Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-1(105)-688/2023 03.11.2023 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Babayeva Hökümə Çingiz qızı (sədrlik edən və məruzəçi), Məmmədov Zaur İkram oğlu və X2 ibarət tərkibdə, X8 qızının katibliyi, İddiaçının nümayəndəsi (vəkili) X3, Ərizəçi X1, Ərizəçinin nümayəndəsi (vəkili) Vəkil iştirakı ilə, İddiaçı Musa oğlunun cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsinə qarşı “torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və müvafiq çıxarışın verilməsi” tələbinə dair inzibati mübahisə üzrə Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin 19 iyul 2023-cü il tarixli, 2-1(85)-849/2014 nömrəli qərardadından ərizəçi tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. İŞİN HALLARİ: İddiaçı Musa oğlu cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək Bakı şəhər Bülbülə Bələdiyyəsinin 27 sentyabr 2005-ci il tarixli, 857 saylı sərəncamı ilə ona ayrılmış 809 kv.m torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və müvafiq çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir. Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin 10 iyul 2014-cü il tarixli, 2-1(85)-849/2014 nömrəli qərarı ilə iddia təmin edilmiş, Bakı şəhər Bülbülə Bələdiyyəsinin 27 sentyabr 2005ci il tarixli, 857 saylı sərəncamı ilə iddiaçıya ayrılmış 809 kv.m torpaq sahəsi üzərində onun mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və müvafiq çıxarışın verilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmuşdur. Qərar qanuni qüvvəyə mindikdən sonra 14 avqust 2014-cü il tarixdə icra olunması üçün Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsinə göndərilmişdir. İdarə 16 sentyabr 2014-cü il tarixli məktubunda bildirmişdir ki, məhkəmənin qərarı tərəflərindən icra olunmuşdur. 30 may 2023-cü il tarixdə məhkəməyə X1 iş üzrə üçüncü şəxs qismində cəlb edilməsi ilə bağlı ərizəsi daxil olmuşdur. Ərizə onunla əsaslandırılmışdır ki, Suraxanı rayonu, Bülbülə qəsəbəsi 279 G ünvanında aeroport yolunun üst hissəsində yerləşən torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı aidiyyəti orqana müraciət etmiş, müraciətinə cavab məktubundan ona məlum olmuşdur ki, həmin torpaq sahəsinin 0,0809 ha hissəsi üzərində mülkiyyət hüququ onun xəbəri olmadan Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin 10 iyul 2014-cü il tarixli, 2-1(85)-849/2014 nömrəli qərarı əsasında başqa bir şəxsin - İddiaçı Musa oğlunun adına dövlət reyestrində qeydiyyata alınmışdır. Hesab edir ki, o, həmin iş üzrə maraqlı şəxsdir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: Sumqayıt İnzibati Məhkəməsinin 19 iyul 2023-cü il tarixli, 2-1(85)-849/2014 nömrəli qərardadı ilə ərizə mümkün sayılmamışdır (hakim: C.Məmmədov). Qərardadla razılaşmayan ərizəçi apellyasiya şikayəti verərək, qərardadın ləğv edilməsini və işə mahiyyəti üzrə baxılmasını xahiş etmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ: a) Apellyasiya şikayətinin dəlilləri Ərizəçi apellyasiya şikayətini ərizə ilə eyni məzmunda əsaslandırmış və əlavə olaraq qeyd etmişdir ki, birinci instansiya məhkəməsi ərizədə əks olunan imzanın ərizəçiyə aid olub-olmamasını araşdırmadan, onun adından vəkilinə verilmiş etibarnamənin növbəti məhkəmə iclasında təqdim ediləcəyini nəzərə almadan vəkilin etibarnaməsinin olmamasını əsas gətirərək ərizənin mümkün sayılmaması barədə qərardad qəbul etmişdir. b) Apellyasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən ərizəçi apellyasiya şikayətini müdafiə edərək izahatında bildirmişdir ki, üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilməsi ilə bağlı ərizə onun tərəfindən imzalanmışdır. Ola bilsin ki, ərizəni imzalayarkən ya eynəksiz olmuş, ya da qolu yandığı dövrdə imzalamışdır. Ona aid iş materiallarında olan bütün sənədlər özü tərəfindən imzalanmışdır. Ərizəçi şikayətin təmin edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən ərizəçinin nümayəndəsi (vəkili) apellyasiya şikayətini müdafiə edərək şikayətin təmin edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi (vəkili) cavabdehin nümayəndəsi şikayətin təmin edilməməsini xahiş etmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 68. Məhkəmə qərarının əsası 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 82. Mübahisə ilə bağlı işə şikayət üzrə yenidən baxılmasının hədləri Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. 87.7. Apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə icraatının davam etdirilməsinin zəruri olduğu aşağıdakı müstəsna hallarda apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər: 87.7.1. inzibati məhkəmədə icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; 87.7.2. inzibati məhkəmə tərəfindən mahiyyəti üzrə qərar qəbul edilmədikdə. APELLYASİYANİN MÜMKÜNLÜYÜ, APELLYASİYA BAXİŞİNİN HƏDLƏRİ Apellyasiya şikayəti vaxtında, yəni məhkəmə qərardadının elan olunduğu gündən 10 gün müddətində (İPM-in 85.1-ci maddəsi) verilmişdir. Şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir (İPM-in 85.2 və 85.3-cü maddələri). Şikayət qanunla müəyyən edilmiş formal tələblərə və prosessual müddətə əməl olunmaqla verildiyindən onun mümkün sayılmaması üçün əsaslar yoxdur. Ona görə də şikayət qəbul oluna bilən hesab edilir. Birinci instansiyası məhkəməsinin qərardadı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ: Məhkəmə kollegiyası tərəflərin dinlənilmə hüququnu təmin edib, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq və işdə olan sübutlara hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərardadı ləğv edilməli, üçüncü şəxs qismində cəlb edilməsinə dair ərizə baxılması üçün həmin məhkəməyə göndərilməlidir. Belə ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 28.1-ci maddəsinə əsasən iş üzrə məhkəmə qərarı qanuni qüvvəyə minənə qədər və ya iş yuxarı instansiya məhkəməsinin icraatında olduğu müddətdə, məhkəmə qərarının digər şəxslərin qanunla qorunan maraqlarına toxunacağı hallarda, məhkəmə xidməti vəzifəsinə uyğun olaraq öz təşəbbüsü ilə və ya həmin şəxslərin vəsatəti əsasında onları üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edə bilər. Həmin Məcəllənin 28.2-ci maddəsinə əsasən, mübahisə edilən hüquq münasibətində üçüncü şəxsin iştirakının xarakteri inzibati məhkəmə icraatının tərəfləri və həmin üçüncü şəxs barəsində vahid qərarın qəbul olunmasını şərtləndirdiyi hallarda, həmin şəxs iştirakçı kimi inzibati məhkəmə icraatına mütləq cəlb edilməlidir (zəruri cəlbetmə). “Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 28-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 12 aprel 2017-ci il tarixli qərarına əsasən bununla bağlı məsələ qanunvericilik qaydasında həll edilənədək Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İ hissəsində və “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 6-cı maddəsində nəzərdə tutulan məhkəməyə müraciət etmək hüququnun təmin edilməsi məqsədilə inzibati məhkəmə icraatına cəlb olunmamış, qanuni qüvvəyə minmiş məhkəmə qərarı ilə maraqlarına toxunan şəxs, hüquqları və qanunla qorunan maraqları əhəmiyyətli dərəcədə pozulduğu hallarda inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb edilə bilər. Hazırda iddiaçı İnzibati Prosessual Məcəlləsinin 28-ci maddəsinin, eləcə də Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun hüquqi mövqeyi baxımından iş üzrə üçüncü şəxs qismində icraata cəlb edilməsi barədə ərizə təqdim etmişdir. Birinci instansiya məhkəməsi ərizənin mümkün sayılmamasına dair qərardadında qeyd etmişdir ki, “şəxsiyyət vəsiqəsinin surətində və məhkəmənin xx.xx.2014-cü il tarixli qərarının qəbul edilməsi ilə bağlı ərizədə əks olunan imzadan müəyyən olunmuşdur ki, üçüncü şəxs qismində cəlb edilməsi ilə bağlı ərizə Maraqlı şəxs tərəfindən imzalanmamış, yəni üçüncü şəxs qismində cəlb edilməsi barədə ərizədə və apellyasiya şikayətində olan imzalar ilə şəxsiyyət vəsiqəsində, o cümlədən, qərarın qəbul edilməsi ilə bağlı ərizədə olan Maraqlı şəxs imzaları vizual baxımdan tamamilə fərqli imzalardır və eyni zamanda adına ərizəçi tərəfindən etibarnamə verilmiş Yusif Seyfəlovun məhkəməyə ərizə vermək və ərizəni imzalamaq kimi səlahiyyəti yoxdur”. Kollegiya aşağıda qeyd edilənlərə əsasən, birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmır. Əvvəla, işdən görünür ki, X5 ərizəçinin deyil, iddiaçının vəkilidir. Ərizəçinin vəkili Vəkildur və o, birinci instansiya məhkəməsində icraat zamanı iddiaçının etibarnamə üzrə nümayəndəsi deyil, yalnız vəkili olmuşdur. Digər tərəfdən, işə baxan məhkəmə ərizəçinin şəxsiyyət vəsiqəsinin surətində və üçüncü şəxs qismində cəlb edilməsi ilə bağlı ərizədəki imzaları müqayisə edərək imzaların vizual baxımdan tamamilə fərqli olması əsası ilə ərizənin Maraqlı şəxs tərəfindən imzalanmadığı nəticəsinə gəlmişdir. Halbuki, ərizədəki imzanın iddiaçıya aid olub-olmamasının müəyyənləşdirilməsi xüsusi bilik tələb edən məsələ olmaqla, məhkəmə xətşünaslıq ekspertizasının predmetidir. Həmçinin, məhkəmə ərizənin Maraqlı şəxs tərəfindən imzalanmadığı qənaətinə gəldikdə belə, yardım etmək vəzifəsinə uyğun olaraq bu halı ərizəçinin iştirakını təmin etməklə onun diqqətinə çatdırmalı, ərizənin onun tərəfindən imzalanması məsələsini aydınlaşdırmalı olduğu halda, işdən görünür ki, məhkəmə yardım etmə vəzifəsini lazımi qaydada yerinə yetirməmişdir. Halbuki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 10 aprel 2015-ci il tarixli 5 nömrəli qərarına əsasən, inzibati məhkəmə icraatının əsas prinsiplərindən biri məhkəmənin yardım etmək vəzifəsidir (3.1-ci bənd). Yardım etmək vəzifəsi tələb edir ki, iddianın mümkün sayılmamasına səbəb olan halları aşkar edən məhkəmə bunu iddiaçının diqqətinə çatdırmaqla onunla müzakirə etməli, zəruri olduğu halda müvafiq hüquqi təkliflər verməli, həmin halların aradan qaldırılması üçün lazımi şərait yaratmalı və bunun üçün ağlabatan vaxt təyin etməlidir (3.3cü bənd). Birinci instansiyası məhkəməsi yardım etmək vəzifəsinə riayət etmədən iddianı mümkünsüz saymamalıdır. Məhkəmə yardım etmək vəzifəsini hər bir konkret işin hallarından asılı olaraq zərurət olduqda məhkəmə iclasında yerinə yetirə biləcəyi kimi, buna dair məhkəmə iclası keçirmədən tərəflərlə apardığı yazışmalar vasitəsilə də yerinə yetirə bilər.(3.4-cü bənd) Apelyasiya instansiyası məhkəmələri iddianın mümkün sayılmamasına dair qərardadlardan verilən şikayətlərə baxarkən qəbul edilmiş məhkəmə aktının qanuniliyini və əsaslılığını, həm də məhkəmənin yardım etmək vəzifəsinə uyğun davranması nöqteyinəzərindən qiymətləndirməlidirlər (3.5-ci bənd). Digər tərəfdən, məhkəmə kollegiyasında iştirak edən ərizəçi məhkəmə iclasında üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilməsi ilə bağlı ərizənin onun özü tərəfindən imzalandığını və hazırda ərizəni müdafiə etdiyini bildirmişdir. Beləliklə, məhkəmə kollegiyası işin sadalanan xüsusatlarını nəzərə alaraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərardadı ləğv edilməli, ərizəçinin üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilməsinə dair ərizə baxılması üçün həmin məhkəməyə göndərilməlidir. İPM-nin 87.7.2-ci maddəsinə əsasən inzibati məhkəmə tərəfindən mahiyyəti üzrə qərar qəbul edilmədikdə apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər: NƏTİCƏVİ HİSSƏ: Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 82, 87.7-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Apelyasiya şikayəti təmin edilsin. Sumqayıt İnzibati Məhkəməsinin 19 iyul 2023-cü il tarixli, 2-1(85)-849/2014 nömrəli qərardadı ləğv edilsin. İddiaçı Musa oğlunun cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsinə qarşı “torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və müvafiq çıxarışın verilməsi” tələbinə dair inzibati iş üzrə ərizəçinin üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilməsinə dair ərizə baxılması üçün həmin məhkəməyə göndərilsin Qərardaddan şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №2-1(105)-688/2023
Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(105)-688/2023
03.11.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver