Məhkəmə qərarları › İş №2-1(105)-675/2022

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(105)-675/2022

01.11.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-1(105)-675/2022 01.11.2022 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdehlər Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə və qeyrilərinə qarşı iş üzrə QƏRARDADİ Sədrlik edən və məruzəçi hakim Məmmədov Fuad Əli oğlu, hakimlər Babayeva Hökümə Çingiz qızı və Məmmədov Zahid Tahir oğlundan ibarət tərkibdə, Oruclu Nurlan Zöhrab oğlunun katibliyi, Cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdehlər Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə və qeyrilərinə qarşı cavabdehlərin hərəkət və hərəkətsizliyinin aradan qaldırılması və s. tələblərinə dair inzibati iş üzrə Sumqayıt İnzibati Məhkəməsinin 15 sentyabr 2022-ci il tarixli, 2-1(118)-2577/2022 nömrəli qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. İşin halları İddiaçı cavabdehlər Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə və başqalarına qarşı cavabdehlərin hərəkət və hərəkətsizliyinin aradan qaldırılması, dövlət orqanlarının onlara qarşı təzyiqlərin dayandırılması, pozulmuş hüquqlarının təmin olunması və onlara 4.242.000 manat dəyərində dəymiş maddi və mənəvi ziyanın ödənilməsi öhdəliyinin cavabdehlərin üzərinə qoyulması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Birinci instansiya məhkəməsində icraat İddia tələbi onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikasının Konstitusiyasının 7, 14, 24, 26, 35, 38, 57, 71-ci maddələrinə əsasən Azərbaycan Respublikası hüquqi dövlətdir, təbii sərvətlərdən xalqın rihafı üçün istifadə olunmalıdır, hər kəsin doğulduğu andan pozulmaz və ayrılmaz hüquq və azadlıqları, əmək, sosial təminat, müraciət etmək hüququ vardır, hüquqların müdafiəsinə dövlət təminat verir. Hər kəsin doğulduğu andan toxunulmaz, pozulmaz və ayrılmaz hüquq və azadlıqları vardır, qanun qarşısında hamı bərabərdir, hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır, azadlıq, mülkiyyət, təhlükəsiz yaşamaq, şəxs toxunulmazlıq, mənzil toxunulmazlığı, əmək, mənzil, şərəf və ləyaqətinin qorunması, seçki, müraciət hüququ vardır, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir, heç kəs qanunsuz təqib edilə bilməz, cinayət, habelə hakimiyyətdən sui-istifadə nəticəsində zərər çəkmiş şəxsin hüquqları qanunla qorunur, zərərçəkmiş şəxsin ədalət mühakiməsinin həyata keçirilməsində iştirak etmək və ona vurulmuş zərərin ödnilməsini tələb etmək hüququ vardır, konstitusiyada təsbit edilmiş insan hüquq və vətəndaş hüquqlarının və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur, lakin bunların heç birinə əməl olunmur. Belə ki, onların müraciətlərinə cavabdehlər konstitusiyanın maddələrinə məhəl qoymur, onları pozur, onlara qarşı ərizə ilə məhkəməyə müracət etmiş, onların hərəkətlərinə qanuni qiymət verilmir, onların nəticəsində əmələ gəlmiş qanunsuzluqlar qəbul edilmiş qərarların ləğv etməyinin onların üzərinə qoyulmalı, qanunsuz hərəkətləri nəticəsində onlara dəymiş maddi və mənəvi ziyanın ödənilməsini barədə qərar qəbul olunmalıdır. Hüquqlarının müdafiəsi üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Qeyd olunanlara əsasən iddiaçı iddia tələbinin təmin edilməsi barədə qərar çıxarılmasını məhkəmədən xahiş etmişdir. Sumqayıt İnzibati Məhkəməsinin 15 sentyabr 2022-ci il tarixli, 2-1(118)-2577/2022 nömrəli qərardadı ilə (hakim Ceyhun Məmmədov) iddia mümkün sayılmamışdır. Qərardaddan iddiaçı apellyasiya şikayəti verərək qərardadın ləğv edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apellyasiya şikayətinin dəlilləri Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsinin qərardadı maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edilmişdir. İş üzrə tərəflərin iştirakı olmadan və iş tələb olunmadan qərar qəbul edilmişdir, hansıki məhkəmə tərəfləri dəvət edərək sübutları araşdırmalı idi. Müdafiə Nazirliyini isə tərəf kimi qəbul etməmiş, məhkəməyə də dəvət etməmişdir. Məhkəməyə göndərilmiş ərizədə də həmin məktublar əlavə olunmağına baxmayaraq onlar heç araşdırılmamışdır. Müdafiə Nazirliyinə qarşı həmin hakimdə olan digər işdə də Müdafiə Nazirliyinə qarşı qərar çıxarılmamışdır. Həmçinin qanuna görə qərar qəbul edilərkən tərəflər məhkəməyə dəvət olunur, sübutlar araşdırılır, lazım gələrsə sorğular göndərilərək ekspertiza təyin olunur. Məhkəmə tərəfindən qanunun tələblərini pozmuşdur. Belə ki, məhkəmə çəkişmə prinsipinə əməl edərək analiz edəndən sonra qərar qəbul edir. b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri Apellyasiya şikayətinə qarşı tərəf etiraz təqdim etməmişdir. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin nümayəndəsi X2 apellyasiya şikayətinin təmin edilməməsini xahiş etdi. İnzibati məhkəmə icraatının digər iştirakçıları məhkəmə iclasında iştirak etməmişdirlər. Məhkəmə İnzibati Prosessual Məcəllənin 62.3-cü maddəsinə əsasən işə baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi: Maddə 2. İnzibati mübahisələrin məhkəmə aidiyyəti 2.1. Qanunla başqa aidiyyət qaydası müəyyən edilməmişdirsə, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatı inzibati məhkəmələr və inzibati kollegiyalar tərəfindən həyata keçirilir. 2.2. İnzibati məhkəmə icraatı qaydasında aşağıdakı iddialara baxılır: (...) 2.2.7. inzibati mübahisələrin həlli ilə bağlı əmlak tələbinə, habelə inzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi tələbinə dair iddialara. (...) Maddə 30. Prosessual həmiştirakçılıq 30.1. Mübahisə predmeti baxımından müştərək hüquqi maraqlara malik olan və yaxud da hüquq və vəzifələri eyni faktiki və hüquqi əsaslara söykənən bir neçə şəxs birgə iddiaçı və ya birgə cavabdeh qismində prosessual həmiştirakçılar kimi çıxış edə bilərlər. 30.2. Mübahisə predmetini eyni növdən olan, uyğun faktiki və hüquqi əsaslara söykənən tələblərin və vəzifələrin təşkil etdiyi hallarda da, bir neçə şəxs birgə iddiaçı və ya birgə cavabdeh qismində prosessual həmiştirakçılar kimi çıxış edə bilərlər. 30.3. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsində və bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, inzibati məhkəmə icraatında prosessual həmiştirakçılardan hər biri digər tərəfə qarşı müstəqil şəkildə çıxış edir. Prosessual həmiştirakçılardan hər hansı birinin hərəkəti digərinin nə xeyrinə, nə də zərərinə təfsir oluna bilməz. 30.4. İnzibati mübahisəyə dair bir vahid (eyni) qərarın bütün prosessual həmiştirakçılar haqqında qəbul edilməli olduğu hallarda və ya prosessual həmiştirakçılığın başqa əsaslara görə zəruri olduğu hallarda, prosessual həmiştirakçılardan hər hansı biri məhkəmə iclasına gəlmədikdə və ya müəyyən olunmuş prosessual müddəti buraxdıqda, məhkəmə iclasında iştirak edən və ya prosessual müddətə əməl edən digər həmiştirakçılar onları təmsil etmiş sayılır. 30.5. Hər bir prosessual həmiştirakçı müstəqil şəkildə inzibati prosesdə iştirak etmək hüququna malikdir. Bütün prosessual həmiştirakçılar istisnasız olaraq məhkəmə iclaslarına çağırılmalıdır. Maddə 35. İddianın mümkünlüyü 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır (...) Maddə 80. Məhkəmə qərardadları 80.1. Bu Məcəlləyə əsasən barəsində məhkəmə qaydasında şikayət verilə bilən, habelə hüquqi müdafiə vasitələrindən istifadə qaydalarını və müddətini müəyyən edən məhkəmə qərardadları mütləq əsaslandırılmalıdır (...) Maddə 87. Apellyasiya instansiyası məhkəməsində icraat (...) 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər (...) Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 11 oktyabr 2022-ci il tarixli qərardadı ilə apellyasiya şikayəti mümkün sayılmışdır. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərardadı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan istənilən növ iddia, yalnız onun inzibati prosessual qanunvericiliklə müəyyən edilən mümkünlüyü şərtləri yerinə yetirildiyi halda yolveriləndir. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli 5 saylı qərarında qeyd edilir ki, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. İşin araşdırılması prinsipi bu hallara da şamil olunur. İPM-nin 12.1-ci maddəsinə görə məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. İddianın mümkün sayılması üçün iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində özünün hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırmalıdır. Hüququn həqiqətən pozulub-pozulmadığının müəyyən olunması məsələsinin eyni zamanda iddianın əsaslılığının yoxlanılmasını tələb etdiyini nəzərə alaraq məhkəmələr bu meyar üzrə mümkünlüyün yoxlanılması mərhələsində diqqətli olmalı, belə yoxlamanı əsaslılığın yoxlanılması qaydasında aparmamalıdırlar. İddianın mümkünlüyü baxımından hüququn pozulması o halda mövcud olur ki, hüquqa müdaxilə aşkar şəkildə baş verir və birmənalı nəzərə çarpır. Bu zaman məhkəmələr müdafiə edilmək istənilən hüququn təbiətini, həmin subyektv hüququn tanıdığı imkanları, qanunvericilikdə təsbit edilmiş onun qoruma sferası ilə bağlı hədləri nəzərə almalıdırlar. İddia qaldırmış şəxsin hüquqlarının qorunmasının bilavasitə qanundan irəli gəldiyi hallarda, bir qayda olaraq iddia mümkün sayılmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2008-ci il tarixli qərarında qeyd olunmuşdur ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Hazırkı işin hallarından görünür ki, İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərdən maddi və mənəvi ziyana görə 4.242.000 manat məbləğində pulun onun xeyrinə tutulmasını xahiş etmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçını subyektiv hüquq sahibi kimi qəbul etmək üçün cavabdehlər tərəfindən onun hüquqlarına müdaxilə edən hərəkət və ya hərəkətsizliyin edildiyinə dair sübutların iddia verilərkən təqdim olunması tələb olunur, lakin iş üzrə belə sübutların verilməsi müəyyən olunmur. İnzibati prosessual qanunvericiliyin tələblərinə görə iddiaçı iddia ilə məhkəməyə ancaq hər hansı bir hüququnun pozulmasının ehtimalı halında müraciət edə bilər. İddia qaldıran şəxsin subyektiv hüququnun pozulması iddianın mümkünlüyu şərtlərindən biridir və bu pozulmanın olmaması iddianın mümkünsüz hesab edilməsinə əsas verir. Hazırkı halda, iddiaçı məhz cavabdehlərin hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu - iddia ərizəsində göstərdiyi kimi ona zərər vurulduğunu əsaslandıra bilməmişdir. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, hazırki işdə birinci instansiya məhkəməsinin qərardadının ləğv olunması üçün apellyasiya şikayətində nəzərdə tutulmuş əsas mövcud deyil. Odur ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt İnzibati Məhkəməsinin 15 sentyabr 2022-ci il tarixli, 2-1(118)-2577/2022 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan inzibati məhkəmə icraatının iştirakçıları rəsmi qaydada təqdim olunduğu gündən 10 (on) gün müddətində Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti 70) vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar