Məhkəmə qərarları › İş №2-1(105)-688/2025

Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(105)-688/2025

17.07.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(105)-688/2025 17.07.2025 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Axundov Toğrul Bəhruz oğlu (sədrlik edən və məruzəçi), Babayeva Hökümə Çingiz qızı və Hacıyev Vahid Məcid oğlundan ibarət tərkibdə, Məmmədova Jalə Həsən qızının katibliyi, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri üzrə Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı “torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması” tələbinə dair inzibati mübahisə üzrə Sumqayıt İnzibati Məhkəməsinin 21 aprel 2025-ci il tarixli, 2-1(118)-1155/2025 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ: Quba rayon Küpçal bələdiyyəsinin 30 iyul 2006-cı il tarixli, 07 nömrəli qərarından görünür ki, İddiaçı 0,12 ha həyətyanı torpaq sahəsinin satılması qərara alınmışdır. 31 iyul 2006-cı il tarixdə Küpçal bələdiyyəsinin nümayəndəsi, torpaq alan İddiaçı və rayon torpaq şöbəsi müdirinin iştirakları ilə “Torpaqların alqı-satqısına dair akt” tərtib edilmişdir. 14 sentyabr 2006-cı il tarixli, 01 nömrəli qəbzdən görünür ki, İddiaçı Küpçal bələdiyyəsinin hesabına 154 manat məbləğində “torpaq alqı-satqısı” təyinatlı ödəniş köçürmüşdür. Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin 21 aprel 2008ci il tarixli, A seriyalı, 041353 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü”ndən görünür ki, İddiaçı Quba rayon Küpçal bələdiyyəsinin 30 iyul 2006-cı il tarixli, 07 nömrəli qərarı ilə ayrılmış 1.200 kv.m torpaq sahəsinin əsas kadastr göstəriciləri, qaiməsi (sertifikatı), baş plandan çıxarış, planı (miqyas 1:1.000) əsas döngə nöqtələrin koordinatları, arasındakı məsafələr göstərilmişdir. Azərbaycan Respublikası Quba Rayonu İcra Hakimiyyəti başçısının aparatı Memarlıq və Tikinti Şöbəsinin 3 fevral 2023-cü il tarixli, 34 nömrəli rəyindən görünür ki, fərdi yaşayış evinin tikintisi məqsədilə İddiaçı ayrılmış 0,12 ha həyətyanı torpaq sahəsi Küpçal-Dağlı bələdiyyəsinə aid olan ərazinin hüdudları çərçivəsində yerləşir. Həmin ərazidə Azərbaycan Respublikasının “Şəhərsalma və Tikinti Məcəlləsi”nin tələblərinə uyğun olaraq yaşayış məntəqəsinin ərazi planlaşdırma sənədlərinə və tikinti layihələri əsasında mövcud tikinti norma və qaydalarına riayət etmək şərti ilə fərdi yaşayış evi tikintisi üçün torpaq qanunvericiliyinin tələblərini nəzərə almaqla torpaqayırma sənədlərinin hazırlanması məqsədəmüvafiqdir. Quba rayonu Küpçal-Dağlı bələdiyyəsinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 5 saylı Xaçmaz Ərazi İdarəsinə göndərilmiş 13 fevral 2023-cü il tarixli, 12 nömrəli arayışından görünür ki, 30 iyul 2006-cı il tarixdə İddiaçı 0,12 ha torpaq sahəsinin verilməsi barədə 07 nömrəli qərar qüvvədədir və çıxarışın verilməsinə etiraz edilməmişdir. İddiaçı cavabdehə müraciət edərək torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınmasını xahiş etmişdir. Cavabdehin 21 avqust 2023-cü il tarixli, 3-21-3-34/211367/2023 nömrəli məktubu ilə iddiaçının müraciətindən imtina edilmişdir. İmtina məktubu onunla əsaslandırılmışdır ki, sənədlərin ekspertizası və daşınmaz əmlakın müayinəsi zamanı aşkar olunmuşdur ki, mülkiyyət hüquqlarının dövlət reyestrində qeydiyyata alınması ilə bağlı müraciət edilən 0,12 ha torpaq sahəsi üçün ərizəyə əlavə olunmuş Quba rayonu Küpçal bələdiyyəsinin 30 iyul 2006-cı il tarixli, 07 saylı qərarı ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Quba rayon şöbəsi tərəfindən təhvil verilmiş qeydiyyat kitablarında qeydiyyatdan keçməmişdir və arxiv nüsxəsi Ərazi idarəsində aşkar edilməmişdir. Bildirilmişdir ki, 0,12 ha torpaq sahəsi torpaqların elektron kadastr uçotu informasiya sistemində (TEKUİS) kənd təsərrüfatı təyinatlı ərazidir və torpaq sahəsinin islahat uqodiyası isə kənd təsərrüfatı örüş torpaq sahəsidir. Bundan əlavə, torpaq sahəsi üçün tərəfindən ləğv edilmiş DTXK-n Quba rayon şöbəsi tərəfindən tərtib edilmiş **********0043 nömrəli torpaq sahəsinin planı və ölçüsü təqdim edilmişdir. Lakin, torpaq sahəsinin planı və ölçüsündə göstərilən torpaq sahəsinin cizgisi məlumat bazasında öz əksini tapmamışdır. Bu səbəbdən də, **********0043 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədinin işlənilməsinə əsas olan sənədlərin verilməsinə köməklik göstərmək məqsədi ilə “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 14-cü maddəsinin tələblərinə əsasən Kadastrı və Yerquruluşu Layihə-Tədqiqat Mərkəzi MMC-ə sorğu göndərilərək ərizənin icrası bir ay müddətinə dayandırılmışdır. Sorğuya verilmiş cavab məktubunda bildirilmişdir ki, Mərkəzin arxivində sözügedən AN-041353 (kod **********0043) nömrəli “Torpaq sahəsinin planı və ölçüsü”nün işlənilməsinə əsas olmuş ilkin torpaqayırma sənədləri aşkar edilməmişdir. Yuxarıda qeyd edilənləri nəzərə alaraq, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15.1.6-cı maddəsinin müddəalarına əsasən ərizənin icrasından imtina edilməsi məqsədəmüvafiq hesab edilmişdir. Verilən imtina ilə razılaşmayan iddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək “0,12 ha torpaq sahəsi üzərində mülkiyyət hüquqununun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasını xahiş etmişdir. İddiaçı Sumqayıt Apellyasiya Məhkəməsinə iddia tələbinnin dəqiqləşməsinə dair ərizə təqdim edərək Quba rayon Küpçal bələdiyyəsinin 30 iyul 2006-cı il tarixli, 07 nömrəli qərarı ilə ona ayrılmış 0,12 ha həyətyanı torpaq sahəsinin **********51 reyestr nömrəli çıxarışa əsəsən X1 məxsus torpaq sahəsi ilə üst-üstə 36 kv.m hissəsi istisna olunmaqla, qalan 1164 kv.m torpaq sahəsi üzərində iddiaçının mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinin üzərinə qoyulmasını xahiş etmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ: a) Birinci instansiya məhkəməsindəki icraat İddia tələbi onunla əsaslandırılmışdır ki, mübahisələndirilən torpaq sahəsi islahat vaxtı kənd təsərrüfatı örüş torpaq sahəsin olduğu qeyd edilmişdir. Ölkədə torpaq islahatı keçiriləndən sonrakı 10 il ərzində vəziyyət dəyişmiş, həmin torpaq sahələrinin həyətyanı kimi əhaliyə satılması daha məqsədəuyğun hesab edilmiş və bütün ərazi həyətyanı sahələr kimi satılmışdır. Hal-hazırda qonşuları tərəfindən evlər tikilmiş, həyətyanı sahələrinə və evlərinə çıxarışlar verilmişdir. Həmin ərazidə örüşdən əsas-əlamət yoxudur, kənd sakinləri artıq həmin sahədə fərdi yaşayış evlərinin tikintisində çalışmağa üstünlük verirlər Cavabdeh orqan iddia tələbinə etiraz edərək qeyd etmişdir ki, sənədlərin ekspertizası və daşınmaz əmlakın müayinəsi zamanı aşkar olunmuşdur ki, mülkiyyət hüquqlarının dövlət reyestrində qeydiyyata alınması ilə bağlı müraciət edilmiş, 0,12 ha torpaq sahəsi üçün ərizəyə əlavə olunmuş Quba rayonu, Küpçal bələdiyyəsinin 30 iyul 2006-cı il tarixli, 07 saylı qərarı ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Quba rayon şöbəsi tərəfindən təhvil verilmiş qeydiyyat kitablarında qeydiyyatdan keçməmişdir və arxiv nüsxəsi Ərazi İdarəsində aşkar edilməmişdir. Bildirilmişdir ki, 0,12 ha torpaq sahəsi torpaqların elektron kadastr uçotu informasiya sistemində (TEKUİS) kənd təsərrüfatı təyinatlı ərazidir və torpaq sahəsinin islahat uqodiyası isə kənd təsərrüfatı örüş torpaq sahəsidir. Bundan əlavə, torpaq sahəsi üçün ləğv edilmiş DTXK-n Quba rayon şöbəsi tərəfindən tərtib edilmiş **********0043 nömrəli torpaq sahəsinin planı və ölçüsü təqdim edilmişdir. Lakin, torpaq sahəsinin planı və ölçüsündə göstərilən torpaq sahəsinin cizgisi məlumat bazasında öz əksini tapmamışdır. Bu səbəbdən də, **********0043 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədinin işlənilməsinə əsas olan sənədlərin verilməsinə köməklik göstərmək məqsədi ilə Kadastrı və Yerquruluşu Layihə-Tədqiqat Mərkəzi MMC-ə sorğu göndərilərək ərizənizin icrası bir ay müddətinə dayandırılmışdır. Sorğuya verilmiş cavab məktubunda bildirilmişdir ki, Mərkəzin arxivində sözügedən AN041353 (kod **********0043) nömrəli “Torpaq sahəsinin planı və ölçüsü”nün işlənilməsinə əsas olmuş ilkin torpaqayırma sənədləri aşkar edilməmişdir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: Sumqayıt İnzibati Məhkəməsinin 21 aprel 2025-ci il tarixli, 2-1(118)-1155/2025 nömrəli qərarı ilə iddia rədd edilmişdir (hakim Könül Həbibova) Məhkəmə qərarını onunla əsaslandırmışdır ki, Quba rayonu Küpçal-Dağlı bələdiyyəsi tərəfindən cavabdehə göndərilmiş arayışda 30 iyul 2006-cı il tarixdə iddiaçıya 0,12 ha torpaq sahəsinin verilməsi barədə 07 nömrəli qərarın qüvvədə olduğunun qeyd edilməsinə baxmayaraq, həmin qərarın nüsxəsi Dövlət Arxivinin və Küpçal-Dağlı bələdiyyəsinin arxiv materiallarında aşkar edilməmişdir. Eyni zamanda, iş materiallarına əlavə edilmiş 21 aprel 2008-ci il tarixli, A seriyalı, 041353 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədinin işlənilməsinə əsas olmuş ilkin torpaqayırma sənədləri də mövcud deyildir. İddiaçının müraciətinə cavabdeh inzibati orqan tərəfindən qanunvericiliyə uyğun qaydada baxılmış, verilmiş imtina məktubu nəticəsində iddiaçının hüquqları və qanunla qorunan maraqları pozulmamış və onların həyata keçirilməsinə maneə yaradılmamışdır. İmtina qanuni və əsaslı olduğundan hazırkı iddia tələbi təmin oluna bilməz. İddiaçı həmin qərardan apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək, iddianın təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a) Apellyasiya şikayətinin dəlilləri İddiaçı apellyasiya şikayətini iddia ərizəsi ilə eyni məzmunda əsaslandırmışdır. b) Apellyasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar olunmağına baxmayaraq iddiaçı, cavabdehin nümayəndəsi və üçüncü şəxs məhkəmə iclasına gəlməmişlər, gəlməmələrinin səbəbləri haqqında məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq işə iddiaçının, cavabdehin nümayəndəsinin və üçüncü şəxsin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ Azərbaycan Respublikasının Konstitusiyası: Maddə 13. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. Maddə 29. Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 139.1. Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Maddə 139.3 Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. Maddə 139-1.1. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 139-1.1.8. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər...... Azərbaycan Respublikasının Torpaq Məcəlləsi: Maddə 67. Torpaq sahələri üzərində hüquqların dövlət qeydiyyatının məcburiliyi 1.Torpaq üzərində hüquqların dövlət qeydiyyatı qanunvericilikdə nəzərdə tutulmuş qaydada daşınmaz əmlakın dövlət reyestrində aparılır. 2.Dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin alınması ilə yaranan hüquqların, habelə torpaq sahələri və digər daşınmaz əmlaka dair bağlanılan əqdlər nəticəsində əldə edilən hüquqların dövlət qeydiyyatına alınması məcburidir. “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 6.1. Bələdiyyə mülkiyyətində olan torpaqlar Azərbaycan Respublikasının torpaq qanunvericiliyinə, "Bələdiyyələrin əraziləri və torpaqları haqqında" Azərbaycan Respublikasının Qanununa və torpaq münasibətlərini tənzimləyən digər normativ hüquqi aktlara uyğun olaraq mülkiyyətə, istifadəyə və icarəyə verilir. Maddə 6.2. Bələdiyyə mülkiyyətində olan torpaqların hər hansı hüquqla hüquqi və fiziki şəxslərə verilməsi bələdiyyələrin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. Müqavilədə tərəflərin hüquqları və vəzifələri, torpaq sahəsinin hüquqi statusu, öhdəliklər, servitutlar və digər məhdudiyyətlər, müqaviləyə xitam verilməsinin əsasları və torpaqların istifadəsi və mühafizəsi üzrə başqa şərtlər nəzərdə tutulur. Maddə 6.5. Torpaq sahəsinin mülkiyyətə, istifadəyə və icarəyə verilməsi bələdiyyələrin qərarı ilə sahənin xüsusiyyətinə və torpağın ayrılma məqsədinə, mövcud texniki normalara, habelə yerquruluşu və şəhərsalma sənədlərinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanlarının rəyi alındıqdan sonra torpaqayırma qaydasında həyata keçirilir. Torpaqayırma sənədlərinin hazırlanması və razılaşdırılması qaydaları Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən təsdiq edilən əsasnamə ilə tənzimlənir. (bələdiyyə qərarı qəbul edilərkən qüvvədə olan redaksiyası): Maddə 7. Xüsusi mülkiyyətə verilən bələdiyyə torpaqları 7.1. Azərbaycan Respublikasının qanunvericiliyi ilə bələdiyyələrin ehtiyat fondunun aşağıdakı torpaqları xüsusi mülkiyyətə verilə bilər: 7.1.1. yaşayış məntəqələrinin perspektiv inkişafı üçün cəlb olunan torpaqlar; 7.1.2. kənd təsərrüfatına az yararlı və yararsız torpaqlar; “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 2. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı 2.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. 2.2. Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində (bundan sonra - dövlət reyestri) aparılır. Maddə 15. Hüquqların dövlət qeydiyyatından imtina 15.1. Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. ... “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə 11.1. İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. Maddə 11.2. İnzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər. Maddə 13.1. İnzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. Maddə 15.1. Qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır. Maddə 15.2. Qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz. Maddə 15.3. İnzibati orqanlar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunmuş sənədlərdə yazı və hesab zamanı yol verilmiş aşkar və düzəldilməsi mümkün olan səhvlərə görə həmin sənədləri qəbul etməkdən imtina edə bilməz. Maddə 17. Fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Maddə 16.1. Fiziki və ya hüquqi şəxsə münasibətdə hər hansı hüquq normasını tətbiq etməli olan inzibati orqan, maraqlı şəxsin vəsatətinə əsasən və ya xidməti vəzifəsindən irəli gələn hallarda öz təşəbbüsü ilə həmin normanı tətbiq etməyə borcludur. Maddə 19.1. İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi: Maddə 12. İşin hallarının araşdırılması prinsipi.

1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur.

2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Maddə 87.8 Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 89. Bu Məcəllənin 94.1-ci maddəsində nəzərdə tutulmuş müddətdə şikayətin verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda, məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadı isə 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Şikayətin geri götürülməsi haqqında bəyanat yazılı şəkildə məhkəməyə təqdim olunmalıdır. Maddə 90.1. Apellyasiya instansiyası məhkəməsinin qərar və ya qərardadlarından, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla Ali Məhkəmənin İnzibati kollegiyasına (bundan sonra – Ali Məhkəməyə) şikayət verilə bilər.

APELLYASİYANİN MÜMKÜNLÜYÜ, APELLYASİYA BAXİŞİNİN HƏDLƏRİ Apellyasiya şikayəti vaxtında verilmişdir. Apellyasiya şikayəti formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə apellyasiya mümkün hesab edilmişdir. Birinci instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır.

APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

Məhkəmə kollegiyası işdə iştirak edən şəxslərin izahatını dinləyərək, iş materiallarını araşdırıb, apellyasiya şikayətinin dəlillərinə qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli, iddianın təmin edilməsi barədə yeni qərar qəbul edilməlidir. Belə ki, birinci instansiyası məhkəməsi tərəfindən İnzibati Prosessual Məcəllənin 12ci və 58.7-ci maddələrinin tələbləri pozularaq işin hallarının tam və hərtərəfli araşdırılması təmin olunmamış, eyni zamanda, mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmamışdır. Yaranmış mübahisə ilə bağlı kollegiya aşağıdakıları qeyd edir: Hazırki mübahisənin predmetini cavabdehin torpaq sahəsi üzərində iddiaçının mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasından imtinası təşkil edir. İddiaçının hüquqi marağı torpaq sahəsi üzərində mülkiyyət hüququnun dövlət tərəfindən tanınmasına, buna dair müvafiq yeni çıxarışın alınmasına nail olmaqdan ibarətdir. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən olundu ki, Quba rayon Küpçal bələdiyyəsinin 30 iyul 2006-cı il tarixli, 07 nömrəli qərarına əsasən, İddiaçı 0,12 ha həyətyanı torpaq sahəsinin satılması qərara alınmışdır. 31 iyul 2006-cı il tarixdə Küpçal bələdiyyəsinin nümayəndəsi, torpaq alan İddiaçı və rayon torpaq şöbəsi müdirinin iştirakları ilə “Torpaqların alqı-satqısına dair akt” tərtib edilmişdir. İddiaçı Küpçal bələdiyyəsinin hesabına 154 manat məbləğində “torpaq alqı-satqısı” təyinatlı ödəniş köçürmüşdür. Həmçinin İddiaçı Quba rayon Küpçal bələdiyyəsinin 30 iyul 2006-cı il tarixli, 07 nömrəli qərarı ilə ayrılmış 1.200 kv.m torpaq sahəsinin əsas kadastr göstəriciləri, qaiməsi (sertifikatı), baş plandan çıxarış, planı (miqyas 1:1.000) əsas döngə nöqtələrin koordinatları, arasındakı məsafələr göstərililən Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin 21 aprel 2008-ci il tarixli, A seriyalı, 041353 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” tərtib edilmişdir. Kollegiya iddiaçının apellyasiya şikayətinin dəlilləri ilə bağlı həmçinin aşağıdakıları da qeyd edir. İlk növbədə qeyd edilməlidir ki, iddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş sənədlərin əsilləri mövcuddur və bu sənədlər iş materiallarına əlavə edilmişdir. Nəzərə alınmalıdır ki, torpaq sahəsinin ayrılmasına dair bələdiyyənin 30 iyul 2006-cı il tarixli, 07 nömrəli qərarı bələdiyyə sədrinin möhürü və imzası ilə təsdiqlənmişdir. Bu fakt birinci instansiya məhkəməsi tərəfindən kifayət qədər qiymətləndirilməmiş və nəzərə alınmamışdır ki, Quba rayonu Küpçal-Dağlı bələdiyyəsinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 5 saylı Xaçmaz Ərazi İdarəsinə təqdim edilməsi üçün göndərilmiş 13 fevral 2023-cü il tarixli, 12 nömrəli arayışından görünür ki, 30 iyul 2006-cı il tarixdə İddiaçı 0,12 ha torpaq sahəsinin verilməsi barədə 07 nömrəli qərar qüvvədədir və çıxarışın verilməsinə etiraz edilməmişdir. Eyni zamanda Azərbaycan Respublikası Quba Rayonu İcra Hakimiyyəti başçısının aparatı Memarlıq və Tikinti Şöbəsinin 3 fevral 2023-cü il tarixli, 34 nömrəli rəyindən görünür ki, fərdi yaşayış evinin tikintisi məqsədilə İddiaçı ayrılmış 0,12 ha həyətyanı torpaq sahəsi Küpçal-Dağlı bələdiyyəsinə aid olan ərazinin hüdudları çərçivəsində yerləşir. Həmin ərazidə Azərbaycan Respublikasının “Şəhərsalma və Tikinti Məcəlləsi”nin tələblərinə uyğun olaraq yaşayış məntəqəsinin ərazi planlaşdırma sənədlərinə və tikinti layihələri əsasında mövcud tikinti norma və qaydalarına riayət etmək şərti ilə fərdi yaşayış evi tikintisi üçün torpaq qanunvericiliyinin tələblərini nəzərə almaqla torpaqayırma sənədlərinin hazırlanması məqsədəmüvafiqdir. Kollegiya onu da qeyd edir ki, iddiaçıya ayrılmış 0,12 hektar həyətyanı torpaq sahəsinin plan və ölçüsü bələdiyyənin qərarına əsasən tərtib edilmişdir. İddiaçı həmin plan və ölçünün əslini məhkəməyə təqdim etmişdir. Bu plan və ölçü Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin 21 aprel 2008-ci il tarixdə X4 670 nömrə ilə qeydiyyata alınmışdır. Həmin sənəd Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Quba Rayon şöbəsinin müdiri Xudaverdiyev A.A tərəfindən imzalanmış və möhürlənmişdir. Bu sənəd iddiaçının mülkiyyət hüququnun əsasını təşkil edən və qanunvericilik baxımından etibarlı sənəd kimi qəbul edilməlidir. Beləliklə işin halları ilə müəyyən olunur ki, mübahisəli torpaq sahəsi iddiaçıya Quba rayon Küpçal bələdiyyəsinin 30 iyul 2006-cı il tarixli, 07 nömrəli qərarına əsasən satılmış və həmin torpaq sahəsinin plan və ölçüsü tərtib edilmişdir. Göründüyü kimi torpaq sahəsi ilk öncə bələdiyyənin mülkiyyətində olmuş və onun tərəfindən qanunvericiliklə nəzərdə tutulmuş qaydalara riayət edilməklə iddiaçıya satılmışdır. Bundan əlavə, indiki halda torpaq sahəsi naturada mövcuddur, habelə ona dair müvafiq bələdiyyə tərəfindən yerquruluşu planından çıxarış tərtib edilmişdir. Belə olan halda, məhkəmə kollegiyası hesab edir ki, iddiaçının mövcud olan hüquqlarının məhdudlaşdırılması inzibati icraat haqqında qanunvericiliyin norma və prinsiplərinin (mütənasiblik) tələbinə zidd olmuşdur. Həmçinin qeyd edilməlidir ki, “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanunu ilə bələdiyyə torpaqlarının mülkiyyətə, istifadəyə, icarəyə verilməsinin ümumi qaydaları müəyyənləşdirilmiş, istifadə, mühafizə sahəsində hüquq münasibətləri tənzimlənmişdir. Həmin qanunun 4.0.1-ci maddəsi bələdiyyələrə qanunvericiliklə müəyyən edilmiş qaydada bələdiyyə mülkiyyətində olan torpaqlara sahiblik, onlardan istifadə və onlar barədə sərəncam vermək hüququ vermişdir. Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında Azərbaycan Respublikası Qanununun iddiaçıya bələdiyyə tərəfindən torpaq sahəsi ayrıldığı dövrdə, yəni 30 iyul 2006-cı il ildə qüvvədə olan redaksiyasında torpaq sahələrinin şəxslərə torpaq hərracları və ya müsabiqələri ilə yanaşı bilavasitə satışının mümkünlüyü də təsbit edilmişdir. Beləliklə bələdiyyə tərəfindən iddiaçıya torpaq sahəsinin bilavasitə satılması həmin dövrdə qüvvədə olan qanunvericiliyin tələblərinə uyğun olmuşdur. İddiaçıya torpaq sahəsinin satılmasına hüququ olan orqan tərəfindən torpaq sahəsi ayrılmış və satılmışdır. Quba rayon Küpçal bələdiyyəsinin 30 iyul 2006-cı il tarixli, 07 nömrəli qərarı əsasında iddiaçıya satılmış torpaq sahəsi üzərində iddiaçının mülkiyyət hüququnun həmin tarixdən yarandığı mübahisəsizdir. Torpaq sahəsinin iddiaçıya satılmasına qərarın hansısa səlahiyyətli qurum və ya məhkəmə tərəfindən ləğv edilməsi müəyyən olunmamışdır. Məhkəmə kollegiyası cavabdehin imtinasının dəlilləri ilə bağlı qeyd edir ki, iddiaçı tərəfindən məhkəmədə kifayət qədər sübutlar təqdim edilmiş və həmin sübutların həqiqiliyinə yuxarıda göstərilənlərə əsasən kifayət qədər əsaslar vardır. Bununla belə nəzərə alınmalıdır ki, torpaq sahəsinin planı və ölçüsündə göstərilən torpaq sahəsinin cizgisi məlumat bazasında öz əksini tapmaması, həmçinin AN-041353 (kod **********0043) nömrəli “Torpaq sahəsinin planı və ölçüsü”nün işlənilməsinə əsas olmuş ilkin torpaqayırma sənədləri aşkar edilməməsi məhz cavabdeh inzibati orqanın hüquqi məsuliyyət daşıdığı hal kimi çıxış etməklə, iddiaçının təqsiri ilə əhatə olunan hal kimi ortaya çıxmamışdır. Belə olan halda, həmin əsaslara istinad edilməklə, iddiaçıların mövcud olan hüquqlarının məhdudlaşdırılması ilk növbədə qanunvericiliyin norma və prinsiplərinin tələbinə, mahiyyətinə və məqsədinə zidd olmuşdur. Kollegiya həmçinin qeyd edir ki, iddiaçıya məxsus torpaq sahəsinin ətrafında yerləşən torpaq sahələri daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış və həmin torpaq sahələrinin təyinatı “yaşayış məntəqələrinin torpaqları” kimi qeyd edilmişdir. “İnzibati icraat haqqında” Qanunun 13.1-ci maddəsinə əsasən, inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. İnzibati aktın ünvanlandığı və yaxud belə akt ilə maraqlarına toxunan şəxs yalnız həmin Qanunun 67.6-cı maddəsində göstərilmiş hallarda etimadın qorunması hüququna malik olmur.” Konstitusiya Məhkəməsinin qərarında şərh edilən mövqeyi hazırkı işin hallarına tətbiq edən məhkəmə kollegiyası qeyd edir ki, torpağın ayrılmasına dair yekun qərar (inzibati akt) qüvvədə olduğu halda, cavabdehin apellyasiya şikayətində göstərdiyi halların mövcudluğu özü-özlüyündə ayrılmış torpaq sahəsinə hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasında imtinanın müstəqil əsasını təşkil edə bilməz. Bu halda, reyestrdə qeydiyyatı aparmaqdan imtina edən inzibati orqan halların torpaq sahəsinin ayırılması ilə bağlı yekun qərarın qəbul edilməsinə hansı qaydada təsir edə biləcəyini və ya etdiyini konkret işin faktiki və hüquqi hallarına istinadla əsaslandırmalı, eləcə də bu halın hansı əsasla daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatı aparmağa maneə törətdiyini göstərməlidir. Belə imtinada, həmçinin mütləq “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 15-ci maddəsində nəzərdə tutulmuş əsaslardan birinin və ya bir neçəsinin mövcudluğuna istinad olunmalıdır. Nəzərə almaq lazımdır ki, iddiaçının sözügedən torpaq sahəsi üzərində mülkiyyət hüququ “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0.1-ci maddəsində təsbit olunmuş hüquqmüəyyənedici sənədə Quba rayon Küpçal bələdiyyəsinin 30 iyul 2006-cı il tarixli, 07 nömrəli qərarına əsaslanır. İstinad olunan həmin normada qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsas qismində təsbit edilmişdir. Analoji norma Mülki Məcəllənin 139-1.1.1-ci maddəsində də nəzərdə tutulmuşdur. Bu mənada məhkəmə kollegiyası xüsusilə vurğulayır ki, etibarlı və hüquqi qüvvəsini saxlayan müvafiq hüquqmüəyyənedici sənəd əsasında daşınmaz əmlak üzərində hüququn qeydiyyata alınmasından və hüququn qeydiyyata alınması barədə müvafiq çıxarışın verilməsindən davamlı imtina edilməsinin “İnzibati icraat haqqında” Qanunun 13-cü maddəsində təsbit edilmiş etimadın qorunması prinsipi baxımından inzibati orqanların fəaliyyətinin, habelə onlar tərəfindən qəbul edilən qərarların qanunauyğunluğuna vətəndaşların inam və etimadına ciddi zərbə vurduğu və bu baxımdan yolverilməz olduğu da nəzərə alınmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun "xxxx" Açıq Səhmdar Cəmiyyətinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 9 fevral 2016-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 04 oktyabr 2016-cı il tarixli qərarında göstərilmişdir ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 10.2.1-ci maddəsinin məzmunundan görünür ki, hüquqların dövlət qeydiyyatı üçün bu Qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan birinin olması kifayətdir. Bu normanın mətninə və məzmununa görə, Qanunun 8-ci maddəsində təsbit olunmuş əsaslardan (sənədlərdən) hər hansı biri təqdim olunduqda, qeydiyyat orqanı əlavə olaraq əsaslardan (sənədlərdən) başqa birinin də təqdim olunmasını tələb etməyə haqlı deyil. Beləliklə, məhkəmə araşdırması nəticəsində müəyyən edildi ki, həmin ərazidə yerləşən qonşu torpaq sahiblərinin hüquqları qeydə alındığı və onlara bu barədə müvafiq çıxarışlar verildiyi halda, onlarla eyni vəziyyətdə olan, tələbi eyni faktiki hallara və hüquqi əsaslara söykənən iddiaçıya münasibətdə hüququn qeydiyyata alınmasından və çıxarışın verilməsindən cavabdeh tərəfindən imtina olunmuşdur. Halbuki, Azərbaycan Respublikası Konstitusiyasının 25-ci maddəsinin 5-ci hissəsinə əsasən, hüquq və vəzifələrlə bağlı qərarlar qəbul edən dövlət orqanları və dövlət hakimiyyəti səlahiyyətlərinin daşıyıcıları ilə münasibətlərdə hər kəsin bərabər hüquqları təmin edilir. “İnzibati icraat haqqında” Qanunun həmin konstitusion normaya əsaslanan və onu daha da konkretləşdirən 12-ci maddəsinə görə, inzibati orqan tərəfindən eyni mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə fərqli qərarların qəbul edilməsi qadağandır. Bu tənzimləmə müxtəlif vaxtlarda və müxtəlif şəxslərə münasibətdə analoji xüsusiyyətlərə malik işlər üzrə fərqli qərarların qarşısının alınması məqsədlərinə xidmət edir. Bundan başqa, inzibati orqan tərəfindən hazırkı mübahisəyə münasibətdə eyni zamanda istinad olunan Qanunun 13-cü maddəsində təsbit edilmiş etimadın qorunması prinsipi də pozulmuşdur. Nəzərə almaq lazımdır ki, inzibati orqan bir tərəfdən eyni faktiki hallara və hüquqi əsaslara söykənən işlər üzrə qərarların qəbuluna dair özünün formalaşdırdığı inzibati praktikaya, yəni hüququn tətbiqi praktikasına bağlıdır, digər tərəfdən isə, fiziki və ya hüquqi şəxslərin analoji vəziyyətlərdə həmin praktikanın onlara da tətbiq olunacağına dair əsaslı qanuni gözləntilərinə və həmin praktikaya etimadına bağlıdır. Bu zaman həm də nəzərə alınmalıdır ki, şəxsin etimad hüququ yalnız inzibati orqanların davranışının proqnozlaşdırılmasının mümkün olduğu hallarda təmin oluna bilər. Belə proqnozlaşdırma isə inzibati orqanların inzibati, yəni hüquq tətbiqi praktikasına və bu praktikanın davamlılığına bağlıdır. Maraqlı şəxs onun müraciətinin inzibati praktikaya uyğun və artıq həll edilmiş oxşar işlərə analoji qaydada həll olunacağını əvvəlcədən bilmək və proqnozlaşdırmaq imkanına malik olmalıdır. Şəxsə belə imkan məhz bərabər yanaşma və etimadın qorunması prinsipləri vasitəsi ilə yaradılır. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, publik hüquq sahəsində həyata keçirilən idarəçilik fəaliyyəti zamanı inzibati orqanların konstitusion prinsipləri, o cümlədən bərabər yanaşma və hüquqi dövlət prinsipindən irəli gələn “İnzibati icraat haqqında” Qanunun 13-cü maddəsində təsbit edilmiş etimadın qorunması prinsiplərini birbaşa tətbiq etməyə borclu olduğu da nəzərə alınmalıdır. Digər tərəfdən, Azərbaycan Respublikasının qanunvericiliyində təsbit edilmiş mülkiyyət hüququnun təminatı mexanizmi məhz daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat əsasında həyata keçirilir. Daşınmaz əmlaka aid olan məlumatların vahid dövlət reyestrində qeydiyyatı həm dövlət, həm də mülkiyyətçilərin mənafelərinin qorunması baxımından vacibdir. Daşınmaz əmlakın dövlət qeydiyyatı nəticəsində şəxsin qanuni əsaslarla əldə etdiyi müvafiq daşınmaz əmlaka mülkiyyət hüququnun tanınması bu hüququn pozulmasının qarşısını alır. Daşınmaz əmlakın dövlət qeydiyyatı əmlaka dair mülkiyyət hüququnu təsdiqləyən sənədlərin həqiqiliyinə və əsaslılığına təminat kimi qiymətləndirilir. Dövlət orqanlarının bu istiqamətdəki fəaliyyətinin əsas məqsədlərindən biri isə hər kəsin hüquq və qanuni mənafelərinin qorunmasıdır. Bu baxımdan, qeyd olunan sahədə dövlət orqanlarına həvalə edilmiş səlahiyyətlərin həyata keçirilməsi nəticəsində hər bir fiziki və ya hüquqi şəxsin hüquqlarının, o cümlədən, mülkiyyət hüquqlarının tam həcmdə reallaşdırılmasının əsassız olaraq məhdudlaşdırılmasının yolverilməzliyi də xüsusi əhəmiyyət kəsb edir Həmçinin Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri üzrə Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 5 saylı Xaçmaz Ərazi İdarəsinin 13 fevral 2025-ci il tarixli, 3-21-3-34/21947/2025 nömrəli məktubu ilə göndərilmiş müayinə aktından görünür ki, Quba rayonu, Küpçal kəndində yerləşən 0,12 ha torpaq sahəsinə və qonşuluqda yerləşən X1 məxsus torpaq sahəsinə naturada (yerdə) yenidən baxış keçirilmişdir. Sumqayıt İnzibati Məhkəməsinin 24 iyul 2024-cü il tarixli 2-1 (118)-4051/2024 saylı məktubuna cavab olaraq hazırlanmış müayinə aktında (§11) A 041353 saylı Plan-ölçü (kadastr planı) sənədinə əsasən göstərilmiş torpaq sahəsinin 36 kv.m hissəsi baza məlumatlarında olan xəritə materiallarına əsasən **********51 reyestr nömrəli çıxarışa əsasən X1 məxsus torpaq sahəsi ilə, İddiaçı tərəfindən iddia olunan və faktiki istifadəsində olan torpaq sahəsinin 143 kv.m hissəsi baza məlumatlarında olan xəritə materiallarına əsasən **********51 reyestr nömrəli çıxarışa əsasən X1 məxsus torpaq sahəsi ilə üst-üstə düşməsi qeyd olunmuşdur. Qeyd edilir ki, torpaq sahələri baza məlumatlarında olan xəritə materiallarına əsasən üst-üstə düşsə də, faktiki olaraq naturada heç bir üst-üstə düşmə mövcud deyildir. X1 məxsus torpaq sahəsinə dair hazırlanmış **********51 reyestr nömrəli çıxarış DT və XK-nin Quba rayon şöbəsi tərəfindən verilmiş plan-ölçü (kadastr planı) sənədində olan koordinatlara əsasən tərtib olunmuşdur. DT və XK-nin Quba rayon şöbəsi tərəfindən verilmiş plan-ölçü (kadastr planı) sənədində olan koordinatlar ilə faktiki istifadə olunan torpaq sahəsinin koordinatları arasında cənub-qərb istiqamətdə uyğunsuzluq vardır. Uyğunsuzluğun səbəbi isə çıxarışın verilməsinə əsas olmuş kadastr planı sənədi hazırlanarkən texniki qüsurun yol verilməsidir. Mübahisəli torpaq sahəsinə dair sxem tərtib olunmuş, koordinatar və ortofoto görüntülər müayinə aktına əlavə edilmişdir. Bununla bağlı kollegiya qeyd edir ki, iddiaçı apellyasiya baxışı zamanı məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, Quba rayon Küpçal bələdiyyəsinin 30 iyul 2006-cı il tarixli, 07 nömrəli qərarı ilə ona ayrılmış 0,12 ha həyətyanı torpaq sahəsinin **********51 reyestr nömrəli çıxarışa əsəsən X1 məxsus torpaq sahəsi ilə üst-üstə 36 kv.m hissəsi istisna olunmaqla, qalan 1164 kv.m torpaq sahəsi üzərində iddiaçının mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinin üzərinə qoyulmasını xahiş etmişdir. Məhkəmə kollegiyası ərizədə edilən dəyişikliyin – dəqiqləşmənin iddianın növünə təsir etmədiyini nəzərə alaraq, “Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 13-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 17 sentyabr 2014-cü il tarixli qərarına əsasən, ərizəni məhkəmənin icraatına qəbul edilməsini məqsədəuyğun hesab etmişdir. Beləliklə, məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq, hesab edir ki, birinci instansiya məhkəməsi iddia tələbini rədd edərkən düzgün nəticəyə gəlməmişdir. Odur ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli, Quba rayon Küpçal bələdiyyəsinin 30 iyul 2006-cı il tarixli, 07 nömrəli qərarı ilə İddiaçı ayrılmış 0,12 ha həyətyanı torpaq sahəsinin **********51 reyestr nömrəli çıxarışa əsəsən X1 məxsus torpaq sahəsi ilə üst-üstə 36 kv.m hissəsi istisna olunmaqla, qalan 1164 kv.m torpaq sahəsi üzərində iddiaçının mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinin üzərinə qoyulmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər.

NƏTİCƏVİ HİSSƏ:

Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 12, 58.7, 87.6, 89-cu və 90.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

QƏRARA ALDİ:

Apellyasiya şikayəti təmin edilsin. Sumqayıt İnzibati Məhkəməsinin 21 aprel 2025-ci il tarixli, 2-1(118)-1155/2025 nömrəli qərarı ləğv edilsin. Yeni qərar qəbul edilsin. İddia təmin edilsin. Quba rayon Küpçal bələdiyyəsinin 30 iyul 2006-cı il tarixli, 07 nömrəli qərarı ilə İddiaçı ayrılmış 0,12 ha həyətyanı torpaq sahəsinin **********51 reyestr nömrəli çıxarışa əsəsən X1 məxsus torpaq sahəsi ilə üst-üstə 36 kv.m hissəsi istisna olunmaqla, qalan 1164 kv.m torpaq sahəsi üzərində iddiaçının mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinin üzərinə qoyulsun. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti 70) vasitəsilə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar