Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-1(105)-672/2022 15.11.2022 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iş üzrə QƏRARDADİ Sədrlik edən və məruzəçi hakim Məmmədov Fuad Əli oğlu, hakimlər Babayeva Hökümə Çingiz qızı və Məmmədov Zahid Tahir oğlundan ibarət tərkibdə, Oruclu Nurlan Zöhrab oğlunun katibliyi ilə, İddiaçı və cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının nümayəndəsi X2 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə 10 mart 2017-ci il tarixli 543- VQD saylı Azərbaycan Respublikasının Qanununun 1.71-ci maddəsinin iddiaçıya tətbiq olunmasının qanunsuz hesab olunması və “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun xx.xx.2017-ci il tarixədək qüvvədə olan normaları nəzərə alınmaqla əmək pensiyasının yenidən hesablanması öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair inzibati iş üzrə Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-1(118)-1847/2022 nömrəli qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. İşin halları İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə xx.xx.2017-ci il tarixli 543-VQD saylı Azərbaycan Respublikasının Qanununun 1.71-ci maddəsinin iddiaçıya tətbiq olunmasının qanunsuz hesab olunması və “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun xx.xx.2017-ci il tarixədək qüvvədə olan normaları nəzərə alınmaqla əmək pensiyasının yenidən hesablanması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Birinci instansiya məhkəməsində icraat İddia onunla əsaslandırılmışdır ki, 2010-cu ildə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Daxili Qoşunları Baş İdarəsindən ehtiyata buraxılmaqla 33 il 05 ay 28 gün stajla pensiyaya çıxmışdır. Xidmət müddətinə əsasən təminat xərcliyinin 89% hissəsinə uyğun 1251,87 manat məbləğində pensiya almışdır. Azərbaycan Respublikasının Prezidentinin 01 mart 2018-ci il tarixli 3762 nömrəli sərəncamına əsasən Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Daxili Qoşunların Baş İdarəsinin hərbi qulluqçularının və dövlət qulluqçusu olmayan mülki işçilərinin aylıq vəzifə (tarif) maaşları 2018-ci il martın 1-dən orta hesabla 10 faiz artırılmışdır. Bundan sonra xx.xx.2019-cu il tarixində 10%, xx.xx.2019-cu il tarixdən 40% qədər və Azərbaycan Respublikası Prezidentinin xx.xx.2022-ci il tarixli sərəncamına əsasən pensiya məbləği 10% artırılmışdır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə xx.xx.2017-ci il tarixli 543-VQD saylı Azərbaycan Respublikasının Qanununun 1.71-ci maddəsinə əsasən “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 20.14.1-ci maddəsində “hər ili” sözlərindən sonra “(il tam olmadıqda isə natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla)” sözləri əlavə edilsin və “3 faizi” sözləri “2 faizi (müvafiq icra hakimiyyəti orqanı sistemində xidmət edən şəxslər üzrə isə - 3 faizi)” sözləri ilə əvəz edilmişdir. Həmin Qanun 2017-ci il iyulun 1-dən qüvvəyə minmişdir. Cavabdeh inzibati orqanın xx.xx.2022-ci il tarixli **********1 saylı məktubu ilə pensiyanın yenidən hesablanmasından imtina olunmuş və “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə xx.xx.2017-ci il tarixli 543-VQD saylı Azərbaycan Respublikasının Qanununun 1.71-ci maddəsinin ona münasibətdə tətbiq olunması qanuni hesab olunmuşdur. Hesab edir ki, həmin qanunun ona tətbiq olunması qanunsuzdur. Normativ hüquqi aktlar haqqında Azərbaycan Respublikasının Konstitusiya Qanununun 87.2-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquqi məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktın qüvvəsi həmin normativ hüquqi aktda və ya onun qüvvəyə minməsi haqqında aktda birbaşa göstərilib-göstərilməməsindən asılı olmayaraq onun qüvvəyə minməsindən əvvəl əmələ gələn münasibətlərə şamil edilir. X1 87.3-cü maddəsinə əsasən törədilməsi anında məsuliyyətə səbəb olmayan və ya daha yüngül məsuliyyətə səbəb olan əməllərə görə fiziki və hüquqi şəxslərin məsuliyyətinin yaranmasını və ya ağırlaşdırılmasını nəzərdə tutan normativ hüquqi aktın qüvvəsinin geriyə şamil edilməsinə yol verilmir. Azərbaycan Respublikasının Konstitusiyasının 149-cu maddəsinin Vll bəndinə əsasən fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilir. Başqa normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilmir. Belə ki, “3 faizi” sözləri “2 faizi (müvafiq icra hakimiyyəti orqanı sistemində xidmət edən şəxslər üzrə isə - 3 faizi)” sözləri ilə əvəz edilməsi iddiaçının hüquqi vəziyyətini pisləşdirir və bu Qanunun ona tətbiq edilməsi Azərbaycan Respublikasının Konstitusiyasının 149-cu maddəsinin Vll bəndində təsbit olunmuş hüquqlarını pozur. Cavabdeh etirazında qeyd etmişdir ki, iddiaçıya xx.xx.2010-cu il tarixdə 33 il 5 ay 28 gün (təqvim xidmət illəri 26 il 5 ay 26 gün, güzəştli xidmət illəri 7 il 2 gün) xidmət müddəti üçün təminat xərcliyinin 89 faizi miqdarında hərbi qulluqçu (xüsusi rütbəli şəxs) kimi güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmişdir. Bundan sonra 1 mart 2018-ci il və 1 sentyabr 2019-cu il tarixdə hərbi qulluqçuların aylıq vəzifə maaşları müvafiq olaraq 10 faiz və 40 faiz artırılmış, bundan sonra iddiaçıya təminat xərcliyi arasındakı fərq müvafiq illər üzrə hesablanaraq ödənilmişdir. Bildirirlər ki, pensiyanın yenidən hesablanma qaydası qanuni və əsaslı olmuş və heç bir yalnışlığa yol verilməmişdir. Belə ki, “Əmək pensiyaları haqqında” Qanunun 1.0.3-cü maddəsinə əsasən hərbi qulluqçular - Azərbaycan Respublikası Silahlı Qüvvələrində və hərbi xidmət nəzərdə tutulmuş digər dövlət orqanlarında (dövlət orqanlarının strukturuna daxil olan qurumlarda) xidmət edən hərbi rütbəli şəxslərdir. Həmin Qanunun 1.0.5-ci maddəsinə görə təminat xərcliyi (pul təminatı) - hərbi qulluqçuların hərbi xidmətdən buraxıldığı günə (sərəncamdan ehtiyata və ya istefaya buraxılarkən sərəncama götürüldüyü günə) aldıqları miqdarda (sonrakı artımlar da nəzərə alınmaqla) aylıq vəzifə maaşından, rütbə maaşından, xidmət illərinə görə əlavədən, ərzaq payı əvəzinə verilən pul kompensasiyasından, vəzifə maaşından hesablanan digər əlavələrdən (büdcədənkənar vəsaitlər hesabına hesablanan əlavələr və digər ödənişlər istisna olmaqla) artımlardan ibarət olan məbləğdir. Qanunun 26.3-cü maddəsində qeyd olunur ki, 2017-ci il iyulun 1-dək bu Qanunun 20-ci maddəsində nəzərdə tutulmuş şəxslərə təyin edilmiş əmək pensiyasının ümumi məbləği 2017-ci il iyulun 1-i tarixinə azaldılmamaqla ödənilir. Həmin şəxslərin əmək pensiyasına qulluq stajına görə əlavələrin bu Qanunun 29.1-ci maddəsinə uyğun olaraq indeksləşdirilmə və sonrakı artımlar nəzərə alınmaqla yenidən hesablanması qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Qeyd edilən normanın icrası olaraq Azərbaycan Respublikası Prezidentinin (xx.xx.2006-cı il tarixli, 377 nömrəli Fərmanının 2.1-ci bəndinə əsasən “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 26.3-cü maddəsinin ikinci cümləsində nəzərdə tutulan müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Aərbaycan Respublikasının Prezidenti həyata keçirir) 25 iyun 2018-ci il tarixli, 142 nömrəli Fərmanı ilə “2017-ci il iyulun 1-dək təyin edilmiş əmək pensiyalarına qulluq stajına görə əlavələrin yenidən hesablanması Qaydası” təsdiq edilmişdir. Həmin Qaydaların 2.5-ci bəndinə əsasən Qanunun 20.1.11-ci maddəsində nəzərdə tutulmuş şəxslər üzrə (Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin Aparatında, onun strukturuna daxil olan qurumlarda və strukturuna daxil olmayan qurumlarda, həmçinin tabeliyində olan qurumlarda xidmət edən şəxslər istisna olmaqla) həmin Qanunun 20.14.1-ci və 20.14.4-cü maddələrinə əsasən hesablanmış (1 iyul 2017-ci il tarixinədək Qanunun qüvvədə olmuş normaları üzrə) əmək pensiyaları təminat xərcliyinin sonrakı artımları zamanı, təminat xərcliyindəki faktiki artımın məbləği Qanunun müvafiq maddələrində nəzərdə tutulan qaydada 20 ildən yuxarı hərbi xidmətin güzəştli sayılan hissəsi ilə birlikdə hər ili (il tam olmadıqda isə natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla) üçün müvafiq təminat xərcliyinin artım məbləğinin 2 faizi miqdarında əlavə olunmaqla hesablanır. Bu məbləğ təminat xərcliyindəki artımadək hesablanmış pensiyanın üzərinə əlavə olunaraq əmək pensiyasının yeni məbləği müəyyənləşdirilir. Həmçinin “Əmək pensiyaları haqqında” Qanunun 20.14.1-ci maddəsinə əsasən əmək pensiyasına əlavələr hərbi xidmətdən buraxılanadək 20 təqvim ili və daha çox hərbi xidmət etmiş hərbi qulluqçulara 20 il hərbi xidmət üçün müvafiq təminat xərcliyinin-50 faizi, yaşına və ya xəstəliyinə görə hərbi xidmətdən buraxılanlara isə-55 faizi, 20 ildən yuxarı hərbi xidmətin (hərbi xidmətin güzəştli sayılan hissəsi nəzərə alınmaqla) hər ili (il tam olmadıqda isə natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla) üçün müvafiq təminat xərcliyinin - 2 faizi (müvafiq icra hakimiyyəti orqanı sistemində xidmət edən şəxslər üzrə isə - 3 faizi) miqdarında əlavə olunmaqla hesablanır. Qanunun 20.14.1-ci maddəsinə dəyişiklik 10 mart 2017-ci il tarixli 543-VQD saylı Azərbaycan Respublikasının Qanununun 1.71-ci maddəsinə əsasən edilmiş, bundan sonra təminat xərcliyinə əlavələr 2 faizlə hesablanmışdır. Beləliklə Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinə əsasən normativ hüquqi aktlar hüquqa və haqq-ədalətə (bərabər mənafelərə bərabər münasibətə) əsaslanmalıdır. Yalnız dərc edilmiş qanunların tətbiqi və icrası bütün vətəndaşlar, qanunvericilik, icra və məhkəmə hakimiyyəti, hüquqi şəxslər və bələdiyyələr üçün məcburidir. İddiaçının iddia ərizəsində qeyd etdiyi 10 mart 2017-ci il tarixli 543-VQD saylı Azərbaycan Respublikasının Qanununun ona tətbiq olunmaması, həmçinin “Əmək pensiyaları haqqında” Qanunun xx.xx.2017-ci tarixədək qüvvədə olan normalarının iddiaçıya münasibətdə tətbiq olunması Konsitusiyanın 149.1-ci maddəsinə, hüququn ümumi prinsiplərinə ziddi olmaqla, qanunsuz və əsassızdır. Həmçinin iddiaçı öz iddia ərizəsində qanunun geriyə qüvvəsinə istinad etmişdir. Lakin iddiaçının təminat xərcliyindəki artımlar 2019-cu ildə olmuşdur. Sual olunur ki, 2019-cu il tarixdən sonra qəbul edilmiş hansı qanunun geriyə qüvvəsindən söhbət gedir. Bundan başqa İddiaçı bundan əvvəl də eyni əsasla (2018-ci ildəki artımla bağlı) məhkəməyə müraciət etmiş, lakin hər üç instansiyada iddia təmin edilməmişdir. Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-1(118)-1847/2022 nömrəli qərardadı ilə (hakim İsmayıl Quliyev) iddia mümkün sayılmamışdır. Həmin qərardaddan iddiaçı apellyasiya şikayəti verərək qərardadın ləğv edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apellyasiya şikayətinin dəlilləri Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, 2017-ci ildə verilmiş iddia ərizəsində qoyulmuş tələblə hazırkı iddia tələbi arasında fərq mövcuddur və həmin məzmun fərqi onların eyni olmasını istisna edir. Belə ki, birinci iddia ərizəsində “Azərbaycan Respublikası Prezidentinin xx.xx.2018-ci il tarixli 142 saylı Fərmanı ilə təsdiq olunmuş “2017-ci il iyulun 1-dək təyin edilmiş əmək pensiyalarına qulluq stajına görə əlavələrin yenidən hesablanması” Qaydasının 2.5-ci bəndində qeyd olunmuş “20 ildən yuxarı hərbi xidmətin güzəştli sayılan hissəsi ilə birlikdə hər ili (il tam olmadıqda isə natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla) üçün müvafiq təminat xərcliyinin artım məbləğinin 2 faizi miqdarında əlavə olunmaqla hesablanır” müddəasının ona şamil olunmasının qanunsuz sayılması, hazırkı iddia tələbində isə “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun xx.xx.2017-ci il tarixədək qüvvədə olan normaları nəzərə alınmaqla əmək pensiyasının yenidən hesablanması öhdəliyinin cavabdehin üzərinə qoyulması xahiş olunmuşdur. Bu səbəbdən də hesab edir ki, birinci instansiya məhkəməsinin qərardadı ləğv edilməli və iddia tələbi təmin olunmalıdır. b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri Apellyasiya şikayətinə qarşı tərəf etiraz təqdim edərək, şikayətin təmin edilməməsini birinci instansiya məhkəməsinin qərardadının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinin təmin edilməsini, birinci instansiya məhkəməsinin qərardadının ləğv edilərək işə mahiyyəti üzrə baxılmasını xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi X3 apellyasiya şikayətinin təmin edilmədən birinci instansiya məhkəməsinin qəradadının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Tətbiq edilən hüquq Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi: Maddə 35. İddianın mümkünlüyü 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 80. Məhkəmə qərardadları 80.1. Bu Məcəlləyə əsasən barəsində məhkəmə qaydasında şikayət verilə bilən, habelə hüquqi müdafiə vasitələrindən istifadə qaydalarını və müddətini müəyyən edən məhkəmə qərardadları mütləq əsaslandırılmalıdır... Maddə 87. Apellyasiya instansiyası məhkəməsində icraat 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2022-ci il tarixli qərardadı ilə apellyasiya şikayəti mümkün sayılmışdır. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərardadı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan istənilən növ iddia, yalnız onun inzibati prosessual qanunvericiliklə müəyyən edilən mümkünlüyü şərtləri yerinə yetirildiyi halda yolveriləndir. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli 5 saylı qərarında qeyd edilir ki, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. İşin araşdırılması prinsipi bu hallara da şamil olunur. İPM-nin 12.1-ci maddəsinə görə məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. İşdən görünür ki, iddiaçı xx.xx.2010-cu il tarixdə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Daxili Qoşunları Baş İdarəsindən öz arzusu ilə ehtiyata buraxılmış, cavabdehin xx.xx.2010-cu il qərarı ilə ona yaşa görə əmək pensiyası təyin edilmiş, iddiaçıya həmin vaxt qüvvədə olan qanunvericiliyə əsasən 20 ildən yuxarı xidmət ilinin hər ili üçün 3 % miqdarında əlavə müəyyən edildiyindən onun pensiyası təminat xərcliyinin 89 faizi məbləğində müəyyənləşdirilmişdir. Sonradan iddiaçının əmək pensiyasının yenidən hesablanması zamanı iddiaçıya həmin vaxt qüvvədə olan qanunvericiliyə, yəni Azərbaycan Respublikası Prezidentinin xx.xx.2018-ci il tarixli 142 nömrəli fərman ilə təsdiq olunmuş, 2017-ci ilin iyulun 1-dən təyin edilmiş əmək pensiyaları qulluq stajına görə əlavələrin yenidən hesablanma Qaydalarına əsasən 20 ildən yuxarı xidmətinin hər ili üçün əlavənin məbləği 2 % ilə hesablanmışdır. Daha sonra, iddiaçı Vəliyev Ceyhun Tofiq oğlu cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinə qarşı 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsində iddia qaldıraraq, Azərbaycan Respublikasının Prezidentinin xx.xx.2018-ci il tarixli, 142 nömrəli fərmanı ilə təsdiq olunmuş “2017-ci il iyulun 1-dək təyin edilmiş əmək pensiyalarına qulluq stajına görə əlavələrin yenidən hesablanması” qaydasının 2.5-ci bəndində qeyd olunmuş “20 ildən yuxarı hərbi xidmətin güzəştli sayılan hissəsi ilə birlikdə hər ili (il tam olmadıqda isə natamam ildəki iş stajı aylarının sayına mütanasib olaraq hesablanmaqla) üçün müvafiq təminat xərcliyinin artım məbləğinin 2 % miqdarında əlavə olunmaqla hesablanır”, müddəasının iddiaçıya şamil olunmasının qanunsuz sayılması, pensiya təminatının 20 ildən yuxarı hərbi xidmətin güzəştli sayılan hissəsi ilə birlikdə hər ili (il tam olmadıqda natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesblanmaqla) üçün müvafiq təminat xərcliyinin artım məbləğinin 3% miqdarında əlavə olunmaqla pensiyanın yenidən hesablanması, 2018-ci il martın 1-dən etibarən bütün sonrakı dövrlərə şamil olunmaqla xx.xx.2018-ci il tarixədək olan təminat xərcliyi (1406,60 manat) ilə artımdan sonrakı təminat xərcliyi (1520,35 manat) arasındakı fərq məbləğinin (113,75 manat) 76,84 faiz deyil, 89 faizi (101,23 manat) miqdarında müəyyən edilməsi, yaranan fərq məbləğinin hesablanaraq müvafiq kart hesabına köçürülməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat İdarəsinə həvalə edilməsi haqqında qərarın qəbul edilməsini xahiş etmişdir. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-3124/2019 saylı, 14 noyabr 2019cu il tarixli qərarı ilə iddia təmin edilməmişdir və həmin qərar qanuni qüvvəsini almışdır. Hazırkı işdən isə müəyyən olunur ki, iddiaçı eyni predmet üzrə yenidən məhkəmədə iddia qaldırmışdır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılışaraq qeyd edir ki, iddiaçının hazırkı iddiasına mahiyəti üzrə baxılması eyni əsaslarla iddianın rədd edilməsi və iddiaçının yenidən eyni əsaslarla inzibati orqana müraciət edərək imtina alması və yenidən məhkəməyə müraciət etməsi, eyni əsaslarla məhkəmə mübahisəsinin daim davam etməsinə əsas yaradar ki, bu da hüquqi müəyyənlik prinsipinə və ədalət mühakiməsinin məqsədləri ilə ziddiyət təşkil edir. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli 5 saylı qərarında qeyd edilir ki, mahiyyəti üzrə çıxarılmış qərarın hüquqi qüvvəsi iddiaçıya eyni predmet üzrə yenidən tələblə çıxış etmək imkanı vermir. İPM-in 78-ci maddəsinə əsasən mübahisə predmeti barədə qanuni qüvvəyə minmiş məhkəmə qərarı proses iştirakçıları və onların hüquqi varisləri üçün məcburidir. İddiaçı yeni hüquqi əsaslar yarandığı halda pensiyanın yenidən hesasblanmasını tələb edə bilər. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, hazırki işdə birinci instansiya məhkəməsinin qərardadının ləğv olunması üçün apellyasiya şikayətində nəzərdə tutulmuş əsaslar mövcud deyildir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-1(118)-1847/2022 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan inzibati məhkəmə icraatının iştirakçıları rəsmi qaydada təqdim olunduğu gündən 10 (on) gün müddətində Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti 70) vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verə bilər.
Məhkəmə qərarları › İş №2-1(105)-672/2022
Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(105)-672/2022
15.11.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver