Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-1(105)-674/2023 29.09.2023 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Babayeva Hökümə Çingiz qızı (sədrlik edən və məruzəçi), Məmmədov Zaur İkram oğlu və X1 ibarət tərkibdə, X8 qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi yanında Peşə Təhsili üzrə Dövlət Agentliyinə qarşı “aylıq müavinətindən tutulmaların qanunsuz hesab edilməsi və hər ay ona ödənilən müavinətin üzərinə əlavə edilməsi” tələbinə dair Sumqayıt İnzibati Məhkəməsinin 05 iyul 2023-cü il tarixli, 2-1(118)-2115/2023 nömrəli qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. İŞİN HALLARİ: İddiaçı xx.xx.2022-ci il tarixli ərizə ilə cavabdeh Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi yanında Peşə Təhsili üzrə Dövlət Agentliyinə müraciət edərək əmək xəsarətinə görə ona ödənilən aylıq müavinətdən tutulmaların dayandırılmasını xahiş etmişdir. Cavabdeh xx.xx.2022-ci il tarixli, Ş-10047/01/25 nömrəli məktubu ilə iddiaçının müraciətinin icrasından imtina etmişdir. İmtina onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 14 yanvar 2022-ci il tarixli, 16 nömrəli qərarı ilə təsdiq olunmuş Dövlət Peşə Təhsili müəssisələrində çalışan, bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılmış və aparılmamış istehsalat təlimi ustalarının aylıq vəzifə maaşlarının xx.xx.2022-ci il tarixdən qüvvədə olan cədvəlin 5-ci bəndinə əsasən diaqnostik qiymətləndirmədən keçməyən istehsalat təlimi ustalarının aylıq əmək haqqısı 414 manat təşkil edir. İddiaçıya həmin məbləğin 25 faizi həcmində hər ay 103.50 manat məbləğində təqaüd ödənilməlidir. Ona 2022-ci ilin yanvar ayından iyun ayınadək köçürülən təqaüd məbləği 103.50 manat əvəzinə 117.50 manat olmuşdur. Həmin artıq ödənilmiş vəsait qanunun tələblərinə uyğun olaraq iddiaçının təqaüdündən tutulacaqdır. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək Mingəçevir şəhər Ə.Quliyev adına peşə liseyindən əmək xəsarətinə görə ona ödənilən məvacibdən diaqnostik qiymətləndirmədən keçməməyi səbəbindən hər ay 14 manat pul tutulmasının qanunsuz hesab edilərək, ödənilən həmin məvacibin üzərinə hər ay 14 manat pul məbləğinin hesablanması öhdəliyininin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ: a) Birinci instansiya məhkəməsindəki icraat İddia onunla əsaslandırılmışdır ki, iddiaçı 1988-ci ildə əvvəlki adı Mingəçevir şəhər 39 nömrəli Texniki Peşə Məktəbi, hazırkı X3 adına Mingəçevir şəhər 1 saylı Texniki Peşə Məktəbində istehsalat təlimi ustası işləyərkən əmək xəsarəti almış, sol əlinin 3 barmağı amputasiya olunmuşdur. 1998-ci il tarixli istehsalda bədbəxt hadisə barədə akta əsasən həkim ekspert komissiyası tərəfindən ona aldığı xəsarətə görə əmək haqqının 25 faizi məbləğində ömürlük təqaüd müəyyən edilmişdir. Həmin təqaüdün məbləği Azərbaycan Respublikası Prezidentinin müvafiq fərmanına əsasən 2022-ci ilin yanvar ayından 117,5 manat olmuşdur. Qeyd edilən təqaüd məbləğini 2022-ci il may ayına kimi almış, iyun ayından etibarən isə təqaüdü 14 manat azaldılaraq 103,5 manat müəyyən edilmişdir. Bu barədə Azərbaycan Respublikası Təhsil Nazirliyinə ərizə ilə müraciət etmiş, onun müraciətinə aidiyyəti üzrə Peşə Təhsili üzrə Dövlət Agentliyində baxılmışdır. Lakin müraciəti təmin edilməmişdir. İddiaçı cavabdehin imtina məktubu ilə razılaşmamış, yenidən Təhsil Nazirliyinə yazılı müraciət etmişdir. Təkrar müraciəti də təmin olunmamışdır. O, Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi yanında X4 də müraciət etmiş, lakin ona heç bir köməklik edilməmişdir. Ona görə də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Cavabdeh iddia tələbinə yazılı etiraz edərək bildirmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 aprel 2020-ci il tarixli, 155 nömrəli qərarına əsasən təhsil müəssisələrində pedaqoji fəaliyyətlə məşğul olan, ali və orta ixtisas təhsilinə malik təhsilverənlər peşəkarlıq səviyyələrinin və peşə yararlılıqlarının yoxlanılması məqsədilə 5 (beş) ildə bir dəfə ödənişsiz sertifikatlaşdırmadan keçməlidirlər. Diaqnostik qiymətləndirmə isə müəllimlərin dərs yükünün və əməkhaqlarının artırılması məqsədilə aparılır. NK-nın 1 fevral 2018-ci il tarixli, 26 nömrəli qərarına əsasən dövlət peşə təhsili müəssisələrində çalışan bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılmamış müəllimlərin, baş ustaların və istehsalat təlimi ustalarının aylıq vəzifə maaşı müvafiq olaraq bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılmış müəllimlərin, baş ustaların və istehsalat təlimi ustalarının aylıq vəzifə maaşından 25 faiz aşağı, bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılmamış gənclərin çağırışaqədərki hazırlığı və fiziki tərbiyə rəhbərlərinin aylıq vəzifə maaşı müvafiq olaraq bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılmış gənclərin çağırışaqədərki hazırlığı və fiziki tərbiyə rəhbərlərinin aylıq vəzifə maaşından 10 faiz aşağı müəyyən edilmişdir. Sözügedən qərarın 1.4-cü bəndinə əsasən hamilə qadınlar, uşağının üç yaşınadək sosial məzuniyyətdə olan və həmin məzuniyyət bitdikdən sonra 1 (bir) ildən az müddətdə müvafiq vəzifədə (peşədə) çalışan qadınlar (uşağını təkbaşına böyüdən kişilər), ilk dəfə işə qəbul olunanlar, 5 (beş) il müddətində, azı 3 (üç) dəfə sertifikatlaşdırmadan keçmiş təhsilverənlər sertifikatlaşdırmadan keçmirlər. Ələmdar Quliyev adına Mingəçevir Peşə Məktəbinin istehsalat təlim ustası, 1-ci qrup əlil İddiaçı müəllimlərin diaqnostik qiymətləndirilməsində iştirak etmədiyi üçün onun aylıq vəzifə maaşının müvafiq olaraq bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılmış müəllimlərin, baş ustaların və istehsalat təlimi ustalarının aylıq vəzifə maaşından 25 faiz aşağı ödənilməsi müəyyən edilmişdir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: Sumqayıt İnzibati Məhkəməsinin 05 iyul 2023-cü il tarixli, 2-1(118)-2115/2023 nömrəli qərardadı ilə iddia mümkün sayılmamışdır (hakim C.Məmmədov). Məhkəmə qərarını onunla əsaslandırmışdır ki, hazırki iddia tələbi üzrə Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi yanında Peşə Təhsili üzrə Dövlət Agentliyi mövcud mübahisə ilə bağlı məsuliyyət daşımır və bu iş üzrə cavabdeh ola bilməz. Bu səbəbdən, məhkəmə hesab edir ki, hazırkı cavabdehə yönəldilən tələbə inzibati məhkəmə icraatı qaydasında baxılması mümkün hesab edilməməlidir. İddiaçı həmin qərardaddan apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qərardadının ləğv edilməsini xahiş etmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a) Apellyasiya şikayətinin dəlilləri İddiaçı apellyasiya şikayətini iddia ərizəsi ilə eyni məzmunda əsaslandırmış və əlavə olaraq qeyd etmişdir ki, birinci instansiya məhkəməsi iddia tələbinə cavab verməli olan orqanın Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin olduğunu və bununla iddianın ona cavab verməli olan orqana qarşı qaldırılmadığını hesab etmişdir. İşə baxan məhkəmənin qənaəti ilə razılaşmayaraq qeyd edir ki, hazırkı iş üzrə cavabdeh Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi yanında Peşə Təhsili üzrə Dövlət Agentliyidir. b) Apellyasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında iddiaçı apellyasiya şikayətini müdafiə edərək şikayətlə eyni məzmunda izahat verərək, sədrlik edənin sualına cavab olaraq bildirmişdir ki, aylıq müavinətindən tutulmalarla bağlı Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyinə ərizə ilə müraciət etmiş, müraciətinə cavab olaraq ona həmin məsələ ilə bağlı səlahiyyətli orqanın Peşə Təhsili üzrə Dövlət Agentliyi olduğu bildirilmişdir. Bu baxımdan, həmin orqana qarşı hazırkı iddia ilə məhkəməyə müraciət etmişdir. İddiaçı şikayətin təmin edilməsini xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilsə də, nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməyin səbəbləri haqqında məlumat verməmişdir. İnzibati Prosessual Məcəllənin 62.3-cü maddəsinə əsasən, məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını və qərardad qəbul edilməsini mümkün hesab etmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 68. Məhkəmə qərarının əsası 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 82. Mübahisə ilə bağlı işə şikayət üzrə yenidən baxılmasının hədləri Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. 87.7. Apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə icraatının davam etdirilməsinin zəruri olduğu aşağıdakı müstəsna hallarda apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər: 87.7.1. inzibati məhkəmədə icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; 87.7.2. inzibati məhkəmə tərəfindən mahiyyəti üzrə qərar qəbul edilmədikdə. APELLYASİYANİN MÜMKÜNLÜYÜ, APELLYASİYA BAXİŞİNİN HƏDLƏRİ Apellyasiya şikayəti vaxtında, yəni məhkəmə qərardadının elan olunduğu gündən 10 gün müddətində (İPM-in 85.1-ci maddəsi) verilmişdir. Şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir (İPM-in 85.2 və 85.3-cü maddələri). Şikayət qanunla müəyyən edilmiş formal tələblərə və prosessual müddətə əməl olunmaqla verildiyindən onun mümkün sayılmaması üçün əsaslar yoxdur. Ona görə də şikayət qəbul oluna bilən hesab edilir. Birinci instansiyası məhkəməsinin qərardadı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ Məhkəmə kollegiyası tərəflərin dinlənilmə hüququnu təmin edib, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq və işdə olan sübutlara hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərardadı ləğv edilməli, hazırki iş yenidən baxılması üçün həmin məhkəməyə göndərilməlidir. İşdən görünür ki, iddiaçının hazırkı tələbi əmək xəsarətinə görə ona ödənilən müavinətdən tutulmaların qanunsuz hesab edilməsi və hər ay ödənilən müavinətin üzərinə əlavə edilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi yanında Peşə Təhsili üzrə Dövlət Agentliyinin üzərinə qoyulması barədədir. Birinci instansiya məhkəməsi Peşə Təhsili üzrə Dövlət Agentliyinin hazırki iddiaya cavab verməli olmaması əsası ilə iddianı mümkün saymamışdır. Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən iddia tələbinin mümkünlüyü ilə bağlı məsələ həll edilərkən aşağıda qeyd edilən pozuntulara yol verilmişdir. Belə ki, qanunveriliyin tələbinə görə iddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər - tələbin iddia müddətinə dair normalara riayət edilməklə, iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəldilməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. Yəni, yalnız İPM ilə müəyyən edilmiş qayda və şərtlərə uyğun verilmiş iddianın inzibati məhkəmə icraatı mümkündür. İşdən görünür ki, iddiaçı hazırkı tələbi ilə bağlı müxtəlif orqanlara, o cümlədən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi yanında X4, Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyinə, habelə həmin nazirlik yanında Peşə Təhsili üzrə Dövlət Agentliyinə bir neçə dəfə müraciət etmişdir. Belə ki, iddiaçı hazırkı tələblə bağlı əvvəlcə xx.xx.2022-ci il tarixdə cavabdeh Peşə Təhsili üzrə Dövlət Agentliyinə müraciət etmiş, cavabdeh orqan iddiaçının müraciətinə mahiyyəti üzrə baxaraq ona 06 sentyabr 2022-ci il tarixli məktubla imtina cavabı vermişdir. Bundan sonra iddiaçı 29 sentyabr 2022-ci il tarixində Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyinə müraciət etmiş, iddiaçının həmin müraciəti isə baxılması üçün cavabdeh agentliyə göndərilmişdir. Agentlik iddiaçının həmin müraciətinə cavab olaraq 01 noyabr 2022-ci il tarixli məktubu ilə müraciətdə qeyd olunan istehsalatda əmək xəsarəti ilə əlaqədar təyin olunan təqaüdlə bağlı məsələlərin Agentliyin səlahiyyətləri xaricində olduğunu, bununla bağlı Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi yanında X4 müraciət etməsini tövsiyə etmişdir. Bundan sonra iddiaçı X4 müraciət etmiş, həmin orqan 27 yanvar 2023-cü il tarixli məktubu ilə iddiaçının müraciətinə cavab olaraq peşə məktəbi üzrə maliyyələşmələrin Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi tərəfindən aparıldığını bildirmişdir. Bundan sonra iddiaçı hazırki iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. İşə baxan məhkəmə mübahisələndirilən qərardadında iş materiallarına əsasən peşə məktəbi üzrə maliyyələşmələrin Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyinin səlahiyyətində olduğunu, iddiaçının vaxtilə işlədiyi Ələmdar Quliyev adına X7 Məktəbinin qanunvericiliyin tələbləri baxımından, müvafiq səviyyələr üzrə peşə təhsili və əlavə təhsil proqramlarını həyata keçirən peşə təhsili müəssisəsi olduğunu, habelə Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyinin strukturuna daxil olmayan tabeliyindəki qurum olduğunu qeyd etmişdir. Həmçinin, məhkəmə Azərbaycan Respublikasının Təhsil Nazirliyi yanında Peşə Təhsili üzrə X2 istinad edərək hazırkı cavabdeh Agentliyin hüquqi statusu və səlahiyyətləri ilə bağlı məsələləri qeyd etməklə, agentliyin peşə təhsili müəssisələrinin istifadəsində olan maşın-mexanizm və avadanlıqdan, texnikadan səmərəli istifadə edilməsinə, onlara vaxtında texniki xidmət göstərilməsinə nəzarət etdiyini vurğulamışdır. Yekun olaraq, məhkəmə Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi yanında Peşə Təhsili üzrə Dövlət Agentliyinin iddiaya cavab verməli olan inzibati orqan olmaması qənaətinə gəlsə də, iddia tələbinə cavab verməli olan inzibati orqanın konkret olaraq hansı orqan olduğunu qeyd etməmişdir. Məhkəmənin qərardadında iddiaya cavab verməli olan orqanla bağlı hər hansı qeyd olmasa da, 04 iyul 2022-ci il tarixli məhkəmə iclasının protokolundan görünür ki, işə baxan məhkəmə İPM-nin 13-cü maddəsinə əsasən iddiaçıya hüquqi yardım edərək peşə məktəbi üzrə maliyyələşmələrin Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyinin səlahiyyətində olduğunu bildirmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, əgər işə baxan məhkəmə iddiaçının tələbinə cavab verməli olan orqanın Elm və Təhsil Nazirliyi olduğunu hesab edirdisə, bununla bağlı məhkəmənin cavabdehin əsl cavabdeh olan sözügedən orqanla əvəz edilməsi ilə bağlı iddiaçıya hüquqi yardım etmək kimi xidməti vəzifəsi olmuşdur. Belə ki, cavabdeh agentlik tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2022-ci il tarixli, Ş- 10047/04/25 nömrəli məktubdan görünür ki, iddiaçı hazırkı tələblə bağlı məhz Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyinə də müraciət etmiş, onun müraciəti baxılması üçün aiddiyyəti üzrə agentliyə göndərilmişdir. Bununla da, aydın olur ki, iddiaçı tərəfindən Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinə də müvafiq müraciət edilmişdir. Lakin, işdən görünür ki, məhkəmə yardım etmək vəzifəsini lazımi qaydada yerinə yetirməmiş, 04 iyul 2022-ci il tarixli məhkəmə iclasında peşə məktəbi üzrə maliyyələşmələrin Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyinin səlahiyyətində olduğunu qeyd etməklə kifayətlənmiş, iddianın mümkün sayılmamasına səbəb olan hallar barədə ətraflı məlumat verməmişdir. Halbuki, məhkəmə hüquqi yardımla bağlı vəzifəsini elə qaydada icra etməlidir ki, iddiaçı işin faktiki və hüquqi vəziyyəti, o cümlədən iddianın mümkün sayılmamasına əsas olan hallar barədə iddiaçı dolğun məlumat sahibi olsun. İddiaçı yalnız bu qaydada məlumat sahibi olduqda məhkəmənin gözlədiyi şəkildə iddia tələblərini dəqiqləşdirə bilər. Lakin, işdən görünür ki, məhkəmə cavabdehin əsl cavabdehlə əvəz edilməsi ilə bağlı iddiaçıya hüquqi yardım etməmiş, bununla da, yardım etmək vəzifəsini düzgün yerinə yetirməmişdir. Halbuki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 10 aprel 2015-ci il tarixli 5 nömrəli qərarına əsasən, inzibati məhkəmə icraatının əsas prinsiplərindən biri məhkəmənin yardım etmək vəzifəsidir (3.1-ci bənd). Yardım etmək vəzifəsi tələb edir ki, iddianın mümkün sayılmamasına səbəb olan halları aşkar edən məhkəmə bunu iddiaçının diqqətinə çatdırmaqla onunla müzakirə etməli, zəruri olduğu halda müvafiq hüquqi təkliflər verməli, həmin halların aradan qaldırılması üçün lazımi şərait yaratmalı və bunun üçün ağlabatan vaxt təyin etməlidir (3.3cü bənd). Birinci instansiyası məhkəməsi yardım etmək vəzifəsinə riayət etmədən iddianı mümkünsüz saymamalıdır. Məhkəmə yardım etmək vəzifəsini hər bir konkret işin hallarından asılı olaraq zərurət olduqda məhkəmə iclasında yerinə yetirə biləcəyi kimi, buna dair məhkəmə iclası keçirmədən tərəflərlə apardığı yazışmalar vasitəsilə də yerinə yetirə bilər.(3.4-cü bənd) Apelyasiya instansiyası məhkəmələri iddianın mümkün sayılmamasına dair qərardadlardan verilən şikayətlərə baxarkən qəbul edilmiş məhkəmə aktının qanuniliyini və əsaslılığını, həm də məhkəmənin yardım etmək vəzifəsinə uyğun davranması nöqteyinəzərindən qiymətləndirməlidirlər (3.5-ci bənd). Odur ki, kollegiya hesab edir ki, işə təkrar baxılarkən birinci instansiya məhkəməsi tərəfindən işin yuxarıda qeyd edilən xüsusatları nəzərə alınmaqla iddiaya cavab verməli olan inzibati orqanın müəyyən edilməsi ilə bağlı aidiyyəti orqanlara, o cümlədən, Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyinə müvafiq sorğu ilə müraciət edilərək cavabdeh müəyyən edilməli və bundan sonra cavabdehin əsl cavabdehlə əvəz edilməsi ilə bağlı iddiaçıya hüquqi yardım edilməklə iddiaya mahiyyəti üzrə baxılmalıdır. İPM-nin 87.7.2-ci maddəsinə əsasən inzibati məhkəmə tərəfindən mahiyyəti üzrə qərar qəbul edilmədikdə apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər: Beləliklə, kollegiya hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərardadı ləğv edilməli, iş yenidən baxılması üçün həmin məhkəməyə göndərilməlidir. NƏTİCƏVİ HİSSƏ: Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 82, 87.7-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Apelyasiya şikayəti təmin edilsin. Sumqayıt İnzibati Məhkəməsinin 05 iyul 2023-cü il tarixli, 2-1(118)-2115/2023 nömrəli qərardadı ləğv edilsin. İddiaçı cavabdeh Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi yanında Peşə Təhsili üzrə Dövlət Agentliyinə qarşı “aylıq müavinətindən tutulmaların qanunsuz hesab edilməsi və hər ay ona ödənilən müavinətin üzərinə əlavə edilməsi” tələbinə dair inzibati iş yenidən baxılması üçün həmin məhkəməyə göndərilsin. Qərardaddan şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №2-1(105)-674/2023
Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(105)-674/2023
29.09.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver