Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(105)-676/2024 13.09.2024 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Quliyev İsmayıl Rza oğlu (sədrlik edən və məruzəçi), Hüseynzadə Afiq Hüseyn oğlu və X1 ibarət tərkibdə, Şərifova Mahirə Vahid qızının katibliyi İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Abşeron rayonu Qobu Bələdiyyəsinə qarşı “Qobu Bələdiyyəsinin 10 yanvar 2007-ci il tarixli, 01 saylı qərarı ilə ona Abşeron rayonu Qobu Bələdiyyəsinin ərazi hüdudlarında ayrılmış 0,08 ha sahədən ibarət torpaq sahəsinin əvəzinə ayrılması nəzərdə tutulmuş eyni ölçüdə torpaq sahəsinin naturadan ayrılaraq ona təhvil verilməsi və torpaq sahəsinin adına sənədləşdirilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsi” tələbinə dair inzibati mübahisə üzrə Sumqayıt İnzibati Məhkəməsinin 18 aprel 2024-cü il tarixli, 2-1(118)-1683/2024 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ: İddiaçı cavabdeh Abşeron rayonu Qobu bələdiyyəsinə qarşı iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək, Qobu Bələdiyyəsinin 10 yanvar 2007-ci il tarixli, 01 saylı qərarı ilə ona Abşeron rayonu Qobu Bələdiyyəsinin ərazi hüdudlarında ayrılmış 0.08 ha sahədən ibarət torpaq sahəsinin əvəzinə ayrılması nəzərdə tutulmuş eyni ölçüdə torpaq sahəsinin naturadan ayrılaraq ona təhvil verilməsi və torpaq sahəsinin adına sənədləşdirilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ: a) Birinci instansiya məhkəməsindəki icraat İddia tələbi onunla əsaslandırılmışdır ki, ona Qobu Bələdiyyəsinin 10 yanvar 2007-ci il tarixli, 01 saylı qərarı ilə Abşeron rayonu Qobu Bələdiyyəsinin ərazi hüdudlarında 0.08 ha sahədən ibarət torpaq sahəsi ayrılmış, torpaq sahəsinə dair alqısatqı aktı tərtib edilmiş, yerquruluşu planı hazırlanmış və torpaq sahəsinin ayrılması ilə bağlı Qobu Bələdiyyəsinin hesabına 05 oktyabr 2015-ci il tarixdə 800 manat məbləğində pul köçürmüşdür. Qeyd olunmalıdır ki, ayrılmış torpaq sahəsi onlara eyni ərazidə, ailə üzvləri olduğundan bitişik olaraq ayrılmış, həmin torpaq sahəsinə hasar çəkilməsi ilə bağlı kubik daşlar və digər materiallar alınmışdır və bununla bağlı xeyli vəsait sərf etmişdir . Abşeron Rayon İcra Hakimiyyəti tərəfindən torpaq sahəsinə hasar çəkilməsinə icazə verilmişdir. Torpaq sahəsinin sənədləşdirilməsi ilə bağlı müraciət etdikdə məlum oldu ki, bələdiyyə tərəfindən ona verilmiş qərarlar saxtadır, belə ki, bu torpaq sahəsinə əvvəllər başqa şəxslərə qərarlar verilmişdir. Onlar torpaq sahəsində tikinti işləri aparmış, torpaq sahəsinə hasar çəkdirmişlər. Bir müddət sonra bu hasar uçurulmuşdur, belə ki, bu torpaq sahəsi əvvəllər başqa şəxsə ayrılmışdır. Onlar maddi zərərə məruz qalmışlar. Qeyd olunmalıdır ki, hasar çəkilməsi ilə bağlı olaraq bönövrə xəndəyinin ekskavatorla qazılmasına, hasarın mişar daşı ilə tikintisinə, hörgü üçün mişar daşına (Güzdək standartı), hörgü üçün sementə, hörgü üçün quma və su ilə bağlı, əlavə işlərə cəmi 1656 manat 70 qəpik pul xərcləmişdir. Onlara vurulmuş maddi ziyanın müəyyən edilməsi ilə bağlı digər sifariş verilmişdir və "xxxx" MMC tərəfindən qiymətləndirmə işləri aparılmışdır və 05 may 2022-ci il tarixdə mütəxəssis rəyi verilmişdir. Göründüyü kimi o maddi ziyana məruz qalmış, normal qaydada torpaq sahəsi əldə etməkdən məhrum edilmiş və saxtakarlığın qurbanına çevrilmişdir. Qobu Bələdiyyəsi tərəfindən xx.xx.2022-ci il tarixdə verilmiş cavabda Abşeron rayonu Qobu Bələdiyyəsinin xx.xx.2007-ci il tarixli, 01 saylı torpaq ayrıma qərarlarının xx.xx.2018-ci il tarixdə ləğv edilməsi göstərilmişdir. Qobu Bələdiyyəsi tərəfindən həmin torpaq sahəsinin əvəzi olaraq başqa yerdə torpaq sahəsi təklif edilir, torpaq sahəsinin yalnız miqyası göstərilməklə planı verilir, həmin planın ona aid olması göstərilməmiş, digər sənədləşmə işləri isə aparılmır. Halbuki təklif edilən torpaq sahəsinin ayrılması barədə qərar, alqı-satqısına dair akt, müqavilə və s. barədə sənədləşmə işləri aparılmalıdır. Ona əvvəllər verilmiş torpaq sahəsindən məhrum olmuş və əvəzi də qanunvericiliyə uyğun olaraq ayrılaraq verilməlidir. Qobu Bələdiyyəsinə ərizə ilə müraciət edərək ayrılmış torpaq sahəsinin əvəzinə ayrılması nəzərdə tutulmuş eyni ölçüdə torpaq sahəsinin naturadan ayrılaraq ona təhvil verilməsi və torpaq sahəsinin adına sənədləşdirilməsi barədə tədbir görülməsini xahiş etmiş, ərizə poçt vasitəsilə xx.xx.2023cü il tarixdə göndərilmiş, lakin tədbir görülməmiş və cavab verilməmişdir. Cavabdeh tərəf heç bir tədbir görməməklə hərəkətsizliyə yol vermişdir. Ona görə də ədalətin bərpa edilməsi üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Cavabdehin iddia tələbinə dair etirazının dəlilləri Cavabdeh inzibati orqan iddia tələbinə yazılı münasibət bildirməmiş, lakin, birinci instansiya məhkəməsində iştirak edən cavabdehin nümayəndəsi və vəkili Vəkil iddia tələbinə etiraz edərək bildirmişdir ki, iddiaçıya torpaq sahəsinin ayrılması haqqında bələdiyyə qərarı məhkəmənin müvafiq qərarına əsasən ləğv edilib. Belə ki, keçmiş bələdiyyə tərəfindən iddiaçıya ayrılan yer kənd təsərrüfatına yararlı torpaq sahəsi olduğundan və Qanunun tələbləri baxımından fiziki şəxslərin mülkiyyətinə verilə bilməyən torpaq sahəsi olduğundan həmin torpaq vətəndaşdan geri alınıb. Torpağın dəyəri olaraq ödənilmiş pulun bələdiyyədən tələb edilməsi ilə bağlı Abşeron Məhkəməsində iddia tələbi qaldırılıb və pul müəyyən hissəsi iddiaçıya geri ödənilib. Hal-hazırkı bələdiyyə sədri tərəfindən formal olaraq iddiaçıya torpaq sahəsi verilib, lakin həmin torpağın iddiaçının adına rəsmiləşdirilməsi hərrac vasitəsi ilə mümkündür. İddiaçı isə həmin torpağı hərracsız almaq niyyətindədir. Bu səbəbdən iddia tələbi mümkün sayılmamasını məhkəmədən xahiş etmişdir. Birinci instansiya məhkəməsinin müəyyən etdiyi hallar: İş materiallarına əlavə edilmiş Abşeron rayonu Qobu bələdiyyəsinin 10 yanvar 2007ci il tarixli, 01 nömrəli qərarına əsasən İddiaçı bələdiyyənin perspektiv inkişaf fondunun alqı-satqı predmeti olan torpaq sahəsindən fərdi mənzil tikintisi məqsədi ilə torpaq sahəsinin satılması qərara alınmışdır. 123CHDP152780124 nömrəli qəbzdən görünür ki, İddiaçı tərəfindən bələdiyyənin bank hesabına 800 manat məbləğində pul köçürülmüşdür. Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin 2-1(085)-195/2019 nömrəli, 14 fevral 2019cu il tarixli qərarına əsasən iddiaçı Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Sumqayıt Regional Ədliyyə İdarəsinin cavabdeh Abşeron rayon Qobu Bələdiyyəsinə qarşı cavabdehin 27 yanvar 2007-ci il tarixli, 01 nömrəli iclasının gündəlikdə duran X2, İddiaçı və X4 fərdi ev tikintisi üçün hər biri 0,08 ha torpaq sahəsinin ayrılması barədə olan qərarın (aktın) ləğv olunması barədə iddiası təmin edilmiş, sözügedən qərarların ləğv edilməsi qərara alınmışdır. Abşeron rayon Qobu Bələdiyyəsi tərəfindən ünvanlanmış 04 iyul 2022-ci il tarixli, 344 nömrəli məktubdan görünür ki, Abşeron rayon Qobu bələdiyyəsinin 10 yanvar 2007-ci il tarixli, 01 saylı torpaqayırma qərarları Abşeron rayon Qobu bələdiyyəsinin 10 avqust 2018ci il tarixli, 08 saylı iclas protokoluna əsasən ləğv edilmişdir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: Sumqayıt İnzibati Məhkəməsinin 18 aprel 2024-cü il tarixli, 2-1(118)-1683/2024 nömrəli qərarı ilə iddia təmin edilməmişdir (hakim Ceyhun Məmmədov). Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin 2-1(85)-195/2019 nömrəli qərarına əsasən iddiaçıya ayrılmış torpaq sahəsinə dair bələdiyyə qərarı Sumqayıt Regional Ədliyyə İdarəsinin məhkəməyə müraciəti əsasında ləğv edilmişdir. Həmin qərarın ləğvinə əsas olmuş hal mübahisəli torpaq sahəsinin kənd təsərrüfatı təyinatlı torpaq sahəsi kateqoriyasına aid olmasıdır. Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin 2-1(85)-195/2019 nömrəli inzibati işin materiallarına əlavə edilmiş Qobu Bələdiyyəsinin 08 nömrəli, xx.xx.2018-ci il Protokolundan görünür ki, Sumqayıt Regional Ədliyyə İdarəsinin 05/199 nömrəli, xx.xx.2018-ci il tarixli məktubu nəzərə alınaraq İddiaçı ayrılmış 0.08 ha torpaq sahələrinin qərarlarının ləğv edilməsi üçün verilmiş təklif həmin torpaq sahələri ilə bağlı bələdiyyə büdcəsinə ödənilmiş rüsumun vətəndaşa geri qaytarılmasının halhazırda mümkün olmaması və bələdiyyənin maliyyə imkanları məhdud olduğuna görə mümkünsüz hesab edilmişdir. Həmçinin, adları qeyd olunan vətəndaşlarla bağlı fərdi söhbətin aparılması, həmin vətəndaşlara yaxın vaxtlarda torpaq sahələri ilə bağlı kateqoriyanın dəyişdiriləcəyi və qanunvericilikdən irəli gələn məsələlərin izah edilməsi qərara alınmışdır. Göründüyü kimi, bələdiyyənin müvafiq protokol qərarında iddiaçıya hər hansı torpaq sahəsinin bələdiyyənin ərazi hüdudlarında ayrılması nəzərdə tutulmadığından, iddiaçının hazırkı tələbi qanunsuzdur. İddiaçı qərardan apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsi və iddianın təmin edilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a) Apellyasiya şikayətinin dəlilləri İddiaçı apellyasiya şikayətini iddia ərizəsi ilə eyni məzmunda əsaslandıraraq əlavə olaraq qeyd etmişdir ki, iddia ərizəsində qeyd edilən amillər işə baxan məhkəmə tərəfindən nəzərə alınmamışdır, işin faktiki halları tam şəkildə araşdırılmamışdır. Qeyd olunmalıdır ki, cavabdeh tərəfin nümayəndəsi izahatında bildirmişdir ki, "hal-hazırki bələdiyyə sədri tərəfindən formal olaraq iddiaçıya torpaq sahəsi verilib". Torpaq sahəsinin iddiaçının adına rəsmiləşdirilməsinin hərrac vasitəsilə mümkünlüyünü qeyd etmişdir. Halbuki faktiki ona verilmiş torpaq sahəsi barədə hərracla satılması barədə razılaşma olmamışdır, bu torpaq sahəsinin ləğv edilmiş torpaq sahəsinin əvəzi olaraq ayrılması bildirilmişdir, əvvəlki torpaq sahəsi ilə bağlı dəymiş ziyan isə ödənilməmişdir. Məhkəmə tərəfindən Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsi, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139-cu maddəsinə istinad edilsə də, nəticədə düzgün tətbiq edilməmişdir, ona ayrılmış torpaq sahəsinin qərarla ləğv edilməsi, həmin torpaq sahəsi ləğv edilməsəydi və torpaqla bağlı hüquqlarının həyata keçirilməsində hər hansı məhdudiyyət olmasaydı, həmin torpaq sahəsinin özəlləşdirilməsi hüququnun yaranması və mülkiyyətinə keçirilməsi üçün zəmin yaranmış olardı. Verilmiş torpaq sahəsinin sənədləşdirilməsi onun pozulmuş hüquqlarının bərpa edilməsi və yuxarıda qeyd edilən hüquqlarının gerçəkləşməsi üçün vacibdir. Bələdiyyənin protokolunda iddiaçıya bələdiyyənin ərazi hüdudlarında torpaq sahəsinin ayrılmasının nəzərdə tutulmaması əsas götürülə bilməz, bu hal vətəndaş üçün əlverişsiz vəziyyətin yaranması hüquqlarının həyata keçirilməsində qeyri-müəyyənlik yaratmışdır. “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında" Qanunun 6.1-ci maddəsinə əsasən bələdiyyə mülkiyyətində olan torpaqlar Azərbaycan Respublikasının torpaq qanunvericiliyinə, "Bələdiyyələrin əraziləri və torpaqları haqqında" Azərbaycan Respublikasının Qanununa və torpaq münasibətlərini tənzimləyən digər normativ hüquqi aktlara uyğun olaraq mülkiyyətə, istifadəyə və icarəyə verilir. İşə baxan məhkəmə yalnız qanunun normalarını sadalamaqla kifayətlənmiş, obyektiv araşdırma aparmamışdır. b) Apellyasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında iştirak etmiş iddiaçı apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini, iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar olunmağına baxmayaraq iş üzrə cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, lakin ərizə ünvanlayaraq məhkəmə iclasının təxirə salınmasını xahiş etmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 9.8-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 13 və 29cu maddələri, eləcə də Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152-ci maddəsinin müddəaları baxımından şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 27 avqust 2020-ci il tarixli qərarı Azərbaycan Respublikasının Konstitusiyası: Maddə 13. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. Maddə 29. Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikasının Torpaq Məcəlləsi Maddə 5. Torpaq sahəsi üzərində mülkiyyət və onun növləri
1. Azərbaycan Respublikasında torpaq sahəsi üzərində dövlət, bələdiyyə və xüsusi mülkiyyət növləri mövcuddur. Bütün mülkiyyət növləri bərabərhüquqludur və dövlət tərəfindən qorunur.
2. Mülkiyyət hüququnun subyektləri — dövlət mülkiyyətində olan torpaq sahələri üzərində — Azərbaycan dövləti, bələdiyyə mülkiyyətində olan torpaq sahələri üzərində — bələdiyyələr, xüsusi mülkiyyətdə olan torpaq sahələri üzərində — Azərbaycan Respublikasının vətəndaşları və hüquqi şəxsləridir.
3. Torpaq sahəsi üzərində mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə torpaq sahəsinə sahib olmaq, torpaq sahəsindən istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir.
Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 156. Bələdiyyələrin mülkiyyət hüququ 156.1. Bələdiyyələrə mülkiyyət hüququ ilə mənsub olan əmlak onların mülkiyyətidir. 156.2. Yerli büdcənin vəsaiti bələdiyyənin mülkiyyətidir.
“Bələdiyyə mülkiyyətinə əmlakın verilməsi haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə 4. Dövlət əmlakının bələdiyyələrə verilməsi Bu Qanunda və digər normativ hüquqi aktlarda müəyyən edilmiş qaydada dövlət mülkiyyətində olan və bələdiyyələrin səlahiyyətlərinin həyata keçirilməsi üçün zəruri mənzil-kommunal, sosial və mədəniyyət obyektləri, əhalinin ümumi istifadəsində olan obyektlər və digər dövlət əmlakı onların mülkiyyətinə verilir.
“Bələdiyyələrin statusu haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə 33. Bələdiyyə mülkiyyəti
1. Bələdiyyə mülkiyyətinin tərkibinə yerli vergilər və ödənişlər hesabına formalaşan yerli büdcənin vəsaiti, bələdiyyənin büdcədənkənar fondları, bələdiyyə əmlakı, habelə bələdiyyə torpaqları, bələdiyyə müəssisələri və təşkilatları, bələdiyyə mənzil fondları və qeyri-yaşayış binaları, dövlət və xüsusi mülkiyyətdə olmayan yollar, bələdiyyə təhsil, tibb, mədəniyyət və idman müəssisələri, digər daşınar və daşınmaz əmlak daxildir.
2. Bələdiyyələr bələdiyyə mülkiyyətini idarə edirlər. Bələdiyyə mülkiyyətinin tərkibinə daxil olan əmlak barəsində mülkiyyət hüququnu bələdiyyələr, Azərbaycan Respublikasının qanunları ilə nəzərdə tutulmuş hallarda isə bilavasitə əhali həyata keçirir.
“Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında” Əsasnamə
16. Ayrılması nəzərdə tutulan torpaq sahəsinin məqsədli təyinatı həmin ərazinin yerquruluşu-təsərrüfat planına, yaşayış məntəqəsinin baş planına, ərazinin planlaşdırılması və tikintisi layihələrinə uyğun olarsa və həmin yer başqa hüquqi və fiziki şəxsin mülkiyyətinə, istifadəsinə və ya icarəsinə verilməmişdirsə, habelə elektrik, rabitə, nəqliyyat, qaz, su, kanalizasiya və digər kommunikasiya xətlərinin mühafizə zolağında və sürüşmə zonasında yerləşməmişdirsə, bələdiyyə hərrac və ya müsabiqənin keçirilməsi məqsədilə torpaq sahəsi üzərində bələdiyyənin mülkiyyət hüququnun qeydiyyata alınma proseduruna başlanmasının və ya bu Əsasnamənin 10-cu bəndində nəzərdə tutulmuş hallarda müraciət edən hüquqi və fiziki şəxsə torpaq sahəsinin ayrılmasının məqsədəuyğunluğu barədə qərar qəbul edir. Həmin ərazidə torpaq sahəsinin ayrılması mümkün olmadığı halda bələdiyyə müraciət edən şəxsə yaşayış məntəqəsinin baş planına, ərazinin planlaşdırılması və tikintisi layihələrinə uyğun olan boş torpaq sahəsi təklif edir və ya torpaq sahəsinin ayrılmasından imtina edilməsi barədə qərar qəbul edir. Bələdiyyə imtinanın səbəblərini göstərməklə müraciət etmiş şəxsə əsaslandırılmış cavab verir. Torpaq sahəsinin verilməsindən imtina edilməsi barədə bələdiyyənin qərarından bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqana və ya məhkəmə qaydasında şikayət verilə bilər. “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 6. Torpaq sahələrinin mülkiyyətə, istifadəyə və icarəyə verilməsinin ümumi qaydaları 6.1. Bələdiyyə mülkiyyətində olan torpaqlar Azərbaycan Respublikasının torpaq qanunvericiliyinə, "Bələdiyyələrin əraziləri və torpaqları haqqında" Azərbaycan Respublikasının Qanununa və torpaq münasibətlərini tənzimləyən digər normativ hüquqi aktlara uyğun olaraq mülkiyyətə, istifadəyə və icarəyə verilir. 6.2. Bələdiyyə mülkiyyətində olan torpaqların hər hansı hüquqla hüquqi və fiziki şəxslərə verilməsi bələdiyyələrin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. Müqavilədə tərəflərin hüquqları və vəzifələri, torpaq sahəsinin hüquqi statusu, öhdəliklər, servitutlar və digər məhdudiyyətlər, müqaviləyə xitam verilməsinin əsasları və torpaqların istifadəsi və mühafizəsi üzrə başqa şərtlər nəzərdə tutulur. (-) Maddə 9. Bələdiyyə torpaqlarının satışının xüsusiyyətləri 9.1. Bələdiyyənin ərazisində daimi yaşayan və eyni zamanda ən azı beş il müddətində yaşayış yeri üzrə qeydiyyatda olan Azərbaycan Respublikası vətəndaşlarının mülkiyyətinə bu Qanunun 9.8-ci maddəsində müəyyən edilmiş məhdudiyyət nəzərə alınmaqla fərdi yaşayış evinin tikintisi üçün torpağın ayrılması, habelə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdən irəli gələn öhdəlikləri yerinə yetirmək məqsədi ilə torpağın dövlət mülkiyyətinə və ya icarəsinə verilməsi, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən olunan hallarda və qaydada istismarına icazə verilməsi üçün aparılmış müayinənin nəticələrinə əsasən istismara hazırlığı barədə müsbət rəy verilmiş tikinti obyektinin yerləşdiyi torpaq sahəsinin fiziki və hüquqi şəxslərin mülkiyyətinə satılması və ya icarəsinə verilməsi halları, “Elektrik enerjisi istehsalında bərpa olunan enerji mənbələrindən istifadə haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq bərpa olunan enerji mənbələri ərazisinin əhatə etdiyi torpaq sahəsinin dövlət mülkiyyətinə və ya icarəsinə, elektrik enerjisi istehsalçısının icarəsinə verilməsi halları istisna olmaqla, digər hallarda bələdiyyə torpaqları üzərində mülkiyyət və icarə hüquqları yalnız açıq torpaq hərracları və ya müsabiqələri vasitəsilə əldə edilə bilər. (-) 9.8. “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikasının Qanununda və Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə müəyyən edilən hallar istisna olmaqla, bu Qanunun 9.1-ci maddəsində müəyyən edilmiş əsaslarla mülkiyyətinə fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsi əldə etmiş şəxs həmin torpaq sahəsini beş il müddətində özgəninkiləşdirə bilməz. Belə məhdudiyyət bələdiyyənin qərarında və bu Qanunun 6.2-ci maddəsinə əsasən tərəflər arasında bağlanmalı olan müqavilədə nəzərdə tutulmalıdır.
İnzibati Prosessual Məcəllə: Maddə 12. İşin hallarının araşdırılması prinsipi.
1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur.
2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Maddə 87.8 Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 89. Bu Məcəllənin 94.1-ci maddəsində nəzərdə tutulmuş müddətdə şikayətin verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda, məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadı isə 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Şikayətin geri götürülməsi haqqında bəyanat yazılı şəkildə məhkəməyə təqdim olunmalıdır. Maddə 90.1. Apellyasiya instansiyası məhkəməsinin qərar və ya qərardadlarından, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla Ali Məhkəmənin İnzibati kollegiyasına (bundan sonra – Ali Məhkəməyə) şikayət verilə bilər.
APELLYASİYANİN MÜMKÜNLÜYÜ, APELLYASİYA BAXİŞİNİN HƏDLƏRİ Apellyasiya şikayəti vaxtında verilmişdir. Apellyasiya şikayəti formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə apellyasiya mümkün hesab edilmişdir. Birinci instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır.
APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ Məhkəmə kollegiyası iş üzrə materialları və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti əsassızdır. Birinci instansiya məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Eyni zamanda, məhkəmə kollegiyası birinci instansiya məhkəməsi tərəfindən hüquq münasibətinin yarandığı dövrdə qüvvədə olan maddi hüquq normalarının tətbiqini qanuni və əsaslı sayır. Birinci instansiya məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsaslar müəyyən edilməmişdir. Bu səbəbdən, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Hazırkı iş üzrə iddiaçının hüquqi marağı Qobu Bələdiyyəsinin 10 yanvar 2007-ci il tarixli, 01 saylı qərarı ilə ona Abşeron rayonu Qobu Bələdiyyəsinin ərazi hüdudlarında ayrılmış 0,08 ha sahədən ibarət torpaq sahəsinin əvəzinə ayrılması nəzərdə tutulmuş eyni ölçüdə torpaq sahəsinin naturadan ayrılaraq ona təhvil verilməsi və torpaq sahəsinin adına sənədləşdirilməsinə nail olmaqdan ibarətdir. Birinci instansiya məhkəməsi tərəfindən iddia tələbi təmin edilməmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq aşağıdakıları qeyd etməyi zəruri hesab edir. İş materiallarına əlavə edilmiş Abşeron rayonu Qobu bələdiyyəsinin 10 yanvar 2007ci il tarixli, 01 nömrəli qərarına əsasən İddiaçı bələdiyyənin perspektiv inkişaf fondunun alqı-satqı predmeti olan torpaq sahəsindən fərdi mənzil tikintisi məqsədi ilə torpaq sahəsinin satılması qərara alınmışdır. 123CHDP152780124 nömrəli qəbzdən görünür ki, İddiaçı tərəfindən bələdiyyənin bank hesabına 800 manat məbləğində pul köçürülmüşdür. Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin 2-1(085)-195/2019 nömrəli, 14 fevral 2019cu il tarixli qərarına əsasən iddiaçı Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Sumqayıt Regional Ədliyyə İdarəsinin cavabdeh Abşeron rayon Qobu Bələdiyyəsinə qarşı cavabdehin 27 yanvar 2007-ci il tarixli, 01 nömrəli iclasının gündəlikdə duran X2, İddiaçı və X4 fərdi ev tikintisi üçün hər biri 0,08 ha torpaq sahəsinin ayrılması barədə olan qərarın (aktın) ləğv olunması barədə iddiası təmin edilmiş, sözügedən qərarların ləğv edilməsi qərara alınmışdır. Abşeron rayon Qobu Bələdiyyəsi tərəfindən ünvanlanmış 04 iyul 2022-ci il tarixli, 344 nömrəli məktubdan görünür ki, Abşeron rayon Qobu bələdiyyəsinin 10 yanvar 2007-ci il tarixli, 01 saylı torpaqayırma qərarları Abşeron rayon Qobu bələdiyyəsinin 10 avqust 2018ci il tarixli, 08 saylı iclas protokoluna əsasən ləğv edilmişdir. Hazırki iş üzrə iddiaçı bələdiyyə tərəfindən ona yeni bir torpaq sahəsinin ayrılmasını tələb edir. Məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsi və Torpaq Məcəlləsinin 5-ci maddəsinə əsasən mülkiyyətin 3 növü müəyyən edilmişdir: 1) dövlət mülkiyyəti, 2) bələdiyyə mülkiyyəti, 3) xüsusi mülkiyyət. Mülki Məcəllənin 156.1-ci maddəsinin tələbinə əsasən bələdiyyələrə mülkiyyət hüququ ilə mənsub olan əmlak onların mülkiyyətidir. Lakin nəzərə almaq lazımdır ki, bələdiyyə mülkiyyətində olan əmlakın satışını istədiyi şəkildə həyata keçirə bilməz. Qeyd olunan hal qanunvericiliklə tənzimlənir. “Bələdiyyələrin statusu haqqında” Azərbaycan Respublikasının Qanununun 33-cü maddəsinə əsasən Bələdiyyə mülkiyyətinin tərkibinə yerli vergilər və ödənişlər hesabına formalaşan yerli büdcənin vəsaiti, bələdiyyənin büdcədənkənar fondları, bələdiyyə əmlakı, habelə bələdiyyə torpaqları, bələdiyyə müəssisələri və təşkilatları, bələdiyyə mənzil fondları və qeyri-yaşayış binaları, dövlət və xüsusi mülkiyyətdə olmayan yollar, bələdiyyə təhsil, tibb, mədəniyyət və idman müəssisələri, digər daşınar və daşınmaz əmlak daxildir. Qanuna uyğun olaraq bələdiyyələr bələdiyyə mülkiyyəti obyektlərini fiziki və hüquqi şəxslərin müvəqqəti və ya daimi istifadəsinə, icarəsinə verə bilər, qanunla müəyyənləşdirilmiş qaydada özgəninkiləşdirə bilər, habelə bələdiyyə mülkiyyətində olan əmlak barəsində başqa əqdlər bağlaya bilər, özəlləşdirilən və ya istifadəyə verilən obyektlərdən istifadə şərtlərini müqavilə və sazişlərdə müəyyənləşdirə bilərlər. “Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında” Əsasnamənin 16-cı bəndinin tələbinə əsasən ayrılması nəzərdə tutulan torpaq sahəsinin məqsədli təyinatı həmin ərazinin yerquruluşu-təsərrüfat planına, yaşayış məntəqəsinin baş planına, ərazinin planlaşdırılması və tikintisi layihələrinə uyğun olarsa və həmin yer başqa hüquqi və fiziki şəxsin mülkiyyətinə, istifadəsinə və ya icarəsinə verilməmişdirsə, habelə elektrik, rabitə, nəqliyyat, qaz, su, kanalizasiya və digər kommunikasiya xətlərinin mühafizə zolağında və sürüşmə zonasında yerləşməmişdirsə, bələdiyyə hərrac və ya müsabiqənin keçirilməsi məqsədilə torpaq sahəsi üzərində bələdiyyənin mülkiyyət hüququnun qeydiyyata alınma proseduruna başlanmasının və ya bu Əsasnamənin 10-cu bəndində nəzərdə tutulmuş hallarda müraciət edən hüquqi və fiziki şəxsə torpaq sahəsinin ayrılmasının məqsədəuyğunluğu barədə qərar qəbul edir. Həmin ərazidə torpaq sahəsinin ayrılması mümkün olmadığı halda bələdiyyə müraciət edən şəxsə yaşayış məntəqəsinin baş planına, ərazinin planlaşdırılması və tikintisi layihələrinə uyğun olan boş torpaq sahəsi təklif edir və ya torpaq sahəsinin ayrılmasından imtina edilməsi barədə qərar qəbul edir. Bələdiyyə imtinanın səbəblərini göstərməklə müraciət etmiş şəxsə əsaslandırılmış cavab verir. Torpaq sahəsinin verilməsindən imtina edilməsi barədə bələdiyyənin qərarından bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqana və ya məhkəmə qaydasında şikayət verilə bilər. “Bələdiyyə torpaqlarının torpaq hərracları və ya müsabiqələri vasitəsilə verilməsinin tənzimlənməsi məqsədilə Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına dəyişikliklər və əlavələr edilməsi barədə” Azərbaycan Respublikasının Qanunu qəbul edilmiş və həmin Qanunla bələdiyyə torpaqlarının idarə olunması sahəsində ciddi islahatlar həyata keçirilmiş, bələdiyyə torpaqlarının satışı və icarəsinin torpaq hərracları və ya müsabiqələri vasitəsilə həyata keçirilməsi nəzərdə tutulmuşdur. Bu dəyişikliklərin edilməsində əsas məqsəd torpaqların satışı və icarəsi sahəsində şəffaflığın təmin olunması, bazar iştirakçıları üçün bərabər imkanların yaradılması və digər neqativ halların qarşısının alınması olmuşdur. “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Qanunun 6.1-ci maddəsinə əsasən, bələdiyyə mülkiyyətində olan torpaqlar Azərbaycan Respublikasının torpaq qanunvericiliyinə, "Bələdiyyələrin əraziləri və torpaqları haqqında" Azərbaycan Respublikasının Qanununa və torpaq münasibətlərini tənzimləyən digər normativ hüquqi aktlara uyğun olaraq mülkiyyətə, istifadəyə və icarəyə verilir. Həmin Qanunun 6.2-ci maddəsində bələdiyyə mülkiyyətində olan torpaqların hər hansı hüquqla hüquqi və fiziki şəxslərə verilməsinin bələdiyyələrin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirildiyi qeyd olunmuşdur. Həmin müqavilədə tərəflərin hüquqları və vəzifələri, torpaq sahəsinin hüquqi statusu, öhdəliklər, servitutlar və digər məhdudiyyətlər, müqaviləyə xitam verilməsinin əsasları və torpaqların istifadəsi və mühafizəsi üzrə başqa şərtlər nəzərdə tutulur. “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Qanunun 9.1-ci maddəsində isə müəyyən edilmişdir ki, bələdiyyənin ərazisində daimi yaşayan və eyni zamanda ən azı beş il müddətində yaşayış yeri üzrə qeydiyyatda olan Azərbaycan Respublikası vətəndaşlarının mülkiyyətinə bu Qanunun 9.8-ci maddəsində müəyyən edilmiş məhdudiyyət nəzərə alınmaqla fərdi yaşayış evinin tikintisi üçün torpağın ayrılması, habelə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdən irəli gələn öhdəlikləri yerinə yetirmək məqsədi ilə torpağın dövlət mülkiyyətinə və ya icarəsinə verilməsi istisna olmaqla, digər hallarda bələdiyyə torpaqları üzərində mülkiyyət və icarə hüquqları yalnız açıq torpaq hərracları və ya müsabiqələri vasitəsilə əldə edilə bilər. Qeyd edilən normaların məzmunundan göründüyü kimi bələdiyyələrin torpaq sahələri üzərində mülkiyyət hüququ olsa da, həmin hüquqların digər şəxslərə verilməsi əsasları qanunvericiliklə tənzimlənmişdir. Başqa sözlə bələdiyyələrin torpaq sahələrini özgəninkiləşdirməsi üçün qanunvericiliklə müəyyən edilmiş hüquqi əsaslar mövcud olmalıdır. Lakin hazırkı işdə belə bir hüquqi əsas mövcud deyil və bu da iddia tələbinin əsaslı olmadığını göstərir. Məhkəmə kollegiyası “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 9.8-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 13 və 29-cu maddələri, eləcə də Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152-ci maddəsinin müddəaları baxımından şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 27 avqust 2020-ci il tarixli qərarına istinad etməyi də məqsədəmüvafiq hesab edir. Həmin qərarla Konstitusiya Məhkəməsi bələdiyyədən yaşayış evi tikmək məqsədi ilə əldə edilmiş torpaq sahəsinin beş il müddətində satılmasının qadağan olunması ilə bağlı müvafiq normanın olmasını konstitusiya ilə müəyyən edilmiş mülkiyyət hüququna zidd hesab etməmişdir. Həmin qərada qeyd olunmuşdur ki, torpaq münasibətlərinin özünəməxsusluğunu, onun təyinatlı və güzəştli şərtlərlə satışını nəzərə alaraq, qanunverici bu cür məhdudiyyət tətbiq etmişdir. Bu məhdudiyyət Konstitusiyanın 29-cu maddəsi və Mülki Məcəllənin 152-ci maddəsi ilə müəyyən edilmiş mülkiyyət hüququnun məhdudlaşdırılması kimi qiymətləndirilməməlidir. Qanunvericilikdə belə məhdudiyyətlərin tətbiq edilməsinə rast gəlinir (məsələn, özəlləşdirilən dövlət əmlakının təyinatının dəyişdirilməsinə zaman məhdudiyyətinin tətbiqi, xüsusi mülkiyyətdə olmasından asılı olmayaraq torpaqdan istifadə hüququnun onun təyinatına uyğun həyata keçirilməsi üzrə məhdudiyyətin tətbiqi və s). “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Qanunun 9.8-ci maddəsində nəzərdə tutulan məhdudiyyət Konvensiyanın tələbləri baxımından qiymətləndirilərək qeyd olunmalıdır ki, bu məhdudiyyət qanun qüvvəli normativ hüquqi aktla müəyyən edilərək qanunilik və müəyyənlik prinsiplərinin tələblərinə cavab verir və Azərbaycan Respublikası vətəndaşlarının yaşayış şəraitinin yaxşılaşdırılması üçün onların mənzilə ehtiyaclarının təmin edilməsi kimi cəmiyyətin ümumi maraqlarına xidmət etməklə qanuni məqsəd daşıyır. Konstitusiya Məhkəməsinin mülkiyyət hüququna müvafiq məhdudiyyətlərin ola biləcəyi ilə bağlı hüquqi mövqeyini də nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, bələdiyyələrin torpaqlar üzərində qərar vermə səlahiyyəti ancaq qanunvericilik ilə müəyyən edilmiş əsaslarla ola bilər. Hazırkı işdə isə belə bir hüquqi əsas mövcud deyil. İddiaçının iddia tələbinin əsası kimi istinad etdiyi hal bələdiyyənin hərəkətləri nəticəsində maddi ziyana məruz qalmasıdır. Bununla əlaqədar məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı ziyanın ödənilməsi ilə bağlı kompensasiya tələb edə bilər. İddiaçının hüquq müdafiə vasitələri ilə bağlı məhkəmə kollegiyası əlavə olaraq aşagıdakıları qeyd etməyi zəruri hesab edir. Belə ki, iddiaçı proses gedişində məhkəməyə vəsatət ünvanlayaraq hazırki iş üzrə məhkəmə icraatının Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin 2-1(085)-195/2019 nömrəli, 14 fevral 2019-cu il tarixli qərarından verilmiş apellyasiya şikayətinin nəticəsi yekunlaşanadək dayandırılmasını xahiş etmişdir. Lakin sözügedən məhkəmə mübahisələri arasında asılılıq olmadığından məhkəmə kollegiyası tərəfindən vəsatət təmin edilməmişdir. Belə ki, İnzibati Prosessual Məcəllənin 7.1-ci maddəsinin tələbinə əsasən mübahisənin həllinin tamamilə və ya qismən həmin dövrdə baxılan digər inzibati mübahisənin predmetini təşkil edən və ya inzibati orqan tərəfindən baxılmalı olan hüquq münasibətinin mövcud olmasından və ya olmamasından asılı olduğu hallarda, məhkəmə iş üzrə icraatı həmin mübahisə həll edilənə kimi və ya inzibati orqan tərəfindən müvafiq qərar qəbul edilənə kimi dayandıra bilər. İş üzrə icraatın dayandırılması haqqında məsələni həll edərkən, məhkəmə onun davam etdirilməsinin məqsədəuyğunluğu ilə bağlı halları nəzərə almalıdır. Məhkəmə kollegiyası hesab edir ki, Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin 2- 1(085)-195/2019 nömrəli, 14 fevral 2019-cu il tarixli qərarından verilmiş apellyasiya şikayəti icraata qəbul edilərək, əsaslı hesab edildiyi və iddiaçının xeyrinə müvafiq qərar qəbul edildiyi halda yeni hüquqi vəziyyət yarana bilər və iddiaçının yeni əsaslarla cavabdehə müraciət etmək hüququ yaranmış olar. Hər bir halda məhkəmə kollegiyası hesab edir ki, iddiaçı uğursuz hüquq müdafiə vasitəsi seçmişdir və iddia tələbi əsaslı hesab edilə bilməz. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq, hesab edir ki, iddiaçının apellyasiya şikayətinin dəlilləri əsassızdır, birinci instansiya məhkəməsi iddia tələbini təmin etməməklə düzgün nəticəyə gəlmişdir, məhkəmə qərarının ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar müəyyən edilmir. Odur ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası hesab edir ki, yuxarıda istinad olunan normalar baxımından və qeyd edilən səbəblərdən birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslı olmuşdur. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər.
NƏTİCƏVİ HİSSƏ:
Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
QƏRARA ALDİ:
Apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt İnzibati Məhkəməsinin 18 aprel 2024-cü il tarixli, 2-1(118)-1683/2024 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti 70) vasitəsilə kassasiya şikayəti verilə bilər.