Məhkəmə qərarları › İş №2-1(105)-684/2025

Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(105)-684/2025

21.07.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(105)-684/2025 21.07.2025 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sədrlik edən və məruzəçi hakim Hacıyev Vahid Məcid oğlu, hakimlər Babayeva Hökümə Çingiz qızı və Axundov Toğrul Bəhruz oğlundan ibarət tərkibdə, Səfərli Fidan Nuru qızının katibliyi, İddiaçı və cavabdehin nümayəndəsi X1 iştirakı ilə, Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2025-ci tarixli 2-1(118)-765/2025 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq, müəyyən etdi: Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2025-ci tarixli 2-1(118)-765/2025 nömrəli qərarı ilə iddia təmin edilmiş, İddiaçı xx.xx.1985-ci il tarixdən xx.xx.2006-cı il tarixədək Meliorasiya və Su Təsərrüfatı Nazirliyinin “Başazmeliorasiya tikinti” trestinin 13 saylı tikinti quraşdırma idarəsində işlədiyi dövrün sosial sığorta stajına daxil edilməsi, ona yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının üzərinə vəzifə olaraq qoyulmuşdur. Cavabdeh apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. İşin halları: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair iddia ərizəsi ilə xx.xx.2024-cü il tarixdə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək, onun xx.xx.1985-ci il tarixdən xx.xx.2006-cı il tarixədək Meliorasiya və Su Təsərrüfatı Nazirliyinin “Başazmeliorasiya tikinti” trestinin 13 saylı tikinti quraşdırma idarəsində işlədiyi dövrün sosial sığorta stajına daxil edilməsi, ona yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının üzərinə vəzifə olaraq qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. (iddia tələbi dəqiqləşdirilmişdir) İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, xx.xx.1957-ci ildə Quba rayonu Zərqova kəndində doğulmuşdur. Müxtəlif müəssisələrdə işləmişdir. Hazırda yaşa görə pensiyaya çıxmaq istəyir, cavabdeh orqana bununla bağlı müraciət etsə də, xx.xx.2022-ci il tarixli imtina məktubu ilə ona bildirilmişdir ki, təqdim etdiyi əmək kitabçası, atestat və hərbi bilet sürətlərinə əsasən onun əmək sosial sığorta stajı (xx.xx.1973-cü il tarixdən xx.xx.1974-cü il tarixləri əyani təhsil düvrü, xx.xx.1976-cı il tarixdən xx.xx.1978-ci il hərbi xidmətdə olduğu müddət nəzərə alınmaqla) 14 il 5 ay 26 gün təşkil edir. Onun əmək kitabçasında əmək fəaliyyəti ilə bağlı olan qeyd - xx.xx.1985-ci il tarixdən xx.xx.2009-cu il tarixədək Meliorasiya və Su Təsərrüfatı Nazirliyinin “Başazmeliorasiya tikinti” trestinin 13 saylı tikinti quraşdırma idarəsində işlədiyi dövrü cavabdeh ümumi əmək stajına hesablamaqdan əsassız olaraq imtina etmişdir. “Samur-Abşeron Su Tikinti” Trestin 13 nömrəli Tikinti-Quraşdırma İdarəsinin arxiv sənədləri mühafizə olunması üçün X3 rayon filalına təhvil verilmədiyindən həmin dövr onun əmək stağına daxil edilməmişdir. Hesab edir ki, hansısa orqanın səhlənkarlığına görə ona pensiya təyin edilməsindlən imtina edilə bilməz. Meliorasiya və Su Təsərrüfatı Nazirliyinin “Başazmeliorasiya tikinti” trestinin 13 saylı tikinti quraşdırma idarəsi tərəfindən ona növbəlik əsasında Şabran şəhəri SMU-13 ünvanda yaşayış evi də verilmişdir və hazırda həmin evdə ailəsi ilə birlikdə yaşayır. Onun işlədiyi bütün müəssisələrdəki staji əmək kitabçasında qeyd edilib və möhürlə təsdiq edilib. Hesab edir ki, cavabdehin imtinası əsassız olmuşdur, onun əmək kitabçasında mövcud olan əmək fəaliyyəti əmək kitabçasında öz təsdiqini tapdığına görə, ona əmək pensiyası təyin edilməsi üçün əsas hesab edilməlidir. Qeyd edilənlərə əsasən iddianın təmin edilməsini xahiş etmişdir. Cavabdeh etirazında qeyd edir ki, araşdırma zamanı iddiaçı əmək kitabçasının, təhsil haqqında diplomunun və hərbi biletinin surətlərinə əsasən sığorta stajının (xx.xx.1973-cü il tarixdən xx.xx.1974-cü il tarixədək hərbi xidmətdə olduğu dövr və xx.xx.1976-ci il tarixdən xx.xx.1978-ci il tarixədək əyani təhsil aldığını illər) 08 il 05 ay təşkil etdiyi müəyyən edilmişdir. İddiaçı əmək kitabçasında xx.xx.1985-ci il tarixdən xx.xx.2009-cu il tarixədək “Samur-Abşeronsutikinti” tresitinin 13 nömrəli Tikinti-Quraşdırma idarəsində işlədiyi qeyd edilmişdir. Araşdırma zamanı iddiaçının xx.xx.2006-cı il tarixdən xx.xx.2009-cu il tarixədək fərdi hesabının sığorta hissəsində pensiya kapitalı qeydə alınmadığı müəyyən edilmişdir. Eyni zamanda Fondun 2 saylı Quba-Xaçmaz regional filialının xx.xx.2022-ci il tarixli aktına əsasən “Samur-Abşeronsutikinti” tresitinin 13 nömrəli Tikinti-Quraşdırma idarəsinin sənədlərinin X3 rayon Filialına təhvil verilmədiyi müəyyən edilmişdir. İddiaçı “Samur-Abşeronsutikinti” tresitinin 13 nömrəli Tikinti Quraşdırma idarəsində işlədiyini iddia etdiyi dövrdə əmək haqqı alıb-almaması, eyni zamanda məcburi sosial sığorta haqlarının ödəməsi barədə heç bir məlumat əldə etmək mümkün olmadığından, həmin dövrlərin iddiaçının sosial sığorta stajına daxil edilməsi yolverilməzdir. Beləliklə, İddiaçı yaşa görə pensiya hüququnun yaranması üçün tələb olunan iki şərtdən birini ödəmədiyindən, yəni fərdi hesabın sığorta hissəsində əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verən pensiya kapitalına, pensiya kapitalı toplanmadığı təqdirdə ən azı 25 il sığorta stajına malik olmadığından yaşa görə pensiya almaq hüququ yaranmamışdır. Qeyd edilənlərə əsasən iddianın rədd edilməsini xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı qəbul edilmişdir. Apellyasiya şikayətinin dəlilləri: Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, iddiaçının əmək kitabçasında xx.xx.1985-ci il tarixdən xx.xx.2009-cu il tarixədək “Samur-Abşeronsutikinti” trestinin 13 nömrəli Tikinti-Quraşdırma idarəsində işlədiyi qeyd edilmişdir. Araşdırma zamanı iddiaçının xx.xx.2006-cı il tarixdən xx.xx.2009-cu il tarixədək fərdi hesabının sığorta hissəsində pensiya kapitalı qeydə alınmadığı müəyyən edilmişdir. Eyni zamanda Fondun 2 saylı Quba-Xaçmaz regional filialının xx.xx.2022-ci il tarixli aktına əsasən “Samur-Abşeronsutikinti” tresitinin 13 nömrəli Tikinti- Quraşdırma idarəsinin sənədlərinin X3 rayon Filialına təhvil verilmədiyi müəyyən edilmişdir. Abşeron Rayon Dövlət Arxivinin xx.xx.2024-cü il tarixli T-374/2024 nömrəli məktubunda Abşeron Rayon Dövlət Arxivinin arxiv fondunda mövcud olan “Samur-Abşeron Su Tikinti” Trestinin 1955- 1999-cu illərə dair sənədlərinin saxlanması və mühafizəsi üçün arxiv fonduna təhvil verildiyindən 2008-ci ilin məlumatlarının araşdırılmasının mümkün olmadığı və 1992-1999-cu illərə dair əmrlərdə vətəndaş İddiaçı adı aşkar edilmədiyi bildirilmişdir. Fondun Sosial Sığorta və Fərdi Uçot üzrə Mərkəzi Filialının xx.xx.2024-cü il tarixli 3-17-1/2-236613/2024 nömrəli məktubunda Meliorasiya və Su Təsərrüfatı ASC-nin “Başazmeliorasiya tikinti” trestinin 13 saylı Tikinti Quraşdırma İdarəsinin ********* saylı VÖEN-i üzrə Nazirliyin elektron informasiya ehtiyatlarında məlumat aşkar edilmədiyindən İddiaçı dair məlumat təqdim edilməsinin mümkün olmadığı qeyd edilmişdir. İddiaçı “Samur-Abşeronsutikinti” trestinin 13 nömrəli Tikinti-Quraşdırma idarəsində işlədiyini iddia etdiyi dövrdə əmək haqqı alıb-almaması, eyni zamanda məcburi sosial sığorta haqlarının ödəməsi barədə heç bir məlumat əldə etmək mümkün olmadığından, həmin dövrlərin iddiaçının sosial sığorta stajına daxil edilməsi yolverilməzdir. Beləliklə, İddiaçı yaşa görə pensiya hüququnun yaranması üçün tələb olunan iki şərtdən birini ödəmədiyindən, yəni fərdi hesabın sığorta hissəsində əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verən pensiya kapitalına, pensiya kapitalı toplanmadığı təqdirdə ən azı 25 il sığorta stajına malik olmadığından yaşa görə pensiya almaq hüququ yaranmamışdır. Beləliklə, birinci instansiya məhkəməsi işə baxarkən iş üzrə əhəmiyyətli olan hallarının tam, hərtərəfli və obyektiv araşdırmadığı görünür. Məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmamış, məhkəmə tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan hallar sübuta yetirilməmiş, mövcud sübutlara isə düzgün hüquqi qiymət verilməmişdir. Bu səbəbdən Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərarının ləğv edilməsini, iddia tələbinin rədd edilməsini xahiş edir. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi X2 apellyasiya şikayətini müdafiə eidi, onun dəlilinə uyğun izahat verərək, birinci intansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddia tələbinin rədd edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətini əsassız hesab etdi və izahatında bildirdi ki, onun xx.xx.1985-ci il tarixdən xx.xx.2009-cu il tarixədək Meliorasiya və Su Təsərrüfatı Nazirliyinin “Başazmeliorasiya tikinti” trestinin 13 saylı tikinti quraşdırma idarəsində işlədiyi əmək kitabçasında qeyd edilmişdir. Meliorasiya və Su Təsərrüfatı Nazirliyinin “Başazmeliorasiya tikinti” trestinin 13 saylı tikinti quraşdırma idarəsi tərəfindən ona növbəlik əsasında Şabran şəhəri SMU-13 ünvanda yaşayış evi də verilmişdir və hazırda həmin evdə ailəsi ilə birlikdə yaşayır. Onun işlədiyi bütün müəssisələrdəki staji əmək kitabçasında qeyd edilib və möhürlə təsdiq edilib. Hesab edir ki, cavabdehin imtinası əsassız olmuşdur, onun əmək kitabçasında mövcud olan əmək fəaliyyəti əmək kitabçasında öz təsdiqini tapdığına görə, ona əmək pensiyası təyin edilməsi üçün əsas hesab edilməlidir. Odur ki, apellyasiya şikayətinin rədd edilməsini və birinci intansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş edir. Hüquqi məsələlər: Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri Sumqayıt Apellyasiya Məhkəməsi İnzibati Kollegiyasının xx.xx.2025-ci il tarixli qərardadı ilə apellyasiya şikayəti mümkün sayılmışdır. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. Apellyasiya instansiyasi məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası işdə iştirak edən şəxslərin izahatını dinləyərək, iş materiallarında olan sənədləri araşdırıb, apellyasiya şikayətinin dəlillərinə qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsi iddianı təmin edərkən haqlı olmuş, maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı qərar qəbul etmişdir. Odur ki, apellyasiya şikayəti rədd edilməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iddiaçı tərəfin mövqeyinə görə iddiaçının əmək kitabçasında xx.xx.1985-ci il tarixdən xx.xx.2009-cu il tarixədək Meliorasiya və Su Təsərrüfatı Nazirliyinin “Başazmeliorasiya tikinti” trestinin 13 saylı tikinti quraşdırma idarəsində işləməsi faktı öz təsdiqini tapmışdır. Həmin dövrlərin əmək kitabçasında olmasına baxmayaraq həmin dövrlər üzrə əmək haqqı alıb-almaması, eyni zamanda məcburi sosial sığorta haqlarının ödəməsi barədə heç bir məlumatı əldə etməyin mümkün olmaması, həmin dövrlərin iddiaçının sosial sığorta stajına daxil edilməsinin yolverilməzliyi barədə cavabdehin mövqeyi ilə razılaşmır, bu hala görə iddiaçı məsuliyyət daşımır, cavabdehin imtinası onun hüquqlarını pozur. Göründüyü kimi, hazırkı mübahisə iddiaçının əmək kitabçasında qeyd olunan əmək stajı dövrünün sosial sığorta stajının ümumi iş stajına əlavə edilməsi ilə pensiyanın iddiaçıya yaşa görə əmək pensiyası təyin edilməsindən ibarətdir. Cavabdeh orqan qeyd edir ki, İddiaçı xx.xx.1973-cü il tarixdən xx.xx.1974-cü il tarixədək hərbi xidmətdə olduğu dövr və xx.xx.1976-ci il tarixdən xx.xx.1978-ci il tarixədək əyani təhsil aldığı illər nəzərə alınmaqla ümumi stajı 08 il 05 ay təşkil edir. İddiaçı əmək kitabçasında xx.xx.1985-ci il tarixdən xx.xx.2009-cu il tarixədək “Samur-Abşeronsutikinti” tresitinin 13 nömrəli Tikinti-Quraşdırma idarəsində işlədiyi qeyd edilmişdir. Araşdırma zamanı iddiaçının xx.xx.2006-cı il tarixdən xx.xx.2009-cu il tarixədək fərdi hesabının sığorta hissəsində pensiya kapitalı qeydə alınmadığı müəyyən edilmişdir. Bu səbəbdən xx.xx.1985-ci il tarixdən xx.xx.2009-cu il tarixədək olan müddəti staj kimi nəzərə almır. İddiaçı yaşa görə pensiya hüququnun yaranması üçün tələb olunan iki şərtdən birini ödəmədiyindən, yəni fərdi hesabın sığorta hissəsində əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verən pensiya kapitalına, pensiya kapitalı toplanmadığı təqdirdə ən azı 25 il sığorta stajına malik olmadığından yaşa görə pensiya almaq hüququ yaranmamışdır. Belə ki, Abşeron rayon Dövlət Arxivi 05 iyun 2024-cü il tarixli T-374/2024 saylı məktubla məhkəmənin sorğusuna cavab verərək qeyd etmişdir ki, Abşeron rayon Dövlət Arxivinin arxiv fondunda mövcud olan “Samur-Abşeron Su Tikinti’’ Trestinin 1955-1999-cu illərə dair sənədləri saxlanması və mühafizəsi üçün arxiv fonduna təhvil verildiyindən 2008-ci ilin məlumatlarının araşdırılması mümkün olmamışdır və 1992-1999-cu illərə dair əmrlərdə vətəndaş İddiaçı Gülməmməd oğlunun adı aşkar edilməmişdir. Şabran rayon Dövlət Arxivinin 10 iyul 2024-cü il tarixli 26 saylı arayışında qeyd edilir ki, Meliorasiya və Su Təsərrüfatı Nazirliyinin “Başazmeliorasiya tikinti” trestinin 13 saylı tikinti quraşdırma idarəsinin əmrlər kitabları və əmək haqqı cədvəlləri rayon dövlət arxivinə təhvil verilməyib. Odur ki, İddiaçı həmin müəssisədə işləməsi barədə məlumat vermək qeyri-mümkündür. Dövlət Vergi Xidmətinin **********773500 saylı məktubla məhkəmənin xx.xx.2024-cü il tarixli sorğusuna cavab verərək qeyd etmişdir ki, dövlət reyestrində “Samur-Abşeronsutikinti” Trestinin 13 saylı Tikinti Quraşdırma İdarəsi adlı hüquqi şəxsin dövlət qeydiyyatından keçməsi barədə məlumat mövcud deyildir. Dövlət Vergi Xidmətinin uçot məlumat bazasında “Samur-Abşeronsutikinti” Trestinin 13 nömrəli Tikinti-Quraşdırma İdarəsinin (köhnə VÖEN: 5********) xx.xx.1998-ci il tarixdə vergi uçotuna alınması və xx.xx.2001-ci il tarixdən xx.xx.2006-cı il tarixədək olan dövr ərzində fəaliyyətinin olması barədə məlumat mövcuddur. 2004-cü ildən hal-hazıradək həmin İdarə adından inventarlaşmadan keçmək və yeni VÖEN almaq üçün vergi orqanlarına müraciət edilməmişdir. Azərbaycan Su Ehtiyatları Agentliyinin tabeliyində X4 Xidməti publik hüquqi şəxsin 26 avqust 2024-cü il tarixli 13-4/21452/2024 saylı məktubunda qeyd edilmişdir ki, sözügedən təşkilat keçmiş Azərbaycan Meliorasiya və X6 Səhmdar Cəmiyyətinin tabeliyində olmamışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 26 aprel 2024-cü il tarixli 232 №-li qərarı ilə Azərbaycan Meliorasiya və X6 Səhmdar Cəmiyyəti ləğv edilərək, Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin tabeliyində X4 Xidməti Publik Hüquqi Şəxs yaradılmışdır. Dövlət Sosial Müdafiə Fondunun Sosial Sığorta və Fərdi Uçot üzrə Mərkəzi Filialının 03 aprel 2025-ci il tarixli 3-17-1/2-71567/2025 saylı məktubunda qeyd edilir ki, Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sistemində qeydə alınmış İddiaçı fərdi şəxsi hesabında məcburi dövlət sosial sığortasına cəlb olunan gəlir, ona nisbətdə hesablanmış və ödənilmiş məcburi dövlət sosial sığorta haqqı barədə məlumat aşkar edilməmişdir. “Dövlət sosial sığorta sistemində fərdi uçot haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən əmək pensiyası və digər sosial müdafiə hüquqlarının təmin edilməsi üçün hər bir sığortaolunan haqqında məlumatların uçotunun təşkili xx.xx.2006-cı il tarixdən başlamışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2022-ci il tarixli 175 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi” Qaydasının (bundan sonra - Qayda) 4.1.1-ci bəndinə əsasən xx.xx.2006-cı il tarixədək olan dövr üzrə sığorta stajının hesablanması məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xüsusiyyətlərindən və müddətindən asılı olmayaraq, müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin iş müddəti əmək fəaliyyəti barədə sənədlərə (əmək kitabçası, o olmadıqda işəgötürənin arayışı və ya dövlət arxivinin arayışı), hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin fəaliyyət müddəti məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi haqqında mədaxil qəbzlərinə və ya bu Qayda ilə təsdiq edilmiş 8 nömrəli Əlavəyə əsasən aparılır. Məhkəmə kollegiyası qeyd edir ki, əmək kitabçalarının vahid fоrmada оlması və оnun tərtibinin еyni qaydada aparılması üçün Azərbaycan Rеspublikası Nazirlər Kabinеtinin xx.xx.1996cı il tariхli 186 nömrəli qərarı ilə “İşçilərin əmək kitabçasının fоrması və оnun tətbiqi qaydaları” təsdiq еdilmişdir. Qaydalara görə əmək kitabçası işçinin əmək fəaliyyətini və əmək stajını təsdiq еdən əsas sənəddir. Lakin nəzərə alınmalıdır ki, iddiaçının hazırda iddia etdiyi xx.xx.1985-ci il tarixdən xx.xx.2009cu il tarixədək Meliorasiya və Su Təsərrüfatı Nazirliyinin “Başazmeliorasiya tikinti” trestinin 13 saylı tikinti quraşdırma idarəsində işlədiyi dövr (xx.xx.1985-ci il tarixdən xx.xx.2006-cı il tarixədək hissəsi) “Əmək pensiyaları haqqında” Qanunun qüvvəyə minənədək olan dövrlə əhatə edilir. İddiaçı həmin illərdə işləməsini təsdiq edən əmək kitabçasını təqdim etmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, şəxsin xx.xx.2006-cı il tarixədək sosial sığorta stajı “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanılması Qaydalarının 3.2.1-ci bəndinə əsasən əmək kitabçasında olan məlumatlar əsasında yoxlanır. Həmçinin, 1992-ci ildən xx.xx.2006-cı ilədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 69-cu maddəsində də göstərilirdi ki, iş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. Əmək fəaliyyəti barəsində sənəd olmadıqda və ya həmin sənədi bərpa etmək mümkün olmadıqda iş stajı iki və ya daha çox şahidin ifadələrinə əsasən təsdiq edilir. Əmək kitabçası və ya bu kitabçada müvafiq qeydlər olmadıqda mövcud iş stajını sübut etmək qaydasını Azərbaycan Respublikasının Nazirlər Kabineti müəyyənləşdirir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1992-ci il tarixli 638 saylı Qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə Əsasnamə”nin 3-cü bəndinə görə iş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək stajını təsdiqedici sənəd kimi arayışlar, əmrlərdən çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri, vəsiqələr, xasiyyətnamələr, yazılı əmək müqavilələri, icrası barədə qeydlər edilməklə razılaşmalar, əmək xidmət siyahıları, iş dövrü barədə məlumatlar göstərilməklə kooperativ sənəd artelləri üzvlərinin üzvlük kitabçaları nəzərə alınır. Qüvvədə olan “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 23.2-ci maddəsinə əsasən, xx.xx.1992-ci ilədək keçmiş SSRİ-nin ərazisində qazanılmış əmək stajı ümumi qaydada siğorta stajına daxil edilir. Azərbaycan Respublikası Ali Məhkəməsinin “Əmək pensiyalarının təyin edilməsi və yenidən hesablanması barədə” xx.xx.2018-ci il tarixli 2-159/18 nömrəli icmal məktubuna əsasən vətəndaşların əmək pensiyası hüququnu təmin edən orqanların DSMF-in rayon (şəhər) şöbələrinin cavabdeh qismində iştirak etdiyi işlərdə 2016-2017-ci illərdə adı çəkilən Qanunun məhkəmə təcrübəsində tətbiqi vəziyyəti öyrənilmiş, bəzi oxşar işlər üzrə fərqli qərarlar qəbul edildiyi müəyyən edilmişdir. Odur ki, bir sıra hüquq normalarının, eləcə də “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 67-ci maddəsinin birinci bəndinin nəzərə alınması məhkəmələrə tövsiyə olunmuşdur. Göründüyü kimi, istər hazırda qüvvədə olan və qüvvədən düşmüş pensiya qanunvericiliyinə, istərsə də formalaşmış məhkəmə təcrübəsinə görə vətəndaşın xx.xx.2006-cı il tarixədək olan sosial sığorta stajı əmək kitabçasında olan qeydlər əsasında yoxlanılır. Nəzərə alınmalıdır ki, hazırkı mübahisə üzrə əmək kitabçasında olan qeydlər hər hansı şübhə doğurmamışdır. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, iddiaçının əmək fəaliyyəti ilə bağlı əmək kitabçasında göstərilən qeydlər mötəbər hesab olunur. Məhkəmə araşdırması zamanı müəyyən edilir ki, Dövlət Vergi Xidmətinin uçot məlumat bazasında “Samur-Abşeronsutikinti” Trestinin 13 nömrəli Tikinti-Quraşdırma İdarəsinin (köhnə VÖEN: 5********) xx.xx.1998-ci il tarixdə vergi uçotuna alınması və xx.xx.2001-ci il tarixdən xx.xx.2006-cı il tarixədək olan dövr ərzində fəaliyyətinin olması barədə məlumat mövcuddur. Məhkəmə kollegiyası qeyd edir ki, müəssisənin fəaliyyət dövrü ilə bağlı arxiv sənədlərinin təhvil verilməməsi (əmək haqqı cədvəlləri, əmrlər və s.) hazırkı iddia üzrə iddiaçının yaşa görə əmək pensiyasının təyin edilməsi hüququnun məhdudlaşdırılmasına əsas ola bilməz. Həmçinin, qeyd edilməlidir ki, oxşar işlər üzrə formalaşmış məhkəmə təcrübəsi ondan ibarətdir ki, əmək kitabçasında göstərilmiş iş stajının yoxlanılmasının bu və ya digər səbəblərdən mümkün olmaması iddiaçının təqsiri ilə bağlı hallarla əlaqədar olmadığından bu, onun üçün hüquqlarını məhdudlaşdırıcı nəticələr doğurmamalıdır. (Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2-1(102)-594/2021 nömrəli qərarı) Cavabdeh mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Pensiya” altsistemində olan məlumatları əsas götürərək iddiaçının xx.xx.2006-cı ildən xx.xx.2009-cu ilədək fərdi hesabının sığorta hissəsində pensiya kapitalı qeydə alınmadığına əsaslansa da, ümumiyyətlə bu hal ona əvvəlki dövrləri sığorta stajına daxil edilməməsi üçün əsas vermir. Çünki, əgər cavabdeh həmin dövrləri mübahisələndirirsə və həmin dövrlərdə məcburi sosial sığorta haqlarının ödənilmədiyini əsas götürürsə, o, məhz həmin dövrün sığorta stajına daxil edilməsindən imtina edə bilərdi. Bu halın əvvəlki dövrə münasibətdə şamil olunması isə hər bir halda formal imtina əsası kimi qiymətləndirilir. Digər tərəfdən, müəssisə tərəfindən xx.xx.2006-cı ilədək məcburi sosial sığorta haqlarının ödənilib-ödənilməməsinə münasibətdə qeyd olunmalıdır ki, alınan əmək haqqından məcburi dövlət sosial sığorta ayırmaları həyata keçirilmədikdə bunun pensiya hesablanması zamanı nəzərə alınıbalınmamalı olduğuna dair məsələ “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 67-ci maddəsinin səkkizinci hissəsi ilə tənzimlənmişdir. Həmin maddəyə görə, əmək (sosial sığorta) pensiyasının təyin edilməsi üçün qanunla müəyyən edilmiş hallar istisna olmaqla xx.xx.2002-ci ildən əmək stajına məcburi dövlət sosial sığorta haqlarının ödənildiyi əmək fəaliyyəti müddəti daxildir. xx.xx.2002-ci ilədək əmək fəaliyyəti göstərən şəxslərə pensiya təyin olunması üçün əmək stajı bu maddənin birinci-yeddinci hissələrinə müvafiq olaraq hesablanır. Göründüyü kimi, xx.xx.2002-ci ilədək və ondan sonrakı dövrləri qanunverici fərqli qaydada tənzimləmişdir. xx.xx.2002-ci ilədək əmək fəaliyyəti göstərən şəxslərə pensiya təyin olunması üçün əmək stajı “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 67-ci maddəsinin birinci-yeddinci hissələrinə müvafiq olaraq hesablanmalıdır. Bu normadan irəli gələrək iddiaçının xx.xx.1985-ci ildən 2002-ci ilədək işlədiyi dövrun pensiya hesablanmasına əsas verən ümumi iş stajına daxil edilməsi məsələsini həll edərkən həmin dövrlə bağlı məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərti ümumiyyətlə tələb olunmamalıdır. 2002-xx.xx.2006-ci illərə münasibətdə isə nəzərə alınmalıdır ki, “Məcburi dövlət sosial sığorta sahəsində borcların tənzimlənməsi haqqında” Azərbaycan Respublikasının xx.xx.2018-ci il tarixli 1042-VQ nömrəli Qanununun 1-ci maddəsinə əsasən sığortaedənlərin müvafiq icra hakimiyyəti orqanının uçot sistemində mövcud olan xx.xx.2006-cı il tarixə yaranmış və xx.xx.2018-ci il tarixədək ödənilməmiş məcburi dövlət sosial sığorta haqları üzrə borcları tam məbləğdə silinir. Beləlilklə, qanunvericiliyə edilmiş tənzimləmələrlə xx.xx.2006-cı il tarixə yaranmış məcburi dövlət sosial sığorta haqları üzrə borclar silindiyindən iddiaçının xx.xx.1985-ci il tarixdən xx.xx.2006-cı il tarixədək işlədiyi müddətin sığorta stajına daxil edilməsi üçün məcburi sosial sığorta haqqlarının ödənilib-ödənilməməsi mühim rol oynamır. Belə olan halda məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq hesab edir ki, iddiaçıya ona yaşa görə pensiya təyin edilməsi üçün, qanunvericiliklə müəyyən edilmiş şərtlər mövcud olduğundan, yəni ona pensiya təyin olunması üçün zəruri olan yaş həddinə çatdığından və xx.xx.2006-cı ilədək 25 ildən artıq iş stajına malik olduğundan (cavabdehin qəbul etdiyi 08 il 05 ay, əlavə olaraq xx.xx.1985-ci il tarixdən xx.xx.2006-cı il tarixədək olan dövr 20 il 9 gün olmaqla, cəmi 28 il 14 gün təşkil edir), cavabdehin ona yaşa görə əmək pensiyası təyin edilməsindən imtinası qanunsuzdur. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 19-cu maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. İnzibati Prosessual Məcəllənin 14.3-cü maddəsinə əsasən inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Hazırkı iddia məcburetmə haqqında iddia deyil, öhdəliklərin icrası haqqında iddialara aid olsa da, cavabdehin imtinası onun hərəkətsizliyində ifadə olunmuşdur. Bu isə mahiyyət etibarilə inzibati aktın qəbulundan imtina edilən zaman göstərilən hərəkətsizliyə bərabərdir. Beləliklə, məcburetmə haqqında iddialarda olduğu kimi öhdəliyin icrası haqqında iddialar üzrə də həmin öhdəliyin icra edilməli olmasını zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının, belə öhdəliyin icrasını istisna edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi isə cavabdehin üzərinə düşür ki, hazırkı işdə cavabdeh iddiaçıya pensiya təyin edilməsindən imtinanı zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut edə bilməmişdir. İnzibati Prossesual Məcəllənin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. İnzibati Prosessual Məcəllənin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. İnzibati Prosessual Məcəllənin 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. İnzibati Prosessual Məcəllənin 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. İnzibati Prosessual Məcəllənin 73.1-ci maddəsinə əsasən inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Məhkəmə kollegiyası hesab edir ki, cavabdeh inzibati orqanın iddiaçıya pensiya təyin etməkdən imtina bərədə hərəkətləri qanunsuz və əsassız olmuşdur. Odur ki, cavabdehin apellyasiya şikayətinin dəlilləri əsassızdır. Həmin dəlillər birinci instansiya məhkəməsinin qərarının ləğvi üçün qanuni əsas ola bilməz. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Cavabdehin apellyasiya şikayəti rədd edilsin. Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2025-ci tarixli 2-1(118)-765/2025 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi gündən) 1 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri Sülh prospekti 70) vasitəsilə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar