Məhkəmə qərarları › İş №2-1(105)-672/2025

Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(105)-672/2025

24.07.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(105)-672/2025 24.07.2025 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sədrlik edən və məruzəçi hakim Hacıyev Vahid Məcid oğlu, hakimlər Babayeva Hökümə Çingiz qızı və Axundov Toğrul Bəhruz oğlundan ibarət tərkibdə, Səfərli Fidan Nuru qızının katibliyi, İddiaçı, cavabdehin nümayəndələri Nümayəndə2 və Nümayəndə1 iştirakı ilə, Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2-1(118)-1179/2025 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq, müəyyən etdi: Sumqayıt İnzibati Məhkəməsinin (hakim Rahim Həsənov) xx.xx.2025-ci il tarixli 2-1(118)- 1179/2025 nömrəli qərarı ilə iddia tələbi təmin edilmiş, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının İddiaçı barəsində qəbul etdiyi ümumi əsaslarla əmək pensiyasının yenidən hesablanması haqqında xx.xx.2024-cü il tarixli 3-17- 1/1-A-48182/2024 nömrəli qərarı ləğv edilmişdir. Cavabdeh apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. İşin halları: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial Ödənişlərin Təyinat üzrə Mərkəzi Filialına qarşı “ümumi əsaslara görə əmək pensiyasının yenidən hesablanması haqqında qərarın ləğv edilməsi” tələbinə dair iddia ərizəsi ilə xx.xx.2024-cü il tarixdə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək, cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının 12 mart 2024-cü il tarixli 3-17-1/2-A-60450/2024 nömrəli məktubuna əsasən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı tərəfindən yaşa görə əmək pensiyasının xx.xx.2021-ci il tarixdən xx.xx.2024-cü il tarixədək artıq ödəmə aşkar edilməsi barədə qərarının ləğv edilməsi, əvvəlki pensiyasının bərpa edilməsi, əvvəlki məbləğdə ona ödənilməsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Daha sonra İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial Ödənişlərin Təyinat üzrə Mərkəzi Filialının “ümumi əsaslara görə əmək pensiyasının yenidən hesablanması haqqında” xx.xx.2024-cü il tarixli 3-17-1/1- A-48182/2024 nömrəli qərarın ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Pensiya” altsistemində olan məlumatlara xx.xx.2006-cı il tarixdən xx.xx.2014-cü il tarixədək onun fərdi hesabının sığorta hissəsində qeydə alınmış 2168,34 manat (2014-cü il tarixinə indeksləşdirilmiş) pensiya kapitalı əsasında əmək pensiyası yenidən hesablanmışdır. Fərdi hesabının sığorta hissəsində qeydə alınmış 2168,34 manat (2014-cü il tarixə indeksləşdirilmiş) pensiya kapitalı əsasında əmək pensiyası yenidən hesablanmışdır. Sonradan işləməyən əmək pensiyaçısı kateqoriyasına keçdiyi üçün xx.xx.2020-ci ildə fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əsasında əmək pensiyası yenidən hesablanmışdır. xx.xx.2024-cü il tarixdə fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əsasında əmək pensiyası yenidən hesablanmışdır. Bu zaman onun pensiya məbləği əsassız olaraq azaldılmışdır. xx.xx.2020-ci ildə fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əsasında əmək pensiyasını yenidən hesablayarkən səhvə yol verildiyi qeyd edilmiş, onun adına aktiv VÖEN olduğu üçün işləyən şəxs kimi qəbul edilməli idi. Qeyd edir ki, ğbu tamamilə əsassızdır. Onun adına VÖEN nömrəsi olsa da, hkeç bir fəaliyyəti olmamış, vergi orqanına bu barədə boş bəyənnamə vermişdir. Sonradan isə VÖEN nömrəsini bağlatmışdır. Hesab edir ki, pensiyasının azaldılması barədə cavabdehin xx.xx.2024-cü il tarixli 3-17-1/1-A-48182/2024 nömrəli qərarın ləğv edilməli, onun əvvəlki pensiya məbləği bərpa edilməlidir. Cavabdehin iddia ərizəsinə qarşı yazılı etirazında qeyd edir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra Qanun) 12.1-ci maddəsinin xx.xx.2013-cü il tarixdə qüvvədə olmuş tələblərinə əsasən iddiaçıya həmin tarixdən əlilliyə görə əmək pensiyası təyin edilmişdir. Qanunun 32.1-1-ci maddəsinə əsasən əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Bu Qanuna uyğun olaraq ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir. Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Pensiya” altsistemində olan məlumatlara xx.xx.2006-cı il tarixdən xx.xx.2014-cü il tarixədək iddiaçının fərdi hesabının sığorta hissəsində qeydə alınmış 2.168,34 manat (2014-cü il tarixə indeksləşdirilmiş) pensiya Kapitalı əsasında əmək pensiyası yenidən hesablanmış və xx.xx.2021-ci il tarixdən (müraciət etdiyiniz tarixdən 3 il əvvələ) 259,78 manat müəyyən edilmişdir. Sözügedən Qanunun 29.1 -ci maddəsinə əsasən əmək pensiyasının sığorta hissəsi, bu Qanunun 20-ci maddəsinə əsasən qulluq stajına görə əmək pensiyasına əlavələr təyin edilmiş əmək pensiyaçılarına münasibətdə, həmin əlavələrlə birlikdə müəyyən edilmiş məbləği ildə bir dəfə ölkə üzrə orta aylıq nominal əməkhaqqının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən illik artım tempinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanının qərarına əsasən indeksləşdirilir. Qeyd olunan maddənin tələblərinə əsasən əmək pensiyasının məbləği indeksləşdirilərək xx.xx.2022-ci il tarixindən 268,61 manata çatdırılmışdır. Həmin Qanuna xx.xx.2023-cü il tarixdən əlavə edilmiş 26.4-cü maddəyə əsasən 2022-ci il üzrə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) əmək :ensiyaçılarına münasibətdə müəyyən etdiyi maddi yardım 2023-cü il yanvarın 1-dən onların əmək pensiyalarının tərkibinə daxil edilməklə, qulluq stajına görə əlavələr alan əmək oensiyaçılarına münasibətdə aylıq maddi yardım məbləğində, digər əmək pensiyaçılarına münasibətdə isə illik maddi yardımın bir aya düşən hissəsi məbləğində hesablanır. Qeyd olunan maddənin tələblərinə əsasən əmək pensiyasının məbləği xx.xx.2023-cü il tarixdən 285,27 manata, eyni zamanda Qanunun 29.1-ci maddəsinə əsasən indeksləşdirilərək 327,21 manata, xx.xx.2024-cü il tarixdən 363,86 manata çatdırılmışdır. Qanunun 37.3.2-ci maddəsinə əsasən əlilliyə görə əmək pensiyasının pensiya təyin olunan günədək qazanılmış məbləği tam ödənilir. Əlilliyə görə pensiya təyin edilmiş şəxs işləməkdə davam edərsə, onun pensiya təyin olunduqdan işləməyən əmək pensiyaçısı Kateqoriyasına keçdiyi tarixədək olan dövr üzrə toplanan pensiya kapitalına və həmin Kateqoriyaya keçdiyi tarixdəki yaşına müvafiq tələb olunan sığorta stajına əsasən bu Qanunun 13cü maddəsinə uyğun olaraq əmək pensiyasının sığorta hissəsi yenidən hesablanır. Qeyd olunan maddənin tələblərinə əsasən bildiririk ki, xx.xx.2024-cü il tarixdən işləməyən əmək pensiyaçısı kateqoriyasına keçdiyi üçün xx.xx.2014-cü il tarixdən xx.xx.2024-cü il tarixədək fərdi hesabının sığorta hissəsində qeydə alınmış 11267,80 manat (2024-cü il tarixə indeksləşdirilmiş) pensiya kapitalı əsasında iddiaçının əmək pensiyasının məbləği yenidən hesablanmış və xx.xx.2024-cü il tarixdən 534,58 manat müəyyən edilmişdir. Qanunun 39.1-ci maddəsinə əsasən əmək pensiyasının və əmək pensiyasına əlavənin artıq ödənilmiş məbləği əmək pensiyaçısından son üç il üçün tutulur. Müraciətinə baxılan zamanı müəyyən olunmuşdur ki, əlilliyə görə əmək pensiyası Qanunun 37.3.2-ci maddəsinin tələbləri pozularaq işləməyən əmək pensiyaçısı kateqoriyasına keçmədiyi halda (aktiv VÖEN: **********) xx.xx.2020-ci il tarixdə yenidən hesablanmışdır. Nəticədə Qanunun 39.1-ci maddəsi tətbiq olunmaqla xx.xx.2021-ci il tarixdən (müraciət etdiyi tarixdən 3 il əvvələ) xx.xx.2024-cü il tarixədək əmək pensiyası üzrə artıq ödəmə müəyyən edilmişdir. Əlavə olaraq bildiririk ki, Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Pensiya” altsistemində əlilliyə görə əmək pensiyası hüququnun yarandığı tarix xx.xx.2014-cü il qeyd edilərək düzəliş edilmişdir. Cavabdehin hərəkətləri qanuni olduğundan iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı qəbul edilmişdir. Apellyasiya şikayətinin dəlilləri və tərəflərin izahatları: Cavabdeh apellyasiya şikayətinin dəlilləri imtina məktubu və iddia ərizəsinə etirazla eynilik təşkil edir. Cavabdeh apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndələri Nümayəndə2 və Nümayəndə1 apellyasiya şikayətini müdafiə etdilər, birinci intansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddia tələbinin rədd edilməsini xahiş etdilər. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətini əsassız hesab etdi və izahatında bildirdi ki, ona xx.xx.2014-cü il tarixdən 3-cü dərəcə əlilliyə görə əmək pensiyası təyin edilmişdir. O, xx.xx.2021-ci il tarixdə ərizə ilə müraciət edərək, işdən azad olunduğu xx.xx.2020-ci il tarixdən fərdi hesabının sığorta hissəsində qeydə alınmış kapital əsasında pensiyanın yenidən hesablanmasını xahiş etmişdir. Həmin müraciət əsasında pensiya məbləği yenidən hesablanmışdır. Daha sonra xx.xx.2024-cü il tarixdə ərizə ilə müraciət edərək, işdən azad olunduğu xx.xx.2024-cü il tarixdən fərdi hesabının sığorta hissəsində qeydə alınmış kapital əsasında pensiyanın yenidən hesablanmasını xahiş etmişdir. Həmin müraciət əsasında xx.xx.2024-cü il tarixdə pensiya məbləği yenidən hesablanarkən səhvə yol verilmiş, onun pensiya məbləği əsassız olaraq azaldılmışdır. Onun adına xx.xx.2020-ci il tarixdə (aktiv VÖEN: **********) olsa da, o, heç vaxt fəaliyyət göstərməmiş və heç bir qazanc əldə etməmişdir. Sonradan isə vergi orqanına müraciət edərək, VÖEN nömrəsini bağlatmışdır. Cavabdehin onun adına aktiv VÖEN olmasını, onu işləyən şəxs olması kimi qiymətləndirməsi tamamilə əsassızdır. Bu səbəbdən cavabdehin xx.xx.2024-cü il tarixli qərarı ləğv edilməlidir. Odur ki, apellyasiya şikayətinin rədd edilməsini və birinci intansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Hüquqi məsələlər: Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri Sumqayıt Apellyasiya Məhkəməsi İnzibati Kollegiyasının xx.xx.2025-ci il tarixli qərardadı ilə apellyasiya şikayəti mümkün sayılmışdır. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. Apellyasiya instansiyasi məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası işdə iştirak edən şəxslərin izahatını dinləyərək, iş materiallarında olan sənədləri araşdırıb, apellyasiya şikayətinin dəlillərinə qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsi iddianı təmin edərkən haqlı olmuş, maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı qərar qəbul etmişdir. Odur ki, apellyasiya şikayəti rədd edilməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, məhkəmə tərəfindən müəyyən edilmiş işin hallarından göründüyü kimi, İddiaçı DSMF-nin Sumqayıt rayon şöbəsinin pensiya və pensiyalara əlavə olunan müavinət təyin edən komissiyasının xx.xx.2014-cü il tarixli qərarına müvafiq olaraq hüququnun yarandığı tarixdən 3-cü dərəcə əlilliyə görə əmək pensiyası təyin edilmişdir. Daha sonra İddiaçı xx.xx.2021-ci il tarixdə ərizə ilə müraciət edərək, işdən azad olunduğu xx.xx.2020-ci il tarixdən fərdi hesabının sığorta hissəsində qeydə alınmış kapital əsasında pensiyanın yenidən hesablanmasını xahiş etmişdir. Həmin müraciət əsasında pensiya məbləği yenidən hesablanmışdır. Daha sonra İddiaçı xx.xx.2024-cü il tarixdə ərizə ilə müraciət edərək, işdən azad olunduğu xx.xx.2024-cü il tarixdən fərdi hesabının sığorta hissəsində qeydə alınmış kapital əsasında pensiyanın yenidən hesablanmasını xahiş etmişdir. Həmin müraciət əsasında xx.xx.2024-cü il tarixdə pensiya məbləği yenidən hesablanmışdır. Cavabdeh inzibati orqan bildirir ki, İddiaçı müraciət əsasında aparılmış araşdırma zamanı ona təyin edilmiş əmək pensiyasının işləməyən əmək pensiyaçı kateqoriyasına keçmədiyi halda (aktiv VÖEN: **********) xx.xx.2020-ci il tarixdə yenidən hesablandığı aşkar edilmiş və xx.xx.2021-ci il tarixdən (müraciət etdiyi tarixdən 3 il əvvələ) xx.xx.2024-cü il tarixədək əmək pensiyası üzrə 2.700,09 manat artıq ödəmə müəyyən edilmişdir. Bu səbəbdən xx.xx.2006-cı il tarixdən xx.xx.2014-cü il tarixədək iddiaçının fərdi hesabının sığorta hissəsində qeydə alınmış 2.168,34 manat (2014-cü il tarixə indeksləşdirilmiş) pensiya kapitalı əsasında əmək pensiyası yenidən hesablanmış və xx.xx.2021-ci il tarixdən (müraciət etdiyi tarixdən 3 il əvvələ) 259,78 manat müəyyən edilmişdir. Daha sonra əmək pensiyasının məbləği indeksləşdirilərək xx.xx.2022-ci il tarixdən 268,61 manata, xx.xx.2023-cü il tarixdən 327,21 manata, xx.xx.2024-cü il tarixdən 363,86 manata çatdırılmışdır. İddiaçı xx.xx.2024-cü il tarixdən işləməyən əmək pensiyaçısı kateqoriyasına keçdiyi üçün xx.xx.2014-cü il tarixdən xx.xx.2024-cü il tarixədək fərdi hesabının sığorta hissəsində qeydə alınmış 11.267,80 manat (2024-cü il tarixə indeksləşdirilmiş) pensiya kapitalı əsasında iddiaçının əmək pensiyasının məbləği yenidən hesablanmış və xx.xx.2024-cü il tarixdən 534,58 manat müəyyən edilmişdir. Bu barədə xx.xx.2024-cü il tarixdə Mərkəzi Filial tərəfindən qərar qəbul edilmişdir. Hazırda ona ödənilən pensiya məbləği 577.88 manat təşkil edir. İddiaçı cavabdehin mövqeyi ilə razılaşmamış və Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının İddiaçı barəsində qəbul etdiyi ümumi əsaslarla əmək pensiyasının yenidən hesablanması haqqında xx.xx.2024-cü il tarixli 3-17- 1/1-A- 48182/2024 nömrəli qərarın ləğv edilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı bildirir ki, o, xx.xx.2021-ci il tarixdə ərizə ilə müraciət edərək, işdən azad olunduğu xx.xx.2020-ci il tarixdən fərdi hesabının sığorta hissəsində qeydə alınmış kapital əsasında pensiyanın yenidən hesablanmasını xahiş etmişdir. Həmin müraciət əsasında pensiya məbləği yenidən hesablanmışdır. Daha sonra xx.xx.2024-cü il tarixdə ərizə ilə müraciət edərək, işdən azad olunduğu xx.xx.2024-cü il tarixdən fərdi hesabının sığorta hissəsində qeydə alınmış kapital əsasında pensiyanın yenidən hesablanmasını xahiş etmişdir. Həmin müraciət əsasında xx.xx.2024-cü il tarixdə pensiya məbləği yenidən hesablanarkən səhvə yol verilmiş, onun pensiya məbləği əsassız olaraq azaldılmışdır. Onun adına xx.xx.2020-ci il tarixdə (aktiv VÖEN: **********) olsa da, o, fəaliyyət göstərməmiş və heç bir qazanc əldə etməmişdir. Sonradan isə vergi orqanına müraciət edərək, VÖEN nömrəsini bağlatmışdır. Cavabdehin onun adına aktiv VÖEN olmasını, onu işləyən şəxs olması kimi qiymətləndirməsi tamamilə əsassızdır. Bu səbəbdən cavabdehin xx.xx.2024-cü il tarixli qərarı ləğv edilməlidir. Məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətinin dəlilləri əsassız hesab edir və iddiaçının dəlilləri ilə razılaşaraq qeyd edir ki, iddiaçı xx.xx.2020-ci il tarixdə işdən azad edildiyinə görə müraciət əsasında onun əmək pensiyasının işləməyən əmək pensiyaçısı kimi yenidən hesablanarkən cavabdeh düzgün qərar qəbul etmişdir. Lakin sonradan cavabdeh inzibati orqan iddiaçının adına xx.xx.2020-ci il tarixdə (aktiv VÖEN: **********) olmasını əsas gətirərək, xx.xx.2020-ci il tarixdə pensiyanın yenidən hesablanması zamanı səhvə yol verildiyini qeyd etməklə, “ümumi əsaslara görə əmək pensiyasının yenidən hesablanması haqqında” xx.xx.2024-cü il tarixli qərarı ilə iddiaçının pensiya məbləğini azaldarkən səhvə yol vermiş, əsassız və qanunsuz olaraq iddiaçının pensiya məbləğini azaltmışdır. İddiaçı xx.xx.2020-ci il tarixdən işləməyən şəxs olduğu halda, cavabdeh inzibati orqanın yalnız iddiaçının həmin vaxt adına aktiv VÖEN olmasını əsas götürməklə, onu işləyən şəxs kimi qəbul etməsi əsassız olmuşdur. 2 saylı Ərazi Vergilər Baş İdarəsinin xx.xx.2024-cü il tarixli 3-21-2-9/2-50269/2024 nömrəli məktubla məhkəmənin “İddiaçı Yunis oğlunun (VÖEN: **********) fəaliyyəti barədə məlumatın verilməsinə dair” sorğusuna cavab verərək bildirmişdir ki, vergi ödəyicilərinin uçot-baza məlumatlarına əsasən İddiaçı Yunis oğlu (VÖEN: **********) xx.xx.2020-ci il tarixdə vergi ödəyicisi kimi uçota alınmışdır və vergi ödəyicisinin fəaliyyəti xx.xx.2024-cü il tarixdən xx.xx.2074-cü il tarixədək dayandırılmışdır. Vergi ödəyicisinin fəaliyyətinin aktiv olduğu xx.xx.2020-ci il tarixdən xx.xx.2024-cü il tarixədək olan dövr üzrə vergi orqanına yalnız 2020-ci il üçün 0,0 (sıfır) manat dövriyyə məbləği ilə gəlir vergisi bəyannaməsi təqdim etmişdir. Cavabdeh inzibati orqan “ümumi əsaslara görə əmək pensiyasının yenidən hesablanması haqqında” xx.xx.2024-cü il tarixli 3-17-1/1-A48182/2024 nömrəli qərarı qəbul edərkən “İnzibati icraat haqqında” Qanunun 67.12-ci maddəsinin tələblərinə də əməl etməmiş, imtina məktubunda, iddiaya etirazında və şikayətində hansı hallara görə xx.xx.2021-ci il tarixdə qəbul etdiyi qərarın qanunsuz olmasını və həmin halların məhz xx.xx.2024-cü il tarixli qərarı qəbul edərkən 1 (bir) il müddətində ona məlum olmasını bildirməmiş, həmin normanın pozuntusunun baş vermədiyini əsaslandırmamışdır. Digər tərəfdən, qanunverici cavabdehin inzibati aktın ləğv edilməsinə və ya dəyişdirilməsinə dair müddətin axımının başlanmasını buna dair əsasın ona məlum olduğu, yəni bildiyi və ya bilməli olduğu vaxtla şərtləndirir. Bu zaman bildiyi və ya bilməli olduğu vaxtın fərqli vəziyyətlər olduğu da nəzərə alınmalıdır. Bildiyi hal elə bir hüquqi faktdır ki, inzibati orqan rəsmi mənbədən özünün əvvəlki qərarının qanunsuz olduğu nəticəsinə gəlməyə əsas verən məlumat alır. Həmin məlumatın hansı orqandan və hansı mənbədən əldə olunması hər hansı bir əhəmiyyət kəsb etmir. Bu zaman əhəmiyyət kəsb edən həmin məlumatın inzibati orqana məlum olması anıdır. Bilməli olduğu hal isə elə hüquqi faktdır ki, inzibati orqanın bu hüquqi fakt barədə məlumatının olmaması həyatın adi axarı və müvafiq sahədə tətbiq olunan yerləşmiş idarəçilik qaydaları nəzərə alındıqda, ağlabatan olmamaqla mümkünsüzdür. Digər tərəfdən isə nəzərə almaq lazımdır ki, inzibati aktın ləğvini və ya dəyişdirilməsini şərtləndirən halların məlum olduğu vaxtın başlanğıcının düzgün müəyyən edilməsi həlledici əhəmiyyət kəsb edir. Ona görə də, məhkəmələr bu anı yalnız mötəbər sübutlara əsaslanmaqla müəyyənləşdirməlidir. Bunun üçün ilk növbədə, qanunsuzluğu iddia olunan aktın ləğv edilməsinə və ya dəyişdirilməsinə səbəb olan halın (halların) məhz nələrdən ibarət olduğu, inzibati orqanın hansı hallara istinad etdiyi dəqiq aydınlaşdırılmalıdır. Belə halların nələrdən ibarət olduğunu bildirmək vəzifəsi inzibati orqanın üzərinə düşür. Daha sonra qiymətləndirilməli olan məsələ sözügedən halın inzibati orqanın yuxarıda göstərilən bildiyi və ya bilməli olduğu hallardan hansına aid olduğunu müəyyənləşdirməkdən ibarətdir. Qeyd edilənlərin hazırkı işə tətbiqi ilə bağlı nəzərə alınmalıdır ki, pensiya təminatı sistemi dövlətin həyata keçirdiyi sosial müdafiə siyasətinin ən mühüm və əsas istiqamətlərindən biridir və cavabdeh inzibati orqan dövlətin ona verdiyi səlahiyyətə əsasən bu təminatın reallaşdırılması üçün zəruri olan bütün addımları atmaqda mükəlləfdir. Digər inzibati orqanlar kimi pensiya təminatını həyata keçirən cavabdeh də öz fəaliyyət sferasına aid bütün normativ hüquqi aktları dəqiq bilməli və onları düzgün tətbiq etməlidir. Məhkəmə onu da qeyd edir ki, cavabdeh iddiaçının əmək pensiyasına münasibətdə istinad etdiyi yanlışlığı nə zaman bilməsi və həmin anın ona məlum olması vaxtı barədə hər hansı sübut təqdim etməmişdir. Halbuki, qeyd olunduğu kimi inzibati icraat haqqında qanunvericilik əlverişli inzibati aktın sonradan qanunsuzluğunun müəyyən olunması zamanı, həmin aktın ləğv edilməsinin və ya dəyişdirilməsinin mümkünlüyünü nəzərdə tutsa da, bunu “İnzibati icraat haqqında” Qanunun 67.6.1-ci maddəsindəki hallar istisna olmaqla, 1 (bir) illik zaman dilimi ilə məhdudlaşdırmışdır. Beləliklə, qanunverici müxtəlif obyektiv və subyektiv səbəblərə görə inzibati orqanın da yanlış hərəkət etmə ehtimalının olduğunu qəbul edir, lakin bu yanlış hərəkət barədə məlumatın aşkara çıxarıldığı gündən bir il ərzində qüvvədə olan, ləğv edilməmiş və ya geri çağırılmamış aktı ləğv etmə və ya dəyişdirmə imkanını təsbit edir. Qanunverici belə vəziyyətdə inzibati aktın qanunsuzluğuna səbəb olmuş halların konkret nələrdən ibarət olduğunu və həmin halların məlum olma vaxtı barədə sübutetmə yükünü inzibati orqanın üzərinə qoyur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 28 aprel tarixli 175 nömrəli qərarı ilə təsdiq edilmiş “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydası”nın 6.1.4-cü bəndinə görə əmək pensiyasının yenidən hesablanmasına əsas olan hallardan biri də Fondun fəaliyyət istiqamətlərinə uyğun olaraq apardığı yoxlamalar nəticəsində əmək pensiyasının məbləğinin düzgün hesablanmadığının aşkar edilməsi halıdır.Məhkəmə qeyd edir ki, pensiya təyin edildikdən sonra pensiya təyinatını həyata keçirən orqan sonradan apardığı yoxlamalar nəticəsində əmək pensiyasının düzgün təyin edilmədiyini aşkar etdikdə, bununla bağlı şəxsin pensiya işində pensiya təyin olunmasına əsas olan hər hansı sübutun mötəbərliyini şübhə altına aldığı təqdirdə “İnzibati icraat haqqında” Qanunun 67.12-ci maddəsinin müddətlə bağlı tələblərini nəzərə almaqla qərar qəbul edə bilər. Məhkəmə kollegiyası qeyd edir ki, inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini şərtləndirən halların inzibati orqana məlum olduğu gündən 1 (bir) il ərzində müvafiq qərar qəbul etməyə dair qanundakı imperativ göstərişin təyinatı və məqsədi subyektiv hüquqların və qanuni mənafelərin müdafiəsilə bağlı hüquqi müəyyənliyin təmin olunmasına xidmət etməklə yanaşı, həm də münasibət iştirakçılarının məsuliyyət hissinin artırılmasına, yarana biləcək laqeyd, səhlənkar münasibətin aradan qaldırılmasına və suiistifadə hallarının qarşısının alınmasına, xüsusən də səmərəli, proqnozlaşdırıla bilən və vətəndaşların etimadının qorunduğu dövlət idarəçiliyinin təmin edilməsinə yönəlmişdir. Əks yanaşma, milli və beynəlxalq hüquqla müəyyən edilmiş sosial təminat hüququna dair insan və vətəndaş hüquqlarının pozulması ilə nəticələnə bilər. Cavabdeh inzibati orqanın əmək pensiyasının məbləğinin düzgün hesablanmadığı barədə uzun müddət hərəkətsizlik edərək susqunluq göstərməsi, etimad hüququnu zədələyəcək şəkildə özlərinin həyat şəraitlərini aldıqları pensiya təminatına görə planlaşdırmış həssas kateqoriyaya aid şəxslərin ziyanına şərh edilə bilməz. Dövlət orqanlarından etimad hüququ çərçivəsində gözlənilən onların vaxtında, uyğun və ardıcıl şəkildə hərəkət etmək öhdəliyinə riayət etmələridir. Vətəndaşlar “İnzibati icraat haqqında” Qanunun 67.6-cı maddəsində sadalanmış hallar istisna olmaqla prinsipcə, onların xeyrinə çıxarılmış yekun əlverişli inzibati aktların və həmin aktlardan irəli gələn tətbiq tədbirlərinin etibarlılığına güvənə bilməlidirlər. Həmin güvən etimad hüququnu yaratmaqla qanunla müəyyən edilmiş həddlərdə qorunur. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedent hüququna görə də, “lazımi idarəetmə” prinsipi hakimiyyət orqanlarının operativ şəkildə öz səhvlərini, hətta onların özlərinin diqqətsizliyi nəticəsində yaranan səhvlərini düzəltməsinin qarşısını almamalıdır. Lakin köhnə “səhv”in düzəldilməsi zərurəti, dövlət orqanının hərəkətinin qanuniliyinə etibar edən vicdanlı şəxsin yeni hüququna tənasübsüz şəkildə maneə törətməməlidir. Başqa sözlə, öz prosedurlarını tətbiq etməyən və ya onlara riayət etməyən dövlət orqanları öz hüquq pozuntularından fayda götürmək və ya öz vəzifələrindən yayınmaq hüququna malik olmamalıdırlar. Dövlət orqanları tərəfindən yol verilən istənilən səhvin riskini dövlətin özü daşımalı və səhvlər maraqlı şəxslərin hesabına düzəldilməməlidir (Beinaroviç və digərləri Litvaya qarşı iş üzrə, 2018-ci il 12 iyun tarixli Qərar, §140). Cavabdehin istinad etdiyi əmək pensiyasının təyin edilməsinin düzgün olmadığı vaxtdan 1 (bir) ildən çox müddət keçdiyindən və səhv təyin edilməyə səbəb olan hal elə həmin vaxt pensiya təyin edən orqana məlum olduğundan, eləcə də məlum olma halını digər bir tarix kimi müəyyən etmək üçün cavabdeh tərəfindən hər hansı sübut təqdim edilmədiyindən, habelə qərarın ləğv edilməsi üçün “İnzibati icraat haqqında” Qanunun 67.6.1-ci maddəsində sadalanan hallar olmadığından, cavabdeh inzibati orqanın əvvəllər qəbul etdiyi qərarı dəyişdirməsi qanuni sayıla bilməz. Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinə əsasən hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabilyyətini itirdiyinə, işsizliyə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. “İnsan hüquqları haqqında” Ümumi Bəyannamənin 22-ci maddəsinə uyğun olaraq, hər bir insanın cəmiyyətin bir üzvü kimi, sosial təminat, milli səylər və beynəlxalq əməkdaşlıq əsasında, hər bir ölkənin strukturuna və ehtiyatlarına müvafiq olaraq, ləyaqətinin qorunması, şəxsiyyətinin azad inkişafı üçün zəruri olan iqtisadi, sosial və mədəni hüquqlarını həyata keçirmək hüququ vardır. “İqtisadi, sosial və mədəni hüquqlar haqqında” Beynəlxalq Paktın 9-cu maddəsində nəzərdə tutulmuşdur ki, hər bir şəxsin sosial təminat hüququ var. “Andreyeva Latviyaya qarşı” işində İnsan Hüquqları üzrə Avropa Məhkəməsi birmənalı olaraq hesab etmişdir ki, dövlət pensiya proqramını tətbiq etməyə başlayanda, ondan irəli gələn şəxsi hüquqlar və maraqlar, pensiya ödənişləri etməsindən və pensiya proqramının maliyyələşmə vasitələrindən asılı olmayaraq, 1 saylı Protokolun 1-ci maddəsi ilə əhatə edilmişdir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 13.1-ci maddəsinə əsasən inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. Qanunun 13.3-cü maddəsinə əsasən müəyyən inzibati aktın sonradan qəbul edilməsi və ya qəbul edilməməsi ilə bağlı səlahiyyətli inzibati orqanların vədlərinə, bəyanatlarına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. Qanunun 13.4-cü maddəsinə əsasən inzibati orqanların bu Qanunun 13.3-cü maddəsində nəzərdə tutulmuş vədləri və ya bəyanatları yalnız yazılı formada olduqda etibarlı təminat sayılır və şəxsin etimad hüququnun əsasını təşkil edir. Bu Qanunun 63-cü və 67-69-cu maddələri də təminatlara şamil olunur. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin bir sıra qərarlarında formalaşdırdığı hüquqi mövqeyə əsasən, dövlət orqanı tərəfindən yol verilən səhvlərə görə məsuliyyəti dövlət daşıyır və belə səhvlər maraqlı şəxsin hesabına düzəldilə bilməz (Gashi Xorvatiyaya qarşı iş üzrə xx.xx.2007ci il tarixli, §40 və Stolyarova Rusiya Federasiyasına qarşı iş üzrə xx.xx.2015-ci il tarixli, §49 Qərarlar). Kollegiya, eyni zamanda qeyd edir ki, hazırkı işin halları ilə oxşar mübahisəyə münasibətdə hüququn tətbiqinə dair vahid məhkəmə təcrübəsi də mövcuddur. Vahid məhkəmə təcrübəsini müəyyən edən Azərbaycan Respublikası Ali Məhkəməsi İnzibati Kollegiyasının xx.xx.2024-cü il tarixli 2-1(102)-3135/2024 nömrəli nişanlanmış (***) qərarının 56-58-ci abzaslarında qeyd olunmuşdur:

56. Məhkəmə kollegiyası qeyd edir ki, inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini şərtləndirən halların inzibati orqana məlum olduğu gündən 1 (bir) il ərzində müvafiq qərar qəbul etməyə dair qanundakı imperativ göstərişin təyinatı və məqsədi subyektiv hüquqların və qanuni mənafelərin müdafiəsilə bağlı hüquqi müəyyənliyin təmin olunmasına xidmət etməklə yanaşı, həm də münasibət iştirakçılarının məsuliyyət hissinin artırılmasına, yarana biləcək laqeyd, səhlənkar münasibətin aradan qaldırılmasına və sui-istifadə hallarının qarşısının alınmasına, xüsusən də səmərəli, proqnozlaşdırıla bilən və vətəndaşların etimadının qorunduğu dövlət idarəçiliyinin təmin edilməsinə yönəlmişdir. Əks yanaşma, milli və beynəlxalq hüquqla müəyyən edilmiş sosial təminat hüququna dair insan və vətəndaş hüquqlarının pozulması ilə nəticələnə bilər. Cavabdeh inzibati orqanın əmək pensiyasının məbləğinin düzgün hesablanmadığı barədə uzun müddət hərəkətsizlik edərək susqunluq göstərməsi, etimad hüququnu zədələyəcək şəkildə özlərinin həyat şəraitlərini aldıqları pensiya təminatına görə planlaşdırmış həssas kateqoriyaya aid şəxslərin ziyanına şərh edilə bilməz. Dövlət orqanlarından etimad hüququ çərçivəsində gözlənilən onların vaxtında, uyğun və ardıcıl şəkildə hərəkət etmək öhdəliyinə riayət etmələridir. Vətəndaşlar “İnzibati icraat haqqında” Qanunun 67.6-cı maddəsində sadalanmış hallar istisna olmaqla prinsipcə, onların xeyrinə çıxarılmış yekun əlverişli inzibati aktların və həmin aktlardan irəli gələn tətbiq tədbirlərinin etibarlılığına güvənə bilməlidirlər. Həmin güvən etimad hüququnu yaratmaqla qanunla müəyyən edilmiş həddlərdə qorunur.

57. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedent hüququna görə də, “lazımi idarəetmə” prinsipi hakimiyyət orqanlarının operativ şəkildə öz səhvlərini, hətta onların özlərinin diqqətsizliyi nəticəsində yaranan səhvlərini düzəltməsinin qarşısını almamalıdır. Lakin köhnə “səhv”in düzəldilməsi zərurəti, dövlət orqanının hərəkətinin qanuniliyinə etibar edən vicdanlı şəxsin yeni hüququna tənasübsüz şəkildə maneə törətməməlidir. Başqa sözlə, öz prosedurlarını tətbiq etməyən və ya onlara riayət etməyən dövlət orqanları öz hüquq pozuntularından fayda götürmək və ya öz vəzifələrindən yayınmaq hüququna malik olmamalıdırlar. Dövlət orqanları tərəfindən yol verilən istənilən səhvin riskini dövlətin özü daşımalı və səhvlər maraqlı şəxslərin hesabına düzəldilməməlidir (Beinaroviç və digərləri Litvaya qarşı iş üzrə, 2018-ci il 12 iyun tarixli Qərar, §140).

58. Beləliklə, əmək pensiyasının məbləğinin düzgün hesablanmadığı vaxtdan 1 (bir) ildən çox müddət keçdiyindən və səhv hesablamaya səbəb olan hal elə həmin vaxt pensiya təyin edən orqana məlum olduğundan, eləcə də məlum olma halını digər bir tarix kimi müəyyən etmək üçün cavabdeh tərəfindən hər hansı sübut təqdim edilmədiyindən, habelə qərarın ləğv edilməsi üçün “İnzibati icraat haqqında” Qanunun 67.6.1-ci maddəsində sadalanan hallar olmadığından, cavabdeh inzibati orqanın əvvəllər qəbul etdiyi qərarı dəyişdirməsi qanuni sayıla bilməz. Göründüyü kimi, cavabdeh inzibati orqanın iddaçının müraciətinin təmin edilməsindən imtinası əsassız və qanunsuz olmaqla sonuncunun qanunla qorunan hüquqlarını pozmuşdur. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, cavabdeh inzibati orqanın iddiaçının barəsində ümumi əsaslara görə əmək pensiyasının yenidən hesablanması haqqında xx.xx.2024-cü il tarixli qərarı qanunsuz və əsassız olmuşdur. Odur ki, cavabdehin apellyasiya şikayətinin dəlilləri əsassızdır. Həmin dəlillər birinci instansiya məhkəməsinin qərarının ləğvi üçün qanuni əsas ola bilməz. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Qərara aldı:

Cavabdehin apellyasiya şikayəti rədd edilsin. Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2-1(118)-1179/2025 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın.

Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi gündən) 1 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri Sülh prospekti 70) vasitəsilə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar