Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(105)-677/2025 17.07.2025 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Axundov Toğrul Bəhruz oğlu (sədrlik edən və məruzəçi), Babayeva Hökümə Çingiz qızı və Hacıyev Vahid Məcid oğlundan ibarət tərkibdə, Məmmədova Jalə Həsən qızının katibliyi, İddiaçı, cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi fililalına qarşı “iddiaçıya 65 yaşının tamam olduğu 16 fevral 2022-ci il tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati mübahisə üzrə Sumqayıt İnzibati Məhkəməsinin 07 may 2025-ci il tarixli, 2-1(118)-1360/2025 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ: İş materiallarında olan iddiaçıya məxsus AZE seriyalı ******** nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, iddiaçı xx.xx.1957-ci il tarixdə anadan olmuşdur. İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi fililalına ərizə ilə müraciət edərək ona yaşa görə əmək pensiyası təyin edilməsini xahiş etmişdir. Cavabdehin xx.xx.2022-ci il tarixli məktubu ilə iddiaçının müraciətindən imtina edilmişdir. İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinatı üzrə Mərkəzi Filialı tərəfindən 29 iyun 2022-ci il tarixdən güzəştli güzəştli şərtlərlə pensiya təyin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ: a) Birinci instansiya məhkəməsindəki icraat İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı yaşa görə əmək pensiyasının təyin edilməsinə dair ərizə və ona əlavə edilmiş müvafiq sənədlərlə, 1 saylı Sumqayıt Regional “ASAN xidmət” mərkəzinə müraciət etmiş, 1 saylı Sumqayıt Regional “ASAN xidmət” mərkəzi, müraciətə baxılması və müvafiq qərar qəbul edilməsi üçün sənədləri, AR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabel iy indəki Dövlət Sosial Müdafiə Fonduna göndərmiş və DSMF-nin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı (bundan sonra "cavabdeh” adlandırılcaq) 2022-ci il 15 aprel, 14 iyun, 20 sentyabr və 2024-cü il 08 aprel tarixli məktubları ilə iddiaçıya yaşa görə əmək pensiyasının təyin edilməsindən, qanunsuz və əsassız olaraq imtina etmiş, əvəzində, 65 yaşı tamam olduğu 16 fevral 2022-cil tarixindən, ona 180 manat yaşa görə sosial müavinət təyin etmişdir. Mübahisəni məhkəmədən kənar həll etmək məqsədilə, imtina məktublarından, cavabdehin tabe olduğu yuxarı təşkilata - AR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə 12 fevral 2024-cü il tarixli şikayətlə müraciət olunmuş, lakin bunun da heç bir müsbət nəticəsi olmamışdır. Göstərilənlərə əsasən hesab edir ki, cavabdehin iddiaçıya 16 fevral 2022-cil tarixindən, yaşa görə sosial müavinət təyin edilməsinə dair qərarı ləğv edilməli, eyni zamanda, həmin tarixdən, ona, yaşa görə əmək pensiyası təyin edilməklə, pensiyanın hesablanmasına dair müvafiq qərar qəbul edilməsi, qanunauyğun və ədalətli olar. Cavabdehin iddia tələbinə dair etirazının dəlilləri Cavabdeh iddia tələbinə qarşı etiraz ünvanlayaraq bildirmişdir ki, İddiaçı Fondun Sosial ödənişlərin təyinatı üzrə mərkəzi filialına yaşa görə əmək pensiyasının təyin edilməsi ilə bağlı ərizə ilə müraciət etmişdir. Sosial ödənişlərin təyinatı üzrə mərkəzi filialının xx.xx.2024-cü il tarixli 3-17-1/2-B-81282/2024 nömrəli məktubunda müraciətin müsbət həllinin mümkün olmadığı qeyd edilmişdir. Vətəndaşa əmək pensiyası təyinatının aparılması onun işlədiyi idarə, müəssisə və ya təşkilatdan aldığı əməkhaqqı ilə şərtləndirilmişdir. İddiaçı təqdim etdiyi əmək kitabçasının və digər sənədlərin surətlərinə əsasən sığorta stajı (xx.xx.1975-ci il tarixdən xx.xx.1977-ci il tarixədək hərbi xidmətdə olduğu müddət) 22 il 11 ay 17 gün təşkil edir. Həmçinin bildirirlər ki, İddiaçıin xx.xx.2006-cı il tarixdən xx.xx.2018-ci il tarixədək fərdi hesabının sığorta hissəsində pensiya kapitalı qeydə alınmamışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1996-cı il tarixli 186 nömrəli qərarı ilə təsdiq edilmiş “İşçilərin əmək kitabçasının forması və onun tərtibi qaydaları”na əsasən İddiaçıin əmək kitabçasının surətində qeyd edilmiş xx.xx.1992-ci il tarixdən 01,04.1992-ci il tarixədək və xx.xx.1992-ci il tarixdən xx.xx.1995-ci il tarixədək olan dövrün doldurulma qaydası pozulduğu üçün (işdən çıxma əmri SSRİ dövrünə aid möhür ilə təsdiq edildiyindən) həmin dövrün sığorta stajına daxil edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. Belə ki, Ali Məhkəmənin İnzibati Kollegiyasının xx.xx.2024-cü il tarixli 2-1(102)569/2024 nömrəli qərarının 60-63-cü bəndlərində qeyd edilir ki, 2006-cı il 1 yanvar tarixədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajının əmək kitabçasına əsasən müəyyən edilməli olması şərti, iddiaçının da öz tələbinin əsası kimi onun adına tərtib olunmuş əmək kitabçasındakı məlumatlara əsaslanması nəzərə alındıqda, əmək kitabçasındakı məlumatların mötəbərliyi özüözlüyündə (yəni onun mötəbərliyini aradan qaldıran və ya şübhə altına ala bilən digər sübutlar olmadan) şübhə doğurmamalı, əmək pensiyası təyin edilməsi üçün zəruri şərt kimi çıxış edən fakta və ya faktlara dair həqiqi vəziyyəti dəqiq əks etdirməlidir. Ali Məhkəmənin mövqeyindən də göründüyü kimi əmək kitabçası o halda mötəbər hesab olunur ki, onun mötəbərliyini aradan qaldıran və ya şübhə altına ala bilən digər sübutlar mövcud olmasın. Hazırki iş üzrə İddiaçı məxsus əmək kitabçasında xx.xx.1992ci il tarixdən xx.xx.1992-ci il tarixədək və xx.xx.1992-ci il tarixdən xx.xx.1995-ci il tarixədək olan dövrə aid işdən çıxma əmri SSRİ dövrünə aid möhürlə təsdiq edilmişdir. Bundan başqa, İddiaçı həmin dövrdə əmək haqqını almağını təsdiq edən sənədləri (əmək haqqı arayışları) və əmrlərdən çıxarışlar da mövcud deyildir. Qeyd olunan Qərarın təhlilindən də aydın olur ki, işçinin işə götürülməsi, bir işdən başqa işə keçirilməsi və işdən azad edilməsi haqqında məlumat tarixi (gün, ay, il) göstərilməklə bu qeydləri aparmağa əsas verən əmək müqaviləsinə, əmrə, sərəncama (tarixi və gömrəsi göstərilməklə) uyğun aparılır. Beləliklə, iddiaçının öz tələbinin əsası kimi əsaslandığı əmək kitabçasındakı məlumatların əmək pensiyası təyin edilməsi üçün zəruri şərt kimi çıxış edən fakta və ya faktlara dair həqiqi vəziyyəti dəqiq əks etdirmədiyi nəzərə alındıqda, iddiaçının xx.xx.1992-ci il tarixdən xx.xx.1992- ci il tarixədək və xx.xx.1992-ci il tarixdən xx.xx.1995-ci il tarixədək iş stajının qəbul edilməsi istisna edilir. Qeyd olunanlardan görünür ki, iddiaçının mübahisəli illərə dair müvafiq dövrlər üzrə doldurulma qaydalarına riayət edilməməsi əmək kitabçasının mötəbər sübut kimi qəbul olunması və əmək pensiyasının təyin olunması zamanı stajın hesablanmasında zəruri şərt kimi çıxış etməsini istisna edir. Beləliklə, mötəbərliyi’qəbul edilməyən xx.xx.1992-ci il tarixdən xx.xx.1992-ci il tarixədək və xx.xx.1992-ci il tarixdən xx.xx.1995-ci il tarixədək olan dövr ümumi müddətdən çıxıldıqda qanunla tələb edilən 25 illik sığorta stajı tamamlanmır. Buradan aydın olur ki, iddiaçının “Əmək pensiyaları haqqında” Qanunun 7-ci maddəsindən irəli gələn hazırkı məzmunda tələb hüququ yoxdur. Məlumat üçün bildirirlər ki, “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikası Qanununun 7.0.2-ci maddəsinə əsasən əmək qabiliyyəti olmayan şəxsin əmək pensiyası hüququ olmadıqda və işləmədikdə yaşa görə sosial müavinət almaq hüququ vardır. Qeyd olunan maddənin tələblərinə əsasən İddiaçı xx.xx.2022-ci il tarixdən yaşa görə sosial müavinət təyin edilmiş, 01.01,2023-cü il tarixdən 220 manata çatdırılmışdır. Azərbaycan Respublikasının Ali Məhkəməsinin analoji işlə bağlı xx.xx.2023-cü il 21 (102)-1838/2023 nömrəli qərarının 45-ci bəndində göstərilmişdir ki, mübahisə üzrə iddiaçının sosial təminat hüququnun təmin edilməsi istiqamətində məhkəmə tərəfindən onun mübahisəli iş illərinə dair xüsusatlar hərtərəfli araşdırılmalı və əldə edilən mötəbər sübutların qiymətləndirilməsi nəticəsində yekun nəticəyə gəlinməlidir. Qeyd olunanları nəzərə alaraq, İddiaçı ümumi sığorta stajı qanunla nəzərdə tutulandan (25 il) az olduğu üçün yaşa görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilməmişdir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: Sumqayıt İnzibati Məhkəməsinin 07 may 2025-ci il tarixli, 2-1(118)-1360/2025 nömrəli qərarı ilə iddia təmin edilmiş, İddiaçı 65 yaşının tamam olduğu 16 fevral 2022-ci il tarixindən yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi fililalının üzərinə vəzifə olaraq qoyulmuşdur. (hakim Leyla Mirzəyeva). Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçının 16 may 1975-ci il tarixindən 16 iyun 1977-ci il tarixinədək hərbi xidmətdə olması, 01 noyabr 1972-ci il tarixindən 03 oktyabr 1973-cü il tarixinədək, 17 dekabr 1973-cü il tarixindən 01 aprel 1974cü il tarixinədək, 04 may 1974-cü il tarixindən 07 may 1975-ci il tarixinədək, 24 iyun 1977ci il tarixdən 03 dekabr 1987-ci il tarixədək, 05 dekabr 1987-ci il tarixdən 01 aprel 1988-ci il tarixədək, 11 avqust 1988-ci il tarixdən 21 fevral 1992-ci il tarixədək, 27 fevral 1992-ci il tarixdən 01 aprel 1992-ci il tarixədək, 01 aprel 1992-ci il tarixdən 03 aprel 1995-ci il tarixədək, 12 aprel 1995-ci il tarixdən 25 may 1999-cu il tarixədək əmək fəaliyyəti ilə məşğul olması yuxarıda sadalanan 05 noyabr 1972-ci il tarixli əmək kitabçası və НЗ № ******* saylı hərbi bilet ilə öz əksini tapmışdır. Bir sözlə, hazırki inzibati işdə iddiaçının iş fəaliyyətini təsdiq edən arxiv sənədləri (əmrlər) və əmək kitabçasında müvafiq qeydlər mövcuddur. Həmin sənədlərin həqiqətə uyğun olmadığı cavabdeh inzibati orqan tərəfindən sübuta yetirilmədiyindən mötəbər hesab olunmalıdır. Cavabdeh qərardan apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsi və iddianın təmin edilməməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a) Apellyasiya şikayətinin dəlilləri Cavabdeh apellyasiya şikayətini imtina məktubu və iddia tələbinə etirazla eyni məzmunda əsaslandırmışdır. b) İddiaçı apellyasiya şikayətinə etirazı iddia ərizəsi ilə eyni məzmunda əsaslandırmış, apellyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini, iddianın təmin edilməməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı apellyasiya şikayətinə etiraz edərək şikayətin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. TƏTBİQ EDİLƏN HÜQUQ Azərbaycan Respublikasının Konstitusiyası: Maddə 38.1 Hər kəsin sosial təminat hüququ vardır. Maddə 38.3 Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 7. 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd: bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Qeyd. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Maddə 21.1. Qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. Maddə 21.2. Sığortaolunanın sığorta stajına bu Qanunun 21.1-ci maddəsində qeyd olunan müddətlərdən əlavə, aşağıdakı müddətlər daxil edilir: ... 21.2.3. müddətli həqiqi hərbi (alternativ) xidmət (1992-ci il yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində müddətli həqiqi hərbi xidmət dövrü daxil olmaqla) … Qüvvədən düşmüş “Vətəndaşların pensiya təminatı haqqında” Qanun: Maddə 67. İş stajına daxil edilən əmək fəaliyyətinin növləri Mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativlərdə əmək müqaviləsi və ya üzvlük əsasında əmək fəaliyyəti xarakterindən və müddətindən asılı olmayaraq ümumi iş stajına daxil edilir. Əgər kolxoz üzvü ictimai təsərrüfatda müəyyən edilmiş əmək iştirakı minimumunu üzürlü səbəb olmadan yerinə yetirməyibsə, 1965-ci ildən sonrakı dövr üçün kolxozda iş stajı hesablanarkən iş vaxtı bu dövrdə müəyyən olunmuş minimum əmək iştirakı normasına görə faktik müddət üzrə nəzərə alınır. İş stajına bunlardan başqa aşağıdakılar daxil edilir: a) işçinin dövlət tərəfindən mütləq sosial sığorta edilməli olan hər hansı işinin müddəti; b) yaradıcılıq ittifaqları və peşəkar birlikləri üzvlərinin yaradıcılıq fəaliyyətinə başladıqdan sonrakı dövr, 1991-ci il yanvarın 1-dən isə respublika Pensiya Fonduna sığorta haqqı keçirdikdə; v) hərbi (alternativ) xidmət və Müdafiə Nazirliyində qeydiyyatdan keçmiş özünümüdafiə dəstələrində və birləşmələrində olmaq, milli təhlükəsizlik, daxili işlər, Dövlət sərhədini mühafizə və Prezidenti mühafizə orqanlarında xidmət müddəti; q) idarə tabeliyindən və xüsusi, yaxud hərbi rütbənin olub-olmamasından asılı olmayaraq hərbiləşdirilmiş mühafizə və xilasetmə hissələrində, xüsusi rabitə orqanlarında xidmət müddəti; ğ) ali, orta ixtisas; texniki peşə məktəblərini bitirmiş şəxslərin təhsil müddəti, habelə kadr hazırlayan kurslarda, ixtisasartırma və yenidən ixtisaskeçmə kurslarında, aspiranturada, doktoranturada və klinik ordinaturada təhsil müddəti; d) İ qrup əlilə və ya 16 yaşınadək əlil uşağa, habelə 70 yaşına çatmış qocalara qulluq edilməsi müddəti; e) işləməyən ananın körpə uşaqlara qulluq etdiyi müddət, lakin hər uşaq 3 yaşına çatanadək və üst-üstə 6 ildən çox olmayaraq; ə) işsizlik müavinətinin verildiyi müddət, yaxud haqqı ödənilən ictimai işlərdə iştirak etdiyi müddət, müvafiq icra hakimiyyəti orqanının göndərişi ilə bir yaşayış məntəqəsindən digərinə köçmək və işə düzəlmək üçün müddət, habelə xarici ölkələrdə qanuni əsaslarla əmək fəaliyyəti ilə məşğul olduğu müddət; j) iş dövründə başlanmış müvəqqəti əmək iqtidarsızlığı müddəti; z) əmək vəzifələrini yerinə yetirərkən xəsarət alıb şikəst olmuş və bu səbəbdən, eləcə də peşə xəstəliyi nəticəsində əmək qabiliyyətini itirən işləməyən İ və İİ qrup əlillərin pensiyada olduqları müddət; i) zabit heyəti, praporşik, miçman və müddətindən artıq qulluqda olan hərbi qulluqçu arvadlarının öz ixtisası üzrə işə düzəlmək imkanı olmadığı yerlərdə ərləri ilə yaşadıqları dövr, lakin 10 ildən artıq olmamaq şərti ilə; ı) müalicə-əmək müəssisələrində məcburi müalicə dövründə iş müddəti; k) azadlıqdan məhrumedilmə müddətində məhkumların ödənişli əməyə cəlb edildikləri vaxt; g) şəxsin qanunsuz tutulma, həbsdə olma və cəza çəkmə müddətləri, eləcə də işdən (vəzifədən) kənarlaşdırılması ilə əlaqədar işləmədiyi müddət. İşin hər ili üçün pensiyanın məbləği artırılarkən bu maddənin “a”—”z” və "g" bəndlərində göstərilən dövrlər nəzərə alınır. Yaşa görə pensiya təyin olunandan sonrakı əmək fəaliyyəti ümumi əsaslarla iş stajına daxil edilir. Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən xüsusilə zərərli və ağır iş sahələri üzrə iş stajı hesablanarkən (13-cü maddənin “a” bəndi) həmin işdə alınmış əmək zədəsi və ya peşə xəstəliyi nəticəsində əlillik müddəti göstərilən staja daxil edilir. İşin hər ili üçün pensiyanın məbləği artırılan zaman yaşa görə pensiya təyin edildikdən sonrakı iş stajı nəzərə alınmır. Əmək (sosial sığorta) pensiyasının təyin edilməsi üçün qanunla müəyyən edilmiş hallar istisna olmaqla 1 yanvar 2002-ci il tarixdən əmək stajına məcburi dövlət sosial sığorta haqlarının ödənildiyi əmək fəaliyyəti müddəti daxildir. 1 yanvar 2002-ci ilədək əmək fəaliyyəti göstərən şəxslərə pensiya təyin olunması üçün əmək stajı bu maddənin birinci-yeddinci hissələrinə müvafiq olaraq hesablanır. Azərbaycan Respublikasının Əmək Məcəlləsi: Maddə 87. 1. İşçinin əmək fəaliyyəti haqqında sənəd əmək kitabçası hesab edilir. İşçinin əmək fəaliyyəti haqqında sənəddə onun əmək stajı haqqında — işə girdiyi gün, ay, il, işlədiyi peşəsi (vəzifəsi), işdən çıxarılmanın əsası, günü, ayı və ili barədə qeydlər göstərilir. Maddə 69. İş stajının təsdiq edilməsi qaydası iş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. Əmək kitabçası və ya bu kitabçada müvafiq qeydlər olmadıqda mövcud iş stajını sübut etmək qaydasını Azərbaycan Respublikasının Nazirlər Kabineti müəyyənləşdirir. “Əmək pensiyaları haqqında” Qanuna əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları” 3.2. 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı aşağıdakı sənədlər üzrə PAS-a daxil edilmiş məlumatlara əsasən müəyyən edilir: 3.2.1. əmək kitabçası; Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1992-ci il tarixli 638 saylı qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə Əsasnamə”
1. Əmək stajı iş, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir.
3. İş stajını təsdiq edən sənəd əmək kitabçasıdır.
“İnzibati icraat haqqında” Qanun: Maddə 2.0.8. qarşılıqlı etimad - inzibati orqanla fiziki və ya hüquqi şəxs arasındakı qarşılıqlı münasibətlərdə müəyyən qanuni hərəkətlərə və ya inzibati praktikaya əsaslanan inam; Maddə 11.1. İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. Maddə 13.1. İnzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. Maddə 15.1. Qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır. Maddə 15.2. Qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz. Maddə 15.3. İnzibati orqanlar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunmuş sənədlərdə yazı və hesab zamanı yol verilmiş aşkar və düzəldilməsi mümkün olan səhvlərə görə həmin sənədləri qəbul etməkdən imtina edə bilməz. Maddə 17. Fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Maddə 19.1 İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Maddə 64.2 İnzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır.
İnzibati Prosessual Məcəllə: Maddə 12. İşin hallarının araşdırılması prinsipi.
1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur.
2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Maddə 87.8 Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 89. Bu Məcəllənin 94.1-ci maddəsində nəzərdə tutulmuş müddətdə şikayətin verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda, məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadı isə 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Şikayətin geri götürülməsi haqqında bəyanat yazılı şəkildə məhkəməyə təqdim olunmalıdır. Maddə 90.1. Apellyasiya instansiyası məhkəməsinin qərar və ya qərardadlarından, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla Ali Məhkəmənin İnzibati kollegiyasına (bundan sonra – Ali Məhkəməyə) şikayət verilə bilər.
APELLYASİYANİN MÜMKÜNLÜYÜ, APELLYASİYA BAXİŞİNİN HƏDLƏRİ Apellyasiya şikayəti vaxtında verilmişdir. Apellyasiya şikayəti formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə apellyasiya mümkün hesab edilmişdir. Birinci instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır.
APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
Məhkəmə kollegiyası tərəfləri dinləyib, apellyasiya şikayətlərinin dəlillərini, iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti əsassızdır. Birinci instansiya məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Birinci instansiya məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsaslar müəyyən edilməmişdir. Bu səbəbdən, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Hazırki iş üzrə iddia tələbi iddiaçıya yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasından ibarətdir. İşin mübahisəli halı ondan ibarətdir ki, cavabdeh iddiaçıya münasibətdə qanunla tələb olunan 25 il sığorta stajına malik olmaması halına istinad edərək, yaşa görə əmək pensiyasının təyin edilməsindən imtina etmişdir. Birinci instansiya məhkəməsi tərəfindən iddia təmin edilmişdir. Məhkəmə kollegiyası hazırki iş üzrə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq aşağıdakıları qeyd edir. İlk öncə nəzərə alınmalıdır ki, hazırki iş üzrə iddiaçının 16 may 1975-ci il tarixindən 16 iyun 1977-ci il tarixinədək hərbi xidmətdə olması, 01 noyabr 1972-ci il tarixindən 03 oktyabr 1973-cü il tarixinədək, 17 dekabr 1973-cü il tarixindən 01 aprel 1974-cü il tarixinədək, 04 may 1974-cü il tarixindən 07 may 1975-ci il tarixinədək, 24 iyun 1977-ci il tarixdən 03 dekabr 1987-ci il tarixədək, 05 dekabr 1987-ci il tarixdən 01 aprel 1988-ci il tarixədək, 11 avqust 1988-ci il tarixdən 21 fevral 1992-ci il tarixədək, 27 fevral 1992-ci il tarixdən 01 aprel 1992-ci il tarixədək, 01 aprel 1992-ci il tarixdən 03 aprel 1995-ci il tarixədək, 12 aprel 1995-ci il tarixdən 25 may 1999-cu il tarixədək əmək fəaliyyəti ilə məşğul olması yuxarıda sadalanan 05 noyabr 1972-ci il tarixli əmək kitabçası və НЗ № ******* saylı hərbi bilet ilə öz əksini tapmışdır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 7-ci maddəsinə əsasən 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Maddənin “Qeyd” hissəsində göstərilmişdir ki, bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017- ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. İşin mübahisəli halını iddiaçının qanunvericiliklə tələb olunan 25 il sosial sığorta stajına malik olub-olmaması halı təşkil edir. Həmçinin, qeyd edilməlidir ki, cavabdeh inzibati orqan iddiaçının 22 il 11 ay 17 gün iş stajına malik olması halını qəbul etmiş, iddiaçının əmək kitabçasının surətində qeyd edilmiş xx.xx.1992-ci il tarixdən 01,04.1992-ci il tarixədək və xx.xx.1992-ci il tarixdən xx.xx.1995-ci il tarixədək olan dövrün doldurulma qaydası pozulduğu üçün (işdən çıxma əmri SSRİ dövrünə aid möhür ilə təsdiq edildiyindən) həmin dövrün sığorta stajına daxil edilməsinin qanunvericiliklə nəzərdə tutulmadığına istinad edərək, həmin dövrləri mübahisələndirmişdir. Məhkəmə kollegiyası cavabdeh inzibati orqanın qeyd olunan dəlilini əsassız hesab edərək aşağıdakıları qeyd edir. İddiaçının işlədiyi dövrdə qüvvədə olan “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 69-cu maddəsində deyilir ki, iş stajını sübut edən əsas sənəd kimi əmək kitabçası nəzərdə tutulurdu. “İşçilərin əmək kitabçasının forması və onun tətbiqi qaydaları” haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1996-cı il 26 dekabr tarixli, 186-cı qərarının 1.1-ci bəndinə əsasən, əmək kitabçası işçinin əmək fəaliyyətini və əmək stajını təsdiq edən əsas sənəd hesab edilir. Həmçinin, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 87-ci maddəsinin 1-ci hissəsinə əsasən işçinin əmək fəaliyyəti haqqında sənəd əmək kitabçası hesab edilir. İşçinin əmək fəaliyyəti haqqında sənəddə onun əmək stajı haqqında-işə girdiyi gün, ay, il, işlədiyi peşəsi (vəzifəsi), işdən çıxarılmanın əsası, günü, ayı və ili barədə qeydlər göstərilir. Habelə, hazırda qüvvədə olan “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi” Qaydasının 4.1 və 4.1.1-ci bəndinə əsasən əmək pensiyasının təyin edilməsi zamanı 2006-cı il yanvarın 1-dək olan dövr üzrə nəzərə alınan sosial sığorta stajı “Sosial sığorta haqqında” Azərbaycan Respublikasının Qanununa və bu sahədə münasibətləri tənzimləyən digər normativ hüquqi aktlara uyğun olaraq məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə, mülkiyyət formasından, əmək fəaliyyətinin xüsusiyyətlərindən və müddətindən asılı olmayaraq, müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin iş müddəti əmək fəaliyyəti barədə sənədlərə (əmək kitabçası, o olmadıqda işəgötürənin arayışı və ya dövlət arxivinin arayışı), həmin sənədlərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda Fond tərəfindən işəgötürəndə, dövlət arxivində və Fondda saxlanılan məlumatların üzləşdirilməsi nəticəsində tərtib olunan akta əsasən müəyyən edilir. Kollegiya hesab edir ki, "Vətəndaşların pensiya təminatı haqqında" Qanunun 69-cu maddəsinə və Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1992-ci il tarixli 638 saylı qərarı ilə təsdiq edilmiş «Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə Əsasnamə»nin 3-cü bəndinə əsasən əmək stajını təsdiqedici sənəd kimi arayışlar, əmrlərdən çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri, vəsiqələr, xasiyyətnamələr, yazılı əmək müqavilələri, icrası barədə qeydlər edilməklə razılaşmalar, əmək xidmət siyahıları, iş dövrü barədə məlumatlar göstərilməklə kooperativ sənəd artelləri üzvlərinin üzvlük kitabçalarına yalnız o halda zərurət yaranırdı ki, əmək kitabçası və ya bu kitabçada müvafiq qeydlər olmasın. Bundan başqa, kollegiya qeyd edir ki, adı çəkilən Əsasnamədə əmək kitabçasında olan məlumatların mütləq başqa sənədlərlə təsdiq olunması, əks halda əmək kitabçasının sübut kimi qəbul edilməməsi barədə göstəriş yoxdur. Əsasnamənin 25-ci bəndində tələb olunur ki, əmək kitabçasında olan qeydlər, həmin əmək kitabçasının doldurulma gününə qüvvədə olan idarə, müəssisə və təşkilatlarda əmək kitabçalarının doldurulma qaydaları barədə təlimatın tələblərinə müvafiq olaraq aparılmalıdır. Əgər əmək kitabçasında və digər sənədlərdə aparılan qeydlər müəyyən edilmiş qaydalara tam riayət edilməklə aparılmamışsa, bu halda onların əmək stajının təsdiqi üçün əsas kimi qəbul edilməsinin mümkünlüyü məsələsini pensiya təyin edən orqan həll edir. Baxılan işdə iddiaçının əmək kitabçasında, əmək kitabçalarının doldurulma qaydalarına uyğun olaraq onu vermiş müəssisə, hansı vaxtda, hansı vəzifələrdə işləməsi, işə təyin olunması və azad edilməsi, əmrlərin tarixləri və nömrələri ardıcıl olaraq göstərilmiş, səlahiyyətli şəxslər tərəfindən imzalanmış və işlədiyi müəssisələrin möhürləri ilə təsdiqlənmişdir. Həmçinin nəzərə alınmalıdır ki, hazırda qüvvədə olan pensiya qanunvericliyi də, əmək kitabçasını stajın müəyyən olunması üçün sübut kimi qəbul edir. Göründüyü kimi iddiaçının işlədiyi dövrdə və hazırda qüvvədə olan qanunvericiliyin normalarına görə əmək kitabçası işçinin iş stajını təsdiq edən sübut kimi qəbul edilir. İddiaçıya məxsus əmək kitabçasından görünür ki, iddiaçının xx.xx.1992-ci il tarixdən 01,04.1992-ci il tarixədək və xx.xx.1992-ci il tarixdən xx.xx.1995-ci il tarixədək tarixədək işlədiyi illər üzrə əmək kitabçasında müvafiq qeydlər vardır və bu qeydlər qanunvericiliyin tələblərinə uyğun olaraq doldurulmuşdur. Əmək kitabçasına vurulmuş möhürün SSRİ dövrünə aid möhürlə vururulması halı isə iddiaçının qazanılmış iş stajını qeyri-mötəbər edən sübut kimi, qiymətləndirilə bilməz. Belə ki, iddiaçının işləmiş olduğu müəssisə tərəfindən möhürün yenisi ilə dəyişdirilməsi ilə bağlı müraciət edilməməsi halı, iddiaçının təqsiri kimi qiymətləndirilə bilməz. Bir sözlə, iddiaçının əmək fəaliyyətini təsdiq edən arxiv sənədləri (əmrlər) və əmək kitabçası mövcuddur və həmin sənədlərin həqiqətə uyğun olmadığı cavabdeh inzibati orqan tərəfindən sübuta yetirilmədiyindən mötəbər hesab olunmalıdır. Cavabdehin iddiaçının əmək kitabçasında qeyd edilən mübahisəli dövrləri onun sosial sığorta stajı kimi nəzərə alınmamasının əsası kimi göstərdiyi dəlillər iddiaçının təqsiri kimi qəbul oluna bilməz və iddiaçıya əmək pensiyası təyin edilməsindən imtina üçün əsas deyildir. Qeyd edilən dövrlər iddiaçının sosial sığorta stajı kimi nəzərə alındıqda, iddiaçıya yaşa görə əmək pensiyası təyin edilməsi üçün zəruri olan sosial sığorta stajı mövcud olur. Qeyd olunan hallara əsasən məhkəmə kollegiyası hesab edir ki, hazırkı iş üzrə iddiaçıya yaşa görə əmək pensiyasının təyin edilməsi üçün pensiya haqqında qanunvericiliklə müəyyən edilmiş hər iki şərt ödənildiyindən (həm yaş həddi, həm də 25 ildən artıq sosial sığorta stajına malik olması halı), cavabdeh inzibati orqanın imtinası əsassız olmuş, birinci instansiya məhkəməsi tərəfindən işin hallarına düzgün hüquqi qiymət verilmiş, iş üzrə gəldiyi nəticə düzgün olmuşdur. Odur ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər.
NƏTİCƏVİ HİSSƏ: Şərh edilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
QƏRARA ALDİ:
Apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt İnzibati Məhkəməsinin 07 may 2025-ci il tarixli, 2-1(118)-1360/2025 nömrəli qərarı apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti 70) vasitəsilə kassasiya şikayəti verilə bilər.