Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(105)-678/2024 16.10.2024 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Babayeva Hökümə Çingiz qızı (sədrlik edən və məruzəçi-hakim), Quliyev İsmayıl Rza oğlu və X1 ibarət tərkibdə, X5 qızının katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X2 iştirakları ilə, İddiaçı cavabdeh İqtisadiyyat Nazirliyinin yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 4 saylı Abşeron Ərazi İdarəsinə qarşı “torpaq sahəsi və fərdi yaşayış evi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata almaqla müvafiq çıxarış, plan və ölçü sənədinin verilməsi” tələbinə dair inzibati mübahisə üzrə Sumqayıt İnzibati Məhkəməsinin 02 aprel 2024-cü il tarixli, 2-1(118)-542/2024 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ: İddiaçı ərizə ilə Abşeron rayonu Xırdalan bələdiyyəsinə müraciət edərək, uzun müddət faktiki istifadəsində olan torpaq sahəsinin fərdi yaşayış evinin tikintisi üçün ona satılmasını xahiş etmişdir. Abşeron Rayon İcra Hakimiyyəti Memarlıq və Tikinti şöbəsinin xx.xx.2010-cu il tarixli, 70 nömrəli rəyinə, Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Abşeron rayon şöbəsinin xx.xx.2010-cu il tarixli, 709 nömrəli rəyinə əsasən müraciət edilən 0,04 ha torpaq sahəsinin İddiaçı satılmasına etiraz edilməmişdir. 26 avqust 2010-cu il tarixli, 13 nömrəli ödəniş qəbzinə əsasən bu məqsədlə, İddiaçı tərəfindən Xırdalan bələdiyyəsinin bank hesabına 1400.00 (min dörd yüz) manat məbləğində pul ödənilmişdir. Abşeron rayon Xırdalan bələdiyyəsinin 26 avqust 2010-cu il tarixli, 01 nömrəli iclas qərarına əsasən bələdiyyənin alqı-satqı predmeti olan torpaq sahəsindən 0,04 ha torpaq sahəsinin bilavasitə İddiaçı satılması qərara alınmışdır. Xırdalan bələdiyyəsinin nümayəndəsi ilə İddiaçı arasında 2010-cu ildə “Torpaqların alqı-satqısına dair” akt imzalanmış, həmçinin, 26 avqust 2010-cu il tarixdə ayrılmış torpaq sahəsi Xırdalan bələdiyyəsinin yerquruluşu planından çıxarış sənədində göstərilmişdir. Həmçinin, bələdiyyə qərarı ilə ayrılmış 0,04 ha torpaq sahəsinə dair DTXK tərəfindən A seriyalı, 357157 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədi tərtib edilmişdir. Daha sonra İddiaçı tərəfindən Abşeron rayonu Xırdalan şəhəri ərazisində Abşeron Rayon İcra Hakimiyyəti Memarlıq və Tikinti şöbəsi ilə razılaşdırılmış eskiz layihəyə uyğun fərdi yaşayış evi inşa edilmişdir. Eskiz layihədən görünür ki, yaşayış evi 2 mərtəbədən və fasaddan ibarət olmaqla, hündürlüyü 9,000 metr təşkil edir. Abşeron Rayon İcra Hakimiyyəti başçısının 03 may 2011-ci il tarixli, 729 nömrəli sərəncamına əsasən iddiaçıya Xırdalan bələdiyyəsinin 26 avqust 2010-cu il tarixli qərarı ilə İddiaçı satılmış 0,04 ha torpaq sahəsində inşa etdirdiyi fərdi yaşayış evi istismara qəbul edilmişdir. Həmçinin, “Qeyri-dövlət qurumları, fiziki şəxslər tərəfindən inşa edilmiş (yenidənqurulmuş) bina və tikililərin (qurğuların) istismara qəbul edilməsi haqqında” 05 may 2011-ci il tarixli, 312 nömrəli akta əsasən İddiaçı tərəfindən inşası başa çatmış ikimərtəbəli fərdi yaşayış evi Xırdalan şəhərində istifadəyə qəbul edilmişdir. İddiaçı 16 mart 2023-cü il tarixində ərizə ilə Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 4 saylı Abşeron Ərazi İdarəsinə müraciət edərək Xırdalan bələdiyyəsinin 26 avqust 2010-cu il tarixli, 01 nömrəli iclas qərarına əsasən ona ayrılmış 0,04 ha torpaq sahəsi və onun üzərində inşa edilmiş fərdi yaşayış evi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasını xahiş etmişdir. İnzibati orqan 13 aprel 2023-cü il tarixli, 3-21-3-32/2-Ş-0021-8/2023 nömrəli məktubu ilə müraciətin icrasından imtina etmişdir. İmtina onunla əsaslandırılmışdır ki, Abşeron rayonu, Xırdalan şəhərində yerləşən torpaq sahəsinə dair notarial qaydada təsdiq edilmiş alqı-satqı müqaviləsinin müraciət ərizəsinə əlavə olunmadığı; sözügedən torpaq sahəsi üzərində mülkiyyət hüququ qeydiyyata alınmadan fərdi yaşayış evinə dair müraciət ünvanlandığı; təqdim edilmiş sənədlərdə torpaq sahəsi 0,04 ha göstərilsə də, faktiki vəziyyətdə 0,0389 ha olduğu; torpaq sahəsinin dövlət əmlakı kimi qeydə alınan ərazidə yerləşdiyi; sözügedən fərdi yaşayış evinin faktiki vəziyyətlə təqdim edilmiş layihə vəziyyəti arasında uyğunsuzluq olduğu aşkar edilmişdir. Belə ki, eskiz layihədə 2 (iki) mərtəbəli göstərilsə də, faktiki vəziyyətdə fərdi yaşayış evinin 2 (iki) mərtəbəli, yarımzirzəminin olduğu müəyyən edilmişdir. Verilən imtina cavabı ilə razılaşmayan İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 4 saylı Abşeron Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Xırdalan Bələdiyyəsinin xx.xx.2010-cu il tarixli, 01 saylı qərarı ilə ona ayrılmış Xırdalan bələdiyyəsi ərazisində yerləşən 0.0389 ha torpaq sahəsi və həmin torpaq sahəsində inşa edilmiş fərdi yaşayış evi üzərində faktiki vəziyyətinə uyğun şəkildə mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata almaqla müvafiq çıxarış, plan və ölçü sənədinin verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ: a) Birinci instansiya məhkəməsindəki icraat İddia tələbi onunla əsaslandırılmışdır ki, Abşeron rayon Xırdalan bələdiyyəsinin xx.xx.2010-cu il tarixli, 01 saylı qərarı ilə Xırdalan bələdiyyəsi ərazisində yerləşən 0.04 ha torpaq sahəsinin iddiaçıya satılması qərara alınmışdır. Bundan sonra dəyəri ödənildikdən sonra torpaq sahəsi iddiaçıya təhvil verilmiş, həmin tarixdən bu torpaq sahəsi faktiki olaraq onun istifadəsində olmuş və hal-hazırda sahibliyindədir. Bələdiyyə tərəfindən ayrılmış torpaq sahəsi üzərində iddiaçı fərdi yaşayış evi inşa etdirmişdir. İddiaçı bələdiyyə qərarı ilə ona verilmiş 0.04 ha torpaq sahəsi və həmin torpaq sahəsində inşa edilmiş fərdi yaşayış evi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatının aparılması, reyestrdən çıxarışın və plan və ölçü sənədinin verilməsi ilə bağlı xx.xx.2023-cü il tarixli ərizə ilə cavabdeh orqana müraciət etmiş, lakin, cavabdeh xx.xx.2023-ci il tarixli bildiriş məktubu ilə ərizənin icrasından imtina etmişdir. Hesab edir ki, cavabdehin imtinası qanunsuz və əsassızdır. Belə ki, imtina məktubunda qeyd edilənlərin əksinə tərəfindən alqı-satqı aktı təqdim edilmişdir. Müraciəti üzrə müvafiq sənədlər həm torpaq sahəsi, həm də fərdi yaşayış evinə münasibətdə təqdim edilmişdir. Təqdim edilmiş sənədlərdə torpaq sahəsi 0,04 ha göstərilsə də, faktiki vəziyyətdə 0,0389 ha olması imtina üçün əsas hesab edilməməlidir. Belə ki, hazırda iddiaçı 0,0389 ha torpaq sahəsi üzərində hüququnun dövlət reyestrində qeydiyyata alınmasına razıdır. Torpaq sahəsinin dövlət əmlakı kimi qeydə alınan ərazidə yerləşdiyinə dair dəlil də əsassızdır. Belə ki, torpaq sahəsi aidiyyəti orqanların razılığı əsasında ona Xırdalan bələdiyyəsi tərəfindən ayrılmışdır. Cavabdehin sonunu dəlilinə münasibətdə isə bildirir ki, hüququnun üzərində qeydə alınmasını tələ etdiyi fərdi yaşayış evi 2011-ci ildə inşa edilmişdir. Qanunvericiliyin tələbinə əsasən 2013-cü ilə qədər inşa edilmiş fərdi yaşayış evlərinə dair eskiz layihə tələb edilmir. Cavabdeh iddia ərizəsinə yazılı etiraz edərək etirazı imtina məktubu ilə eyni məzmunda əsaslandırmışdır. Sumqayıt İnzibati Məhkəməsinin 28 noyabr 2023-cü il tarixli qərardadı ilə "xxxx" ASC üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilmişdir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: Sumqayıt İnzibati Məhkəməsinin 02 aprel 2024-cü il tarixli, 2-1(118)-542/2024 nömrəli qərarı ilə iddia təmin edilmiş, Abşeron rayonu, Xırdalan Bələdiyyəsinin xx.xx.2010cu il tarixli, 01 saylı qərarı ilə Xırdalan bələdiyyəsi ərazisində yerləşən 0.0389 ha torpaq sahəsi və həmin torpaq sahəsində inşa edilmiş fərdi yaşayış evi üzərində faktiki vəziyyətinə uyğun şəkildə iddiaçının mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata almaqla müvafiq çıxarış, plan və ölçü sənədinin verilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmuşdur (hakim İmran Burcayev). Məhkəmə qərarını onunla əsaslandırmışdır ki, cavabdeh orqan məhkəməyə ünvanladığı məktubunda torpaq sahəsinin "xxxx" ASC-nin hüdudları daxilində yerləşdiyini qeyd etsə də, mübahisəli torpaq sahəsinin ASC-yə məxsus olması öz təsdiqini tapmamışdır. Belə ki, təqdim edilən ortofoto görüntüdən müəyyən olunur ki, həmin sahə iddiaçıya məxsus olmaqla ətrafında torpaq sahələri və yaşayış binaları mövcud olmuşdur. Qonşuluqda yerləşən torpaq sahələrinə və yaşayış evinə dair çıxarışlar və digər hüquqmüəyyənedici sənədlər məhkəməyə təqdim edilmişdir. Göründüyü kimi cavabdeh orqanın irəli sürdüyü etiraz həqiqətdə öz əksini tapmamışdır. İddiaçının fərdi yaşayış evi və onun yerləşdiyi torpaq sahəsinə dair sənədləri qanunvericiliyə uyğun tərtib olunaraq müvafiq qaydada təsdiq edilmiş sənədlərlə öz mötəbərliyini doğrultmuşdur. Cavabdeh orqanın formal tələblər və əsası olmayan etirazlar təqdim edərək iddiaçının ona məxsus torpaq sahəsi və üzərində yerləşən tikiliyə münasibətdə gözlənilən mülkiyyət hüquqlarının qeydiyyata alınmasına mane olan hal kimi qiymətləndirməsi inzibati icraatın təməl prinsipi kimi etimadın qorunması prinsipinin mahiyyətinə ziddir. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək, iddianın rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a) Apellyasiya şikayətinin dəlilləri Cavabdeh apellyasiya şikayətini imtina məktubu və iddia ərizəsinə etirazla eyni məzmunda əsaslandırmış və əlavə olaraq bildirmişdir ki, torpaq sahəsinin dövlət əmlakı kimi qeydə alınan ərazidə yerləşdiyi halı məhkəməyə məlum olsa da, Əmlak Məsələləri Dövlət Xidməti iş üzrə üçüncü şəxs qismində icraata cəlb olunmamışdır. Təkrar araşdırma zamanı mübahisə predmeti olan torpaq sahəsinin Xırdalan Bələdiyyəsi tərəfindən xx.xx.2010-cu il tarixli, 01 saylı qərara əsasən **********16 reyestr nömrəli çıxarışla bələdiyyənin mülkiyyətində olan 470.0 ha torpaq sahəsindən ayrılmasına baxmayaraq, həmin torpaq sahəsinin qeyd olunan çıxarışa əsasən bələdiyyənin mülkiyyətində olan torpaq sahəsinin hüdudlarından kənarda yerləşdiyi müəyyən edilmişdir. b) Apellyasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətini müdafiə edərək şikayətin təmin edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı apellyasiya şikayətinin dəlillərini qəbul etməyərək, iddia ərizəsi ilə eyni məzmunda izahat verərək şikayətin təmin edilməməsini xahiş etmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ: Azərbaycan Respublikasının Konstitusiyası: Maddə 13. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. Maddə 29. Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikasının Torpaq Məcəlləsi: Maddə 8. Torpaq münasibətlərinin tənzimlənməsi sahəsində bələdiyyələrin səlahiyyətləri. Torpaq münasibətlərinin tənzimlənməsi sahəsində bələdiyyələrin öz inzibati əraziləri daxilində səlahiyyətləri aşağıdakılardır: qanunvericiliklə müəyyən olunmuş qaydada bələdiyyə mülkiyyətində olan torpaqlara sahiblik, onlardan istifadə və həmin torpaqlar barədə sərəncam verilməsi; qanunvericiliklə müəyyən edilmiş qaydada bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin mülkiyyətə, istifadəyə və icarəyə verilməsi; “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikasının Qanunu: (bələdiyyə qərarı qəbul edilərkən qüvvədə olan redaksiyası) Maddə 6.1. Bələdiyyə mülkiyyətində olan torpaqlar Azərbaycan Respublikasının torpaq qanunvericiliyinə, "Bələdiyyələrin əraziləri və torpaqları haqqında" Azərbaycan Respublikasının Qanununa və torpaq münasibətlərini tənzimləyən digər normativ hüquqi aktlara uyğun olaraq mülkiyyətə, istifadəyə və icarəyə verilir. Maddə 6.2. Bələdiyyə mülkiyyətində olan torpaqların hər hansı hüquqla hüquqi və fiziki şəxslərə verilməsi bələdiyyələrin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. Müqavilədə tərəflərin hüquqları və vəzifələri, torpaq sahəsinin hüquqi statusu, öhdəliklər, servitutlar və digər məhdudiyyətlər, müqaviləyə xitam verilməsinin əsasları və torpaqların istifadəsi və mühafizəsi üzrə başqa şərtlər nəzərdə tutulur. Maddə 6.5 Torpaq sahəsinin mülkiyyətə, istifadəyə və icarəyə verilməsi bələdiyyələrin qərarı ilə sahənin xüsusiyyətinə və torpağın ayrılma məqsədinə, mövcud texniki normalara, habelə yerquruluşu və şəhərsalma sənədlərinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanlarının rəyi alındıqdan sonra torpaqayırma qaydasında həyata keçirilir. Torpaqayırma sənədlərinin hazırlanması və razılaşdırılması qaydaları Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən təsdiq edilən əsasnamə ilə tənzimlənir. Azərbaycan Respublikası Prezidentinin “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” xx.xx.2001-ci il tarixli 548 nömrəli Fərmanı:
2. Müəyyən edilsin ki: “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 6.5-ci maddəsində nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanları”nın səlahiyyətlərini Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinin (əvvəllər Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin yerli qurumları) yerli qurumları (kənd təsərrüfatı və qeyri-kənd təsərrüfatı məqsədləri üçün verilən torpaq sahələrinə dair), Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi (tikinti məqsədləri üçün ayrılan torpaq sahələrinə (məlumatlandırma icraatı qaydasında yaşayış evlərinin tikintisi üçün ayrılan torpaq sahələri istisna olmaqla) dair) və rayon, şəhər icra hakimiyyəti orqanlarının memarlıq xidmətləri (qeyri-kənd təsərrüfatı məqsədləri üçün verilən torpaq sahələrinə dair) həyata keçirirlər. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 2. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı 2.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. 2.2. Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində (bundan sonra - dövlət reyestri) aparılır. Maddə 15. Hüquqların dövlət qeydiyyatından imtina 15.1. Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. (-)
“İnzibati icraat haqqında” Qanun: Maddə 2.0.8. qarşılıqlı etimad - inzibati orqanla fiziki və ya hüquqi şəxs arasındakı qarşılıqlı münasibətlərdə müəyyən qanuni hərəkətlərə və ya inzibati praktikaya əsaslanan inam; Maddə 11.1. İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. Maddə 13.1. İnzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. Maddə 15.1. Qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır. Maddə 15.2. Qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz. Maddə 15.3. İnzibati orqanlar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunmuş sənədlərdə yazı və hesab zamanı yol verilmiş aşkar və düzəldilməsi mümkün olan səhvlərə görə həmin sənədləri qəbul etməkdən imtina edə bilməz. Maddə 17. Fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Maddə 19.1 İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Maddə 64.2 İnzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır.
Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi: Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Maddə 87.8 Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 89. Bu Məcəllənin 94.1-ci maddəsində nəzərdə tutulmuş müddətdə şikayətin verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda, məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadı isə 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Şikayətin geri götürülməsi haqqında bəyanat yazılı şəkildə məhkəməyə təqdim olunmalıdır. Maddə 90.1. Apellyasiya instansiyası məhkəməsinin qərar və ya qərardadlarından, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla Ali Məhkəmənin İnzibati kollegiyasına (bundan sonra – Ali Məhkəməyə) şikayət verilə bilər.
APELLYASİYANİN MÜMKÜNLÜYÜ, APELLYASİYA BAXİŞİNİN HƏDLƏRİ Apellyasiya şikayəti vaxtında verilmişdir. Apellyasiya şikayəti formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə apellyasiya mümkün hesab edilmişdir. Birinci instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır.
APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ Məhkəmə kollegiyası tərəflərin izahatını dinləyib, iş üzrə materialları və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti əsassızdır. Birinci instansiya məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Birinci instansiya məhkəməsinin qərarının ləğv olunması üçün əsaslar müəyyən edilməmişdir. Bu səbəbdən, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Hazırkı mübahisənin predmetini cavabdehin Abşeron rayonu, Xırdalan şəhərində yerləşən 0,0389 hektar torpaq sahəsi və həmin torpaq sahəsində inşa edilmiş fərdi yaşayış üzərində iddiaçının mülkiyyət hüququnun dövlət qeydiyyatının aparılmasından imtinası təşkil edir. İddiaçının hüquqi marağı həmin daşınmaz əmlaklar üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasına nail olmaqdan ibarətdir. Məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya şikayətində irəli sürülən dəlillər mahiyyətcə iddiaya qarşı etirazın dəlillərini təkrarlamaqla onlarla eynilik təşkil edir. Birinci instansiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həcmdə, eləcə də şikayətin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Bununla yanaşı, apellyasiya şikayətinin dəlillərinə münasibətdə məhkəmə kollegiyası aşağıdakıları qeyd etməyi zəruri sayır. Şikayətin dəlilləri altı hissədən ibarətdir: 1) Torpaq sahəsinə dair notarial qaydada təsdiq edilmiş alqı-satqı müqaviləsinin olmaması; 2) Təqdim edilmiş sənədlərdə torpaq sahəsi 0,04 ha göstərilsə də, faktiki vəziyyətdə 0,0389 ha olması; 3) Torpaq sahəsinin dövlət əmlakı kimi qeydə alınan ərazidə yerləşməsi; 4) Torpaq sahəsinin Xırdalan bələdiyyəsi tərəfindən xx.xx.2010-cu il tarixli, 01 saylı qərara əsasən **********16 reyestr nömrəli çıxarışla bələdiyyənin mülkiyyətində olan 470.0 ha torpaq sahəsindən ayrılmasına baxmayaraq, həmin torpaq sahəsinin qeyd olunan çıxarışa əsasən bələdiyyənin mülkiyyətində olan torpaq sahəsinin hüdudlarından kənarda yerləşməsi; 5) Fərdi yaşayış evinin faktiki vəziyyət ilə təqdim edilmiş layihə vəziyyəti arasında uyğunsuzluq olduğu - eskiz layihədə 2 (iki) mərtəbəli göstərilsə də, faktiki vəziyyətdə fərdi yaşayış evinin 2 (iki) mərtəbəli, yarımzirzəminin olması; 6) Torpaq sahəsi üzərində mülkiyyət hüququ qeydiyyata alınmadan fərdi yaşayış evinə dair müraciət ünvanlanması. Məhkəmə kollegiyası cavabdehin 1-ci dəlilini əsassız hesab edərək qeyd edir ki, iddiaçı tərəfindən bələdiyyənin hesabına torpağın satışına görə pulun ödənilməsi iddiaçı ilə bələdiyyə arasında müvafiq torpaq sahəsinin alqı-satqısının baş tutmasını və tamamlanmasını təsdiq etdiyindən qeyd edilən prosesin yekununda rəsmiləşdirilməsi məqsədi daşıyan alqı-satqı aktının qanunvericiliyin tələbinə uyğun olaraq tərtib edilməməsi və ya ümumiyyətlə, tərtib edilməməsi imtina üçün əsas ola bilməz. Belə ki, “X.Mustafayevanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 27 fevral 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 19 noyabr 2021-ci il tarixli qərarında şərh edilən mövqeyə əsasən, müvafiq rəylərin alınmaması və razılaşdırmaların aparılmaması kimi prosessual pozuntularla müşayiət edilən icraat nəticəsində qəbul edilmiş yekun qərar qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır (“İnzibati icraat haqqında” Qanunun 64.2-ci maddəsi). Şərh edilən mövqeyi hazırkı işin hallarına tətbiq edən məhkəmə kollegiyası qeyd edir ki, torpağın ayrılmasına dair yekun qərar (inzibati akt) qüvvədə olduğu halda, torpaq sahəsinin ayrılması ilə bağlı həyata keçirilən inzibati icraatın gedişində alqı-satqı aktının bağlanmaması özü-özlüyündə ayrılmış torpaq sahəsinə hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasında imtinanın müstəqil əsasını təşkil edə bilməz. Bu halda, reyestrdə qeydiyyatı aparmaqdan imtina edən inzibati orqan həmin aktın torpaq sahəsi ayrılan vaxta alınmamasının torpaq sahəsinin ayırılması ilə bağlı yekun qərarın qəbul edilməsinə hansı qaydada təsir edə biləcəyini və ya etdiyini konkret işin faktiki və hüquqi hallarına istinadla əsaslandırmalı, eləcə də bu halın hansı əsasla daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatı aparmağa maneə törətdiyini göstərməlidir. Belə imtinada, həmçinin mütləq “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 15-ci maddəsində nəzərdə tutulmuş əsaslardan birinin və ya bir neçəsinin mövcudluğuna istinad olunmalıdır. Hazırkı iş üzrə isə cavabdeh tərəfindən belə bir əsaslandırma aparılmamışdır. Məhkəmə kollegiyası cavabdehin 2-ci dəlilini də əsassız hesab edərək bildirir ki, bələdiyyə tərəfindən iddiaçıya 0,04 ha torpaq sahəsi ayrılsa da, iddiaçı hazırda məhz faktiki istifadəsində olan 0,0389 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyata alınmasını tələb edir. Bu baxımdan, torpaq sahəsinin sənəd üzrə 0,04 ha olduğu halda, faktiki istifadədə 0,0389 olduğuna dair şikayətin dəlili özlüyündə əsassızdır. Cavabdehin torpaq sahəsinin dövlət əmlakı kimi qeydə alınan ərazidə yerləşməsi və bələdiyyə mülkiyyətində olan torpaq sahəsinin hüdudlarından kənarda yerləşməsinə dair 3-cü və 4-cü dəlillərinə münasibətdə kollegiya aşağıdakıları qeyd edir. Mübahisəli torpaq sahəsinin dövlət əmlakı kimi qeydə alınan ərazidə yerləşməsinə dair cavabdehin dəlilinin araşdırılması istiqamətində kollegiya tərəfindən həmin torpaq sahəsinin Azərbaycan Respublikasında dövlət əmlakının Registrində qeydiyyata alınıbalınmamasının müəyyənləşdirilməsi məqsədilə aidiyyəti orqanlara sorğular verilmişdir. Məhkəmənin sorğularına cavab olaraq: - Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti bildirmişdir ki, Azərbaycan Respublikası Prezidentinin 9 dekabr 1999-cu il tarixli, 226 nömrəli Fərmanı ilə təsdiq olunmuş “Azərbaycan Respublikasında dövlət əmlakının Registri haqqında Əsasnamə” yə əsasən dövlət əmlakının Registrində daşınmaz dövlət əmlakının qeydiyyata alınması həmin əmlakın balanssaxlayıcı subyektləri tərəfindən təqdim olunan sənədlər əsasında aparılır. Sözügedən torpaq sahəsinə dair heç bir qurum tərəfindən məlumat təqdim edilmədiyi üçün həmin torpaq sahəsi barədə dövlət əmlakının Registrində qeydiyyat aparılmamışdır. - Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi "xxxx" MMC də cavab məktubunda həmin torpaq sahəsinin dövlət əmlakının Registrində qeydiyyata alınıb-alınmaması barədə Mərkəzin arxivində məlumatın mövcud olmadığı bildirilmişdir. Bundan başqa, cavabdeh orqan birinci instansiya məhkəməsinin sorğusuna cavab olaraq mübahisəli torpaq sahəsinin dövlət əmlakı kimi qeydə alınmasını təsdiq edən sübut kimi Azərbaycan Respublikası Dövlət Əmlak Komitəsi Dövlət Əmlakının İnventarlaşdırılması İdarəsi tərəfindən "xxxx" ASC-nin adına tərtib edilmiş Qeyri-yaşayış fonduna daxil olan dövlət binalarının və özəl obyektlərin texniki pasportunu təqdim edərək cavab məktubunda həmin torpaq sahəsinin həmin ASC-nin hüdudları daxilində yerləşdiyini bildirsə də, işə baxan məhkəmənin təkrar sorğusu nəticəsində cavabdehin özü tərəfindən məhkəməyə təqdim edilən sənədlərdən onun bu dəlili təkzib edilmişdir. Belə ki, məhkəməyə təqdim edilən mübahisəli torpaq sahəsi yerləşən ərazinin ortofoto xəritəsindən çıxarışdan görünür ki, **********64, **********09-10301, **********83- 10301, **********76-10301, **********63 reyestr nömrəli çıxarışlara əsasən, xüsusi mülkiyyətdə olan torpaq sahələri mübahisəli torpaq sahəsinin qonşuluğunda yerləşir. Həmin qonşu torpaq sahələrinin xüsusi mülkiyyət hüququ əsasında qeydə alınmasına dair dövlət reyestrindən çıxarışlardan müəyyən edilir ki, qonşu torpaq sahələrinin hər biri kateqoriyasına görə “yaşayış məntəqələrinin torpaqları” olaraq məhz xüsusi mülkiyyət hüququ üzrə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Beləliklə, məhkəmə araşdırması nəticəsində müəyyən edildi ki, mübahisəli torpaq sahəsi dövlət əmlakı kimi qeydə alınan ərazidə yerləşmir. Eləcə də, cavabdeh dəlillərində mübahisəli torpaq sahəsinin Xırdalan bələdiyyəsinin mülkiyyətində olan torpaq sahəsinin hüdudlarından kənarda yerləşdiyini bildirsə də, daşınmaz əmlakın dövlət reyestrində **********09-10301, **********83-10301, **********76- 10301, **********63 reyestr nömrəli qeydiyyatların aparılmasına əsas olmuş sənədlərdən görünür ki, bələdiyyənin alqı-satqı predmeti olmuş torpaq sahələrinə münasibətdə həmin qeydiyyatlar Xırdalan bələdiyyəsinin 2009, 2010-cu il tarixli qərarları əsasında aparılmışdır. Bununla da, cavabdehin həmin dəlili təkzib edilir. Beləliklə, məhkəmə araşdırması nəticəsində müəyyən edildi ki, həmin ərazidə yerləşən qonşu torpaq sahiblərinin hüquqları qeydə alındığı və onlara bu barədə müvafiq çıxarışlar verildiyi halda, onlarla eyni vəziyyətdə olan, tələbi eyni faktiki hallara və hüquqi əsaslara söykənən iddiaçıya münasibətdə hüququn qeydiyyata alınmasından və çıxarışın verilməsindən cavabdeh tərəfindən imtina olunmuşdur. Halbuki, Azərbaycan Respublikası Konstitusiyasının 25-ci maddəsinin 5-ci hissəsinə əsasən, hüquq və vəzifələrlə bağlı qərarlar qəbul edən dövlət orqanları və dövlət hakimiyyəti səlahiyyətlərinin daşıyıcıları ilə münasibətlərdə hər kəsin bərabər hüquqları təmin edilir. “İnzibati icraat haqqında” Qanunun həmin konstitusion normaya əsaslanan və onu daha da konkretləşdirən 12-ci maddəsinə görə, inzibati orqan tərəfindən eyni mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə fərqli qərarların qəbul edilməsi qadağandır. Bu tənzimləmə müxtəlif vaxtlarda və müxtəlif şəxslərə münasibətdə analoji xüsusiyyətlərə malik işlər üzrə fərqli qərarların qarşısının alınması məqsədlərinə xidmət edir. Bundan başqa, inzibati orqan tərəfindən hazırkı mübahisəyə münasibətdə eyni zamanda istinad olunan Qanunun 13-cü maddəsində təsbit edilmiş etimadın qorunması prinsipi də pozulmuşdur. Nəzərə almaq lazımdır ki, inzibati orqan bir tərəfdən eyni faktiki hallara və hüquqi əsaslara söykənən işlər üzrə qərarların qəbuluna dair özünün formalaşdırdığı inzibati praktikaya, yəni hüququn tətbiqi praktikasına bağlıdır, digər tərəfdən isə, fiziki və ya hüquqi şəxslərin analoji vəziyyətlərdə həmin praktikanın onlara da tətbiq olunacağına dair əsaslı qanuni gözləntilərinə və həmin praktikaya etimadına bağlıdır. Bu zaman həm də nəzərə alınmalıdır ki, şəxsin etimad hüququ yalnız inzibati orqanların davranışının proqnozlaşdırılmasının mümkün olduğu hallarda təmin oluna bilər. Belə proqnozlaşdırma isə inzibati orqanların inzibati, yəni hüquq tətbiqi praktikasına və bu praktikanın davamlılığına bağlıdır. Maraqlı şəxs onun müraciətinin inzibati praktikaya uyğun və artıq həll edilmiş oxşar işlərə analoji qaydada həll olunacağını əvvəlcədən bilmək və proqnozlaşdırmaq imkanına malik olmalıdır. Şəxsə belə imkan məhz bərabər yanaşma və etimadın qorunması prinsipləri vasitəsi ilə yaradılır. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, publik hüquq sahəsində həyata keçirilən idarəçilik fəaliyyəti zamanı inzibati orqanların konstitusion prinsipləri, o cümlədən bərabər yanaşma və hüquqi dövlət prinsipindən irəli gələn “İnzibati icraat haqqında” Qanunun 13cü maddəsində təsbit edilmiş etimadın qorunması prinsiplərini birbaşa tətbiq etməyə borclu olduğu da nəzərə alınmalıdır. İddiaçının sözügedən torpaq sahəsi üzərində mülkiyyət hüququ “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0.1-ci maddəsində təsbit olunmuş hüquqmüəyyənedici sənədə – Xırdalan bələdiyyəsinin 26 avqust 2010-cu il tarixli, 01 nömrəli iclas qərarına əsaslanır. İstinad olunan həmin normada qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsas qismində təsbit edilmişdir. Analoji norma Mülki Məcəllənin 139-1.1.1-ci maddəsində də nəzərdə tutulmuşdur. Xırdalan bələdiyyəsinin həmin qərarının hər hansı subyekt tərəfindən mübahisələndirildiyi iş materialları ilə təsdiq olunmur. Eyni zamanda, cavabdeh tərəfindən də bununla bağlı məhkəməyə hər hansı sübut təqdim edilməmişdir. Başqa sözlə, həmin qərar qanunla müəyyən olunmuş qaydada mübahisələndirilməmiş, ləğv olunmamış, geri çağırılmamış, dəyişdirilməmiş və ya etibarsız sayılmamışdır. Bu baxımdan, hüquqi qüvvəsini saxlayır və etibarlı hesab olunur. (“İnzibati icraat haqqında” Qanunun 64.2-ci maddəsi). İnzibati orqanlar inzibati aktın qüvvədə olduğu müddətdə onun məzmununa bağlıdır və ona uyğun davranmağa borcludur. Fərdi yaşayış evinə münasibətdə isə cavabdehin apellyasiya şikayətinin dəlilləri yaşayış evinin faktiki vəziyyəti ilə təqdim edilmiş layihə vəziyyəti arasında uyğunsuzluq olduğu və torpaq sahəsi üzərində mülkiyyət hüququ qeydiyyata alınmadan fərdi yaşayış evinə dair müraciət ünvanlanmasıdır. Mübahisəli fərdi yaşayış evinin Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə minənədək (2013-cü il yanvarın 1-dək) inşa edildiyi (2011-ci ildə), yaşayış evinin hündürlüyünün 12 metrədək olduğu və onun yerləşdiyi torpaq sahəsinin kateqoriyasına görə yaşayış məntəqələrinin torpaqlarına aid olduğu nəzərə alınaraq, iddiaçının hazırkı tələbinə “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8.0.9.1.2-ci maddəsi baxımından hüquqi qiymət verilməlidir. Həmin maddəyə əsasən məqsədli təyinatına görə yaşayış evinin tikintisi üçün nəzərdə tutulmuş xüsusi mülkiyyətdə olan torpaq sahəsində yerləşən hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində mülkiyyət hüququnu təsdiq edən sənəd tikili üzərində hüquqların qeydə alınması üçün əsas hesab edilir. Məhkəmə araşdırması ilə fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsi üzərində iddiaçının mülkiyyət hüququnun qeydiyyata alınması ilə bağlı tələbinin əsaslı olduğu müəyyən edildiyindən və yaşayış evi üzərində onun mülkiyyət hüququnun qeydiyyatına dair çıxarışın verilməsi öhdəliyi cavabdehin üzərinə qoyulduğundan kollegiya hesab edir ki, iddiaçıya münasibətdə Qanunun 8.0.9.1.2-ci maddəsində göstərilən sənədin mövcudluğu qəbul edilməlidir. Həmçinin, kollegiya hesab edir ki, həmin maddədə yaşayış evi üzərində hüququn qeydə alınması üçün tələb olunan sənədlərin siyahısında eskiz layihə təsbit edilmədiyindən yaşayış evinin faktiki və layihə vəziyyəti arasında uyğunsuzluğun olmasına dair şikayətin dəlili ilə bağlı araşdırma aparılmasına zərurət yoxdur. Məhkəmə kollegiyası qeyd olunanları, o cümlədən, hazırkı mübahisə üzrə “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsi ilə müəyyən edilmiş daşınmaz əmlaklara dair hüquqların dövlət qeydiyyatına alınmasından imtinanın əsaslarının mövcud olmamasını nəzərə alaraq, hesab edir ki, birinci instansiya məhkəməsi iddia tələbini təmin etməklə düzgün nəticəyə gəlmişdir, məhkəmə qərarının ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar müəyyən edilmir. Göstərilənlərə əsasən, məhkəmə kollegiyası
QƏRARA ALDİ:
Apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt İnzibati Məhkəməsinin 02 aprel 2024-cü il tarixli, 2-1(118)-542/2024 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apelyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti 70) vasitəsilə kassasiya şikayəti verilə bilər.