Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(105)-684/2024 07.11.2024 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Babayeva Hökümə Çingiz qızı (sədrlik edən və məruzəçi), Axundov Toğrul Bəhruz oğlu və Hacıyev Vahid Məcid oğlundan ibarət tərkibdə, X10 qızının katibliyi, İddiaçının nümayəndəsi (vəkili) X3, Cavabdehin nümayəndələri X1 və X2 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 4 saylı Abşeron Ərazi İdarəsinə qarşı “torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydə alınması və müvafiq çıxarışın verilməsi” tələbinə dair inzibati mübahisə üzrə Sumqayıt İnzibati Məhkəməsinin 18 mart 2024-cü il tarixli, 2-1(118)-532/2024 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ: İddiaçı ərizə ilə Abşeron rayonu Digah bələdiyyəsinə müraciət edərək, ona torpaq sahəsinin ayrılmasını xahiş etmiş və 14 may 2004-cü il tarixli, CÜX seriyalı, 32 nömrəli ödəniş qəbzinə əsasən onun tərəfindən bələdiyyənin hesabına 840000 (səkkiz yüz qırx min) manat məbləğində pul ödənilmişdir. Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Abşeron rayon şöbəsinin rəyinə əsasən Abşeron rayon Digah bələdiyyəsinin ərazisində yerləşən 0,10 ha torpaq sahəsinin İddiaçı görə ayrılmasına etiraz edilməmişdir. Abşeron rayonu Digah bələdiyyə şurasının 21 may 2004-cü il tarixli, 19/1 nömrəli qərarı ilə İddiaçı bələdiyyə torpaqlarının baş planına əsasən 0,10 ha torpaq sahəsinin ayrılması qərara alınmışdır. Digah bələdiyyəsinin nümayəndəsi ilə İddiaçı arasında 25 may 2004-cü il tarixdə “Torpaqların alqı-satqısına dair” akt imzalanmış, həmçinin, 21 may 2004-cü il tarixdə ayrılan 0,10 ha torpaq sahəsi Digah bələdiyyəsinin yerquruluşu planından çıxarışda (1:10000 miqyasında) göstərilmişdir. 25 may 2004-cü il tarixli təhvil-təslim aktına əsasən Digah bələdiyyəsinin qərarı ilə ayrılmış 0,10 ha torpaq sahəsi Digah qəsəbəsinin Baş İnkişaf Planı əsasında fərdi yaşayış evlərinin tikintisi üçün ayrılan həyətyanı torpaq sahəsindən yerində ölçüb nişangahlar qoyduqdan sonra İddiaçı təhvil verilmiş və sonuncu tərəfindən qəbul edilmişdir. Ə.İddiaçı ərizə ilə Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 4 saylı Abşeron Ərazi İdarəsinə ərizə ilə müraciət edərək, Abşeron rayon Digah bələdiyyəsinin ərazisində yerləşən 0,10 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması xahiş etmişdir. İnzibati orqan 30 aprel 2023-cü il tarixli, 3-21-3-32/2-Ə-0325-8/2022 nömrəli məktubu ilə müraciətin icrasından imtina etmişdir. İmtina onunla əsaslandırılmışdır ki, aparılan araşdırma zamanı Digah bələdiyyəsi tərəfindən vətəndaşa 0,10 ha torpaq sahasinin 21 may 2004-cü il tarixində 19/1 nömrəli qərarla ayrıldığı halda, alqı-satqı aktının qanunamüvafiq qaydada təsdiq olunmadığı, sözügedən sənədlərin arxiv arayışının hazırkı müraciətə əlavə olunmadığı, müraciət üzrə əlavə edilmiş Abşeron rayonu Digah bələdiyyəsinin yerguruluşu planından çıxarışın qanunamüvafiq qaydada (ləğv edilmiş DT və XK-nin Abşeron rayon şöbəsinin möhürü ilə) təsdiqlənmədiyi, bundan başqa tərəflərindən baxış keçirilmiş ərazidə yerləşən torpaq sahəsinin başqa şəxsə torpağın mülkiyyətə verilməsinə dair JN-1265A nömrəli şəhadətnamə ilə məxsus olan torpaq sahəsi ilə üst-üstə düşdüyü, həmçinin sözügedən torpaq sahəsinin bir hissəsinin Digah- Qaradağ magistral qaz xəttinin, bir hissəsinin isə yüksək gərginlikli elektrik xəttinin (110 KVT) mühafizə zolağında yerləşdiyi müəyyən olunmuşdur. Verilən imtina cavabı ilə razılaşmayan İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 4 saylı Abşeron Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək, Abşeron rayon Digah bələdiyyəsinin 21 may 2004-cü il tarixdə 19/1 nömrəli qərarı əsasında ona ayrılmış və Digah bələdiyyəsinin ərazisində yerləşən 0,10 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması və reyestrdən çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını məhkəmədən xahiş etmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ: a) Birinci instansiya məhkəməsindəki icraat İddia tələbi onunla əsaslandırılmışdır ki, Abşeron rayonu, Digah qəsəbəsində yerləşən 0,10 ha torpaq sahəsi uzun müddətdir ki, iddiaçının faktiki istifadəsində və sahibliyindədir. Həmin torpaq sahəsi iddiaçıya 21 may 2004-cü il tarixdə 19/1 nömrəli qərarla Digah bələdiyyəsi tərəfindən ayrılmışdır. Qeyd olunan torpaq sahəsi üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınmasına zərurət yaranmışdır. Odur ki, iddiaçı tərəfindən torpaq sahəsinin sənədləşdirilməsi ilə əlaqədar cavabdehə ərizə ilə müraciət edilmiş, həmçinin, bütün hüquqmüəyyənedici sənədlər ərizəyə əlavə edilmişdir. Cavabdeh tərəfindən ərizəsi təmin edilməmişdir. Hesab edir ki, cavabdehin imtinası əsassız və qanunsuz olmaqla, iddiaçının daşınmaz əmlak üzərində mülkiyyət hüquqlarının əldə edilməsinə maneçilik törədir. Belə ki, Abşeron rayon Digah bələdiyyəsinin 21 may 2004-cü il tarixdə 19/1 nömrəli qərarı Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun 8-ci maddəsində göstərilmiş əsaslardan biri hesab olunur. Cavabdeh iddia ərizəsinə yazılı etiraz edərək etirazı imtina məktubu ilə eyni məzmunda əsaslandırmışdır. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: Sumqayıt İnzibati Məhkəməsinin 18 mart 2024-cü il tarixli, 2-1(118)-532/2024 nömrəli qərarı ilə iddia təmin edilərək, Abşeron rayon Digah bələdiyyəsinin 21 may 2004-cü il tarixdə 19/1 nömrəli qərarı əsasında Abşeron rayon Digah bələdiyyəsinin ərazisində ayrılmış 0,10 ha torpaq sahəsi üzərində iddiaçının mülkiyyət hüququnun qeydə alınaraq dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyi cavabdehin üzərinə qoymuşdur (hakim Vəfa Əzizova). Məhkəmə qərarını onunla əsaslandırmışdır ki, cavabdehin imtinasının dəlilləri kimi göstərilmiş torpaqların alqı-satqısına dair aktın qanunauyğun qaydada təsdiq olunmadığı, arxiv arayışının müraciətə əlavə olunmaması, torpaq sahəsinin yerquruluşu planından çıxarışın DTXK-nin Abşeron rayon şöbəsinin möhürü ilə təsdiqlənməməsi iddiaçıya mülkiyyət hüququnun qeydə alınmasından imtina üçün əsas ola bilməz. Həmin sənədlərin tərtibatı müvafiq orqanların səlahiyyətlərinə aid olmuşdur. Hazırda iddiaçı bu səbəblərdən mülkiyyət hüququndan məhrum edilə bilməz. Cavabdehin imtina cavabında göstərdiyi iddiaçıya ayrılmış torpaq sahəsinin koordinatlarının başqa şəxsə verilmiş şəhadətnamədə göstərilən koordinatları ilə üst-üstə düşməsi və torpaq sahəsinin bir hissəsinin yüksək gərginlikli elektrik xəttinin mühafizə zolağında yerləşməsi barədə dəlilləri məhkəmə araşdırması zamanı alınmış mütəxəssis rəyi ilə təkzib edilmişdir. Cavabdehin iddia müddəti ilə bağlı dəlilinə münasibətdə məhkəmə qeyd edir ki, hazırki iddia öhdəliyin icrası növündə baxılan iddialara aiddir və inzibati prosessual qanunvericilikdə bu növ iddialar üçün iddia müddəti nəzərdə tutulmamışdır. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək, iddianın rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a) Apellyasiya şikayətinin dəlilləri Cavabdeh apellyasiya şikayətini imtina məktubu və iddia ərizəsinə etirazla eyni məzmunda əsaslandırmışdır. b) Apellyasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi X4 apellyasiya şikayətini müdafiə edərək, izahatında əlavə olaraq bildirmişdir ki, Abşeron rayon Digah bələdiyyəsinin 21 may 2004-cü il tarixdə 19/1 nömrəli qərarının arxiv arayışının alınması üçün tərəflərindən Dövlət Arxivinə sorğu verilsə də, tələb olunan sənədlər təqdim edilməmişdir. Bələdiyyə qərarı ilə bağlı Digah bələdiyyəsinin özünə sorğu verilməmişdir. Cavabdehin nümayəndəsi şikayətin təmin edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi X6 apellyasiya şikayətini müdafiə edərək, şikayətin təmin edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi (vəkili) apellyasiya şikayətinin dəlillərini qəbul etməyərək iddia ərizəsi ilə eyni məzmunda izahat verərək şikayətin təmin edilməməsini xahiş etmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ: Azərbaycan Respublikasının Konstitusiyası: Maddə 13. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. Maddə 29. Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikasının Torpaq Məcəlləsi: Maddə 8. Torpaq münasibətlərinin tənzimlənməsi sahəsində bələdiyyələrin səlahiyyətləri. Torpaq münasibətlərinin tənzimlənməsi sahəsində bələdiyyələrin öz inzibati əraziləri daxilində səlahiyyətləri aşağıdakılardır: qanunvericiliklə müəyyən olunmuş qaydada bələdiyyə mülkiyyətində olan torpaqlara sahiblik, onlardan istifadə və həmin torpaqlar barədə sərəncam verilməsi; qanunvericiliklə müəyyən edilmiş qaydada bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin mülkiyyətə, istifadəyə və icarəyə verilməsi; “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikasının Qanunu: (bələdiyyə qərarı qəbul edilərkən qüvvədə olan redaksiyası) Maddə 6.1. Bələdiyyə mülkiyyətində olan torpaqlar Azərbaycan Respublikasının torpaq qanunvericiliyinə, "Bələdiyyələrin əraziləri və torpaqları haqqında" Azərbaycan Respublikasının Qanununa və torpaq münasibətlərini tənzimləyən digər normativ hüquqi aktlara uyğun olaraq mülkiyyətə, istifadəyə və icarəyə verilir. Maddə 6.2. Bələdiyyə mülkiyyətində olan torpaqların hər hansı hüquqla hüquqi və fiziki şəxslərə verilməsi bələdiyyələrin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. Müqavilədə tərəflərin hüquqları və vəzifələri, torpaq sahəsinin hüquqi statusu, öhdəliklər, servitutlar və digər məhdudiyyətlər, müqaviləyə xitam verilməsinin əsasları və torpaqların istifadəsi və mühafizəsi üzrə başqa şərtlər nəzərdə tutulur. Maddə 6.5 Torpaq sahəsinin mülkiyyətə, istifadəyə və icarəyə verilməsi bələdiyyələrin qərarı ilə sahənin xüsusiyyətinə və torpağın ayrılma məqsədinə, mövcud texniki normalara, habelə yerquruluşu və şəhərsalma sənədlərinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanlarının rəyi alındıqdan sonra torpaqayırma qaydasında həyata keçirilir. Torpaqayırma sənədlərinin hazırlanması və razılaşdırılması qaydaları Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən təsdiq edilən əsasnamə ilə tənzimlənir. Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 4 may tarixli 516 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti haqqında” Əsasnamə: 1.1. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti (bundan sonra — Xidmət) daşınmaz əmlakın dövlət reyestrinin (bundan sonra — dövlət reyestri) tərtib edilməsini və aparılmasını təmin edən icra hakimiyyəti orqanıdır. 2.0. Xidmətin fəaliyyət istiqamətləri aşağıdakılardır: 2.0.1. dövlət reyestrində daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatının (bundan sonra — hüquqların dövlət qeydiyyatı) həyata keçirilməsini təmin edir; 2.0.2. daşınmaz əmlakın dövlət reyestrini tərtib edir və aparır; ... Azərbaycan Respublikası iqtisadiyyat nazirinin 28 oktyabr 2021-ci il tarixli F- 144 nömrəli əmri ilə təsdiq edilmiş “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin nizamnaməsi” 1.1. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin (bundan sonra Xidmət) tabeliyində Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri (bundan sonra - DƏDKR) daşınmaz əmlakın dövlət reyestrinin (bundan sonra - dövlət reyestri), daşınmaz əmlakın vahid dövlət kadastrının (bundan sonra - dövlət kadastrı), dövlət torpaq kadastrının tərtibi və aparılması, ünvan reyestrinin, yerquruluşu və xüsusi (sahəvi) təyinatlı geodeziya işlərinin aparılması sahəsində (bundan sonra – müvafiq sahə) fəaliyyət göstərən Azərbaycan Respublikası Prezidentinin 26 iyun 2021-ci il tarixli 1382 nömrəli Fərmanı ilə Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin və Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin əsasında Xidmətin tabeliyində yaradılmış publik hüquqi şəxsdir. DƏDKR-nin fəaliyyət istiqamətləri 2.0. DƏDKR-in fəaliyyət istiqamətləri aşağıdakılardır: 2.0.1. dövlət reyestrini tərtib etmək və aparmaq, dövlət reyestrində daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatını (bundan sonra - hüquqların dövlət qeydiyyatı) həyata keçirmək; ... “İnzibati icraat haqqında” Qanun: Maddə 2.0.8. qarşılıqlı etimad - inzibati orqanla fiziki və ya hüquqi şəxs arasındakı qarşılıqlı münasibətlərdə müəyyən qanuni hərəkətlərə və ya inzibati praktikaya əsaslanan inam; Maddə 11.1. İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. Maddə 13.1. İnzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. Maddə 15.1. Qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır. Maddə 15.2. Qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz. Maddə 15.3. İnzibati orqanlar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunmuş sənədlərdə yazı və hesab zamanı yol verilmiş aşkar və düzəldilməsi mümkün olan səhvlərə görə həmin sənədləri qəbul etməkdən imtina edə bilməz. Maddə 17. Fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Maddə 19.1 İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Maddə 64.2 İnzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır. “Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarət haqqında” Qanun. Bu Qanun Azərbaycan Respublikasında bələdiyyələrin fəaliyyətinə inzibati nəzarətin həyata keçirilməsinin hüquqi əsaslarını müəyyən edir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 2. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı 2.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. 2.2. Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində (bundan sonra - dövlət reyestri) aparılır. Maddə 15. Hüquqların dövlət qeydiyyatından imtina 15.1. Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. ... Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 10 iyun tarixli, 103 nömrəli Qərarı ilə təsdiq edilmiş “Gərginliyi 1000 voltdan yuxarı olan elektrik şəbəkələrinin mühafizəsi Qaydaları”: 6-cı bənd. Elektrik şəbəkələrinin mühafizə zonalarına daxil olan torpaq sahələri torpaq mülkiyyətçisinin və yaxud istifadəçisinin istifadəsində qalır və onlar tərəfindən bu Qaydaların tələblərinə riayət edilməklə, kənd təsərrüfatı və digər işlərin aparılması məqsədi ilə istifadə oluna bilər. 12-ci bənd. Elektrik şəbəkələrinin mühafizə zonalarında həmin şəbəkələrin istismarçılarının və yaxud mülkiyyətçilərinin rəsmi razılığı olmadan aşağıda göstərilən işlərin yerinə yetirilməsi qadağandır: a) binaların və qurğuların tikintisi, quraşdırılması, təmiri, yenidən qurulması və sökülməsi; b) hər növ dağ-mədən işləri, yükləmə-boşaltma (dənizdə, çayda, göldə və s.), dibdərinlətmə, torpaqqazma, partladılma, meliorasiya işlərinin görülməsi, ağac və kol əkilməsi, qırılması, budanması, çöl düşərgələrinin qurulması, mal-qaranın yerləşdirilməsi, çəpər çəkilməsi, üzümlük və bağlar üçün dayaqların quraşdırılması, kənd təsərrüfatı bitkilərinin suvarılması; c) sualtı kabel elektrik ötürücü xətlərinin mühafizə zonalarında sudibi ov alətləri ilə balıq və digər su heyvanlarının ovlanması, bitkilərin yığılması və məhv edilməsi, heyvanların suvarılması üçün suvatlar qurulması; ç) hava elektrik ötürücü xətlərinin mühafizə zonalarında ümumi hündürlüyü yol səthindən 4,5 m-dən artıq olan maşın və mexanizmlərin keçməsi; d) yeraltı kabel elektrik ötürücü xətlərinin mühafizə zonalarında 0,3 m-dən artıq, şumlanan torpaqlarda isə 0,45 m-dən artıq dərinlikdə torpaq işlərinin aparılması və planlaşdırılması. “X.Mustafayevanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 27 fevral 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 19 noyabr 2021-ci il tarixli qərarı Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi: Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Maddə 87.8 Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 89. Bu Məcəllənin 94.1-ci maddəsində nəzərdə tutulmuş müddətdə şikayətin verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda, məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadı isə 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Şikayətin geri götürülməsi haqqında bəyanat yazılı şəkildə məhkəməyə təqdim olunmalıdır. Maddə 90.1. Apellyasiya instansiyası məhkəməsinin qərar və ya qərardadlarından, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla Ali Məhkəmənin İnzibati kollegiyasına (bundan sonra – Ali Məhkəməyə) şikayət verilə bilər. APELLYASİYANİN MÜMKÜNLÜYÜ, APELLYASİYA BAXİŞİNİN HƏDLƏRİ Apellyasiya şikayəti vaxtında verilmişdir. Apellyasiya şikayəti formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə apellyasiya mümkün hesab edilmişdir. Birinci instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ Məhkəmə kollegiyası tərəflərin izahatını dinləyib, iş üzrə materialları və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti əsassızdır. Birinci instansiya məhkəməsi tərəfindən işə baxılan zaman maddi hüquq normaları düzgün tətbiq edilmiş, habelə prosessual hüquq normalarının tələblərinə riayət edilmişdir. Birinci instansiya məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsaslar müəyyən edilməmişdir. Bu səbəbdən, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Hazırkı mübahisənin predmetini Abşeron rayon Digah bələdiyyəsinin ərazisində yerləşən 0,10 ha torpaq sahəsi üzərində iddiaçının mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasından cavabdehin imtinası təşkil edir. Məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya şikayətində irəli sürülən dəlillər mahiyyətcə imtinanın və iddiaya qarşı etirazın dəlillərini təkrarlamaqla onlarla eynilik təşkil edir. Birinci instansiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həcmdə, eləcə də şikayətin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Bununla belə, kollegiya apellyasiya şikayətinin aşağıdakıları dəlillərinə münasibət bildirilməsini zəruri hesab edir: 1) Bələdiyyə tərəfindən torpaq sahasinin 21 may 2004-cü il tarixində 19/1 nömrəli qərarla ayrıldığı halda, alqı-satqı aktının qanunamüvafiq qaydada təsdiq olunmadığı; 2) Sənədlərin arxiv arayışının müraciətə əlavə olunmadığı; 3) Bələdiyyənin yerquruluşu planından çıxarışın qanunamüvafiq qaydada (ləğv edilmiş DT və XK-nin Abşeron rayon şöbəsinin möhürü ilə) təsdiqlənmədiyi; 4) Torpaq sahəsinin bir hissəsinin Digah-Qaradağ magistral qaz xəttinin, bir hissəsinin isə yüksək gərginlikli elektrik xəttinin (110 KVT) mühafizə zolağında yerləşdiyi. Şikayətin birinci dəlilinə münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı tərəfindən bələdiyyənin hesabına torpağın satışına görə pulun ödənilməsi iddiaçı ilə bələdiyyə arasında müvafiq torpaq sahəsinin alqı-satqısının baş tutmasını və tamamlanmasını təsdiq etdiyindən qeyd edilən prosesin yekununda rəsmiləşdirilməsi məqsədi daşıyan alqı-satqı aktının qanunvericiliyin tələbinə uyğun olaraq tərtib edilməməsi və ya ümumiyyətlə, tərtib edilməməsi imtina üçün əsas ola bilməz. Belə ki, “X.Mustafayevanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 27 fevral 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 19 noyabr 2021-ci il tarixli qərarında şərh edilən mövqeyə əsasən, müvafiq rəylərin alınmaması və razılaşdırmaların aparılmaması kimi prosessual pozuntularla müşayiət edilən icraat nəticəsində qəbul edilmiş yekun qərar qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır (“İnzibati icraat haqqında” Qanunun 64.2-ci maddəsi). Şərh edilən mövqeyi hazırkı işin hallarına tətbiq edən məhkəmə kollegiyası qeyd edir ki, torpağın ayrılmasına dair yekun qərar (inzibati akt) qüvvədə olduğu halda, torpaq sahəsinin ayrılması ilə bağlı həyata keçirilən inzibati icraatın gedişində alqı-satqı aktının bağlanmaması özü-özlüyündə ayrılmış torpaq sahəsinə hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasında imtinanın müstəqil əsasını təşkil edə bilməz. Bu halda, reyestrdə qeydiyyatı aparmaqdan imtina edən inzibati orqan həmin aktın torpaq sahəsi ayrılan vaxta alınmamasının torpaq sahəsinin ayırılması ilə bağlı yekun qərarın qəbul edilməsinə hansı qaydada təsir edə biləcəyini və ya etdiyini konkret işin faktiki və hüquqi hallarına istinadla əsaslandırmalı, eləcə də bu halın hansı əsasla daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatı aparmağa maneə törətdiyini göstərməlidir. Belə imtinada, həmçinin mütləq “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 15-ci maddəsində nəzərdə tutulmuş əsaslardan birinin və ya bir neçəsinin mövcudluğuna istinad olunmalıdır. Hazırkı iş üzrə isə cavabdeh tərəfindən belə bir əsaslandırma aparılmamışdır. Sənədlərin arxiv arayışının ərizəyə əlavə olunmaması ilə bağlı cavabdehin ikinci dəlilinə münasibətdə isə kollegiya qeyd edir ki, əvvəla belə bir arayışın iddiaçıdan tələb edilməsi yolverilməzdir. Belə ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 10-cu madddəsində hüquqların dövlət qeydiyyatı üçün sənədlərin təqdim edilməsi qaydası təsbit edilmişdir. Həmin Qanunun 10.2-ci maddəsinə əsasən qeydiyyat orqanına verilən ərizəyə aşağıdakılar əlavə olunur: 10.2.1. hüquqların dövlət qeydiyyatı üçün bu qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri; 10.2.2. torpaq sahəsinin planı və ölçüsü; 10.2.3. torpaq sahəsində yerləşən bina, qurğu, tikililərin və digər daşınmaz əmlakının (onların tərkib hissələrinin) texniki pasportu, plan-cizgisi; 10.2.4. dövlət rüsumunun ödənilməsi barədə sənəd. Normanın tələblərindən göründüyü kimi qanunverici daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı üçün təqdim edilən sənədlərin konkret dairəsini müəyyən etmişdir. Hansı ki, bu sənədlərə müvafiq arxiv arayışı aid edilməmişdir. Digər tərəfdən, Qanunun 10.3-1-ci maddəsinin ikinci cümləsində qeyd edilir ki, hüquqların dövlət qeydiyyatı üçün tələb olunan sənədlərin və ya məlumatların X5 Sistemi vasitəsilə əldə edilməsi mümkün olmadığı hallarda onların təqdim edilməsi ərizəçinin razılığı ilə sorğu əsasında müvafiq dövlət orqanından (qurumundan) tələb olunur və ya ərizəçi tərəfindən təmin edilir. Kollegiya sadalanan normaları hazırkı işə tətbiq edərək qeyd edir ki, iddiaçı tərəfindən təqdim edilmiş bələdiyyə qərarının hüquqi qüvvəsi cavabdeh inzibati orqana şübhə yaradırsa, orqan inzibati icraat qaydasında aiddiyyəti orqanlara sorğular verərək sözügedən bələdiyyə qərarının arxiv əsaslarının olub-olmaması məsələsini araşdıra bilərdi. Lakin, cavabdeh tərəfindən belə bir araşdırma aparılmamışdır. Apellyasiya instansiyasında icraat zamanı isə həmin bələdiyyə qərarı ilə bağlı həm Abşeron rayon Dövlət Arxivinə, həm də Digah bələdiyyəsinin özünə sorğular verilmiş, kollegiyanın sorğusuna cavab olaraq Digah bələdiyyəsi xx.xx.2024-cü il tarixdə həmin sənədləri Abşeron Rayon Dövlət Arxivinə təhvil verdiyini bildirmiş, Abşeron rayon Dövlət Arxivi isə birinci instansiya məhkəməsinin sorğusuna cavab olaraq Digah bələdiyyəsinin sənədlərinin saxlanması və mühafizə edilməsi üçün Arxivə təhvil verilmədiyini qeyd etsə də, məhkəmə kollegiyasının təkrar sorğusu nəticəsində Digah bələdiyyəsinin 21 may 2004-cü il tarixli, 19/1 nömrəli qərarının və ona əlavə edilmiş sənədləri (ödəniş qəbzi, təhvil-təslim aktı) məhkəməyə təqdim etmişdir. Qeyd edilənlərə əsasən kollegiya cavabdehin həmin dəlilini əsassız hesab edir. Cavabdehin üçüncü dəlilini də əsassız sayan kollegiya bildirir ki, torpaq sahəsinə dair yerquruluşu planından çıxarışın ləğv edilmiş aidiyyəti orqanların möhürü ilə təsdiqlənməməsi iddiaçının məsuliyyət sferasına aid edilə bilməz və onun həmin torpaq sahəsi üzərində mülkiyyət hüququnun tanınmasına maneə təşkil etməməlidir. Kollegiya cavabdehin sonuncu, yəni torpaq sahəsinin bir hissəsinin Digah-Qaradağ magistral qaz xəttinin, bir hissəsinin isə yüksək gərginlikli elektrik xəttinin (110 KVT) mühafizə zolağında yerləşməsi ilə bağlı dəlillərinə münasibətdə aşağıdakıları qeyd edir. Birinci instansiya məhkəməsində icraat zamanı cavabdeh tərəfindən verilmiş mütəxəssis rəyindən görünür ki, Digah bələdiyyəsinin yerquruluşu planından çıxarışında göstərilən torpaq sahəsinin koordinatları yüksək gərginlikli elektrik xəttinin mühafizə zonasında yerləşmir, lakin həmin torpaq sahəsinin 0,0817 ha hissəsi Digah-Qaradağ magistral qaz xətlərinin mühafizə zolağında yerləşir. Göründüyü kimi torpaq sahəsinin bir hissəsinin yüksək gərginlikli elektrik xəttinin mühafizə zolağında yerləşməsinə dair cavabdehin dəlili özünün verdiyi mütəxəssis rəyi ilə təkzib olunmuşdur. Həmçinin, nəzərə almaq lazımdır ki, “Gərginliyi 1000 voltdan yuxarı olan elektrik şəbəkələrinin mühafizəsi Qaydaları” nın yuxarıda sadalanan normalarının tələblərinə görə, torpaq sahəsi elektrik şəbəkələrinin mühafizə zonalarına düşdüyü hallarda, həmin sahədən istifadə ilə bağlı məhdudiyyətlər nəzərdə tutulsa da, həmin sahə üzərində hüququn qeydiyyata alınmasına heç bir qadağa müəyyən edilməmişdir. Həmçinin, torpaq sahəsinin bir hissəsinin qaz xəttinin mühafizə zolağına düşməsi barədə şikayətin dəlilləri də əsaslı hesab edilə bilməz. Belə ki, əvvəla cavabdehə həmin halları təsdiq edən sübutlar təqdim etməmişdir. Digər tərəfdən, qeyd edilən halların mövcudluğu iddiaçının torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydiyyata alınması üçün maneə təşkil edə bilməz. Belə ki, iddiaçının sözügedən torpaq sahəsi üzərində mülkiyyət hüququ “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0.1-ci maddəsində təsbit olunmuş hüquqmüəyyənedici sənədə – Abşeron rayon Digah bələdiyyəsinin 21 may 2004-cü il tarixli, 19/1 nömrəli qərarına əsaslanır. İstinad olunan həmin normada qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsas qismində təsbit edilmişdir. Analoji norma Mülki Məcəllənin 139-1.1.1-ci maddəsində də nəzərdə tutulmuşdur. Digah bələdiyyəsinin həmin qərarının hər hansı subyekt tərəfindən mübahisələndirildiyi iş materialları ilə təsdiq olunmur. Eyni zamanda, cavabdeh tərəfindən də bununla bağlı məhkəməyə hər hansı sübut təqdim edilməmişdir. Başqa sözlə, həmin qərar qanunla müəyyən olunmuş qaydada mübahisələndirilməmiş, ləğv olunmamış, geri çağırılmamış, dəyişdirilməmiş və ya etibarsız sayılmamışdır. Bu baxımdan, hüquqi qüvvəsini saxlayır və etibarlı hesab olunur. (“İnzibati icraat haqqında” Qanunun 64.2-ci maddəsi). İnzibati orqanlar inzibati aktın qüvvədə olduğu müddətdə onun məzmununa bağlıdır və ona uyğun davranmağa borcludur. Bu mənada, məhkəmə kollegiyası xüsusilə vurğulayır ki, etibarlı və hüquqi qüvvəsini saxlayan müvafiq hüquqmüəyyənedici sənəd əsasında daşınmaz əmlak üzərində hüququn qeydiyyata alınmasından və hüququn qeydiyyata alınması barədə müvafiq çıxarışın verilməsindən davamlı imtina edilməsinin “İnzibati icraat haqqında” Qanunun 13cü maddəsində təsbit edilmiş etimadın qorunması prinsipi baxımından inzibati orqanların fəaliyyətinin, habelə onlar tərəfindən qəbul edilən qərarların qanunauyğunluğuna vətəndaşların inam və etimadına ciddi zərbə vurduğu və bu baxımdan yolverilməz olduğu da nəzərə alınmalıdır. Bununla yanaşı, cavabdeh inzibati orqan tərəfindən tərtib edilmiş 09 yanvar 2023-cü il tarixli müayinə aktından görünür ki, mübahisələndirilən 0,10 ha torpaq sahəsi yerquruluşu planından çıxarışda göstərilən koordinatlara uyğundur. Məhkəmə kollegiyası qeyd olunanları, o cümlədən hazırkı mübahisə üzrə “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsi ilə müəyyən edilmiş daşınmaz əmlaka dair hüquqların dövlət qeydiyyatına alınmasından imtinanın əsaslarının mövcud olmamasını nəzərə alaraq, hesab edir ki, cavabdehin apellyasiya şikayətinin dəlilləri əsassızdır, birinci instansiya məhkəməsi iddia tələbini təmin etməklə düzgün nəticəyə gəlmişdir, məhkəmə qərarının ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar müəyyən edilmir. Göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: Apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt İnzibati Məhkəməsinin 18 mart 2024-cü il tarixli, 2-1(118)-532/2024 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apelyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti 70) vasitəsilə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(105)-684/2024
Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(105)-684/2024
07.11.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver