Məhkəmə qərarları › İş №2-1(105)-673/2022

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(105)-673/2022

25.11.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-1(105)-673/2022 25.11.2022 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sədrlik edən və məruzəçi-hakim Babayeva Hökümə Çingiz qızı Məmmədov Zahid Tahir oğlu və Məmmədov Fuad Əli oğlundan ibarət tərkibdə, Hüseynli Aydın Hüseyn oğlunun katibliyi, İddiaçı, İddiaçının vəkili X7, Üçüncü şəxsin nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 2 saylı Sumqayıt Ərazi İdarəsinə qarşı “mənzilin özəlləşdirilməsinin və çıxarışın etibarsız hesab edilməsi” tələbinə dair Sumqayıt İnzibati Məhkəməsinin 18 avqust 2022-ci il tarixli, 2-1(118)-2170/2022 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. İŞİN HALLARİ: İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 2 saylı Sumqayıt Ərazi İdarəsinə ərizə ilə müraciət edərək Sumqayıt şəhəri, 5-ci mikrorayon, ev 4B/28 ünvanında yerləşən 38 saylı mənzilə dair X1 adına verilmiş çıxarışın ləğv edilməsini xahiş etmişdir. Cavabdeh 07 iyun 2022-ci il tarixli, **********03 saylı məktubu ilə iddiaçının müraciətinin icrasından imtina etmişdir. İmtina onunla əsaslandırılmışdır ki, sözügedən daşınmaz əmlak üzərində X1 mülkiyyət hüququ qanunla müəyyən edilmiş qaydada müvafiq hüquqmüəyyənedici sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçmişdir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 2.3 və 2.4-cü maddəsinə əsasən, qeyd edilən məsələ ilə bağlı məhkəməyə müraciət edilməsi tövsiyə edilmişdir. Bundan sonra iddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə ünvan 1 ünvanında yerləşən 38 saylı mənzilin özəlləşdirilməsinin və X1 adına verilmiş çıxarışın etibarsız hesab edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İŞ ÜZRƏ QƏBUL OLUNMUŞ MƏHKƏMƏ AKTLARİ a) Birinci instansiya məhkəməsindəki icraat İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı xx.xx.1999-cu il tarixdə X4 ilə rəsmi nikaha daxil olmuşdur. xx.xx.2021-ci il tarixdə həyat yoldaşı R.Ş.İsmayılov vəfat etmişdir. İddiaçının ərindən qalan miras əmlaka dair vərəsəlik işi açılanda məlum olmuşdur ki, Sumqayıt şəhər XDS İK-nin 22 aprel 1983-cü il tarixli 8 saylı protokol qərarına əsasən R.İddiaçı verilmiş Sumqayıt şəhəri, 5-ci mikrorayon, 4B/28 saylı evdə yerləşən 38 saylı mənzil onun birinci nikahından olan oğlu X5 tərəfindən özəlləşdirilmiş, buna əsasən sonuncuya çıxarış verilmişdir. Mübahisəli mənzil ölən günə qədər mərhum həyat yoldaşının adında olduğu üçün həmin mənzil də miras kütləsinə daxil edilməli olduğu halda, Ş.R.İsmayılov qanunsuz olaraq mənzili atasının ölümündən sonra özəlləşdirmiş, miras kütləsinə dair mənzilə vərəsəlik şəhadətnaməsi alınmadan, vərəsələr müəyyən edilmədən, adına order olan şəxs vəfat etdiyi halda mənzilin icarə müqaviləsi və sərəncamı ailə üzvlərindən birinin adına keçirilmədən həmin mənzilə dair digər şəxsə çıxarış verilmişdir. O, çıxarışın ləğv edilməsi tələbinə dair ümumi məhkəmədə iddia qaldırmış, Sumqayıt Şəhər Məhkəməsi onun iddiasını təmin etməmiş, Sumqayıt Apellyasiya Məhkəməsinin qərardadı ilə həmin qətnamə ləğv edilmiş, mübahisə inzibati xarakterli hesab edilərək iş üzrə icraata xitam verilmişdir. Bundan sonra cavabdehə çıxarışın ləğv edilməsi ilə bağlı müraciət etmiş, lakin ona imtina cavabı verilmişdir. Hesab edir ki, həmin mənzil miras kütləsinə daxil olduğu, eləcə də order adına olan şəxs, əsas kirayəçi öldüyü halda, cavabdeh qanunun tələblərini pozaraq mənzili özəlləşdirmiş və çıxarış vermişdir. Çünki, ölən günə qədər evi özəlləşdirməmiş şəxs vəfat edibsə, bu zaman həmin mənzil miras əmlak olur, digər şəxslərin adına yalnız vərəsəliklə keçə bilir. Bunun üçün miras qoyanın vərəsələri notariat kontorunda vərəsəlik işi açdırmalı, bundan sonra ölən mülkiyyət sənədinin alması üçün Reyestr Xidmətinə müraciət edib çıxarış almalı, həmin çıxarışı notariusa təqdim edərək bu mənzilə dair vərəsəlik barədə şəhadətnamə almalı və yalnız bundan sonra vərəsələrin adına çıxarış verilməlidir. Qeyd edir ki, mübahisəli mənzil miras kütləsinə daxil edilməli olduğu, iddiaçı da ərinin əmlakına vərəsəlik açdırdığı üçün, həmin mənzilə dair verilmiş çıxarışı mübahisələndirmək üçün subyektiv hüquqa malik olmuşdur və bu halda mənzil özəlləşdirildiyi üçün onun və uşaqlarının həmin mənzilə olan vərəsəlik və mülkiyyət hüquqları pozulmuşdur. Cavabdeh orqan iddia ərizəsinə etiraz edərək etirazı imtina məktubu ilə eyni məzmunda əsaslandırmışdır. Sumqayıt İnzibati Məhkəməsinin 18 iyul 2022-ci il tarixli, 2-1(118)-2170/2022 nömrəli qərardadı ilə X5 üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilmişdir (hakim V.Əzizova). Sumqayıt İnzibati Məhkəməsinin 18 avqust 2022-ci il tarixli, 2-1(118)-2170/2022 nömrəli qərarı ilə iddia təmin edilməmişdir. (hakim V.Əzizova). Qərardan narazı qalan iddiaçı apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək iddianın təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a) Apellyasiya şikayətinin dəlilləri İddiaçı apellyasiya şikayətini iddia ərizəsinə etirazla eyni məzmunda əsaslandırmış və əlavə olaraq qeyd etmişdir ki, iddianı rədd edərkən məhkəmə ona əsaslanmışdır ki, “iddiaçının ərinin sağlığında mübahisəli mənzil dövlət mülkiyyətində olduğundan miras kütləsinə daxil olmamışdır, mənzil xüsusi mənzil fonduna aid edilmədiyindən vərəsəlik münasibətlərindən söhbət gedə bilməz. Mənzil dövlət mənzil fonduna aid olmaqla icarədarı mərhum R.İsmayılov olmuş və onun vəfatından sonra mənzildə qeydiyyatda olan oğlu Ş.İsmayılov tərəfindən özəlləşdirilmişdir”. Bu zaman məhkəmə “Daşınmaz əmlakın dövlət reyestri haqqında” AR Qanununun 8-ci maddəsinə əsaslanmışdır. Həmin maddi normada göstərilmişdir ki, “Azərbaycan Respublikasının Mənzil Məcəlləsi qüvvəyə minənədək (2009-cu il oktyabrın 1-dək) dövlət və ya ictimai mənzil fondundan yaşayış sahəsinin verilməsinə dair müvafiq icra hakimiyyəti orqanının sərəncamı, order və ya mənzil kirayəsi müqaviləsi həmin əsaslardan biridir. İstinad edilən maddi normanın məzmunundan görünür ki, dövlət fonduna məxsus mənzilin özəlləşdirilməsi üçün hüquqi əsas order və ya mənzil kirayəsi müqaviləsidir. Bu maddi norma mənzil özəlləşdirilərkən tələb edilən hüquqi sənədi müəyyən edir. Amma, həmin Qanunun 15.1.3. maddəsində göstərilir ki, hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə, hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilməlidir. Hesab edir ki, məhkəmə iddianı rədd edib cavabdehin hərəkətlərini qanuni hesab edərkən bu maddi normanın tələblərini pozmuşdur. Belə ki, Qanunun tələblərinə görə mənzil özəlləşdirilərkən ərizəni adına order və ya kirayə müqaviləsi olan şəxs verməlidir. İş materiallarından isə görünür ki, mənzilin orderi və kirayə müqaviləsi mərhum ərinin adına olmuşdur. Üçüncü şəxsin adına nə order, nə də kirayə müqaviləsi olmuşdur. Bu halda mənzilə dair hüquqların qeydiyyatı barədə ərizəni buna hüququ olmayan şəxs vermişdir və Qanunun 15.1.3. maddəsinə əsasən bu qeydiyyatın aparılmasından imtina edilməli olduğu halda, cavabdeh bunu etməmiş, hüquqları qeydiyyata almış və çıxarış vermişdir. Lakin, məhkəmə bu tələblərə düzgün hüquqi qiymət vermədən cavabdehin hərəkətlərini qanuni hesab etmişdir. Mənzilin orderi AR Mənzil Məcəlləsinin 48-ci maddəsinə əsasən (2009-cu ilə qədər qüvvədə olmuş) yalnız mənzilə köçmək üçün əsasdır. Mənzilə olan hüquqlar isə XDS İK-nin qərarı və bu qərara əsasən MİS-lərdə tərtib edilmiş kirayə (icarə) müqaviləsi ilə yaranır. Təsadüfi deyil ki, AR Mənzil Məcəlləsində dövlət fondunda olan mənzillərin sahibi olan XDS İK icarəçi, həmin mənzilin ayrıldığı şəxs isə icarədar kimi adlandırılmışdır. Mübahisəli mənzilin isə icarədarı mərhum həyat yoldaşı olmuşdur və ölən gününə qədər də mənzilin ayrılması barədə qərar və kirayə müqaviləsi mərhum ərinin adına olmaqla mənzilin icarədarı o, olmuşdur. “İcarə haqqında” AR Qanununun 13-cü maddəsinə əsasən, icarəçi vəfat etdikdə icarə müqaviləsi üzrə onun hüquqları onunla birlikdə yaşamış və işləmiş ailə üzvlərindən birinə keçir, bu şərtlə ki, həmin ailə üzvü icarəçi olmağa razı olsun. Həmin maddi normanın məzmunundan da aydın olur ki, icarəçi hüquqları icarəçinin vəfatından sonra onun ailə üzvlərinə keçir. Bu halda əri öldükdən sonra onun hüquqları ölənə qədər onunla yaşamış və təsərrüfatı idarə etmiş ailə üzvü kimi iddiaçıya keçməli idi. Üçüncü şəxs isə mərhum əri ilə yaşamadığı və onunla təsərrüfat idarə etmədiyi üçün ərinin mübahisəli mənzilə hüququ olmamışdır. Bu hallar işin hallarında və maddi normaların məzmun və tələblərində öz əksini tapmasına baxmayaraq, məhkəmə iddia üzrə düzgün hüquqi nəticəyə gəlməmiş və bununla da qanunsuz və əsassız qərar qəbul etmişdir. b) Apellyasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı apelyasiya şikayəti ilə eyni məzmunda izahat verərək izahatında əlavə olaraq qeyd etdi ki, mərhum həyat yoldaşı mübahisələndirilən mənzildə qeydiyyatda olmuş, lakin yaşamamışdır. Həmin mənzildə mərhum həyat yoldaşının keçmiş həyat yoldaşı və uşaqları yaşamışdır. Onun mərhum həyat yoldaşı sağlığında həmin mənzilin adına özəlləşdirilməsi ilə bağlı müvafiq quruma müraciət etməmişdir. İddiaçı birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən üçüncü şəxsin nümayəndəsi və vəkili apellyasiya şikayətinin dəlillərini qəbul etməyərək, izahatında bildirdi ki, mübahisəsi gedən mənzil dövlət mənzil fonduna aid olmuş, Sumqayıt şəhər XDS İcraiyyə Komitəsi mənzillərin qeydiyyatı və bölüşdürülməsi şöbəsi tərəfindən verilmiş 10 may 1983-cü il tarixli orderdə X4, onun keçmiş həyat yoldaşı və üçüncü şəxsin adları qeyd edilmişdir. 1998-ci il tarixində X4 mübahisələndirilən mənzili tərk edərək iddiaçı ilə nikaha daxil olmuşdur. Atasının ölümündən sonra üçüncü şəxs qanunvericiliyin tələblərinə uyğun olaraq zəruri sənədləri təqdim etmiş və mənzili özəlləşdirmişdir. Üçüncü şəxsin nümayəndəsi və vəkili şikayətin təmin edilməməsi və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilsə də, nümayəndələri məhkəmə iclasına gəlməmiş, gəlməməyin səbəbləri haqqında məlumat verməmişdir. İnzibati Prosessual Məcəllənin 62.3-cü maddəsinə əsasən, məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını və qərardad qəbul edilməsini mümkün hesab etdi. APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ: Məhkəmə kollegiyası tərəflərin dinlənilmə hüququnu təmin edib, iş materiallarını və apellyasiya şikayətlərinin dəlillərini araşdıraraq və işdə olan sübutlara hüquqi qiymət verərək hesab edir ki, aşağıda qeyd edilənlərə əsasən, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli və iddia mümkün sayılmamalıdır. İddianın mümkünlüyü ilə bağlı normaların tələbinə görə, məhkəməyə iddia ilə müraciət hüququ qanunvericiliklə nəzərdə tutulmuş müəyyən şərtlərə və məhdudiyyətlərə, o cümlədən subyektiv hüquqla bağlı məhdudiyyətlərə tabedir. İddianın mümkünlük şərtlərindən biri iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüquqa (iddia qaldırmaq səlahiyyətinə) malik olmasıdır. İnzibati mübahisənin predmetini inzibati orqanlar tərəfindən qəbul edilmiş və ya qəbul edilməsi arzu edilən inzibati aktlar, habelə real aktlar, yəni inzibati orqanların fiziki və hüquqi şəxslərə münasibətdə faktiki xarakterli hərəkətləri (hərəkətsizliyi) təşkil edir. Bu mənada yalnız inzibati orqanın hərəkət və ya hərəkətsizliyi nəticəsində şəxsin subyektiv hüququnun pozulması ehtimalının mövcud olduğu hallarda məhkəmə qaydasında hüquqi müdafiə marağı mövcud olur. Nəzərə almaq lazımdır ki, şəxsin inzibati məhkəməyə müraciəti “İnzibati icraat haqqında” Qanun anlamında inzibati orqanın bilavasitə onun hüquq və azadlıqları ilə bağlı hərəkət və ya hərəkətsizliyindən müdafiə məqsədi daşımalıdır. Bu mənada şəxsin məhkəmə qaydasında hüquqi müdafiəyə ehtiyacını şərtləndirən konkret inzibati fəaliyyət mövcud olmalı və ən azından onun hüquqlarını pozma potensialına malik olmalıdır. İddia ərizəsindən görünür ki, iddiaçı Sumqayıt şəhəri, 5-ci mikrorayon, ev 4B/28 ünvanında yerləşən 38 saylı mənzilin üçüncü şəxs X1 adına mülkiyyət hüququ əsasında daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatı mübahisələndirir. İddiaçı, hazırkı iddianı qaldırmaqda subyektiv hüququnun mövcudluğunu onunla izah edir ki, mübahisəli mənzil miras əmlaka daxil edilməli olduğu halda, mənzil üçüncü şəxsin adına özəlləşdirildiyi üçün onun və uşaqlarının həmin mənzilə olan vərəsəlik hüquqları pozulmuşdur. Kollegiya hesab edir ki, hazırkı mübahisəyə münasibətdə iddiaçı üçüncü şəxsin adına daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmış mənzil ilə bağlı vərəsəlik hüququnun pozulmasına əsaslanmaqla çıxarışı mübahisələndirmək tələbi o halda yaranmış hesab oluna bilər ki, əgər həmin mənzil mərhumun miras aktivinə daxil edilmiş olsun. Lakin məhkəmə araşdırması zamanı bu hal öz təsdiqini tapmadı. Belə ki, işdə olan sənədlərdən görünür ki, Sumqayıt şəhər X9 İcraiyyə Komitəsinin 22 aprel 1983-cü il tarixli, 8 saylı protokol qərarına əsasən 5-ci mikrorayon, B.Beyli küçəsi, ev 4B/28 ünvanında yerləşən ümumi sahəsi 32.8 kv.m olan 38 saylı mənzilin X3 ayrılması qərara alınmış və həmin qərara əsasən, Sumqayıt şəhər XDS İcraiyyə Komitəsi mənzillərin qeydiyyatı və bölüşdürülməsi şöbəsi tərəfindən R.İddiaçı 2 nəfərdən ibarət ailə tərkibi ilə (birinci nikahdan olan arvadı Mahizər Hüseynova və oğlu Şirin İsmayılov) həmin mənzili tutmaq üçün 10 may 1983-cü il tarixli, 10/548 nömrəli order verilmişdir. Vİ –ЖГ seriyalı № 459886 “Nikahın bağlanması haqqında şəhadətnamə” yə əsasən X4 02 fevral 1999-cu il tarixdə X2 ilə rəsmi nikaha daxil olmuşlar. AZ-İİ seriyalı № 171267 “Ölüm haqqında şəhadətnamə” yə əsasən X4 16 fevral 2021-ci il tarixində ölmüşdür. Sumqayıt şəhər İcra Hakimiyyəti Mənzil Kommunal Təsərrüfatı İstehsalat İstismar Birliyinin 7 saylı Mənzil-Kommunal Sahəsi tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli, 576 saylı Forma-2 arayışından görünür ki, mərhum X3 10 may 1983-cü il tarixli, 10/548 nömrəli order əsasında ayrılmış 5-ci mikrorayon, ev 28/4B ünvanında yerləşən 38 saylı mənzildə hazırda mərhumun oğlu X5, qızı X6 və keçmiş arvadı Hüseynova Mahizər Cavanşir qızı daimi qeydiyyatda olmaqla həmin mənzildə yaşayırlar. Notarial qaydada təsdiq edilmiş 13 aprel 2021-ci il tarixli, **********906 və **********907 saylı ərizələrdən görünür ki, Rasim İsmayılovun ölümündən sonra mübahisəli mənzildə yaşayan şəxslər X6 və Hüseynova Mahizər Cavanşir qızı ünvan 2 ünvanında yerləşən 38 nömrəli mənzilin Şirin İsmayılovun adına özəlləşməsinə etiraz etməmişlər. Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2021-ci il tarixli, **********66-05101-093065 reyestr nömrəli çıxarışa əsasən, ünvan 2 ünvanında yerləşən 38 saylı mənzil (yeni qaydalarla: AZ5007, Sumqayıt şəhəri, Sumqayıt şəhər ərazi vahidi, Cəlil Məmmədquluzadə küçəsi, 50, M1, m3) xüsusi mülkiyyət hüququ əsasında X1 adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanununa əsasən, dövlət və ya ictimai mənzil fondunun mülkiyyətçisi ilə mənzil kirayə müqaviləsi bağlamış Azərbaycan Respublikasının vətəndaşlarının, habelə vətəndaşlığı olmayan şəxslərin yaşadıqları mənzilləri (evləri) bu Qanunla müəyyən edilmiş şərtlərlə və qaydada əvəzsiz olaraq şəxsi mülkiyyətinə keçirmək hüququ vardır.(maddə 1) Mənzil fondunun özəlləşdirilməsinin əsas prinsipləri ..................., yaşadıqları mənzillərin bu Qanunda müəyyən edilmiş şərtlər və qaydalarla mülkiyyətə verilməsini tələb etmək barəsində vətəndaşların hüququnun təmin olunmasıdır (maddə 3). Mənzillər (evlər), özəlləşdirilməsi üçün müraciət edilən anda mənzil kirayə müqaviləsində göstərilmiş və kirayəçi ilə birlikdə faktiki yaşayan onun yetkinlik yaşına çatmış ailə üzvlərinin razılığı ilə onlardan birinin mülkiyyətinə və ya bir neçəsinin və yaxud bütün ailə üzvlərinin ümumi (paylı, birgə) mülkiyyətinə verilə bilər (maddə 5). Həmin qanunun 8-ci maddəsinə əsasən, vətəndaş yaşadığı mənzili (evi) özəlləşdirmək barədə müvafiq icra hakimiyyəti orqanına verdiyi ərizəyə aşağıdakı sənədləri əlavə etməlidir: 1) mənzili özəlləşdirməyə razılıqları barədə ərizəçi ilə birlikdə yaşayan həmin mənzil sahəsinə (evə) hüququ olan 18 yaşı tamam olmuş, həmçinin, müvəqqəti olaraq başqa yerə getməsi ilə əlaqədar mənzil sahəsinə (evə) hüququ saxlanılan şəxslərin ərizəsi; 2) mənzilə (evə) hüququ olan şəxslər və mənzilin (evin) kommunal-məişət vəziyyəti barədə mənzil istismar təşkilatının arayışı (2 №-li forma); 3) mənzil sahəsinin orderi və ya mənzil kirayə müqaviləsi, yaxud onun verilməsinə dair sərəncam. Mənzili özəlləşdirmək üçün müraciət etmiş vətəndaşdan göstərilən sənədlərdən əlavə sənədlər tələb edilə bilməz. Qeyd olunan hüquq normalarının məzmunundan göründüyü kimi mənzil özəlləşdirilməsi üçün müraciət edilən anda mənzil kirayə müqaviləsində göstərilmiş və kirayəçi ilə birlikdə faktiki yaşayan onun yetkinlik yaşına çatmış ailə üzvlərinin razılığı ilə onlardan birinin mülkiyyətinə və ya bir neçəsinin və yaxud bütün ailə üzvlərinin ümumi (paylı, birgə) mülkiyyətinə verilə bilər. Yəni, qanunverici kirayəçi ilə birlikdə yaşayan onun yetkinlik yaşına çatmış ailə üzvlərinin razılığını şərtləndirməklə, mənzilin həmin şəxslərdən istənilən birinin mülkiyyətinə verilməsi ilə bağlı dispozitiv norma müəyyən etmişdir. Hazırkı halda da, mübahisəli mənzil kirayəçinin ölümündən sonra orderdə adı göstərilən və mənzildə yaşayan yetkinlik yaşına çatmış ailə üzvlərinin razılığı ilə kirayəçinin oğlu (üçüncü şəxs) tərəfindən qanunvericiliyin tələblərinə uyğun olaraq özəlləşdirilmişdir. Mülki Məcəllənin 1151.1-ci maddəsinə əsasən mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Mirasa ümumi mülkiyyətdən ölənə çatası pay, əmlakın naturada bölünməsi mümkün olmadıqda isə bu əmlakın dəyəri daxildir (maddə 1152.2). Kollegiya qeyd edir ki, miras qoyan, sağlığında kirayəçisi olduğu mənzili digər ailə üzvlərinin razılığı olduğu təqdirdə öz adına özəlləşdirmək hüququna malik olsa da, sağlığında bu hüququndan istifadə etmədiyindən, onun ölümündən sonra qeyd edilən hüquqa xitam verilmişdir. Belə ki, qanunvericiliyin tələbinə görə yalnız həmin evdə yaşayan və kirayəçinin ailə üzvləri olan şəxslərin həmin mənzili özəlləşdirmək hüququ saxlanılmışdır. Üçüncü şəxs də qeyd edilən hüquqdan istifadə edərək, həmin mənzili özəlləşdirmişdir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” AR Qanunun 22.2-ci maddəsinə əsasən müqavilə və ya digər əsaslara görə, daşınmaz əmlak üzərində mülkiyyət və ya digər əşya hüququnu əldə etmiş şəxs həmin hüququ təsdiq edən çıxarış almadan öldükdə onun qanun və ya vəsiyyət üzrə vərəsəsinə hüququn ölmüş şəxsə məxsus olması haqqında arayışı qeydiyyat orqanı verir. Hüquqların dövlət qeydiyyatı haqqında çıxarış həmin arayış əsasında verilmiş vərəsəlik sənədləri təqdim edən vərəsənin adına rəsmiləşdirilir. Qanunvericiliyin tələbindən də göründüyü kimi, yalnız daşınmaz əmlak üzərində mülkiyyət hüququnu əldə etmiş şəxsin həmin hüququ təsdiq edən çıxarış almadan ölməsi halında qeydiyyat orqanı tərəfindən onun vərəsəsinə hüququn ölmüş şəxsə məxsus olması haqqında arayış verilir. Hazırkı işdən isə görünür ki, Rasim İsmayılov ölərkən kirayəçisi olduğu mənzil dövlət mənzil fonduna aid olmuş və öldüyü məqamadək onun həmin mənzil üzərində mülkiyyət hüququ yaranmamış, ailə üzvlərinin razılığı ilə mənzilin öz adına özəlləşdirilməsi ilə bağlı cavabdeh inzibati orqana müraciət də etməmişdir. Belə ki, iddiaçı məhkəmə iclasında bildirmişdir ki, mərhum həyat yoldaşı sağlığında həmin mənzilin öz adına özəlləşdirilməsi ilə bağlı cavabdehə müraciət etməmiş, həmin mənzildə iddiaçı özü heç vaxt yaşamamış, mənzildə mərhumun birinci nikahdan olan ailəsi yaşamışdır. Beləliklə, işin sadalanan xüsusatlarını nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, Rasim İsmayılovun öldüyü məqamadək mübahisəli mənzil dövlət mənzil fondunun mülkiyyətində olduğundan, mərhum, sağlığında həmin mənzilin öz adına özəlləşdirilməsi ilə bağlı cavabdehə müraciət etmədiyindən mənzil miras əmlaka daxil deyildir. Belə olan halda isə, iddiaçının həmin mənzil ilə bağlı vərəsəlik hüququnun pozulmasına istinad edərək hazırkı iddianı qaldırmağa subyektiv hüququ yoxdur. Sözügedən mənzilin daşınmaz əmlakın dövlət reyestrində üçüncü şəxsin mülkiyyəti olaraq qeydə alınması iddiaçının hər hansı hüququna toxunmadığından, onun belə bir iddia ilə məhkəməyə müraciət etmək hüququ müəyyən olunmur. İşə baxan birinci instansiya məhkəməsi isə işin qeyd edilən xüsusatını nəzərə almadan iddia tələbinə mahiyyəti üzrə baxmışdır. Qeyd edilənlərə əsasən, məhkəmə kollegiyası belə qənaətə gəlir ki, hazırkı iddia inzibati prosessual qanunvericiliyin tələblərinə cavab vermədiyindən birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli, iddia mümkün sayılmamalı, iddiaçının apellyasiya şikayəti isə təmin edilməməlidır. NƏTİCƏVİ HİSSƏ: Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 80, 85, 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt İnzibati Məhkəməsinin 18 avqust 2022-ci il tarixli, 2-1(118)-2170/2022 nömrəli qərarı ləğv edilsin. İddia mümkün sayılmasın. Qərardaddan təqdim olunduğu gündən 10 gün müddətində Sumqayıt Apelyasiya Məhkəməsi (ünvan: Sumqayıt şəhəri, Sülh prospekti 70) vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: ünvan 6

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar