Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(105)-674/2024 30.08.2024 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Abşeron rayonu Qobu Bələdiyyəsinə qarşı (Açar sözlər: torpaq sahəsinin əvəzinə ayrılması nəzərdə tutulmuş eyni ölçüdə torpaq sahəsinin naturadan ayrılaraq təhvil verilməsi və torpaq sahəsinin sənədləşdirilməsi) Sədrlik edən və məruzəçi hakim X1, hakimlər Rəhimov Elman Gülbaba oğlu və Quliyev İsmayıl Rza oğlundan ibarət tərkibdə, Səfərli Fidan Nuru qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Abşeron rayonu Qobu Bələdiyyəsinə qarşı “Qobu Bələdiyyəsinin 10 yanvar 2007-ci il tarixli, 01 saylı qərarı ilə ona Abşeron rayonu Qobu Bələdiyyəsinin ərazi hüdudlarında ayrılmış 0.08 ha sahədən ibarət torpaq sahəsinin əvəzinə ayrılması nəzərdə tutulmuş eyni ölçüdə torpaq sahəsinin naturadan ayrılaraq ona təhvil verilməsi və torpaq sahəsinin adına sənədləşdirilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsi” tələbinə dair inzibati iş üzrə Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(118)-1668/2024 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları Qobu Bələdiyyəsinin 10 yanvar 2007-ci il tarixli, 01 saylı qərarı ilə iddiaçıya fərdi mənzil tikmək məqsədi ilə 0.08 ha torpaq sahəsi ayrılmışdır. Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2019-cü il tarixli, 2-1(085)-195/2019 nömrəli qərarından görünür ki, iddiaçı Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Sumqayıt Regional Ədliyyə İdarəsinin cavabdeh Abşeron rayon Qobu Bələdiyyəsinə qarşı cavabdehin 27 yanvar 2007-ci il tarixli 01 nömrəli iclasının gündəlikdə duran İddiaçı, X2 və X4 fərdi ev tikintisi üçün hər biri 0,08 ha torpaq sahəsinin ayrılması barədə olan qərarın (aktın) ləğv olunması tələbinə dair inzibati iş üzrə iddia təmin edilmiş, Abşeron rayon Qobu Bələdiyyəsinin 27 yanvar 2007-ci il tarixli 01 nömrəli iclasının gündəlikdə duran İddiaçı, X2 və X4 fərdi ev tikintisi üçün hər biri 0,08 ha torpaq sahəsinin ayrılması barədə qərarları ləğv edilmişdir. Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(085)-195/2019 nömrəli məktubundan görünür ki, Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2019-cü il tarixli, 2-1(085)- 195/2019 nömrəli qərarı tərəflərə göndərilmiş, qərardan apellyasiya şikayəti verilmədiyinə görə qanuni qüvvəyə minimiş və məhkəmə qərarı xx.xx.2019-cu ildə icra edilmişdir. Birinci instansiya məhkəməsində icraat İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək, “Qobu Bələdiyyəsinin 10 yanvar 2007-ci il tarixli, 01 saylı qərarı ilə ona Abşeron rayonu Qobu Bələdiyyəsinin ərazi hüdudlarında ayrılmış 0.08 ha sahədən ibarət torpaq sahəsinin əvəzinə ayrılması nəzərdə tutulmuş eyni ölçüdə torpaq sahəsinin naturadan ayrılaraq ona təhvil verilməsi və torpaq sahəsinin adına sənədləşdirilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Qobu Bələdiyyəsinin 10 yanvar 2007-ci il tarixli, 01 saylı qərarı ilə Abşeron rayonu Qobu Bələdiyyəsinin ərazi hüdudlarında 0.08 ha sahədən ibarət torpaq sahəsi ayrılmış, torpaq sahəsinə dair alqısatqı aktı tərtib edilmiş, yerqurluşu planı hazırlanmış və torpaq sahəsinin ayrılması ilə bağlı Qobu Bələdiyyəsinin hesabına 05 oktyabr 2015-ci il tarixdə 800 manat məbləğində pul köçürmüşdür. Qeyd olunmalıdır ki, ayrılmış torpaq sahəsi onlara eyni ərazidə, ailə üzvləri olduğundan bitişik olaraq ayrılmış, həmin torpaq sahəsinə hasar çəkilməsi ilə bağlı kubik daşlar və digər materiallar alınmışdır və bununla bağlı xeyli vəsait sərf etmişdir. Abşeron Rayon İcra Hakimiyyəti tərəfindən torpaq sahəsinə hasar çəkilməsinə icazə verilmişdir. Torpaq sahəsinin sənədləşdirilməsi ilə bağlı müraciət etdikdə məlum oldu ki, bələdiyyə tərəfindən ona verilmiş qərarlar saxtadır. Belə ki, bu torpaq sahəsinə əvvəllər başqa şəxslərə qərarlar verilmişdir. Onlar torpaq sahəsində tikinti işləri aparmış, torpaq sahəsinə hasar çəkdirmişlər. Bir müddət sonra bu hasar uçurulmuşdur. Bu torpaq sahəsi əvvəllər başqa şəxsə ayrılmışdır. Onlar maddi zərərə məruz qalmışlar. Qeyd olunmalıdır ki, hasar çəkilməsi ilə bağlı olaraq bönövrə xəndəyinin ekskavatorla qazılmasına, hasarın mişar daşı ilə tikintisinə, hörgü üçün mişar daşma (Güzdək standartı), hörgü üçün sementə, hörgü üçün quma və su ilə bağlı, əlavə işlərə cəmi 1656 manat 70 qəpik pul xərcləmişdir. Onlara vurulmuş maddi ziyanın müəyyən edilməsi ilə bağlı digər sifariş verilmişdir və "xxxx" MMC tərəfindən qiymətləndirmə işləri aparılmışdır və 05 may 2022-ci il tarixdə mütəxəssis rəyi verilmişdir. Göründüyü kimi o maddi ziyana məruz qalmış, normal qaydada torpaq sahəsi əldə etməkdən məhrum edilmiş və saxtakarlığın qurbanına çevrilmişdir. Qobu Bələdiyyəsi tərəfindən xx.xx.2022-ci il tarixdə verilmiş cavabda Abşeron rayonu Qobu Bələdiyyəsinin xx.xx.2007-ci il tarixli, 01 saylı torpaq ayrıma qərarlarının xx.xx.2018-ci il tarixdə ləğv edilməsi göstərilmişdir. Qobu Bələdiyyəsi tərəfindən həmin torpaq sahəsinin əvəzi olaraq başqa yerdə torpaq sahəsi təklif edilir, torpaq sahəsinin yalnız miqyası göstərilməklə planı verilir, həmin planın ona aid olması göstərilməmiş, digər sənədləşmə işləri isə aparılmır. Halbuki, təklif edilən torpaq sahəsinin ayrılması barədə qərar, alqı-satqısına dair akt, müqavilə və s. barədə sənədləşmə işləri aparılmalıdır. Ona əvvəllər verilmiş torpaq sahəsindən məhrum olmuş və əvəzi də qanunvericiliyə uyğun olaraq ayrılaraq verilməlidir. Qobu Bələdiyyəsinə ərizə ilə müraciət edərək ayrılmış torpaq sahəsinin əvəzinə ayrılması nəzərdə tutulmuş eyni ölçüdə torpaq sahəsinin naturadan ayrılaraq ona təhvil verilməsi və torpaq sahəsinin adına sənədləşdirilməsi barədə tədbir görülməsini xahiş etmiş, ərizə poçt vasitəsilə xx.xx.2023-cü il tarixdə göndərilmiş, lakin tədbir görülməmiş və cavab verilməmişdir. Cavabdeh tərəf heç bir tədbir görməməklə hərəkətsizliyə yol vermişdir. Cavabdehin iddia tələbinə dair etirazının dəlilləri Cavabdeh iddia tələbinə qarşı etirazında qeyd etmişdir ki, iddiaçıya torpaq sahəsinin ayrılması haqqında bələdiyyə qərarı məhkəmənin müvafiq qərarına əsasən ləğv edilib. Belə ki, keçmiş bələdiyyə tərəfindən iddiaçıya ayrılan yer kənd təsərrüfatına yararlı torpaq sahəsi olduğundan və Qanunun tələbləri baxımından fiziki şəxslərin mülkiyyətinə verilə bilməyən torpaq sahəsi olduğundan həmin torpaq vətəndaşdan geri alınıb. Torpağın dəyəri olaraq ödənilmiş pulun bələdiyədən tələb edilməsi ilə bağlı Abşeron Məhkəməsində iddia tələbi qaldırılıb və pul müəyyən hissəsi iddiaçıya geri ödənilib. Hal-hazırkı bələdiyyə sədri tərəfindən formal olaraq iddiaçıya torpaq sahəsi verilib, lakin həmin torpağın iddiaçının adına rəsmiləşdirilməsi hərrac vasitəsi ilə mümkündür. İddiaçı isə həmin torpağı hərracsız almaq niyyətindədir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(118)-1668/2024 nömrəli qərarı ilə iddia təmin edilməmişdir (hakim Ceyhun Məmmədov). Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin 2-1(85)-195/2019 nömrəli qərarına əsasən iddiaçıya ayrılmış torpaq sahəsinə dair bələdiyyə qərarı Sumqayıt Regional Ədliyyə İdarəsinin məhkəməyə müraciəti əsasında ləğv edilmişdir. Həmin qərarın ləğvinə əsas olmuş hal mübahisəli torpaq sahəsinin kənd təsərrüfatı təyinatlı torpaq sahəsi kateqoriyasına aid olmasıdır. Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin 2-1(85)-195/2019 nömrəli inzibati işin materiallarına əlavə edilmiş Qobu Bələdiyyəsinin 08 nömrəli, xx.xx.2018-ci il Protokolundan görünür ki, Sumqayıt Regional Ədliyyə İdarəsinin 05/199 nömrəli, xx.xx.2018-ci il tarixli məktubu nəzərə alınaraq İddiaçı ayrılmış 0.08 ha torpaq sahələrinin qərarlarının ləğv edilməsi üçün verilmiş təklif həmin torpaq sahələri ilə bağlı bələdiyyə büdcəsinə ödənilmiş rüsumun vətəndaşa geri qaytarılmasının halhazırda mümkün olmaması və bələdiyyənin maliyyə imkanları məhdud olduğuna görə mümkünsüz hesab edilmişdir. Həmçinin, adları qeyd olunan vətəndaşlarla bağlı fərdi söhbətin aparılması, həmin vətəndaşlara yaxın vaxtlarda torpaq sahələri ilə bağlı kateqoriyanın dəyişdiriləcəyi və qanunvericilikdən irəli gələn məsələlərin izah edilməsi qərara alınmışdır. Göründüyü kimi, bələdiyyənin müvafiq protokol qərarında iddiaçıya hər hansı torpaq sahəsinin bələdiyyənin ərazi hüdudlarında ayrılması nəzərdə tutulmadığından, iddiaçının hazırkı tələbi qanunsuzdur. Nəzərə alınmalıdır ki, iddiaçıya dəymiş ziyanının kompensasiyası üçün cavabdehə müraciət edilməsi hüquq istisna edilmir. İddiaçı qərardan apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsi və iddianın təmin edilməsi barədə yeni qərar çıxarılması xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, Qobu Bələdiyyəsinin 10 yanvar 2007-ci il tarixli , 01 saylı qərarı ilə ona Abşeron rayonu Qobu Bələdiyyəsinin ərazi hüdudlarında 0.08 ha sahədən ibarət torpaq sahəsi ayrılmışdır, torpaq sahəsinə dair alqı-satqı aktı tərtib edilmişdir, yerqurluşu planı hazırlanmışdır və torpaq sahəsinin ayrılması ilə bağlı Qobu Bələdiyyəsinin hesabına 05 oktyabr 2015-ci il tarixdə 800 manat məbləğində pul köçürmüşdür. Ayrılmış torpaq sahəsi onlara eyni ərazidə, ailə üzvləri olduğundan bitişik olaraq ayrılmışdır. Həmin torpaq sahəsinə hasar çəkilməsi ilə bağlı mişar daşlar və digər materiallar alınmışdır və bununla bağlı xeyli vəsait sərf etmişlər. Abşeron Rayon İcra Hakimiyyəti tərəfindən torpaq sahəsinə hasar çəkilməsinə icazə verilmişdir. Torpaq sahəsinin sənədləşdirilməsi ilə bağlı müraciət etdikdə məlum oldu ki, bələdiyyə tərəfindən onlara verilmiş qərarlar saxtadır. Belə ki, bu torpaq sahəsinə əvvəllər başqa şəxslərə qərarlar verilmişdir. Onlar torpaq sahəsində tikinti işləri aparmış, torpaq sahəsinə hasar çəkdirmişlər. Bir müddət sonra bu hasar uçurulmuşdur. Belə ki, bu torpaq sahəsi əvvəllər başqa şəxsə ayrılmışdır. Onlar maddi zərərə məruz qalmışlar. Hasar çəkilməsi ilə bağlı olaraq bünövrə xəndəyinin ekskavatorla qazılmasına, hasarın mişar daşı ilə tikintisinə, hörgü üçün mişar daşına (Güzdək standartı), hörgü üçün sementə, hörgü üçün quma və su ilə bağlı, əlavə işlərə cəmi 1656 manat 70 qəpik pul xərcləmiş, vurulmuş maddi ziyanın müəyyən edilməsi ilə bağlı digər sifariş verilmişdir və "UNİPRİCE” MMC tərəfindən qiymətləndirmə işləri aparılmışdır və 05 may 2022-ci il tarixdə mütəxəssis rəyi verilmişdir. Göründüyü kimi maddi ziyana məruz qalmış, normal qaydada torpaq sahəsi əldə etməkdən məhrum edilmiş və saxtakarlığın qurbanına çevrilmişdir. Qobu Bələdiyyəsi tərəfindən xx.xx.2022-ci il tarixdə verilmiş cavabda Abşeron rayonu Qobu Bələdiyyəsinin xx.xx.2007-ci il tarixli, 01 saylı torpaq ayırma qərarlarının xx.xx.2018-ci il tarixdə ləğv edilməsi göstərilmişdir. Qobu Bələdiyyəsi tərəfindən həmin torpaq sahəsinin əvəzi olaraq başqa yerdə torpaq sahəsi təklif edilir. Torpaq sahəsinin yalnız miqyası göstərilməklə planı verilir, həmin planın ona aid olması göstərilməmişdir, digər sənədləşmə işləri isə aparılmır. Halbuki təklif edilən torpaq sahəsinin ayrılması barədə qərar, alqı-satqısma dair akt, müqavilə və s. barədə sənədləşmə işləri aparılmalıdır. Ona əvvəllər verilmiş torpaq sahəsindən məhrum olmuş və əvəzi də qanunvericiliyə uyğun olaraq ayrılaraq verilməlidir. Lakin qeyd edilən amillər işə baxan məhkəmə tərəfindən nəzərə alınmamışdır, işin faktiki halları tam şəkildə araşdırılmamışdır. Cavabdeh tərəfin nümayəndəsi izahatında bildirmişdir ki, "hal-hazırki bələdiyyə sədri tərəfindən formal olaraq iddiaçıya torpaq sahəsi verilib". Torpaq sahəsinin iddiaçının adına rəsmiləşdirilməsinin hərrac vasitəsilə mümkünlüyünü qeyd etmişdir. Halbuki faktiki ona verilmiş torpaq sahəsi barədə hərracla satılması barədə razılaşma olmamışdır, bu torpaq sahəsinin ləğv edilmiş torpaq sahəsinin əvəzi olaraq ayrılması bildirilmişdir, əvvəlki torpaq sahəsi ilə bağlı dəymiş ziyan isə ödənilməmişdir. Məhkəmə tərəfindən Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsi, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139-cu maddəsinə istinad edilsə də nəticədə düzgün tətbiq edilməmişdir, ona ayrılmış torpaq sahəsinin qərarla ləğv edilməsi, həmin torpaq sahəsi ləğv edilməsəidi və torpaqla bağlı hüquqlarının həyata keçirilməsində hər hansı məhdudiyyət olmasaydı həmin torpaq sahəsinin özəlləşdirilməsi hüququnun yaranması və mülkiyyətimə keçirilməsi üçün zəmin yaranmış olardı. Verilmiş torpaq sahəsinin sənədləşdirilməsi onun pozulmuş hüquqlarının bərpa edilməsi və yuxarıda qeyd edilən hüquqlarının gerçəkləşməsi üçün vacibdir. Bələdiyyənin protokolunda ona bələdiyyənin ərazi hüdudlarında torpaq sahəsinin ayrılmasının nəzərdə tutulmaması əsas götürülə bilməz. Bu hal vətəndaş üçün əlverişsiz vəziyətin yaranması, hüquqlarının həyata keçirilməsində qeyri-müəyyənlik yaratmışdır. Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında iştirak etmiş İddiaçı izahat verərək, apellyasiya şikayətini müdafiə edərək, öz izahatında apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar olunmağına baxmayaraq iş üzrə cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq işə onun nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası Maddə 13. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. Maddə 25. Hamı qanun və məhkəmə qarşısında bərabərdir. Maddə 29. Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. İV. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Əmlakın tam müsadirəsinə yol verilmir. Dövlət ehtiyacları üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər. Azərbaycan Respublikasının Torpaq Məcəlləsi: Maddə 47. Bələdiyyənin torpaq üzərində mülkiyyət hüququ
1. Torpaq üzərində bələdiyyə mülkiyyəti “Torpaq islahatı haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, bələdiyyə mülkiyyətinə ayrılan torpaqlar, habelə qanunvericiliklə müəyyən edilmiş qaydada, başqa torpaq mülkiyyətçilərindən bələdiyyələrə keçən torpaqlar hesabına yaranır.
2. Bələdiyyə mülkiyyətinə aid torpaqlar:ümumi istifadədə olan torpaqlara;hüquqi və fiziki şəxslərin istifadəsində olan torpaqlara;ehtiyat fondu torpaqlarına ayrılır......
4. Hüquqi və fiziki şəxslərin istifadəsində olan torpaqlara onların qanuni istifadəsində və icarəsində olan bələdiyyə torpaqları daxildir.....
6. Bələdiyyə mülkiyyətində olan torpaqlar bu Məcəllə ilə, bələdiyyələr haqqında qanunlarla və digər normativ-hüquqi aktlarla müəyyən edilmiş qaydada mülkiyyətə, istifadəyə və icarəyə verilə bilər.
7. Bələdiyyə mülkiyyətində olan torpaqlara sərəncam verilməsini, həmin torpaqların istifadəsi və mühafizəsi sahəsində idarəetməni bələdiyyələr həyata keçirirlər. Bələdiyyələr bələdiyyə mülkiyyətinə torpaq alınması zəruriyyəti yarandığı hallarda dövlət mülkiyyətindən torpaq almaq barədə müvafiq icra hakimiyyəti orqanları qarşısında vəsatət qaldırır “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 5.1. Bələdiyyə mülkiyyətində olan torpaqlara sərəncam verilməsi, həmin torpaqların istifadəsi və mühafizəsi sahəsində idarəetməni həyata keçirmək bələdiyyələrin müstəsna hüququdur. Maddə 5.2. Bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin hüdudları, növləri və ölçüləri müəyyən edilən gündən "Torpaq islahatı haqqında" Azərbaycan Respublikası Qanununun 25ci maddəsinin birinci hissəsi ilə bələdiyyə torpaqlarının idarə olunması sahəsində müvafiq icra hakimiyyəti orqanlarına verilmiş səlahiyyətlər həyata keçirilə bilməz. Maddə 5.3. Müvafiq icra hakimiyyəti orqanları tərəfindən bələdiyyə mülkiyyətində olan torpaqlara sahiblik, onlardan istifadə və bu torpaqlar barəsində sərəncam vermək sahəsində bələdiyyələrin hüquqlarını məhdudlaşdıran qərarlar qəbul edilməsinə yol verilmir. Maddə 5.4. Müvafiq icra hakimiyyəti orqanları, torpaq istifadəçiləri, icarəçiləri və qeyrihökumət təşkilatları bələdiyyə torpaqlarına dair münasibətlərdə yalnız Azərbaycan Respublikasının qanunvericiliyi ilə onlara verilmiş səlahiyyətlər daxilində iştirak edə bilərlər. Maddə 9.1. Bələdiyyənin ərazisində daimi yaşayan və eyni zamanda ən azı beş il müddətində yaşayış yeri üzrə qeydiyyatda olan Azərbaycan Respublikası vətəndaşlarının mülkiyyətinə bu Qanunun 9.8-ci maddəsində müəyyən edilmiş məhdudiyyət nəzərə alınmaqla fərdi yaşayış evinin tikintisi üçün torpağın ayrılması, habelə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdən irəli gələn öhdəlikləri yerinə yetirmək məqsədi ilə torpağın dövlət mülkiyyətinə və ya icarəsinə verilməsi, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən olunan hallarda və qaydada istismarına icazə verilməsi üçün aparılmış müayinənin nəticələrinə əsasən istismara hazırlığı barədə müsbət rəy verilmiş tikinti obyektinin yerləşdiyi torpaq sahəsinin fiziki və hüquqi şəxslərin mülkiyyətinə satılması və ya icarəsinə verilməsi halları, “Elektrik enerjisi istehsalında bərpa olunan enerji mənbələrindən istifadə haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq bərpa olunan enerji mənbələri ərazisinin əhatə etdiyi torpaq sahəsinin dövlət mülkiyyətinə və ya icarəsinə, elektrik enerjisi istehsalçısının icarəsinə verilməsi halları istisna olmaqla, digər hallarda bələdiyyə torpaqları üzərində mülkiyyət və icarə hüquqları yalnız açıq torpaq hərracları və ya müsabiqələri vasitəsilə əldə edilə bilər. Azərbaycan Respublikasının 15 mart 2002-ci il tarixli Qanunu ilə təsdiq edilmiş "Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında" Əsasnamənin Bənd 1. Bələdiyyə mülkiyyətində olan torpaqların mülkiyyət, istifadə və icarə hüququ ilə hüquqi və fiziki şəxslərə verilməsi bələdiyyələrin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. Azərbaycan Respublikası Prezidentinin “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” xx.xx.2001-ci il tarixli 548 nömrəli Fərmanı: Müəyyən edilsin ki: “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 6.5-ci maddəsində nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanları”nın səlahiyyətlərini Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinin (əvvəllər Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin yerli qurumları) yerli qurumları (kənd təsərrüfatı və qeyri-kənd təsərrüfatı məqsədləri üçün verilən torpaq sahələrinə dair), Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi (tikinti məqsədləri üçün ayrılan torpaq sahələrinə (məlumatlandırma icraatı qaydasında yaşayış evlərinin tikintisi üçün ayrılan torpaq sahələri istisna olmaqla) dair) və rayon, şəhər icra hakimiyyəti orqanlarının memarlıq xidmətləri (qeyri-kənd təsərrüfatı məqsədləri üçün verilən torpaq sahələrinə dair) həyata keçirirlər. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə 67. Qanunsuz inzibati aktın ləğv olunması 67.1. İnzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. 67.2. Qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan, subordinasiya baxımından yuxarı inzibati orqan və ya qanunla şikayətə baxmaq səlahiyyətinə malik olan müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. 67.3. Qanunsuz əlverişsiz inzibati akt hər bir halda ləğv olunmalıdır. Azərbaycan Respublikasının müvafiq qanunları ilə başqa qayda nəzərdə tutulmamışdırsa, qanunsuz əlverişsiz inzibati aktın ləğv olunması həmin aktın qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 34.1. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2024-cü il tarixli qərardadı ilə apellyasiya şikayəti mümkün sayılmışdır. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. Apellyasiya instansiyasi məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası işdə iştirak edən şəxsin izahatını dinləyib, iş materiallarını araşdırıb, apellyasiya şikayətinin dəlillərinə qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Hazırki iş üzrə iddia tələbi Abşeron rayonu Qobu Bələdiyyəsinin ərazi hüdudlarında ayrılmış 0.08 ha sahədən ibarət torpaq sahəsinin əvəzinə ayrılması nəzərdə tutulmuş eyni ölçüdə torpaq sahəsinin naturadan ayrılaraq ona təhvil verilməsi və torpaq sahəsinin adına sənədləşdirilməsindən ibarət olmuşdur. Birinci instansiya məhkəməsinin qərarı ilə iddia təmin edilməmişdir. Məhkəmə kollegiyası hazırki iş üzrə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq, aşağıdakıları qeyd etməyi zəruri hesab edir. İşin müəyyən edilmiş hallarından görünür ki, müvafiq bələdiyyə qərarı əsasında iddiaçının adına torpaq sahəsi ayrılmışdır. Daha sonra qanuni qüvvəyə minmiş məhkəmə qərarı ilə torpaq sahəsi qanunvericiliyin tələbinə zidd olaraq ayrıldığından, torpaq sahəsinin təyinatı kənd təsərrüfatı təyinatlı ərazidən satıldığından, həmin bələdiyyə qərarı ləğv edilmişdir. İndiki halda iddiaçının hüquqi marağı ona vurulmuş maddi ziyanın əvəzi olaraq, həmin torpaq sahəsinin əvəzinə eyni ölçüdə və müvafiq bələdiyyə ərazisi hüdudlarında naturada torpaq sahəsinin ona təhvil verilməsinin təmin edilməsindən ibarət olmuşdur. Yuxarıda istinad edilən qanunvericilik normasının tələbindən görünür ki, bələdiyyə tərəfindən torpaq sahəsinin ayrılması qaydası və proseduru müəyyən edilmişdir. Həmçinin, torpaq sahəsinin kateqoriyasının dəyişdirilməsinin qaydası və əsaları müəyyən edilmişdir. İndiki halda iddiaçıya torpaq sahəsinin ayrılması barədə qərarın ləğv edilməsinə səbəb məhz torpaq sahəsinin kateqoriyası ilə bağlı mübahisəli hal təşkil etmişdir. Torpaq haqqında qanunvericiliyin tələbinə əsasən torpaq sahəsinin kateqoriyasının dəyişdirilməsi bələdiyyə qurumunun səlahiyyətinə aid olmamışdır. İşin müəyyən edilmiş hallarından görünür ki, məhz müvafiq torpaq sahəsi qanunvericiliyin tələbinə zidd olaraq iddiaçının adına satıldığından, bu barədə qəbul edilmiş bələdiyyə qərarı ləğv edilmişdir. Daha sonra müvafiq bələdiyyə tərəfindən iddiaçı tərəfindən ödənilmiş rüsumun geri qaytarılmasının hal-hazırda mümkün olmadığı və bələdiyyənin maliyyə imkanları məhdud olduğuna görə mümkünsüz olduğu, yaxın vaxtlarda torpaq sahələri ilə bağlı kateqoriyanın dəyişdiriləcəyi və qanunvericilikdən irəli gələn məsələlərin izah edilməsi qərara alınmışdır. Göründüyü kimi, indiki halda müvafiq bələdiyyə qurumunun öz üzərinə götürdüyü öhdəliyi məhz ödənilmiş məbləğin geri qaytarılmasından ibarət olmuşdur. Belə olan halda, iddiaçı həmin torpaq sahəsinin geri alınması ilə bağlı ona dəymiş ziyanın ödənilməsi ilə bağlı tələb irəli sürmək hüququ olmuşdur. Bundan əlavə, torpaq sahəsinin satılması barədə bələdiyyə qərarlarının ləğv edilməsinə dair müvafiq məhkəmə qərarında da bələdiyyənin ərazi hüdudlarında və eyni ölçüdə torpaq shaəsi ayırmaq kimi bir öhdəliyi və ya iddiaçının belə bir tələb hüququnun mövcudluğu müəyyən edilməmişdir. Həmçinin, qanunvericilik normasında da torpaq sahələrinin geri alınması ilə əlaqədar olaraq hüquqların məhdudlaşdıırlması halında şəxsin kompensasiya qismində ona vurulmuş ziyanın ödənilməsini tələb etmək hüququnun olması öz əksini tapmış,kompensaisya qimsində bələdiyyə ərazi hüdudlarında və eyni ölçüdə torpaq sahəsi ilə əvəz edilməsini tələb etmək hüququ müəyyən edilməmişdir. Belə ki, “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanunun 25-ci maddəsinə əsasən torpaq sahələrinin geri alınması (məcburi satın alınması) və ya müvəqqəti tutulması, habelə torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqlarının məhdudlaşdırılması, yaxud hüquqi və fiziki şəxslərin fəaliyyəti nəticəsində dəymiş zərər və əldən çıxmış gəlir Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada bu itkilərə məruz qalmış torpaq mülkiyyətçilərinə, habelə bələdiyyə torpaqlarının istifadəçilərinə və icarəçilərinə tam həcmdə ödənilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın; 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Qeyd edilən qanunvericilik normalarının tələbinə əsasən iddiaçının torpaq sahəsinin ona satılmasına dair müvafiq bələdiyyə qərarı ləğv edilməsi nəticəsində ona vurulmuş ziyanın (torpaq sahəsinin satın alınması ilə bağlı çəkdiyi xərc, əldən çıxmış fayda və s.) ödənilməsini tələb etmək hüququ mövcud olmuşdur. İndiki halda isə iddiaçının iddia tələbi ona vurulmuş ziyanın ödənilməsi ilə bağlı olmamış, iddiaçıya torpaq sahəsinin satılması barədə qərarın ləğv edilməsinə əsas torpaq sahəsinin kateqoriyası ilə bağlı qanunvericiliyin normasının tələblərinin pozulması səbəb olduğu halda, bələdiyyə ərazi hüdudlarında və eyni ölçüdə naturada torpaq sahəsinin verilməsi ilə bağlı olmuşdur ki, həmin tələb qanunvericilik normasının dispoztiv şərtləri ilə uzlaşmır. Qeyd edilən hallara əsasən məhkəmə kollegiyası hesab edir ki, iddiaçının apellyasiya şikayətinin dəlilləri əsassız olmuş, birinci instansiya məhkəməsi tərəfindən işin hallarına düzgün hüquqi qiymət verilmiş, gəldiyi nəticə qanuni və əsaslı olmuşdur. Həmçinin, məhkəmə kollegiyası iddiaçının diqqətinə onu çatdırır ki, iddiaçının torpaq sahəsinin onun adına satılması barədə bələdiyyə qərarının ləğv edilməsi nəticəsində ona ziyan vurulması halına istinad etdiyi halda, həmin ziyanın ödənilməsi ilə bağlı tələb irəli sürməklə, mümkün hüquqi müdafiə vasitələrindən istifadə etmək hüququna malikdir. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
QƏRARA ALDİ:
Apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(118)-1668/2024 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti, 70) vasitəsilə kassasiya şikayəti verilə bilər.