Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(105)-677/2022 10.11.2022 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 9 saylı Ərazi Vergilər İdarəsinə qarşı iş üzrə QƏRARİ Sədrlik edən və məruzəçi hakim Məmmədov Zahid Tahir oğlu, hakimlər Məmmədov Zaur İkram oğlu və Məmmədov Fuad Əli oğlundan ibarət tərkibdə, X7 qızının katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi X3 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 9 saylı Ərazi Vergilər İdarəsinə qarşı “onun kommersiya qurumunun dövlət reyestrində direktor olmağı qeydinin aparılması öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati mübahisə üzrə Sumqayıt İnzibati Məhkəməsinin 13 sentyabr 2022-ci il tarixli, 2-1(118)-2103/2022 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları:
1. İddiaçı xx.xx.1955-ci il tarixdə anadan olmuşdur. İddiaçıya məxsus ИТ-İ№1919588 saylı əmək kitabçasındakı qeydlərə əsasən o, xx.xx.2006-cı il tarixə "xxxx" MMC-nin texniki direktoru vəzifəsinə təyin edilmiş, xx.xx.2007-ci il tarixdə MMC-nin direktoru vəzifəsinə təyin edilmiş, xx.xx.2008-ci il tarixdə öz xahişi ilə tutduğu vəzifədən azad edilmiş, xx.xx.2011-ci il tarixdə yenidən "xxxx" MMC-nin direktoru vəzifəsinə qəbul edilmiş, xx.xx.2011-ci il tarixdə öz xahişi ilə tutduğu vəzifədən azad edilmişdir.
2. İddiaçı xx.xx.2021-ci il tarixdə cəmiyyətdə rəhbər dəyişilməsi ilə bağlı cavabdehə müaciət etmişdir.
3. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 9 saylı Ərazi Vergilər İdarəsi xx.xx.2021-ci il tarixli, **********623900 saylı məktubla bildirmişdir ki, qanunvericiliyə əsasən "xxxx" MMC-nin rəhbərinin dəyişdirilməsi üçün təsisçilərin ümumi yığıncağının qərarı müvafiq ərizə forması ilə birlikdə qeydiyyat orqanına təqdim olunmalıdır. Hüquqi şəxslərin dövlət reyestrində xx.xx.2021-ci il tarixə cəmiyyətin rəhbərinin X4 olması barədə məlumat mövcuddur və rəhbərin dəyişdirilməsi ilə bağlı halhazıradək qeydiyyat orqanına müraciət olunmamışdır. Eyni zamanda bildirmişdir ki, qanunvericiliklə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin öz təşəbbüsü ilə hüquqi şəxslərin dövlət reyestrindəki məlumatları dəyişdirmək səlahiyyəti verilməmişdir. Odur ki, cəmiyyət ilə aralarında yaranmış mübahisənin həll olunması üçün məhkəməyə müraciət edə bilər. Müvafiq sənədlər vergi orqanına təqdim edildikdən sonra hüquqi şəxsin dövlət reyestri məlumatlarında müvafiq düzəlişlərin aparılması təmin ediləcəkdir.
İş üzrə qəbul edilmiş məhkəmə aktları
4. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəmədə iddia qaldıraraq “09 sentyabr 2011-ci il tarixdən "xxxx" MMC-in baş direktoru vəzifəsindən azad olunmağı barədə verilmiş əmr və həmin əmr üzrə əmək kitabçasında aparılmış qeyd əsasında onun kommersiya qurumunun Dövlət reyestrində direktor olmağı qeydinin aparılması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbil edilməsini məhkəmədən xahiş etmişdir.
5. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, iddiaçı xx.xx.2007-ci il tarixdən xx.xx.2008-ci il tarixə, xx.xx.2011-ci il tarixdən xx.xx.2011-ci il tarixə kimi "xxxx" MMC-in direktoru vəzifəsində işləmişdir. Birinci dəfə direktor vəzifəsinə təyin olunanda müəssisədə kərpic zavodunun tikintisi aparmış, 2008-ci ilin yanvar ayından vəsait olmadığı üçün müəssisədə işlər tamamilə dayandırılmışdır. İkinci dəfə, yəni 2011-ci ilin yanvar ayında yenidən müəssisəyə direktor təyin edilmiş, müəssisə sahibləri bildirmişlər ki, işlər davam etdiriləcəkdir. Lakin heç bir iş aparılmamış və kərpic zavodunun tikintisi yarımçıq qalmışdır. 2011-ci ilin sentyabr ayında direktor vəzifəsindən azad edilmiş və öhdəliyində olanlara təhvil verib həmin müəssisədən ayrılmışdır. 2011-ci ilin sentyabr ayından "xxxx" MMC ilə heç bir əlaqəsi yoxdur. Buna baxmayaraq iddiaçı hələ də "xxxx" MMC-in direktoru kimi qeydiyyatdadır və müəssisəylə bağlı tələblərlə bağlı mesajlar hələ də onun telefonuna göndərilir. İddiaçı cavabdehə müraciət edərək "xxxx" MMC-yə məxsus VÖEN-in adından çıxarılmasını xahiş etsə də, müsbət nəticə olmamışdır. Müəssisə işləmədiyi halda Dövlət Sosial Müdafiə Fondu tərəfindən 9880 manat borc hesablanmışdır. Direktor vəzifəsindən azad olunmağından 10 ildən artıq vaxt keçməsinə baxmayaraq 9 saylı Ərazi Vergilər İdarəsi həmin borcun tərəfindən ödənilməsi barədə iddia qaldırır. İkinci dəfə o cavabdehə müraciət edərək 09 sentyabr 2011-ci il tarixdən "xxxx" MMC-in baş direktoru vəzifəsindən azad olunmağını xahiş etsə də onlar 05 noyabr 2021-ci il tarixli **********623900 saylı imtina məktubu göndərərək göstərmişlər ki, “cəmiyyətdə rəhbər dəyişilməsi barədə xx.xx.2021-ci il tarixli müraciətinizə (AVİS qeydiyyatı: xx.xx.2021-ci il tarixli, **********183800 nömrəli) İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 9 saylı Ərazi Vergilər İdarəsində baxılmışdır. Qanunvericiliyə əsasən "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətin rəhbərinin dəyişdirilməsi üçün təsisçilərin ümumi yığıncağının qərarı müvafiq ərizə forması ilə birlikdə qeydiyyat orqanına təqdim olunmalıdır. Hüquqi şəxslərin dövlət reyestrində xx.xx.2021-ci il tarixə cəmiyyətin rəhbərinin İddiaçı olması barədə məlumat mövcuddur və rəhbərin dəyişdirilməsi ilə bağlı hal-hazıradək qeydiyyat orqanına müraciət olunmamışdır. Eyni zamanda bildiririk ki, qanunvericiliklə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin öz təşəbbüsü ilə hüquqi şəxslərin dövlət reyestrindəki məlumatları dəyişdirmək səlahiyyəti verilməmişdir. Odur ki, cəmiyyət ilə aranızda yaranmış mübahisənin həll olunması üçün məhkəməyə müraciət edə bilərsiniz. Cəmiyyətin rəhbər dəyişikliyi ilə bağlı hüquqi şəxsin dövlət reyestrində müvafiq düzəlişlərin aparılması üçün dəyişiklik baş verən gündən 40 gün müddətində aşağıda qeyd olunan sənədlər 9 saylı Ərazi Vergilər İdarəsinə təqdim edilməlidir: Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı (Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti) tərəfindən təsdiq edilmiş “Kommersiya qurumunun dövlət qeydiyyatı haqqında ərizə” Cəmiyyətin qanuni təmsilçilik funksiyasına malik direktor vəzifəsinə təyin edilməsi barədə imza və möhürlə təsdiq edilmiş səhmdarların ümumi yığıncağının qərarı lazım olduğunu bildirmişlər”. Bildirir ki, "xxxx" MMC-in sahibi X1 həmin müəssisəsini yaratmış, başqa heç bir təsisçi (yəni ortağı) olmamışdır. O, da 2011-ci ilin payızında ölkəni tərk etmiş və həmin vaxtdan da yer məlum olmayan xarici ölkədən birindədir. Bildiyinə görə F. Dünyamalıyev Ukrayna vətəndaşdır və 2011-ci ildən bu günə kimi onunla heç bir əlaqəsi olmamışdır. Hal-hazırda həmin müəssisə tamamilə dağılmış və baxımsız vəziyyətdədir.
6. Sonradan iddiaçı iddia tələbinə dəqiqləşmə verərək, onun "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin baş direktoru vəzifəsindən azad olunması qeydinin avtomatlaşdırılmış vergi informasiya sistemində aparılması öhdəliyinin cavabdeh Dövlət Vergi Xidmətinin 9 saylı Ərazi Vergilər İdarəsinin üzərinə qoyulması barədə qərar çıxarılmasını məhkəmədən xahiş etmişdir.
7. Cavabdeh iddiaya etirazında göstərmişdir ki, iddia tələbi ilə razı deyil və həmin tələbi aşağıdakı səbəblərə görə tam əsassız hesab edir. Belə ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti xx.xx.2006-cı il tarixdə ********** saylı VÖEN-lə 9 saylı Ərazi Vergilər İdarəsində vergi ödəyicisi kimi qeydiyyata alınmışdır. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin xx.xx.2007-ci il tarixli 56-K nömrəli əmrinə əsasən İddiaçı xx.xx.2007-ci il tarixdən cəmiyyətin Baş direktoru vəzifəsinə təyin olunmuşdur. Vergi orqanı tərəfindən "xxxx" MMC-nin dövlət qeydiyyatında rəhbər dəyişikliyinin aparılması üçün məlumat dəyişikliyini təsdiq edən sənədləri (müvafiq ərizə forması, yeni rəhbərin təyin olunması haqqında iclasın qərarı, rəhbərin şəxsiyyət vəsiqəsinin surəti) vergi orqanına təqdim olunması ilə bağlı cəmiyyətə xx.xx.2021-ci ii tarixil məktub göndərilməsinə baxmayaraq və qanunvericiliklə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə öz təşəbbüsü ilə hüquqi şəxslərin dövlət reyestrindəki məlumatları dəyişdirmək səlahiyyəti verilmədiyi İddiaçı bildirilsə də bu günə qədər cəmiyyət tərəfindən vergi orqanına təsis sənədlərində dəyişiklik ilə bağlı heç bir sənəd təqdim olunmamışdır. Həmçinin aparılmış araşdırma zamanı məlum olmuşdur ki, iddiaçı tutduğu vəzifədən azad edildiyini bildirsə də cəmiyyətin fəaliyyəti ilə bağlı onun tərəfindən vergi orqanına xx.xx.2009-cu il tarixli 06/09 nömrəli, xx.xx.2009-cu il tarixli 14/09 nömrəli, xx.xx.2009-cu il tarixli 18/09 nömrəli, xx.xx.2010-cu il tarixli 01/10 nömrəli, xx.xx.2010-cu il tarixli 02/10 nömrəli, xx.xx.2010-cu il tarixli 10/10 nömrəli və xx.xx.2012-ci il tarixli **********628800 nömrəli məktublar göndərilmişdir (məktublar etiraza əlavə olunur). Buradan da məlum olur ki, İddiaçı iddia ərizəsində xx.xx.2007-ci il tarixdən xx.xx.2008-ci il tarixədək və xx.xx.2011-ci il tarixdən xx.xx.2011- ci il tarixədək "xxxx" MMC-nin direktoru vəzifəsində işlədiyini qeyd etsə də həmin tarixlərə təsadüf etməyən dövrlərdə belə müəssisənin rəhbəri qismində vergi orqanına rəsmi müraciətlər ünvanlamışdır ki, bu hal onun sözügedən müəssisədə rəhbər vəzifəsində işləməsinin sübutudur. “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunun 9.1-ci maddəsinə əsasən hüquqi şəxslərin təsis sənədlərinə edilən hər bir dəyişiklik qeydiyyata alınmalıdır. Qeyd olunan Qanunun 9.2-ci və Vergi Məcəlləsinin 34.3-cü maddəsinə əsasan isə dəyişikliyin qeydiyyata alınması üçün həmin dəyişikliyin baş verdiyi andan 40 gündən gec olmayaraq Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanına məlumat verilməlidir. Ərizədə, baş vermiş dəyişiklik göstərilməli və həmin dəyişikliyi təsdiq edən sənədlər təqdim edilməlidir.Dəyişiklik bu Qanunun 11.3-cü maddəsinin tələblərinə zidd olmadıqda, müvafiq icra hakimiyyəti orqanı 5 gün müddətində dəyişikliyi qeydiyyata alır.
8. Sumqayıt İnzibati Məhkəməsinin 13 sentyabr 2022-ci il tarixli, 2-1(118)-2103/2022 nömrəli qərarı ilə iddianın təmin edilərək İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin baş direktoru vəzifəsindən azad olunması qeydinin avtomatlaşdırılmış vergi informasiya sistemində aparılması öhdəliyinin Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 9 saylı Ərazi Vergilər İdarəsinin üzərinə qoyulması qərara alınmışdır. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçı ilə əmək münasibətlərində olmuş "xxxx" MMC arasında bağlanmış əmək müqaviləsi Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mərkəzləşdirilmiş elektron informasiya sisteminə daxil edilməməsinə baxmayaraq cavabdeh təşkilatın iddiaçıya məxsus olan əmək kitabçasında olan işə qəbul edilməsi ilə bağlı qeydi əsaslı sayması, lakin həmin əmək kitabçasında iddiaçının tutuduğu vəzifədən azad edilməsi barədə qeyd əsassız olması ilə bağlı nəticə ədalətli deyildir. Məhkəmə. İşçi ilə işəgötürən arasında əmək münasibətlərini əks etdirən sənəd əmək kitabçası olduğuna və həmin əmək kitabçasında olan qeydlərin qeyri-ciddiliyinə dair dəlillər olmadığına görə əmək kitabçasında olan dəlillər mötəbər sayılır.
9. Qərardan narazı qalan cavabdeh apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.
Apellyasiya şikayətinin dəlilləri
10. Apellyasiya şikayətində işin hallarına və birinci instansiya məhkəməinin qərarının məzmununa istinad edilməklə göstərilir ki, aparılmış araşdırma zamanı məlum olmuşdur ki, iddiaçı tutduğu vəzifədən azad edildiyini bildirsə də, cəmiyyətin fəaliyyəti ilə bağlı onun tərəfindən vergi orqanına xx.xx.2009-cu il tarixli 06/09 nömrəli, xx.xx.2009-cu il tarixli 14/09 nömrəli. xx.xx.2009-cu il tarixli 18/09 nömrəli, xx.xx.2010-cu il tarixli 01/10 nömrəli, xx.xx.2010-cu il tarixli 02/10 nömrəli, xx.xx.2010-cu il tarixli 10/10 nömrəli və xx.xx.2012-ci il tarixli, **********628800 nömrəli məktublar göndərilmişdir. Buradan da məlum olur ki, İddiaçı Səfalı oğlu iddia ərizəsində xx.xx.2007-ci il tarixdən xx.xx.2008-ci il tarixədək və xx.xx.2011-ci il tarixdən xx.xx.2011-ci il tarixədək "xxxx" MMC-nin direktoru vəzifəsində işlədiyini qeyd etsə də, həmin tarixlərə təsadüf etməyən dövrlərdə belə müəssisənin rəhbəri qismində vergi orqanına rəsmi müraciətlər ünvanlamışdır ki, bu hal onun sözügedən müəssisədə rəhbər vəzifəsində işləməsinin sübutudur.
11. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətini müdafiə edib, onun məzmununa uyğun izahat verərək şikayətin təmin edilməsini xahiş etdi.
12. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı apellyasiya şikayətinə etiraz edərək, təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Tətbiq edilən hüquq
13. Mülki Məcəllə Maddə 43. Hüquqi şəxs anlayışı və onun növləri 43.1. Hüquqi şəxs qanunla müəyyənləşdirilən qaydada dövlət qeydiyyatından keçmiş, xüsusi yaradılmış elə bir qurumdur ki, mülkiyyətində ayrıca əmlakı vardır, öz öhdəlikləri üçün bu əmlakla cavabdehdir, öz adından əmlak və şəxsi qeyri-əmlak hüquqları əldə etmək və həyata keçirmək, vəzifələr daşımaq, məhkəmədə iddiaçı və ya cavabdeh olmaq hüququna malikdir. Hüquqi şəxsin müstəqil balansı olmalıdır. Maddə 87. Məhdud məsuliyyətli cəmiyyət 87.1. Bir və ya bir neçə şəxs (fiziki və (və ya) hüquqi şəxs) tərəfindən təsis edilən, nizamnamə kapitalı nizamnamə ilə müəyyənləşdirilmiş miqdarda paylara bölünən cəmiyyət məhdud məsuliyyətli cəmiyyət sayılır. Məhdud məsuliyyətli cəmiyyətin iştirakçıları onun öhdəlikləri üzrə məsuliyyət daşımır və cəmiyyətin fəaliyyəti ilə bağlı zərər üçün qoyduqları mayaların dəyəri həddində risk daşıyırlar. Cəmiyyət öz iştirakçılarının üçüncü şəxslər qarşısında öhdəliklərinə görə məsuliyyət daşı Maddə 91. Məhdud məsuliyyətli cəmiyyətdə idarəetmə 91.1. Məhdud məsuliyyətli cəmiyyətin ali orqanı onun iştirakçılarının ümumi yığıncağıdır. Bir iştirakçısı olan cəmiyyətdə cəmiyyətin ümumi yığıncağının səlahiyyətləri iştirakçı tərəfindən təkbaşına həyata keçirilir. Maddə 91-2. Məhdud məsuliyyətli cəmiyyətin icra orqanı 91-2.1. Cəmiyyətin icra orqanının fəaliyyəti və onun tərəfindən qərarların qəbul edilməsi qaydası cəmiyyətin nizamnaməsi və daxili sənədləri ilə müəyyən edilir. 91-2.2. Cəmiyyətin kollegial icra orqanı yalnız fiziki şəxslərdən ibarət ola bilər. 91-2.3. Cəmiyyət və cəmiyyətin təkbaşına rəhbəri arasında müqavilə həmin şəxsin seçildiyi (təyin edildiyi) cəmiyyətin iştirakçılarının ümumi yığıncağında sədrlik edən şəxs və ya ümumi yığıncağın qərarı ilə müvəkkil edilən şəxs tərəfindən imzalanır. Təkbaşına rəhbərin səlahiyyətləri bu Məcəllənin 91-2.4-cü maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, fiziki şəxs tərəfindən həyata keçirilir. 91-2.4. Cəmiyyətin nizamnaməsində nəzərdə tutulduğu halda cəmiyyətin icra orqanının səlahiyyətləri müqavilə əsasında başqa fiziki və ya hüquqi şəxslərə (kənar idarəçiyə) verilə bilər. Kənar idarəçi ilə ümumi yığıncaqda təsdiq olunan və cəmiyyətin adından ümumi yığıncaqda sədrlik edən və ya ümumi yığıncağın səlahiyyət verdiyi iştirakçılardan biri tərəfindən imzalanan müqavilə bağlanır.
14. Əmək Məcəlləsi: Maddə 87. 1. İşçinin əmək fəaliyyəti haqqında sənəd əmək kitabçası hesab edilir. İşçinin əmək fəaliyyəti haqqında sənəddə onun əmək stajı haqqında — işə girdiyi gün, ay, il, işlədiyi peşəsi (vəzifəsi), işdən çıxarılmanın əsası, günü, ayı və ili barədə qeydlər göstərilir.
15. “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunu Maddə 9.1. Hüquqi şəxslərin, xarici hüquqi şəxsin nümayəndəlik və ya filiallarının təsis sənədlərinə edilən hər bir dəyişiklik, eləcə də qeydə alınmış faktların hər bir sonrakı dəyişikliyi qeydiyyata alınmalıdır. 9.2. Dəyişikliyin qeydiyyata alınması üçün həmin dəyişikliyin baş verdiyi andan 40 gündən gec olmayaraq Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanına ərizə ilə müraciət edilməlidir. Ərizədə, baş vermiş dəyişiklik göstərilməli və həmin dəyişikliyi təsdiq edən sənədlər təqdim edilməlidir. Dəyişiklik bu Qanunun 11. 3-cü maddəsinin tələblərinə zidd olmadıqda, müvafiq icra hakimiyyəti orqanı 5 gün müddətində dəyişikliyi qeydiyyata alır. 9.2-1. Bu Qanunun 9.2-ci maddəsinin birinci və ikinci cümlələrində nəzərdə tutulmuş hərəkətlərin edilməsi tələb olunmadan kommersiya qurumları və publik hüquqi şəxslər üzrə aşağıdakı məlumatlar birbaşa müvafiq icra hakimiyyəti orqanı tərəfindən əldə edilərək qeydiyyata alınır: 9.2-1.1 müvafiq icra hakimiyyəti orqanının aktları ilə təsis sənədlərində və qeydə alınmış faktlarda edilmiş dəyişikliklər; 9.2-1.2. qeydə alınmış faktlarda şəxslərin şəxsiyyətini təsdiq edən sənədlərdəki məlumatlarda dəyişikliklər. 9.2-2. Bu Qanunun 9.2-1.1-ci maddəsində qeyd edilən məlumat müvafiq icra hakimiyyəti orqanının aktları əsasında, 9.2-1.2-ci maddəsində qeyd edilən məlumat isə müvafiq icra hakimiyyəti orqanından onlayn rejimdə əldə edilir və 5 gün müddətində qeydiyyata alınır. 9.3. Bu Qanunun 9.2-1.1-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, hüquqi şəxslərin və xarici hüquqi şəxslərin filial və ya nümayəndəliklərinin təsis sənədlərində edilmiş dəyişikliklər, habelə hüquqi şəxslərin dövlət reyestrində onlar barədə qeydə alınmış faktların hər bir sonrakı dəyişikliyi yalnız dövlət qeydiyyatına alındıqdan sonra qüvvəyə minir. Hüquqi şəxslər və xarici hüquqi şəxslərin filial və ya nümayəndəlikləri tərəfindən qüvvəyə minməmiş dəyişikliklər əsasında hər hansı fəaliyyət həyata keçirilə bilməz. 9.4. Hüquqi şəxslərin, xarici hüquqi şəxslərin filial və ya nümayəndəliklərinin təsis sənədlərində edilmiş dəyişikliklərin, habelə dövlət reyestrində qeydə alınmış faktların hər bir sonrakı dəyişikliyinin qeydiyyatına dair sənədlərə baxılması zamanı təşkilatla bağlı əvvəllər hər hansı dəyişikliyin bu Qanunla nəzərdə tutulmuş qaydada qeydiyyat üçün təqdim olunmaması müəyyən edildikdə qurum Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə əsasən məsuliyyətə cəlb olunmaqla aşkar edilmiş çatışmazlıq aradan qaldırılmalıdır.
16. İnzibati Xətalar Məcəlləsi Maddə 405. Hüquqi şəxslərin dövlət reyestri üçün zəruri məlumatların verilməməsi Hüquqi şəxslərin, habelə xarici dövlətlərin hüquqi şəxslərinin Azərbaycan Respublikasındakı filial və ya nümayəndəliklərinin təsis sənədlərində edilmiş dəyişikliklərin və bu qurumlara dair qeydə alınmış faktların sonrakı dəyişikliyinin qeydiyyata alınması üçün “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş müddətdə və qaydada müvafiq icra hakimiyyəti orqanına müraciət olunmamasına görəvəzifəli şəxslər min manatdan iki min manatadək məbləğdə, hüquqi şəxslər iki min beş yüz manatdan üç min manatadək məbləğdə cərimə edilir.
17. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 24. İşin hallarının obyektiv araşdırılması 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. 24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. 24.3. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. 24.4. Təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. 24.5. İnzibati orqan inzibati icraatda iştirak edən şəxslər tərəfindən təqdim olunmuş və baxılması onun səlahiyyət dairəsinə aid olan ərizə, şikayət və ya vəsatətləri işə aid olmaması və ya əsassız olması səbəbindən qəbul etməkdən imtina edə bilməz Maddə 47.1. İnzibati orqan sübutlara iş üçün əhəmiyyət kəsb edən bütün faktiki və hüquqi hallara müvafiq olaraq qiymət verir.
18. İnzibati Prosessual Məcəllə Maddə12. İşin hallarının araşdırılması prinsipi Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. Maddə 14.1. Mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. Maddə 58. Sübutların araşdırılması qaydası 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Maddə 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur.
Apellyasiyanın mümkünlüyü, apellyasiya baxışının hədləri
19. Apellyasiya şikayəti vaxtında verilmişdir. Apellyasiya şikayəti formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə apellyasiya mümkün hesab edilmişdir.
20. Birinci instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi:
21. Məhkəmə kollegiyası tərəflərin dinlənilmə hüququnu təmin edib, apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, aşağıda qeyd edilənlərə əsasən apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.
22. Belə ki, iddiaçının hüquqi marağı və buna uyğun olaraq dəqiqləşdirilmiş iddia tələbi onun "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin baş direktoru vəzifəsindən azad olunması qeydinin avtomatlaşdırılmış vergi informasiya sistemində aparılması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədədir.
23. Cavabdeh imtinasında bildirmişdir ki, hüquqi şəxslərin dövlət reyestrində xx.xx.2021-ci il tarixə cəmiyyətin rəhbərinin X4 olması barədə məlumat mövcuddur və rəhbərin dəyişdirilməsi ilə bağlı hal-hazıradək qeydiyyat orqanına müraciət olunmamışdır.
24. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iddianın təmin edilməsi ilə bağlı gəldiyi nəticəni əsaslı hesab edərək aşağıdakıları qeyd etməyi zəruri bilir.
25. “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Qanunun 11.1ci maddəsinə əsasən, Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulmuş əsaslardan başqa hər hansı digər əsasa görə dövlət reyestrində dəyişikliklər edilməsindən imtinaya yol verilmir. Həmin Qanunun 11.3-cü maddəsində təsis sənədlərində edilmiş dəyişikliklərin və reyestrdə qeydə alınmış faktların sonrakı dəyişikliyinin dövlət qeydiyyatına alınmasından imtinanın əsasları sadalanmış və dəyişikliyin dövlət qeydiyyatına alınmasından yalnız bu hallarda imtina edilə bilməsi müəyyən olunmuşdur. Hazırkı mübahisəyə münasibətdə kollegiya ilk növbədə qeyd edir ki, müvafiq dəyişikliyin, yəni iddiaçının artıq "xxxx" MMC-nin direktoru olmaması barədə məlumatın dövlət reyestrinə daxil edilməsi, eləcə də bununla əlaqədar dövlət reyestrində dəyişikliklər edilməsi üçün cavabdehin imtinasında göstərilən qanunvericliklə tələb olunan sənədləri təqdim edilməsi öhdəliyini iddiaçı deyil, hüquqi şəxs kimi "xxxx" MMC daşıyır. Kommersiya hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri qaydalarına əməl olunmasına nəzarət vergi orqanının səlahiyyətlərinə aiddir və hazırki vəziyyətin (iddiaçının MMC-nin direktoru vəzifəsindən azad olunması barədə qeydiyyat orqanına məlumat verməməsi halında) tənzimlənməsi mexanizmi qanunla müəyyən edilmişdir. Belə ki, İXM-nin yuxarıda istinad edilən 405-ci maddəsi hüquqi şəxslərin təsis sənədlərində edilmiş dəyişikliklərin və bu qurumlara dair qeydə alınmış faktların sonrakı dəyişikliyinin qeydiyyata alınması üçün “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş müddətdə və qaydada müvafiq icra hakimiyyəti orqanına müraciət olunmaması inzibati xəta kimi müəyyən olunmuş və bu əmələ görə inzibati tənbeh nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 23 fevral tarixli 1256 nömrəli Fərmanı ilə təsdiq edilmiş “İnzibati xətalar haqqında işlərə baxmağa səlahiyyəti olan vəzifəli şəxslərin Siyahısı”nın 6.0-cı maddəsinə əsasən isə İXM-nin 405-ci maddəsində (kommersiya qurumlarına və publik hüquqi şəxslərə münasibətdə) nəzərdə tutulmuş inzibati xətalar haqqında işlərə - Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin və Dövlət Vergi Xidməti Aparatının struktur bölmələrinin və strukturuna daxil olan qurumların müvafiq rəhbər şəxsləri tərəfindən baxır.
26. “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Qanunun 9.4cü maddəsinə əsasən hüquqi şəxslərin, xarici hüquqi şəxslərin filial və ya nümayəndəliklərinin təsis sənədlərində edilmiş dəyişikliklərin, habelə dövlət reyestrində qeydə alınmış faktların hər bir sonrakı dəyişikliyinin qeydiyyatına dair sənədlərə baxılması zamanı təşkilatla bağlı əvvəllər hər hansı dəyişikliyin bu Qanunla nəzərdə tutulmuş qaydada qeydiyyat üçün təqdim olunmaması müəyyən edildikdə qurum Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə əsasən məsuliyyətə cəlb olunmaqla aşkar edilmiş çatışmazlıq aradan qaldırılmalıdır.
27. Beləliklə, iddiaçı tərəfindən müəssisənin direktoru vəzifəsindən azad olunması barədə müvafiq məlumatın və bunu təsdiqləyən sənədlərin təqdim edilməsi, “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Qanunun 9.4-cü maddəsinə əsasən cavabdeh üçün aşkar edilmiş çatışmazlığı aradan qaldırmaq vəzifəsi yaradır.
28. Beləliklə, müvafiq əmr əsasında "xxxx" MMC-nin direktoru vəzifəsinə təyin edilmiş və bu əsasla da həmin MMC-nin dövlət reyestri məlumatlarında cəmiyyətin rəhbəri kimi qeydiyyata alınmış iddiaçı tutduğu vəzifədən azad edilməsi barədə qeyd olan və Əmək Məcəlləsinə əsasən əmək fəaliyyəti haqqında əsas sənəd hesab edilən əmək kitabçasını cavabdehə təqdim etməklə müvafiq qeydin – yəni cəmiyyətin rəhbəri olmaması barədə qeydin aparılmasını xahiş etməkdə haqlı olmuş, cavabdeh isə yuxarıda istinad edilən formal əsaslarla həmin müraciəti təmin etməkdən imtina etməklə “İnzibati icraat haqqında” Qanunun yuxarıda istinad edilən normalarının, işin hallarının obyektiv araşdırılması prinsipinin tələblərini pozmuş, sübutlara iş üçün əhəmiyyət kəsb edən bütün faktiki və hüquqi hallara müvafiq olaraq qiymət verməmiş, nəticədə iddiaçının hüquqlarını əsassız olaraq məhdudlaşdırmışdır. Belə ki, qanunvericilyin yuxarıda istinad olunan tələblərinə əsasən də MMC-nin dövlət reyestri məlumatlarında cəmiyyətin rəhbərinin dəyişdirilməsinə dair cavabdeh inzibati orqanın tələb etdiyi sənədlərin təqdim edilməsi öhdəliyini MMC-nin artıq tutduğu vəzifədən azad olunmuş sabiq direktoru deyil, hüquqi şəxs kimi həmin MMC-nin özü daşıyır.
29. Kollegiya apellyasiya şikayətinin iddiaçının direktor olmadığı dövrlərdə müəssisənin rəhbəri qismində vergi orqanına rəsmi müraciətlər ünvanması və bu halın onun sözügedən müəssisədə rəhbər vəzifəsində işləməsinin sübutu olması barədə dəlillərinə münasibətdə isə qeyd edir ki, iddiaçı verdiyi izahatında müvafiq məktubların onun tərəfindən təqdim edilməsini təkzib etmiş və əmək kitabçasına istinadən həmin dövrlərdə "xxxx" MMC-nin direktoru olmadığını bildirmişdir. Kollegiya qeyd edir ki, əmək kitabçasındakı müvafiq məlumatların həqiqəti əks etdirmədiyi qənaətinə gəlmək üçün hər hansı əsaslar müəyyən edilməmiş, bu hala dair cavabdeh tərəfindən hər hansı mötəbər sübutlar təqdim edilməmişdir. “İnzibati icraat haqqında” Qanunun yuxarıda istinad edilən 19.1-ci maddəsinin tələblərinə əsasən isə inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Belə olan halda apellyasiya şikayətnin müvafiq dəlilləri iddiaçının həmin dövrlərdə "xxxx" MMC-nin direktoru olması barədə nəticəyə gəlməyə əsas ola bilməz.
30. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normaları düzgün tətbiq edildiyindən, apellyasiya şikayətinin təmin edilməsi üçün əsaslar müəyyən olunmadığından və apellyasiya şikayətinin dəlilləri əsassız olduğundan birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.
31. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
QƏRARA ALDİ:
Apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt İnzibati Məhkəməsinin 13 sentyabr 2022-ci il tarixli, 2-1(118)-2103/2022 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti, 70) vasitəsilə kassasiya şikayəti verilə bilər.