Məhkəmə qərarları › İş №2-1(105)-670/2025

Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(105)-670/2025

18.07.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(105)-670/2025 18.07.2025 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Babayeva Hökümə Çingiz qızı (sədrlik edən və məruzəçi), Axundov Toğrul Bəhruz oğlu və Hacıyev Vahid Məcid oğlundan ibarət tərkibdə, X9 qızının katibliyi, İddiaçı iştirakı ilə, Cavabdehin nümayəndəsi Nümayəndə iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “yaşa görə əmək pensiyasının təyin edilməsi” öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsi” tələbinə dair inzibati mübahisə üzrə Sumqayıt İnzibati Məhkəməsinin 15 may 2025-ci il tarixli, 2-1(118)- 3691/2025 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. İddiaçı xx.xx.1959-cu il təvəllüdlüdür (AZE seriyalı, 0******* saylı şəxsiyyət vəsiqəsi).

2. Dövlət İxtisas Komissiyası tərəfindən verilmiş ******* nömrəli diploma əsasən iddiaçı 1983-cü ildə Azərbaycan SSRİ X10 Komitəsinin “Şərəf nişanı” ordeni Quba sovxoztexnikumuna daxil olmuş, 1986-cı ildə kənd təsərrüfatının mexanikləşdirilməsi ixtisası üzrə tam kursu bitirmişdir (03 il).

3. ГР seriyalı, 049708 nömrəli hərbi biletə əsasən iddiaçı xx.xx.1978-ci ildən xx.xx.1980-ci il tarixədək SSRİ Silahlı Qüvvələrində həqiqi hərbi xidmətdə olmuşdur (01 il 1 ay 26 gün).

4. İddiaçıya məxsus ИТ-İ seriyalı, ******* nömrəli əmək kitabçasının qeydlərinə əsasən o, xx.xx.1976-cı il tarixdən xx.xx.1978-ci il tarixədək, xx.xx.1980-ci il tarixdən xx.xx.1986-cı il tarixədək X5, xx.xx.1986-cı il tarixdən xx.xx.1991-ci il tarixədək Quba СПТУ-103-də, xx.xx.1991-ci il tarixdən xx.xx.2001-ci il tarixədək isə Quba Elektrik Şəbəkəsinin Tikinti Təmir qrupunda işləmiş, xx.xx.2002-ci il tarixindən xx.xx.2002-ci il tarixədək işsizlik müavinəti almış, xx.xx.2019-cu il tarixdən xx.xx.2024-cü il tarixədək X6 İdarəsində işləmişdir (28 il 05 ay 24 gün).

5. İddiaçı xx.xx.2024-cü il tarixində cavabdeh orqana yaşa görə əmək pensiyasının verilməsi tələbi ilə müraciət etmişdir.

6. Cavabdeh orqan isə xx.xx.2024-cü il tarixli, 3-17-1/2-İ-275194/2024 nömrəli məktubu ilə müraciətin təmin edilməsindən imtina etmişdir. İmtina onunla əsaslandırılmışdır ki, iddiaçının xx.xx.2006-cı il tarixdən xx.xx.2018-ci il tarixədək fərdi hesabının sığorta hissəsində pensiya kapitalı qeydə alınmamışdır. İddiaçının xx.xx.1978-ci il tarixdən xx.xx.1980-cı il tarixədək hərbi xidmətdə olduğu müddət də nəzərə alınmaqla, cəmi sığorta stajı 20 il 4 ay 20 gün təşkil edir. Belə ki, iddiaçının xx.xx.1991-ci il tarixdən xx.xx.2001-ci il tarixədək işlədiyini bildirdiyi Quba Elektrik Şəbəkəsinin Tikinti Təmir qrupunun əmr kitabları və əməkhaqqı cədvəlləri saxlanmadığı üçün qeyd edilən dövr üzrə əmək fəaliyyətini yoxlamaq mümkün olmamışdır.

7. Verilən imtina cavabı ilə razılaşmayan iddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək, əmək kitabçasında qeyd edilmiş xx.xx.1991-ci il tarixdən xx.xx.2001-ci il tarixədək Quba Elektrik Şəbəkəsində işlədiyi müddətin sosial sığorta stajına daxil edilərək ona 21 avqust 2024-cü il tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir.

İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) Birinci instansiya məhkəməsində icraat

8. İddiaçı tələbini hazırkı qərarın 2-4-cü bədində qeyd olunanlarla əsaslandırılmış və əlavə olaraq qeyd etmişdir ki, onun həqiqətən də xx.xx.1991-ci il tarixdən xx.xx.2001-ci il tarixədək Quba Elektrik şəbəkəsinin Tikinti Təmir qrupunda əmək fəaliyyəti ilə məşğul olmağı adına tərtib edilmiş əmək kitabçası ilə yanaşı, müəssisənin xx.xx.2001-ci il tarixli əmri ilə də təsdiq edilir. Cavabdeh imtina cavabında qeyd edir ki, işlədiyi illərə aid əmr kitabları və əmək haqqı cədvəlləri saxlanılmadığı üçün həmin illər sosial sığorta stajı kimi nəzərə alına bilməz. İddiaçı həmin imtina cavabı ilə razılaşmır, ona görə ki, əmrlər kitabının və əmək haqqı cədvəlinin saxlanılmaması iddiaçının vəzifəsi deyildir. Ona görə də, məhkəməyə müraciət etməyə məcbur olmuşdur.

9. Cavabdeh iddia tələbinə etiraz edərək etirazı imtina məktubu ilə eyni məzmunda əsaslandırmış və əlavə olaraq qeyd etmişdir ki, iddiaçının təqdim etdiyi 14 05.1979-cu il tarixli əmək kitabçasına əsasən, onun sığorta stajı 20 il 4 ay 20 gün (xx.xx.1978-ci il tarixdən xx.xx.1980-ci tarixədək hərbi xidmət müddəti nəzərə alınmaqla) təşkil edir. Mübahisələndirilən xx.xx.1991-ci il tarixindən xx.xx.2001-ci il tarixinədək olan dövrlərin araşdırılması məqsədilə xx.xx.2024-cü il tarixində Quba-Elektrik şəbəkəsi ilə 1 saylı Quba Xaçmaz regional filialı arasında birgə akt imzalanmışdır. Birgə akta əsasən, Quba-Elektrik şəbəkəsinin Tikinti təmir qrupunun əmr kitabları və əmək haqqı cədvəlləri həmin müəssisədə aşkar edilmədiyinə görə iddiaçının işləməsi faktını yoxlamaq mümkün olmamışdır. Bundan başqa, iddiaçının əmək kitabçasında işdən çıxma əmrinə vurulmuş möhürdə "Sumqayıt Elektrik Şəbəkəsi" qeyd olunduğundan və iddiaçının verdiyi məlumatlara əsasən, Quba Elektrik şəbəkəsinin Sumqayıt Elektrik şəbəkəsinə tabe olmasını nəzərə alaraq, yenidən araşdırma aparılmışdır. Bununla əlaqədar olaraq, xx.xx.2024-cü tarixində "xxxx" ASC-nin Sumqayıt Regional Enerji Təchizatı və Satış idarəsi ilə 1 saylı Quba Xaçmaz regional filialı birgə akt imzalamışdır. Aktda arxiv sənədlərinin olmaması səbəbindən iddiaçıya qeyd olunan dövr üzrə əmək stajının və əmək haqqının qarşılıqlı olaraq yerində araşdırılması mümkün olmadığı qeyd edilmişdir. Qeyd olunanlara əsasən, əmr kitabları və əmək haqqı cədvəllərinin hər iki müəssisədə aşkar edilə bilməməsi səbəbindən xx.xx.1991-ci tarixdən xx.xx.2001-ci il tarixədək olan dövr üzrə İddiaçı əmək fəaliyyətinin yoxlanılması mümkün olmamışdır. Bildirilir ki, xx.xx.2006-cı il tarixədək iddiaçının pensiya kapitalı 15 il 2 ay 10 gün sığorta stajına uyğun olaraq 15310,64 manat, xx.xx.2019-cu il tarixdən xx.xx.2024-cü il tarixədək 05 il 03 ay sığorta stajına uyğun olaraq 7283,16 manat olmaqla, ümumilikdə 22593,80 manat təşkil etmişdir (2024-cü il tarixinə indeksləşdirməklə). Lakin qanunvericiliyin tələblərinə əsasən, minimum pensiya təminatı üçün tələb olunan pensiya kapitalı 40320 manat təşkil etdiyindən iddiaçıya minimum əmək pensiyasının təyin edilməsi mümkün hesab edilməmişdir. Qeyd olunanları nəzərə alaraq, iddiaçının ümumilikdə sığorta stajı qanunla nəzərdə tutulandan (25 il) az olduğu üçün ona yaşa görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilməmiş, xx.xx.2024-cü il tarixdən (əmək müqaviləsinə xitam verildiyi tarixdən) 220 manat məbləğində yaşa görə sosial müavinət təyin edilmişdir. Qeyd edilənləri nəzərə alaraq iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etmişdir.

10. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə:

11. Sumqayıt İnzibati Məhkəməsinin 15 may 2025-ci il tarixli, 2-1(118)-3691/2025 nömrəli qərarı ilə iddia təmin edilərək, xx.xx.1991-ci il tarixdən xx.xx.2001-ci il tarixədək Quba Elektrik Şəbəkəsində işlədiyi dövrün sosial sığorta stajina daxil edilməklə, iddiaçıya 65 yaşının tamam olduğu xx.xx.2024-cü il tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmuşdur (hakim Mehriban Mahmudlu- Abbaszadə).

12. Məhkəmə qərarını onunla əsaslandırmışdır ki, iddiaçının xx.xx.1991-ci il tarixdən xx.xx.2001-ci il tarixədək Quba Elektrik Şəbəkəsində işləməsinə dair arxiv sənədlərinin aşkar edilməməsi əmək kitabçasında aparılan qeydlərin mötəbərliyini şübhə altına alması üçün əsas hesab edilməməlidir. İddiaçı tərəfindən təqdim edilmiş “Sumqayıt Elektrik Şəbəkə Səhmdar Cəmiyyət” Quba Elektrik Şəbəkəsinin xx.xx.2001-ci il tarixli, 152/e nömrəli əmrindən də görünür ki, rəngsaz ştatı 12 dekabr 2001-ci il tarixdən ixtisar edildiyinə görə iddiaçı işdən azad olunmuşdur. İddiaçının müvafiq dövr üzrə (xx.xx.2006-cı ilədək olan dövr nəzərdə tutulur) işləməsi əmək kitabçasında əksini tapmış və iddiaçının işlədiyi həmin qurumun mövcudluğu hər hansı şübhə doğurmur. Odur ki, iş stajını sübut edən əsas sənəd əmək kitabçası olduğundan və araşdırma nəticəsində iddiaçının Quba Elektrik Şəbəkəsində işlədiyi fəaliyyət göstərməsi öz əksini tapdığından iddiaçının həmin illərdə (xx.xx.1991-ci il tarixdən xx.xx.2001-ci il tarixədək) sığorta stajını müəyyən etməyin mümkün olmamasına dair cavabdehin dəlilini məhkəmə əsassız hesab edir. Qeyd edilən dövr nəzərə alındığı təqdirdə iddiaçının ən azı 25 il stajı vardır.

13. Həmin qərardan narazı qalan cavabdeh apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.

APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a) Apellyasiya şikayətinin dəlilləri

14. Cavabdeh apellyasiya şikayətini iddia ərizəsinə etirazla eyni məzmunda əsaslandırmışdır. b) Apellyasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları

15. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətini müdafiə edərək izahatında əlavə olaraq bildirmişdir ki, Quba Elektrik Şəbəkəsində işləmiş başqa vətəndaşlara tərəfimlərindən əmək pensiyası təyin olunmuşdur. Cavabdehin nümayəndəsi şikayətin təmin edilməsini xahiş etmişdilər.

16. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı şikayətin dəlillərini qəbul etməyərək, iddia ərizəsi ilə eyni məzmunda izahat verərək izahatında əlavə olaraq bildirmişdir ki, onunla eyni müəssisədə işləmiş və hazırda pensiya alan 3 vətəndaş var. İddiaçı şikayətin təmin edilməməsini xahiş etmişdir.

TƏTBİQ EDİLƏN HÜQUQ:

17. Azərbaycan Respublikasının Konstitusiyası: Maddə 38. Sosial təminat hüququ İ. Hər kəsin sosial təminat hüququ vardır. ... İİİ. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir.

18. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 1.0.2. sosial sığorta stajı (bundan sonra - sığorta stajı) əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. Maddə 7. Yaşa görə əmək pensiyasının təyin edilməsi şərtləri 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi şəxsi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Maddə 21. Sığorta stajına daxil edilən iş və ya digər fəaliyyət müddətləri 21.1. Qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş , hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. Maddə 22. Sığorta stajının hesablanması qaydası 22.1. Əmək pensiyası hüququ verən sığorta stajının hesablanması təqvim (illər, aylar, günlər) əsasında həyata keçirilir. ... Maddə 22-1. Əmək pensiyasının avtomatlaşdırılmış qaydada təyinatı zamanı 2006cı il yanvarın 1-dək olan sığorta stajının hesablanması xüsusiyyətləri 22-1.1. 2019-cu il yanvarın 1-dən etibarən sığortaolunanın əmək pensiyası avtomatlaşdırılmış qaydada təyin edilərkən, onun fərdi hesabının sığorta hissəsində 2018ci ilin 1 iyul tarixinə qeydə alınmış pensiya kapitalı olduqda, 2006-cı il yanvarın 1-dək olan sığorta stajı bu Qanunun 22-1.2-ci maddəsinə uyğun olaraq hesablanır. 22-1.2. 2019-cu il yanvarın 1-dən etibarən sağortaolunanın 2006-cı il yanvarın 1-dək olan sığorta stajı, bu Qanunun 22-1.1-ci və 22-1.4-cü maddələrinin tələbləri nəzərə alınmaqla, aşağıdakı qaydada hesablanır: 22-1.2.1. 2019-2025-ci illərdə bu Qanunun 7-ci maddəsi ilə müəyyən edilmiş yaş həddinə çatmış sığortaolunana (bu Qanunun 8-ci maddəsinin müddəaları nəzərə alınaraq həmin maddədə göstərilən şəxslər də daxil olmaqla) yaşa görə əmək pensiyası təyin edilərkən onun 2006-cı il yanvarın 1-dək olan sığorta stajı 25 il, 2026-cı ildən etibarən isə hər təqvim ili üçün bir il azaldılmaqla hesablanır. ... 22-1.3. Əmək pensiyası hüququ olan şəxslərin 2006-cı il yanvarın 1-dək faktiki sığorta stajı bu Qanunun 22-1.2.1–22-1.2.3-cü maddələrində göstərilən sığorta stajından çox olduqda onların arzusuna əsasən pensiya təyin edilərkən faktiki sığorta stajı nəzərə alınır.

19. Qüvvədən düşmüş “Vətəndaşların pensiya təminatı haqqında” Qanun: Maddə 69. İş stajının təsdiq edilməsi qaydası İş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. Əmək fəaliyyəti barəsində sənəd olmadıqda və ya həmin sənədi bərpa etmək mümkün olmadıqda iş stajı iki və ya daha çox şahidin ifadələrinə əsasən təsdiq edilir. Əmək kitabçası və ya bu kitabçada müvafiq qeydlər olmadıqda mövcud iş stajını sübut etmək qaydasını Azərbaycan Respublikasının Nazirlər Kabineti müəyyənləşdirir.

20. Azərbaycan Respublikasının Əmək Məcəlləsi: Maddə 87. İşçilərin əmək fəaliyyəti haqqında və müvafiq ödənclərinin haqq-hesab sənədləri

1. İşçinin əmək fəaliyyəti haqqında sənəd əmək kitabçası hesab edilir. İşçinin əmək fəaliyyəti haqqında sənəddə onun əmək stajı haqqında — işə girdiyi gün, ay, il, işlədiyi peşəsi (vəzifəsi), işdən çıxarılmanın əsası, günü, ayı və ili barədə qeydlər göstərilir.

21. “İnzibati icraat haqqında” Qanun: Maddə 19. Mötəbərlik prezumpsiyası 19.1. İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. 19.2. Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür.

22. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 28 aprel tarixli, 175 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydası:

4. Sosial sığorta stajının hesablanması 4.1. Əmək pensiyasının təyin edilməsi zamanı nəzərə alınan sosial sığorta stajı aşağıdakılara əsasən müəyyən edilir: 4.1.1. 2006-cı il yanvarın 1-dək olan dövr üzrə:

1. “Sosial sığorta haqqında” Azərbaycan Respublikasının Qanununa və bu sahədə münasibətləri tənzimləyən digər normativ hüquqi aktlara uyğun olaraq məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xüsusiyyətlərindən və müddətindən asılı olmayaraq, müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin iş müddəti əmək fəaliyyəti barədə sənədlərə (əmək kitabçası, o olmadıqda işəgötürənin arayışı və ya dövlət arxivinin arayışı), həmin sənədlərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda Fond tərəfindən işəgötürəndə, dövlət arxivində və Fondda saxlanılan məlumatların üzləşdirilməsi nəticəsində tərtib olunan akta əsasən; ...

23. İnzibati Prosessual Məcəllə: Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 87. Apellyasiya instansiyası məhkəməsində icraat 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Maddə 87.8 Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 89. Apellyasiya instansiyası məhkəməsinin qərarının qanuni qüvvəyə minməsi Bu Məcəllənin 94.1-ci maddəsində nəzərdə tutulmuş müddətdə şikayətin verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda, məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadı isə 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Şikayətin geri götürülməsi haqqında bəyanat yazılı şəkildə məhkəməyə təqdim olunmalıdır. Maddə 90.1. Apellyasiya instansiyası məhkəməsinin qərar və ya qərardadlarından, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla Ali Məhkəmənin İnzibati kollegiyasına (bundan sonra – Ali Məhkəməyə) şikayət verilə bilər.

APELLYASİYANİN MÜMKÜNLÜYÜ, APELLYASİYA BAXİŞİNİN HƏDLƏRİ

24. Apellyasiya şikayəti vaxtında verilmişdir. Apellyasiya şikayəti formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə apellyasiya mümkün hesab edilmişdir.

25. Birinci instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır.

APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

26. Məhkəmə kollegiyası tərəflərin izahatını dinləyərək, iş üzrə materialları və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti əsassızdır. Birinci instansiya məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Birinci instansiya məhkəməsinin qərarının ləğv olunması üçün əsaslar müəyyən edilməmişdir. Bu səbəbdən, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.

27. Yaranmış mübahisə ilə bağlı kollegiya aşağıdakıları qeyd edir:

28. “Əmək pensiyaları haqqında” Qanununun yuxarıda qeyd edilən 22-1.1-ci, 22- 1.2.1-ci maddəsinin tələblərindən görünür ki, 2019-cu il yanvarın 1-dən etibarən əmək pensiyaları avtomatlaşdırılmış qaydada təyin edilərkən sığortaolunanın fərdi hesabının sığorta hissəsində 2018-ci ilin 1 iyul tarixinə qeydə alınmış pensiya kapitalı olduqda, 2006cı il yanvarın 1-dək olan sığorta stajının hesablanmasının xüsusi qaydası müəyyən edilmişdir. Bu qaydaya görə 2019-2025-ci illərdə bu Qanunun 7-ci maddəsi ilə müəyyən edilmiş yaş həddinə çatmış sığortaolunana (bu Qanunun 8-ci maddəsinin müddəaları nəzərə alınaraq həmin maddədə göstərilən şəxslər də daxil olmaqla) yaşa görə əmək pensiyası təyin edilərkən onun 2006-cı il yanvarın 1-dək olan sığorta stajı 25 il, 2026-cı ildən etibarən isə hər təqvim ili üçün bir il azaldılmaqla hesablanır.

29. Normanın tələbindən göründüyü kimi 2019-cu il yanvarın 1-dən etibarən təyin edilmiş əmək pensiyalarına münasibətdə sığortaolunanın fərdi hesabının sığorta hissəsində 2018-ci ilin 1 iyul tarixinə qeydə alınmış pensiya kapitalı olduqda, onun 2006-cı il yanvarın 1-dək olan sığorta stajı 25 ildən az olduğu halda belə 25 il nəzərə alınır.

30. Hazırkı iş üzrə iddiaçının 2018-ci ilin 1 iyul tarixinə qeydə alınmış pensiya kapitalı olmadığından ona yaşa görə əmək pensiyası təyin edilməsi üçün Qanunun 7-ci maddəsinin tələblərinə əsasən iki şərt mövcud olmalıdır: 1) 65 yaşının tamam olması; 2) 25 il sığorta stajının mövcud olması.

31. Birinci şərtlə bağlı kollegiya qeyd edir ki, iddiaçı xx.xx.1959-cu il təvəllüdlü olduğu üçün 65 yaşına çatması işin mübahisə edilməyən halıdır.

32. Sığorta stajına münasibətdə kollegiya qeyd edir ki, hazırkı qərarın 2-4-cü bəndində işin qeyd olunan hallarından göründüyü kimi iddiaçının təhsil, hərbi xidmət və əmək kitabçasının məlumatlarına əsasən onun sığorta stajı 32 il 07 ay 20 gün təşkil edir.

33. Cavabdeh iddiaçının xx.xx.1991-ci il tarixdən xx.xx.2001-ci il tarixədək işlədiyini bildirdiyi Quba Elektrik Şəbəkəsinin Tikinti Təmir qrupunda işlədiyi dövrü mübahisələndirərək, müəssisənin əmr kitabları və əməkhaqqı cədvəlləri saxlanmadığından qeyd edilən dövr üzrə əmək fəaliyyətini yoxlamağın mümkün olmaması səbəbindən həmin dövrü iddiaçının sığrota stajına daxil etməmiş və və apellyasiya şikayətinin dəlillərində də bu dövrü qəbul etməyini bildirmişdir.

34. Şikayətin dəlillərinə münasibətdə kollegiya qeyd edir ki, iddiaçının işlədiyi dövrdə qüvvədə olan “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 69-cu maddəsində iş stajını sübut edən əsas sənəd kimi əmək kitabçası nəzərdə tutulurdu.

35. Həmçinin, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 87-ci maddəsinin 1-ci hissəsinə əsasən, işçinin əmək fəaliyyəti haqqında sənəd əmək kitabçası hesab edilir. İşçinin əmək fəaliyyəti haqqında sənəddə onun əmək stajı haqqında-işə girdiyi gün, ay, il, işlədiyi peşəsi (vəzifəsi), işdən çıxarılmanın əsası, günü, ayı və ili barədə qeydlər göstərilir.

36. Habelə, “İşçilərin əmək kitabçasının forması və onun tətbiqi qaydaları” haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1996-cı il 26 dekabr tarixli, 186-cı qərarının 1.1-ci bəndinə əsasən, əmək kitabçası işçinin əmək fəaliyyətini və əmək stajını təsdiq edən əsas sənəd hesab edilir.

37. Göründüyü kimi, həm iddiaçının işlədiyi dövrdə, həm də hazırda qüvvədə olan qanunvericiliyin tələbinə əsasən əmək kitabçası işçinin əmək fəaliyyətini və əmək stajını təsdiq edən əsas sənəd hesab edilir.

38. Mübahisələndirən xx.xx.1991-ci il tarixdən xx.xx.2001-ci il tarixədək olan dövr ərzində də iddiaçının Quba Elektrik Şəbəkəsində işləməsi haqqında qeydlər əmək kitabçasında göstərilmişdir.

39. Bundan əlavə, iş materiallarında olan adıçəkilən müəssisə üzrə xx.xx.2001-ci il tarixli, 152/e nömrəli əmrdən də görünür ki, rəngsaz ştatı 12 dekabr 2001-ci il tarixdən ixtisar edildiyinə görə iddiaçı işdən azad olunmuşdur.

40. Həmçinin, əmək kitabçasında da iddiaçının həmin müəssisəyə xx.xx.1991-ci il tarixli, 62 nömrəli əmrlə işə qəbul edildiyi, xx.xx.2001-ci il tarixli, 152/e nömrəli əmrlə isə işdən azad edildiyinə dair qeydlər edilmişdir.

41. Göründüyü kimi iddiaçının xx.xx.1991-xx.xx.2001-ci il tarixləri arasındakı dövr ərzində Quba Elektrik Şəbəkəsində işlədiyi əmək kitabçası və işdən azad edilmə barədə əmrlə təsdiq edilir. Həmin müəssisənin əmr kitabları və əməkhaqqı cədvəllərinin aşkar edilməməsi isə kollegiya hesab edir ki, iddiaçının həmin müəssisədə işləməsini təkzib edən hal kimi qiymətləndirilə bilməz.

42. Bundan əlavə, işdən görünür ki, Quba Elektrik Şəbəkəsində işləmiş 3 nəfər vətəndaşın həmin müəssisədəki iş stajı cavabdeh tərəfindən qəbul edilərək onlara yaşa görə əmək pensiyası təyin edilmişdir.

43. Belə ki, X3 məxsus ИТ-İ seriyalı, ******* nömrəli əmək kitabçasının qeydlərinə əsasən o, xx.xx.1991-ci il tarixdən xx.xx.2002-ci il tarixədək Quba Elektrik Şəbəkəsində işləmiş, həmin dövr onun sığorta stajına daxil edilərək, cavabdeh inzibati orqanın xx.xx.2023-cü il tarixli qərarı ilə ona xx.xx.2022-ci il tarixdən ümumi əsaslarla yaşa görə əmək pensiyası təyin edilmişdir.

44. Eyni qaydada, həmin müəssisədə xx.xx.1991-ci il tarixdən xx.xx.2002-ci il tarixədək işləmiş X2 xx.xx.2024-cü il tarixdən, xx.xx.1991-ci il tarixdən xx.xx.2002-ci il tarixədək işləmiş X1 xx.xx.2012-ci il tarixdən yaşa görə əmək pensiyası təyin edilmişdir.

45. Beləliklə, məhkəmə araşdırması nəticəsində müəyyən edildi ki, iddiaçı ilə eyni dövrdə və eyni müəssisədə işləmiş vətəndaşların işlədiyi dövrlər sığorta stajı olaraq qəbul edildiyi və onlara yaşa görə əmək pensiyası təyin edildiyi halda, onlarla eyni vəziyyətdə olan, tələbi eyni faktiki hallara və hüquqi əsaslara söykənən iddiaçıya münasibətdə həmin müəssisədəki iş stajı qəbul edilməmiş və bu səbəbdən, ona yaşa görə əmək pensiyası təyin edilməsindən cavabdeh tərəfindən imtina olunmuşdur.

46. Göründüyü kimi cavabdeh inzibati orqan tərəfindən bərabərlik (bərabər yanaşma) prinsipi pozulmuşdur.

47. Halbuki, Azərbaycan Respublikası Konstitusiyasının 25-ci maddəsinin 5-ci hissəsinə əsasən, hüquq və vəzifələrlə bağlı qərarlar qəbul edən dövlət orqanları və dövlət hakimiyyəti səlahiyyətlərinin daşıyıcıları ilə münasibətlərdə hər kəsin bərabər hüquqları təmin edilir.

48. “İnzibati icraat haqqında” Qanunun həmin konstitusion normaya əsaslanan və onu daha da konkretləşdirən 12-ci maddəsinə görə, inzibati orqan tərəfindən eyni mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə fərqli qərarların qəbul edilməsi qadağandır.

49. Bu tənzimləmə müxtəlif vaxtlarda və müxtəlif şəxslərə münasibətdə analoji xüsusiyyətlərə malik işlər üzrə fərqli qərarların qarşısının alınması məqsədlərinə xidmət edir.

50. Bundan başqa, inzibati orqan tərəfindən hazırkı mübahisəyə münasibətdə eyni zamanda istinad olunan Qanunun 13-cü maddəsində təsbit edilmiş etimadın qorunması prinsipi də pozulmuşdur.

51. Nəzərə almaq lazımdır ki, inzibati orqan bir tərəfdən eyni faktiki hallara və hüquqi əsaslara söykənən işlər üzrə qərarların qəbuluna dair özünün formalaşdırdığı inzibati praktikaya, yəni hüququn tətbiqi praktikasına bağlıdır, digər tərəfdən isə, fiziki və ya hüquqi şəxslərin analoji vəziyyətlərdə həmin praktikanın onlara da tətbiq olunacağına dair əsaslı qanuni gözləntilərinə və həmin praktikaya etimadına bağlıdır. Bu zaman həm də nəzərə alınmalıdır ki, şəxsin etimad hüququ yalnız inzibati orqanların davranışının proqnozlaşdırılmasının mümkün olduğu hallarda təmin oluna bilər. Belə proqnozlaşdırma isə inzibati orqanların inzibati, yəni hüquq tətbiqi praktikasına və bu praktikanın davamlılığına bağlıdır. Maraqlı şəxs onun müraciətinin inzibati praktikaya uyğun və artıq həll edilmiş oxşar işlərə analoji qaydada həll olunacağını əvvəlcədən bilmək və proqnozlaşdırmaq imkanına malik olmalıdır. Şəxsə belə imkan məhz bərabər yanaşma və etimadın qorunması prinsipləri vasitəsi ilə yaradılır.

52. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, publik hüquq sahəsində həyata keçirilən idarəçilik fəaliyyəti zamanı inzibati orqanların konstitusion prinsipləri, o cümlədən bərabər yanaşma və hüquqi dövlət prinsipindən irəli gələn “İnzibati icraat haqqında” Qanunun 13-cü maddəsində təsbit edilmiş etimadın qorunması prinsiplərini birbaşa tətbiq etməyə borclu olduğu da nəzərə alınmalıdır.

53. Qeyd edilənlərə əsasən kollegiya hesab edir ki, şikayətin dəlili əsassızdır. İddiaçının xx.xx.1991-ci il tarixdən xx.xx.2001-ci il tarixədək Quba Elektrik Şəbəkəsində işlədiyi dövr də nəzərə alındığında, onun 25 ildən artıq sığorta stajına malik olduğu aşkar edilir.

54. Beləliklə, işin sadalanan xüsusatlarını nəzərə alaraq kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi iddia tələbini təmin edərkən düzgün nəticəyə gəlmişdir. Apellyasiya şikayətinin dəlilləri məhkəmə qərarının ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas təşkil etmir. Göstərilənlərə əsasən, məhkəmə kollegiyası

QƏRARA ALDİ:

Apelyasiya şikayəti təmin edilməsin. Sumqayıt İnzibati Məhkəməsinin 15 may 2025-ci il tarixli, 2-1(118)-3691/2025 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apelyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti 70) vasitəsilə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar