Məhkəmə qərarları › İş №2-1(105)-681/2022

Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(105)-681/2022

01.12.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(105)-681/2022 01.12.2022 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Sumqayıt Şəhər İcra Hakimiyyətinə qarşı iş üzrə QƏRARİ Sədrlik edən və məruzəçi hakim Məmmədov Zahid Tahir oğlu, hakimlər Babayeva Hökümə Çingiz qızı və Məmmədov Fuad Əli oğlundan ibarət tərkibdə, Mirzəzadə Bəhruz Fizuli oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Sumqayıt şəhər İcra Hakimiyyətinə qarşı “cavabdeh Sumqayıt şəhər İcra Hakimiyyətinin üzərinə Mənzil təsərrüfatı və mənzillərin uçotu şöbəsində mənzil növbəsinə alınmağı üçün öhdəliyin qoyulması” tələbinə dair inzibati mübahisə üzrə Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)-1390/2022 nömrəli, 08 sentyabr 2022-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. İddiaçı xx.xx.1979-cu il tarixdə Ağsu rayonunun Bico kəndində anadan olmuş, hazırda yaşayış yeri üzrə Sumqayıt şəhərində qeydiyyatdadaır.

2. 20.05.2021-ci il tarixli, 12890 saylı xəstəlik haqqında şəhadətnaməyə əsasən iddiaçıda “mülayim dərəcədə ifadə olunmuş uzunmüddətli posttravmatik stress pozuntusu. Partlayış travması (xx.xx.2020): keçirilmiş qapalı kəllə-beyin travması, baş beyin silkələnməsindən sonrakı vegetativ-damar davamsızlığı. Sol diz oynağı nahiyyəsinin yumşaq toxumalarının küt travması. Dərialtı qansızma” diaqnozu “Hərbi travmadır, Azərbaycan Respublikasının Müdafiəsi zamanı alınmışdır” müəyyən edilmişdir.

3. İddiaçıya Tibbi-Sosial Ekspert Komissiyası tərəfindən xx.xx.2021-ci il tarixindən Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin müdafiəsi ilə əlaqədar üçüncü dərəcə əlillik təyin edilmişdir.

4. İddiaçı 3-cü qrup Vətən müharibəsi əlili kimi Sumqayıt şəhərində mənzil uçotuna alınması ilə bağlı Sumqayıt şəhər İcra Hakimiyyətinə müraciət etmiş, cavabdehin xx.xx.2022-ci il tarixli məktubu ilə iddiaçının müraciətinin təmin edilməsindən imtina edilmişdir. İmtina onunla əsaslandırılmışdır ki, o, Ağsu rayonundan qeydiyyatdan çıxaraq xx.xx.2021-ci il tarixdə bacısına məxsus yaşayış sahəsi 81 kv.metrdən ibarət 3 otaqlı Sumqayıt şəhəri, 16-cı mkr., ev 100b-də qeydiyyata düşmüşdür. Bildirilmişdir ki, qüvvədə olan Mənzil Məcəlləsinin 52-ci maddəsinə əsasən yaşayış sahəsinə ehtiyacı olan hesab edilmələri ilə nəticələnə biləcək hərəkətlərə yol vermiş vətəndaşlar göstərilən niyyətli hərəkətlərə yol verdikləri gündən beş ildən tez olmayaraq yaşayış sahəsinə ehtiyacı olan qismində uçota götürülə bilər.

Birinci instansiya məhkəməsində icraat

5. İmtina ilə razılaşmayan iddiaçı xx.xx.2022-ci il tarixdə Sumqayıt İnzibati Məhkəməsində iddia qaldıraraq, cavabdeh Sumqayıt şəhər İcra Hakimiyyətinin üzərinə Mənzil təsərrüfatı və mənzillərin uçotu şöbəsində mənzil növbəsinə alınmağını xahiş etmişdir.

6. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, Sumqayıt şəhər sakinidir və 44 günlük vətən müharibəsinin iştirakçısı olmuşdur. Düşmənə qarşı olan döyüşlərdə böyük şücaətlə iştirak etmiş və torpaqların qaytarılması üçün əlindən gələni etmiş və aldığı yaralara görə 3-cü qrup Vətən müharibəsi əlili kimi qeydiyyata alınmışdır. Bununla əlaqədar olaraq və Mənzil Məcəlləsinin müddəalarını rəhbər tutaraq Sumqayıt şəhər İcra Hakimiyyətinə ev qeydiyyatına alınaraq evlə təmin olunması ilə bağlı müraciət etmişdir. Lakin Sumqayıt şəhər İcra Hakimiyyəti Mənzil təsərrüfatı və mənzillərin uçotu şöbəsi Mənzil Məcəlləsinin 52-ci maddəsini rəhbər tutaraq mənzil növbəsinə qeydə alınması ilə bağlı müraciətinə müsbət cavab verməmişdir. Mənzil Məcəlləsinin 52-ci maddəsində göstərilmişdir ki: “Yaşayış sahəsinə ehtiyacı olan qismində uçota durmaq hüququnu əldə etmək niyyəti ilə həmin vətəndaşların yaşayış sahəsinə ehtiyacı olan hesab edilmələri ilə nəticələnə biləcək hərəkətlərə yol vermiş vətəndaşlar göstərilən niyyətli hərəkətlərə yol verdikləri gündən beş ildən tez olmayaraq yaşayış sahəsinə ehtiyacı olan qismində uçota götürülür”. Sumqayıt şəhər İcra Hakimiyyətinin bu qərarına hörmətlə yanaşır, lakin 44 günlük vətən müharibəsində iştirak etməyi və 3-cü qrup Vətən müharibəsi əlili olmağını nəzərə alaraq iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir.

7. Cavabdeh etirazında qeyd etmişdir ki, iddiaçı 3-cü dərəcəli Vətən Müharibəsi əlilidir. O, sakini olduğu Ağsu rayonundan qeydiyyatdan çıxaraq xx.xx.2021-ci il tarixdə bacısına məxsus olan, yaşayış sahəsi 81 kv.metrdən ibarət 3 otaqlı ünvan 1 ünvanına qeydiyyata düşmüşdür. Mənzil Məcəlləsinin 52-ci maddəsinə əsasən yaşayış sahəsinə ehtiyacı olan qismində uçota durmaq hüququnu əldə etmək niyyəti ilə həmin vətədaşların yaşayış sahəsinə ehtiyacı olan hesab edilmələri ilə nəticələnə biləcək hərəkətlərə yol vermiş vətəndaşlar göstərilən niyyəti hərəkətlərə yol verdikləri gündən beş ildən tez olmayaraq yaşayış sahəsinə ehtiyacı olan qismində uçota götürülür. Beləliklə, mövcud qanunvericiliyin tələblərinə uyğun olaraq Sumqayıt şəhərində 5 ildən az olmayaraq qeydiyyatda olan imtiyazlı vətəndaşlar qanuna müvafiq qaydada mənzil növbəsinə alınırlar. Mənzil Məcəlləsinə əsasən mənzil uçotuna alınmış vətəndaşlar yaşayış sahəsi ilə imtiyazları nəzərə alınmaqla növbəlilik qaydasında təmin olunurlar. İddiaçı Sumqayıt şəhərində 5 il daimi qeydiyyat müddəti tamam olmadığından onun tərəfindən mənzil uçotuna alınması ilə bağlı Sumqayıt şəhər İcra hakimiyyətinə daxil olmuş ərizəyə xx.xx.2022-ci il tarixli Ş-068 saylı məktub ilə yazılı imtina cavabı verilmişdir.

Birinci instansiya məhkəməsinin gəldiyi nəticə:

8. Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)-1390/2022 nömrəli, 08 sentyabr 2022-ci il tarixli qərarı ilə iddianın təmin edilərək İddiaçı mənzil təsərrüfatı və mənzillərin uçotu şöbəsində mənzil növbəsinə alınması öhdəliyinin Azərbaycan Respublikası Sumqayıt şəhər İcra Hakimiyyətinin üzərinə qoyulması qərara alınmışdır.

9. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, Sumqayıt şəhərində 5 ildən az olmayaraq qeydiyyatda olan imtiyazlı vətəndaşlar qanuna müvafiq qaydada mənzil növbəsinə alınması ilə bağlı inzibati orqanın inzibati praktikası olsa da, onun diskresion səlahiyyətlərindən istifadə edərək bu praktikaya istisnalar etməsi həmin səlahiyyətlərin məqsədinə uyğun hesab edilə bilər. Belə ki, qanunvericilyə əsasən diskresion səlahiyyətlər əsasında qəbul edilən qərarlar həmin səlahiyyətlərin məqsədinə uyğun olmalıdır. Hazırkı işdə də cavabdeh inzibati orqanın səlahiyyətlərinin məqsədi mənzilə ehtiyacı olan əhalinin həssas təbəqəsinə aid sayılan şəxslərin sosial təminatına yardım edilməsindən ibarətdir. Məhkəmə hesab etmişdir ki, İddiaçı 44 günlük vətən müharibəsinin iştirakçısı olması, döyüşlərdə iştirak etməsi və aldığı yaralara görə 3-cü qrup Vətən müharibəsi əlili olması və digər əsaslarında olması səbəbindən onun mənzil növbəsina alınması cavabdeh inzibati orqanın səlahiyyətlərinin məqsədinə uyğundur.

10. Qərardan narazı qalan cavabdeh apellyasiya şikayəti verərək qərarın ləğv edilməsi və iddianın rədd edilməsi haqqında yeni qərar qəbul edilməsi xahiş etmişdir.

Apellyasiya şikayətinin dəlilləri:

11. Apellyasiya şikayətinin dəlilləri cavabdehin imtinasının və iddia ərizəsinə etirazının dəlilləri ilə eynilik təşkil edir.

Məhkəmə icraatı iştirakçılarının izahatları

12. Məhkəmə kollegiyasının əvvəlki iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək iddianın təmin edilməməsini xahiş etdi.

13. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi.

Tətbiq edilən hüquq

14. Azərbaycan Respublikasının Konstitusiyası: Maddə 16. Sosial inkişaf və dövlət 16.1. Azərbaycan dövləti xalqın və hər bir vətəndaşın rifahının yüksəldilməsi, onun sosial müdafiəsi və layiqli həyat səviyyəsi qayğısına qalır. Maddə 43. Mənzil hüququ ... 43.2. Dövlət yaşayış binalarının və evlərin tikintisinə rəvac verir, insanların mənzil hüququnu gerçəkləşdirmək üçün xüsusi tədbirlər görür.

15. “Hərbi qulluqçuların statusu haqqında” Qanun: Maddə 12. Hərbi qulluqçuların mənzillə və ya fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsilə təmin olunmaq hüququ ... 12.2 (5-ci bənd). Hərbi xidmət vəzifələrinin icrası ilə əlaqədar əlilliyi müəyyən edilmiş və bununla əlaqədar hərbi xidmətdən buraxılmış hərbi qulluqçulara seçdikləri yaşayış yerində mənzil və ya fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsi növbədənkənar verilir.

16. Azərbaycan Respublikası Mənzil Məcəlləsi: Maddə 50.1. Aşağıdakı vətəndaşlar sosial kirayə müqaviləsi əsasında verilən yaşayış sahələrinə ehtiyacı olan (bundan sonra – yaşayış sahəsinə ehtiyacı olan) hesab edilir: Maddə 50.1.1. sosial kirayə müqaviləsinə əsasən kirayəçi və ya sosial kirayə müqaviləsi əsasında kirayəçinin ailə üzvləri və ya yaşayış sahəsinin mülkiyyətçisi və ya yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvləri olmayan vətəndaşlar; Maddə 50.1.2. sosial kirayə müqaviləsinə əsasən kirayəçi və ya sosial kirayə müqaviləsi əsasında kirayəçinin ailə üzvləri və ya yaşayış sahəsinin mülkiyyətçisi və ya yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvləri olan və uçot normasından az ailə üzvlərinin adambaşına düşən yaşayış sahəsinin ümumi sahəsi ilə təmin olunan vətəndaşlar; Maddə 50.1.3. yaşayış sahələri üçün müəyyən edilmiş tələblərə cavab verməyən sahələrdə yaşayan vətəndaşlar; Maddə 50.1.4. bir neçə ailənin yaşadığı mənzildə yaşayan sosial kirayə müqaviləsinə əsasən kirayəçi, kirayəçinin ailə üzvləri, yaşayış sahəsinin mülkiyyətçisi, mülkiyyətçinin ailə üzvləri olan vətəndaşlar (əgər ailənin tərkibində ağır xroniki xəstəliyə düçar olmuş xəstə varsa, bu da bir mənzildə onunla yaşamağı mümkünsüz edirsə və həmin vətəndaşların sosial kirayə müqaviləsi ilə verilən və ya mülkiyyət hüququ əsasında onlara məxsus olan digər yaşayış sahəsi yoxdursa). Maddə 50.2. Vətəndaşın və (və ya) onun ailə üzvlərinin sosial kirayə müqaviləsinə əsasən bir neçə yaşayış sahəsi olduqda və (və ya) mülkiyyət hüququ əsasında qeyd edilən şəxslərə bir neçə yaşayış sahəsi məxsus olduqda, yaşayış sahəsinin ümumi sahəsi ilə təmin olunma səviyyəsi göstərilən bütün yaşayış sahələrinin ümumi sahəsinin cəmi nəzərə alınmaqla müəyyən edilir. Maddə 51.1. Bu Məcəllə ilə müəyyən edilmiş hallar istisna olmaqla, sosial kirayə müqaviləsinə əsasən yaşayış sahələri yaşayış sahələrinə ehtiyacı olan qismində uçota alınmış vətəndaşlara verilir. Maddə 51.2. Yaşayış sahəsinə ehtiyacı olan hesab edilə bilən bu Məcəllənin 48-ci maddəsində göstərilən kateqoriyalardan olan vətəndaşların yaşayış sahəsinə ehtiyacı olan qismində uçota durmaq hüququ vardır. Əgər vətəndaşın göstərilən uçotda bir neçə əsaslara (aztəminatlı vətəndaş və ya qanunvericiliklə müəyyən edilən digər kateqoriyaya aid vətəndaş kimi) görə durmaq hüququ varsa, həmin vətəndaş özünün mülahizəsinə görə göstərilən əsaslardan biri üzrə və ya bütün əsaslar üzrə uçota alına bilər. Maddə 53.1. Yaşayış sahəsinə ehtiyacı olan vətəndaş qismində uçota almaqdan imtinaya aşağıdakı hallarda yol verilir: 53.1.1. bu Məcəllənin 51.4-cü maddəsində nəzərdə tutulmuş sənədlər təqdim edilmədikdə; 53.1.2. müvafiq vətəndaşın yaşayış sahəsinə ehtiyacı olan qismində uçota durmaq hüququnu təsdiq etməyən sənədlər təqdim edildikdə; 53.1.3. bu Məcəllənin 52-ci maddəsi ilə nəzərdə tutulmuş müddət bitmədikdə. 53.2. Uçota alınmaqdan imtina haqqında qərar bu Məcəllənin 53.1-ci maddəsində nəzərdə tutulmuş hallara mütləq istinad edilməklə əsaslandırılmalıdır. 53.3. Uçota alınmaqdan imtina haqqında qərar onun qəbul edildiyi gündən üç iş günü müddətində uçota alınma haqqında müvafiq ərizə vermiş vətəndaşa təqdim edilir və ya göndərilir və həmin qərardan onun tərəfindən məhkəmə qaydasında şikayət verilə bilər. Maddə 52. yaşayış sahəsinə ehtiyacı olan qismində uçota durmaq hüququnu əldə etmək niyyəti ilə həmin vətədaşların yaşayış sahəsinə ehtiyacı olan hesab edilmələri ilə nəticələnə biləcək hərəkətlərə yol vermiş vətədaşlar göstərilən niyyəti hərəkətlərə yol verdikləri gündən beş ildən tez olmayaraq yaşayış sahəsinə ehtiyacı olan qismində uçota götürülür.

17. Mülki Məcəllə Maddə 27. Fiziki şəxsin yaşayış yeri 27.1. Fiziki şəxsin adətən yaşadığı yer onun yaşayış yeri sayılır. Şəxsin bir neçə yaşayış yeri ola bilər.

18. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanun Maddə 2. Yaşayış yeri və olduğu yer anlayışları Şəxsin yaşayış yeri — tam həcmdə fəaliyyət qabiliyyətli şəxsin mülkiyyətçi kimi icarə və kirayə müqaviləsi üzrə, yaxud Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslarla daimi və ya daha çox yaşadığı ev, mənzil, xidməti yaşayış sahəsi, yataqxana, ahıllar və əlilliyi olan şəxslər üçün sosial xidmət müəssisələri, xüsusi təhsil müəssisələri və digər bu kimi yaşayış yerləri başa düşülür.

19. Azərbaycan Respublikası Mənzil Məcəlləsi: Maddə 48. Sosial kirayə müqaviləsi əsasında verilən yaşayış sahələri 48.1. Sosial kirayə müqavilələri əsasında bu Məcəllə ilə və digər qanunvericilik aktları ilə müəyyən edilmiş əsaslarla yaşayış sahələrinə ehtiyacı olan hesab edilən aztəminatlı vətəndaşlara, o cümlədən sosial müdafiəyə ehtiyacı olan aztəminatlı gənclərə dövlət və ya bələdiyyə mənzil fondunun yaşayış sahələri verilir. 48.2. Qanunla başqa qayda nəzərdə tutulmayıbsa, dövlət və ya bələdiyyə mənzil fondunun yaşayış sahələri sosial kirayə müqavilələri əsasında göstərilən kateqoriyalardan olan vətəndaşlara bu Məcəllədə müəyyənləşdirilmiş qaydada verilir. Maddə 50.1. Aşağıdakı vətəndaşlar sosial kirayə müqaviləsi əsasında verilən yaşayış sahələrinə ehtiyacı olan (bundan sonra – yaşayış sahəsinə ehtiyacı olan) hesab edilir: Maddə 50.1.1. sosial kirayə müqaviləsinə əsasən kirayəçi və ya sosial kirayə müqaviləsi əsasında kirayəçinin ailə üzvləri və ya yaşayış sahəsinin mülkiyyətçisi və ya yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvləri olmayan vətəndaşlar; Maddə 50.1.2. sosial kirayə müqaviləsinə əsasən kirayəçi və ya sosial kirayə müqaviləsi əsasında kirayəçinin ailə üzvləri və ya yaşayış sahəsinin mülkiyyətçisi və ya yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvləri olan və uçot normasından az ailə üzvlərinin adambaşına düşən yaşayış sahəsinin ümumi sahəsi ilə təmin olunan vətəndaşlar; Maddə 50.1.3. yaşayış sahələri üçün müəyyən edilmiş tələblərə cavab verməyən sahələrdə yaşayan vətəndaşlar; Maddə 50.1.4. bir neçə ailənin yaşadığı mənzildə yaşayan sosial kirayə müqaviləsinə əsasən kirayəçi, kirayəçinin ailə üzvləri, yaşayış sahəsinin mülkiyyətçisi, mülkiyyətçinin ailə üzvləri olan vətəndaşlar (əgər ailənin tərkibində ağır xroniki xəstəliyə düçar olmuş xəstə varsa, bu da bir mənzildə onunla yaşamağı mümkünsüz edirsə və həmin vətəndaşların sosial kirayə müqaviləsi ilə verilən və ya mülkiyyət hüququ əsasında onlara məxsus olan digər yaşayış sahəsi yoxdursa). Maddə 50.2. Vətəndaşın və (və ya) onun ailə üzvlərinin sosial kirayə müqaviləsinə əsasən bir neçə yaşayış sahəsi olduqda və (və ya) mülkiyyət hüququ əsasında qeyd edilən şəxslərə bir neçə yaşayış sahəsi məxsus olduqda, yaşayış sahəsinin ümumi sahəsi ilə təmin olunma səviyyəsi göstərilən bütün yaşayış sahələrinin ümumi sahəsinin cəmi nəzərə alınmaqla müəyyən edilir. Maddə 51.1. Bu Məcəllə ilə müəyyən edilmiş hallar istisna olmaqla, sosial kirayə müqaviləsinə əsasən yaşayış sahələri yaşayış sahələrinə ehtiyacı olan qismində uçota alınmış vətəndaşlara verilir. Maddə 51.2. Yaşayış sahəsinə ehtiyacı olan hesab edilə bilən bu Məcəllənin 48-ci maddəsində göstərilən kateqoriyalardan olan vətəndaşların yaşayış sahəsinə ehtiyacı olan qismində uçota durmaq hüququ vardır. Əgər vətəndaşın göstərilən uçotda bir neçə əsaslara (aztəminatlı vətəndaş və ya qanunvericiliklə müəyyən edilən digər kateqoriyaya aid vətəndaş kimi) görə durmaq hüququ varsa, həmin vətəndaş özünün mülahizəsinə görə göstərilən əsaslardan biri üzrə və ya bütün əsaslar üzrə uçota alına bilər. Maddə 52. Yaşayış sahəsinə ehtiyacı olan qismində uçota durmaq hüququnu əldə etmək niyyəti ilə həmin vətədaşların yaşayış sahəsinə ehtiyacı olan hesab edilmələri ilə nəticələnə biləcək hərəkətlərə yol vermiş vətədaşlar göstərilən niyyəti hərəkətlərə yol verdikləri gündən beş ildən tez olmayaraq yaşayış sahəsinə ehtiyacı olan qismində uçota götürülür. Maddə 53.1. Yaşayış sahəsinə ehtiyacı olan vətəndaş qismində uçota almaqdan imtinaya aşağıdakı hallarda yol verilir: 53.1.1. bu Məcəllənin 51.4-cü maddəsində nəzərdə tutulmuş sənədlər təqdim edilmədikdə; 53.1.2. müvafiq vətəndaşın yaşayış sahəsinə ehtiyacı olan qismində uçota durmaq hüququnu təsdiq etməyən sənədlər təqdim edildikdə; 53.1.3. bu Məcəllənin 52-ci maddəsi ilə nəzərdə tutulmuş müddət bitmədikdə. 53.2. Uçota alınmaqdan imtina haqqında qərar bu Məcəllənin 53.1-ci maddəsində nəzərdə tutulmuş hallara mütləq istinad edilməklə əsaslandırılmalıdır. 53.3. Uçota alınmaqdan imtina haqqında qərar onun qəbul edildiyi gündən üç iş günü müddətində uçota alınma haqqında müvafiq ərizə vermiş vətəndaşa təqdim edilir və ya göndərilir və həmin qərardan onun tərəfindən məhkəmə qaydasında şikayət verilə bilər.

20. Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin və şəhid ailələrinin sosial-məişət şəraitinin yaxşılaşdırılması ilə bağlı bir sıra tədbirlər haqqında Azərbaycan Respublikasının Prezidentinin 25 yanvar 2021-ci il tarixli, 2449 nömrəli Sərancamı Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin və şəhid ailələrinin sosial-məişət şəraitini yaxşılaşdırmaq məqsədilə qərara alıram:

1. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi aşağıdakı şəxslərin (ailələrin) 2021–2025-ci illər ərzində mərhələlərlə mənzil və ya fərdi evlə təmin edilməsi üçün Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla tədbirlər planını təsdiq edib həyata keçirsin: ... 1.2. yerli icra hakimiyyəti orqanlarında yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınmış və 2020-ci ildə aparılan hərbi əməliyyatlar zamanı Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin, konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər və şəhid ailələri.

2. Yerli icra hakimiyyəti orqanları: 2.1. bu Sərəncamın 1.1-ci və 1.2-ci bəndlərində göstərilən şəxslər barədə məlumatları Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə təqdim etsinlər;

21. “İnzibati icraat haqqında” Qanun: Maddə 19.1 İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır.

22. İnzibati Prosessual Məcəllə: Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 34.1. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Maddə 52. Məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə 69.4. Məhkəmə qərarının əsaslandırma hissəsində qərar qəbul edərkən məhkəmənin əsaslandığı faktiki hallar və sübutlar, istinad etdiyi normativ hüquqi aktlar və onların qiymətləndirilməsi göstərilməlidir. Cavabdehin iddianı qəbul etdiyi hallarda, qərarın əsaslandırma hissəsində yalnız iddianın cavabdeh tərəfindən qəbul edildiyi onun məhkəmə tərəfindən təsdiq olunduğu göstərilə bilər. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər.

Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri

23. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2022-ci il tarixli qərardadı ilə apellyasiya şikayəti mümkün sayılmışdır. Apelyasiya şikayətində birinci instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır.

Apellyasiya instansiyasi məhkəməsinin mövqeyi

24. Məhkəmə kollegiyası işdə iştirak edən şəxslərin izahatını dinləyərək, iş materiallarını araşdırıb, apellyasiya şikayətinin dəlillərinə qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilməlidir.

25. Hazırkı mübahisənin predmetini cavabdehin iddiaçını mənzil uçotuna götürülməsindən imtinası təşkil edir.

26. Cavadehin imtinasının, habelə iddiaya etirazının və apellyasiya şikayətinin əsas dəlilləri iddiaçının Ağsu rayonundan qeydiyyatdan çıxaraq xx.xx.2021-ci il tarixdə Sumqayıt şəhərində yerləşən ünvana qeydiyyata düşməsi, mövcud qanunvericiliyin tələblərinə uyğun olaraq Sumqayıt şəhərində 5 ildən az olmayaraq qeydiyyatda olan imtiyazlı vətəndaşlar qanuna müvafiq qaydada mənzil növbəsinə alınması, Mənzil Məcəlləsinə əsasən mənzil uçotuna alınmış vətəndaşların yaşayış sahəsi ilə imtiyazları nəzərə alınmaqla növbəlilik qaydasında təmin olunması və iddiaçının Sumqayıt şəhərində 5 il daimi qeydiyyat müddəti tamam olmadığından onun mənzil uçotuna alınması ilə bağlı ərizəsinə imtina cavabı verilməsi ilə bağlıdır.

27. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsi iddianın təmin edilməli olması ilə bağlı gəldiyi hüquqi nəticə ilə razılaşmaqla əlavə olaraq aşağıdakıları qeyd etməyi zəruri hesab edir.

28. Belə ki, “Hərbi qulluqçuların statusu haqqında” Qanunun 12-ci maddəsinin 2-ci bəndinin sonuncu abzası Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin müdafiəsi ilə əlaqədar üçüncü dərəcə əlilliyi müəyyən edilmiş şəxs kimi iddiaçının məhz seçdiyi yaşayış yerində mənzillə növbədənkənar təmin olunmasını nəzərdə tutur. Bu hüququn reallaşdırılması üçün isə iddiaçının mənzil qanunvericiliyinin tələblərinə uyğun olaraq yaşayış sahəsinə ehtiyacı olan qismində uçota götürülməsi zəruridir. İddiaçı da məhz bu hüququnun reallaşdırılması məqsədi ilə 2006-cı ildən yaşadığını iddia etdiyi Sumqayıt şəhərində yaşayış yeri üzrə qeydiyyata alınmış və yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınması üçün cavabdehə müraciət etmişdir.

29. İlk növbədə qeyd olunmalıdır ki, Mülki Məcəllənin 27.1-ci maddəsinə əsasən, fiziki şəxsin adətən yaşadığı yer onun yaşayış yeri sayılır. Şəxsin bir neçə yaşayış yeri ola bilər. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 2-ci maddəsinə görə, şəxsin yaşayış yeri dedikdə tam həcmdə fəaliyyət qabiliyyətli şəxsin mülkiyyətçi kimi, icarə və kirayə müqaviləsi üzrə, yaxud Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslarla daimi və ya daha çox yaşadığı ev, mənzil, xidməti yaşayış sahəsi, yataqxana, ahıllar və əlilliyi olan şəxslər, o cümlədən sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlar üçün sosial xidmət müəssisələri, xüsusi təhsil müəssisələri və digər bu kimi yaşayış yerləri başa düşülür. Həmin Qanunun 5-ci maddəsinə uyğun olaraq, vətəndaşın yaşayış yeri üzrə qeydiyyata alınması dedikdə, ona ilk dəfə şəxsiyyət vəsiqəsi verilərkən və ya yaşayış yerini dəyişdirmiş vətəndaşın yeni yaşayış yerinə gəldikdən sonra müvafiq icra hakimiyyəti orqanı tərəfindən qeydiyyata alınması başa düşülür. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun müddəalarından aydın olur ki, qanunverici hər bir şəxsin yaşadığı və olduğu yerin müəyyən olunması üçün əsas diqqəti şəxsin daimi və ya müvəqqəti yaşamaq üçün seçdiyi ünvan üzrə qanunla müəyyən olunmuş qaydada qeydiyyatdan keçmək zərurətinə yönəldir. Həmin Qanunun 1-ci maddəsinə əsasən, yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın məqsədi Azərbaycan Respublikasında yaşayan şəxslərin uçota alınması, onların başqa şəxslər, dövlət və cəmiyyət qarşısında vəzifələrinin icra edilməsi, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsi (sosial müdafiə, pensiya təminatı, hərbi xidmətə çağırış, məhkəmə qərarlarının icrası və s.) üçün zəruri şərait yaratmaqdır. Lakin qeyd olunmalıdır ki, bu Qanunun göstərilən məqsədi şəxslərin yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alınmasını onların özünə başqa yaşayış yerini azad seçmək hüququnu məhdudlaşdıran əsas kimi nəzərdə tutmur.

30. Məhkəmə kollegiyasının iclasında verdiyi izahatında iddiaçı 2006-cı ildən Sumqayıt şəhərində müxtəlif ünvanlarda kirayə yaşadığını, Binəqədi rayonunda neft şirkətində işlədiyini, övladlarının da Sumqayıt şəhərində anadan olduğunu və orta məktəbə getdiklərini bildirmiş, habelə hazırda əlilliyi ilə əlaqədar mütəmadi müalicə aldığını və bununla əlaqədar olaraq qeydiyyatda olduğu rayona daimi olaraq gedib-gələ bilmədiyini, buna görə də 2021-ci il tarixdə Sumqayıt şəhərində yaşayış yeri üzrə qeydiyyata alındığını bildirmişdir.

31. İddiaçının məhkəmə kollegiyasına təqdim etdiyi doğum haqqında şəhadətnamələrin təsdiq edilmiş surətlərindən və arayışlardan görünür ki, onun övladları xx.xx.2011-ci il təvəllüdlü X1 və xx.xx.2013-cü il təvəllədlü X3 oğlu Sumqayıt şəhərində anadan olmuş, anadan olduqları vaxtdan yaşayış yeri üzrə Sumqayıt şəhərində 2№-li ailə sağlamlıq mərkəzində qeydiyyatdadırlar və hazırda da Sumqayıt şəhəri N.Tusi adına 12 nömrəli tam orta məktəbdə təhsil alırlar. Eyni zamanda iddiaçının əmək kitabçasının surətindən də görünür ki, o uzun müddətdir (xx.xx.2010-cu il tarixdən) “X4”də işləyir.

32. Qeyd olunmalıdır ki, yaşayış sahəsinə ehtiyacı olan vətəndaş qismində uçota almaqdan imtinanın əsasları Mənzil Məcəlləsinin 53.1-ci maddəsində konkret olaraq müəyyən edilmiş, lakin cavabdeh iddiaçıya münasibətdə həmin əsaslardan hər-hansı birinə istinad etməmiş, bununla bağlı nə imtinasında, nə də etiraz və apellyasiya şikayətində hər-hansı dəlil irəli sürməmiş, sübutlar təqdim etməmişdir. Cavabdehin istinad etdiyi yeganə hal Mənzil Məcəlləsinin “Vətəndaşlar tərəfindən yaşayış şəraitinin qəsdən pisləşdirilməsinin nəticələri “ adlanan 52-ci maddəsində nəzərdə tutulmuş haldır ki, həmin normaya görə də yaşayış sahəsinə ehtiyacı olan qismində uçota durmaq hüququnu əldə etmək niyyəti ilə həmin vətədaşların yaşayış sahəsinə ehtiyacı olan hesab edilmələri ilə nəticələnə biləcək hərəkətlərə yol vermiş vətədaşlar göstərilən niyyəti hərəkətlərə yol verdikləri gündən beş ildən tez olmayaraq yaşayış sahəsinə ehtiyacı olan qismində uçota götürülür. Lakin, kollegiya qeyd edir ki, iddiaçı həmin normada nəzərdə tutulmuş “...uçota durmaq hüququnu əldə etmək niyyəti ilə ...yaşayış sahəsinə ehtiyacı olan hesab edilməsi ilə nəticələnə biləcək hərəkətə” (məsələn mülkiyyətində olan mənzili satmaq, bağışlamaq və digər qaydada özgəninkiləşdirmək və s.) yol verməmiş, əksinə “Hərbi qulluqçuların statusu haqqında” Qanunun yuxarıda istinad edilən normasında nəzərdə tutulmuş seçdiyi yaşayış yerində mənzillə növbədənkənar təmin olunmaq hüququnu realizə etmək üçün uzun müddətdir yaşadığı, övladlarının anadan olduğu və təhsil aldığı Sumqayıt şəhərinə yayşayış yeri üzrə qeydiyyata alınmışdır.

33. Kollegiya qeyd edir ki, cavabdehin Mənzil Məcəlləsinin 52-ci maddəsinə istinad etməklə iddiaçının tələbinin təmin edilməsindən imtina etməsi onun Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxs kimi qanunvericiliklə təminat verilən konstitusion mənzil hüququnu məhdudlaşdırılmışdır.

34. İşin yuxarıda qeyd edilən hallarını, iddiaçının 44 günlük vətən müharibəsinin iştirakçısı olmaqla döyüşlərdə xəsarət alaraq üçüncü dərəcə Vətən müharibəsi əlili olmasını, onun özünün uzun müddət Sumqayıt şəhərində yaşamasını və övladlarının da həmin şəhərdə doğularaq hazırda orta məktəbdə təhsil almalarını nəzərə alan kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi iddanın təmin edilməsi ilə bağlı düzgün və ədalətli nəticəyə gəlmişdir.

35. Bununla yanaşı kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi qərarın nəticə hissəsində iddiaçının “... mənzil təsərrüfatı və mənzillərin uçotu şöbəsində mənzil növbəsinə alınması öhdəliyinin” cavabdehin üzərinə qoyulmasını göstərməklə düzgün nəticəyə gəlməmişdir. Belə ki, İPM-nin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. İşin yuxarıda qeyd edilən hallarından göründüyü kimi iddiaçının hüquqi marağı Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxs kimi mənzillə təmin olunmaq üçün yerli icra hakimiyyəti orqanlarında yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınmaq olmuşdur və cavabdeh də onun məhz bu qisimdə uçota almaqdan imtina etmişdir. Belə olan halda iddiaçının “mənzil təsərrüfatı və mənzillərin uçotu şöbəsində mənzil növbəsinə” deyil, “yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınması” öhdəliyi cavabdehin üzərinə qoyulmalıdır.

36. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilməli, apellyasiya şikayəti təmin olunmamalıdır.

37. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

QƏRARA ALDİ:

Apelyasiya şikayəti təmin edilməsin. Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)-1390/2022 nömrəli, 08 sentyabr 2022-ci il tarixli qərarı dəyişdirilsin. İddiaçı yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınması öhdəliyi cavabdeh Sumqayıt şəhər İcra Hakimiyyətinin üzərinə qoyulsun. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti, 70) vasitəsilə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar