Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(105)-680/2025 06.10.2025 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sədrlik edən və məruzəçi hakim Hacıyev Vahid Məcid oğlu, hakimlər Babayeva Hökümə Çingiz qızı və Axundov Toğrul Bəhruz oğlundan ibarət tərkibdə, X10 qızının katibliyi, İddiaçı, cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi Sosial Ekspertiza və X5 Hüquqi Şəxsin nümayəndələri Nümayəndə və X1 iştirakı ilə, Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2-1(118)-1894/2025 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq, müəyyən etdi: Sumqayıt İnzibati Məhkəməsinin (hakim Leyla Mirzəyeva) xx.xx.2025-ci il tarixli 2-1(118)- 1894/2025 nömrəli qərarı ilə iddia təmin edilmiş, Tibbi-Sosial Ekspertiza və X2-Sosial ekspert komissiyasının xx.xx.2024-cü il tarixli qərarı ləğv edilmiş, xx.xx.2024-cü il tarixdən İddiaçı “Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar” orqanizmin funksiyalarının 61-80 faiz pozulmasına görə əlillik dərəcəsinin təyin edilməsi öhdəliyi cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Cavabdeh üzərinə qoyulmuşdur. Cavabdeh apellyasiya şikayəti verərək, iş üzrə birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini, iddianın rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. İşin halları İddiaçı cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Cavabdehnə qarşı iddia qaldıraraq “iddiaçıya əlillik müddəti bitdiyi tarixindən etibarən İİ dərəcə hərbi xidmət vəzifəsini yerinə yetirməklə əlaqədar müddətsiz əlilliyin müəyyən edilməsi barədə qərar qəbul edilməsi” barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Daha sonra İddiaçı iddia tələbini dəqiqləşdirərək, “cavabdeh orqan tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli qərarın ləğv edilməsi, həmin tarixdən ona “Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar” əlilliyin təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, xx.xx.1994-cü il tarixdə Ağdərə uğurunda gedən döyüşlərdə hərbi xidməti vəzifələrini yerinə yetirərkən sol və sağ aşağı ətrafların çoxsaylı qəlpə yaraları almışdır. Xəstəlikdən əziyyət çəkir, həmin nahiyədə qəlpələrdən aldığı zədələr nəticəsində damarları kəsilmiş, sağalmaz xəstəliyə səbəb olmuş və daima müalicəyə ehtiyac görülüb, əks təqdirdə isə qanqrenaya (toxumanın, orqanın və ya bədənin bir hissəsinin çürüməsi) səbəb olacaq (foto şəkillər əlavə olunur). Onu da qeyd edir ki, xəsarətdən ayağında dizdən aşağı ümumilikdə 78%-də qan işləmir. Bu barədə “Dəmiryol” Xəstəxanasının 602/103 nömrəli epikrizi və digər müvafiq sənədlər mövcuddur. Eyni zamanda Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyasının 814 nömrəli xx.xx.2008-ci il tarixli qərarı da onun üzərində olan travmanın “Hərbi Travma” olduğunu, yəni Azərbaycan Respublikasının müdafiəsi zamanı aldığını təsdiq edir (qərar əlavə olunur). Yuxarıda qeyd olunanlara əsasən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reablitasiya Agentliyi xx.xx.2018-ci il tarixdə ona Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar 2-ci dərəcə əlillik (diaqnoz: hərbi əməliyyatlar nəticəsində digər növ partlayışlarla və ya qəlpələrlə törənmiş zədələnmələr. Bədənin müxtəlif yerlərin odlu silah (qəlpə) yaralanmasından sonrakı vəziyyəti. Yumuşaq toxumalarda qalmış yad cisim, sol topuq nahiyyəsinin yad cismi (qəlpə). Qazanılmış arteriovenoz fıstul, sol dizaltı nahiyyəsinin arterio-venoz süzgəci. Pasttrombotik sindrom, hər iki aşağı ətrafın dərin venalarının pasttrombotik sindromu. Xroniki venoz çatışmamazlığı, solda Vİ (altıncı) sağda İİİ (üçüncü) sinif. Solda baldırın trofiki xorası. Dəmir defisitli anemiya) müəyyən etmişdir (çıxarış əlavə olunur). Əlillik müddəti başa çatdıqdan sonra təkrar əlilliyin müəyyən edilməsi üçün göndəriş (forma 88) altsistemə yüklənmişdir. Bildirir ki, göndəriş (forma 88) xx.xx.2024-cü il tarixində Tibbi Sosial Ekspertiza Müayinəsinin altsisteminə yüklənməsinə və 3 aya yaxın müddət keçməsinə baxmayaraq əlilliyin müəyyən edilməsi həyata keçirilməmiş, göndərişə heç bir münasibət bildirilməmişdir. Bununla bağlı Nazirliyin “qaynar xətt” olan 142 nömrəsilə əlaqə saxlamış, lakin heç bir nəticə olmamışdır. Həmçinin nazir müavininin qəbulunda olmuş və səhhətində olan mövcud vəziyyəti izah etmiş, onlarda öz növbəsində əlilliyin müharibə əlili kimi deyil, ümumi qaydada verilməsinin mümkün olacağını şifahi şəkildə bildirmiş, əks təqdirdə məhkəmə yolu ilə məsələnin həllini məsləhət görmüşdür. Faktiki olaraq üzərində olan travmanı müharibə şəraitində aldığına baxmayaraq, yenə də öz istədiklərini irəli sürürlər. Bu səbəbdən məhkəməyə müraciət etmişdir. Cavabdeh iddiaya qarşı yazılı etiraz təqdim edərək göstərmişdir ki, İddiaçı əlillik vəziyyətinin qiymətləndirməsi üçün tibb müəssisəsinin növbəti göndərişi rəsmiləşdirilmiş, qərar verilməsi üçün Agentliyə göndərilmişdir. Vətəndaşın müraciəti əsasında əlavə əyani müayinənin araşdırılması aparılaraq müəyyən olundu ki, İddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyası tərəfindən xx.xx.2008-ci il tarixli 814 nömrəli Qərar verilmişdir. Həmin qərarda ‘‘Sol aşağı ətrafların, saq gözaltı nahiyyənin, saq aşağı ətrafların çoxsaylı qəlpə yaraları” diaqnozlu travmanın səbəb əlaqəsi “Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır” kimi müəyyənləşdirilmişdir. Xəstənin hazırkı obyektiv vəziyyətinin müayinəsi zamanı sol baldırın orta 1/3-də, sağ budun orta 1/3-də, sağ bazunun yuxarı 1/3-də çapıqlar, sol baldırın aşağı 1/3-də indurasuya, hiperpiqmentasiya, xoralar qeyd edilmiş, hər iki ayaqarxasında nəbz hiss edilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutunun xx.xx.2023-cü il tarixli ********** nömrəli Arayışda diaqnoz “Odlu silahla yaralanmadan sonra, sol baldırın aşaqı 1/3-nin və aşıq-baldır oynağının iç səthlərində kobud trofik dəyişiklikləri, trofik sağalmayan yarası. İç topuqun apexində qövsvari disfunksiyası, yumşaq toxumalarda metal qəlpələri, sol aşıq-baldır oynağının artrozu, açıcı-bükücü kontrakturası (açma 105 dərəcə, bükmə 100 dərəcə) daimi ağrı sindromu və dayaq-hərəkət funksiyasının pozulması” kimi qeyd olunmuşdur. ƏƏSMN tabeliyində DTSERA-da xx.xx.2023-cü il tarixli Aşağı ətraf arteriyalarının dopplerografiyası müayinəsinin nəticəsi “Magistral tipli axımlar” kimi müəyyənləşdirilmişdir. ƏƏSMN tabeliyində DTSERA-da xx.xx.2023-cü il tarixli hər iki Aşağı ətraf venoz sisteminin rəngli dopplerografiyası müayinəsinin nəticəsi “Popletial arteriya və popletial vena arasında fistul mövcud olub. Rəngli doppler zamanı venadan arteriyaya axın qeyd olunmur, buna bağlı popletial venada davamlı refluks izlənildi. Sol VSM və sol VSP-də qapaq yetməzliyi və refluks, və dərialtında əlaqəli varikoz şaxələr izlənilir” kimi qeyd edilmiş, əlillik təyinatına əsas vermişdir. Hərbi travmanın qalıq əlamətləri əlillik təyinatına əsas verməmişdir. Əlillik təyinatına əsas verən yanaşı xəstəliyin xüsusi səbəb əlaqəsi aşkar edilməmişdir. Nəticədə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli 187 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarlan”na müvafiq olaraq Xüsusi səbəbdən Diaqnoz əlillik əlaməti təyin etmir və Ümumi xəstəlik ilə əlaqədar 2 (iki) il müddətinə orqanizmin funksiyalarının 60 faiz pozulması barədə qərar qəbul edilmişdir. Məlumat üçün bildirirlər ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli 11 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası"nın və 2020-ci il 16 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi Qaydası”nın 1.4-cü bəndinə əsasən əlilliyin qiymətləndirilməsi “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə uyğun olaraq “Əlilliyin müəyyən olunması meyarları”na əsasən həyata keçirilir. Şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi- həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra - Komissiya) tərəfindən “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbi-sosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra - göndəriş) əsasında aparılır. Göndərişin forması Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi ilə razılaşdırılaraq, Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən təsdiq edilir. Göndəriş verilməsi üçün əsaslara şəxsin eyni xəstəliklə son 6 (altı) ay müddətində fasiləsiz və ya son 12 (on iki) ay müddətində fasilələrlə ümumilikdə 6 (altı) aydan çox ambulator və ya stasionar müalicədə olmasına baxmayaraq, orqanizmin pozulmuş funksiyalarının bərpa olunmaması və şəxsin cəmiyyətin həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntularının olması, şəxsdə əqli pozuntuların və anatomik çatışmazlıqların, dərmanlara davamlı vərəm formalarının, İV mərhələ onkoloji xəstəliklərin, V mərhələ xroniki böyrək xəstəliyinin olması (göndəriş bu Qaydanın 1.5.1-ci yarımbəndində göstərilən müddət gözlənilmədən verilir), əlillik müddətinin bitməsindən sonra bu Qaydanın yuxarıda qeyd olunan pozuntuların, çatışmazlıqların və xəstəliklərin davam etməsi, peşə əmək qabiliyyətinin itirilməsi faizinin müəyyən edilməsi və əlilliyi olan şəxsin sağlamlıq vəziyyətində olan dəyişikliklə bağlı Komissiyanın rəyinə əsasən tibbi-sosial ekspertiza müayinəsinə zərurət yaranması aiddir. Göndərişin rəsmiləşdirilməsi barədə məlumat “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri”nə daxil edildikdən sonra altsistemə ötürülür. Göndəriş altsistem tərəfindən qəbul edildikdən sonra göndərişi verən Komissiyanın, bu göndərişi təsdiq edən vəzifəli şəxslərin və əlilliyi qiymətləndiriləcək şəxsin kimliyini birbaşa və ya dolayısilə müəyyən etməyə imkan verən bütün məlumatlar şifrlənərək adsızlaşdırılır. Adsızlaşdırılmış göndərişlər əlilliyin qiymətləndirilməsi məqsədilə altsistem üzərindən dərhal TSEK-ə göndərilir. TSEK-in sədri və üzvləri hər biri ayrı-ayrılıqda qiymətləndirmə ilə bağlı rəylərini altsistemdə yaradılmış xüsusi pəncərədə qeyd edir və gücləndirilmiş elektron imza ilə imzalayır. Qərar bu Qaydaya əlavədə müəyyən edilmiş formada qəbul edilir və əlilliyin qiymətləndirilməsinə dair məlumatlar, eləcə də şəxsin sosial müdafiə tədbirlərinə və reabilitasiya vasitələrinə ehtiyacının olmasına dair tibbi göstəriş və əmək zəmanəti altsistemə daxil edilir, TSEK-in sədri və üzvləri tərəfindən gücləndirilmiş elektron imza ilə imzalanır. Bundan əlavə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş Əlilliyin müəyyən olunması meyarlarına müvafiq olaraq, vətəndaşların əlillik vəziyyəti səhiyyə müəssisəsinin göndərişi əsasında Tibbi-Sosial Ekspert Komissiyaları tərəfindən şəxsin iştirakı olmadan adsızlaşdırılmış sənədlərlə qiymətləndirilməklə müəyyən edilir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı qəbul edilmişdir. Apellyasiya şikayətinin dəlilləri və tərəflərin izahatları: Cavabdeh apellyasiya şikayətini iddia ərizəsinə etirazla eyni məzmunda əsaslandırmış və əlavə olaraq bildirmişdir ki, birinci instansiya məhkəməsi işi lazımi qaydada araşdırmayaraq sırf ekspert rəyinə əsasən vətəndaşda qeyd edilən diaqnozun olması səbəbindən vətəndaşa əlillik təyin edilməsinin zəruriliyini vurğulamışdır. Ekspert rəyi ilə şəxsin əlil olmasına qənaətinə gəlinirsə, Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən əlilliyin qiymətləndirilməsi və təyin edilməsinə ehtiyac qalmazdı. Sözügedən hal, yəni diaqnozun orqanizmin funksiyalarının 60 faiz pozulması barədə qərar iddiaçının forma 88 nömrəli arayışı əsasında Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və X3-Sosial Ekspertləri tərəfindən müəyyən edilmişdir. Diaqnozun doğruluğunun müəyyən edilməsi heç də həmin şəxsə əlillik təyin edilməsinə əsas vermir, şəxsdə sözügedən xəstəliyin ağırlaşmaları mövcud olmalıdır ki, şəxsə əlillik təyinatı aparılsın. Birinci instansiya məhkəməsi iddianı təmin edərkən yalnız ekspert rəyinə əsaslanaraq və ümumi normalara istinad edərək səhv nəticəyə gəlmişdir. Odur ki, Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərarının ləğv edilməsini, iddianın rədd edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının xx.xx.2025-ci il tarixli iclasında iştirak edən cavabdehin nümayəndəsi Nümayəndə və hazırkı iclasda iştirak edən nümayəndə X4 apellyasiya şikayətini müdafiə etdi, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini, iddianın rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etdi. Əlavə olaraq bildirdi ki, iddiaçıya xx.xx.2024-cü il tarixli qərarla 2 il müddətinə ümümi əsaslarla sağlamlıq vəziyyətinin 60% pozulmasına görə əlillik təyin edilmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı apellyasiya şikayətini əsassız hesab etdi, iddia tələbib dəqiqləşdirilməsinə dair ərizə təqdim edərək, cavabdeh orqanın ona əlillik təyin edilməsinə dair xx.xx.2024-cü il tarixli qərarının dəyişdirilərək, Azərbaycan Respublikasının ərazi bötövlüyünün müdafiəsi ilə əlaqədar əlilliyin təyin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında onlayn qaydada iştirakı təmin edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyi” X15 tərəfindən verilmiş T07/2025 saylı xx.xx.2024-cü il tarixli ekspert rəyinin tərtib edilməsində iştirak etmiş məhkəmə-tibb eksperti X7 izahatında iddiaçıda xroniki venoz çatışmazlığının bir aşağı ətrafda - sol baldırda olduğunu, İV sinifə uyğun gəldiyini, aortanın və (və ya) çanağın iri arteriyalarının “böyük” anevrizmalarına (5 sm-dən çox zədələnməsinə) rast gəlinmədiyini, sol baldırda trofiki yaraların olduğunu, arteriaların zədələndiyini bildirdi. Hüquqi məsələlər: Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri Sumqayıt Apellyasiya Məhkəməsi İnzibati Kollegiyasının xx.xx.2025-ci il tarixli qərardadı ilə apellyasiya şikayəti mümkün sayılmışdır. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. Apellyasiya instansiyasi məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası tərəfləri dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti rədd edilməli, iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə nəzərə alınmaqla, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilməlidir. Belə ki, iş materialları ilə müəyyən olunur ki, iddiaçı xx xxxxxx 1975-ci il təvəllüdlüdür. Cavabdeh orqan tərəfindən iddiaçıya xx.xx.2018-ci il tarixdən “Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar” səbəbindən (Hərbi əməlliyyatlar nəticəsində odlu silahla və digər adi silah növləri ilə törədilmiş zədələnmələr; Bədənin müxtəlif yerlərin odlu silah (qəlpə) yaralanmasından sonrakı vəziyyəti, yumşaq toxumalarda qalmış yad cisim, Sol topuq nahiyyəsinin yad cismi (Qəlpə). Qazanılmış arteriovenoz fistul, Sol dizaltı nahiyyəsinin arterio-venoz süzgəci. Posttravmetik sindrom. Hər iki aşağı ətrafın dərin venalarının posttrombotik sindromu. Xroniki venoz çatmamazlığı solda İV (altıncı) sağda İİİ (üçüncü) sinif. Solda baldırın trofiki xorası. Dəmir defisitli anemiya .)) diaqnozları ilə 5 il müddətinə ikinci dərəcəli əlillik təyin edilmişdir. 2023-cü ildə yenidən müayinə zamanı göndərişin natamam doldurulması səbəbindən iddiaçıya əlilliyin təyin edilməsindən imtina edilmişdir. X14-Sosial Ekspertiza və X2-Sosial ekspert komissiyasının xx.xx.2024-cü il tarixli qərarı ilə İddiaçı ümumi xəstəlik səbəbindən xx.xx.2024-cü il tarixdən xx.xx.2026-cı il tarixədək orqanizm funksiyalarının 60 faiz pozulması ilə bağlı əlillik təyin etmişdir. Təkrar əlilliyin səbəbi: Ümumi xəstəlik Orqanizmin funksiyalarının pozulması faizi: 60%. Əlillik meyarı: 2.7.1. 2. Qan dövranı sisteminin xəstəlikləri=>Venaların, limfa damarlarının və limfatik düyünlərin digər rubrikalarda təsnif olunmayan xəstəlikləri=>(Xroniki) (periferik) venoz çatmamazlıq=>hər iki aşağı ətrafda İİB venoz çatışmazlığı və ya bir aşağı ətrafda trofik xora olan xroniki venoz xəstəliyi və ya xroniki venoz xəstəliklərinin beynəlxalq təsnifatının (CEAP sistemi) 4-5-ci sinif klinik təzahürlərinə uyğun gələn, hər iki ətrafda əhəmiyyətli miqdarda ifrazat olmayan xoralı qüsur və ya trofik pozuntuları olan; xoralı olmayan, statodinamik funksiyaların orta dərəcədə (mülayim) pozulması ilə xroniki venoz xəstəliklərinin beynəlxalq təsnifatının (CEAP sistemi) 4-5-ci siniflərinə uyğun gələn hər iki ətrafda zədələnmə=> Orqanizmin funksiyalarının pozulması müddəti: 2 il Əlilliyin müddəti: xx.xx.2024 tarixdən xx.xx.2026 tarixədək. Əmək zəmanəti: Yüngül işlərdə işləyə bilər. Sosial müdafiə tədbirlərinə və reabilitasiya vasitələrinə ehtiyacının olmasına dair tibbi göstəriş: İxtisaslaşmış müalicə. Qiymətləndirmənin nəticələri xx.xx.2025-ci il tarixdə “Əlillik” altsisteminə daxil edilmişdir. İddiaçı hal-hazırda cavabdeh inzibati orqanın xx.xx.2024-cü il tarixli qərarının dəyişdirilməsini və ona “Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar aldığı xəsarətlə bağlı” əlilliyin təyin edilməsini istəyir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2016-cı il tarixli 140 nömrəli qərarı ilə təsdiq olunmuş “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi Qaydaları”nın 1.1-ci bəndində göstərilmişdir ki, bu Qaydalar Azərbaycan Respublikasının vətəndaşlarına, Azərbaycan Respublikasının ərazisində daimi yaşayan vətəndaşlığı olmayan şəxslərə və əcnəbilərə (bundan sonra - şəxslər) dövlət səhiyyə müəssisələri (bundan sonra - səhiyyə müəssisələri) tərəfindən tibbisosial ekspertiza müayinəsinə göndərişlərin (bundan sonra – göndəriş) verilməsini tənzimləyir. Qaydaların 1.2-ci bəndində göstərilmişdir ki, şəxslərə göndərişlər onlara xidmət göstərən ambulator-poliklinika müəssisəsi tərəfindən, stasionar müalicədə olan şəxslərə isə müalicə aldıqları səhiyyə müəssisəsi tərəfindən verilir. Qaydaların 1.3-cü bəndində göstərilmişdir ki, göndəriş verilməsi üçün əsaslar aşağıdakılardır: şəxsin son 12 ay ərzində eyni xəstəliklə fasiləsiz və ya fasilələrlə ümumilikdə 6 aydan çox (vərəm xəstələri üçün 10 aydan) müalicədə olması və müalicə tədbirləri tam başa çatdıqdan sonra orqanizmin pozulmuş funksiyalarının bərpa olmaması, şəxsin əqli və ya fiziki qüsurları nəticəsində həyat fəaliyyətinin məhdudlaşması (bənd 1.3.1.); əlillik səbəbinə yenidən baxılması zərurətinin yaranması (1.3.5.). Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2020-ci il tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”nın 1.2-ci maddəsində qeyd edilmişdir ki, Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbi-sosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (bundan sonra - Nazirlik) tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin (bundan sonra - Agentlik) tibbi-sosial ekspert komissiyaları (bundan sonra - TSEK) tərəfindən həyata keçirilir. Həmin Qanunun 1.6-cı bəndinə əsasən Orqanizmin funksiyalarının pozulması faizinin, səbəbinin və müddətinin müəyyən edilməsi məqsədilə əlilliyin qiymətləndirilməsi TSEK tərəfindən Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin Əlillik altsistemi (bundan sonra – altsistem) vasitəsilə aparılır. Qanunun 1.7-ci bəndinə əsasən şəxs əlilliyin qiymətləndirilməsi barədə qərarın qəbul edildiyi tarixdən əlilliyin növbəti qiymətləndirilməsi tarixindən sonrakı ayın 1-dək əlilliyi olan şəxs hesab edilir. Qanunun 2.1-ci bəndinə əsasən, şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkimməsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra - Komissiya) tərəfindən “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbi-sosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra - göndəriş) əsasında aparılır. Qanunun 2.2-ci bəndinə əsasən, göndərişin rəsmiləşdirilməsi barədə məlumat “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri”nə daxil edildikdən sonra altsistemə ötürülür. Həmin Qanunun 2.3-cü bəndinə əsasən göndəriş altsistem tərəfindən qəbul edildikdən sonra göndərişi verən Komissiyanın, bu göndərişi təsdiq edən vəzifəli şəxslərin və əlilliyi qiymətləndiriləcək şəxsin kimliyini birbaşa və ya dolayısı ilə müəyyən etməyə imkan verən bütün məlumatlar şifrlənərək adsızlaşdırılır. Adsızlaşdırılmış göndərişlər əlilliyin qiymətləndirilməsi məqsədilə altsistem üzərindən dərhal TSEK-ə göndərilir. Qanunun 2.4-cü bəndinə əsasən TSEK 10 (on) iş günündən çox olmamaqla göndərişdə qeyd olunmuş məlumatlar əsasında şəxsin əlilliyini qiymətləndirir, əlilliyin müəyyən olunmasına və ya səbəblərini göstərməklə, imtinaya dair qərar qəbul edir. Əlavə araşdırma tələb olunduğu hallarda, TSEK-in müraciəti əsasında bu müddət Agentlik tərəfindən 15 (on beş) iş gününədək uzadıla bilər. Qanunun 2.5-ci bəndinə əsasən, TSEK-in sədri və üzvləri hər biri ayrı-ayrılıqda qiymətləndirmə ilə bağlı rəylərini altsistemdə yaradılmış xüsusi pəncərədə qeyd edir və gücləndirilmiş elektron imza ilə imzalayır. Qanunun 29-cu bəndinə əsasən göndəriş natamam və ya yanlış doldurulduqda, TSEK altsistemin xüsusi bölməsində müvafiq qeyd aparmaqla bu barədə bildirişi altsistem vasitəsilə onu rəsmiləşdirmiş Komissiyaya göndərir. Qanunun 3.7-ci bəndinə əsasən əlilliyin qiymətləndirilməsi barədə TSEK-in qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutlar təqdim edildiyi hallarda, Agentlik əlilliyi müəyyən edilmiş şəxsi əyani müayinəyə cəlb edir. Müayinənin nəticələrinə əsasən TSEK-in qəbul etdiyi qərarın qüvvədə saxlanılması, dəyişdirilməsi və ya ləğvi barədə qərar qəbul edir və həmin gün ərzində altsistemə daxil edir. Qaydanın əlavəsində Agentliyinin Tibbi-sosial ekspert komissiyası tərəfindən əlilliyin təyinatından imtina edildikdə və ya əlillik təyinatı ləğv edildikdə səbəbləri göstərilməklə qəbul edilməsi zəruri olan qərarın forması da müəyyən edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2020-ci il tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”nın 1.5.2.1-ci bəndinə əsasən şəxsin əlilliyi Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar müəyyən edilir. İnzibati iş materiallarında olan sənədlərin surətindən görünür ki, iddiaçıya əvvəllər bir neçə dəfə Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar olaraq 2-ci dərəcəli əlillik təyin edilmişdir (Hərbi əməlliyyatlar nəticəsində odlu silahla və digər adi silah növləri ilə törədilmiş zədələnmələr; Bədənin müxtəlif yerlərin odlu silah (qəlpə) yaralanmasından sonrakı vəziyyəti, yumşaq toxumalarda qalmış yad cisim, Sol topuq nahiyyəsinin yad cismi (Qəlpə). Qazanılmış arteriovenoz fistul, Sol dizaltı nahiyyəsinin arterio-venoz süzgəci. Posttravmetik sindrom. Hər iki aşağı ətrafın dərin venalarının posttrombotik sindromu. Xroniki venoz çatmamazlığı solda İV (altıncı) sağda İİİ (üçüncü) sinif. Solda baldırın trofiki xorası. Dəmir defisitli anemiya .)) diaqnozları təyin edilmişdir və bu diaqnozlar əsasında ilə Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar” səbəbindən iddiaçıya ikinci qrup əlillik təyin edilmişdir. Cavabdeh orqan növbəti müayinə zamanı isə “göndərişin natamam doldurulması” əsası ilə iddiaçıya əlilliyin təyin edilməsindən imtina etmişdir. Birinci instansiya məhkəməsində işə baxılarkən təqdim edilmiş “Məhkəmə Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyi” X12 T07/2025 saylı rəyində qeyd edilmişdir: “İddiaçı DTSERA-da xx.xx.2023-cü il tarixdə əyani müayinəsi zamanı çıxarılmış xx.xx.2023-cü il tarixli 23-17-4\3-3- 3394\2023 saylı qərar ilə həmin vaxt tərtib edilmiş qiymətləndirmə nəticələri arasında ziddiyyət vardır. Belə ki, qərarın nəticəsi ilə (Xüsusi səbəbdən Diaqnoz əlillik əlaməti təyin etmir və ümumi xəstəlik ilə əlaqədar 2 (iki) il müddətinə orqanizmin funksiyalarının 60% (altmış faiz) pozulması barədə qərar qəbul edilməsi) göstərilsə də qiymətləndirmə nəticələrində (Mərkəzə göndərilmənin/İmtina edilmənin səbəbi: Göndərişin natamam doldurulması-Səbəb: Ümumi xəstəlik səbəbi ilə əlaqədar Əlillik təyinatına əsas verən xəstəlik qeyd edilməklə yeni göndərişin rəsmiləşdirilməsi məsləhət görülür) kimi qeyd edilmişdir. O, kifayət qədər tibb müəssisələrində müayinə olunduğundan, onun digər tibb müəssisədəki mütəxəssisə göndərilməsinə ehtiyac duyulmadı. Qərardadın 2-ci bəndində sualda göstərilən xəstəliklər (Əsas diaqnoz: T93.0-Aşağı ətrafın açıq yaralanmasının nəticələri. Hər iki daha çox sol aşağı ətrafların qəlpə yaralanmasından sonrakı vəziyyət (xx.xx.1994); Ağırlaşma: L97-Aşağı ətrafın başqa rubrikalarda təsnif olunmayan xorası. Sol baldırın trofıki xorası. İ77.0 - Qazanılmış arteriovenoz fıstul. Postravmatik dizaltı arteriovenoz fistula; Yanaşı xəstəliklər: M84.0 - Sümük sınığının pis bitişməsi. Sol iç topuğunun deformasiya ilə bitişmiş sınığı, sklerotik dəyişiklikləri ilə;) onun tibbi sənədlərində olan xəstəliklərlə eynilik təşkil edir. Həmin xəstəliklər müalicə olunmaqla reablitasiya olunmurlar və hazırda da xəstəliklərlə əlaqədar onun mütəmadi müalicəsinə ehtiyac duyulur.” İşin hallarından müəyyən edilir ki, cavabdeh inzibati orqan tərəfindən iddiaçının əlilliyi mübahisələndirilmir, mübahisə yalnız əlilliyin səbəb əlaqəsi ilə bağlı olmuşdur. Belə ki, cavabdeh orqanın mövqeyinə görə hərbi travmanın qalıq əlamətləri əlillik təyinatına əsas verməmişdir. Əlillik təyinatına əsas verən yanaşı xəstəliyin xüsusi səbəb əlaqəsi aşkar edilməmişdir. Xüsusi səbəbdən diaqnoz əlillik əlaməti təyin etmədiyindən xx.xx.2024-cü il tarixli qərarla iddiaçıya ümumi xəstəlik səbəbindən 2 (iki) il müddətinə orqanizmin funksiyalarının 60 faiz pozulması barədə qərar qəbul edilmişdir. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyasının xx.xx.2008-ci il tarixli 814 nömrəli qərarında qeyd edilən ‘‘Sol aşağı ətrafların, sağ gözaltı nahiyyənin, sağ aşağı ətrafların çoxsaylı qəlpə yaraları” diaqnozlu travmanın səbəb əlaqəsi “Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır” kimi müəyyənləşdirilmişdir. Məhkəmə kollegiyası tərəfindən MN MHHK-nın qərarında qeyd olunan “Sol aşağı ətrafların, sağ gözaltı nahiyyənin, sağ aşağı ətrafların çoxsaylı qəlpə yaraları” diaqnozu ilə iddiaçıda aşkar edilən əsas diaqnoz: XBT 10 T93.0 “Aşağı ətrafın açıq yaralanmasının nəticələri, Hər iki daha çox sol aşağı ətrafların qəlpə yaralanmasından sonrakı vəziyyət, əsas diaqnozun ağırlaşmaları olaraq İ77.0 “Qazanımış arteriovenoz fistul, Postravmatik dizaltı arterio-venoz fistula keçirilmiş qapalı kəllə beyin travması”, İ87.2 “(Xroniki) (periferik) venoz çatmamazlıq, Xroniki venoz çatmamazlığı İV sinif” və L97 “Aşağı ətrafın başqa rubrikalarda təsnif olunmayan xorası. Sol baldırın trofiki xorası” diaqnozları arasında səbəbli əlaqənin olub-olmaması barədə mütəxəssis rəyinin təqdim edilməsi ilə bağlı xx.xx.2025-ci il tarixdə Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyasına sorğu ünvanlanmışdır. Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyasının xx.xx.2025ci il tarixli 88/1590 nömrəli məktubunda göstərilir ki, vətəndaş İddiaçı sonrakı illər ərzində yaranmış və Xaçmaz rayon mərkəzi xəstəxanası tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli göndərişdə qeyd edilən “XBT10. T93.0. Aşağı ətrafın açıq yaralanmasının nəticələri. Hər iki, daha çox sol aşağı ətrafın qəlpə yaralanmasından sonrakı vəziyyət (xx.xx.1994)” əsas diaqnozunun ağırlaşmaları olaraq İ77.0 “Qazanılmış arterovenoz fistul. Posttravmatik dizaltı arterio - venoz fistula. İ87.2 “Xroniki (periferik) venoz çatmamazlıq. Xroniki venoz çatmamazlığı İV sinif” L97.’’Aşağı ətrafın başqa rubrikada təsnif olunmayan xorası. Sol baldırın trofiki xorası” diaqnozları arasında səbəbli əlaqənin müəyyən edilməsi üçün vətəndaş xx.xx.2025-ci il tarixdə MN Baş Klinik Hospitalında ürək-damar cərrahı tərəfindən canlı müayinə olunmuşdur. Sol aşağı ətraf venoz və arterial sistemi rəngli Dopler USM müayinəsindən sonra ürək-damar cərrahın xx.xx.2025-ci il tarixdə qoyduğu diaqnoz “Sol aşağı ətrafda çoxsaylı qəlpə yaralanmasından sonrakı vəziyyət (xx.xx.1994). Posttravmatik dizaltı arterio - venoz fistula. Xroniki venoz xəstəlik”. Mütəxəssisin rəyinə görə “Qazanılmış arteriovenoz fistula qəlpə yaralanması sonrakı arteriya ilə venanın patoloji əlaqəsi nəticəsində əmələ gəlir. Uzun müddət davam edən bu əlaqə venoz sistemdə hipertenziyaya səbəb olur və nəticədə baldırda trofiki xora əmələ gəlir”. Beləliklə, iddiaçının əlilliyinin səbəb əlaqəsinə münasibətdə kollegiya qeyd edir ki, mütəxəssis rəyindən də göründüyü kimi, hazırda iddiaçıda aşkar edilən “T93.0 - Aşağı ətrafın açıq yaralanmasının nəticələri. Hər iki daha çox sol aşağı ətrafların qəlpə yaralanmasından sonrakı vəziyyət” xəstəliyinin ağırlaşması olan “İ77.0 “Qazanılmış arterovenoz fistul. Posttravmatik dizaltı arterio-venoz fistula.” İ87.2 “Xroniki (periferik) venoz çatmamazlıq. Xroniki venoz çatmamazlığı İV sinif” diaqnozlu xəstəliyi “Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır” səbəb əlaqəsi ilə göstərilmişdir. Bu səbəbdən işin qeyd edilən hallarına əsasən məhkəmə kollegiyası hesab edir ki, iddiaçı hazırkı tələbində haqlı olmuş, birinci instansiya məhkəməsi iddia tələbini təmin edərkən düzgün nəticəyə gəlsə də, iddiaçının iddia tələbinin dəqiqləşməsi barədə ərizəsi nəzərə alınmaqla, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilməli, cavabdeh inzibati orqanın xx.xx.2024-cü il tarixli qərarı - əlilliyin “ümumi xəstəlik” səbəbindən təyin olunması hissəsində dəyişdirilərək, İddiaçı əlilliyinin səbəbi kimi “Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar olması” kimi qeyd edilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmalıdır. Azərbaycan Respublikası İPM-in 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Hər hansı bir məhkəmə aktının qanuni və əsaslı hesab edilməsi üçün əsas şərtlərdən biri onun ədalətli olmasıdır. Avropa İnsan Hüquqları Məhkəməsi özünün bir çox qərarlarında (“Delkart Belçikaya qarşı” iş üzrə xx.xx.1970-ci il tarixli qərarı, “Piersack Belçikaya qarşı” iş üzrə xx.xx.1982ci il tarixli qərarı) bunu belə ifadə etmişdir: “Ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir.” Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Cavabdehin apellyasiya şikayəti rədd edilsin. Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2-1(118)-1894/2025 nömrəli qərarı dəyişdirilsin. İddia təmin edilsin. Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi Sosial Ekspertiza və X6 Sosial Ekpert Komissiyasının xx.xx.2024-cü il tarixli xxxxxxx0009 nömrəli qərarı - əlilliyin “ümumi xəstəlik” səbəbindən təyin olunması hissəsində dəyişdirilərək, İddiaçı əlilliyinin səbəbi kimi “Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar olması” kimi qeyd edilməsi öhdəliyi cavabdehin üzərinə qoyulsun. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi gündən) 1 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri Sülh prospekti 70) vasitəsilə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(105)-680/2025
Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(105)-680/2025
06.10.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver