsasında aparılır.

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli, 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi” Qaydası: 1.3-cü bənd. Əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin siyahısı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin və Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin rəsmi internet saytında yerləşdirilir. 1.5-ci bənd. Göndəriş verilməsi üçün əsas şərtlər aşağıdakılardır: 1.5.1. şəxsin eyni xəstəliklə son 6 (altı) ay müddətində fasiləsiz və ya son 12 (on iki) ay müddətində fasilələrlə ümumilikdə 6 (altı) aydan çox ambulator və ya stasionar müalicədə olmasına baxmayaraq, orqanizmin pozulmuş funksiyalarının bərpa olunmaması və şəxsin cəmiyyətin həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntularının olması; (-) 2.1-ci bənd. Göndəriş verilməsi üçün şəxs (onun qanuni nümayəndəsi) və ya müalicə həkimi-həkim-məsləhət komissiyasına müraciət edir. 2.2-ci bənd. Komissiya göndəriş üçün müraciətdən 7 (yeddi) iş günündən gec olmayaraq şəxsin tibbi müayinələrini, o cümlədən, xəstəlik tarixlərindən çıxarışları toplayır və müalicənin nəticələrini araşdırır. Diaqnozun dəqiqləşdirilməsi məqsədilə şəxs ixtisaslaşdırılmış tibb müəssisəsinə göndərildikdə, bu müddət əlavə olaraq 10 (on) iş gününədək artırılır. 2.6-cı bənd. Tərtib edilmiş göndəriş dərhal Komissiyanın sədri və üzvləri tərəfindən gücləndirilmiş elektron imza ilə üzərində xüsusi təkrarlanmayan nömrəsi olan elektron sənəd formasında “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri” nə daxil edilir və şəxsə bu barədə yazılı və ya elektron qaydada məlumat verilir.

Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 12. İşin hallarının araşdırılması prinsipi.

1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur.

2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Maddə 87.8 Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 89. Apellyasiya instansiyası məhkəməsinin qərarının qanuni qüvvəyə minməsi Bu Məcəllənin 94.1-ci maddəsində nəzərdə tutulmuş müddətdə şikayətin verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda, məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadı isə 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Şikayətin geri götürülməsi haqqında bəyanat yazılı şəkildə məhkəməyə təqdim olunmalıdır. Maddə 90.1. Apellyasiya instansiyası məhkəməsinin qərar və ya qərardadlarından, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla Ali Məhkəmənin İnzibati kollegiyasına (bundan sonra – Ali Məhkəməyə) şikayət verilə bilər.

APELLYASİYANİN MÜMKÜNLÜYÜ, APELLYASİYA BAXİŞİNİN HƏDLƏRİ Apellyasiya şikayəti vaxtında, yəni məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində (İPM-in 85.1-ci maddəsi) verilmişdir. Şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir (İPM-in 85.2 və 85.3-cü maddələri). Şikayət qanunla müəyyən edilmiş formal tələblərə və prosessual müddətə əməl olunmaqla verildiyindən onun mümkün sayılmaması üçün əsaslar yoxdur. Ona görə də şikayət qəbul oluna bilən hesab edilir. Birinci instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır.

APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ Məhkəmə kollegiyası tərəfləri dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə nəzərə alınmaqla, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilməlidir. Yaranmış mübahisə ilə bağlı kollegiya aşağıdakıları qeyd edir: Cavabdeh iddiaçıya əlilliyin təyin edilməsindən imtina cavabında və apellyasiya şikayətinin dəlillərində diaqnozun əlillik əlaməti təyin etmədiyini qeyd etsə də, tibb müəssisəsi tərəfindən iddiaçı barəsində tərtib edilmiş göndərişdə (Forma 88) qeyd olunan diaqnoz iş üzrə alınmış ekspert rəyi ilə də təsdiq edilmiş və həmin diaqnozun əlillik təyinatına əsas verdiyi müəyyən edilmişdir. Belə ki, Sumqayıt Psixiatriya Xəstəxanası tərəfindən iddiaçı barəsində tərtib edilmiş S00093921LUU nömrəli göndərişə əsasən onda əsas diaqnoz XBT10 G40.5 “Xüsusi epilektik sindromlar, Dəqiqləşdirilməmiş ensefalopatiya, qıcolma sindromu, tez-tez təkrarlanan tutmalarla (ayda 8-9)”, ağırlaşmalar: F62.0 “Fəlakət keçirdikdən sonra şəxsiyyətin davamlı dəyişikliyi, Fəlakətdən sonrakı şəxsiyyət dəyişikliyi, intihar fikirləri ilə””, F43.1 "Posttravmatik stress pozuntusu” xəstəlikləri mövcuddur. Birinci instansiya məhkəməsində icraat zamanı iddiaçının müayinə olunması və əlillik vəziyyətinin qiymətləndirilməsi üçün iş üzrə məhkəmə tibbi ekspertizası təyin edilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X7 publik hüquqi şəxsi tərəfindən verilmiş 01 yanvar 2024-cü il tarixli, T 01/2024 nömrəli ekspert rəyində qeyd edilmişdir ki, R.S.Canalıyev son qiymətləndirmə nəticələrində qeyd edilən “Dəqiqləşdirilməmiş ensefalopatiya, qıcolma sindromu, tez-tez təkrarlanan tutmalar ilə (ayda 8-9 dəfə) mülayim dərəcədə ifadə olunmuş uzunmüddətli posttravmatik stress pozuntusu. Fəlakətdən sonrakı şəxsiyyət dəyişikliyi, intihar fikirləri ilə, Posttravmatik stress pozuntusu” xəstəliklərindən əziyyət çəksə də, əyani müayinədə aşkar edilmiş patofunksional dəyişikliklər əlillik dərəcəsinin təyini zamanı ona Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2022-ci il tarixli, 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları” na dair Əsasnamənin maddələrini aid etməyə əsas verməmişdir. Həmçinin, işdən görünür ki, iddiaçı xx.xx.2022-ci il tarixdə AR Səhiyyə Nazirliyinin “Psixi Sağlamlıq Mərkəzi” publik hüquqi şəxsində müayinə olunmuş və ona F62.0 “Fəlakətdən sonrakı şəxsiyyət dəyişikliyi, intihar fikirləri ilə” diaqnozu qoyulmuşdur. “Respublika Psixiatriya Xəstəxanası” nın Həkim Psixiatr Komissiyasının 26 fevral 2024-cü il tarixli, 3840 nömrəli rəyinə əsasən iddiaçı Səhiyyə Nazirliyinin 17 fevral 2023-cü il tarixli, 3-28/3-1-118/2023 nömrəli “Vətən müharibəsi iştirakçılarının psixiatriya müayinələrinin təkili barədə” əmrinə uyğun olaraq Respublika Psixiatriya Xəstəxanasının nəzdində yaradılmış Həkim Psixiatr Komissiyası tərəfindən müayinə olunmuş və ona F07.0 “Üzvi (İİ Qarabağ müharibəsi zamanı alınmış qapalı kəllə beyin travması nəticəsində) şəxsiyyət pozuntusu, depressiv daxilolmalar, intihar fikirləri ilə) diaqnozu qoyulmuşdur. Habelə, cavabdehin özü tərəfindən iddiaçının əyani müayinəsi qaydasında qəbul edilmiş yuxarıda qeyd edilən 08 iyun 2023-cü il tarixli, 3-17-4/3-3-3655/2023 nömrəli qərardan da görünür ki, müayinə zamanı iddiaçının diaqnozu “Fəlakətdən sonra isterik tip şəxsiyyət dəyişikliyi, funksional tutmalarla” kimi müəyyənləşdirilmişdir. Beləliklə, iş üzrə təyin edilmiş məhkəmə-tibbi ekspertizanın rəyi, həmçinin, ixtisaslaşdırılmış tibb müəssisələri tərəfindən verilmiş rəylər, eləcə də cavabdeh inzibati orqanın yuxarıda qeyd edilən qərarından müəyyən edilir ki, iddiaçı S00093921LUU nömrəli göndərişdə qeyd edilən həm əsas diaqnoz, həm də onun ağırlaşmalarından əziyyət çəkir. Məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətinin birinci instansiya məhkəməsinin iddiaçının əyani müayinəsinin keçirilməsi barədə aralıq qərardad qəbul etməməsinə dair dəlillərini əsassız hesab edərək qeyd edir ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin analoji faktlara əsaslanan oxşar işlər üzrə qəbul etdiyi bir çox qərarlarında formalaşmış məhkəmə təcrübəsinə əsasən işə baxan məhkəmə tərəfindən iddiaçının əyani müayinəsinin aparılaraq əlillik vəziyyətinin qiymətləndirilməsi üçün cavabdeh inzibati orqana o halda vaxt təyin edilir ki, cavabdeh tərəfindən iddiaçının əlillik vəziyyəti qiymətləndirilərkən onun əyani müayinəsi aparılmamış, göndərişin natamam doldurulması və s. əsaslarla imtina cavabı verilmiş olsun. Hazırkı işin hallarından isə müəyyən edilir ki, iddiaçının əlillik vəziyyəti tibb müəssisələri tərəfindən onun barəsində tərtib edilmiş göndərişlər əsasında dəfələrlə xx.xx.2022-ci il, xx.xx.2022-ci il və xx.xx.2023-cü il tarixlərdə qiymətləndirilərək ona “əlavə müalicəyə ehtiyacın olması” və “diaqnozun əlillik əlaməti təyin etməməsi” əsasları ilə imtina cavabları verilmiş, habelə 26 may 2023-cü il tarixdə onun əyani müayinəsi aparılaraq cavabdeh Agentlik tərəfindən “Diaqnoz əlillik əlaməti təyin etməməsi barədə” qərar qəbul edilmişdir. Odur ki, məhkəmə icraatı zamanı iddiaçının yenidən əyani müayinəsinin aparılmasına zərurət olmamışdır. Xəstəliklərin səbəbli əlaqəsinə münasibətdə qeyd edilməlidir ki, Müdafiə Nazirliyi Mərkəzi Hərbi Poliklinikası tərəfindən iddiaçı barəsində tərtib edilmiş 03 fevral 2023-cü il tarixli, 865 nömrəli “Xəstəlik haqqında şəhadətnamə” də iddiaçının F43.1 və F62.0 kodlu xəstəlikləri “Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır” səbəb əlaqəsi ilə göstərilmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, Sumqayıt Psixiatriya Xəstəxanası tərəfindən iddiaçı barəsində tərtib edilmiş xx.xx.2023-cü il tarixli, S00093921LUU nömrəli göndərişdə (Forma 88) qeyd edilən XBT 10 G40.5 “Xüsusi epilektik sindromlar, Dəqiqləşdirilməmiş ensefalopatiya, qıcolma sindromu, tez-tez təkrarlanan tutmalarla (ayda 8-9)” və əsas diaqnozun ağırlaşmaları kimi qeyd edilən F43.1 “Posttravmatik stress pozuntusu” və F62.0 “Fəlakət keçirdikdən sonra şəxsiyyətin davamlı dəyişikliyi, Fəlakətdən sonrakı şəxsiyyət dəyişikliyi, intihar fikirləri ilə” diaqnozlu xəstəlikləri həm Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 30 dekabr tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair” Əsasnamənin 2.3, 2.3.4 və 2.3.9-cu bəndlərinə, həm də hazırda qüvvədə olan NK-nın 13 may 2022-ci il tarixli, 187 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları” nın tələbləri baxımından əlilliyin təyininə əsas verən xəstəliklərdir. Belə ki, “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair” Əsasnamənin: - 2.3-cü bəndinə əsasən üçüncü dərəcə əlillik - xəstəlik, travma və ya anadangəlmə qüsurlar nəticəsində orqanizmin həyat fəaliyyətinin (ünsiyyət, sosial uyğunlaşma, hərəkət, əmək fəaliyyəti) məhdudlaşması hallarında təyin edilir. Əmək fəaliyyətinin məhdudlaşması məfhumunda görüləcək işin həcmi ilə bərabər, ixtisasın enməsi, anatomik qüsur nəticəsində professional əməyin çətinləşməsi də nəzərdə tutulur. Üçüncü dərəcə əlillik aşağıdakı hallarda təyin edilir: - 2.3.4. epilepsiya seyrək tutmalarla (ayda iki dəfədən az olmamaqla) (G40-G40.9); - 2.3.9. uzun müddət dekompensasiya (altı aydan çox) vəziyyətində olan şəxsiyyət pozuntuları və psixopatiyalar (F60.0-F62.9, F45-F45.9, F48-F48.9). Habelə, G40 kodlu xəstəlik (epilepsiya) “Əlilliyin müəyyən olunması meyarları” nın 6-cı “Sinir sistemi xəstəlikləri” bölməsinin 6.7-ci bəndində əlilliyin təyin edilməsinə əsas verən xəstəlik kimi təsbit edilmişdir və bölmənin 6.7.1 və 6.7.3 və 6.7.4-cü bəndlərinə əsasən müvafiq olaraq orqanizmin funksiyalarının 35-60, 65-80 və 85-100 faiz pozulmasına görə əlilliyin təyin edilməsinə əsas verir. Əsas diaqnozun ağırlaşmaları olan F43.1 kodlu xəstəlik (posttravmatik stres pozuntusu) və F62.0 kodlu (fəlakət keçirdikdən sonra şəxsiyyətin davamlı dəyişikliyi) xəstəliklər də meyarların 7-ci “Psixi və davranış pozuntuları” bölməsinin 7.5.1 və 7.7.1-ci bəndlərində əlilliyin təyin edilməsinə əsas verən xəstəliklər kimi təsbit edilmişdir. F43.1 kodlu xəstəlik bölmənin 7.5.1.1 və 7.5.1.2-ci bəndlərinə, F62.0 kodlu xəstəlik isə 7.7.1.1 və 7.7.1.2-ci bəndlərinə əsasən müvafiq olaraq orqanizmin funksiyalarının 35- 60 və 65-80 faiz pozulmasına görə əlilliyin təyin edilməsinə əsas verir. Beləliklə, müəyyən edilir ki, S00093921LUU nömrəli Forma 88 göndərişdəki əsas diaqnoz kimi qeyd edilmiş G40.5 kodlu və onun ağırlaşmaları olan F43.1 və F62.0 kodlu xəstəliklər “Əlilliyin müəyyən olunması meyarları” na əsasən, iddiaçıya orqanizmin funksiyalarının 35-60, 65-80 və 85-100 faiz pozulmasına əlilliyin təyin edilməsinə əsas verən xəstəliklər siyahısına daxil edilmişdir. Cavabdeh apellyasiya şikayətinin dəlillərində əlavə olaraq bildirmişdir ki, diaqnoz əsasında şəxsin əlilliyinin müəyyən edilib-edilməməsi cavabdehin diskresion səlahiyyətinə aiddir və məhkəmə tərəfindən həmin səlahiyyətə müdaxilə edilə bilməz. Bununla bağlı qeyd olunmalıdır ki, iddiaçıya əlilliyin təyin olunması ilə əlaqədar məsələni həll edərkən, cavabdeh eyni zamanda həm “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Qanunun və əlaqəli normaların əlilliyin qiymətləndirilməsi və əlillik dərəcəsinin təyin olunması ilə bağlı müddəalarını, həm də “İnzibati icraat haqqında” Qanunun inzibati icraatla bağlı, o cümlədən, diskresion səlahiyyətin həyata keçirilməsi ilə bağlı normalarının tələblərini nəzərə almağa borcludur. Bu mənada əlilliyin təyin olunması üzrə səlahiyyətin məzmunu baxımından şəxsin əlillik vəziyyətinin qiymətləndirilməsini və qiymətləndirmənin nəticəsindən asılı olaraq əlilliyin təyin olunmasını fərqləndirmək lazımdır. Fərqləndirmə şəxsin sağlamlıq vəziyyətinə aid faktiki halların dairəsinin müəyyən olunması və müəyyən olunmuş həmin hallara uyğun nəticəyə dair qərarın qəbul edilməsi ilə bağlıdır. Şəxsin sağlamlıq vəziyyətinin qiymətləndirilməsi üzrə cavabdeh müəyyən qiymətləndirmə azadlığına malikdir və bu məhkəmə tərəfindən təkzib edilmir. Bununla belə, həmin qiymətləndirmə azadlığı, bir tərəfdən tibb müəssisəsi tərəfindən verilmiş göndərişdə təsbit edilmiş xəstəlik və diaqnoz göstəriciləri, digər tərəfdən şəxsin tibbi-instrumental müayinəsinin nəticələri, eləcə də müayinənin keçirilməsi metodikası və meyarları ilə məhdudlaşır. Başqa sözlə, iddiaçının faktiki sağlamlıq vəziyyəti cavabdeh tərəfindən qeyd olunan həmin obyektiv göstəricilər əsasında qiymətləndirilməlidir. Əlilliyin təyin olunması isə iddiaçının sağlamlıq vəziyyətinin qiymətləndirilməsinin nəticələrinə bağlıdır. Qiymətləndirilmə nəticəsində müəyyən olunmuş xəstəlik və diaqnozun şəxsə əlillik dərəcəsinin təyin olunması üçün qanunvericiliklə nəzərdə tutulmuş xəstəliklərə uyğun gəldiyi təqdirdə, cavabdeh ona əlillik dərəcəsini təyin etməyə borcludur. Yəni əlilliyin təyin olunması üçün tələb olunan şərtlərin mövcud olduğu halda, əlilliyin təyin edilməsi cavabdehin diskresion deyil, mütləq səlahiyyəti kimi nəzərdə tutulmuşdur. Məhkəmə kollegiyası qeyd edir ki, həm iddiaçının faktiki sağlamlıq vəziyyətinin obyektiv göstəricilər əsasında cavabdeh tərəfindən qiymətləndirilməsi, həm də qiymətləndirmə nəticəsində müəyyən olunmuş xəstəlik və diaqnozun şəxsə əlillik dərəcəsinin təyin olunması üçün qanunvericiliklə tələb olunan xəstəliklərə uyğun gəldiyi təqdirdə, cavabdeh tərəfindən şəxsə əlillik dərəcəsinin təyin edilməsindən imtina olunması məhkəmə tərəfindən tam şəkildə yoxlanıla bilər. Bu mənada, apellyasiya şikayətinin diaqnoz əsasında şəxsin əlilliyinin müəyyən edilib-edilməməsinin cavabdehin diskresion səlahiyyətinə aid olması və məhkəmə tərəfindən həmin səlahiyyətə müdaxiləyə yol verilməməsi ilə bağlı dəlilləri əsassız sayılmalı və onun hazırkı mübahisəyə münasibətdə qəbul etdiyi qərara həm də bu prizmadan qiymət verilməlidir. Beləliklə, işin qeyd edilən hallarına əsasən məhkəmə kollegiyası hesab edir ki, iddiaçı hazırkı tələbində haqlı olmuş, birinci instansiya məhkəməsi iddia tələbini təmin edərkən düzgün nəticəyə gəlmişdir. Müdafiə Nazirliyi Mərkəzi Hərbi Poliklinikası tərəfindən iddiaçı barəsində tərtib edilmiş “Xəstəlik haqqında Şəhadətnamə” dən göründüyü kimi şəhadətnamədə qeyd olunan “Mülayim dərəcədə ifadə olunmuş uzunmüddətli posttravmatik stress pozuntusu, Fəlakətdən sonrakı mülayim dərəcədə ifadə olunmuş şəxsiyyət dəyişikliyi, intihar fikirləri ilə” diaqnozlu xəstəliyi xx.xx.2020-ci il tarixdə Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır. Bu baxımdan, iddiaçının nümayəndəsi (vəkili) məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, iddiaçıya “Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar” əlilliyin təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə kollegiyası ərizədə edilən dəyişikliyin – dəqiqləşmənin iddianın növünə təsir etmədiyini nəzərə alaraq, “Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 13-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 17 sentyabr 2014-cü il tarixli qərarına əsasən, ərizəni məhkəmənin icraatına qəbul edilməsini məqsədəuyğun hesab etmişdir. Eyni zamanda, kollegiya qeyd edir ki, iddiaçıya sonuncu dəfə 20 aprel 2024-cü il tarixdə rəsmiləşdirilmiş S00093921LUU nömrəli göndəriş nəticəsində verilmiş imtina hazırkı məhkəmə araşdırmasının predmetini təşkil edir və bu imtinanın əsassız olması öz təsdiqini tapdığından, iddiaçıya məhz həmin göndəriş nəzərə alınmaqla əlillik təyin edilməlidir. İPM-nin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Beləliklə, kollegiya işin yuxarıda sadalanan hallarını nəzərə alaraq hesab edir ki, apelyasiya şikayətinin dəlilləri əsassız olduğundan təmin edilməməli, tələbin dəqiqləşdirilməsi barədə ərizə nəzərə alınmaqla, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilməli, xx.xx.2024-cü il tarixdə rəsmiləşdirilmiş S00093921LUU nömrəli göndəriş nəzərə alınmaqla, iddiaçıya “Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar” əlilliyin təyin edilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmalıdır. Göstərilənlərə əsasən məhkəmə kollegiyası

QƏRARA ALDİ: Apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt İnzibati Məhkəməsinin 05 aprel 2024-cü il tarixli, 2-1(118)-1120/2024 nömrəli qərarı dəyişdirilsin. İddia təmin edilsin. xx.xx.2024-cü il tarixdə rəsmiləşdirilmiş S00093921LUU nömrəli göndəriş nəzərə alınmaqla, iddiaçı X8 “Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar” əlilliyin təyin edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və X4 hüquqi şəxsinin üzərinə qoyulsun. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apelyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti 70) vasitəsilə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar