Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-1(105)-687/2022 29.11.2022 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı iş üzrə QƏRARDADİ Sədrlik edən və məruzəçi hakim Məmmədov Fuad Əli oğlu, hakimlər Məmmədov Zaur İkram oğlu və Məmmədov Zahid Tahir oğlundan ibarət tərkibdə, Oruclu Nurlan Zöhrab oğlunun katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı onun əlillik dərəcəsinin xx.xx.2020-ci ildən xx.xx.2021-ci il tarixədək hesablanması və həmin müddət üçün ona müavinətin ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair inzibati iş üzrə Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2- 1(118)-2197/2022 nömrəli qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. İşin halları İddiaçı X1 cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı əlillik dərəcəsinin xx.xx.2020-ci ildən xx.xx.2021-ci il tarixədək hesablanması və həmin müddət üçün ona müavinətin ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Birinci instansiya məhkəməsində icraat İddia tələbi onunla əsaslandırılmışdır ki, ona xx.xx.2016-cı il tarixdən cavabdeh tərəfindən xx.xx.2020-ci il tarixədək bronxial- astma, infeksiya mənşəli, orta ağır gedişli, TÇ-il dər.ANS. Ağ ciyər emfizeması diaqnozu qoyularaq ikinci dərəcəli əlillik verilmişdir. Daha sonra isə ona cavabdeh tərəfindən xx.xx.2021-ci il tarixdə əlilliyi ilə bağlı əlavə müalicəyə ehtiyacının olmasını əsas götürərək imtina edilmişdir. xx.xx.2021-ci il tarixdə TSEK-də müayinə tarixi xx.xx.2021-ci il tarixə təyin edilirmiş, lakin ona əlillik verilməmiş və əlavə stasionar müalicəyə ehtiyacının olması göstərilmişdir. xx.xx.2021-ci il tarixdə də həmin senari başına gətirilmiş, ona əlillik verilməmiş, əlavə müalicəyə ehtiyacının olmasını ixtisaslaşdırılmış müalicəni davam etdirmək məsləhət görülmüşdür. O, da göstərilənləri yerinə yetirmişdir. Lakin nədənsə cavabdeh tərəfindən ona xx.xx.2021-ci il tarixdən başlayaraq, yanakı xəstəliklərlə yanaşı əvvəlki illərdə qeyd olunan xəstəlik diaqnozları da göstərilməklə ikinci dərəcəli əlillik verilmişdir. Uzun illərdir ki, bu xəstəlikdən əziyyət çəkir, tibbi rəylərdən də görünür ki, ona həmin xəstəliklə əlaqədar olaraq həmişə 2-ci dərəcəli əlillik verilmişdir. O, sağalmamışdır və bu xəstəlik müalicə edilməyən xəstəlikdir. Göründüyü kimi cavabdeh orqanlar tərəfindən əsassız olaraq süründürülmüşdür. Buna görə də, 2022-ci ilin aprelində əlillik dərəcəsinin xx.xx.2020-ci il tarixdən xx.xx.2021-ci il tarixədək hesablanması barədə qərar qəbul edilməsi ilə bağlı cavabdehə müraciət etmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin Tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi ərizəni təmin etməmiş və imtinasında Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2020-ci il tarixli 11 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi qaydası”na uyğun olaraq onun əlilliik vəziyyətinin dövlət tibb müəsissəsinin göstərişi əsasında xx.xx.2021-ci il tarixdə qiymətləndirildiyini və ümumi səbəbdən 5 il müddətinə 2-ci dərəcəli əlillik təyini barədə qərar qəbul edildiyini və daha sonra cavabdeh “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.3.1-ci maddəsinə əsasən əlillik müddəti bitdikdən sonra 6 ay ərzində əlilliyin təkrar qiymətləndirilməsi nəticəsində şəxsin əlilliyi xx.xx.2021-ci il tarixdən sonra (qanunun qüvvəyə mindiyi tarix) yenidən müəyyən edildikdə, şəxs ötürülmüş müddət də daxil olmaqla, əlilliyi olan şəxs hesab edildiyini və əlilliyinin son bitmə tarixi xx.xx.2020-ci il tarixə təsadüf etdiyindən ötürülmüş müddətə görə müavinətin ödənilməsinin mümkün olmadığını bildirmişdir. Cavabdehin imtinasını qanunsuz hesab edir. Belə ki, 2020-ci ilin dekabrında Sumqayıt şəhəri 1 saylı xəstəxanada müalicə edilmiş və orada həkim bildirmişdir ki, 2 aydan sonra müayinənin nəticəsi barədə ona məlumat veriləcəyini bildirmişdir. xx.xx.2021-ci il tarixdə cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi əliliyi barədə imtina edərək əlavə müalicəyə ehtiyacının olmasını ixtisaslaşmış müalicə təyin edildiyi qeyd edilib. Bundan sonra aprel-may aylarında yenə də həmin xəstəxanada müalicə edilmişdir, yenə ona əlillik verilməmiş, xx.xx.2021-ci il tarixdə əlavə müalicəyə ehtiyacı olması qeyd edilmişdir. Daha sonra, xx.xx.2021-ci il tarixdə yenə də TSEK tərəfindən müayinədən keçirilmişdir və yenə də ona imtina edilmişdir. Nəhayət, məcburiyyət qarşısında qalıb özü şəxsən cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə müraciət etmişdir və orada ona bildirilmişdir ki, X3 Xəstəlikləri İnstitutuna müraciət etməyi tövsiyə olunub. X3 Xəstəlikləri İnstitutunda müayinə edilərək nəticəsini Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə təqdim etmişdir. Göründüyü kimi, ona verilmiş diaqozun təsdiq olunmasına baxmayaraq TSEK- dən keçirilmişdir və onu süni surətdə növbəti müalicəyə göndəriblər və ona əlillik verilməmişdir. Bununla da onun qanunla qorunan hüquqları pozulmuşdur. Hesab edir ki, əlillik dərəcəsinin xx.xx.2020-ci il tarixdən xx.xx.2021-ci il tarixədək hesablanmalı və həmin müddət üçün ona müavinət ödənilməlidir. Cavabdeh iddia tələbinə etiraz ərizəsində göstərmişdir ki, İddiaçı əlilliyi Sumqayıt 1 saylı şəhər poliklinikasının xx.xx.2021-ci il tarixli göndərişi əsasında qiymətləndirilmiş və ona 5 il müddətinə İİ dərəcə əlillik təyin edilmişdir, lakin iddiaçı isə tələbində əlillik dərəcəsinin xx.xx.2020-ci il tarixdən xx.xx.2021-ci il tarixinədək hesablanması və həmin müddət üçün müavinətin ödənilməsini qeyd etmişdir. Belə olan halda iddiaçının tələbi qanunsuz və əsassızdır. Çünki sosial müavinətin ödənilməsi agentliyin səlahiyyətlərinə aid deyil. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli 11 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi qaydası”nın və 2020-ci il 16 yanvar tarixli 12 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi Qaydası”nın 1.4-cü bəndinə əsasən əlilliyin qiymətləndirilməsi “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə uyğun olaraq “Əlilliyin müəyyən olunması meyarları”na əsasən həyata keçirilir. Şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları tərəfindən “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş tibbi-sosial ekspertiza müayinəsinə göndəriş əsasında aparılır. Göndərişin forması Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi ilə razılaşdırılaraq, Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən təsdiq edilir. Göndəriş verilməsi üçün əsaslara şəxsin eyni xəstəliklə son 6 (altı) ay müddətində fasiləsiz və ya son 12 (on iki) ay müddətində fasilələrlə ümumilikdə 6 (altı) aydan çox ambulator və ya stasionar müalicədə olmasına baxmayaraq, orqanizmin pozulmuş funksiyalarının bərpa olunmaması və şəxsin cəmiyyətin həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntularının olması, şəxsdə əqli pozuntuların və anatomik çatışmazlıqların, dərmanlara davamlı vərəm formalarının, İV mərhələ onkoloji xəstəliklərin, V mərhələ xroniki böyrək xəstəliyinin olması (göndəriş bu Qaydanın 1.5.1-ci yarımbəndində göstərilən müddət gözlənilmədən verilir), əlillik müddətinin bitməsindən sonra bu Qaydanın yuxarıda qeyd olunan pozuntuların, çatışmazlıqların və xəstəliklərin davam etməsi, peşə əmək qabiliyyətinin itirilməsi faizinin müəyyən edilməsi və əlilliyi olan şəxsin sağlamlıq vəziyyətində olan dəyişikliklə bağlı Komissiyanın rəyinə əsasən tibbisosial ekspertiza müayinəsinə zərurət yaranması aiddir. Göndərişin rəsmiləşdirilməsi barədə məlumat “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri”nə daxil edildikdən sonra altsistemə ötürülür. Göndəriş altsistem tərəfindən qəbul edildikdən sonra göndəriş verən komissiyanın, bu göndərişi təsdiq edən vəzifəli şəxslərin və əlilliyi qiymətləndiriləcək şəxsin kimliyini birbaşa və ya dolayısı ilə müəyyən etməyə imkan verən bütün məlumatlar şifrlənərək adsızlaşdırılır. Adsızlaşdırılmış göndərişlər əlilliyin qiymətləndirilməsi məqsədilə altsistem üzərində dərhal TSEK-ə göndərilir. TSEK-in sədri və üzvləri hər biri ayrı-ayrılıqda qiymətləndirmə ilə bağlı rəylərini altsistemdə yaradılmış xüsusi pəncərədə qeyd edir və gücləndirilmiş elektron imza ilə imzalayır. Qərar bu Qaydaya əlavədə müəyyən edilmiş formada qəbul edilir və əlilliyin qiymətləndirilməsinə dair məlumatlar, eləcə də şəxsin sosiai müdafiə tədbirlərinə və reabilitasiya vasitələrinə ehtiyacının olmasına dair tibbi göstəriş və əmək zəmanəti altsistemə daxil edilir, TSEK-in sədri və üzvləri tərəfindən gücləndirilmiş elektron imza ilə imzalanır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş Əlilliyin müəyyən olunması meyarlarına müvafiq olaraq, vətəndaşların əlillik vəziyyəti səhiyyə müəssisəsinin göndərişi əsasında Tibbi-Sosial Ekspert Komissiyaları tərəfindən şəxsin iştirakı olmadan adsızlaşdırılmış sənədlərlə qiymətləndirilməklə müəyyən edilir. Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-1(118)-2197/2022 nömrəli qərardadı ilə (hakim Ceyhun Məmmədov) iddia mümkün sayılmamışdır. Həmin qərardaddan iddiaçı X1 apellyasiya şikayəti verərək qərardadın ləğv edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apellyasiya şikayətinin dəlilləri Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmənin mövqeyi ilə razılaşmaq olmaz. Belə ki, məhkəmə qeyd edir ki, inzibati prosessual qanunvericiliyin tələblərinə görə iddiaçı iddia ilə məhkəməyə ancaq hər hansı bir hüququnun pozulmasının ehtimalı halında müraciət edə bilər. İddia qaldıran şəxsin subyektiv hüququnun pozulması iddianın mümkünlüyü şərtlərindən biridir və bu pozulmanın olmaması iddianın mümkünsüz hesab edilməsinə əsas verir. Eyni zamanda müvafiq iddiaya mahiyyəti üzrə baxılması üçün mümkünlük şərtləri yerinə yetirilmədiyindən iddia mümkün sayılmamalıdır. Halbuki, mümkünlük şərtləri tərəfindən gözlənilmişdir. b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri Apellyasiya şikayətinə qarşı tərəfin etirazı iddia ərizəsinə etiraz ilə eyni məzmunda əsaslandırılmışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında iştirak etmiş iddiaçının nümayəndəsi Nümayəndə apellyasiya şikayətinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak etmiş cavabdehin nümayəndəsi X2 apellyasiya şikayətinin təmin edilmədən, birinci instansiya məhkəməsinin qərardadının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi: Maddə 13. Məhkəmənin yardım etmək vəzifəsi Məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. Maddə 35. İddianın mümkünlüyü 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 80. Məhkəmə qərardadları 80.1. Bu Məcəlləyə əsasən barəsində məhkəmə qaydasında şikayət verilə bilən, habelə hüquqi müdafiə vasitələrindən istifadə qaydalarını və müddətini müəyyən edən məhkəmə qərardadları mütləq əsaslandırılmalıdır (...) Maddə 87. Apellyasiya instansiyası məhkəməsində icraat (...) 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2022-ci il tarixli qərardadı ilə apellyasiya şikayəti mümkün sayılmışdır. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərardadı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq, hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qərardadı ləğv edilməli, hazırki iş baxılması üçün həmin məhkəməyə göndərilməlidir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticəni əsaslı hesab etmir. Birinci instansiya məhkəməsi qərardadında göstərmişdir ki, iddia tələbinin mahiyyəti əlilliyə görə müavinətin verilməsindən ibarətdir. Hazırkı iş üzrə cavabdeh inzibati orqanın səlahiyyətləri əlilliyin təyin edilməsi və ya dayandırılmasından ibarətdir. Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi əlillik təyinatını etdikdən sonra şəxs müvafiq icra hakimiyyəti orqanına (Dövlət Sosial Müdafiə Fondu) müraciət edir və həmin əsaslarla ona əlillik müavinəti qanunvericiliyin tələblərinə uyğun olaraq verilir. Lakin məhkəmə tərəfindən iddiaçının nümayəndəsinə cavabdeh təşkilat tərəfindən əlilliyin 13 noyabr 2021-ci ildən deyil 29 dekabr 2020-ci ildən təyin edilməsi, yəni 13 noyabr 2021-ci il təyinatını mübahisələndirilməsi təklif edilsə də iddiaçının nümayəndəsi verilmiş iddia tələbinə mahiyyəti üzrə baxılmasını məhkəmədən xahiş etmişdir. Belə olduğu tədqirdə məhkəmə hesab edir ki, iş üzrə cavabdeh inzibati orqanın müvafiq iddiaya cavab verməli olmadığını nəzərə alaraq iddia tələbi mümkün hesab edilməməlidir. Məhkəmə kollegiyası qeyd edir ki, iddia ərizəsindən göründüyü kimi iddiaçının tələbi iki hissədən ibarətdir: 1) əlillik dərəcəsinin 29 dekabr 2020-ci il tarixdən 13 noyabr 2021-ci il tarixədək hesablanması; 2) həmin müddət üçün ona müavinət ödənilməsi. Birinci instansiya məhkəməsi qərardadında cavabdeh inzibati orqanın səlahiyyətlərinin əlilliyin təyin edilməsi və ya dayandırılmasından ibarət olduğunu göstərdə də, iddia tələbinin iddiaçıya əlillik dərəcəsinin 29 dekabr 2022-ci il tarixdən 13 noyabr 2021-ci il tarixədək hesablanması hissəsinə münasibət bildirməmiş, iddia tələbinin dəqiqləşdirilməsi barədə iddiaçıya hüquqi yardım etməmişdir. Halbuki, İnzibati Prosessual Məcəlləsinin 13-cü maddəsinə müvafiq olaraq məhkəmə aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında proses iştirakçılarına yardım etməyə borcludur. Belə ki, 28 sentyabr 2022-ci il tarixli məhkəmə iclasının protokolunda (səh.59) göstərilmişdir ki, sədrlik edən iddiaçıya Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 13-cü maddəsinə əsasən yardım edərək, bildirir ki, əlilliyə görə müavinətin verilməsi Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin səlahiyyətindədir. Qərardadda isə göstərilmişdir ki, məhkəmə tərəfindən iddiaçının nümayəndəsinə cavabdeh təşkilat tərəfindən əlilliyin xx.xx.2021-ci ildən deyil xx.xx.2020-ci ildən təyin edilməsi, yəni xx.xx.2021-ci il təyinatını mübahisələndirilməsi təklif edilsə də iddiaçının nümayəndəsi verilmiş iddia tələbinə mahiyyəti üzrə baxılmasını məhkəmədən xahiş etmişdir. Göründüyü kimi, iddiaçıya göstərilmiş yardımın məzmunu məhkəmə protokolunda və qərardadda fərqli göstərilmişdir. Məhkəmə kollegiyası işin yuxarıda qeyd edilən hallarını nəzərə alaraq hesab edir ki, Sumqayıt İnzibati Məhkəməsinin iddianın mümkün sayılmaması barədə xx.xx.2022-ci il tarixli qərardadı ləğv edilməli, yuxarıda qeyd edilən ziddiyyətli xüsusatlar, habelə iddiaçının hüquqi marağına uyğun əldə etmək istədiyi yekun nəticə nəzərə alınmaqla birinci instansiya məhkəməsi tərəfindən iddianın mümkünlüyü məsələsi yenidən araşdırılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Apellyasiya şikayəti qismən təmin edilsin. Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-1(118)-2197/2022 nömrəli qərardadı ləğv edilsin. İş baxılması üçün həmin məhkəməyə göndərilsin. Qərardaddan kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2-1(105)-687/2022
Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(105)-687/2022
29.11.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver