Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(105)-687/2024 22.08.2024 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Qaçqınların və X5 üzrə Dövlət Komitəsinə qarşı (Açar sözlər: xüsusi təyinatlı yaşayış sahəsi, kirayə müqaviləsi,mənzilin başqa bir mənzillə dəyişdirilməsi) Sədrlik edən və məruzəçi hakim X1, hakimlər Babayeva Hökümə Çingiz qızı və Quliyev İsmayıl Rza oğlundan ibarət tərkibdə, Səfərli Fidan Nuru qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Qaçqınların və X5 üzrə Dövlət Komitəsinə qarşı “mənzilin başqa mənzillə dəyişdirilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati iş üzrə Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(118)-1186/2024 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-5892/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsindən görünür ki, İddiaçı ilə X4 arasında xx.xx.2010-cu il tarixdə Zəngilan rayon qeydiyyat şöbəsində 138 nömrəli akt qeydi ilə bağlanmış nikah pozulmuşdur. Azərbaycan Respublikası Qaçqınların və X5 üzrə Dövlət Komitəsi Mənzil İstismar Departamenti ilə X4 arasında bağlanmış 05 sentyabr 2013-cü il tarixli, 12-44 nömrəli Xüsusi təyinatlı yaşayış sahələrinin kirayə müqaviləsindən görünür ki, həmin müqavilə Abşeron rayonu, Masazır qəsəbəsi, Zəngilan şəhərciyi, 12 saylı binada yerləşən sahəsi 64.8 kv m olan iki otaqlı mənzil üç nəfər (həyat yoldaşı və qızı) ailə üzvləri ilə birlikdə X2 təqdim edilmişdir. Birinci instansiya məhkəməsində icraat İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək, cavabdeh tərəfindən verilmiş Abşeron rayonu, Masazır qəsəbəsi, Zəngilan şəhərciyində yerləşən mənzilin başqa mənzillə dəyişdirilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Zəngilan rayonundan məcburi köçkündür, keçmiş həyat yoldaşı X4 da məcburi köçkün statusuna malikdir. Onların birgə nikahdan iki uşaqları vardır. Qaçqın və X5 üzrə Dövlət Komitəsi tərəfindən onların ailəsinə Abşeron rayonu, Masazır qəsəbəsi, Zəngilan şəhərciyində mənzil verilmişdir. Onlar həyat yoldaşı ilə birlikdə köçüb həmin mənzildə yaşamışlar. 2022-ci ildə nikahları məhkəmə qətnaməsinə əsasən pozulmuşdur. Keçmiş həyat yoldaşı dəfələrlə ona qarşı zorakılıq törətmişdir. Bununla bağlı polisə şikayət etmişdir. Onun şikayəti əsasında təxminən 2022-ci ilin yay ayında Bakı şəhər Xətai rayon Polis İdarəsi tərəfindən araşdrıma aparılmışdır. Bundan əlavə, Bakı şəhər Baş Polis İdarəsi tərəfindən də araşdırma aparılmışdır. Keçmiş həyat yoldaşı zorakılığa meyllidir, dəfələrlə onu döyüb, təhqir etmiş və hətta öldürməklə hədələmişdir. Onun artıq həmin mənzildə yaşamağı qeyri-mümkündür və həyatı təhlükədə olduğu üçün həmin mənzilin başqa mənzil ilə dəyişdirilməsinə zərurət meydana gəlmişdir. O, bununla bağlı cavabdeh orqana ərizə ilə müraciət etmişdir, lakin hazıradək müsbət cavab ala bilməmişdir. Cavabdehin iddia tələbinə dair etirazının dəlilləri Cavabdeh iddia tələbinə qarşı etirazında qeyd etmişdir ki, İddiaçı ailəsi xx.xx.2013-cü il tarixli 12/44 nömrəli xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsinə əsasən, Komitə tərəfindən Abşeron rayonu, Masazır qəsəbəsi, "Zəngilan şəhərciyi” bina 12, mənzil 44-də yerləşən 2 otaqlı mənzillə təmin olunmuşdur. Onlarla Mənzil İstismar Departamenti arasında bağlanan müqavilənin şərtlərinə əsasən məcburi köçkünlərə müvəqqəti məskunlaşmaq məqsədilə verilən mənzillərin dəyişdirilməsi yolverilməzdir, edilən digər məsələ ilə bağlı aidiyyəti üzrə hüquq mühafizə orqanlarına müraciət etməyi tövsiyə olunmuşdur. -Azərbaycan Respublikası Qaçqınların və X5 üzrə Dövlət Komitəsinin Mənzil İstismar Departamenti tərəfindən verilmiş etiraz ərizəsində bildirmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 24 fevral tarixli, 65 nömrəli qərarı ilə "Məcburi köçkünlərin müvəqqəti yerləşdirilməsi fondunun yaşayış sahələrinin verilməsi Qaydasftəsdiq edilmişdir. Bu Qayda məcburi köçkünlərin müvəqqəti yerləşdirilməsi fondunun yaşayış sahələrinin verilməsi qaydasını müəyyən edir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 65 nömrəli qərarının 2.5-ci qaydasına əsasən məcburi köçkünlərin müvəqqəti istifadəsinə ayrılmış yaşayış sahələri onların istifadəsinə “Xüsusi təyinatlı yaşayış sahələrinin kirayə müqaviləsinin formasfnın təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 29 aprel tarixli 80 nömrəli qərarı ilə təsdiq edilmiş kirayə müqavilələri (bundan sonra - kirayə müqaviləsi) əsasında verilir. İddiaçı da ailə üzvləri (əri və qızı) ilə birlikdə həmin qaydalara uyğun olaraq "xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsi" əsasında 05 sentyabr 2013-cü il tarixli tarixli "xüsusi təyinatlı yaşayış sahələrinin kirayə müqaviləsi” əsasında Abşeron rayonu, Masazır qəsəbəsi, Zəngilan şəhərciyi, bina 12-də yerləşən 44 nömrəli mənzillə təmin edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 65 nömrəli qərarının 4-cü qaydasına əsasən məcburi köçkünlərin müvəqqəti istifadəsinə verilən yaşayış sahəsinin həcmi məcburi köçkünlərin ailə tərkibinə uyğun olaraq müəyyənləşdirilir. İddiaçı da Komitə tərəfindən mənzillə təmin edilərkən ailə tərkibinə uyğun olaraq 2 otaqlı mənzillə təmin edilmişdir. İddiaçı iddia ərizəsində əri ilə boşandığı üçün onlara verilmiş mənzildə əri ilə birlikdə yaşaya bilmədiklərini qeyd edərək mənzilin başqası ilə dəyişdirilməsi öhdəliyinin Komitənin üzərinə qoyulmasını xahiş edir. Bildiririk ki, məcburi köçkünlərə verilmiş mənzillərin xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsinə əsasən müqavilədə adı keçən hər bir şəxsin mənzildən istifadə hüququ var və yaşayış sahəsi ilə təmin olunmuş məcburi köçkün ailəsi yenidən ayrıca mənzillə təmin olunmur. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(118)-1186/2024 nömrəli qərarı ilə iddia təmin edilməmişdir (hakim Vəfa Əzizova). Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçının keçmiş həyat yoldaşı olan X3 üç nəfər ailə üzvü ilə birlikdə 2 otaqlı mənzil verilmişdir. X4 və İddiaçı arasında nikah pozulduqdan sonra onların iddiaçı mənzilin dəyişdirilməsi, yəni ayrı ayrı bir otaqlı mənzilləri verilməsi xahişi ilə cavabdeh orqana müraciət etmişdir. Mənzil qanunvericiliyində və məcburi köçkünlərə yaşayış sahələrinin verilməsi ilə bağlı müəyyən edilmiş Qaydalarda məcburi köçkünlərə ayrılmış mənzilin başqa mənzilə dəyişdirilməsi norması və halları nəzərdə tutulmamışdır. İstinad olunan Qaydaların tələblərinə görə məcburi köçkünlərə mənzillər ayrılarkən ailə üzvlərinin sayı əsas götürülür. Hazırki işdə də E.Quliyevə mənzil ayrılarkən onun həyat yoldaşı və bir uşağı nəzərə alınaraq 2 otaqlı mənzilin ayrılması qərara alınmışdır. İddiaçı qərardan apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş işin hallarından və məhkəmənin müəyyən etdiyi faktlardan görünür ki, məhkəmə işdə olan sübutlara və işin faktiki hallarına düzgün hüquqi qiymət verməmişdir. Məhkəmə, mübahisəli hüquq münasibətlərinin yaranması zamanı qüvvədə olmuş maddi hüquq normalarını işə tətbiq etməmiş, ədalət mühakiməsini faktlar əsasında həyata keçirməmişdir. Bununla da MPM-nin 9cu maddəsinin tələblərini pozmuşdur. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəməyə təqdim olunan sübutlar, Polis İdarələrində aparılan araşdırmaların nəticələrinə dair qərarlar onu göstərir ki, onların birgə yaşaması mümkün deyil, bu xoşəgəlməz hadisələrlə nəticələnəcək. Bunun üçün onlar aidiyyəti orqanlara müraciər etmiş, tələbi də tam qanunidir, lakin əsassız olaraq xahişi təmin olunmayıb ki, qaydalarda bununla bağlı norma yoxdur. Bu da heç bir qanunda nəzərdə tutula bilməz, dövlət qurumları bununla bağlı təcili tədbir görməlidir. Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında iştirak etmiş iddiaçının nümayəndəsi Vəkil apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, apellyasiya şikayətini müdafiə edərək, öz izahatında apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar olunmağına baxmayaraq iş üzrə cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq işə onun nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mənzil Məcəlləsi: Maddə Azərbaycan Respublikasının Mənzil Məcəlləsi: 98.1. Ayrı-ayrı kateqoriyalardan olan vətəndaşların sosial müdafiəsi üçün əvəzsiz istifadə müqavilələri əsasında verilən yaşayış sahələri istisna olmaqla, xüsusi təyinatlı yaşayış sahələri onların mülkiyyətçilərinin (mülkiyyətçilərin adından çıxış edən səlahiyyətli dövlət orqanı və ya bələdiyyələrin) və ya onların səlahiyyətli şəxslərinin qərarları ilə xüsusi təyinatlı yaşayış sahələrinin kirayə müqavilələri əsasında verilir. 99.4. Xüsusi təyinatlı yaşayış sahəsinin kirayəçisi kirayəyə götürülmüş yaşayış sahəsini dəyişdirə, habelə digər şəxslərin istifadəsinə verə bilməz. 99.5. Kirayə müqaviləsi əsasında xüsusi təyinatlı yaşayış sahəsindən istifadəyə dair bu Məcəllənin 64-cü, 66.3-cü, 66.4-cü və 68-ci maddələrində nəzərdə tutulmuş qaydalar tətbiq edilir. 99.6. Xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsində kirayəçinin ailə üzvləri göstərilir. 99.7. Xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsi yazılı formada bağlanılır. 99.8. Xüsusi təyinatlı yaşayış sahələrinin kirayə müqaviləsinin forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir. Maddə 107. Məcburi köçkünlərin və qaçqın statusuna malik olan şəxslərin müvəqqəti yerləşdirilməsi fondunun yaşayış sahələrinin verilməsi qaydası qanunvericiliklə müəyyən edilir. “Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında” Azərbaycan Respublikası Qanununun: Maddə 1. Məcburi köçkün (ölkə daxilində köçürülmüş şəxs) - Azərbaycan Respublikası ərazisində hərbi təcavüz, təbii və texnogen fəlakət nəticəsində daimi yaşayış yerini tərk etməyə məcbur olub başqa yerə köçmüş şəxsdir. Azərbaycan Respublikası Qaçqınların və X5 üzrə Dövlət Komitəsi Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 1 fevral tarixli 187 nömrəli Fərmanı ilə təsdiq olunmuş “Azərbaycan Respublikası Qaçqınların və X5 üzrə Dövlət Komitəsinin Əsasnaməsi”nə görə Azərbaycan Respublikasının Qaçqınların və X5 üzrə Dövlət Komitəsi Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi nəticəsində qaçqın və məcburi köçkün olmuş şəxslərin yerləşidirlməsi, məskunlaşdırılması, repatrasiyası, sosial müdafiəsi, işğaldan azad olunmuş ərazilərdə onların sosial, mənzil-məişət şəraitinin yaxşılaşdırılması sahəsində dövlət siyasətini həyata keçirən mərkəzi icra hakimiyyəti orqanıdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 24 fevral 2017-ci il tarixli 65 nömrəli Qərarı ilə təsdiq olunmuş “Məcburi köçkünlərin müvəqqəti yerləşdirilməsi fondunun yaşayış sahələrinin verilməsi Qaydası” 1.2. Bu Qayda məcburi köçkünlərin müvəqqəti yerləşdirilməsi fondunun yaşayış sahələrinin verilməsi qaydasını müəyyən edir. 1.3. Məcburi köçkünlərin müvəqqəti yerləşdirilməsi fondunun yaşayış sahələri qismində məcburi köçkünlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması məqsədi ilə qəbul edilmiş Azərbaycan Respublikası Prezidentinin fərmanlarına, sərəncamlarına və dövlət proqramlarına əsasən tikilərək, həmçinin dövlət vəsaiti hesabına məcburi köçkünlərin müvəqqəti yaşaması üçün alınaraq xüsusi təyinatlı mənzil fonduna daxil edilmiş yaşayış sahələri istifadə edilir. 1.4. Məcburi köçkünlərin müvəqqəti yerləşdirilməsi fondunun yaşayış sahələri məcburi köçkünlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması məqsədi ilə onların müvəqqəti istifadəsinə verilir. 2.5. Məcburi köçkünlərin müvəqqəti istifadəsinə ayrılmış yaşayış sahələri onların istifadəsinə “Xüsusi təyinatlı yaşayış sahələrinin kirayə müqaviləsinin forması”nın təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 29 aprel tarixli 80 nömrəli qərarı ilə təsdiq edilmiş kirayə müqavilələri (bundan sonra - kirayə müqaviləsi) əsasında verilir. 2.11. Köçürülmə zamanı aşağıdakı hallarda məcburi köçkünlərə yeni yaşayış sahəsi verilmir: 2.11.1. müvəqqəti yaşayış sahəsinin verilməsi zamanı köçürülmə obyektində qeydiyyatda olub, lakin orada faktiki yaşamayan məcburi köçkünlərə; 2.11.2. məcburi köçkün düşdükdən sonra mənzil qanunvericiliyinə və ya mülki-hüquqi əqdlərə əsasən ayrıca yaşayış sahəsi əldə edən məcburi köçkünlərə və onların ailə üzvlərinə (şəhid ailələri istisna olunmaqla); 2.11.3. digər şəhər və rayonlarda müvəqqəti məskunlaşmış, lakin məskunlaşma obyektində yaşayan məcburi köçkünlərin köçürüləcəyindən istifadə edərək son 3(üç) ildə həmin obyektdə yerləşib yaşayanlara; 2.11.4. artıq yaşayış sahəsi əldə etmək niyyəti ilə köçürülmə ərəfəsində saxta nikaha girən və ya nikahı pozulan ailələrə. 2.12. Əvvəllər həmin köçürülmə obyektində yaşamış, sonradan başqa yerdə yaşayan şəxslə nikaha daxil olmuş və boşanaraq geri qayıtmiş məcburi köçkünlərə ayrıca yaşayış sahəsi verilmir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 34.1. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2024-cü il tarixli qərardadı ilə apellyasiya şikayəti mümkün sayılmışdır. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. Apellyasiya instansiyasi məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası işdə iştirak edən şəxslərin izahatını dinləyib, iş materiallarını araşdırıb, apellyasiya şikayətinin dəlillərinə qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Hazırki iş üzrə iddia tələbi kirayə müqaviləsi əsasında verilmiş mənzilin başqası ilə dəyişdirilməsi ilə bağlı tələbdən ibarətdir. Birinci instansiya məhkəməsinin qərarı ilə iddia təmin edilməmişdir. Məhkəmə kollegiyası hazırki inzibati iş üzrə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq, aşağıdakıları qeyd etməyi zəruri hesab edir. İşin müəyyən edilmiş hallarından görünür ki, cavabdeh inzibati orqan tərəfindən iddiaçı və onun ailə üzvlərinə məcburi köçkün statusuna malik ailə kimi kirayə müqaviləsi əsasında ikiotaqlı mənzil verilmişdir. Müvafiq məhkəmə qətnaməsi əsasında iddiaçı ilə həyta yoldaşı arasında nikah pozulmuşdur. Kirayə müqaviləsi iddiaçının keçmiş həyat yoldaşı ilə cavabdeh inzibati orqan arasında bağlanılmış, həmin müqaviləyə əsasən müvafiq mənzil iddiaçının keçmiş həyat yoldaşına 2 nəfər ailə üzvi-iddiaçı və 1 nəfər övladı ilə birgə müvəqqəti yaşamaq üçün istifadəsinə verilmişdir. Həmçinin, həmin müqavilənin məzmununda tərəflərin hüquq və vəzifələri, müqavilənin şərtlərinin dəyişdirilməsi əsasları müəyyən edilmişdir. Müqavilənin 2.4.2-ci bəndində “həmin yaşayış sahəsini dəyişdirməmək” kirayəçinin daşıdığı vəzifə kimi müəyyən edilmişdir. Müqavilənin 5.1-ci bəndinə əsasən tərəflərin razılığı ilə isənilən vaxt bu müqavilənin şərtləri dəyişdirilə və ya ləğv edilə bilər. İndiki halda iddiaçı həyat yoldaşı ilə aralarında bağlanılmış nikahın pozulması, aralarında mövcud olan münaisbətlərin gərgin olması, bu səbəbdən də bir evdə yaşamalarının qeyri-mümkün olması kimi hallara istinad edərək, müqavilənin predmetinin dəyişdirilməsini xahiş edir. Cavabdeh inzibati orqan tərəfindən iddiaçının müraciətindən imtina olunmasının əsası müqavilənin şərtlərinə əsasən mənzilin başqası ilə dəyişdirilməsinin yolverilməz olması halı çıxış etmişdir. Məhkəmə kollegiyası işin mübahisəli halları ilə bağlı onu qeyd edir ki, indiki halda tərəflər arasında yaranmış münasibətlər məhz bağlanılmış kirayə müqaviləsindən irəli gəlmişdir. Belə ki, iddiaçı məhz həmin kirayə müqaviləsinin predmeti qismində çıxış edən müvafiq yaşayış sahəsinin başqası ilə dəyişdirilməsini, nəticə etibarilə müqavilənin predmetinin dəyişdirilməsini tələb edir. Qeyd edilməlidir ki, mülki qanunvericiliyin tələbinə əsasən müqavilənin predmeti məhz bu barədə tərəflər razılığa gəldikdə müqavilə bağlanılmış hesab edildiyindən, onun zəruri elementlərindən biri hesab edilir. Mübahisə predmeti olan yaşayış sahəsinə dair müqavilənin şərtlərində isə kirayəçinin həmin mənzilin başqası ilə əvəz edilməsini tələb etmək kimi bir hüququ nəzərdə tutulmamış, habelə iddiaçının istinad etdiyi hallarla bağlı müqavilə şərtlərinin dəyişdirilməsi əsasları müəyyən ediməmişdir. Halbuki, həmin yaşayış sahəsi ilə bağlı məsələ məhz tərəflər arasında bağlanılmış kirayə müqaviləsi əsasında tənzimlənir. Bundan əlavə, qeyd edilməlidir ki, müqavilənin şərtlrinə əsasən yalnız tərəflərin razılığı ilə istənilən vaxt müqavilə şərlərinin dəyişdiirlməsinə yol verilir. İndiki halda isə belə bir razılığın olması halı da müəyyən edilməmişdir. Həmçinin, yuxarıda istinad edilən mənzil haqqında qanunvericiliyin və digər qanunveriiclik normasının tələbinə əsasən kirayəçinin belə bir hüququnun olması və ya müqavilə predmetinin məhz iddiaçının istinad etdiyi hallarla bağlı dəyişdirilməsinin mümkün ola bilən əsasları müəyyən edilməmiş, əksinə kirayəçinin mənzili dəyişdirməmək kimi vəzifəsinin olmasına dair müddəa əks olunmuşdur. Belə olan halda, məhkəmə kollegiyası hesab edir ki, iddiaçının iddia tələbinin qanuni əsası mövcud olmamış, tələbin əsasları müqavilə şərtlərinə və qanunvericilik normasının tələblərinə uyğun olmadığından, əsassız olmuş, cavabdehin imtinası əsaslı olmuşdur. Əks yanaşmanın tətbiq edilməsi halı özlüyündə hüquqdan sui-istifadə hallarının olmasına səbəb ola bilər ki, bu hal da qanunvericilik normasının tələblərinə ziddir. Belə ki, Mülki Məcəllənin 152.5-ci maddəsinin tələbinə əsasən mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın; 152.6. Hüquqdan sui-istifadə mülkiyyətdən başqalarına ziyan vuran şəkildə istifadədir; bu zaman mülkiyyətçinin mənafe üstünlüyü dəqiq ifadə edilməmişdir və onun hərəkətlərinin zəruriliyi əsaslı deyildir. Həmin Məcəllənin 560.1-ci maddəsinə əsasən mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir; 560.2. Hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır. Qeyd edilən hallara əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən işin hallarına düzgün hüquqi qiymət vermiş, cavabdehin imtinası qanuni və əsaslı olmuş, iddiaçının apellyasiya şikayətinin dəlilləri əsassız olmuşdur. Bundan əlavə, məhkəmə kollegiyası iddiaçının diqqətinə onu çatdırır ki, iddiaçı müvafiq kirayə müqaviləsi əsasında həmin yaşayış sahəsindən istifadə etdiyindən, hazırda yaşayış sahəsindən istifadə edilməsi qaydası ilə bağlı razılıq mövcud deyildirsə, əmlakdan istifadə qaydasının müəyyən edilməsi ilə bağlı məsələnin həlli ilə bağlı mülki məhkəmə icraatı qaydasında mümkün hüquqi müdafiə vasitələrindən istifadə etmək hüququna malikdir. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normaları düzgün tətbiq edildiyindən, apellyasiya şikayətinin təmin edilməsi üçün əsaslar müəyyən olunmadığından və apellyasiya şikayətinin dəlilləri əsassız olduğundan birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(118)-1186/2024 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti, 70) vasitəsilə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(105)-687/2024
Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(105)-687/2024
22.08.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver