Məhkəmə qərarları › İş №2-1(105)-678/2021

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(105)-678/2021

22.12.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-1(105)-678/2021 22.12.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər:Babayeva Hökümə Çingiz qızı (sədrlik edən və məruzəçi hakim), Ağayev Rəşadət Əhməd oğlu, Dəmirov İlqar Kamal oğlundan ibarət tərkibdə, Hüseynli Aydın Hüseyn oğlunun katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X1 iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun 1 saylı regional ərazi filialına qarşı “cavabdehin hərəkətlərini qanunsuz hesab etməklə ona əmək kitabçasında olan staj əsasında əmək pensiyasının hesablanması vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair Sumqayıt İnzibati Məhkəməsinin 01 oktyabr 2021-ci il tarixli, 2-1(118)- 1941/2021 saylı qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun 1 saylı regional ərazi filialına qarşı məhkəmədə iddia qaldıraraq, cavabdehin hərəkətlərinin qanunsuz hesab edilməklə ona əmək kitabçasındakı staj əsasında əmək pensiyasının hesablanması vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, 1959-cu ildə Qubadlı rayonunda anadan olmuş və 1978-ci ilin dekabr ayının 1-dən 1992-ci ilin fevral ayının 1-nə kimi Qubadlı rayonu SMD-21-də qreyderçi vəzifəsində işləmiş və bu barədə qeydlər əmək kitabçasına daxil edilmişdir. Lakin onun adına olan əmək kitabçasına bu qeyd işlədiyi müəssisənin rəsmi arayışına əsasən daxil olunmuş və bu da əvvəlki əmək kitabçasının işğal zonasında qalması ilə izah edilmişdir. Buna baxmayaraq cavabdeh həmin qeydlə kifayətlənməyərək, bu faktın daha mötəbər sübutlarla təsdiq edilməsini tələb etmiş və o da bununla bağlı Qubadlı rayon məhkəməsinə müraciət etmişdir. Qubadlı rayon məhkəməsinin 16.04.2021ci il tarixli qətnaməsi ilə onun 1978-ci ilin dekabr ayının 1-dən 1992-ci ilin fevral ayının 1-nə kimi Qubadlı rayonu SMD-21-də qreyderçi vəzifəsində işləməyi ilə bağlı hüquqi faktın müəyyən edilməsi barədə iddiası təmin olunmuşdur. Həmin qətnamədən narazı qalan qarşı tərəf Azərbaycan Respublikası ƏƏSMN-nin tabeliyində DSMF-nun Mərkəzi filialı tərəfindən apellyasiya şikayəti verilmiş və Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 06.07.2021-ci il tarixli qərardadı ilə məhkəmə belə bir nəticəyə gəlmişdir ki, onun əmək kitabçasında qeyd edilən müəssisələrdə işlədiyi barədə qeydlər vardır və həmin qeydlər mövcud olduğu üçün bu qeydlərin yenidən hüquqi fakt kimi müəyyən edilməsinə ehtiyac yoxdur. Bu isə o deməkdir ki, məhkəmə həmin qeydləri tanımış və bu səbəbdən də onun əmək kitabçasında olan və əmək stajını təsdiq edən məlumatlar əsasında onun pensiyası yenidən hesablanmalıdır. O, bununla bağlı cavabdeh təşkilata müraciət etmiş, lakin onun sənədləri geri qaytarılmışdır. Buna görə də o, cavabdehin bu hərəkəti ilə razılaşmır, həmin imtinanı qanunsuz və əsassız hesab edir. Sumqayıt İnzibati Məhkəməsinin 01 oktyabr 2021-ci il tarixli, 2-1(118)-1941/2021 saylı qərardadı ilə iddia mümkün sayılmamışdır. (hakim L.Məmmədova) Qərardaddan narazı qalan iddiaçı şikayət verərək, qərardadın ləğv edilməsi, iddianın mümkün sayılması və iş yenidən baxılması üçün birinci instansiya məhkəməsinə göndərilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Apelyasiya şikayətinin dəlilləri Qəbul edilmiş qərardadla məhkəmə onun tələbini mümkünsüz saymış və bunu onunla əsaslandırmışdır ki, guya o, inzibati orqanın qanunsuz hərəkətindən şikayət etməmişdən qabaq inzibati orqana müraciət etməli və ondan cavab almalı idi. İşdə olan sənədlərdən də aydın olur ki, o, məhkəməyə müraciət etməmişdən qabaq müvafiq sənədləri də toplamaqla ərizə ilə inzibati orqana-cavabdehə müraciət etmiş, lakin cavabdeh orqan onun müraciətini cavablandırmamış, hətta onun göndərdiyi sənədləri ona geri qaytarmışdır, məhkəmə araşdırması gedən vaxt cavabdeh təşkilatdan imtina məktubu alaraq məhkəməyə təqdim etmişdir. Lakin işdə cavabdeh orqanla olan bu müraciəti təsdiqləyən sübutların olmasına baxmayaraq məhkəmə belə bir cavabın olmamasına istinad etmişdir. Tərəflərin izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı şikayətini müdafiə edib, təmin edilməsini, birinci instansiya məhkəməsinin qərardadının ləğv edilməsini, iddianın mümkün sayılması və işin yenidən baxılması üçün həmin məhkəməyə göndərilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi şikayətin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərardadının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. ƏSASLANDİRİCİ HİSSƏ Məhkəmə kollegiyası iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq, tərəfləri dinləyərək və işdə olan sübutlara hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, Sumqayıt İnzibati Məhkəməsinin 01 oktyabr 2021-ci il tarixli, 2-1(118)-1941/2021 saylı qərardadı ləğv edilməli və iş yenidən baxılması üçün həmin məhkəməyə göndərilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən, inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İş materiallarından görünür ki, iddiaçı əmək kitabçasında qeyd edilən staj nəzərə alınmaqla əmək pensiyasının yenidən hesablanmasına dair iddia ərizəsi ilə birinci instansiya məhkəməsinə müraciət etmişdir. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10.04.2015-ci il tarixli 5 nömrəli Qərarının 2.1-ci bəndinə görə mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. Həmin Qərarın 2.2-ci bəndinə görə işin araşdırılması prinsipi bu hallara da şamil olunur. İPM-in 12.1-ci maddəsinə görə məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Həmin Qərarın 2.3-cü bəndinə görə məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilibedilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Həmin Qərarın 9-cu bəndinə görə məhkəmələrin diqqətinə çatdırılsın ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. Hazırkı iddia öhdəliyin icrası haqqında iddia olduğundan Ali Məhkəmə Plenumunun qərarına əsasən iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi məhkəmə tərəfindən yoxlanılmalıdır. İşə baxan birinci instansiya məhkəməsi isə bu halla bağlı ətraflı araşdırma aparmadan iddianı mümkün saymamışdır. Apellyasiya şikayətinin dəlilləri ilə razılaşan məhkəmə kollegiyası ilk növbədə qeyd edir ki, iş materiallarına əlavə edilmiş məhkəmə iclasının protokolundan (səh. 13) görünür ki, iddianın mümkünlüyü ilə bağlı məsələyə baxılarkən, iddiaçı izahatında, iddianın mümkünlük məsələsinə baxılacağı barədə məlumat aldıqdan sonra cavabdeh orqana müraciət etdiyini və imtina aldığını bildirərək, imtina məktubunun surətini məhkəməyə təqdim etmişdir. Lakin hakim öz qərardadında protokoldan fərqli olaraq, iddiaçının izahatında cavabdeh inzibati orqana müraciət etməməsini qeyd etmişdir. Halbuki, iş materiallarından görünür ki, iddiaçı işlədiyi dövrün sosial sığorta stajına daxil edilməsi ilə bağlı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun 1 saylı regional ərazi filialına müraciət etmiş və ona həmin qurum tərəfindən 30 sentyabr 2021-ci il tarixli məktubla imtina cavabı verilərək, 1978-ci ildən 2002-ci il tarixədək işlədiyi dövrün yerində qarşılıqlı yoxlanılması zərurəti yarandığı, idarələrin hüquqi ünvanı məlum olmadığı üçün sosial sığorta stajının yoxlanılması mümkün olmadığı bildirilmiş və bu səbəbdən də həmin illər sosial sığorta stajı kimi nəzərə alınmamışdır. Göründüyü kimi, iddiaçı işlədiyi dövrün sosial sığorta stajına daxil edilməsi ilə bağlı cavabdeh inzibati orqana müraciət etmiş, cavabdeh verilən cavabda iddiaçının sosial sığorta stajının yoxlanılmasının mümkün olmadığını və bu səbəbdən də həmin illərin sosial sığorta stajı kimi nəzərə alınmamasını bildərərək, imtina etmişdir. Belə olan təqdirdə kollegiya hesab edir ki, verilmiş iddia xüsusi mümkünlük şərtinə cavab verir. Odur ki, iddiaçının apellyasiya şikayəti əsaslıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.7.2-ci maddəsinin tələbinə görə inzibati məhkəmə tərəfindən mahiyyəti üzrə qərar qəbul edilmədikdə apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər. Həmin Məcəllənin 87.9-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin şikayətlə bağlı hüquqi mövqeyi birinci instansiya məhkəmələri üçün məcburidir. Göstərilənlərə əsasən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərardadı ləğv edilməli, iş baxılması üçün həmin məhkəməyə göndərilməlidir. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 80, 85, 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Apellyasiya şikayəti təmin edilsin. Sumqayıt İnzibati Məhkəməsinin 01 oktyabr 2021-ci il tarixli, 2-1(118)-1941/2021 saylı qərardadı ləğv edilsin. İş baxılması üçün Sumqayıt İnzibati Məhkəməsinə göndərilsin.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar