Məhkəmə qərarları › İş №2-1(105)-675/2024

Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(105)-675/2024

09.08.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(105)-675/2024 09.08.2024 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Babayeva Hökümə Çingiz qızı (sədrlik edən və məruzəçi), Quliyev İsmayıl Rza oğlu və X1 ibarət tərkibdə, X12 qızının katibliyi, İddiaçı X4, Cavabdehin nümayəndəsi X7 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə X14 şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “qərarın ləğv edilməsi, dövlət qulluqçusu kimi əmək pensiyasının yenidən hesablanması” tələbinə dair inzibati mübahisə üzrə Sumqayıt İnzibati Məhkəməsinin 16 aprel 2024-cü il tarixli, 2-1(118)-1695/2024 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ İddiaçı xx.xx.1952-ci il təvəllüdlüdür (AA seriyalı, ******* nömrəli şəxsiyyət vəsiqəsi). İddiaçı təqdim etdiyi 15 may 1972-ci il tarixli əmək kitabçasının qeydlərinə əsasən o, 1971-ci ildən əmək fəaliyyətinə başlamış, xx.xx.1992-ci il tarixdən xx.xx.1992-ci il tarixədək Azərbaycan Respublikası Milli Bankın X6 şöbəsində baş mühasib, xx.xx.1994-cü il tarixdən xx.xx.2005-ci il tarixədək Azərbaycan Respublikası Milli Bankın Aqrar-Sənaye X2 şöbəsində hesablama-kassa mərkəzinin rəisi, icraçı və idarə rəisi vəzifələrində işləmiş, daha sonra da müxtəlif idarə və müəssisələrdə işləməyə davam etmişdir. İddiaçı 25 aprel 2007-ci il tarixindən sabiq dövlət qulluqçusu kimi İİ dərəcə əlilliyə görə əmək pensiyası təyin edilmişdir. İddiaçı təyin edilmiş dövlət qulluqçusu kimi əmək pensiyasının qanunauyğunluğuna baxılması məqsədilə inzibati icraatın keçirilməsi zərurəti yaranmış, buna görə də “İnzibati icraat haqqında” Qanunun 21.2-ci maddəsinə əsasən onun pensiya hüququna yenidən baxılmasına əsas olan hallarla əlaqədar nəzərdə tutulan tədbirlər haqqında mülahizələrin dinlənilməsi üçün Mərkəzi Filialın qəbul mərkəzinə dəvət edilmiş və bununla bağlı onun iştirakı ilə xx.xx.2023-cü il tarixdə akt tərtib edilmişdir. Daha sonra Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının 26 may 2023-cü il tarixli, 3-17-1/3-3-11513/2023 nömrəli “Əmək pensiyasının ləğv olunması haqqında” qərarı ilə İddiaçı 25 aprel 2007-ci il tarixindən dövlət qulluqçusu kimi əlilliyə görə təyin edilmiş əmək pensiyası ləğv edilmişdir. İddiaçı 17 mart 2023-cü il tarixdə ərizə ilə Dövlət Sosial Müdafiə X14 şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi fililalına müraciət edərək onun əmək pensiyasının yenidən hesablanmasını xahiş etmişdir. İnzibati orqan 28 iyul 2023-cü il tarixli, 3-17-1/2-M-171426/2/2023 nömrəli məktubu ilə müraciətin icrasından imtina etmişdir. İmtina onunla əsaslandırılmışdır ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 20.11.1-ci və 20.11.2-ci maddələrinin 1 iyul 2017-ci il tarixinədək qüvvədə olmuş redaksiyasına əsasən dövlət qulluqçusu kimi yaşa görə əmək pensiyası dövlət qulluğu vəzifəsində 5 il və daha yuxarı qulluq stajı olan şəxsə münasibətdə təyin edilirdi. “Azərbaycan Respublikasının Mərkəzi Bankı haqqında” Azərbaycan Respublikası Qanununun 59.5-ci maddəsinin 6 noyabr 2007-ci il tarixinədək qüvvədə olmuş redaksiyasına əsasən Mərkəzi Bankın (əvvəlki adı Milli Bank) Aparatının əməkdaşlarına dövlət qulluqçularının pensiya təminatı sistemi şamil olunurdu. Bununla əlaqədar iddiaçının xx.xx.1992-xx.xx.1992-ci il və xx.xx.1994xx.xx.2005-ci il tarixləri arasındakı dövr ərzində Azərbaycan Respublikası Milli Bankın X6 şöbəsində və Azərbaycan Respublikası Milli Bankın Aqrar-Sənaye X2 şöbəsində işlədiyi (əmək kitabçasına əsasən) müddətin dövlət qulluğu stajının hesablanması zamanı nəzərə alınması qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. Qeyd olunanları nəzərə alaraq, İddiaçı sabiq dövlət qulluqçusu kimi İİ dərəcəli əlilliyə görə əmək pensiyası ödənişi 1 may 2023-cü il tarixindən dayandırılıb, xx.xx.2020-ci il tarixdən 329,78 manat məbləğində yaşa görə əmək pensiyası təyin edilib. Dövlət qulluqçusu kimi əmək pensiyası hüququ olmadığı halda, xx.xx.2007-ci il tarixdən sabit dövlət qulluqçusu kimi əlilliyə görə təyin edilmiş əmək pensiyasının ödənişi xx.xx.2023-cü il tarixədək davam etdirilmişdir. Bu səbəbdən, Qanunun 39.1-ci maddəsinin tələbləri nəzərə alınmaqla, əlilliyə görə əmək pensiyasının məbləğində xx.xx.2020-ci il tarixdən xx.xx.2023-cü il tarixədək artıq ödəmə müəyyən edilmiş və həmin dövr üzrə hesablanmış fərq məbləği artıq hesablanıb ödənilmiş əlilliyə görə əmək pensiyası məbləğinin bir hissəsi ilə əvəzləşdirilmişdir. Daha sonra İddiaçı yenidən eyni tələblə inzibati orqana müraciət edərək onun əmək pensiyasının yenidən hesablanmasını xahiş etmiş, orqan 07 sentyabr 2023-cü il tarixli, 3- 17-1/2-M-204807/7/2023 nömrəli məktubu ilə müraciətə eyni məzmunlu imtina cavabı vermişdir. İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X14 Şəxsinin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müaciət edərək, cavabdeh tərəfindən qəbul edilmiş əmək pensiyası ödənişinin dayandırılması haqqında qərarın ləğv edilməsi, xx.xx.1994-xx.xx.2005-ci il tarixləri arasındakı dövrlərin dövlət qulluğu stajına hesablanması və əmək pensiyasının pensiya kapitalına əsasən yenidən hesablanması öhdəliyinin cavabdehin üzərinə qoyulmasını məhkəmədən xahiş etmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) Birinci instansiya məhkəməsində icraat İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçıya 25 aprel 2007-ci il tarixindən sabiq dövlət qulluqçusu kimi İİ dərəcə əlilliyə görə əmək pensiyası təyin edilmişdir. Daha sonra iddiaçı pensiya kapitalı əsasında pensiyasının yenidən hesablanması ilə bağlı cavabdehə müraciət etmiş, cavabdeh müvafiq məktubu ilə ona xx.xx.1992-xx.xx.1992-ci il və xx.xx.1994-xx.xx.2005-ci il tarixləri arasındakı dövr ərzində Azərbaycan Respublikası Milli Bankın X3 Bankının Xudat şöbəsində işlədiyi müddətin dövlət qulluğu stajına hesablanması zamanı nəzərə alınmaması ilə imtina cavabı vermiş, sabiq dövlət qulluqçusu kimi 2-ci dərəcə əlilliyə görə əmək pensiyası ödənişinin 01 may 2023-cü il tarixindən dayandırılmasının qərara alındığını bildirmişdir. Hesab edir ki, pensiyasının yenidən hesablanması və dövlət qulluğu pensiyasının ləğvi barədə qərar əsassızdır. Belə ki, iddia ərizəsinə əlavə edilmiş Azərbaycan Respublikası Mərkəzi Bankının 23 iyun 2023cü il tarixli arayışından görünür ki, o, 10 il 08 ay yəni xx.xx.1994-xx.xx.2005-ci il tarixlərində Mərkəzi Bankın qurumu olan X11 Ərazi idarəsinin rəisi vəzifəsində çalışmış, ona 2007-ci ilə kimi qüvvədə olan qanunvericiliyə uyğun olaraq dövlət qulluqçularının pensiya təminatı sistemi şamil edilmişdir. “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununun (əvvəlki redaksiyada) 2.3-cü maddəsinə görə bu Qanun Azərbaycan Respublikası vətəndaşlarının dövlət qulluğuna girmək hüququna, dövlət qulluğuna qəbulun müsabiqə və şəffaflıq əsasında həyata keçirilməsinə aid müddəaları prokurorluq, ədliyyə, milli təhlükəsizlik, daxili işlər, gömrük, vergi, xarici işlər orqanlarında, Azərbaycan Respublikasının Milli Bankında dövlət qulluğu keçən şəxslərə də şamil edilir. Cavabdeh iddia tələbinə yazılı etiraz təqdim edərək etirazı imtina məktubu ilə eyni məzmunda əsaslandırmış və əlavə olaraq qeyd etmişdir ki, iddiaçıya vaxtilə təyin edilmiş dövlət qulluqçusu kimi əmək pensiyasının qanuna uyğunluğuna baxılması məqsədilə inzibati icraatın keçirilməsi zərurəti yaranmış, buna görə də “İnzibati icraat haqqında” Qanunun 21.2-ci maddəsinə əsasən, iddiaçının pensiya hüququna yenidən baxılmasına əsas olan yuxarıda müəyyən edilmiş faktiki hallarla əlaqədar nəzərdə tutulan tədbirlər haqqında mülahizələrin dinlənilməsi üçün 28 aprel 2023-cü il tarixinədək Mərkəzi Filialın ünvan 1 ünvanında yerləşən Qəbul Mərkəzinə dəvət edilmiş və bununla bağlı iddiaçının iştirakı ilə xx.xx.2023-cü il tarixində akt tərtib edilmişdir. Həmçinin, iddiaçı barəsində xx.xx.2023-cü il tarixli əmək pensiyasının ləğv olunması haqqında qərar qəbul edilmişdir. Göründüyü kimi, tərəflərindən “İnzibati icraat haqqında” Qanunun tələblərinə əməl olunmuş və hər hansı qanun pozuntusuna yol verilməmişdir. Cavabdehin hərəkətləri qanuni olduğundan iddia tələbinin təmin edilməməsini məhkəmədən xahiş etmişdir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: Sumqayıt İnzibati Məhkəməsinin 16 aprel 2024-cü il tarixli, 2-1(118)-1695/2024 nömrəli qərarı ilə iddia tələbi təmin edilərək, cavabdeh tərəfindən qəbul edilmiş əmək pensiyası ödənişinin dayandırılması haqqında qərarı ləğv edilmiş, iddiaçıya aid xx.xx.1994-xx.xx.2005-ci illərin əmək stajının onun dövlət qulluğu stajına hesablanması və əmək pensiyasının pensiya kapitalına əsasən yenidən hesablanması öhdəliyi cavabdehə həvalə edilmişdir. (hakim Ceyhun Məmmədov). Məhkəmə qərarını onunla əsaslandırmışdır ki, iddiaçıya aid əmək kitabçasından görünür ki, o, 10 il 08 ay (xx.xx.1994xx.xx.2005-ci il tarixlərində) Mərkəzi Bankın qurumu olan X11 Ərazi idarəsinin rəisi vəzifəsində çalışmış və onun işlədiyi vəzifə o zaman qüvvədə olan qanuna əsasən dövlət qulluğu vəzifəsi sayılırdı. Belə ki, həmin fakt Mərkəzi Bank tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli arayış ilə də öz təsdiqini tapmışdır. Belə olan halda cavabdehin gətirdiyi arqumentlər əsassız olur. Həmin qərardan narazı qalan cavabdeh apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a) Apellyasiya şikayətinin dəlilləri Cavabdeh apellyasiya şikayətini iddia ərizəsinə etirazla eyni məzmunda əsaslandırmış və əlavə olaraq qeyd etmişdir ki, hazırkı halda maddi hüquq normaları cəhətdən iddiaçının dövlət qulluçusu kimi əmək pensiyası hüququ olmadığından, inzibati orqanın mübahisələndirilən qərarı formal tələblərin (prosessual) gözlənilməməsi əsası ilə ləğv edilə bilməz. Məhkəmənin iddianı təmin etməsi “qanunçuluq“ prinsipinə zidd olmuşdur. Belə ki, qanunçuluq prinsipi inzibati orqanların qəbul etdikləri qərarların, həyata keçirdikləri tədbirlərin (fəaliyyətin) qanunlara zidd olmamasını və qanunla nəzərdə tutulmayan tədbirlərin həyata keçirilməməsini ehtiva etməklə yanaşı, inzibati fəaliyyətin qanun əsasında həyata keçirilməsini də müəyyən edir. Yəni, inzibati orqanların fəaliyyəti ancaq o zaman qanunauyğun olur ki, onların öz fəaliyyətini həyata keçirərkən istifadə etdiyi səlahiyyətləri üçün qanuni əsaslar mövcud olsun. Qeyd olunanlara əsasən hesab edirlər ki, iddiaçıya təyin edilmiş əmək pensiyasının qanunvericiliyə uyğun olaraq ləğv olunması zamanı tərəfimizdən qanunvericiliyin pozulması halına yol verilməmiş və iddiaçının hüquqlarına müdaxilə edilməmişdir. b) Apellyasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətini müdafiə edərək şikayətin təmin edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı apellyasiya şikayətinin dəlillərini qəbul etməyərək iddia ərizəsi ilə eyni məzmunda izahat verərək apellyasiya şikayətinin təmin edilməməsini xahiş etmişdir. Eyni zamanda, iddiaçı məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, cavabdehin 26 may 2023-cü il tarixli, 3-17-1/3-3-11513/2023 nömrəli “Əmək pensiyasının ləğv olunması haqqında” qərarının ləğv edilməsini, xx.xx.1994-xx.xx.2005-ci il tarixləri arasındakı dövrün dövlət qulluğu stajına hesablanmaqla əvvəlki əmək pensiyasının bərpa edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını məhkəmədən xahiş etmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ: Azərbaycan Respublikasının Konstitusiyası: Maddə 38. Sosial təminat hüququ İ. Hər kəsin sosial təminat hüququ vardır. ... İİİ. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunu (xx.xx.2017-ci il tarixədək qüvvədə olan redaksiyasi): Maddə 20. Qulluq stajına görə əmək pensiyasına əlavələr 20.11.1. dövlət qulluğu vəzifəsində 5 il qulluq stajı olan şəxsə—dövlət məvacibinin orta aylıq məbləğinin 45 faizi miqdarında; 20.11.2. dövlət qulluğu vəzifəsində 5 ildən 10 ilə qədər qulluq stajı olan şəxsə— dövlət məvacibinin orta aylıq məbləğinin 45 faizi miqdarında, 5 ildən yuxarı qulluq stajının hər ili üçün dövlət məvacibinin orta aylıq məbləğinin 2 faizi miqdarında əlavə olunmaqla; (-) “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunu (hazırda qüvvədə olan redaksiyasi): Maddə 20. Qulluq stajına görə əmək pensiyasına əlavələr 20.11. Bu qanunun 20.1.7-ci və 20.1.9-cu maddələrində nəzərdə tutulmuş şəxslərin əmək pensiyasına əlavələr dövlət qulluğunun son 24 ayı və ya istənilən ardıcıl gələn 60 ayı ərzindəki dövlət məvacibinin orta aylıq məbləğindən, pensiya təyinatı tarixinədək dövlət məvacibindəki sonrakı artımlar da nəzərə alınmaqla aşağıdakı qaydada müəyyən edilir: 20.11.1. dövlət qulluğu vəzifəsində 15 il (bu Qanunun 20.11-1-ci maddəsində nəzərdə tutulan hal istisna olmaqla) qulluq stajı olan şəxsə - dövlət məvacibinin orta aylıq məbləğinin 50 faizi miqdarında; 20.11.2. dövlət qulluğu vəzifəsində 15 ildən yuxarı qulluq stajı olan şəxsə - dövlət məvacibinin orta aylıq məbləğinin 50 faizi miqdarında və 15 ildən yuxarı qulluq stajının hər ili (il tam olmadıqda isə natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla) üçün dövlət məvacibinin orta aylıq məbləğinin 3 faizi miqdarında əlavə olunmaqla, lakin dövlət məvacibinin orta aylıq məbləğinin 80 faizi miqdarından çox olmamaq şərti ilə müəyyən olunan məbləğlə bu Qanunla təyin edilən əmək pensiyasının məbləği arasındakı fərq qədər əlavə təyin edilir. “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 2. Dövlət qulluğu (xx.xx.2008-ci il tarixədək qüvvədə olan redaksiyasi) (-) 2.3. Bu Qanun Azərbaycan Respublikası vətəndaşlarının dövlət qulluğuna girmək hüququna, dövlət qulluğuna qəbulun müsabiqə və şəffaflıq əsasında həyata keçirilməsinə dövlət qulluqçularının fəaliyyətinin qiymətləndirilməsinə və dövlət qulluğunun digər prinsiplərinə aid müddəaları prokurorluq, ədliyyə, milli təhlükəsizlik, sərhəd xidməti, daxili işlər, gömrük, vergi, xarici işlər və feldyeger rabitəsi orqanlarında, Azərbaycan Respublikasının Milli Bankında dövlət qulluğu keçən şəxslərə də şamil edilir. Maddə 23. Dövlət qulluqçularının pensiya təminatı 23.1. Dövlət qulluqçusunun və onun ailə üzvlərinin pensiya təminatı “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq həyata keçirilir. “Azərbaycan Respublikasının Mərkəzi Bankı haqqında” Azərbaycan Respublikasının Qanunu (xx.xx.2007-ci il tarixədək qüvvədə olan redaksiyasi): Maddə 59. Mərkəzi Bankın əməkdaşları 59.5. Milli Bankın əməkdaşlarına dövlət qulluqçularının pensiya təminatı sistemi şamil edilir. “Azərbaycan Respublikasının Mərkəzi Bankı haqqında” Azərbaycan Respublikasının Qanunu (hazırda qüvvədə olan redaksiyasi): Maddə 59. Mərkəzi Bankın əməkdaşları 59.5. Mərkəzi Bankın əməkdaşlarının pensiya təminatı "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikasının Qanununa uyğun olaraq həyata keçirilir. “İnzibati icraat haqqında” Qanun: Maddə 67. Qanunsuz inzibati aktın ləğv olunması 67.1. İnzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. 67.2. Qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan subordinasiya baxımından yuxarı inzibati orqan və ya qanunla şikayətə baxmaq səlahiyyətinə malik olan müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. 67.3. Qanunsuz əlverişsiz inzibati akt hər bir halda ləğv olunmalıdır. Azərbaycan Respublikasının müvafiq qanunları ilə başqa qayda nəzərdə tutulmamışdırsa, qanunsuz əlverişsiz inzibati aktın ləğv olunması həmin aktın qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 87. Apellyasiya instansiyası məhkəməsində icraat 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Maddə 87.8 Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 89. Apellyasiya instansiyası məhkəməsinin qərarının qanuni qüvvəyə minməsi Bu Məcəllənin 94.1-ci maddəsində nəzərdə tutulmuş müddətdə şikayətin verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda, məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadı isə 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Şikayətin geri götürülməsi haqqında bəyanat yazılı şəkildə məhkəməyə təqdim olunmalıdır. Maddə 90.1. Apellyasiya instansiyası məhkəməsinin qərar və ya qərardadlarından, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla Ali Məhkəmənin İnzibati kollegiyasına (bundan sonra – Ali Məhkəməyə) şikayət verilə bilər. APELLYASİYANİN MÜMKÜNLÜYÜ, APELLYASİYA BAXİŞİNİN HƏDLƏRİ Apellyasiya şikayəti vaxtında, yəni məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində (İPM-in 85.1-ci maddəsi) verilmişdir. Şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir (İPM-in 85.2 və 85.3-cü maddələri). Şikayət qanunla müəyyən edilmiş formal tələblərə və prosessual müddətə əməl olunmaqla verildiyindən onun mümkün sayılmaması üçün əsaslar yoxdur. Ona görə də şikayət qəbul oluna bilən hesab edilir. Birinci instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ Məhkəmə kollegiyası tərəfləri dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə nəzərə alınmaqla, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilməlidir. Yaranmış mübahisə ilə bağlı kollegiya aşağıdakıları qeyd edir: İşdən görünür ki, iddiaçıya 25 aprel 2007-ci il tarixindən sabiq dövlət qulluqçusu kimi İİ dərəcə əlilliyə görə əmək pensiyası təyin edilmişdir. Daha sonra cavabdehin 26 may 2023-cü il tarixli, 3-17-1/3-3-11513/2023 nömrəli “Əmək pensiyasının ləğv olunması haqqında” qərarı ilə iddiaçıya 2007-ci ildən dövlət qulluqçusu kimi təyin edilmiş əlilliyə görə əmək pensiyası ləğv edilmiş və ona xx.xx.2020-ci il tarixdən ümumi əsaslarla yaşa görə əmək pensiyası təyin etmişdir. Cavabdeh qeyd olunan qərarın qəbul edilməsi əsası kimi “Azərbaycan Respublikasının Mərkəzi Bankı haqqında” Azərbaycan Respublikası Qanununun 59.5-ci maddəsinin 6 noyabr 2007-ci il tarixinədək qüvvədə olmuş redaksiyasına istinad edərək Mərkəzi Bankın (əvvəlki adı Milli Bank) yalnız Aparatının əməkdaşlarına dövlət qulluqçularının pensiya təminatı sistemi şamil olunduğunu, iddiaçının isə xx.xx.1992xx.xx.1992-ci il və xx.xx.1994-xx.xx.2005-ci il tarixləri arasındakı dövr ərzində Azərbaycan Respublikası Milli Bankın X6 şöbəsində və Azərbaycan Respublikası Milli Bankın Aqrar- Sənaye X2 şöbəsində işlədiyini, bu baxımdan, həmin dövrlərin dövlət qulluğu stajının hesablanması zamanı nəzərə alınmadığını qeyd etmişdir. Birinci instansiya məhkəməsi cavabdehin dəlilini əsassız sayaraq qərarında iddiaçının Mərkəzi Bankın qurumu olan Xaçmaz Ərazi idarəsinin rəisi vəzifəsində işlədiyini və həmin orqan tərəfindən verilmiş arayışla bu vəzifənin dövlət qulluğu vəzifəsi sayıldığını qeyd edərək iddianın təmin edilməsi qənaətinə gəlmişdir. Məhkəmə kollegiyası işə baxan məhkəmənin gəldiyi nəticə ilə razılaşaraq aşağıdakıları qeyd etməyi zəruri hesab edir: Cavabdeh dəlillərində iddiaçının xx.xx.1992-ci il tarixdən xx.xx.1992-ci il tarixədək və xx.xx.1994-ci il tarixdən xx.xx.2005-ci il tarixədək olan dövrü dövlət qulluğu stajı kimi qəbul etməsə də, hazırda iddiaçının tələbi yalnız xx.xx.1994-xx.xx.2005-ci il tarixləri arasındakı dövrün dövlət qulluğu stajına daxil edilməsi barədədir. İPM-nin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Bu baxımdan, məhkəmə kollegiyası iddia tələbində qeyd olunan dövrlərin dövlət qulluğu stajına daxil edilməsindən imtinanın qanuniliyini yoxlayır. Yuxarıda qeyd edildiyi kimi cavabdehin yeganə dəlili ondan ibarətdir ki, “Azərbaycan Respublikasının Mərkəzi Bankı haqqında” Qanunun 59.5-ci maddəsinin tələbi baxımından Mərkəzi Bankın yalnız Aparatının əməkdaşlarına dövlət qulluqçularının pensiya təminatı sistemi şamil olunur, iddiaçı isə aparatın əməkdaşı olmamışdır. Məhkəmə kollegiyası cavabdehin dəlilinə münasibətdə qeyd edir ki, “Azərbaycan Respublikasının Mərkəzi Bankı haqqında” Qanununun yuxarıda istinad edilən mübahisəli hüquq münasibətləri yaranan zaman qüvvədə olan redaksiyasının 59.5-ci maddəsində Milli Bankın əməkdaşlarına dövlət qulluqçularının pensiya təminatı sisteminin şamil edildiyi göstərilmişdir. Həmin maddənin hazırda qüvvədə olan redaksiyası analoji qaydanı Mərkəzi Bankın əməkdaşlarına şamil edir. Göründüyü kimi cavabdehin istinad etdiyi Qanunun 59.5-ci maddəsində heç bir halda Mərkəzi Bankın “Aparatı” sözü qeyd edilməmişdir. İddiaçının yuxarıda qeyd edilən əmək kitabçası məlumatlarından müəyyən edilir ki, o, xx.xx.1994-cü il tarixdən xx.xx.2005-ci il tarixədək Azərbaycan Respublikası Milli Bankın Aqrar-Sənaye X2 şöbəsində hesablama-kassa mərkəzinin rəisi, icraçı və idarə rəisi vəzifələrində işləmişdir. Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən iddiaçı barəsində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə X14 şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına təqdim edilmiş 23 iyun 2023-cü il tarixli, 6-1-07/3- 6443/2023 nömrəli arayışdan görünür ki, iddiaçı xx.xx.1994-xx.xx.2005-ci il (10 il 08 ay) tarixlərində Mərkəzi Bankın qurumu olan X11 Ərazi idarəsinin rəisi vəzifəsində çalışmışdır. X15 əməkdaşı kimi 2007-ci ilə kimi qüvvədə olan qanunvericiliyə uyğun olaraq dövlət qulluqçularının pensiya təminatı sistemi şamil edilmişdir. Arayışdan göründüyü kimi iddiaçının 1994-2005-ci illərdə Mərkəzi Bankın əməkdaşı olması, ona qanunun tələbi baxımından dövlət qulluqçularının pensiya təminatı sisteminin şamil edildiyi və bununla da onun həmin dövrlərdə işlədiyi vəzifələrin dövlət qulluğu stajına sayıldığı onun işlədiyi dövlət orqanı tərəfindən də təsdiq edilmişdir. Qeyd olunanlara əsasən, kollegiya hesab edir ki, cavabdeh iddiaçının Mərkəzi Bankın qurumu olan X11 Ərazi idarəsinin rəisi vəzifəsində işlədiyi xx.xx.1994-xx.xx.2005-ci il tarixləri arasındakı dövrü onun dövlət qulluğu stajına daxil etməməkdə haqlı olmamış, bununla da iddiaçıya münasibətdə onun dövlət qulluqçusu kimi əlilliyə görə əmək pensiyasının ləğvi barədə qanunsuz və əlverişsiz inzibati akt qəbul edilmişdir. Belə inzibati akt isə “İnzibati icraat haqqında” Qanunun 67.3-cü maddəsinin tələbi baxımından hər bir halda ləğv olunmalıdır. Apellyasiya instansiya məhkəməsində icraat zamanı iddiaçı məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, iddiaçı məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, cavabdehin 26 may 2023-cü il tarixli, 3-17- 1/3-3-11513/2023 nömrəli “Əmək pensiyasının ləğv olunması haqqında” qərarının ləğv edilməsini, xx.xx.1994-xx.xx.2005-ci il tarixləri arasındakı dövrün dövlət qulluğu stajına hesablanmaqla, əvvəlki əmək pensiyasının bərpa edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə kollegiyası ərizədə edilən dəyişikliyin – dəqiqləşmənin iddianın növünə təsir etmədiyini nəzərə alaraq, “Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 13-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 17 sentyabr 2014-cü il tarixli qərarına əsasən, ərizəni məhkəmənin icraatına qəbul edilməsini məqsədəuyğun hesab etmişdir. Beləliklə, kollegiya işin yuxarıda sadalanan hallarını nəzərə alaraq hesab edir ki, apelyasiya şikayətinin dəlilləri əsassız olduğundan təmin edilməməli, tələbin dəqiqləşdirilməsi barədə ərizə nəzərə alınmaqla, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilməli, cavabdehin 26 may 2023-cü il tarixli, 3-17-1/3-3-11513/2023 nömrəli “Əmək pensiyasının ləğv olunması haqqında” qərarı ləğv edilməli, xx.xx.1994-xx.xx.2005-ci il tarixləri arasındakı dövrün iddiaçının dövlət qulluğu stajına hesablanmaqla, əvvəlki əmək pensiyasının bərpa edilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmalıdır. Göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: Apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt İnzibati Məhkəməsinin 16 aprel 2024-cü il tarixli, 2-1(118)-1695/2024 qərarı dəyişdirilsin. Cavabdehin 26 may 2023-cü il tarixli, 3-17-1/3-3-11513/2023 nömrəli “Əmək pensiyasının ləğv olunması haqqında” qərarı ləğv edilsin, xx.xx.1994-xx.xx.2005-ci il tarixləri arasındakı dövrün İddiaçı dövlət qulluğu stajına hesablanmaqla, əvvəlki əmək pensiyasının bərpa edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə X14 şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulsun. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti 70) vasitəsilə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar