Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-1(105)-689/2021 09.12.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdehnə qarşı “mərhum anası xxxxxn vərəsəsi kimi onun adına Abşeron rayonu, Qobu qəsəbəsində yerləşən mərhum X3 ayrılmış 0.08 ha torpaq sahəsinə çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iş üzrə Açar sözlər: bələdiyyə qərarı əsasında torpaq sahəsinin satılması, torpağın kateqoriyası və statusunun müəyyən edilməməsi və memarlıq xidmətindən rəyin alınmaması Sumqayıt Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının hakimləri Ağayev Rəşadət Əhməd oğlu (sədrlik edən və məruzəçi), Babayeva Hökümə Çingiz qızı və Dəmirov İlqar Kamal oğlundan ibarət tərkibdə, Nəbizadə Rəşad Nəbi oğlunun katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Abşeron Ərazi İdarəsinə qarşı “mərhum anası xxxxxn vərəsəsi kimi onun adına Abşeron rayonu, Qobu qəsəbəsində yerləşən mərhum X3 ayrılmış 0.08 ha torpaq sahəsinə çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair Sumqayıt İnzibati Məhkəməsinin 13 sentyabr 2021-ci il tarixli, 2-1(118)-1613/2021 saylı qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları:
1. İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Abşeron Ərazi İdarəsinə qarşı “mərhum anası xxxxn vərəsəsi kimi onun adına Abşeron rayonu, Qobu qəsəbəsində yerləşən mərhum X3 ayrılmış 0.08 ha torpaq sahəsinə çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək həmin torpaq sahəsi üzərində mərhum R.K.Vəliyevanın vərəsəsi kimi mülkiyyət hüquqlarının qeydə alınaraq daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir.
İddiaçının əsaslandırması:
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, Abşeron rayonu, Qobu Bələdiyyəsinin 13 saylı, 12 iyul 2007-ci il tarixli qərarı ilə anası X3 Bələdiyyənin ehtiyat fondundan alqısatqı predmeti olan torpaq sahəsində fərdi mənzil tikintisi məqsədi ilə 0,08 ha torpaq sahəsi satılmış, anası 03.12.2020-ci ildə vəfat etmişdir. Qobu Bələdiyyəsinin rəhbərliyinin səhlənkarlığı səbəbindən anası ilə alqı-satqı müqaviləsi bağlanmamışdır. Mərhum anası xxxxxxxxn hüquq təhsilinin olmaması səbəbindən həmin alqı-satqı müqaviləsinin müvafiq qaydada bağlanmamasının gələcəkdə hansı nəticələrə səbəb olacağını bilməmişdir. Abşeron rayon 1 saylı Notariat ofisinin xüsusi notariusunun Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında DƏDRX-nin 4 saylı Ərazi İdarəsinə göndərdiyi 1986 saylı 02.06.2021-ci il tarixli məktubu ilə də təsdiqlənir ki, “Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında” Azərbaycan Respublikası Qanunun 8-ci maddəsində göstərilmiş əsaslara görə daşınmaz əmlak üzərində sahiblik və ya onun üzərində istifadə hüququ əldə etmiş mərhum X5 bu əmlak barədə məlumatın dövlət reyestrinə daxil edilməsi və ya onun üzərində hüquqların dövlət qeydiyyatına alınması üçün zəruri sənədləri Reyestrə təqdim edənədək ölmüşdür. Bu səbəbdən də “Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında” Qanunun 5.1-1-ci maddəsinin tələbini rəhbər tutaraq sorğunu təqdim edən şəxs - İddiaçı vasitəsi ilə açılmış Vərəsəlik işi ilə əlaqədar mərhum X2 miras qalmış daşınmaz əmlak barədə daşınmaz əmlakın reyestrindən çıxarış və müvafiq məlumat verilməsi DƏDRX-nın 4 saylı Ərazi İdarəsinin rəisindən xahiş edilir. Bundan başqa ünvan ünvanladığı 230 saylı, 09.06.2021-ci il tarixli arayışı ilə də təsdiqlənir ki, mərhum X3 Qobu bələdiyyəsi tərəfindən 12.06.2007-ci il tarixli, 13 saylı qərarı ilə fərdi ev tikintisi üçün ayrılmış 0.08 ha torpaq sahəsinə görə 2007-ci ildə tərtib edilmiş olan “Torpağın alqı-satqısına dair AKT” tərtib edilməmişdir. Mərhum anası X1 torpaq sahəsnə görə X9 filialı vasitəsilə Qobu Bələdiyyəsinin hesabına ********** saylı qəbz əsasında 500 manat pul vəsaiti də köçürülmüş, lakin bunlara baxmayara cavabdeh tərəfindən daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilmişdir.
Cavabdehin etirazları:
3. Cavabdeh inzibati orqanın iddiaya qarşı yazılı etirazında qeyd edilmişdir ki, aparılan araşdırma zamanı Qobu Bələdiyyəsi tərəfindən X4 0.08 ha torpaq sahəsinin 12 iyul 2007-ci il tarixdə, 13 nömrəli qərarla ayrıldığı halda, ləğv edilmiş DT və XK-nın Abşeron rayon şöbəsinin rəyinin 27 avqust 2007-ci il tarixdə verildiyi, alqı-satqı aktının ərizəyə əlavə edilmədiyi müəyyən edilmişdir. Göstərilən səbəblərdən torpaq sahəsinin satışının qanunamüvafiq qaydada həyata keçirilmədiyi aşkar edilmişdir. Bundan başqa Abşeron rayonu Qobu bələdiyyəsinin yerquruluşu planından çıxarışının qanunamüvafiq qaydada (ləğv edilmiş DT və XK-nın Abşeron rayon şöbəsinin möhürü ilə) təsdiq edilmədiyi müəyyən edilmişdir. Torpaq sahəsi ayrılan zaman qüvvədə olan "Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında" Əsasnamənin tələblərinə uyğun həyata keçirilmədiyindən, həmçinin Torpaq Məcəlləsinin tələblərinə müvafiq olaraq bağlanılmış əqdlərin etibarsız hesab edilməsi nəzərə alınmaqla İdarənin imtinasının qanuni hesab edilməsi və iddianın rədd edilməsi haqqında qərar qəbul edilməsini xahiş edilir.
Birinci instansiya məhkəməsində icraat:
4. Sumqayıt İnzibati Məhkəməsinin 13 sentyabr 2021-ci il tarixli 2-1(118)-1613/2021 saylı qərarı ilə iddianın rədd edilməsi qərara alınmışdır.
5. Qərardan narazı qalan İddiaçı apelyasiya şikayəti verərək Sumqayıt İnzibati Məhkəməsinin 13 sentyabr 2021-ci il tarixli 2-1(118)-1613/2021 saylı qərarının ləğv edilməklə iddia ərizəsi əsasında ədalətli, hüquqi qərar qəbul edilməsini xahiş etmişdir.
Apelyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
a) apelyasiya şikayətinin dəlilləri:
6. İddiaçı apelyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi qərar qəbul edərkən iddia ərizəsi tam və obyektiv araşdırılmamış, təqdim etdiyi sübutlara qiymət verilmədən cavabdeh tərəfin etirazında istinad edilənlərə əsaslanaraq iddiası təmin edilməmiş, halbuki “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 9.6-cı maddəsinə yeni redaksiyada edilən dəyişikliklər tətbiq edilməklə iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edə bilərdi.
b) apelyasiya şikayətinə qarşı etirazlar
7. Cavabdeh İdarə tərəfindən apelyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
c) məhkəmə icraatı iştirakçılarının izahatları
8. İddiaçı məhkəmə iclasında həyat yoldaşı Nümayəndə təmsil etsə də, sonuncunun məhkəmədə iş aparmaq səlahiyyəti lazımi qaydada etibarnamədə rəsmiləşdirilmədiyi müəyyən edilmiş, cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Abşeron Ərazi İdarəsi məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar olunmasına baxmayaraq İdarənin nümayəndəsi məhkəmə iclasına üzrlü səbəblər olmadan gəlməmişdir.
9. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq işə iddiaçı tərəfin və cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Tədbiq edilən hüquq
10. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 11.1-ci maddəsinə əsasən inzibati məhkəmə icraatı hamının qanun və məhkəmə qarşısında bərabərliyi prinsipi əsasında həyata keçirilir.
11. Həmin Məcəllənin 11.2-ci maddəsinə əsasən məhkəmə inzibati prosesin gedişində proses iştirakçılarından hər birinə öz mövqeyini ifadə etmək, prosessual hüquqlarını və vəzifələrini həyata keçirmək üçün tam və bərabər imkanlar yaratmağa borcludur.
12. Həmin Məcəllənin 12.1-ci maddəsinə əsasən məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur.
13. Həmin Məcəllənin 12.2-ci maddəsinə əsasən məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər.
14. Həmin Məcəllənin 13-cü maddəsinə əsasən məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur.
15. Həmin Məcəllənin 35.1-ci maddəsinə əsasən Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır.
16. Həmin Məcəllənin 48.1-ci maddəsinə əsasən sədrlik edən hakim bütün formal xətaların aradan qaldırılmasına, qeyri-müəyyən ifadələrin aydınlaşdırılmasına, işin mahiyyəti üzrə vəsatətlərin verilməsinə, natamam faktiki məlumatların tamamlanmasına, prosesin sonrakı mərhələlərində işin hallarının tam müəyyənləşdirilməsi və obyektiv qiymətləndirilməsi üçün əhəmiyyət kəsb edən bütün yazılı izahatların təqdim olunmasına yardım etməlidir.
17. Həmin Məcəllənin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır.
18. Həmin Məcəllənin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər.
19. Həmin Məcəllənin 87.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə icraatının davam etdirilməsinin zəruri olduğu aşağıdakı müstəsna hallarda apelyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər: - 87.7.1. inzibati məhkəmədə icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; - 87.7.2. inzibati məhkəmə tərəfindən mahiyyəti üzrə qərar qəbul edilmədikdə.
20. Həmin Məcəllənin 87.9-cu maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin şikayətlə bağlı hüquqi mövqeyi birinci instansiya məhkəmələri üçün məcburidir.
21. Həmin Məcəllənin 90.1-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsinin qərar və ya qərardadlarından, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, Ali Məhkəmənin İnzibati kollegiyasına (bundan sonra – Ali Məhkəməyə) şikayət verilə bilər.
22. Həmin Məcəllənin 94.1-ci maddəsinə əsasən kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apelyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir.
23. Həmin Məcəllənin 94.4-cü maddəsinə əsasən şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir.
24. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanun: Maddə 2. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı 2.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. 2.2. Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində (bundan sonra - dövlət reyestri) aparılır. (-). Maddə 3. Daşınmaz əmlaka hüquqların qeydiyyatı haqqında qanunvericilik 3.1. Daşınmaz əmlaka hüquqların qeydiyyatı haqqında qanunvericilik Azərbaycan Respublikasının Konstitusiyasından, Mülki Məcəlləsindən, bu qanundan və digər normativ hüquqi aktlardan ibarətdir. (-). Maddə 8. Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar; (-). Maddə 10. Hüquqların dövlət qeydiyyatı üçün sənədlərin təqdim edilməsi 10.1. Hüquqların dövlət qeydiyyatı bu qanunla müəyyən olunmuş qaydada hüquq əldə edənin, onun tərəfindən vəkil edilmiş şəxsin bilavasitə təqdim edilən və ya notarius, yaxud qanunla müəyyən edilmiş hallarda bu cür notarial hərəkəti etməyə hüququ çatan digər vəzifəli şəxslər vasitəsilə göndərilən ərizəsi əsasında aparılır. Ərizədə hüquq əldə edən fiziki şəxsin soyadı, adı, atasının adı, ünvanı, şəxsiyyətini təsdiq edən sənəd, hüquqi şəxsin isə tam adı, ünvanı, qeydiyyatı haqqında şəhadətnamə, icra hakimiyyəti orqanının tam adı və ünvanı, xahişin məzmunu və əlavə olunan sənədlər göstərilməlidir. Ərizənin forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. 10.2. Qeydiyyat orqanına verilən ərizəyə aşağıdakılar əlavə olunur: 10.2.1. hüquqların dövlət qeydiyyatı üçün bu qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri; 10.2.2. torpaq sahəsinin planı və ölçüsü; 10.2.3. torpaq sahəsində yerləşən bina, qurğu, tikililərin və digər daşınmaz əmlakının (onların tərkib hissələrinin) texniki pasportu, plan-cizgisi; 10.2.4. dövlət rüsumunun ödənilməsi barədə sənəd. Maddə 15. Hüquqların dövlət qeydiyyatından imtina 15.1. Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. (-).
25. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 139. Daşınar və daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı 139.1. Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. (-). 139.3. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. (-). Maddə 139-1. Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar 139-1.1. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 139-1.1.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar; (-).
26. Azərbaycan Respublikasının Torpaq Məcəlləsi: Maddə 8. Torpaq münasibətlərinin tənzimlənməsi sahəsində bələdiyyələrin səlahiyyətləri Torpaq münasibətlərinin tənzimlənməsi sahəsində bələdiyyələrin öz inzibati əraziləri daxilində səlahiyyətləri aşağıdakılardır: qanunvericiliklə müəyyən olunmuş qaydada bələdiyyə mülkiyyətində olan torpaqlara sahiblik, onlardan istifadə və həmin torpaqlar barədə sərəncam verilməsi; qanunvericiliklə müəyyən edilmiş qaydada bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin mülkiyyətə, istifadəyə və icarəyə verilməsi; (-); hüquqi və fiziki şəxslərin mülkiyyətinə və icarəsinə verilən (satılan) torpaq sahələrinin minimum həddinin müəyyən edilməsi; (-).
27. Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında Azərbaycan Respublikasının Qanunu: Maddə 4. Torpaq münasibətlərinin tənzimlənməsi sahəsində bələdiyyələrin səlahiyyətləri 4.0. Torpaq münasibətlərinin tənzimlənməsi sahəsində bələdiyyələrin öz inzibati əraziləri daxilində səlahiyyətləri aşağıdakılardır: 4.0.1. qanunvericiliklə müəyyən edilmiş qaydada bələdiyyə mülkiyyətində olan torpaqlara sahiblik, onlardan istifadə və onlar barədə sərəncam vermək; 4.0.2. müəyyən edilmiş qaydada bələdiyyə torpaqlarını ümumi istifadəyə, bələdiyyə mülkiyyətində olan müəssisə, idarə və təşkilatların istifadəsinə, fiziki və hüquqi şəxslərin icarəsinə və Azərbaycan Respublikasının vətəndaşlarının və hüquqi şəxslərinin mülkiyyətinə vermək; (-); 4.0.7. hüquqi və fiziki şəxslərin mülkiyyətinə və icarəsinə verilən torpaq sahələrinin minimum həddini müəyyən etmək; (-). Maddə 6. Torpaq sahələrinin mülkiyyətə, istifadəyə və icarəyə verilməsinin ümumi qaydaları 6.1. Bələdiyyə mülkiyyətində olan torpaqlar Azərbaycan Respublikasının torpaq qanunvericiliyinə, “Bələdiyyələrin əraziləri və torpaqları haqqında” Azərbaycan Respublikasının Qanununa və torpaq münasibətlərini tənzimləyən digər normativ hüquqi aktlara uyğun olaraq mülkiyyətə, istifadəyə və icarəyə verilir. 6.2. Bələdiyyə mülkiyyətində olan torpaqların hər hansı hüquqla hüquqi və fiziki şəxslərə verilməsi bələdiyyələrin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. Müqavilədə tərəflərin hüquqları və vəzifələri, torpaq sahəsinin hüquqi statusu, öhdəliklər, servitutlar və digər məhdudiyyətlər, müqaviləyə xitam verilməsinin əsasları və torpaqların istifadəsi və mühafizəsi üzrə başqa şərtlər nəzərdə tutulur. (-). 6.5. Torpaq sahəsinin mülkiyyətə, istifadəyə və icarəyə verilməsi bələdiyyələrin qərarı ilə sahənin xüsusiyyətinə və torpağın ayrılma məqsədinə, mövcud texniki normalara, habelə yerquruluşu və şəhərsalma sənədlərinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanlarının rəyi alındıqdan sonra torpaqayırma qaydasında həyata keçirilir. Torpaqayırma sənədlərinin hazırlanması və razılaşdırılması qaydaları Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən təsdiq edilən əsasnamə ilə tənzimlənir (12 dekabr 2008-ci ilə qədər qüvvədə olan redaksiyada).
28. Azərbaycan Respublikasının 15 mart 2002-ci il tarixli 274-İİQ saylı Qanunu ilə təsdiq edilmiş “Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında” Əsasnamə: (-). İİ. Bələdiyyə torpaqlarının ayrılması qaydası
5. Bələdiyyələr öz ərazilərində bələdiyyə torpaqlarından həyətyanı sahə və kənd təsərrüfatı məqsədləri üçün, sənaye, nəqliyyat, rabitə və digər obyektlərin, fərdi yaşayış və bağ evlərinin, fərdi və kooperativ qarajların tikintisi, sahibkarlıq fəaliyyətini həyata keçirmək məqsədi ilə zəruri tikililərin inşası, habelə inzibati və çoxmənzilli çoxmərtəbəli binaların tikintisi üçün qanunvericiliyə və bu Əsasnamənin 2-4-cü bəndlərinə uyğun olaraq hüquqi və fiziki şəxslərin icarəsinə və Azərbaycan Respublikasının vətəndaşlarının və hüquqi şəxslərinin mülkiyyətinə, həmçinin bələdiyyələrin öz ehtiyaclarını və fəaliyyətlərini təmin etmək üçün torpaq sahəsi ayırırlar. (-).
6. Bələdiyyələr bu Əsasnamənin 5-ci bəndində göstərilmiş məqsədlər üçün torpaq sahələrini ərazinin yerquruluşu-təsərrüfat planına, yaşayış məntəqəsinin baş planına, ərazinin planlaşdırılması və tikintisi layihələrinə uyğun olaraq ayırırlar.
7. Ərazinin planlaşdırılması və tikintisi layihələri olmadıqda, bu Əsasnamənin 5-ci bəndində göstərilmiş obyektlərin yerləşdirilməsi və ya tikintisi üçün, habelə fərdi yaşayış və bağ evlərinin, fərdi və kooperativ qarajların tikintisi zərurəti yarandığı hallarda yeni yaşayış məhəllələrinin salınması üçün bələdiyyələr torpaq sahələrinin seçilməsini və ayrılmasını dəqiqləşdirmək məqsədi ilə ərazinin yerquruluşu-təsərrüfat planı, yaşayış məntəqəsinin baş planı əsasında yaxın dövr üçün şəhərsalma və tikinti normalarına uyğun olaraq ərazinin planlaşdırılması və tikintisi layihələrinin hazırlanmasını və həyata keçirilməsini təşkil edirlər. Bələdiyyələr ərazinin planlaşdırılması və tikintisi layihələrini müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırırlar. Müvafiq icra hakimiyyəti orqanı memarlıqplanlaşdırma baxımından obyektlərin yerləşdirilməsinə təklif verə bilər. Torpaq sahəsinin bələdiyyə mülkiyyətində olan müəssisə, idarə və təşkilatların istifadəsinə və ya fərdi yaşayış evinin tikintisi üçün Azərbaycan Respublikası vətəndaşının mülkiyyətinə verilməsi barədə, habelə hüquqi və fiziki şəxslərin mülkiyyətinə (icarəsinə) verilməsi məqsədilə hərracın (müsabiqənin) keçirilməsi barədə bələdiyyənin qərarı sahənin xüsusiyyətinə və torpağın ayrılma məqsədinə, mövcud texniki normalara, habelə yerquruluşu və şəhərsalma sənədlərinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanlarının rəyi alındıqdan sonra qəbul edilir. (-). İV. Torpaqayırma sənədlərinin hazırlanması və rəsmiləşdirilməsi
18. Müvafiq icra hakimiyyəti orqanı 10 gün müddətində bələdiyyənin iştirakı ilə ayrılması nəzərdə tutulan torpaq sahəsinin yerini, habelə torpaq sahəsinin yerləşdiyi zonanı (torpaq sahəsinin normativ qiymətini müəyyən etmək üçün) dəqiqləşdirir.
19. Ayrılması nəzərdə tutulan torpaq sahəsinin məqsədli təyinatı yaşayış məntəqəsinin baş planına, ərazinin planlaşdırılması və tikintisi layihələrinə uyğun olduğu halda müvafiq icra hakimiyyəti orqanı yerquruluşu işlərini (planalma) aparır və həmin yerin planı və ölçüsünü sahənin ölçüsündən asılı olaraq tələb olunan miqyasda (1:500, 1:2000, 1:5000 və ya 1:10000 miqyasında) hazırlayır. (-).
21. Müvafiq icra hakimiyyəti orqanı ayrılması nəzərdə tutulan torpaq sahəsinin planı və ölçüsünü təsdiq edərək, torpaq sahəsinin normativ qiyməti barədə sənəd ilə birlikdə 10 gün müddətində bələdiyyəyə göndərir. (-).
29. Azərbaycan Respublikası Prezidentinin “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” 09.08.2001-ci il tarixli 548 nömrəli Fərmanı: (-).
2. Müəyyən edilsin ki: “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 18.6-cı maddəsində nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanı”nın səlahiyyətlərini Azərbaycan Respublikasının Nazirlər Kabineti həyata keçirir; həmin Qanunun 5.2-ci maddəsində “müvafiq icra hakimiyyəti orqanları” dedikdə yerli icra hakimiyyəti orqanları nəzərdə tutulur; həmin Qanunun 6.5-ci maddəsində nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanları”nın səlahiyyətlərini Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinin (əvvəllər Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin yerli qurumları) yerli qurumları (kənd təsərrüfatı və qeyri-kənd təsərrüfatı məqsədləri üçün verilən torpaq sahələrinə dair), Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi (tikinti məqsədləri üçün ayrılan torpaq sahələrinə (məlumatlandırma icraatı qaydasında yaşayış evlərinin tikintisi üçün ayrılan torpaq sahələri istisna olmaqla) dair) və rayon, şəhər icra hakimiyyəti orqanlarının memarlıq xidmətləri (qeyri-kənd təsərrüfatı məqsədləri üçün verilən torpaq sahələrinə dair) həyata keçirirlər.
30. “Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında” Əsasnamənin təsdiq edilməsi barədə Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 6 may 2002-ci il tarixli 696 saylı Fərmanı: (-).
2. Müəyyən edilsin ki, “Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında” Əsasnamənin 7-ci bəndinin ikinci və üçüncü cümlələrində və 24-cü bəndində nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanı”nın səlahiyyətlərini rayon, şəhər icra hakimiyyəti orqanlarının memarlıq xidmətləri həyata keçirirlər; həmin Əsasnamənin 17-ci, 18-ci, 19-cu, 21-ci, 22-ci bəndlərində və 23-cü maddəsinin birinci cümləsində nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanı”nın səlahiyyətlərini Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi (əvvəllər Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin yerli qurumları) həyata keçirir; həmin Əsasnamənin 7-ci bəndinin dördüncü cümləsində nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanları”nın səlahiyyətlərini Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi (əvvəllər Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin yerli qurumları) (kənd təsərrüfatı və qeyri-kənd təsərrüfatı məqsədləri üçün verilən torpaq sahələrinə dair), Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi (tikinti məqsədləri üçün ayrılan torpaq sahələrinə (məlumatlandırma icraatı qaydasında yaşayış evlərinin tikintisi üçün ayrılan torpaq sahələri istisna olmaqla) dair) və rayon, şəhər icra hakimiyyəti orqanlarının memarlıq xidmətləri (qeyri-kənd təsərrüfatı məqsədləri üçün verilən torpaq sahələrinə dair) həyata keçirirlər; (-).
31. İnzibati icraat haqqında Azərbaycan Respublikasının Qanunu: Maddə 17. Fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Maddə 19.1. İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Maddə 19.2. Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür.
Apelyasiya instansiya məhkəməsinin mövqeyi
32. Məhkəmə kollegiyası iş materiallarını nəzərdən keçirib, apelyasiya şikayətinin dəlillərini araşdırıb hesab edir ki, iddiaçının apelyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli, hazırki iş yenidən araşdırılması və sonrakı prosessual hərəkətlərin yerinə yetirilməsi üçün həmin məhkəməyə qaytarılmalıdır ona görə ki, birinci instansiya məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilməmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmamışdır.
33. Belə ki, iddiaçı anasının alqı-satqı müqaviləsi əsasında bələdiyyədən aldığı Abşeron rayonu, Qobu qəsəbəsində yerləşən 0.08 ha torpaq sahəsi üzərində mərhum xxxx vərəsəsi kimi mülkiyyət hüquqlarının qeydə alınaraq daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsini xahiş etmişdir.
34. Cavabdehin mövqeyinə görə Qobu Bələdiyyəsi tərəfindən X4 0.08 ha torpaq sahəsinin 12 iyul 2007-ci il tarixdə, 13 nömrəli qərarla ayrıldığı halda, ləğv edilmiş DT və XK-nın Abşeron rayon şöbəsinin rəyinin 27 avqust 2007-ci il tarixdə verilməsinin qeyd edilməsi, alqı-satqı aktının ərizəyə əlavə edilməməsi, Abşeron rayonu Qobu bələdiyyəsinin yerquruluşu planından çıxarışının qanunamüvafiq qaydada (ləğv edilmiş DT və XK-nın Abşeron rayon şöbəsinin möhürü ilə) təsdiq edilməməsi səbəbindən torpaq sahəsinə hüquq qeydə alına bilməz.
35. İşin mübahisə olunmayan hallarına əsasən X7 12 iyul 2007-ci il tarixli 13 saylı qərarı ilə X4 Qobu qəsəbəsində fərdi mənzil tikintisi məqsədi ilə 800 kv.metr torpaq sahəsi satılmış, Bələdiyyə sədrinin, İH-i Memarlıq və Tikinti şöbəsinin müdirinin, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Abşeron rayon şöbəsinin müdirinin imzaları ilə təsdiq edilmiş cizgi əsasında torpaq sahəsinin yerində ölçülüb ayrılması barədə akt tərtib edilmiş, Bələdiyyə sədrinin və İH-i Memarlıq və Tikinti şöbəsinin müdirinin imzaladığı Bələdiyyənin 1:1000 miqyaslı yerquruluşu planından çıxarış tərtib edilmiş, 14.08.2006-ci il tarixdə torpaq sahəsinə görə bələdiyyənin hesabına X6 tərəfindən 500(beş yüz) manat pul ödənilmişdir.
36. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, iddiaçıya torpaq sahəsi satılması barədə bələdiyyə qərarı qəbul edilən vaxt qüvvədə olan Azərbaycan Respublikasının 2002-ci mart tarixli, 274 nömrəli Qanunu ilə təsdiq edilmiş “Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında” Əsasnamənin tələblərinin pozulması ilə həyata keçirilmiş, cavabdeh inzibati orqan isə öz növbəsində imtinasında və iddiaya etirazında bu halları kifayət qədər əsaslandırdığından cavabdeh inzibati orqanın imtinası qanunsuz olmamışdır.
37. İddiaçının apelyasiya şikayətinin dəlillərinə görə 800 kv.metr torpaq sahəsi fərdi yaşayış evinin inşa edilməsi üçün bələdiyyə tərəfindən anasına satılmış, alqı-satqı qanuna uyğun sənədləşdirilmişdir.
38. Şikayətin dəlilləri ilə bağlı məhkəmə kollegiyası aşağıdakıları qeyd edir.
39. “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Qanunun 6.5-ci maddəsinin və “Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında” Əsasnamənin 7-ci bəndinin tələbinə görə torpaq sahəsinin mülkiyyətə verilməsi bələdiyyələrin qərarı ilə sahənin xüsusiyyətinə və torpağın ayrılma məqsədinə, mövcud texniki normalara, habelə yerquruluşu və şəhərsalma sənədlərinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanlarının rəyi alındıqdan sonra torpaqayırma qaydasında həyata keçirilir.
40. Torpaq sahəsi iddiaçının anasına fərdi yaşayış evinin inşa edilməsi üçün ayrıldığından qanunvericiliyin tələbinə görə həm Azərbaycan Respublikası Torpaq və Xəritəçəkmə Komitəsinin Abşeron rayon şöbəsinin, həm də Abşeron rayon İcra Hakimiyyətinin memarlıq xidmətinin rəyinin alınması şərt idi.
41. Qobu Bələdiyyə sədrinin, Abşeron rayon İH-i Memarlıq və Tikinti şöbəsinin müdirinin və Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Abşeron rayon şöbəsinin müdirinin imzaları ilə təsdiq edilmiş cizgi əsasında torpaq sahəsinin yerində ölçülüb ayrılması barədə 12.07.2007-ci il tarixli akt tərtib edilmiş olsa da, həmçinin Abşeron rayon Qobu Bələdiyyəsi 12.07.2007-ci il tarixli qərarında ləğv edilmiş DT və XK-nın Abşeron rayon şöbəsinin 27.08.2007-ci il tarixli rəyinə istinad etsə də, müvafiq torpaq şəbəsinin rəyi və alqı-satqı aktı yoxdur.
42. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçının mərhum anasına torpaq sahəsi satılarkən müvafiq sənədləşmələr aparılsa da, həmin rəsmiləşmələr tam şəkildə aparılmayaraq, o cümlədən torpağın ayrılmasına dair ləğv edilmiş DT və XK-nın Abşeron rayon şöbəsinin rəyi alınmayaraq alqı-satqı aktı bağlanmasa da, qanunvericiliyin tələblərinə əsasən bələdiyyənin torpaq sahəsinin ayrılmasına dair qərarının qəbulundan sonra iddiaçının anasına ayrılmış torpaq sahəsinin sərhədləri yerdə (naturada) yerquruluşu qaydasında müəyyən edilməklə, torpaq sahəsinin cizgisi tərtib edilmişdir. Digər tərəfdən qanunvericiliyin tələblərinə əsasən ayrılmış torpaq sahəsinin plan və ölçüsünün hazırlanması üçün sənədlər bələdiyyə tərəfindən müvafiq icra hakimiyyətinə göndərilməli, öz növbəsində, ayrılması nəzərdə tutulan torpaq sahəsinin məqsədli təyinatı yaşayış məntəqəsinin baş planına, ərazinin planlaşdırılması və tikinti layihələrinə uyğun olduğu halda müvafiq icra hakimiyyəti orqanı yerquruluşu işlərini (planlama) aparmalı, yerin plan və ölçüsünü hazırlamalı və həmin sənədi bələdiyyəyə göndərməlidir. Həmçinin nəzərə almaq lazımdır ki, plan və ölçünün hazırlanması ilə bağlı müvafiq icra hakimiyyəti tərəfindən görülməli işlər bələdiyyə torpağının ayrılması prosesinin tərkib hissəsi olan bir prosesdir və müstəsna olaraq bələdiyyənin özü tərəfindən məcburi qaydada həyata keçirilməlidir.
43. Fərdi yaşayış evinin tikintisi üçün iddiaçıya torpaq sahəsi ayrılarkən səlahiyyətli orqan kimi rayon torpaq şöbəsinin rəy verib-verməməsi işdən aydın deyil, lakin Qobu Bələdiyyə sədrinin və Abşeron rayon İH-i Memarlıq və Tikinti şöbəsinin müdirinin imzaladığı Qobu Bələdiyyəsinin 1:1000 miqyaslı yerquruluşu planından çıxarış imzalanaraq möhürlə təsdiq edilmişdir. Eyni zamanda, ayrılması nəzərdə tutulan torpaq sahəsinin məqsədli təyinatının yaşayış məntəqəsinin baş planına, ərazinin planlaşdırılması və tikinti layihələrinə uyğun olub-olmamasını müəyyən etmək, həmçinin torpağın satılması ilə əlaqədar alqı-satqı aktının tərtib edilməsi iddiaçının səlahiyyətinə aid olmadığından, belə sənədlərin mövcud olmaması və iddiaçıdan tələb edilməsi düzgün olmazdı.
44. Hazırda da fərdi yaşayış evinin inşa edilməsi üçün ayrılan torpaq sahəsi ilə bağlı yerli icra hakimiyyəti orqanının memarlıq xidmətinin rəy vermək səlahiyyəti olduğundan, birinci instansiya məhkəməsi tərəfindən mübahisəyə dair memarlıq xidmətinin münasibəti öyrənilməmiş, eyni zamanda torpaq sahəsinin statusunun və kateqoriyasının müəyyən edilməsi istiqamətində zəruri hərəkətlər edilməmiş, torpaq sahəsinin iddiaçının anasına satılması ilə bağlı torpağa görə ödənilmiş məbləğlə bağlı bələdiyyənin münasibəti dəqiqləşdirilməmiş, ən nahayət alqı-satqı aktının zəruriliyi məhkəmə tərəfindən müzakirə olunmamışdır. Yəni, məhkəmənin xidməti vəzifəsinə görə araşdırmağa borclu olmasına baxmayaraq, mübahisəli sahənin cavabdeh tərəfindən müayinə edilib-edilməməsi araşdırılmamış, eyni zamanda mübahisəli torpaq sahəsinin kateqoriyası və statusunun müəyyən edilməsi məqsədilə Azərbaycan Respublikasında dövlət torpaq kadastrının, yerquruluşu və xüsusi (sahəvi) təyinatlı geodeziya işlərinin aparılmasını təmin edən, dövlət, bələdiyyə və xüsusi mülkiyyətdə olan bütün kateqoriyalı torpaqların elektron uçotunun aparılması və xəritələşdirilməsi yolu ilə avtomatlaşdırılmış torpaq kadastr informasiya sistemini və məlumat bankını yaradan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidmətinə sorğu ilə müraciət edilməklə məsələyə aydınlıq gətirilməsi istiqamətində araşdırma aparılmamışdır.
45. Odur ki, qərarın ləğv edilməsi barədə apelyasiya şikayətinin dəlilləri əsaslı olduğundan təmin edilərək birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli, iş təkrar araşdırılması və sonrakı prosessual hərəkətlərin yerinə yetirilməsi üçün inzibati iş Sumqayıt İnzibati Məhkəməsinə qaytarılmalıdır.
46. Birinci instansiya məhkəməsinin qərarı yuxarıda qeyd edilən prosessual normaların tələblərinin pozulması ilə qəbul edildiyindən və iş həmin normaların tələblərinin təmin olunması üçün təkrar məhkəmə baxışına göndərilməli olduğundan şikayət iddia ərizəsi əsasında təmin edilməsi hissəsində əsaslı sayıla bilməz.
NƏTİCƏVİ HİSSƏ
47. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İPM-nin 80, 87, 89, 90 və 94-cü maddələrinə əsasən məhkəmə kollegiyası,
QƏRARA ALDİ:
İddiaçı apelyasiya şikayəti qismən təmin edilsin. Sumqayıt İnzibati Məhkəməsinin 13 sentyabr 2021-ci il tarixli, 2-1(118)-1613/2021 saylı qərarı ləğv edilsin, işə yenidən baxılması və sonrakı prosessual hərəkətlərin yerinə yetirilməsi üçün inzibati iş Sumqayıt İnzibati Məhkəməsinə qaytarılsın. Qərardaddan inzibati məhkəmə icraatının iştirakçıları rəsmi qaydada təqdim olunduğu gündən 10 (on) gün müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti 70) vasitəsilə kassasiya şikayəti verə bilər.