Məhkəmə qərarları › İş №2-1(105)-68/2023

Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(105)-68/2023

22.06.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(105)-68/2023 22.06.2023 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Babayeva Hökümə Çingiz qızı (sədrlik edən və məruzəçi), Məmmədov Zahid Tahir oğlu və X1 ibarət tərkibdə, Hüseynli Aydın Hüseyn oğlunun katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi Nümayəndə iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəz Filialına qarşı “əmək pensiyasının qulluq stajına görə əlavələr azaldılmamaqla yenidən hesablanması” tələbinə dair Sumqayıt İnzibati Məhkəməsinin 29 avqust 2022-ci il tarixli, 2- 1(118)-1997/2022 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ İddiaçı "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikasının Qanununun 20.14.1-ci maddəsinə əsasən xx.xx.2014-cü il tarixindən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmişdir. İddiaçının təqdim etdiyi ИТ-İ ******* nömrəli əmək kitabçasının qeydlərinə əsasən o, əmək pensiyası təyin edildikdən sonra əmək faliyyətini davam etdirərək xx.xx.2014-cü il tarixdən xx.xx.2015-ci il tarixədək "xxxx" MMC-də mühafizəçi-yanğınsöndürən, xx.xx.2015ci il tarixdən xx.xx.2016-cı il tarixədək “Sədərək Firması” nda qarovul rəisi, xx.xx.2017-ci il tarixdən xx.xx.2017-ci il tarixədək “Səhliyalı” kiçik müəssisəsində gözətçi, xx.xx.2017-ci il tarixdən xx.xx.2022-ci il tarixədək "xxxx" MMC-də mühəndis vəzifəsində işləməklə, pensiya təyin olunduğu gündən sonra 6 ildən çox işləmişdir. İddiaçı ərizə ilə cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəz Filialına müraciət edərək ona əmək pensiyası təyin olunduğu gündən sonrakı dövr üzrə 6 ildən çox işləməklə pensiya kapitalının toplanmasına istinad edərək pensiyanın yenidən hesablanmasının qulluq stajına görə əlavələr azaldılmamaqla aparılmasını xahiş etmişdir. Cavabdeh orqan 22 aprel 2022-ci il tarixli, **********9 nömrəli məktubu ilə iddiaçının müraciətinin icrasından imtina etmişdir. İmtina onunla əsaslandırılmışdır ki, iddiaçıya Mərkəzi Filial tərəfindən 11 aprel 2014-cü il tarixindən hərbi qulluqçu kimi (xüsusi rütbəli şəxs) güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmişdir. Sonrakı artımlar nəzərə alınmaqla əmək pensiyası 817,51 manat məbləğində aşağıdakı tərkibdən ibarət olmaqla ödənilmişdir: əmək pensiyasının sığorta hissəsi-289,02 manat, qulluq stajına görə əmək pensiyasına əlavəsi 528,49 manat təşkil edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun 9.6-cı maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə, 25-ci maddəsinə, 29-cu maddəsinin İ və İV hissələrinə, 38-ci maddəsinin İ və İİİ hissələrinə, 149-cu maddəsinin və İli hissələrinə uyğunluğunun yoxlanılmasına dair 2 fevral 2022-ci il tarixli Qərarının təsviri əsaslandırıcı hissəsində də təsbit edilmişdir ki, “Əmək pensiyaları haqqında” Qanunun 29.2-ci maddəsinə əsasən, əmək pensiyası təyin olunduqdan sonra əmək fəaliyyətini davam etdirən pensiyaçıların pensiyası yenidən hesablanarkən pensiyanın sığorta hissəsindəki artım qədər qulluq stajına görə əmək pensiyasına əlavənin məbləği azaldılır. Məlum olduğu kimi, “Konstitusiya Məhkəməsi haqqında” Azərbaycan Respublikası Qanununun 65.1-ci maddəsinə əsasən Konstitusiya Məhkəməsi Plenumunun qərarı giriş, təsviri-əsaslandırıcı və nəticə hissələrindən ibarətdir. Sözügedən Qanunun 65.3.3-cü və 65.3.4-cü maddələrinə əsasən təsviri-əsaslandırıcı hissədə konstitusiya işinə baxılması zamanı müəyyən edilmiş hallar və qərarın çıxarılması üçün rəhbər tutulmuş Azərbaycan Respublikası Konstitusiyasının və Azərbaycan Respublikasının başqa qanunlarının maddələri göstərilir. Göründüyü kimi, “Əmək pensiyaları haqqında" Qanunun 29.2-ci maddəsinə uyğun olaraq pensiyanın sığorta hissəsindəki artım qədər qulluq stajına görə əlavənin azaldılması Konstitusiya Məhkəməsinin Plenumunun sözügedən Qərarının təsviri-əsaslandırıcı hissəsində müəyyən edilmiş hallardan biri olmaqla həmin qərarın tərkib hissəsidir. İddiaçıya əmək pensiyası təyin edildikdən sonra müxtəlif dövrlərdə işlədiyi müddətdə fərdi hesabının sığorta hissəsində 15086,77 manat pensiya sığorta kapitalı qeydə alınmışdır. Qeyd olunanları nəzərə alaraq, 15086,77 manat pensiya sığorta kapitalının “Əmək pensiyaları haqqında” Qanunun 37.3.1 -ci maddəsinin və 45-ci maddəsinin ikinci cümləsinin tələblərinə uyğun olaraq gözlənilən pensiya ödənişi müddətinin aylarının sayına 249 (15086,77:249 (65 il-50 il 3 ay=177 ay+(144 ay-72 ay)=60,59 manat) aya bölünərək əmək pensiyasının sığorta hissəsinin (289,02 manat) üzərinə əlavə olunmaqla pensiyasının sığorta hissəsi 349,61 (289,02+60,59) manat müəyyən edilmişdir. Eyni zamanda sözügedən Qanunun 29.2-ci maddəsinin tələbləri nəzərə alınaraq qulluq stajına görə əlavənin məbləği (528,49 manat) həmin artım qədər (60,59 manat) azaldılmışdır. Nəticədə, hazırda əmək pensiyasının sığorta hissəsi 349,61 manat, qulluq stajına görə əmək pensiyasına əlavənin məbləği isə 467,90 (528,49-60,59) manat təşkil edir. 1 yanvar 2022-ci il tarixdən hesablanmaqla iddiaçıya “Əmək pensiyasına qulluq stajına görə əlavələr alan əmək pensiyaçılarının sosial müdafiəsi sahəsində əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 4 mart tarixli Sərəncamına əsasən aylıq pensiya məbləğinin 10 faizi-81,75 manat maddi yardım ödənilir. Verilən imtina cavabı ilə razılaşmayan iddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək ona xx.xx.2014-cü ildə pensiya təyin olunan zaman yalnız qulluq stajına görə əlavə hesablandığı və sığorta hissə hesablanmadığı üçün həmin pensiya təyin olunan günədək fərdi şəxsi hesabının sığorta hissəsində toplanan kapitalı əsasında, ”Əmək pensiyaları haqqında” Qanunun 20.15-ci maddəsi nəzərə alınmaqla, pensiyanın sığorta hissəsinin yenidən hesablanması, ona pensiya təyin olunduqdan sonra toplanan kapital əsasında cavabdeh tərəfindən aparılmış yenidən hesablanmasının ləğv edilməsi və “Əmək pensiyaları haqqında“ Qanunun xx.xx.2017-ci il tarixədək qüvvədə olan 29.2-ci, 37.3.1-ci və 45-ci maddələrinin müddəalarına uyğun olaraq ona pensiya təyin edildikdən sonra əmək fəaliyyətinə davam edib işləməyən əmək pensiyaçısı kateqoriyasına keçdiyi xx.xx.2017-ci il tarixdə fərdi şəxsi hesabının sığorta hissəsində toplanan kapitalı əsasında pensiyanın sığorta hissəsinin yenidən hesablanması öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Daha sonra iddiaçı tələbini dəqiqləşdirərək, ona 2014-cü ildə pensiya təyin olunan gün fərdi şəxsi hesabında qeydə alınmış sığorta kapitalı əsasında pensiyanın hesablanıb ödənilməsi və pensiya təyin edildikdən sonra işləməyən pensiyaçı kateqoriyasına keçdiyi xx.xx.2017-ci il tarixədək olan dövr üzrə toplanan sığorta kapitalı əsasında pensiyanın yenidən hesablanmasının qulluq stajına görə əlavələr azaldılmamaqla aparılması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ Birinci instansiya məhkəməsində icraat İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçıya hərbi qulluqçu kimi xx.xx.2014cü il tarixində yaşa görə əmək pensiyası təyin edildikdən sonra o, işləməkdə davam etmişdir. Onun hal-hazırda fərdi hesabının sığorta hissəsində toplanan kapitalı mövcuddur. Yaşa görə əmək pensiyasına çıxdığı gün və sonradan toplanan fərdi hesabının sığorta hissəsində qeydə alınan və istifadə olunmamış, yəni əmək pensiyasının sığorta hissəsinin hesablanmasında nəzərə alınmamış pensiya kapitalı mövcuddur. Eyni zamanda iddiaçıya pensiya təyin olunan gün fərdi hesabında sığorta kapitalı mövcud olmuşdur. Qeyd edir ki, ona təyin olunan pensiya məbləği yalnız qulluq stajına görə əlavədən ibarətdir. Buna görə də o, cavabdeh orqana müraciət edərək sosial sığorta kapitalı nəzərə alınaraq, əmək pensiyasının sığorta hissəsinin yenidən hesablanmasını xahiş etmişdir. Lakin, müraciəti tam təmin edilməmiş, aparılan hesablanma isə səhv aparılmışdır. Belə ki, ona pensiya təyin olunan zaman yalnız qulluq stajına görə əlavə hesablanmış, sığorta hissə isə hesablanmamışdır. Halbuki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi də özünün xx.xx.2022-ci il tarixli Qərarında göstərmişdir ki, hərbi və xüsusi rütbəli şəxslərə ödənilən əmək pensiyası iki hissədən - sığorta hissəsindən və qulluq stajına görə əlavədən ibarətdir. Ona pensiya təyin edildiyi gün yalnız qulluq stajına görə əlavə hesablanmış, sığorta hissə hesablanmamış, ödənilən pensiya məbləği təminat xərcliyinin 80%-dir, yəni yalnız qulluq stajına görə əlavə hesablanmışdır. Qeyd edir ki, əmək pensiyasının ona hesablanan əlavə ilə birlikdə məbləği təminat xərcliyindən artıq ola bilməz. Hesab edir ki, ona əmək pensiyası təyin edilən zaman “Əmək pensiyaları haqqında” Qanunun 20.15-ci maddəsi nəzərə alınmaqla pensiya hesablanmalı, yəni Konstitusiya Məhkəməsinin də qeyd etdiyi kimi həm pensiyanın sığorta hissəsi, həm də pensiyaya əlavə hesablanmalı idi. Bundan başqa iddiaçı pensiyaya çıxdıqdan sonra da işləməyə davam etmiş, nəticədə fərdi şəxsi hesabının sığorta hissəsində toplanan kapitalı mövcuddur. xx.xx.2017-ci il tarixədək qüvvədə olan “Əmək pensiyaları haqqında“ Qanunun 29.2, 37.3.1, 45-ci maddələrinin müddəalarına uyğun olaraq o, xx.xx.2017-ci il tarixədək xx.xx.2017-ci il tarixdə işləməyən əmək pensiyaçısı kateqoriyasına keçməklə sığorta kapitalından istifadə imkanı qazanmışdır. Sonradan əmək fəaliyyətinə davam etməsi həmin hüququna xitam vermir, qüvvədə olmuş və hazırda qüvvədə olan qanunvericilik bununla bağlı hər hansı məhdudiyyət nəzərdə tutmamışdır. Cavabdeh iddia tələbinə etiraz edərək etirazı imtina məktubu ilə eyni məzmunda əsaslandırmışdır. Sumqayıt İnzibati Məhkəməsinin 29 avqust 2022-ci il tarixli, 2-1(118)-1997/2022 nömrəli qərarı ilə iddia təmin edilmiş, iddiaçının 2014-cü ildə pensiya təyin olunan gün fərdi şəxsi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalına əsasən yaşa görə əmək pensiyasının hesablanaraq ödənilməsi və ona pensiya təyin edildikdən sonra işləməkdə davam edib işləməyən əmək pensiyaçısı kateqoriyasına keçdiyi xx.xx.2017-ci il tarixədək olan dövr üzrə toplanan sığorta kapitalı əsasında pensiyasının yenidən hesablanarkən qulluq stajına görə əmək pensiyasına əlavələrin məbləğinin həmin artımlar qədər azaldılmamaqla pensiyasının sığorta hissəsinin yenidən hesablanması öhdəliyi cavabdehin üzərinə qoyulmuşdur (hakim V.Əzizova). Qərardan narazı qalan cavabdeh apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi və iddianın təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a) Apellyasiya şikayətinin dəlilləri Cavabdeh apellyasiya şikayətini iddia ərizəsinə etirazla eyni məzmunda əsaslandırmış və əlavə olaraq qeyd etmişdir ki, iddiaçının fərdi hesabında qeyd olunan pensiya kapitalı əsasında onun əmək pensiyasının sığorta hissəsi yenidən hesablanmışdır. Yəni iddiaçının fərdi hesabının sığorta hissəsində Mərkəzi Filiala müraciət etdiyi xx.xx.2022-ci il tarixədək toplanmış pensiya kapitalı artıq onun pensiyasının yenidən hesablanması məqsədilə istifadə olunmuşdur. Növbəti yenidən hesablanma qeyd olunan tarixdən sonra iddiaçının işləməyə etdiyi halda 6 ildən sonra və ya işdən çıxması ilə əlaqədar işləməyən əmək pensiyaçısı kateqoriyasına keçdiyi halda mümkün olacaqdır. Qeyd edilənləri nəzərə alaraq iddiaçının əmək pensiyasının müraciətində göstərdiyi əsaslarla yenidən hesablanması qanunvericiliyin tələbləri baxımından mümkün deyil. Əlavə olaraq bildirir ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Kollegiyasının “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları" nın təsdiq edilməsi barədə 11 dekabr 2017-ci il tarixli Qərarının 5-ci bölməsinin 47-ci misalına əsasən sığortaolunan müraciət etdikdə onun fərdi hesabının sığorta hissəsində toplanan kapitalına əsasən əmək pensiyası yenidən hesablanır və növbəti ayın 1-dən ödənilir. Eyni zamanda, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 2 fevral 2022-ci il tarixli Qərarı ilə əmək pensiyası təyin olunduqdan sonra əmək fəaliyyətini etdirən hərbi qulluqçuların əmək pensiyasının “Əmək pensiyaları haqqında” Qanunun 37.3.1-ci maddəsinə əsasən yenidən hesablanma məsələsinə aydınlıq gətirilmişdir. Həmin Qərara əsasən əmək pensiyası təyin olunduqdan sonra hərbi xidmətini davam etdirən əmək pensiyaçılarının pensiyasının yenidən hesablanması müraciət edildiyi gündən həmin Qanunun 9.6-cı maddəsinin tələblərinə uyğun olaraq yalnız fərdi hesablarında qeydə alınmış sığorta pensiya kapitalına görə həyata keçirilir. Hərbi qulluqçuların əmək pensiyasına qulluq stajına görə onlar hərbi xidmətdən ilk dəfə tərxis olunarkən son təminat xərcliyinə əsasən müəyyən olunur. Qanunun 37.3.1-ci maddəsi yaşa görə pensiya hüququ olan bütün şəxslərin, habelə güzəştli şərtlərlə pensiyaya çıxmış, lakin digər sahədə əmək fəaliyyətini davam etdirən hərbi qulluqçuların pensiyasının yenidən hesablanması qaydasını müəyyən edir. Göründüyü kimi, Konstitusiya Məhkəməsinin Plenum Qərarında əmək pensiyasının sığorta kapitalı əsasında yenidən hesablanmasının müraciət edildiyi gündən həyata keçirildiyi, Əmək və Əhalinin Sosial Müdaifəsi Nazirliyinin Kollegiya qərarında isə yenidən hesablanmış əmək pensiyasının növbəti ayın 1-dən ödənildiyi qeyd olunmuşdur. Bu səbəbdən də, iddiaçının əmək pensiyasının məhkəmə qərarında qeyd edildiyi “Əmək pensiyaları haqqında” Qanunun 2017-ci ilin 1 iyul tarixinədək olan redaksiyasına əsasən yenidən hesablanması qanunvericiliyin tələbləri baxımından mümkün deyil. b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri İddiaçı apellyasiya şikayətinə qarşı etiraz edərək qeyd etmişdir ki, Konstitusiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarında birbaşa qeyd edilmişdir ki, əmək pensiyası təyin olunduqdan sonra hərbi xidmətini davam etdirən əmək pensiyaçılarının pensiyasının yenidən hesablanması müraciət edildiyi gündən “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.6-cı maddəsinin tələblərinə uyğun olaraq yalnız fərdi hesablarında qeydə alınmış sığorta pensiya kapitalına görə həyata keçirilir. Hərbi qulluqçuların əmək pensiyasına qulluq stajına görə əlavə onlar hərbi xidmətdən ilk dəfə tərxis olunarkən son təminat xərcliyinə əsasən müəyyən olunur. “Əmək pensiyaları haqqında” Qanunun 37.3.1-ci maddəsi yaşa görə pensiya hüququ olan bütün şəxslərin, habelə güzəştli şərtlərlə pensiyaya çıxmış, lakin digər sahədə əmək fəaliyyətini davam etdirən hərbi qulluqçuların pensiyasının yenidən hesablanması qaydasını müəyyən edir. Göründüyü kimi Konstitusiya Məhkəməsi "müraciət edildiyi gündən" ifadəsini yalnız 9.6-cı maddəyə şamil edir. Qərarda 37.3.1-ci maddəyə münasibətdə "müraciət edildiyi gündən" ifadəsi yoxdur. Hesab edir ki, əmək pensiyasının yenidən hesablanmasının hüququnun yarandığı gündən aparılmasını tələb etməkdə haqlıdır. İşləyən əmək pensiyaçısı kimi pensiyanın yenidən hesablanmasını tələb etmək hüququ xx.xx.2019-cu il tarixədək qüvvədə olan qanunvericiliyə görə yaranmışdır. Həmin tarixədək qüvvədə olan qanunvericiliyə görə “Əmək pensiyaları haqqında” Qanunun 29.2-ci maddəsi ona şamil edilməmişdir. xx.xx.2022-ci il tarixədək qüvvədə olan qanunvericiliyə görə pensiyanın yenidən hesablanmasını tələb etmək hüququndan istənilən vaxt istifadə edə bilər. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətini müdafiə edərək şikayətlə eyni məzmunda izahat verərək şikayətin təmin edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı şikayətin dəlillərini qəbul etməyərək iddia ərizəsi və apellyasiya şikayətinə etirazla eyni məzmunda izahat verərək şikayətin təmin edilməməsini xahiş etmişdir. İddiaçı, həmçinin, məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, cavabdeh tərəfindən əmək pensiyasının yenidən hesablanması barədə 2022-ci ilin aprel ayında qəbul edilmiş qərarın ləğv edilməsi və ona pensiya təyin edildikdən sonra toplanan sığorta kapitalı əsasında pensiyanın sığorta hissəsinin qulluq illərinə görə pensiyanın əlavəsi azaldılmadan yenidən hesablanması öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmiş, pensiya təyin olunan gün fərdi şəxsi hesabında qeydə alınmış sığorta kapitalı əsasında əmək pensiyasının hesablanıb ödənilməsi ilə bağlı tələbindən imtina etdiyini bildirmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ Azərbaycan Respublikasının Konstitusiyası Maddə 38. Sosial təminat hüququ İ. Hər kəsin sosial təminat hüququ vardır. ... İİİ. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunu (iddiaçının müraciəti zamanı qüvvədə olan redaksiyası): Maddə 1. Əsas anlayışlar 1.0.1. əmək pensiyası - bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların (bundan sonra – sığortaolunan) onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əmək haqqı və digər gəlirlərin, yaxud sığortaolunanların ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir (-) 1.0.3. hərbi qulluqçular — Azərbaycan Respublikası Silahlı Qüvvələrində və hərbi xidmət nəzərdə tutulmuş digər dövlət orqanlarında (dövlət orqanlarının strukturuna daxil olan qurumlarda) xidmət edən hərbi rütbəli şəxslərdir; 1.0.4. xüsusi rütbəli şəxslər — Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanlarında xidmət edən xüsusi rütbəli şəxslərdir; (-) 1.0.10. pensiya kapitalı – müvafiq olaraq fərdi hesabının sığorta hissəsində qeydə alınan və fərdi hesabın yığım hissəsində toplanan vəsaitlərin məbləğidir. Maddə 9. Güzəştli şərtlərlə əmək pensiyası hüququ olan digər şəxslər 9.6. Hərbi qulluqçulara əmək pensiyası hərbi xidmət dövründə deyil, hərbi xidmətdən buraxıldıqdan sonra təyin olunur. Əmək pensiyası təyin olunduqdan sonra hərbi xidmətini davam etdirən əmək pensiyaçılarının pensiyası sonuncu təminat xərcliyinə görə yenidən hesablanmır. Bu kateqoriyadan olan şəxslərin əmək pensiyası yalnız fərdi hesablarında qeydə alınmış sığorta pensiya kapitalına görə yenidən hesablana bilər. Maddə 29. Əmək pensiyalarının indeksləşdirilməsi (-) 29.2. Bu Qanunun 20-ci maddəsində nəzərdə tutulmuş şəxslərin əmək pensiyasının sığorta hissəsi bu Qanunun 29.1-ci maddəsinə uyğun olaraq artırıldıqda və ya yenidən hesablandıqda, qulluq stajına görə əmək pensiyasına əlavələrin məbləği həmin artımlar qədər azaldılmaqla yenidən hesablanır. Həmin şəxslərin tutmuş olduqları vəzifələr üzrə aylıq əməkhaqqı (əməkhaqqı, dövlət məvacibi, təminat xərcliyi) sonradan artırıldıqda, bu artımlar nəzərə alınmaqla, qulluq stajına görə əmək pensiyasına əlavələr yenidən hesablanır. Maddə 37. Əmək pensiyasının və əmək pensiyasına əlavənin ödənilməsi (çatdırılması) qaydaları 37.3.1. yaşa görə əmək pensiyasının baza və pensiya təyin olunan günədək qazanılmış sığorta hissəsi tam məbləğdə ödənilir. Pensiya təyin olunduqdan sonrakı dövr üzrə qazanılan sığorta və yığım hissələri üzrə pensiya kapitalının toplanması davam etdirilir və şəxslər işləməyən əmək pensiyaçısı kateqoriyasına keçdikdə, yaxud pensiya təyin olunduğu gündən sonra 6 il və daha çox işlədikdə həmin dövr üzrə sığorta və yığım hissələrinin hesablanmasında gözlənilən pensiya ödənişi müddəti aylarının sayı pensiyaçının pensiya yaşından sonra işlədiyi ayların miqdarı qədər, lakin 72 aydan artıq olmamaqla azaldılaraq əmək pensiyası yenidən hesablanır. Sonrakı belə hesablamalar bu maddədə göstərilən şərt nəzərə alınmaqla hər növbəti 6 ildən bir həyata keçirilir. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının 2017-ci il 11 dekabr tarixli 17 nömrəli qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları: 5.3-cü bənd. Qanunun 37.3.1-ci maddəsinə əsasən işləyən əmək pensiyaçılarına yaşa görə əmək pensiyasının pensiya təyin olunan günədək qazanılmış sığorta hissəsi tam məbləğdə ödənilir. Pensiya təyin olunduqdan sonrakı dövr üzrə qazanılan sığorta və yığım hissələri üzrə pensiya kapitalının toplanması davam etdirilir və şəxslər işləməyən əmək pensiyaçısı kateqoriyasına keçdikdə, yaxud pensiya təyin olunduğu gündən sonra 6 il və daha çox işlədikdə həmin dövr üzrə sığorta və yığım hissələrinin hesablanmasında gözlənilən pensiya ödənişi müddəti aylarının sayı pensiyaçının pensiya yaşından sonra işlədiyi ayların miqdarı qədər, lakin 72 aydan artıq olmamaqla azaldılaraq əmək pensiyası yenidən hesablanır. Sonrakı belə hesablamalar bu maddədə göstərilən şərt nəzərə alınmaqla hər növbəti 6 ildən bir həyata keçirilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.6-cı maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə, 25-ci maddəsinə, 29-cu maddəsinin İ və İV hissələrinə, 38-ci maddəsinin İ və İİİ hissələrinə, 149-cu maddəsinin İ və İİİ hissələrinə uyğunluğunun yoxlanılmasına dair” 2 fevral 2022-ci il tarixli qərarı: Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 12. İşin hallarının araşdırılması prinsipi 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. Maddə 82. Mübahisə ilə bağlı işə şikayət üzrə yenidən baxılmasının hədləri Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Maddə 87.8 Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 89. Apellyasiya instansiyası məhkəməsinin qərarının qanuni qüvvəyə minməsi Bu Məcəllənin 94.1-ci maddəsində nəzərdə tutulmuş müddətdə şikayətin verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda, məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadı isə 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Şikayətin geri götürülməsi haqqında bəyanat yazılı şəkildə məhkəməyə təqdim olunmalıdır. Maddə 90.1. Apellyasiya instansiyası məhkəməsinin qərar və ya qərardadlarından, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla Ali Məhkəmənin İnzibati kollegiyasına (bundan sonra – Ali Məhkəməyə) şikayət verilə bilər. APELLYASİYANİN MÜMKÜNLÜYÜ, APELLYASİYA BAXİŞİNİN HƏDLƏRİ Apellyasiya şikayəti vaxtında, yəni məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində (İPM-in 85.1-ci maddəsi) verilmişdir. Şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir (İPM-in 85.2 və 85.3-cü maddələri). Şikayət qanunla müəyyən edilmiş formal tələblərə və prosessual müddətə əməl olunmaqla verildiyindən onun mümkün sayılmaması üçün əsaslar yoxdur. Ona görə də şikayət qəbul oluna bilən hesab edilir. Birinci instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ Məhkəmə kollegiyası işdə iştirak edən şəxslərin izahatını dinləyərək, iş materiallarını araşdırıb, apellyasiya şikayətinin dəlillərinə qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, iddianın dəqiqləşdirilməsi barədə ərizə məhkəmənin icraatına qəbul edilməklə birinci instansiya məhkəməsinin qərarı -------------------------dəyişdirilməlidir. İddiaçının birinci instansiya məhkəməsində icraat zamanı son dəqiqləşmiş tələbi ona 2014-cü ildə əmək pensiyası təyin olunan gün fərdi şəxsi hesabında qeydə alınmış sığorta kapitalı əsasında pensiyanın hesablanıb ödənilməsi və pensiya təyin edildikdən sonra işləməyən pensiyaçı kateqoriyasına keçdiyi xx.xx.2017-ci il tarixədək olan dövr üzrə toplanan sığorta kapitalı əsasında pensiyanın yenidən hesablanmasının qulluq stajına görə əlavələr azaldılmamaqla aparılması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə olmuşdur. Bundan sonra iddiaçı apellyasiya instansiyasında icraat zamanı tələbini yenidən dəqiqləşdirərək cavabdeh tərəfindən əmək pensiyasının yenidən hesablanması barədə 2022-ci ilin aprel ayında qəbul edilmiş qərarın ləğv edilməsi və ona pensiya təyin edildikdən sonra toplanan sığorta kapitalı əsasında pensiyanın sığorta hissəsinin qulluq illərinə görə pensiyanın əlavəsi azaldılmadan hesablanması öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmiş, digər, pensiya təyin olunan gün fərdi şəxsi hesabında qeydə alınmış sığorta kapitalı əsasında əmək pensiyasının hesablanıb ödənilməsi ilə bağlı tələbindən imtina etdiyini bildirmişdir. AR İPM-in 13-cü maddəsinə əsasən, məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. “Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 13-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 17 sentyabr 2014-cü il tarixli qərarına əsasən, Konstitusiya Məhkəməsinin Plenumu inzibati icraatın spesifik xüsusiyyətlərinə əsaslanaraq, İPM-in 13-cü maddəsində nəzərdə tutulan məhkəmənin qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılması, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsi, natamam faktiki məlumatların tamamlanması, işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunması ilə bağlı proses iştirakçılarına yardım etməsini müəyyən edən müddəaların inzibati apellyasiya icraatında tətbiqini istisna etmir. Lakin həmin maddənin “yanlış iddia növlərinin münasibləri ilə əvəz olunması” müddəasının inzibati apellyasiya icraatında tətbiq edilməsi isə yol verilməzdir. Məhkəmə kollegiyası ərizədə edilən dəyişikliyin – dəqiqləşmənin iddianın növünə təsir etmədiyini nəzərə alaraq, ərizəni məhkəmənin icraatına qəbul edilməsini məqsədəuyğun hesab etmişdir. İddiaçı pensiya təyin olunan gün fərdi şəxsi hesabında qeydə alınmış sığorta kapitalı əsasında əmək pensiyasının hesablanıb ödənilməsi ilə bağlı tələbindən imtina etdiyindən Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 22 iyun 2023-cü il tarixli, 2- 1(105)-68/2023 nömrəli qərardadı ilə Sumqayıt İnzibati Məhkəməsinin 29 avqust 2022-ci il tarixli, 2-1(118)-1997/2022 nömrəli qərarı qismən - iddiaçıya əmək pensiyası təyin olunan gün fərdi şəxsi hesabında qeydə alınmış sığorta kapitalı əsasında pensiyanın hesablanıb ödənilməsinə dair iddianın təmin edilməsi hissəsində ləğv edilməklə həmin hissədə iş üzrə icraata xitam verilmişdir. Odur ki, hazırkı mübahisə predmeti cavabdeh tərəfindən iddiaçının əmək pensiyasının yenidən hesablanması barədə 2022-ci ilin aprel ayında qəbul edilmiş qərarın ləğv edilməsi və iddiaçıya pensiya təyin edildikdən sonra toplanan sığorta kapitalı əsasında pensiyanın sığorta hissəsinin qulluq illərinə görə pensiyanın əlavəsi azaldılmadan yenidən hesablanması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədədir. Birinci instansiya məhkəməsi bu hissədə iddia tələbini o əsasla təmin etmişdir ki, ‘'Əmək pensiyaları haqqında" Qanunun 29.2-ci maddəsinin xx.xx.2019-cu il tarixədək qüvvədə olmuş redaksiyasına əsasən 2017-ci il iyulun 1-dən əmək pensiyasına çıxmış bu Qanunun 20-ci maddəsində nəzərdə tutulmuş şəxslərin əmək pensiyasının sığorta hissəsi bu Qanunun 29.1-ci maddəsinə uyğun olaraq artırıldıqda və ya yenidən hesablandıqda, qulluq stajına görə əmək pensiyasına əlavələrin məbləği həmin artımlar qədər azaldılmaqla yenidən hesablanır. Məhkəmə hesab etmişdir ki, iddiaçının pensiya hüququ 2017-ci il iyulun 1-dək yarandığından əmək pensiyasına əlavələrin məbləğinin həmin artımlar qədər azaldılması qanuni deyildir. Kollegiya hesab edir ki, məhkəmə bu hissədə iddia tələbinin təmin edilməsi ilə bağlı gəldiyi nəticə düzgün olsa da, maddi hüquq normasının tətbiqində səhvə yol vermişdir. Yaranmış mübahisə ilə bağlı kollegiya qeyd edir ki, işin müəyyən edilmiş və tərəflər arasında mübahisələndirilməyən hallarından görünür ki, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi tərəfindən xr80/14-252 nömrəli “Əmək pensiyası təminatı üçün hərbi qulluqçu (xüsusi rütbəli şəxs) haqqında Məlumat vərəqi” tərtib edilmiş, məlumat vərəqinə əsasən, iddiaçı daxili xidmət kapitanı olaraq xx.xx.2014-cü il tarixdə “Fövqəladə Hallar orqanlarında xidmətkeçmə haqqında” AR Qanununun 33.1.1-ci maddəsinə uyğun olaraq öz arzusu ilə ehtiyata buraxılmış və onun təqvim illəri 23 il 03 ay 17 gün, güzəştli xidmət illəri 04 il 09 ay 18 gün, cəmi iş stajı və xidmət illəri 28 il 01 ay 05 gün olmaqla, pul təminatı (təminat xərcliyi) 739,07 manat müəyyən edilmişdir. Həmin məlumat vərəqi əsasında iddiaçıya "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikasının Qanununun 20.14.1-ci maddəsinə əsasən xx.xx.2014-cü il tarixdən yaşa görə əmək pensiyası təyin edilmişdir. Hərbi xidmətdən buraxılanadək 20 təqvim ili və daha çox hərbi xidmət etmiş hərbi qulluqçular "Əmək pensiyaları haqqında" Qanunun 9.5 və 9.5.1-ci maddəsinin tələbləri baxımından güzəştli şərtlərlə əmək pensiyası hüququ olan digər şəxslər kateqoriyasına aid edilmişdir. İddiaçı da hərbi qulluqçu kimi 28 il 01 ay 05 gün xidmət illərinə malik olmaqla, qeyd edilən kateqoriyadan olan şəxsdir. Həmçinin, iddiaçıya məxsus ИТ-İ ******* nömrəli əmək kitabçasının qeydlərinə əsasən o, güzəştli şərtlərlə hərbi qulluqçu kimi əmək pensiyası təyin edildikdən sonra 6 ildən çox müxtəlif müəssisələrdə, müxtəlif vəzifələrdə işləməklə digər sahədə əmək fəaliyyətini davam etdirmişdir. İşdən görünür ki, iddiaçının pensiya təyin edildiyi tarixdən işlədiyi dövr ərzində fərdi şəxsi hesabında 15086,77 manat pensiya kapitalı toplanmışdır. Cavabdeh orqanın “Əmək pensiyasının yenidən hesablanması haqqında” xx.xx.2020-ci il tarixli qərarına əsasən iddiaçının yaşa görə əmək pensiyası yenidən hesablanaraq 761,16 manata çatdırılmış, bundan sonra xx.xx.2021-ci il tarixli, **********7 nömrəli qərarla əmək pensiyası təkrarən yenidən hesablanaraq 817,51 manata çatdırılmışdır. Yəni, iddiaçının əmək pensiyası sonuncu dəfə “Əmək pensiyasının yenidən hesablanması haqqında” xx.xx.2021-ci il tarixli, **********7 nömrəli qərarla yenidən hesablanaraq 817,51 manat təşkil etmişdir. Cavabdeh imtina məktubu, etiraz və apellyasiya şikayətinin dəlillərində iddiaçıya əmək pensiyası təyin edildikdən sonra müxtəlif dövrlərdə işlədiyi müddətdə fərdi hesabının sığorta hissəsində qeydə alınmış 15086,77 manat pensiya sığorta kapitalının “Əmək pensiyaları haqqında” Qanunun 37.3.1-ci maddəsinin və 45-ci maddəsinin ikinci cümləsinin tələblərinə uyğun olaraq gözlənilən pensiya ödənişi müddətinin aylarının sayına bölünərək əmək pensiyasının sığorta hissəsinin üzərinə əlavə olunmaqla pensiyasının sığorta hissəsinin müəyyən edildiyini, eyni zamanda Qanunun 29.2-ci maddəsinin tələbləri nəzərə alınaraq qulluq stajına görə əlavənin məbləğinin həmin artım qədər azaldıldığını bildirmişdir. Göründüyü kimi iddiaçının əmək pensiyası cavabdeh tərəfindən “Əmək pensiyaları haqqında” Qanunun 29.2-ci maddəsi tətbiq edilməklə qulluq stajına görə əlavələrin məbləği azaldılmaqla aparılmışdır. Məhkəmə kollegiyası tərəfindən iddiaçının əmək pensiyası təyin edildiyi tarixdən işləməyən əmək pensiyaçısı kateqoriyasına keçdiyi tarixədək fərdi hesabının sığorta hissəsində toplanan pensiya kapitalının nə qədər təşkil etməsi, həmin pensiya kapitalının əmək pensiyası yenidən hesablanarkən nəzərə alınıb-alınmaması ilə bağlı mütəxəssis rəyinin alınması qərara alınmış və rəyin verilməsi Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində DSMF-nin Pensiya Təminatı Departamentinə həvalə edilmişdir. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəz Filialı tərəfindən verilmiş 14 aprel 2023-cü il tarixli, 3-17-1/3-81486/2023 nömrəli mütəxəssis rəyindən görünür ki, iddiaçıya əmək pensiyası təyin edildikdən sonra müxtəlif dövrlərdə işlədiyi müddətdə fərdi hesabının sığorta hissəsində 15086,77 manat pensiya sığorta kapitalı qeydə alınmışdır. Qeyd olunanları nəzərə alaraq, iddiaçının xx.xx.2022-ci il tarixində Mərkəzi Filiala daxil olmuş müraciətinə əsasən xx.xx.2022-ci il tarixdən topladığı 15086,77 manat pensiya sığorta kapitalının “Əmək pensiyaları haqqında” Qanunun 37.3.1-ci maddəsinin və 45-ci maddəsinin ikinci cümləsinin tələblərinə uyğun olaraq gözlənilən pensiya ödənişi müddətinin aylarının sayına 249 (15086,77:249 (65 il-50 il 3 ay=177 ay+(144 ay-72 ay)=60,59 manat) aya bölünərək əmək pensiyasının sığorta hissəsinin (289,02 manat) üzərinə əlavə olunmaqla pensiyasının sığorta hissəsi 349,61 (289,02+60,59) manat müəyyən edilmişdir. Eyni zamanda sözügedən Qanunun 29.2-ci maddəsinin tələbləri nəzərə alınaraq qulluq stajına görə əlavənin məbləği (528,49 manat) həmin artım qədər (60,59 manat) azaldılmışdır. Nəticədə, əmək pensiyasının sığorta hissəsi 349,61 manat, qulluq stajına görə əmək pensiyasına əlavənin məbləği isə 467,90 (528,49-60,59) manat təşkil etmişdir. Hazırda iddiaçı yenidən hesablanmış həmin məbləğlə razılaşmayaraq “Əmək pensiyasının yenidən hesablanması haqqında” xx.xx.2021-ci il tarixli, **********7 nömrəli qərarın ləğv edilməsi və ona pensiya təyin edildikdən sonra toplanan sığorta kapitalı əsasında pensiyanın sığorta hissəsinin qulluq stajına görə əmək pensiyasına əlavələrin məbləğinin azaldılmadan hesablanması öhdəliyinin cavabdehin üzərinə qoyulmasını tələb edir. Məhkəmə kollegiyası yaranmış mübahisə üzrə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 2 fevral 2022-ci il tarixli qərarı qərarına diqqət yetirməyi zəruri hesab edir. Həmin qərarda göstərilmişdir ki, əmək pensiyasının və əmək pensiyasına əlavənin ödənilməsi (çatdırılması) qaydalarına dair müddəalar “Əmək pensiyaları haqqında” Qanunun 37-ci maddəsində əks etdirilmişdir. Həmin Qanunun 37.3.1-ci maddəsinə əsasən, işləyən əmək pensiyaçılarına yaşa görə əmək pensiyasının pensiya təyin olunan günədək qazanılmış sığorta hissəsi tam məbləğdə ödənilir. Bu norma imperativ norma olmaqla, pensiyaçıların hansı sahədə – pensiya təyin edilməzdən əvvəl işlədiyi sahədə və ya hər hansı digər sahədə işləməsindən asılı olmayaraq pensiya təyin olunan günədək pensiyanın qazanılmış sığorta hissəsinin tam şəkildə ödənilməli olmasını təsbit edir. Həmin maddədə pensiya təyin olunduqdan sonra işləyən əmək pensiyaçılarının pensiyasının yenidən hesablanması qaydası da müəyyən edilərək göstərilmişdir ki, pensiya təyin olunduqdan sonrakı dövr üzrə qazanılan sığorta və yığım hissələri üzrə pensiya kapitalının toplanması davam etdirilir. İşləyən əmək pensiyaçısı işləməyən əmək pensiyaçısı kateqoriyasına keçdikdə, yaxud pensiyaçı işləməyə davam etdiyi təqdirdə hər 6 ildən bir həmin dövr üzrə sığorta və yığım hissələrinin hesablanmasında gözlənilən pensiya ödənişi müddəti aylarının sayı pensiyaçının pensiya yaşından sonra işlədiyi ayların miqdarı qədər, lakin 72 aydan artıq olmamaqla azaldılaraq əmək pensiyası yenidən hesablanır. “Əmək pensiyaları haqqında” Qanunun 37.3.1-ci maddəsinin qeyd edilən müddəalarından aydın olur ki, qanunverici pensiya təyin olunduqdan sonra işləyən əmək pensiyaçılarına münasibətdə pensiyanın yenidən hesablanmasını sığorta və yığım hissələri üzrə pensiya kapitalının toplanması ilə əlaqələndirmiş, pensiya ödənişi müddəti aylarının sayının isə pensiyaçının pensiya yaşından sonra işlədiyi ayların miqdarı qədər azaldılmaqla hesablandığını göstərmişdir. Beləliklə, qanunverici göstərilən maddədə pensiyaya çıxmasına baxmayaraq, hər hansı sahədə əmək fəaliyyətini davam etdirən şəxslərin ödədikləri məcburi dövlət sosial sığorta haqları hesabına pensiya kapitalının sığorta, habelə yığım hissələri üzrə toplanmanın davam etdiyini, həmin şəxsin sonradan işləməyən əmək pensiyaçısı kateqoriyasına keçdikdə və ya işləməyə davam etdiyi təqdirdə hər 6 ildən bir əmək pensiyalarının bu maddədə nəzərdə tutulmuş qaydada yenidən hesablanmalı olduğunu imperativ qaydada müəyyən etmişdir. Hərbi və xüsusi rütbəli şəxslərə ödənilən əmək pensiyası iki hissədən – sığorta hissəsindən və qulluq stajına görə əlavədən ibarətdir. Hərbi qulluqçuların əmək pensiyasına qulluq stajına görə əlavə onların son təminat xərcliyi əsasında təyin edilir və təminat xərcliyindəki sonrakı artımlar əmək pensiyasının müvafiq qaydada artmasına səbəb olur (“Əmək pensiyaları haqqında” Qanunun 29.2-ci maddəsi). Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə əsasən, işləyən pensiyaçıların qulluq stajına görə əmək pensiyasına əlavələri almaq hüququ qanunla nəzərdə tutulmuş əlavə sosial təminatdır, onların alınması hüququ isə şəxs tərəfindən ödənilmiş sosial sığorta haqlarından deyil, onun müvafiq statusundan (dövlətlə xidməti və ya əmək münasibətlərinin mövcudluğundan) asılıdır (Konstitusiya Məhkəməsi Plenumunun “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 37.3.4cü maddəsinin Azərbaycan Respublikasının Konstitusiyasına uyğunluğunun yoxlanılmasına dair” 2014-cü il 14 noyabr tarixli Qərarı). Əmək pensiyaları qanunvericiliyində pensiya təyin edildikdən sonra hərbi xidmətini davam etdirən hərbi qulluqçularla pensiya təyin edildikdən sonra digər sahədə fəaliyyətini davam etdirən əmək pensiyaçılarının (keçmiş hərbi qulluqçuların) pensiya təminatında hər hansı qeyri-bərabərliyə yol verilmədən, hər iki kateqoriyadan olan şəxslərin pensiyasının yenidən hesablanması qaydası “Əmək pensiyaları haqqında” Qanunun 9.6 və 37.3.1-ci maddələri ilə tənzimlənmişdir. “Əmək pensiyaları haqqında” Qanunun 37.3.1-ci maddəsi yaşa görə pensiya hüququ olan bütün şəxslərin, habelə güzəştli şərtlərlə pensiyaya çıxmış, lakin digər sahədə əmək fəaliyyətini davam etdirən hərbi qulluqçuların pensiyasının yenidən hesablanması qaydasını müəyyən edir. Konstitusiya Məhkəməsi Plenumunun hüquqi mövqeyindən aydın olur ki, “Əmək pensiyaları haqqında” Qanunun 37.3.1-ci maddəsi yaşa görə pensiya hüququ olan bütün şəxslərin, iddiaçının şəxsində güzəştli şərtlərlə pensiyaya çıxmış, lakin digər sahədə əmək fəaliyyətini davam etdirən hərbi qulluqçuların pensiyasının yenidən hesablanması qaydasını müəyyən edir. Həmin maddənin məzmunundan da göründüyü kimi normanın tətbiqi üçün iki şərt nəzərdə tutulmuşdur: 1) Şəxsin işləyən əmək pensiyaçısı olması; 2) Əmək pensiyası təyin olunduqdan sonrakı dövr üzrə qazanılan sığorta və yığım hissələri üzrə pensiya kapitalının toplanması. Bundan əlavə, sözügedən normanın tətbiqi nəticəsində pensiyanın yenidən hesablanması üçün də iki hal müəyyən olunmuşdur. Belə ki, 1) şəxslərin işləməyən əmək pensiyaçısı kateqoriyasına keçməsi və ya 2) pensiya təyin olunduğu gündən sonra 6 il və daha çox işləməsi. Hazırki iş üzrə iddiaçı pensiya təyin olunduqdan sonra işləyən əmək pensiyaçısı olduğundan, o cümlədən iş materialları ilə pensiya təyin olunduqdan sonrakı dövr üzrə qazanılan sığorta və yığım hissələri üzrə onun pensiya kapitalının toplanması, eləcə də pensiya təyin olunduğu gündən sonra 6 ildən çox işlədiyi müəyyən olunduğundan, kollegiya hesab edir ki, həmin norma iddiaçıya da şamil edilməlidir. Məhkəmə kollegiyası cavabdehin “Əmək pensiyaları haqqında” Qanunun 29.2-ci maddəsinə əsasən əmək pensiyası təyin olunduqdan sonra əmək fəaliyyətini davam etdirən pensiyaçıların pensiyasının yenidən hesablanarkən pensiyanın sığorta hissəsindəki artım qədər qulluq stajına görə əmək pensiyasına əlavənin məbləğinin azaldılması barədə dəlilini əsassız hesab edərək qeyd edir ki, cavabdehin istinad etdiyi həmin norma yaşa görə əmək pensiyasının pensiya təyin olunduğu gündən sonra 6 ildən çox işlədiyi dövr üzrə toplanan kapital əsasında yenidən hesablanmasını deyil, yalnız pensiyanın sığorta hissəsi indeksləşdirildikdə və ya yenidən hesablandıqda qulluq stajına görə əlavələrin yenidən hesablanması barədə olmaqla, əmək pensiyaçılarının pensiya təyinatından sonra işləməyə davam etdikləri halda, onların əlavə hüquqlarının müəyyən edilməsi ilə bağlıdır. Beləliklə, işin sadalanan xüsusatlarını nəzərə alaraq kollegiya hesab edir ki, birinci instansiya məhkəməsinin hüquqi mövqeyi əsaslı olmasa da, iddianın təmin edilməsi ilə bağlı düzgün nəticəyə gəldiyindən apellyasiya şikayətinin dəlilləri əsassızdır və təmin edilməməlidir. Eyni zamanda kollegiya qeyd edir ki, iddiaçı tələbin dəqiqləşdirilməsi barədə ərizə təqdim etdiyindən, həmin ərizə nəzərə alınmaqla birinci instansiya məhkəməsinin qərarı iddiaçıya pensiya təyin edildikdən sonra işləməyən əmək pensiyaçısı kateqoriyasına keçdiyi tarixədək olan dövr üzrə toplanan sığorta kapitalı əsasında pensiyanın qulluq stajına görə əlavələrin məbləğinin azaldılmadan hesablanmasına dair iddianın təmin edilməsi hissəsində dəyişdirilməli, cavabdehin “Əmək pensiyasının yenidən hesablanması haqqında” xx.xx.2021-ci il tarixli, **********7 nömrəli qərarının ləğv edilməsi və iddiaçıya pensiya təyin edildikdən sonra fərdi hesabının sığorta hissəsində toplanan sığorta kapitalı əsasında pensiyanın sığorta hissəsinin qulluq stajına görə əmək pensiyasına əlavələrin məbləğinin azaldılmadan yenidən hesablanması öhdəliyi cavabdehin üzərinə qoyulmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. NƏTİCƏVİ HİSSƏ Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Apelyasiya şikayəti təmin edilməsin. Sumqayıt İnzibati Məhkəməsinin 29 avqust 2022-ci il tarixli, 2-1(118)-1997/2022 nömrəli qərarı - iddiaçıya pensiya təyin edildikdən sonra işləməyən əmək pensiyaçısı kateqoriyasına keçdiyi tarixədək olan dövr üzrə toplanan sığorta kapitalı əsasında pensiyanın qulluq stajına görə əlavələrin məbləğinin azaldılmadan hesablanmasına dair iddianın təmin edilməsi hissəsində dəyişdirilsin. Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəz Filialının “Əmək pensiyasının yenidən hesablanması haqqında” xx.xx.2021-ci il tarixli, **********7 nömrəli qərarının ləğv edilməsi və İddiaçı pensiya təyin edildikdən sonra fərdi hesabının sığorta hissəsində toplanan sığorta kapitalı əsasında pensiyanın sığorta hissəsinin qulluq stajına görə əmək pensiyasına əlavələrin məbləğinin azaldılmadan yenidən hesablanması öhdəliyi cavabdehin üzərinə qoyulsun. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti 70) vasitəsilə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar