Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(105)-686/2025 23.07.2025 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Babayeva Hökümə Çingiz qızı (sədrlik edən və məruzəçi), Axundov Toğrul Bəhruz oğlu və Hacıyev Vahid Məcid oğlundan ibarət tərkibdə, X2 qızının katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “qərarın ləğv edilməsi, yaşa görə əmək pensiyası məbləğinin bərpa edilməsi, tutulmuş pensiya məbləğinin geri qaytarılması” tələbinə dair inzibati mübahisə üzrə Sumqayıt İnzibati Məhkəməsinin 21 may 2025-ci il tarixli, 2-1(118)- 2671/2025 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. İddiaçı xx.xx.1969-cu il təvəllüdlüdür (AA******* nömrəli şəxsiyyət vəsiqəsi).
2. İddiaçıya 04 aprel 2013-cü il tarixdə fövqəladə hallar orqanlarında xidmət etmiş xüsusi rütbəli şəxs kimi güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmişdir.
3. Daha sonra Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli 3-17-1/3- 34090/2024 nömrəli “Əmək pensiyasının yenidən hesablanması haqqında” qərarı ilə iddiaçıya təyin edilmiş 894,80 manat məbləğində güzəştli şərtlərlə yaşa görə əmək pensiyası yenidən hesablanaraq 774,39 manat məbləğinə endirilməsi qərara alınmışdır.
4. Bundan sonra iddiaçı ərizə ilə cavabdeh orqana müraciət edərək əvvəlki pensiya məbləğinin bərpa edilməsini xahiş etmişdir.
5. Cavabdeh xx.xx.2024-cü il tarixli, 3-17-1/2-C-115507/2024 nömrəli məktubu ilə müraciətin icrasından imtina etmişdir. İmtina onunla əsaslandırılmışdır ki, iddiaçıya dair vaxtilə Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi tərəfindən son 24 ay üzrə ödənilmiş orta aylıq əməkhaqqı barədə göndərilən məlumatlarda təqvimi xidmət illəri Qanunun 9.7-2-ci maddəsinin 1 iyul 2017-ci il tarixinədək qüvvədə olmuş redaksiyasına əsasən tələb edilən 25 ildən az - 22 il təşkil edir. Qanunun 20.28-ci maddəsinə əsasən Qanunun 20.1.20-ci maddəsində nəzərdə tutulan şəxslərin (xüsusi rütbələr nəzərdə tutulan vəzifələrdə çalışan və qanunla müəyyən edilmiş yaş həddinə çatmış və ya orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş fövqəladə hallar orqanlarının işçilərinin (xüsusi rütbələrdən məhrum edilmiş fövqəladə hallar orqanlarının işçiləri istisna olmaqla)) əmək pensiyasına əlavələr fövqəladə hallar orqanlarında xidmətin son 24 ayı və ya istənilən ardıcıl gələn 60 ayı ərzindəki əməkhaqqının orta aylıq məbləği, pensiya təyinatı tarixinədək əməkhaqqındakı sonrakı artımlar da nəzərə alınmaqla, əmək pensiyası təyin edilir. Göründüyü kimi, iddiaçının əmək pensiyasının təyin edildiyi tarixə (4 aprel 2013-cü il) qanunla müəyyən edilmiş yaş həddinə (həmin tarixə kişilər üçün yaş həddi 63 yaş idi, lakin iddiaçının həmin dövrə 43 yaşının (təvəllüdü: xx.xx.1969-cu il) var idi) çatmadığını və əmək pensiyası hüququnun yarandığı dövrdə tələb olunan 25 il xidmət müddətinin olmaması üçün ona Qanunun sözügedən maddəsinə uyğun əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün deyildi. Lakin, yuxarıda qeyd olunan hallar nəzərə alınmadan təqdim olunmuş 10 may 2013-cü il tarixli 12/xx-xx/02228 nömrəli məktuba və ona əlavə olunmuş son 24 ay üzrə orta aylıq əməkhaqqınız barədə sənədlərə əsasən Mərkəzi Filial tərəfindən iddiaçıya 4 aprel 2013-cü il tarixindən 26 il 7 ay 19 gün (təqvimi xidmət illəri 22 il 3 ay 17 gün, güzəştli xidmət illəri 4 il 4 ay 2 gün) xidmət müddətinə görə təminat xərcliyinin 80 faizi miqdarında yaşa görə əmək pensiyası təyin edilmişdir. Fövqəladə Hallar Nazirliyi tərəfindən iddiaçıya dair daxil olmuş yeni məlumat vərəqinə əsasən əmək pensiyası Qanunun 20.14.1-ci maddəsinin 2017-ci il 1 iyul tarixinədək qüvvədə olmuş redaksiyasına uyğun olaraq təminat xərcliyinizin 68 faizi miqdarında müəyyən edilmiş, 1 iyul 2017-ci il tarixindən sonrakı müvafiq artımlar (iddiaçıya münasibətdə 1 mart 2018-ci il, 1 mart 2019cu il, 1 may 2019-cu il və 1 sentyabr 2019-cu il tarixindən) isə 1 yanvar 2023-cü il tarixinədək qüvvədə olmuş Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 25 iyun tarixli, 142 nömrəli Fərmanının tələblərinə uyğun qaydada 63,17 faiz miqdarında hesablanmaqla həmin tarixdən əvvəlki təminat xərcliyinin 68 faizi həcmində müəyyən edilmiş əmək pensiyanın üzərinə əlavə olunmaqla pensiyası 551,95 manat məbləğində müəyyən edilmişdir. Qanunun 39.1-ci maddəsinin 1 yanvar 2023-cü il tarixindən qüvvədə olan redaksiyasına əsasən əmək pensiyasının və əmək pensiyasına əlavənin artıq ödənilmiş məbləği əmək pensiyaçısından son üç il üçün tutulur. Qeyd olunanlara əsasən, iddiaçıya son üç il üzrə 3734,46 manat artıq pul vəsaitinin ödənildiyi müəyyən edilmişdir. Həmin 3734,46 manat pul vəsaiti cari ilin aprel ayından etibarən hissə-hissə əmək pensiyasından tutularaq büdcəyə bərpa edilir. Əlavə olaraq bildirilir ki, Qanunun 1 yanvar 2023-cü il tarixindən qüvvədə olan 26.4-cü maddəsinə əsasən maddi yardımın pensiyanın tərkibinə daxil edilməsi, ümumi pensiya məbləğinin həmin tarixdən və növbəti dəfə cari ilin 1 yanvar tarixindən də indeksləşdirilməsi nəticəsində əmək pensiyası 774,39 manat məbləğində müəyyən edilmişdir.
6. Verilən imtina cavabı ilə razılaşmayan iddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək pensiya məbləğinin əvvəlki məbləğdə ödənilməsi və pensiyasından tutulmanın dayandırılması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) Birinci instansiya məhkəməsində icraat
7. İddia tələbi onunla əsaslandırılmışdır ki, ona cavabdeh orqan tərəfindən 2013cü ilin aprel ayından Fövqəladə Hallar Nazirliyində 30 il xidmət illəri (25 il 3 ay təqvimi, 4 il 10 ay güzəştli) nəzərə alınmaqla əmək pensiyası təyin edilmişdir. 2024-cü ilin aprel ayında pensiyanın məbləği azalmışdır. Bunun səbəbini bilmək məqsədilə cavabdeh orqana müraciət etmiş, cavabdeh orqanın 16 may 2024-cü il tarixli məktubunda yenidən araşdırma zamanı pensiyanın məbləğinin azaldılması və artıq ödənilən 3734,46 manat məbləğin bu ilin aprel ayından etibarən hissə-hissə əmək pensiyasından tutularaq büdcəyə bərpa edilməsi qeyd edilmişdir. Pensiyası həmin tarixdə qüvvədə olan qanuna əsasən hesablanmışdır. Sonradan qanuna dəyişiklik edilməsi onun pensiyasının məbləğinin azalmasına səbəb ola bilməz. Hesab edir ki, cavabdehin bu hərəkəti qanunun tələblərinə ziddir. Bu səbəbdən də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır.
8. Cavabdeh iddia tələbinə yazılı etiraz təqdim edərək etirazı imtina məktubu ilə eyni məzmunda əsaslandırmışdır.
9. Bakı İnzibati Məhkəməsinin 27 avqust 2024-ci il tarixli, 2-1(112)-10895/2024 nömrəli qərardadı ilə iş aidiyyəti üzrə baxılması üçün Sumqayıt İnzibati Məhkəməsinə göndərilmişdir.
10. Daha sonra iddiaçı məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, cavabdehin əmək pensiyasının yenidən hesablanması haqqında xx.xx.2024-cü il tarixli, 3-17-1/3-7-4090/2024 nömrəli qərarının ləğv edilməsi, yaşa görə əmək pensiyası məbləğinin 06 aprel 2024-cü il tarixdən bərpa edilməsi, məhkəmə qərarı qüvvəyə mindiyi tarixədək ondan tutulmuş pensiya məbləğinin geri qaytarılması öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə:
11. Sumqayıt İnzibati Məhkəməsinin 21 may 2025-ci il tarixli, 2-1(118)-2671/2025 nömrəli qərarı ilə iddia tələbi təmin edilmiş, cavabdehin iddiaçı barəsində qəbul etdiyi “Əmək pensiyasının yenidən hesablanması haqqında” 06 aprel 2024-cü il tarixli, 3-17-1/3- 3-4090/2024 nömrəli qərarı ləğv edilmiş, yaşa görə əmək pensiyası məbləğinin 06 aprel 2024-cü il tarixdən bərpa edilməsi, məhkəmə qərarı qüvvəyə mindiyi tarixədək iddiaçıdan tutulmuş pensiya məbləğinin ona geri qaytarılması öhdəliyi cavabdehin üzərinə qoyulmuşdur (hakim Rahim Həsənov).
12. Məhkəmə qərarını onunla əsaslandırmışdır ki, inzibati orqan ilk dəfə iddiaçıya xx.xx.2013-cü ildə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin etmişdir. Cavabdeh inzibati orqan 06 aprel 2024-cü il tarixli, 3-17-1/3-3-4090/2024 nömrəli qərarı qəbul edərkən “İnzibati icraat haqqında” Qanunun 67.12-ci maddəsinin tələbinə əməl etməmiş, imtina məktubunda, iddiaya etirazında və şikayətində hansı hallara görə xx.xx.2013-cü il tarixdə qəbul etdiyi qərarın qanunsuz olmasını və həmin halların məhz xx.xx.2024-cü il tarixli qərarı qəbul edərkən 1 (bir) il müddətində ona məlum olmasını bildirməmiş, həmin normanın pozuntusunun baş vermədiyini əsaslandırmamış, ümumiyyətlə pensiya məbləğinin dəyişdirilməsinin səbəblərini qərarda bildirməmişdir. Cavabdehin istinad etdiyi əmək pensiyasının təyin edilməsinin düzgün olmadığı vaxtdan 1 (bir) ildən çox müddət keçdiyindən və səhv təyin edilməyə səbəb olan hal elə həmin vaxt pensiya təyin edən orqana məlum olduğundan, eləcə də məlum olma halını digər bir tarix kimi müəyyən etmək üçün cavabdeh tərəfindən hər hansı sübut təqdim edilmədiyindən, habelə qərarın ləğv edilməsi üçün “İnzibati icraat haqqında” Qanunun 67.6.1-ci maddəsində sadalanan hallar olmadığından, cavabdeh inzibati orqanın əvvəllər qəbul etdiyi qərarı dəyişdirməsi qanuni sayıla bilməz.
13. Həmin qərardan narazı qalan cavabdeh apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.
APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a) Apellyasiya şikayətinin dəlilləri
14. Cavabdeh apellyasiya şikayətini imtina məktubu və iddia ərizəsinə etirazla eyni məzmunda əsaslandırmış və əlavə olaraq bildirmişdir ki, pensiyasının yenidən hesablanmasına əsas olan hallar tərələrindən xx.xx.2023-cü il tarixində aşkarlanmış və həmin tarixdə də tərəflərindən sonuncu vəzifə maaşının dəqiqləşdirilməsi məqsədilə yeni məlumat vərəqəsi göndərilməsi üçün Fövqəladə Hallar Nazirliyinin Kadr Siyasəti Baş İdarəsinə sorğu ünvanlanmışdır. Daha sonra, “Əmək pensiyasının yenidən hesablanması haqqında” xx.xx.2024-cü il tarixli, 3-17-1/3-7-4090/2024 nömrəli qərar qəbul edilmişdir. Göründüyü kimi, iddiaçıya pensiya təyin edilməsi haqqında qərar “İnzibati icraat haqqında” Qanunun 67.12-ci maddəsində təsbit olunan qanunsuz inzibati aktın ləğv edilməsi üçün həmin aktın ləğv olunmasını şərtləndirən hallar məlum olduğu gündən 1 il ərzində ləğv edilmişdir.
b) Apellyasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları
15. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətini müdafiə edərək şikayətin təmin edilməsini xahiş etmişdir.
16. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı apellyasiya şikayətinin dəlillərini qəbul etməyərək iddia ərizəsi ilə eyni mzəmunda izahat verərək şikayətin təmin edilməməsini xahiş etmişdir.
TƏTBİQ EDİLƏN HÜQUQ:
17. Azərbaycan Respublikasının Konstitusiyası: Maddə 38. Sosial təminat hüququ İ. Hər kəsin sosial təminat hüququ vardır. ... İİİ. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir.
18. Azərbaycan Respublikasının “Əmək pensiyaları haqqında” Qanunu: Maddə 7. Yaşa görə əmək pensiyasının təyin edilməsi şərtləri 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi şəxsi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Maddə 9. Güzəştli şərtlərlə əmək pensiyası hüququ olan digər şəxslər 9.7-2. Fövqəladə hallar orqanlarında xüsusi rütbələr nəzərdə tutulan vəzifələrdə azı 35 il xidmət stajı olan işçilərin (xüsusi rütbələrdən məhrum edilmiş fövqəladə hallar orqanlarının işçiləri istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır; ... Maddə 20. Qulluq stajına görə əmək pensiyasına əlavələr 20.1. Qulluq stajına görə əmək pensiyasına əlavələr aşağıdakı əmək pensiyaçılarına təyin edilir: ... 20.1.11. bu qanunun 9.5-ci maddəsində göstərilən hərbi qulluqçular; ... 20.1.20. xüsusi rütbələr nəzərdə tutulan vəzifələrdə çalışan və qanunla müəyyən edilmiş yaş həddinə çatmış və ya orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş fövqəladə hallar orqanlarının işçiləri (xüsusi rütbələrdən məhrum edilmiş fövqəladə hallar orqanlarının işçiləri istisna olmaqla); 20.14. Bu qanunun 20.1.11-ci maddəsində nəzərdə tutulmuş şəxslərin əmək pensiyasına əlavələr pensiya təyinatı tarixinədək təminat xərcliyindəki sonrakı artımlar nəzərə alınmaqla aşağıdakı qaydada müəyyən edilir: 20.14.1. hərbi xidmətdən buraxılanadək 25 təqvim ili və daha çox hərbi xidmət etmiş hərbi qulluqçulara 25 il hərbi xidmət üçün müvafiq təminat xərcliyinin – 65 faizi, 25 ildən yuxarı hərbi xidmətin (hərbi xidmətin güzəştli sayılan hissəsi nəzərə alınmaqla) hər ili (il tam olmadıqda isə natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla) üçün müvafiq təminat xərcliyinin – 2 faizi (müvafiq icra hakimiyyəti orqanı sistemində xidmət edən şəxslər üzrə isə - 3 faizi) miqdarında əlavə olunmaqla ............... məbləğlə bu qanunla təyin edilən əmək pensiyasının məbləği arasındakı fərq qədər. ... 20.28. Bu Qanunun 20.1.20-ci maddəsində nəzərdə tutulan şəxslərin əmək pensiyasına əlavələr fövqəladə hallar orqanlarında xidmətin son 24 ayı və ya istənilən ardıcıl gələn 60 ayı ərzindəki əməkhaqqının orta aylıq məbləği, pensiya təyinatı tarixinədək əməkhaqqındakı sonrakı artımlar da nəzərə alınmaqla, aşağıdakı qaydada müəyyən edilir: 20.28.1. fövqəladə hallar orqanlarında xüsusi rütbələr nəzərdə tutulan vəzifələrdə 15 il xidmət keçmiş fövqəladə hallar orqanları işçilərinə - orta aylıq əməkhaqqının 50 faizi miqdarında; 20.28.2. fövqəladə hallar orqanlarında xüsusi rütbələr nəzərdə tutulan vəzifələrdə 15 ildən yuxarı xidmət keçmiş fövqəladə hallar orqanları işçilərinə - orta aylıq əməkhaqqının 50 faizi miqdarında və 15 ildən yuxarı xidmət stajının hər ili (il tam olmadıqda isə natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla) üçün həmin orta aylıq əməkhaqqının 3 faizi miqdarında əlavə olunmaqla, lakin həmin orta aylıq əməkhaqqının 80 faizi miqdarından çox olmamaq şərti ilə müəyyən olunan məbləğlə bu Qanunla təyin edilən əmək pensiyasının məbləği arasındakı fərq qədər əlavə təyin edilir.
19. Azərbaycan Respublikasının “Əmək pensiyaları haqqında” Qanunu (xx.xx.2017-ci il tarixədək qüvvədə olan redaksiyası): Maddə 9. Güzəştli şərtlərlə əmək pensiyası hüququ olan digər şəxslər 9.5. Aşağıdakı hərbi qulluqçuların (hərbi rütbələrdən məhrum edilmiş hərbi qulluqçular, müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları istisna olmaqla) hərbi xidmətdən buraxıldığı gündən hərbi qulluqçu kimi yaşa görə əmək pensiyası hüququ vardır: 9.5.1. hərbi xidmətdən buraxılanadək 25 təqvim ili və daha çox hərbi xidmət etmiş hərbi qulluqçular; ... 9.7-2. Fövqəladə hallar orqanlarında xüsusi rütbələr nəzərdə tutulan vəzifələrdə azı 25 il xidmət stajı olan işçilərin yaşa görə əmək pensiyası hüququ vardır; ... Maddə 20. Qulluq stajına görə əmək pensiyasına əlavələr 20.1. Qulluq stajına görə əmək pensiyasına əlavələr aşağıdakı əmək pensiyaçılarına təyin edilir: 20.1.11. bu qanunun 9.5-ci maddəsində göstərilən hərbi qulluqçular; ... 20.14. Bu qanunun 20.1.11-ci maddəsində nəzərdə tutulmuş şəxslərin əmək pensiyasına əlavələr təminat xərcliyindəki sonrakı artımlar nəzərə alınmaqla aşağıdakı qaydada müəyyən edilir: 20.14.1. hərbi xidmətdən buraxılanadək 25 təqvim ili və daha çox hərbi xidmət etmiş hərbi qulluqçulara 25 il hərbi xidmət üçün müvafiq təminat xərcliyinin – 65 faizi, 25 ildən yuxarı hərbi xidmətin (hərbi xidmətin güzəştli sayılan hissəsi nəzərə alınmaqla) hər ili üçün müvafiq təminat xərcliyinin - 3 faizi miqdarında əlavə olunmaqla ............... məbləğlə bu qanunla təyin edilən əmək pensiyasının məbləği arasındakı fərq qədər. ...
20. “İnzibati icraat haqqında” Qanun: Maddə 67. Qanunsuz inzibati aktın ləğv olunması 67.1. İnzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. ... 67.3. Qanunsuz əlverişsiz inzibati akt hər bir halda ləğv olunmalıdır. Azərbaycan Respublikasının müvafiq qanunları ilə başqa qayda nəzərdə tutulmamışdırsa, qanunsuz əlverişsiz inzibati aktın ləğv olunması həmin aktın qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. ... 67.13. Qanunsuz inzibati aktın ləğv edilməsi haqqında maraqlı şəxsə bu Qanunun 62-ci maddəsində nəzərdə tutulmuş qaydada məlumat verilir.
21. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 87. Apellyasiya instansiyası məhkəməsində icraat 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Maddə 87.8 Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 89. Apellyasiya instansiyası məhkəməsinin qərarının qanuni qüvvəyə minməsi Bu Məcəllənin 94.1-ci maddəsində nəzərdə tutulmuş müddətdə şikayətin verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda, məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadı isə 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Şikayətin geri götürülməsi haqqında bəyanat yazılı şəkildə məhkəməyə təqdim olunmalıdır. Maddə 90.1. Apellyasiya instansiyası məhkəməsinin qərar və ya qərardadlarından, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla Ali Məhkəmənin İnzibati kollegiyasına (bundan sonra – Ali Məhkəməyə) şikayət verilə bilər.
APELLYASİYANİN MÜMKÜNLÜYÜ, APELLYASİYA BAXİŞİNİN HƏDLƏRİ
22. Apellyasiya şikayəti vaxtında, yəni məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində (İPM-in 85.1-ci maddəsi) verilmişdir. Şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir (İPMin 85.2 və 85.3-cü maddələri). Şikayət qanunla müəyyən edilmiş formal tələblərə və prosessual müddətə əməl olunmaqla verildiyindən onun mümkün sayılmaması üçün əsaslar yoxdur. Ona görə də şikayət qəbul oluna bilən hesab edilir.
23. Birinci instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır.
APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
24. Məhkəmə kollegiyası tərəflərin izahatını dinləyərək, iş üzrə materialları və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti əsassızdır. Bu səbəbdən, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.
25. Yaranmış mübahisə ilə bağlı kollegiya aşağıdakıları qeyd edir:
26. Hazırki mübahisə predmeti iddiaçının fövqəladə hallar orqanlarında xidmət etmiş xüsusi rütbəli şəxs kimi yaşa görə əmək pensiyasının bərpa edilməsindən imtinası barədədir.
27. İşdən görünür ki, cavabdeh tərəfindən iddiaçıya xx.xx.2013-cü il tarixindən “Əmək pensiyaları haqqında” Qanunun 9.7-2-ci maddəsinin 1 iyul 2017-ci il tarixinədək qüvvədə olmuş redaksiyasına əsasən fövqəladə hallar orqanlarında xidmət etmiş xüsusi rütbəli şəxs kimi güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmişdir.
28. Həmin normanın tələbindən göründüyü kimi fövqəladə hallar orqanlarında xüsusi rütbələr nəzərdə tutulan vəzifələrdə azı 25 il xidmət stajı olan işçilərin yaşa görə əmək pensiyası hüququ vardır.
29. Daha sonra cavabdeh iddiaçının təqvimi xidmət illərinin “Əmək pensiyaları haqqında” Qanunun 9.7-2-ci maddəsinin 1 iyul 2017-ci il tarixinədək qüvvədə olmuş redaksiyasına əsasən tələb edilən 25 ildən az - 22 il təşkil etdiyini müəyyən edərək, iddiaçının həmin maddənin tələbinə əsasən fövqəladə hallar orqanlarında xidmət etmiş xüsusi rütbəli şəxs kimi pensiya hüququnun olmadığını hesab etmişdir. Həmçinin, iddiaçının sözügedən Qanunun 20.1.20 və 20.28-ci maddəsinə əsasən fövqəladə hallar orqanlarında xüsusi rütbələr nəzərdə tutulan vəzifələrdə xidmət etmiş şəxs kimi əmək pensiyasına əlavələr almaq hüququ da olmadığından, Fövqəladə Hallar Nazirliyi tərəfindən iddiaçıya dair verilmiş yeni məlumat vərəqinə əsasən onun yaşa görə əmək pensiyasına əmək pensiyasına Qanunun 20.14.1-ci maddəsinin 2017-ci il 1 iyul tarixinədək qüvvədə olmuş redaksiyasına uyğun olaraq, əlavələr müəyyən edərək pensiyanı yenidən hesablamışdır.
30. İddiaçı barəsində xx.xx.2013-cü il tarixdə pensiya təyin edilməsinə əsas olmuş Fövqəladə Hallar Nazirliyi tərəfindən verilmiş xx.xx.2013-cü il tarixli məlumat vərəqindən görünür ki, təqvim üzrə xidmət illəri – 22 il 03 ay 17 gün, güzəştli xidmət illəri 04 il 04 ay 02 gün, cəmi iş stajı və xidmət illəri – 26 il 07 ay 19 gün təşkil edir.
31. Göründüyü kimi cavabdeh “Əmək pensiyaları haqqında” Qanunun 9.7-2-ci maddəsində göstərilən “xidmət stajı” ifadəsini təqvim üzrə xidmət illəri olaraq qəbul edir, bu səbəbdən, iddiaçının təqvimi xidmət illərini həmin normada göstərilən 25 ildən az - 22 il olduğunu hesab edir.
32. Bu baxımdan, məhkəmə kollegiyası həmin normada göstərilən ümumiyyətlə “xidmət stajı”, “təqvim üzrə xidmət illəri” və “güzəştli xidmət illəri” anlayışlarına aydınlıq gətirilməsini zəruri hesab edir.
33. Belə ki, məhz qeyd olunan anlayışların dəqiq təhlil edilməsi, “xidmət stajı” – na təqvimi və güzəştli xidmət illərinin daxil olub-olmamasının araşdırılması hazırkı halda iddiaçının Qanunun 9.7-2-ci maddəsinə əsasən pensiya hüququnun olub-olmamasının müəyyən edilməsi baxımından vacibdir.
34. Bununla bağlı kollegiya ilk növbədə qeyd edir ki, “Əmək pensiyaları haqqında” Qanunun özündə təqvim üzrə xidmət illəri və xidmət stajı anlayışları ayrı-ayrı anlayışlar olaraq göstərilmişdir. Belə ki, Qanunun yuxarıda istinad edilən 9.5.1-ci maddəsində hərbi qulluqçunun pensiya hüququnun yaranması üçün tələb - 25 təqvim ili, 9.7-2-ci maddəsində isə fövqəladə hallar orqanlarında xidmət etmiş xüsusi rütbəli şəxsin pensiya hüququnun yaranması üçün tələb olaraq isə 25 il xidmət stajı göstərilmişdir.
35. Bundan başqa, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.1, 1.0.2, 1.0.5 və 20.14-cü maddələrinin şərh edilməsinə dair 15 may 2020-ci il tarixli qərarında qeyd olunan anlayışlara izah verilərək qeyd edilmişdir ki, xidmət müddəti (qulluq illəri) fasiləsiz xidmət illəri ilə yanaşı güzəştli illəri də əhatə edir. Nazirlər Kabinetinin 2004-cü il 22 iyul tarixli, 98 nömrəli Qərarı ilə təsdiq edilmiş Qaydanın 6-cı bəndinə görə, Azərbaycan Respublikasının digər normativ hüquqi aktları ilə xidmət illərinin güzəştli şərtlərlə hesablanması nəzərdə tutulan hallar daxili işlər orqanlarında fasiləsiz xidmət illərinə görə haqqın ödənilməsi üçün xidmət illərinin hesablanmasında nəzərə alınır. “Əmək pensiyaları haqqında” Qanunun 20.14.1-ci maddəsi ilə hərbi xidmətdə olan şəxslərin əmək pensiyasına əlavələrin hesablanması zamanı xidmətin güzəştli sayılan hissəsinin nəzərə alınması müəyyən edilmişdir. Yəni, xidmət illərinə güzəştli xidmət illəri daxil edilir. Bununla bağlı qeyd edilməlidir ki, Nazirlər Kabinetinin 2007-ci il 27 avqust tarixli 135 nömrəli qərarı ilə təsdiq edilmiş “Təminat xərcliyinin hesablanması, hərbi xidmət müddəti və təminat xərcliyi barədə məlumatların təqdim olunması Qaydaları”na Əlavədə əmək pensiyası təminatı üçün hərbi qulluqçu (xüsusi rütbəli şəxs) haqqında Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fonduna təqdim olunan Məlumat Vərəqəsinin 7 və 8-ci bəndlərində hərbi qulluqçuların həm təqvim üzrə xidmət illəri, həm də güzəştli xidmət illərinə dair məlumatın göstərilməsi müəyyən edilmişdir. Həmçinin təminat xərcliyinin hesablanmasını nəzərdə tutan 14-cü bənddə qeyd edilən pul təminatından pensiya hesablanarkən faiz dərəcələri şəxsin ümumi (təqvimi və güzəştlinin cəmi) xidmət illərinə münasibətdə hesablanır.
36. Həmçinin, NK-nın 2007-ci il 27 avqust tarixli 135 nömrəli qərarı ilə təsdiq edilmiş “Təminat xərcliyinin hesablanması, hərbi xidmət müddəti və təminat xərcliyi barədə məlumatların təqdim olunması Qaydaları” na 1 nömrəli əlavə - “Əmək pensiyası təminatı üçün hərbi (xüsusi) rütbəli şəxs haqqında təqdim olunan MƏLUMAT VƏRƏQİ” nin 2-ci bəndində xidmət illəri və sığorta stajı ilə bağlı məlumatlar: 2.3. Təqvim üzrə xidmət illəri (il, ay, gün) 2.4. Güzəştli xidmət illəri (il, ay, gün) 2.5. Cəmi iş stajı və xidmət illəri (iş stajı və xidmət illəri, güzəştli xidmət illəri / il, ay, gün) göstərilmişdir.
37. Həm Konstitusiya Məhkəməsinin Plenumunun hüquqi mövqeyindən, həm də - “Əmək pensiyası təminatı üçün hərbi (xüsusi) rütbəli şəxs haqqında təqdim olunan məlumat vərəqi” nin məlumatlarından müəyyən edilir ki, xidmət illəri geniş anlayış olmaqla, özündə həm təqvimi, həm də güzəştli xidmət illərini ehtiva edir.
38. İddiaçı da xüsusi rütbəli şəxs olmaqla, onun barəsində xidmət etdiyi orqan tərəfindən verilmiş məlumat vərəqində yuxarıda qeyd edildiyi kimi təqvim üzrə xidmət illəri – 22 il 03 ay 17 gün, güzəştli xidmət illəri 04 il 04 ay 02 gün, cəmi iş stajı və xidmət illəri – 26 il 07 ay 19 gün qeyd edilmişdir.
39. Qeyd edilənləri nəzərə alaraq kollegiya hesab edir ki, “Əmək pensiyaları haqqında” Qanunun 9.7-2-ci maddəsində göstərilən “xidmət stajı” ifadəsi də müvafiq olaraq özündə xüsusi rütbəli şəxsin həm təqvimi, həm də güzəştli xidmət illərini birləşdirir.
40. Belə olan halda, müəyyən edilir ki, iddiaçının Qanunun 9.7-2-ci maddəsində göstərilən anlamda 25 ildən artıq xidmət stajı vardır.
41. Odur ki, iddiaçıya xx.xx.2013-cü il tarixdən 25 ildən artıq xidmət stajı nəzərə alınaraq xüsusi rütbəli şəxs kimi əmək pensiyası təyin edilməsi qanuni və əsaslı olmuşdur.
42. Bu baxımdan, cavabdeh tərəfindən iddiaçının xüsusi rütbəli şəxs kimi həmin əmək pensiyasının sonradan hərbi qulluqçu kimi pensiyaya əlavələr qaydasında yenidən hesablanmasına dair qəbul edilmiş qərarı qanunsuz və əlverişsiz inzibati aktdır. Belə inzibati akt isə “İnzibati icraat haqqında” Qanunun 67.3-cü maddəsinin tələbinə görə ləğv edilməlidir.
43. Eyni zamanda kollegiya qeyd edir ki, iddiaçıya xx.xx.2013-cü il tarixdə əmək pensiyasının təyin edilməsi barədə inzibati aktın şərti olaraq qanunsuz inzibati akt olduğu qəbul edilsə belə, bu aktın dəyişdirilməsi üçün Qanunda nəzərdə tutulmuş 1 illik müddət ötürülmüşdür.
44. Bununla bağlı Azərbaycan Respublikası Ali Məhkəməsi İnzibati Kollegiyasının vahid məhkəmə təcrübəsini müəyyən edən (***) 2-1(102)-3135/2024 nömrəli qərarında qeyd edilmişdir ki, şəxsə əmək pensiyasının cavabdehin özü tərəfindən təyin olunduğu hallarda, cavabdeh prinsipcə, özünün əvvəlki təyinatla bağlı qərarının tamamilə və ya qismən səhv olduğunu müəyyən etdikdə, sonradan həmin qərarı ləğv etmək və ya dəyişdirməklə bağlı yeni qərar qəbul etməkdə haqlıdır. Lakin inzibati orqanların malik olduğu bu səlahiyyətin həyata keçirilməsi müəyyən məhdudiyyətlərə tabedir və yalnız qanunvericiliklə dəqiq müəyyənləşdirilmiş müddətdə və proseduralar çərçivəsində həyata keçirilə bilər. Həmin prosedurları və müddəti isə “Əmək pensiyaları haqqında” Qanunun və “İnzibati icraat haqqında” Qanunun müvafiq normaları müəyyən edir. Əvvəlki qərarın ləğvi və ya dəyişdirilməsi məsələsinə münasibətdə hüquqi təhlükəsizliyin və sabitliyin qorunması baxımından qanunvericiliyin müəyyən etdiyi mühüm təminatlardan biri “İnzibati icraat haqqında” Qanunun 67.12-ci maddəsində təsbit olunmuş müddətlə bağlı təminatdır. Həmin maddəyə əsasən, qanunsuz inzibati akt, həmin aktın ləğv olunmasını şərtləndirən hallar məlum olduğu gündən 1 il ərzində ləğv edilə bilər. Qanunun imperativ xarakter daşıyan həmin normasına görə, inzibati orqan tərəfindən əvvəllər qəbul edilmiş qanunsuz inzibati akt, Qanunun 67.6.1-ci maddəsində sadalanan hallar istisna olmaqla, qalan digər hallarda yalnız inzibati aktın ləğv olunmasına, yaxud dəyişdirilməsinə səbəb olan hal və ya hallar inzibati orqana məlum olduğu gündən 1 il ərzində ləğv oluna, yaxud dəyişdirilə bilər. Bununla bağlı qiymət verilməli birinci məsələ inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini şərtləndirən halların nədən ibarət olmasıdır. Yəni, inzibati orqan hansı hala (hallara) əsaslanıb qəbul etdiyi inzibati aktı ləğv etmək, yaxud dəyişdirmək qərarına gəlmişdir. İkinci məsələ isə inzibati aktın ləğv olunmasına və ya dəyişdirilməsinə səbəb olan halın (halların) inzibati orqana məlum olmasından sonra 1 (bir) il ərzində yeni qərar qəbul edilməsidir. Beləliklə, inzibati orqan şəxsə pensiya təyin olunması barədə əvvəllər qəbul etdiyi qərarın ləğv olunması, yaxud dəyişdirilməsi barədə qərar qəbul etmək üçün yuxarıda qeyd olunduğu kimi, “İnzibati icraat haqqında” Qanunun tələblərinə uyğun inzibati icraat aparmalıdır. Yalnız apardığı inzibati icraat çərçivəsində həmin Qanunun 67.12-ci maddəsində olan şərtlər mövcud olduğu halda (inzibati aktın ləğv olunmasına səbəb olan hal(lar)ın mövcud olması, həmin hal(lar)ın inzibati orqana məlum olmasından 1 (bir) il müddətin keçməmiş olması) əvvəllər qəbul etdiyi qərarın tam, yaxud qismən ləğv olunması və ya dəyişdirilməsi barədə əsaslandırılmış qərar qəbul edə bilər.
45. Hazırkı işin hallarından isə görünür ki, cavabdeh inzibati orqan iddiaçının əmək pensiyasının yenidən hesablanması barədə xx.xx.2024-cü il tarixli, 3-17-1/3-34090/2024 nömrəli qərarı qəbul edərkən “İnzibati icraat haqqında” Qanunun 67.12-ci maddəsinin tələbinə əməl etməmiş, iddiaya etirazında və apellyasiya şikayətində hansı hallara görə iddiaçıya güzəştli şərtlərlə əmək pensiyası təyin edilməsi barədə 2013-cü ildə qəbul etdiyi qərarın qanunsuz olmasını və həmin halların bundan 11 ilə yaxın müddət keçdikdən sonra - məhz xx.xx.2024-cü il tarixli qərarı qəbul edərkən 1 (bir) il müddətində ona məlum olmamasını bildirməmiş, həmin normanın pozuntusunun baş vermədiyini əsaslandırmamışdır.
46. İddiaçının pensiya işində və cavabdehin dəlillərində inzibati aktın dəyişdirilməsinə səbəb olan halın cavabdeh inzibati orqana sonuncu qərarın qəbul edildiyi tarixdən əvvəl 1 (bir) il ərzində məlum olmasına dair hər hansı məlumat olması müəyyən edilməmişdir.
47. Bundan başqa, cavabdehin pensiya alt sistemi məlumatlarından görünür ki, iddiaçının pensiyasından qeyd edilən qanunsuz inzibati akt əsasında 2024-cü ilin aprel ayından dekabr ayınadək olan dövr ərzində hər ay 77,43 manat məbləğində tutulmalar aparılmışdır.
48. Kollegiya hesab edir ki, cavabdehin iddiaçının əmək pensiyasının yenidən hesablanması barədə qərarı, eləcə də, tutulmaların aparılması ilə bağlı hərəkətləri qanunsuz və əlverişsizdir. Birinci instansiya məhkəməsi iddia tələbini təmin etməklə iş üzrə düzgün hüquqi nəticəyə gəlmişdir. Göstərilənlərə əsasən məhkəmə kollegiyası
QƏRARA ALDİ:
Apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt İnzibati Məhkəməsinin 21 may 2025-ci il tarixli, 2-1(118)-2671/2025 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti 70) vasitəsilə kassasiya şikayəti verilə bilər.