Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(105)-68/2024 07.06.2024 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Babayeva Hökümə Çingiz qızı (sədrlik edən və məruzəçi), Quliyev İsmayıl Rza oğlu və X2 ibarət tərkibdə, X14 qızının katibliyi, İddiaçının nümayəndəsi X6, Cavabdehin nümayəndələri X4 və X5 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi X16nə qarşı “Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlilliyin təyin edilməsi” tələbinə dair Sumqayıt İnzibati Məhkəməsinin 26 may 2023-cü il tarixli, 2-1(118)- 335/2023 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyasının 25 dekabr 2015-ci il tarixli, 1264 nömrəli qərarına əsasən İddiaçı döyüş zonasında hərbi xidmət keçərkən 1993-cü il tarixdə aldığı və Qazax rayon mərkəzi xəstəxanasında müayinə və müalicə olunduğu yaralanma və travma - diaqnoz: “Başın təpə nahiyyəsinin çapılmış yarası. Qapalı kəllə beyin travması, beyin sarsılması” diaqnozlu travmanın səbəb əlaqəsi “Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır” kimi müəyyənləşdirilmişdir. TSEK-nin elektron informasiya sistemindən çıxarışlara əsasən, İddiaçı ilk dəfə xx.xx.2016-cı il tarixdə TSEK-də müayinədən keçmiş və ona beş il müddətinə xx.xx.2021ci il tarixədək “Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar” ikinci dərəcəli əlillik təyin edilmişdir. Əlillik müddəti bitdikdən sonra İddiaçı barəsində Abşeron Rayon Mərkəzi Xəstəxanası tərəfindən xx.xx.2021-ci il tarixli, 0215003AAC69 nömrəli göndəriş tərtib edilmişdir. Həmin göndərişə əsasən, İddiaçı son 1 il ərzində - xx.xx.2020-ci il və xx.xx.2021-ci il tarixlərində XBT 10 T90.5 kodlu xəstəliyi ilə ambulator müayinədə, xx.xx.1993-cü il tarixdən xx.xx.1993-cü il tarixədək Qazan Rayon Mərkəzi Xəstəxanasında, xx.xx.2016-cı il tarixdən xx.xx.2016-cı il tarixədək Bakı 3 nömrəli Şəhər Klinik Xəstəxanasında, xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək Abşeron Saray qəsəbə Xəstəxanasında stasionar müalicədə olmuşdur. TSEK-ə göndəriş zamanı iddiaçının əsas diaqnozu – XBT 10 Əsas diaqnoz: T90.5 “Kəllədaxili travmaların nəticələri, keçirilmiş qapalı kəllə beyin travmasının davamlı qalıq əlamətləri, postravmatik ensefalopatiya”; Ağırlaşma: G40.1 “Sadə parsial tutmalarla müşahidə olunan lokalizə olunmuş, genarazilə olunmuş qıcolma tutmaları”; Yanaşı xəstəliklər: F48.0 “Nevrasteniya”; F45.3 “Vegetativ sinir sisteminin somatoform disfunksiyası, kardionevroz”; H52.4 “Presbiopiya”; İ10 “Essensial (birincili) hipertenziya, arterial hipertenziya”; K26 “Onikibarmaq bağırsağın xorası, xroniki pankreativ”; F07.0 “Üzvi mənşəli şəxsiyyət pozğunluğu, kəllə beyin travması nəticəsində əmələ gələn yaddaş pozulması” qeyd edilmişdir. Həmin göndəriş cavabdeh tərəfindən xx.xx.2021-ci il tarixdə qiymətləndirilmiş, “Diaqnozun əlillik əlaməti təyin etməməsi – Səbəb: Diaqnoz əlillik əlaməti təyin etmir barədə qərar qəbul edilmişdir” səbəbi ilə İddiaçı əlilliyin təyin edilməsindən imtina edilmişdir. Sözügedən imtina qərarından İddiaçı tərəfindən verilmiş şikayətlə əlaqədar 24 dekabr 2021-ci il tarixdə onun əlavə əyani müayinəsi həyata keçirilmiş və bu barədə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və X3 Sosial Ekspert Komissiyası tərəfindən 12 yanvar 2022-ci il tarixli, **********9 nömrəli qərar qəbul edilmişdir. Qərarın 7-ci bəndində qeyd edilmişdir ki, İddiaçı əlillik vəziyyətinin qiymətləndirilməsi üçün tibb müəssisəsinin yeni göndərişi rəsmiləşdirilmiş, qərar verilməsi üçün Agentliyə göndərilmişdir (unikal kod). Vətəndaşın müraciəti əsasında əlavə əyani müayinənin araşdırılması aparılaraq müəyyən olunmuşdur ki, xəstənin hazırkı obyektiv vəziyyətinin müayinəsi zamanı şikayətləri epitutmalar üçün səciyyəvi müəyyən edilməmişdir. Klinik məlumatlarda nevroloji ocaqlı patologiya izlənilməmiş, təqdim olunan xx.xx.2021-ci il tarixli EEQ nəticəsi “Beyin qabığında ləngimə müşahidə olunur” kimi müəyyənləşdirilmiş, digər instrumental müayinələr aparılmamışdır. Nəticədə, AR Nazirlər Kabinetinin 30 dekabr 2015-ci il tarixli, 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanları məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə” yə müvafiq olaraq “Diaqnoz əlillik əlaməti təyin etmir” barədə qərar qəbul edilmişdir. Bundan sonra İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi X16nə qarşı iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək, xx.xx.2021ci il tarixli, 0215003AAC69 nömrəli göndərişə əsasən ona “Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar” ikinci dərəcə müddətsiz əlillik təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını məhkəmədən xahiş etmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) Birinci instansiya məhkəməsində icraat İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı xx.xx.1992-ci il tarixdən xx.xx.1993-cü il tarixədək Azərbaycan Respublikası Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinin tərkibində hərbi xidmət keçmiş, xx.xx.1993-cü il tarixdə aldığı xəsarətlərlə bağlı xx.xx.2015-ci il tarixdə onun barəsində Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyasının “Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır” qərarı qəbul edilmişdir. 2016-cı ildə ona beş il müddətinə “Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar” ikinci dərəcə əlillik təyin edilmişdir. O, tibb müəssisələrində müayinə və müalicələrdə olmuş, səhhətində olan ağır nevroloji və psixoloji xəstəliklərlə bağlı ona təkrar əlillik təyin edilməsi üçün onun barəsində tibb müəssisəsi tərəfindən tərtib edilmiş xx.xx.2021-ci il tarixli göndəriş cavabdeh orqana təqdim edilmişdir. Lakin, cavabdeh tərəfindən xx.xx.2022-ci il tarixdə ona əlillik təyin edilməsindən imtina etmişdir. Hesab edir ki, cavabdehin imtinası əsassızdır. Belə ki, o ağır xəstədir, bu səbəbdən də cavabdeh tərəfindən ona “Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar” ikinci dərəcə müddətsiz əlillik təyin edilməlidir. Cavabdeh iddia tələbinə etiraz edərək qeyd etmişdir ki, iddiaçının əlillik vəziyyətinə Abşeron Rayon Poliklinikasının xx.xx.2016-cı il tarixli göndərişi əsasında baxılmış və “Səbəbi: Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlillik; X1: XİX Sinif – Travmalar, zəhərlənmələr və xarici səbəblərin təsirinin bəzi digər nəticələri => T90-T98 - Travmaların, zəhərlənmələrin və xarici səbəblərin digər təsirlərinin nəticələri => T90 - Başın ...; Diaqnozun mətni: Kəllədaxili travmaların nəticələri, orta ağırlıqda kəllə beyin travmasının qalıq əlamətləri. Posttravmatik ensefalopatiya. Dəqiqləşdirilməmiş posttravmatik hidrosefaliya. Xroniki posttravmatik baş ağrısı.; Meyar: 2.2 İkinci dərəcə əlillik => 2.2.9. qabarıq yaddaş zəifliyi, idrakın enməsi, emosional labillik, vestibülyar pozuntular, görmə pozuntuları və ya piramid çatışmazlıq əlamətləri, kəskin nəzərəçarpan veg...” səbəbi ilə beş il müddətinə əlillik dərəcəsi verilmişdir. Abşeron Rayon Mərkəzi Xəstəxanasının xx.xx.2021-ci il tarixli göndərişi əsasında baxılmış və “X1: XİX Sinif – Travmalar, zəhərlənmələr və xarici səbəblərin təsirinin bəzi digər nəticələri=> T90 - T98 - Travmaların, zəhərlənmələrin və xarici səbəblərin digər təsirlərinin nəticələri => T90 - Başın ...; Diaqnozun mətni: Kəllədaxili travmaların nəticələri, keçirilmiş qapalı kəllə beyin travmasının davamlı qalıq əlamətləri, postravmatik ensefalopatiya sadə parsial tutulmalarla müşahidə olunan lokalizə olunmuş, genaralizə olunmuş qıcolma tutmaları nevrasteniya,; Mərkəzə göndərilmənin/imtina edilmənin səbəbi: “Diqnoz əlillik əlaməti təyin etməməsi – səbəb: diqnoz əlillik əlaməti təyin etmir” barədə qərar qəbul edilmişdir” səbəbi ilə imtina verilmişdir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: Sumqayıt İnzibati Məhkəməsinin 26 may 2023-cü il tarixli, 2-1(118)-335/2023 nömrəli qərarı ilə iddia təmin edilmiş, iddiaçıya xx.xx.2021-ci il tarixdən ikinci dərəcə “Azərbaycan Respublikasının ərazi bötüvlüyünün müdafiəsi ilə əlaqədar” müddətsiz əlilliyin təyin edilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmuşdur (hakim Leyla Mirzəyeva). Məhkəmə qərarını onunla əsaslandırmışdır ki, “Məhkəmə Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyi” X16 tərəfindən verilmiş T99/2023 saylı ekspert rəyindən görünür ki, iddiaçıda hal-hazırda əvvəllər ona əlilliyin təyin edilməsinə əsas vermiş xəstəliklər davam edir və həmin xəstəliklər sağalmamışdır. Məhkəmə hesab edir ki, iddiaçıda onda əvvəllər əlilliyin təyin olunmasına əsas vermiş xəstəliklər davam etdiyi halda, inzibati orqan tərəfindən ona əvvllər əlilliyi təyin etdiyi əsaslarla hal-hazırda əlilliyin təyin edilməsindən imtinası əsassız olmuşdur və formal xarakter daşıyır. Qərardan narazı qalan cavabdeh apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi və iddianın təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a) Apellyasiya şikayətinin dəlilləri Cavabdeh apellyasiya şikayətini iddia ərizəsinə etirazla eyni məzmunda əsaslandırmış və əlavə olaraq qeyd etmişdir ki, Dövlət Tibbi-Sosial Ekspertiza və X3sosial ekspert komissiyası xx.xx.2021-ci il tarixdə iddiaçı da daxil olmaqla, 33 nəfər vətəndaşın əlilliyinin qiymətləndirilməsi barədə verilmiş qərarlardan şikayətlərinə əsasən əyani müayinəsini həyata keçirmiş və aşağıdakıları müəyyən etmişdir. İddiaçı əlillik vəziyyətinin qiymətləndirilməsi üçün tibb müəssisəsinin yeni göndərişi rəsmiləşdirilmiş, qərar verilməsi üçün Agentliyə göndərilmişdir (unikal kod). Vətəndaşın müraciəti əsasında əlavə əyani müayinənin araşdırılması aparılaraq müəyyən olunmuşdur ki, İddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyası tərəfindən xx.xx.2015-ci il tarixli, 1264 nömrəli qərar verilmişdir. Həmin qərarda “Başın təpə nahiyyəsinin çapılmış yarası. Qapalı kəllə beyin travması, beyin sarsılması” diaqnozlu travmanın səbəb əlaqəsi “Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır” kimi müəyyənləşdirilmişdir. Xəstənin hazırkı obyektiv vəziyyətinin müayinəsi zamanı şikayətləri epitutmalar üçün səciyyəvi müəyyən edilməmişdir. Klinik məlumatlarda nevroloji ocaqlı patologiya izlənilməmiş, təqdim olunan xx.xx.2021-ci il tarixli EEQ nəticəsi “Beyin qabığında ləngimə müşahidə olunur” kimi müəyyənləşdirilmişdir. Digər instrumental müayinələr aparılmamışdır. Nəticədə, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 30 dekabr 2015-ci il tarixli, 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanları məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə” yə müvafiq olaraq “Diaqnoz əlillik əlaməti təyin etmir” barədə qərar qəbul edilmişdir. b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri: İddiaçı apellyasiya şikayətini iddia ərizəsinə etirazla eyni məzmunda əsaslandırmış və əlavə olaraq qeyd etmişdir ki, ona əlilliyin təyin edilməsi məqsədilə yenidən qiymətləndirilməsinə ehtiyac yoxdur, çünki, o əvvəl qiymətləndirilmiş və əyani müayinədə olmuşdur. Birinci instansiya məhkəməsində icraat zamanı “Məhkəmə Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyi” X10 tərəfindən verilmiş ekspert rəyi ilə onun səhhətində olan xəstəliklər öz təsdiqini tapdığından iddia tələbi təmin edilmişdir. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndələri apellyasiya şikayətini müdafiə edərək şikayətin təmin edilməsini xahiş etmişdilər. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi apellyasiya şikayətinin dəlillərini qəbul etməyərək iddia ərizəsi və şikayətə etirazla eyni məzmunda izahat verərək şikayətin təmin edilməməsini xahiş etmişdir. Eyni zamanda, iddiaçının nümayəndəsi məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək xx.xx.2021-ci il tarixli, 0215003AAC69 nömrəli göndərişə əsasən iddiaçıya “Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar” ikinci dərəcə 5 il müddətinə əlillik təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını məhkəmədən xahiş etmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ: “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 3. Əlilliyin müəyyən edilməsi 3.1. Şəxsin orqanizminin funksiyalarının pozulması faizi, səbəbi və müddəti müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən onun əlilliyinin qiymətləndirilməsi keçirildikdən sonra qəbul edilmiş qərar əsasında müəyyən edilir. Şəxsin əlilliyinin qiymətləndirilməsi, o cümlədən əlilliyin təkrar qiymətləndirilməsi onun tibbi-sosial ekspertiza müayinəsinə göndərişi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) mərkəzləşdirilmiş elektron informasiya sisteminə daxil olduğu tarixdən 10 (on) iş günü müddətində, əlavə araşdırma tələb edildiyi halda isə 15 (on beş) iş günü müddətinə uzadılmaqla keçirilir. Əlilliyinin qiymətləndirilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) müəyyən edir. 3.2. Əlilliyin qiymətləndirilməsi məqsədi ilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. 3.3. Şəxs müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən bu barədə qərarın qəbul edildiyi tarixdən əlilliyi olan şəxs hesab edilir. (-) 3.4. Əlilliyin müəyyən olunması meyarlarını müvafiq icra hakimiyyəti orqanı təsdiq edir. Maddə 4. Əlilliyi olan şəxslərin hüquqi vəziyyətinin əsasları 4.1. Əlilliyi olan şəxslər Azərbaycan Respublikasının Konstitusiyasında və digər normativ hüquqi aktlarda, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə təsbit olunmuş bütün insan və vətəndaş hüquq və azadlıqlarına malikdirlər. 4.2. Əlilliyi olan şəxslərə qarşı ayrı-seçkilik qadağandır və qanunla təqib edilir. Əlilliyi olan şəxslərin faktiki bərabərliyinin sürətləndirilməsi və ya buna nail olunması üçün zəruri olan konkret tədbirlər ayrı-seçkilik hesab edilmir. 4.3. Əlilliyi olan şəxs özü və ya nümayəndə vasitəsi ilə hüquqlarını və qanunla qorunan maraqlarını müdafiə etmək məqsədi ilə inzibati aktdan, inzibati aktın qəbul edilməsindən imtinadan, inzibati orqanın hərəkət və ya hərəkətsizliyindən “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq şikayət edə bilər. Maddə 6. Əlilliyi olan şəxslərlə bağlı dövlət təminatları (-). 6.4. Əlilliyi olan şəxslərin hüquq və qanuni mənafelərini inzibati qaydada və məhkəmə qaydasında müdafiə etmək hüququ vardır. “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun qiymətləndirilməsi sisteminin təkmilləşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 14 sentyabr 2015-ci il tarixli, 595 nömrəli Fərmanı: (-)
6. Azərbaycan Respublikasının Nazirlər Kabineti: 6.1. birinci dərəcə əlilliyin və tibbi göstəriş olan xüsusi hallarda ikinci və üçüncü dərəcə əlilliyin müddətsiz təyin edilməsini, ikinci və üçüncü dərəcə əlilliyin təyinat müddətinin 5 ildən az olmayaraq artırılmasını və təkrar müayinə sayının azaldılmasını nəzərdə tutmaqla, əlilliyin müəyyən olunması meyarlarında iki ay müddətində dəyişikliklər etsin; (-)
“Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”nin təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 dekabr 2015-ci il tarixli, 413 nömrəli qərarı: Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun qiymətləndirilməsi sisteminin təkmilləşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 14 sentyabr tarixli 595 nömrəli Fərmanının 6.1-ci bəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:
1. “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə” təsdiq edilsin (əlavə olunur). (-)
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 30 dekabr tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair” Əsasnamə: 2.2. İkinci dərəcə əlillik - xəstəlik, travma və ya anadangəlmə qüsurlar nəticəsində orqanizmin həyat fəaliyyətinin (təhsilalma, ünsiyyət, uyğunlaşma, öz davranışına nəzarətetmə, hərəkətetmə, özünə xidmətetmə, əmək fəaliyyəti) elə kəskin məhdudlaşması və ya əmək fəaliyyətinin mümkün olmaması hallarında təyin edilir ki, həmin xəstənin kənar şəxsin yardım və ya qulluğuna ehtiyacı olmasın. İkinci dərəcə əlillik aşağıdakı hallarda təyin edilir: (-) 4.2. İkinci və üçüncü dərəcə əlillik 5 (beş) il müddətinə müəyyən edilir. İkinci dərəcə əlillik fasiləsiz olaraq 10 (on) il, üçüncü dərəcə əlillik fasiləsiz olaraq 15 (on beş) il təyin olunduğu halda, əlillik müddətsiz müəyyən edilir.
Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli, 187 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli, 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi qaydası” 1.1-ci bənd. Bu Qayda “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.1-ci maddəsinə əsasən hazırlanmışdır və əlilliyin qiymətləndirilməsi ilə bağlı məsələləri tənzimləyir. 1.2-ci bənd. Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbisosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (bundan sonra – Nazirlik) yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin (bundan sonra – Xidmət) tibbi-sosial ekspert komissiyaları (bundan sonra – TSEK) tərəfindən həyata keçirilir. 2.1-ci bənd. Şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra – Komissiya) tərəfindən “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbisosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra – göndəriş) əsasında aparılır.
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli, 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi” Qaydası: 1.3-cü bənd. Əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin siyahısı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin və Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin rəsmi internet saytında yerləşdirilir. 1.5-ci bənd. Göndəriş verilməsi üçün əsas şərtlər aşağıdakılardır: 1.5.1. şəxsin eyni xəstəliklə son 6 (altı) ay müddətində fasiləsiz və ya son 12 (on iki) ay müddətində fasilələrlə ümumilikdə 6 (altı) aydan çox ambulator və ya stasionar müalicədə olmasına baxmayaraq, orqanizmin pozulmuş funksiyalarının bərpa olunmaması və şəxsin cəmiyyətin həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntularının olması; (-) 2.1-ci bənd. Göndəriş verilməsi üçün şəxs (onun qanuni nümayəndəsi) və ya müalicə həkimi-həkim-məsləhət komissiyasına müraciət edir. 2.2-ci bənd. Komissiya göndəriş üçün müraciətdən 7 (yeddi) iş günündən gec olmayaraq şəxsin tibbi müayinələrini, o cümlədən, xəstəlik tarixlərindən çıxarışları toplayır və müalicənin nəticələrini araşdırır. Diaqnozun dəqiqləşdirilməsi məqsədilə şəxs ixtisaslaşdırılmış tibb müəssisəsinə göndərildikdə, bu müddət əlavə olaraq 10 (on) iş gününədək artırılır. 2.6-cı bənd. Tərtib edilmiş göndəriş dərhal Komissiyanın sədri və üzvləri tərəfindən gücləndirilmiş elektron imza ilə üzərində xüsusi təkrarlanmayan nömrəsi olan elektron sənəd formasında “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri” nə daxil edilir və şəxsə bu barədə yazılı və ya elektron qaydada məlumat verilir.
Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 12. İşin hallarının araşdırılması prinsipi.
1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur.
2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Maddə 87.8 Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 89. Apellyasiya instansiyası məhkəməsinin qərarının qanuni qüvvəyə minməsi Bu Məcəllənin 94.1-ci maddəsində nəzərdə tutulmuş müddətdə şikayətin verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda, məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadı isə 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Şikayətin geri götürülməsi haqqında bəyanat yazılı şəkildə məhkəməyə təqdim olunmalıdır. Maddə 90.1. Apellyasiya instansiyası məhkəməsinin qərar və ya qərardadlarından, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla Ali Məhkəmənin İnzibati kollegiyasına (bundan sonra – Ali Məhkəməyə) şikayət verilə bilər.
APELLYASİYANİN MÜMKÜNLÜYÜ, APELLYASİYA BAXİŞİNİN HƏDLƏRİ Apellyasiya şikayəti vaxtında, yəni məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində (İPM-in 85.1-ci maddəsi) verilmişdir. Şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir (İPM-in 85.2 və 85.3-cü maddələri). Şikayət qanunla müəyyən edilmiş formal tələblərə və prosessual müddətə əməl olunmaqla verildiyindən onun mümkün sayılmaması üçün əsaslar yoxdur. Ona görə də şikayət qəbul oluna bilən hesab edilir. Birinci instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır.
APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ Məhkəmə kollegiyası tərəfləri dinləyib, iş materiallarını araşdırıb, apellyasiya şikayətinin dəlillərinə qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməklə iddia tələbinin rədd edilməsi barədə yeni qərar qəbul edilməlidir. Belə ki, birinci instansiyası məhkəməsi tərəfindən İnzibati Prosessual Məcəllənin 12 və 58.7-ci maddələrinin tələbləri pozularaq işin hallarının tam və hərtərəfli araşdırılması təmin olunmamış, eyni zamanda mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmamışdır. Yaranmış mübahisə ilə bağlı kollegiya aşağıdakıları qeyd edir: İşdən görünür ki, cavabdeh orqanın iddiaçıya əlilliyin təyin edilməsindən imtinasının səbəbi diaqnozda əlillik əlamətinin müəyyən edilməməsi olmuşdur. Abşeron Rayon Mərkəzi Xəstəxanası tərəfindən iddiaçı barəsində tərtib edilmiş 0215003AAC69 nömrəli göndərişə əsasən onda əsas diaqnoz XBT10 T90.5, ağırlaşması G40.1, yanaşı xəstəliklər kimi F48.0, F45.3, H52.4, İ10, K26, F07.0 kodlu xəstəliklər mövcuddur. Birinci instansiya məhkəməsində icraat zamanı iddiaçının müayinə olunması və əlillik vəziyyətinin qiymətləndirilməsi üçün iş üzrə məhkəmə tibbi ekspertizası təyin edilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X7 X16 tərəfindən verilmiş 27 fevral 2023-cü il tarixli, T 99/2023 nömrəli ekspert rəyində qeyd edilmişdir ki, İddiaçı “X13” nin nevrologiya şöbəsində stasonar müalicədə olarkən təyin edilmiş G93 “Keçirilmiş qapalı kəllə-beyin travmasının davamlı qalıq əlamətləri”, T90.5 “Kəllədaxili hipertenziya ilə təzahür edən postravmatik ensefalopatiya”, G40.2 “Tez-tez təkrarlanan ikincili epileptik qıcolma tutmaları ayda 1-2 ağır tutma, yaxud ayda 1 kobud disforiya halları”, İ10 “Hipertoniya xəstəliyi İİ mərhələ”, F98.0 “Asteno-nevrotik sindrom”, İ67.2 “Baş beynin atrofik xəstəliyi”, H90.7, H52.0 “İkitərəfli koxlear nevrit, sensonevral ağıreşitmə İV dərəcə, OU-hipermetriya” və Sumqayıt Şəhər Psixiatriya Xəstəxanasında həkim-psixiatr komissiyasında isə təyin edilmiş F06.6 “Üzvi (keçirilmiş qapalı kəllə beyin travması) emosional-labil pozuntu” diaqnozları onun hazırki vəziyyətini əks etdirir, tibbi sənədlərdə əsas xəstəliyin ağırlaşmalarında olan patofunksional dəyişikliklər (yaddaş zəifliyi, emosional labillik, vestibulyar pozuntular görmə pozutuları, kəskin nəzərəçarpan vegetativ və hərəki-koordinator funksiyası pozuntuları) hazırda da rast gəlinir. İddiaçı xəstəlikləri tam reabilitasiya olunmur və kəskinləşdikcə əlavə müalicəyə cəlb olunurlar. İşə baxan məhkəmə qərarında sözügedən ekspert rəyinə istinad edərək iddiaçıya əvvəllər əlilliyin təyin edilməsinə əsas vermiş xəstəliklərin hal-hazırda davam etdiyini qeyd edərək, cavabdehin imtinasını əsassız hesab etmiş və bu baxımdan, iddianın təmin edilməsi qənaətinə gəlmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayaraq aşağıdakıları qeyd edir: Azərbaycan Respublikası Ali Məhkəməsi tərəfindən müvafiq məhkəmələrə ünvanlanmış “Əlilliyin müəyyən edilməsi, dəyişdirilməsi və ləğvi ilə bağlı mübahisələr üzrə 2022-ci ildə inzibati məhkəmələrdə baxılmış işlərin məhkəmə təcrübəsinin ümumiləşdirilməsinin nəticələri üzrə” icmal məktubun 74-cü və 75-ci bəndlərində göstərilmişdir ki, əlilliyin Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar, hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirməklə əlaqədar, Çernobıl AES-də hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirməklə əlaqədar, hərbi xidmət dövrü ilə əlaqədar və ya hərbi əməliyyatlar keçirilən zonada olmaqla əlaqədar yaranması “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” nin 7.2-ci bəndinə uyğun olaraq hərbi-həkim komissiyasının rəyinə əsasən müəyyən edilir. Odur ki, əlilliyi ümumi səbəblərlə müəyyən edilmiş şəxs əlilliyinin xüsusi səbəblərdən hər hansı birindən yaranmasını mübahisələndirirsə, hərbi-həkim komissiyasının rəyinə istinad etməlidir, həmin rəy olmadan əlilliyin səbəbinin göstərilən səbəblərdən biri ilə əvəz edilməsinə yol verilmir. Bununla belə, onu da vurğulamaq zəruridir ki, xəstəlik, pozuntu və çatışmazlığın hərbi-həkim komissiyasının rəyində göstərilən səbəbi o halda əlilliyin səbəbi ilə eyniləşdirilə bilər ki, həmin xəstəlik, pozuntu və çatışmazlıqla əlaqədar orqanizmin funksiyalarının 30 faizdən artıq pozulması müəyyən edilsin, yəni həmin xəstəlik əlilliyin müəyyən edilməsinə əsas versin. Əks halda, hərbi-həkim komissiyasının rəyində göstərilənlər əlilliyin qiymətləndirilməsi zamanı nəzərə alınmır və əlilliyin səbəbinin həmin rəydəki səbəblə müəyyən edilməsi istisna edilir. Məhkəmə təcrübəsində də hərbi-həkim komissiyasının rəyində göstərilən xəstəlik (sol diz oynağının zədələnməsi) “Əlilliyin müəyyən olunması meyarları” na Əlavədə öz əksini tapmadığı üçün başqa xəstəliklə (eşitmənin itirilməsi) əlilliyin müəyyən edilməsi və nəticə etibarilə əlilliyinin ümumi səbəblərlə qeyd edilməsi halları mövcuddur. Hazırkı iş üzrə iddiaçı ona “ümumi xəstəlik” səbəbindən deyil, məhz “Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar” ikinci dərəcəli əlillik təyin edilməsini tələb edir. Hansı ki, bunun üçün icmal məktubda da qeyd edildiyi kimi: 1) iddiaçı barəsində tərtib edilmiş 0215003AAC69 nömrəli göndərişdə əsas diaqnoz və ağırlaşmaları kimi qeyd edilən xəstəliyin (xəstəliklərin) Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyasının müvafiq qərarı ilə Azərbaycan Respublikasının müdafiəsi zamanı alındığı təsdiq edilməli; 2) Həmin xəstəlik (xəstəliklər) qanunvericiliyin tələbinə əsasən əlilliyin təyin edilməsinə əsas verən xəstəlik olmalıdır. İşin halları ilə qeyd edilməlidir ki, göndərişdə əsas diaqnoz kimi qeyd edilən XBT T90 (Başın travmalarının nəticələri) və əsas diaqnozun ağırlaşması kimi qeyd edilən G40 kodlu (Epilepsiya) xəstəliklərin özləri Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli, 187 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları” nın tələbləri baxımından əlilliyin təyininə əsas verən xəstəliklərdir. Belə ki, T90 kodlu xəstəlik “Əlilliyin müəyyən olunması meyarları” nın 6-cı “Sinir sistemi xəstəlikləri” bölməsində və 13-cü “Sümük-əzələ sisteminin və birləşdirici toxumanın xəstəlikləri” bölməsində əlilliyin təyininə əsas verən xəstəlik kimi təsbit edilmişdir. Hansı ki, bu xəstəlik 6-cı bölmədə göstərilən sinir sistemi xəstəliyi kimi əlilliyin təyininə əsas olması üçün əksər hallarda baş beynin əzilməsi, kontuziyası ilə müşayiət edilməlidir (6.1.1- 6.1.10-cu bəndlər). Digər halda isə yəni sümük-əzələ sisteminin və birləşdirici toxumanın xəstəliyi kimi isə bu xəstəlik ya kəllə sümüklərinin plastikası mümkün olmayan çatışmazlıqları (3 sm2 və daha çox) və ya kəllə sümüyünün plastikası mümkün olan geniş (30 sm2-dən artıq) qüsuru ilə, ya da üzün (kəllə sümüyünün) eybəcərləşmə ilə nəticələnən sümük və dəri strukturlarının həcminə və zədələnməsinə görə çatışmazlıqları ilə xarakterizə olunmalıdır (13.6.1-13.6.2-ci bəndlər). G40 kodlu xəstəlik isə meyarların 6.7, 6.7.1, 6.7.2 və 6.7.3-cü bəndlərinin tələblərinə əsasən epilepsiya xəstəliyidir, hansı bu xəstəlik 6.7.3-cü bəndinin tələbləri baxımından o halda ikinci dərəcə (Orqanizmin funksiyalarının pozulması faizi 65-80) əlilliyin təyininə əsas verir ki, epilepsiya, tez-tez təkrarlanan (ayda azı 4 dəfə) tutmalarla, yaxud ayda 2-3 kobud disforiya halları - ayda bir dəfə huşun tutqunlaşması, yaxud huşun xüsusi halları, 2 ayda 1 dəfə epileptik status, epileptik tutma seriyası və həyat fəaliyyətinin əsas sferalarında dezadaptasiya ilə nəticələnən ağır psixopatoloji simptomatika və şəxsiyyət pozulmaları (18 yaşınadək şəxslərdə şəxsiyyət pozulmaları nəzərə alınmır) ilə nəticələnsin. Birinci instansiya məhkəməsində icraat zamanı alınmış yuxarıda göstərilən ekspert rəyindən görünür ki, iddiaçının əlillik vəziyyəti Abşeron Rayon Mərkəzi Xəstəxanası tərəfindən onun barəsində tərtib edilmiş 0215003AAC69 nömrəli göndəriş əsasında deyil, X13 X16 tərəfindən verilmiş iddiaçının xəstəlik tarixindən xx.xx.2022-ci il tarixli çıxarış əsasında qiymətləndirilmişdir. Bu baxımdan, məhkəmə kollegiyası tərəfindən iş üzrə təkrar məhkəmə-tibbi ekspertizası təyin edilmişdir. Ekspertiza tədqiqatı üzrə Məhkəmə-Tibbi Ekspertiza və X7 X16 tərəfindən verilmiş 19 yanvar 2024-cü il tarixli, T 76/2024 nömrəli ekspert rəyindən görünür ki, iddiaçının müayinəsi zamanı onda “Keçirilmiş qapalı kəllə beyin travmasının davamlı qalıq əlamətləri, postravmatik ensefalopatiya”, “Vegetativ sinir sisteminin somatoform disfunksiyası, kardionevroz”, “Üzvi mənşəli şəxsiyyət pozğunluğu” onun əyani müayinəsində öz təsdiqini tapmamışdır. Eləcə də, onda “Sadə parsial tutmalarla müşahidə olunan lokalizə olunmuş, genarazilə olunmuş qıcolma tutmaları” diaqnozlu xəstəlik də aşkar edilməmişdir. Belə ki, təqdim edilən videogörüntülərdəki tutmalar epileptik xarakter daşımır, elektroensefaloqrafik görüntülərdə hər-hansı epileptik ocaq aşkarlanmır. Publik hüquqi şəxs müalicə müəssisəsi olmadığından ekspert qarşısında qoyulmuş göndərişdə göstərilən yanaşı xəstəliklər – “Onikibarmaq bağırsağın xorası, xroniki pankreativ”, “Essensial (birincili) hipertenziya, arterial hipertenziya” və “Presbiopiya” xəstəliyinin aşkar edilib-edilməməsi ilə əlaqədar sualların cavablandırılması isə mümkün olmamışdır. Ekspert rəyindən müəyyən edilir ki, göndərişdə göstərilən T90.5 kodlu “Kəllədaxili travmaların nəticələri, keçirilmiş qapalı kəllə beyin travmasının davamlı qalıq əlamətləri, postravmatik ensefalopatiya” diaqnozlu əsas xəstəlik və onun ağırlaşması G40.1 kodlu “Sadə parsial tutmalarla müşahidə olunan lokalizə olunmuş, genarazilə olunmuş qıcolma tutmaları” xəstəlikləri iddiaçıda aşkar edilməmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, həm iddiaçının faktiki sağlamlıq vəziyyətinin obyektiv göstəricilər əsasında cavabdeh tərəfindən qiymətləndirilməsi, həm də qiymətləndirmə nəticəsində müəyyən olunmuş xəstəlik və diaqnozun şəxsə əlillik dərəcəsinin təyin olunması üçün qanunvericiliklə tələb olunan xəstəliklərə uyğun gəldiyi təqdirdə, cavabdeh tərəfindən şəxsə əlillik dərəcəsinin təyin edilməsindən imtinası məhkəmə tərəfindən tam şəkildə yoxlanıla bilər. Bununla bağlı, ekspertiza tədqiqatı zamanı iddiaçının əyani müayinəsini aparan cavabdehin tibbi-sosial eksperti X9 məhkəmə iclasında izahatında bildirmişdir ki, 0215003AAC69 nömrəli göndərişdə qeyd edilən əsas diaqnoz XBT T90.5 “Kəllədaxili travmaların nəticələri, keçirilmiş qapalı kəllə beyin travmasının davamlı qalıq əlamətləri, postravmatik ensefalopatiya” xəstəliyinin iddiaçıda aşkar edildiyini təsdiq edən tibbi sənədlər yoxdur. İddiaçı barəsində verilmiş Hərbi Həkim Komissiyasının qərarında isə “Başın təpə nahiyyəsinin çapılmış yarası, qapalı kəllə beyin travması və beyin sarsılması” xəstəlikləri göstərilmişdir. Yəni, qərarda göstərilən beyin sarsılması beyin silkələnməsi deməkdir. Beyin silkələnməsi isə beyin daxilində heç bir risk və patologiya buraxmır. İddiaçıda çapılmış yara başın təpə nahiyəsindədir, təpə payı isə epileptagen zona deyil, hissiyata cavabdehdir. Gicgah və alın payında mikroangiopatik ocaq yox, iripaylı ocaq olsaydı, düşünmək olardı ki, onda epilepsiya ola bilər. Bu hal belə 100 faiz epilepsiya olduğunu təsdiq etmir. İddiaçı tərəfindən təqdim edilən video görüntülərdəki tutmalar isə epileptiv xarakter daşımır, əyani müayinə zamanı da onda heç bir ocaqlı patologiya aşkar olunmamışdır. Məhkəmə araşdırması nəticəsində iş üzrə alınmış ekspert rəyi ilə, həmçinin, bu rəyi tərtib edən tibb-sosial ekspertin izahatından müəyyən edildi ki, iddiaçıda T90 kodlu xəstəlik, eləcə də, onun ağırlaşması olan G40 kodlu epilepsiya xəstəliyi müşahidə edilmir. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən olundu ki, Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyasının 25 dekabr 2015-ci il tarixli, 1264 nömrəli qərarında iddiaçının “Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır” səbəbli əlaqəsi ilə göstərilən “Başın təpə nahiyyəsinin çapılmış yarası. Qapalı kəllə beyin travması, beyin sarsılması” diaqnozlu xəstəliyi qanunvericiliyin tələbinə əsasən, ümumiyyətlə, əlilliyin təyininə əsas vermir. Göndərişdə göstərilən T90 kodlu xəstəlik, eləcə də onun ağırlaşması olan G40 kodlu xəstəliklər isə əlilliyin təyin edilməsinə əsas versə də, həmin xəstəliklər nə Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyasının 25 dekabr 2015-ci il tarixli, 1264 nömrəli qərarında iddiaçıya münasibətdə “Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır” səbəbli əlaqəsi ilə göstərilmiş, nə də ekspertiza tədqiqatı zamanı iddiaçıda aşkar edilməmişdir. Kollegiya xüsusilə vurğulayır ki, hətta göndərişdə qeyd edilən T90 və G40 kodlu xəstəliklər hazırda iddiaçıda aşkar edilsə belə, həmin xəstəliklər Hərbi Həkim Komissiyasının 25 dekabr 2015-ci il tarixli, 1264 nömrəli qərarında göstərilmədiyindən, ona məhz “Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar” əlilliyin təyin edilməsi dair iddia tələbi təmin edilə bilməzdi. Bunun üçün ilk növbədə iddiaçı qeyd olunan xəstəliklərin Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar yaranmasının müəyyən edilməsi ilə bağlı ilk növbədə AR Müdafiə Nazirliyinə müraciət etməlidir. Bu səbəbdən, də kollegiya hesab edir ki, iddiaçı hazırkı tələbində haqlı olmamış, buna görə də hazırkı mübahisə üzrə cavabdehin imtinası qanuna zidd deyil və iddiaçının hüquqlarını pozmamışdır, imtina mövcud inzibati praktikaya uyğun, cavabdehin inzibati orqan olaraq güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmuşdur (“İnzibati icraat haqqında” AR Qanununun 13.2 və 17-ci maddələri). Odur ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli, iddia tələbinin rədd edilməsi barədə yeni qərar qəbul edilməlidir. Şərh edilənlərə əsasən, məhkəmə kollegiyası
QƏRARA ALDİ:
Apellyasiya şikayəti təmin edilsin. Sumqayıt İnzibati Məhkəməsinin 26 may 2023-cü il tarixli, 2-1(118)-335/2023 nömrəli qərarı ləğv edilsin. İş üzrə yeni qərar qəbul edilsin. İddia təmin edilməsin. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti 70) vasitəsilə kassasiya şikayəti verilə bilər.