Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-1(105)-686/2022 22.11.2022 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının iddiaçı X2 cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iş üzrə QƏRARDADİ Sədrlik edən və məruzəçi hakim Məmmədov Fuad Əli oğlu, hakimlər Məmmədov Zaur İkram oğlu və Məmmədov Zahid Tahir oğlundan ibarət tərkibdə, Oruclu Nurlan Zöhrab oğlunun katibliyi ilə, İddiaçı X2 və cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının nümayəndəsi X3 iştirakları ilə, İddiaçı X2 cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı 50 yaşı tamam olan tarixdən, yəni xx.xx.2006-cı ildən güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair inzibati iş üzrə Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-1(118)-2134/2022 nömrəli qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. İşin halları İddiaçı X4 cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iddia qaldıraraq ona 50 yaşı tamam olan tarixdən, yəni xx.xx.2006-cı ildən güzəştli şərtlərlə əmək pensiyası təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Birinci instansiya məhkəməsində icraat İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı xx.xx.1973-xx.xx.1974-cü illərdə 35 №-li Texniki Peşə məktəbində təhsil almışdır. Təyinatla Sumqayıt şəhərində fəaliyyət göstərən M.Əzizbəyov adına X9 zavodunda işə göndərilmişdir. Həmin zavodda xx.xx.1974-cü ildən xx.xx.2012-ci ilə qədər işləmişdir. 1975-may 1977-ci illərdə Sovet ordusu sıralarında hərbi xidmətdə olmuşdur. xx.xx.2012-xx.xx.2021-ci illərdə “Azərkimya” İB-nin Təmir-Tikinti İdarəsində işləmişdir. Ümumi iş stajı 48 ildir. Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 saylı qərarının Vİİİ bölməsinin İ bəndinin 1080A010 şifrinə əsasən 1 saylı siyahıda sadalanan xlor, kaustik soda istehsalı sahəsində 38 il işləmişdir. Zərərli istehsal şəraitində işlədiyinə 52 yaşı tamam olan tarixdə, yəni xx.xx.2008-ci ildə ona əmək pensiyası təyin edilmişdir. Hesab edir ki, ona 50 yaşı tamam olan tarixdən, yəni xx.xx.2006-cı ildən güzəştli şərtlərlə əmək pensiyası təyin edilməlidir. Belə ki, hal-hazırda qüvvədə olan “Əmək pensiyaları haqqında” Qanunun 9.8-ci maddəsinə görə bu qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. Hazırda qüvvədə olan “Əmək pensiyaları haqqında” Qanun xx.xx.2006-cı ildə qəbul edilmişdir. xx.xx.2006-cı ilə qədər qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 13-cü maddəsinin “a” bəndinə uyğun olaraq 20 il ümumi iş stajı olan və bu iş dövrünün 10 ilini Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli 320 №-li qərarı ilə təsdiq edilmiş 1 №-li siyahı üzrə müəyyən edilmiş zərərli işlərdə çalışan 50 yaşı tamam olmuş kişilərin güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Kişilər üçün müəyyən edilmiş 50 yaş pensiya yaş həddi Azərbaycan Respublikasının xx.xx.1997-ci il tarixli, 321-İQD №-li Qanunun 1-ci bəndinə əsasən 1997ci il avqustun 1-dən 2000-ci il avqustun 1-dək hər il bir ay artırılmışdır. Beləliklə, hazırda qüvvədə olan “Əmək pensiyaları haqqında” Qanunun 9.8-ci maddəsinə görə onun xx.xx.1997-ci il tarixinə qədər 24 il ümumi və 23 il 1 nömrəli siyahı üzrə iş stajı olduğundan ona 50 yaşı tamam olan tarixdən pensiya təyin edilməlidir. Cavabdeh etirazında qeyd edir ki, iddiaçı Ş.İ.Cəfərov ərizə ilə müraciət edərək, ona 50 yaşı tamam olan tarixdən, yəni xx.xx.2006-cı il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsini xahiş etmişdir. Xüsusi şərtlərlə təyinat üzrə mərkəzi filialı tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2022-ci il tarixli, **********2 nömrəli məktubda ona xx.xx.2006-cı il tarixdən Dövlət Sosial Müdafiə Fondunun Sumqayıt şəhər şöbəsi tərəfindən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edildiyi bildirilmiş və əmək pensiyasının məbləği barədə məlumat verilmişdir. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 10 aprel 2015-ci il tarixli 5 nömrəli qərarına əsasən, məhkəmələr iddianın mümkünlüyü məsələsini həll edən zaman bir sıra şərtlərə əməl edilib-edilməməsini yoxlamalıdır. Bu şərtlərə daxildir: 1) iddia tələbi üzrə subyektiv hüququnun olub-olmaması; 2) cavabdehin həmin iddiaya cavab verməli olub-olmaması 3) İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyi; 4) qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmaması; 5) İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilməməsi; 6) prosessual həmiştirakçılığın yol verilənliyi; 7) tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyü. İnzibati Prosessual Məcəllənin 35.1-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. X1 X6 Sistemindən əldə olunan məlumata əsasən, iddiaçı Ş.İ.Cəfərova güzəştli şərtlərlə yaşa görə əmək pensiyası müraciəti əsasında xx.xx.2008-ci il tarixli qərarla xx.xx.2006-cı il tarixdən təyin edilmişdir. Eyni zamanda iddiaçının adına açılmış 144036 №-li uçot vərəqində ona xx.xx.2006-cı il tarixdən, yəni 50 yaşı tamam olduğu gündən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi əks olunmuşdur (qoşma əlavə olunur). İnzibati mübahisələrə baxılması ilə əlaqədar iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün hesab edilməsidir. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri isə iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. İddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Ona görə də, işə baxan məhkəmə öncə mümkünlük şərtlərinin mövcudluğunu yoxlamalı və yalnız həmin şərtlərinin mövcudluğunun müəyyən olunmasından sonra iddianın mahiyyəti üzrə araşdırılmasını aparmalıdır. Yəni inzibati məhkəmə icraatı qaydasında baxılan istənilən növ iddianın məhkəmə icraatı yalnız onun inzibati prosessual qanunvericiliklə müəyyən edilən mümkünlüyü şərtlərinin yerinə yetirildiyi təqdirdə yolverilən sayılır, iddianın mümkünlüyü şərtlərinin yerinə yetirilməsi ilə bağlı sübutetmə vəzifəsi məhz iddiaçının üzərinə düşür. İddianın əsaslı hesab edilərək, məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər iddia tələbinin iddia müddətinə dair normalara riayət edilməklə, iddiaya cavab verilməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Azərbaycan Respublikasının Konstitusiyasından, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və digər normativ hüquqi aktlardan irəli gəlməsi, inzibati məhkəmə icraatı qaydasında iddia inzibati orqanın hərəkəti və hərəkətsizliyi nəticəsində şəxsin hüquqlarının və qanunla qorunan maraqlarının güman və ehtimal edilən pozulması zamanı deyil, konkret hüquqlarının pozulmasının əsaslandırdığı hallarda mümkün hesab edilir. İnzibati Prosessual Məcəllənin 35.3-cü maddəsinə əsasən, iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Qeyd edilənlərə əsasən iddianın mümkün sayılmamasını məhkəmədən xahiş etmişdirlər. Sumqayıt İnzibati Məhkəməsinin 29 sentyabr 2022-ci il tarixli, 2-1(118)-2134/2022 nömrəli qərardadı ilə (hakim İsmayıl Quliyev) iddia mümkün sayılmamışdır. Həmin qərardaddan iddiaçı X4 apellyasiya şikayəti verərək qərardadın ləğv edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apellyasiya şikayətinin dəlilləri Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, xx.xx.2008-ci ildə 52 yaşı tamam olan tarixdə ona 1 saylı siyahıya əsasən pensiya təyin edilmişdir. Məhkəmə qəbul etdiyi qərardadda göstərmişdir ki, guya ona pensiya 50 yaşı tamam olan tarixdə təyin edilmiş və ödənilmişdir. Ona güzəştli şərtlərlə 52 yaşı tamam olan tarixdə (xx.xx.2008-ci ildə) əmək pensiyası təyin edilmişdir. Məhkəmədə cavabdehin nəzərinə çatdırmışdır ki, ona 50 yaşında deyil, 52 yaşında tamam olan tarixdən pensiya ödənilir. Məhkəmə məsələyə aydınlıq gətirməmiş, araşdırma aparmamış, həqiqətən də xx.xx.2006-xx.xx.2008-ci illərdə ona pensiya ödənilib-ödənilmədiyinə aydınlıq gətirməmişdir. Bununla da məhkəmə “Əmək pensiyaları haqqında” Qanunun 9-cu maddəsinin 8-ci bəndinin tələblərini pozmuşdur. Hesab edir ki, məhkəmənin bu iş üzrə qəbul edilmiş qərardadı ləğv edilməli, işə aidiyyatı üzrə baxılaraq, iddia tələbinin təmin olunması barədə yeni qərar qəbul edilməlidir. b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri Apellyasiya şikayətinə qarşı tərəf etiraz təqdim etməmişdir. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı X4 apellyasiya şikayətinin təmin edilməsini, birinci instansiya məhkəməsinin qərardadının ləğv edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi X5 apellyasiya şikayətinin təmin edilmədən, birinci instansiya məhkəməsinin qərardadının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Tətbiq edilən hüquq Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi: Maddə 35. İddianın mümkünlüyü 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 80. Məhkəmə qərardadları 80.1. Bu Məcəlləyə əsasən barəsində məhkəmə qaydasında şikayət verilə bilən, habelə hüquqi müdafiə vasitələrindən istifadə qaydalarını və müddətini müəyyən edən məhkəmə qərardadları mütləq əsaslandırılmalıdır... Maddə 87. Apellyasiya instansiyası məhkəməsində icraat 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2022-ci il tarixli qərardadı ilə apellyasiya şikayəti mümkün sayılmışdır. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərardadı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan istənilən növ iddia, yalnız onun inzibati prosessual qanunvericiliklə müəyyən edilən mümkünlüyü şərtləri yerinə yetirildiyi halda yolveriləndir. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli 5 saylı qərarında qeyd edilir ki, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. İşin araşdırılması prinsipi bu hallara da şamil olunur. İPM-nin 12.1-ci maddəsinə görə məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. İddia ərizəsindən müəyyən olunur ki, iddiaçı ona 50 yaşı tamam olan tarixdən, yəni xx.xx.2006-cı ildən güzəştli şərtlərlə əmək pensiyası təyin edilməsini istəyir və bildirir ki, ona pensiya 52 yaşından xx.xx.2008-ci il tarixdə təyin edilmişdir. Halbuki, cavabdeh inzibati orqanın məhkəməyə təqdim etdiyi sənədlərdən müəyyən edilir ki, iddiaçıya müraciəti əsasında güzəştli şərtlərlə yaşa görə əmək pensiyası xx.xx.2008-ci il tarixli qərarla xx.xx.2006-cı il tarixdən təyin edilmişdir. Apellyasiya şikayətinin iddiaçıya xx.xx.2006-xx.xx.2008-ci illərdə pensiya ödənilibödənilmədiyinin məhkəmə tərəfindən araşdırılmaması barədə dəlili ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, göstərilən dövlər ərzində pensiya ödənişlərinin edilib-edilməməsi hazırkı mübahisənin predmeti deyil. Hazırkı mübahisənin predmeti iddiaçıya xx.xx.2006-cı il tarixdən güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsi barədədir və iş materialları ilə iddiaçıya həmin tarixdən pensiya təyin edildiyi təsdiqini tapır. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, hazırkı iş üzrə birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-1(118)-2134/2022 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan inzibati məhkəmə icraatının iştirakçıları rəsmi qaydada təqdim olunduğu gündən 10 (on) gün müddətində Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti 70) vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verə bilər.
Məhkəmə qərarları › İş №2-1(105)-686/2022
Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(105)-686/2022
22.11.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver