Məhkəmə qərarları › İş №2-1(105)-678/2025

Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(105)-678/2025

17.07.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(105)-678/2025 17.07.2025 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Axundov Toğrul Bəhruz oğlu (sədrlik edən və məruzəçi), Babayeva Hökümə Çingiz qızı və Hacıyev Vahid Məcid oğlundan ibarət tərkibdə, Məmmədova Jalə Həsən qızının katibliyi, cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “Ümumi səbəblərdən orqanizm funksiyalarının 81-100 faiz pozulmasına görə və ya 18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxslərə qulluq edən şəxslərə” Azərbaycan Respublikası Prezidenti təqaüdünün 01 iyun 2023-cü il tarixdən 01 may 2024-cü il tarixinə qədər olan dövr üzrə ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati mübahisə üzrə Sumqayıt İnzibati Məhkəməsinin 08 may 2025-ci il tarixli, 2-1(118)-1768/2025 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq kollegiya aşağıdakı qərarı qəbul etdi İŞİN HALLARİ: İş materiallarından görünür ki, X4 12 mart 2023-cü il tarixdən serebral iflic diaqnozu ilə ümumi xəstəlik səbəbilə müddətsiz birinci dərəcə əlillik təyin edilmişdir. Şamaxı rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(074)-68/2024 saylı Qətnaməsi ilə 27 may 2005-ci il təvəllüdlü X5 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilmişdir. İddiaçıya övladı X4 qulluq etdiyi üçün ona xx.xx.2019-cu il tarixdən xx.xx.2021-ci il tarixədək və xx.xx.2021-ci il tarixdən 31,05.2023-cü il tarixədək Prezident təqaüdü təyin edilərək ödənilmişdir. Şamaxı rayon İcra Hakimiyyəti Başçısının 06 may 2024-cü il tarixli, 59 saylı Sərəncamı ilə İddiaçı 27 may 2005-ci il təvəllüdlü X4 qəyyum təyin edilmişdir. Şamaxı Rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2024-cü il tarixli sərəncamı ilə S.Əliquliyev üzərində qəyyum təyin edildiyindən iddiaçıya həmin tarixdən 100 manat məbləğində orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslərə qulluğa görə Prezident təqaüdü təyin edilmişdir. İddiaçı xx.xx.2024-cü il tarixdə Fondun X9 filialına müraciət edərək ona 2023-cü ilin may ayından 2024-cü ilin may ayına qədər olan dövr üzrə ödənilməyən “bəzi kateqoriyalı şəxslərə qulluq edənlərə Azərbaycan Respublikası Prezidentinin təqaüdü”nün ödənilməsini xahiş etmişdir. Cavabdeh inzibati orqan iddiaçının müraciətindən imtina etmişdir. Verilən imtina cavabı ilə razılaşmayan İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fonduna qarşı iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müaciət edərək “ümumi səbəblərdən orqanizm funksiyalarının 81-100 faiz pozulmasına görə və ya 18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxslərə qulluq edən şəxslərə” Azərbaycan Respublikası Prezidenti təqaüdünün 01 iyun 2023-cü il tarixdən 01 may 2024-cü il tarixinə qədər olan dövr üzrə ödənilməsini xahiş etmişdir . İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ: a) Birinci instansiya məhkəməsindəki icraat İddia tələbi onunla əsaslandırılmışdır ki, 27 may 2005-ci ildə Şamaxı şəhərində anadan olmuş oğlu X1 şəhəri, Dədə Qorqud küçəsi 34 ünvanında iddiaçının himayəsində yaşayır. Hazırda 18 yaşı tamam olmuşdur. Əmək qabiliyyətsizdir. Mərkəzləşdirilmiş elektron informasiya sisteminin "Əlillik” altsistemində olan məlumatlara əsasən təkrar müayinə əsasında oğlu 12 mart 2023-cü il tarixdən müddətsiz olaraq orqanizminin funksiyalarının 100 faiz pozulmasına görə əlliliyi müəyyən edilmişdir. O anadangəlmə kvadroplegik spastik serebral iflici və kvadroplegik serebral iflic xəstəsi olduğundan ona orqanizminin funksiyalarını 81-100 faiz pozulmasına görə şəxslərə qulluq üçün 100 manat məbləğində Prezident təqaüdü təyin olunmuşdur. Oğluna baxım pulu olaraq verilən Prezident təqaüdünü 2023-cü ilin may ayına qədər almağına baxmayaraq, 18 yaşı tamam olduqdan sonra DSMF-nun X9 filialı tərəfindən həmin təqaüdün verilməsi dayandırılaraq ona oğlu ilə bağlı qəyyumluq sərəncamı gətirdikdən sonra təqaüdün dayandırıldığı tarixdən veriləcəyini bildirmişdirlər. Qəyyumluq alınması üçün Şamaxı rayon Məhkəməsi tərəfindən oğlunun fəaliyyət qabiliyyəti olmayan şəxs hesab olunması zərurəti yarandığından məhkəməyə müraciəti, ekspert rəyinin alınması, yekun qərarın verilməsi, qərarın qüvvəyə minməsi səbəbindən qəyyumluq sərəncamını 1 ildən sonra ala bilmişdir. Şamaxı rayon İcra Hakimiyyətinin 59 saylı, 06 may 2024-cü il tarixli Qəyyum təyin olunması barədə sərəncamı DSMF-nun X9 filialına təqdim etdikdən sonra ona Prezident təqaüdü olaraq verilən 100 manat məbləğində müavinətin qəyyumluq verildiyi tarixdən verilməsinə başlanılmışdır. Əvvəlki bir ilin müavinət pulunu isə verməmişdirlər. Cavabdehin iddia tələbinə dair etirazının dəlilləri Cavabdeh iddia tələbinə qarşı etiraz ünvanlayaraq bildirmişdir ki, iddiaçı xx.xx.2024-cü il tarixdə Fondun X9 filialına müraciət edərək ona 2023-cü ilin may ayından 2024-cü ilin may ayına qədər olan dövr üzrə ödənilməyən “bəzi kateqoriyalı şəxslərə qulluq edənlərə Azərbaycan Respublikası Prezidentinin təqaüdü”nün ödənilməsini xahiş etmişdir. Fondun Sosial ödənişlərin təyinatı üzrə mərkəzi filialı tərəfindən iddiaçıya ünvanlanan məktubla müraciətin müsbət həllinin mümkün olmayacağı yazılı şəkildə bildirilmişdir. Bundan sonra, İddiaçı məhkəməyə təqdim etdiyi iddia ərizəsində qeyd etdiyi dövrlər üzrə prezident təqaüdünün ona ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 15 aprel tarixli 643 nömrəli Fərmanına əsasən 2019cu ilin aprelin 1-dən "Ümumi səbəblərdən orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə və ya 18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxslərə qulluq edən şəxslərə” Azərbaycan Respublikası Prezidentinin təqaüdü təsis edilmişdir. İddiaçıya övladı X4 qulluq etdiyi üçün ona xx.xx.2019-cu il tarixdən xx.xx.2021-ci il tarixədək və xx.xx.2021-ci il tarixdən 31,05.2023-cü il tarixədək Prezident təqaüdü təyin edilərək ödənilmişdir. Mərkəzləşdirilmiş elektron informasiya sisteminin "Əlillik" altsistemində olan məlumatlara əsasən təkrar müayinə əsasında S.Əliquliyevin xx.xx.2023-cü il tarixdən müddətsiz olaraq orqanizmin funksiyalarının 100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2019-cu il tarixli 294 nömrəli Qərarı ilə təsdiq edilmiş “Orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə və ya 18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxslərə qulluq edən şəxslərə Azərbaycan Respublikası Prezidentinin təqaüdünün ödənilməsi Qaydası”nın 2.2.1-ci yarımbəndinə əsasən orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxsin ailə üzvlərinə münasibətdə şəxsin həqiqətən ona qulluq etdiyi barədə əlilliyi olan şəxsin (fəaliyyət qabiliyyəti olmayan orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslər istisna olmaqla) bu Qaydanın 1 nömrəli əlavəsinə uyğun ərizəsi və onların qohumluq əlaqəsini təsdiq edən sənədlərin surətləri təqdim olunmalıdır. Eyni zamanda şəxsin həqiqətən ona qulluq etdiyi barədə ərizə Nazirliyin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun yaşayış yeri üzrə müvafiq yerli qurumuna və ya "DOST" mərkəzlərinə orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi olan şəxsin özü tərəfindən təqdim edilmədiyi halda notariat fəaliyyətini həyata keçirən subyektlər tərəfindən təsdiq edilməlidir. Sözügedən Qaydanın 2.2.3-cü maddəsinə əsasən məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə fəaliyyət qabiliyyətli olmayan sayılmış organizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxsə qulluq edən şəxsə münasibətdə onun fəaliyyət qabiliyyəti olmayan orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxsin qəyyumu təyin edilməsi barədə qəyyumluq və himayəçilik orqanının qərarının surəti təqdim olunmalıdır. Eyni zamanda qaydalarda təqaüdün keçmiş dövr üzrə ödənilməsi barədə hər hansı müddəa nəzərdə tutulmamışdır. Şamaxı Rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2024-cü il tarixli sərəncamı ilə S.Əliquliyev üzərində qəyyum təyin edildiyindən iddiaçıya həmin tarixdən 100 manat məbləğində orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslərə qulluğa görə Prezident təqaüdü təyin edilmişdir. Şamaxı Rayon Məhkəməsinin 08 01.2024-cü il tarixli 2(074)-68/2024 saylı qətnaməsinə əsasən S.Əliquliyev fəaliyyət qabiliyyətli olmayan şəxs hesab edildiyindən və iddiaçıya qəyyumluq xx.xx.2024-cü il tarixdən verildiyindən iddia ərizəsində qeyd etdiyi dövr üzrə Prezident təqaüdünün təyin edilərək ödənilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. Qeyd edilənlərə əsasən iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdirlər. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: Sumqayıt İnzibati Məhkəməsinin 08 may 2025-ci il tarixli, 2-1(118)-1768/2025 nömrəli qərarı ilə iddia təmin edilmiş, “Ümumi səbəblərdən orqanizm funksiyalarının 81-100 faiz pozulmasına görə və ya 18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxslərə qulluq edən şəxslərə” Azərbaycan Respublikası Prezidenti təqaüdünün 01 iyun 2023-cü il tarixdən 01 may 2024-cü il tarixinə qədər olan dövr üzrə ödənilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının üzərinə vəzifə olaraq qoyulmuşdur. (hakim Aynur Axundova). Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, X3 əlilliyinin 2023-cü ildən müəyyən edildiyi halda, iddiaçıya qəyyumluğun verilməsi prosedurunun formal hərəkətlər səbəbindən uzanması almadığı dövrlər üzrə təqaüdün alınması hüququndan məhrum edə bilməz. Qanunvericiliyin tələbinə görə prezident təqaüdü orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə və ya 18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxslərə qulluq edən şəxslərə 2019-cu il aprelin 1-dən tez olmamaqla, onu almaq hüququ yarandığı gündən təyin edilir. X3 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edildiyi və iddiaçının ona qəyyum təyin edildiyi tarixdən asılı olmayaraq məhkəmə hesab edir ki, İddiaçı prezident təqaüdü almaq hüququ X3 əlilliyinin müəyyən edildiyi tarixdən yaranmışdır. Cavabdeh qərardan apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsi və iddianın təmin edilməməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a)Apellyasiya şikayətinin dəlilləri Cavabdeh apellyasiya şikayətini imtina məktubu və iddia ərizəsinə etirazla eyni məzmunda əsaslandırmışdır. b) Apellyasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətini müdafiə edərək şikayətlə eyni məzmunda izahat verərək şikayətin təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini, iddianın rədd edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar olunmağına baxmayaraq iş üzrə iddiaçı məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri haqqında məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ: “Orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə və ya 18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxslərə qulluq edən şəxslərə Azərbaycan Respublikası Prezidentinin təqaüdü”nün təsis edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2019-cu il tarixli 643 nömrəli Fərmanı:

1. “Orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə və ya 18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxslərə qulluq edən şəxslərə Azərbaycan Respublikası Prezidentinin təqaüdü” təsis edilsin və onun aylıq məbləği 100 (bir yüz) manat müəyyən olunsun.

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 9 iyul tarixli 294 nömrəli Qərarı ilə təsdiq edilmiş “Orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə və ya 18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxslərə qulluq edən şəxslərə Azərbaycan Respublikası Prezidentinin təqaüdü”nün ödənilməsi Qaydası”: 1.1. Bu Qayda “Orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə və ya 18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxslərə qulluq edən şəxslərə Azərbaycan Respublikası Prezidentinin təqaüdü”nün təsis edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 15 aprel tarixli 643 nömrəli Fərmanının 3.1.2-ci yarımbəndinə əsasən hazırlanmışdır və “Orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə və ya 18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxslərə qulluq edən şəxslərə Azərbaycan Respublikası Prezidentinin təqaüdü”nün (bundan sonra – təqaüd) ödənilməsi mexanizmini müəyyən edir. 1.2. Təqaüd, əmək pensiyası və yaxud sosial müavinət almaq hüququ olmasından, məşğulluq vəziyyətindən asılı olmayaraq, orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə və ya 18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxslərə qulluq edən şəxslərə verilir. 1.5. Müraciət müddətindən asılı olmayaraq, təqaüd 2019-cu il aprelin 1-dən tez olmamaqla, onu almaq hüququ yarandığı gündən təyin edilir. 1.6. Bu Qaydanın məqsədləri üçün orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxsin ailə üzvü dedikdə, onun valideynləri (və ya övladlığa götürənlər), babaları, nənələri, əri (arvadı), övladları (o cümlədən övladlığa götürülənlər), onların ərləri (arvadları), bacıları, qardaşları, qudaları, ərinin (arvadının) valideynləri, bacıları, qardaşları, 18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxslərin ailə üzvü dedikdə isə onların valideynləri (və ya övladlığa götürənlər), babaları, nənələri, əri (arvadı), bacıları, qardaşları, ərinin (arvadının) valideynləri, bacıları və qardaşları nəzərdə tutulur. 2.2.1. orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxsin ailə üzvlərinə münasibətdə Şəxsin, həqiqətən, ona qulluq etdiyi barədə əlilliyi olan şəxsin (fəaliyyət qabiliyyəti olmayan orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslər istisna olmaqla) bu Qaydanın 1 nömrəli əlavəsinə uyğun ərizəsi (bundan sonra – ərizə) və onların qohumluq əlaqəsini təsdiq edən sənədlərin surətləri. Şəxsin, həqiqətən, ona qulluq etdiyi barədə ərizə Quruma, “DOST” mərkəzlərinə və ya Mərkəzə orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxsin özü tərəfindən təqdim edilmədiyi halda notariat fəaliyyətini həyata keçirən subyektlər tərəfindən təsdiq edilməlidir; 2.2.2. orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxsə qulluq edən, ailə üzvü olmayan şəxslərə münasibətdə Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 39-cu maddəsinə uyğun olaraq patronajın təyin edilməsi barədə qəyyumluq və himayəçilik orqanının qərarının surəti və şəxsin, həqiqətən, ona qulluq etdiyi barədə əlilliyi olan şəxsin (fəaliyyət qabiliyyəti olmayan orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslər istisna olmaqla) ərizəsi. Şəxsin, həqiqətən, ona qulluq etdiyi barədə ərizə Quruma, “DOST” mərkəzlərinə və ya Mərkəzə orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxsin özü tərəfindən təqdim edilmədiyi halda notariat fəaliyyətini həyata keçirən subyektlər tərəfindən təsdiq edilir; 2.2.3. məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə fəaliyyət qabiliyyətli olmayan sayılmış orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxsə qulluq edən Şəxsə münasibətdə onun fəaliyyət qabiliyyəti olmayan orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxsin qəyyumu təyin edilməsi barədə qəyyumluq və himayəçilik orqanının qərarının surəti; 2.2.4. 18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxslərə münasibətdə onların qohumluq əlaqəsini təsdiq edən sənəd. Təqaüd təyin edilməsi barədə 18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxslərə münasibətdə onlarla qohumluq əlaqəsi olmayan qəyyumlar (himayəçilər) müraciət etdikdə, müraciətə qəyyumluq (himayəçilik) təyin edilməsi barədə qəyyumluq və himayəçilik orqanının qərarının surəti əlavə edilir.

“İnzibati icraat haqqında” Qanun: Maddə 2.0.8. qarşılıqlı etimad - inzibati orqanla fiziki və ya hüquqi şəxs arasındakı qarşılıqlı münasibətlərdə müəyyən qanuni hərəkətlərə və ya inzibati praktikaya əsaslanan inam; Maddə 11.1. İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. Maddə 13.1. İnzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. Maddə 17. Fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Maddə 19.1 İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Maddə 64.2 İnzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır.

İnzibati Prosessual Məcəllə: Maddə 12. İşin hallarının araşdırılması prinsipi.

1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur.

2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Maddə 87.8 Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 89. Bu Məcəllənin 94.1-ci maddəsində nəzərdə tutulmuş müddətdə şikayətin verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda, məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadı isə 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Şikayətin geri götürülməsi haqqında bəyanat yazılı şəkildə məhkəməyə təqdim olunmalıdır. Maddə 90.1. Apellyasiya instansiyası məhkəməsinin qərar və ya qərardadlarından, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla Ali Məhkəmənin İnzibati kollegiyasına (bundan sonra – Ali Məhkəməyə) şikayət verilə bilər.

APELLYASİYANİN MÜMKÜNLÜYÜ, APELLYASİYA BAXİŞİNİN HƏDLƏRİ Apellyasiya şikayəti vaxtında verilmişdir. Apellyasiya şikayəti formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə apellyasiya mümkün hesab edilmişdir. Birinci instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır.

APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ Məhkəmə kollegiyası tərəfləri dinləyib, apellyasiya şikayətlərinin dəlillərini, iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti əsassızdır. Birinci instansiya məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Birinci instansiya məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsaslar müəyyən edilməmişdir. Bu səbəbdən, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Hazırki iş üzrə iddia tələbi iddiaçıya ümumi səbəblərdən orqanizm funksiyalarının 81- 100 faiz pozulmasına görə və ya 18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxslərə qulluq edən şəxslərə” Azərbaycan Respublikası Prezidenti təqaüdünün 01 iyun 2023-cü il tarixdən 01 may 2024-cü il tarixinə qədər olan dövr üzrə ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasından ibarətdir. Birinci instansiya məhkəməsi tərəfindən iddia təmin edilmişdir. Məhkəmə kollegiyası hazırki iş üzrə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq aşağıdakıları qeyd edir. İşin hallarından görünür ki, X4 12 mart 2023-cü il tarixdən serebral iflic diaqnozu ilə ümumi xəstəlik səbəbilə müddətsiz birinci dərəcə əlillik təyin edilmişdir. Şamaxı rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(074)-68/2024 saylı Qətnaməsi ilə 27 may 2005-ci il təvəllüdlü X5 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilmişdir. Şamaxı rayon İcra Hakimiyyəti Başçısının 06 may 2024-cü il tarixli, 59 saylı Sərəncamı ilə İddiaçı 27 may 2005-ci il təvəllüdlü X4 qəyyum təyin edilmişdir. İddiaçı Prezidenti təqaüdünün 01 iyun 2023-cü il tarixdən 01 may 2024-cü il tarixinə qədər olan dövr üzrə ödənilməsini istəyir. Cavabdehin imtinasının əsasını Şamaxı rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(074)-68/2024 saylı qətnaməsinə əsasən S.Əliquliyev fəaliyyət qabiliyyətli olmayan şəxs hesab edilməsi və iddiaçıya qəyyumluğun xx.xx.2024-cü il tarixdən verilməsi təşkil edir. Lakin kollegiya hesab edir ki, X3 əlilliyinin 2023-cü ildən müəyyən edildiyi halda, iddiaçıya qəyyumluğun verilməsi prosedurunun formal hərəkətlər səbəbindən uzanması almadığı dövrlər üzrə təqaüdün alınması hüququndan məhrum edə bilməz. Kollegiya həmçinin qeyd edir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019cu il 9 iyul tarixli 294 nömrəli Qərarı ilə təsdiq edilmiş “Orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə və ya 18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxslərə qulluq edən şəxslərə Azərbaycan Respublikası Prezidentinin təqaüdü”nün ödənilməsi” Qaydası”nın tətbiqi zamanı hərfi təfsirə yol verilməməli, müvafiq maddələr tənzimləmənin ümumi məqsədi nəzərə alınaraq tətbiq edilməlidir. Belə ki, hüquq normasını tətbiq etməzdən əvvəl onun həqiqi məzmununu aydınlaşdırmaq, tənzimləyicinin sözlə ifadə etdiyi mahiyyətin aşkara çıxarılması lazımdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 09 iyul 2019-cu tarixli 294 nömrəli Qərarı ilə təsdiq edilmiş “Orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə və ya 18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxslərə qulluq edən şəxslərə Azərbaycan Respublikası Prezidentinin təqaüdü”nün ödənilməsi” Qaydasında Prezident təqaüdünün təyin edilməsi üçün meyarlar (4 meyar) müəyyən edilərkən 1) əlilliyi müəyyən edilmiş şəxs və ona qulluq edən şəxs arasındakı münasibətin xarakteri, 2) əlilliyin təyin edilmə vaxtı nəzərə alınmışdır. Müvafiq Qaydanın 2.2-ci bəndində qeyd olunan sənədlərin tələb olunmasında məqsəd şəxsin, həqiqətən, orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxsə qulluq etməsini təsdiqləməkdir. xx.xx.2023-cü il tarixədək (X5 18 yaşına çatanadək) iddiaçıya münasibətdə “Sağlamlıq imkanları məhdud 18 yaşınadək şəxslərə qulluğa görə Azərbaycan Respublikası Prezidenti təqaüdü”nün təyin edilmiş olması, iddiaçının cavabdeh tərəfindən X4 qulluq edən şəxs olaraq qəbul edilməsi kimi nəzərə alınmalıdır. Müvafiq qaydalarda nəzərdə tutulan Prezident təqaüdü mahiyyətcə eyni vəziyyətdə olan (əlilliyi olan şəxsə qulluq edən) şəxslərə tətbiq edilir, təqaüdün formasını fərqləndirən tək meyar əlilliyi müəyyən edilmiş şəxsin yaşıdır (18 yaşına çatıbçatmaması: 1) Orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslər və ya 2) 18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxslər). Hazırkı işdə iddiaçı və oğlu X5 arasındakı münasibətlərdə hər hansı faktiki dəyişiklik olmamışdır (iddiaçı əvvəllər olduğu kimi oğluna qulluq etməkdə davam etmişdir), hüquqi vəziyyəti dəyişən yeganə meyar isə şəxsin 18 yaşına çatması ilə əlaqədar artıq sağlamlıq imkanları məhdud şəxs kimi deyil, orqanizmin funksiyaları 81-100 faiz pozulmuş şəxs kimi nəzərə alınmasıdır. Belə olan təqdirdə, iddiaçıya münasibətdə Prezident təqaüdünün təyin edilməsi üçün əsas, onun oğluna qulluq etməsini yenidən təsdiqləyən qəyyumluq orqanının qərarı olmamalıdır (müvafiq Qaydanın 2.2.3-cü maddəsinə əsasən), iddiaçı X3 ailə üzvü olan və ona qulluq edən şəxs kimi (müvafiq Qaydanın 2.2.1-ci yarımbəndinə əsasən) nəzərə alınmalıdır. Göründüyü kimi qanunvericiliyin tələbinə görə prezident təqaüdü orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə və ya 18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxslərə qulluq edən şəxslərə 2019-cu il aprelin 1-dən tez olmamaqla, onu almaq hüququ yarandığı gündən təyin edilir. Bir sözlə, X3 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edildiyi və iddiaçının ona qəyyum təyin edildiyi tarixdən asılı olmayaraq İddiaçı prezident təqaüdü almaq hüququ X3 əlilliyinin müəyyən edildiyi tarixdən yaranmışdır. Qeyd olunan hallara əsasən məhkəmə kollegiyası hesab edir ki, hazırkı iş üzrə iddiaçıya cavabdeh inzibati orqanın imtinası əsassız olmuş, birinci instansiya məhkəməsi tərəfindən işin hallarına düzgün hüquqi qiymət verilmiş, iş üzrə gəldiyi nəticə düzgün olmuşdur. Odur ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. NƏTİCƏVİ HİSSƏ:

Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

QƏRARA ALDİ:

Apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt İnzibati Məhkəməsinin 08 may 2025-ci il tarixli, 2-1(118)-1768/2025 nömrəli qərarı apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti 70) vasitəsilə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar