Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(105)-689/2022 02.12.2022 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sədrlik edən və məruzəçi-hakim Babayeva Hökümə Çingiz qızı Məmmədov Fuad Əli oğlu və Məmmədov Zahid Tahir oğlundan ibarət tərkibdə, Hüseynli Aydın Hüseyn oğlunun katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 2 saylı Sumqayıt Ərazi İdarəsinə qarşı “torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrinə qeydə alınması və bu barədə çıxarışın verilməsi” tələbinə dair inzibati mübahisə üzrə Sumqayıt İnzibati Məhkəməsinin 22 avqust 2022-ci il tarixli 2-1(118)-1968/2022 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ: "Bağ sahəsinin və tikintilərin uzun müddətli icarəyə verilməsi üçün" 21 noyabr 1989cu il tarixli, 6469 nömrəli müqaviləyə əsasən Sumqayıt şəhər Soveti İcraiyyə Komitəsinin “Bağlar Təsərrüfatı” İdarəsi tərəfindən Saray qəsəbəsində yerləşən 0,12 ha torpaq sahəsi olan B-4159 A saylı bağ sahəsi İddiaçı icarəyə verilmişdir. İddiaçının icarəsinə verilmiş sahəsi 1200 kv.m olan B-4159 A saylı bağ sahəsinə dair Sumqayıt Bələdiyyəsi “Bağ Təsərrüfatı” Şöbəsi tərəfindən 06 mart 2006-cı il tarixli, 2193 inventar nömrəli texniki pasport tərtib edilmişdir. Sumqayıt şəhəri İK-nin bağ sahələrinin verilməsi üzrə komissiyasının xx.xx.1988-ci il tarixli, 26 saylı protokolu ilə B-4159 A saylı bağ evi tikintisi üçün İddiaçı ayrılmış 1200 kv.m torpaq sahəsinə dair DTXK-nin Sumqayıt şəhər şöbəsi tərəfindən sonuncunun adına 19 fevral 2007-cı il tarixli, **********3000177 nömrəli “Torpaq sahəsinin Kadastr planı” tərtib edilmişdir. Rusiya Federasiya tərəfindən verilmiş xx.xx.2014-cü il tarixli, P Rus 73 № ******* pasporta əsasən iddiaçı Rusiya Federasiya vətəndaşıdır. İddiaçı cavabdehə ərizə ilə müraciət edərək, Sumqayıt şəhər, Saray bağlar massivi, B-4159A ünvanında yerləşən 0,12 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasını xahiş etmişdir. Cavabdehin 20 aprel 2022-ci il tarixli, **********73 saylı məktubu ilə iddiaçının müraciətinin təmin edilməsindən imtina edilmişdir. İmtina onunla əsaslandırılmışdır ki, iddiaçı Rusiya Federasiyası vətəndaşı olduğu üçün torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydiyyata alınması mümkün olmamışdır. İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 2 saylı Sumqayıt Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək, cavabdehin 20 aprel 2022-ci il tarixli, **********73 nömrəli, “Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilməsi barədə” bildirişinin (məktubun) ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Daha sonra iddiaçı bir neçə dəfə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, sonuncu dəfə Sumqayıt şəhər, Saray bağ massivində B- 4159A saylı bağ evi tikintisi üçün 1200 kv metr torpaq sahəsi üzərində xüsusi mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrinə qeydə alınması və bu barədə çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İŞ ÜZRƏ QƏBUL OLUNMUŞ MƏHKƏMƏ AKTLARİ a) Birinci instansiya məhkəməsindəki icraat İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı 13 yanvar 1995-ci il tarixinədək Azərbaycan Respublikasında yaşamış, 2014-cü ildən Rusiya Federasiyasına köçmüş və həmin vaxtdan Rusiya Federasiyasının vətəndaşıdır. Azərbaycan Respublikası vətəndaşı olarkən iddiaçı ilə Sumqayıt şəhər İcraiyyə Komitəsi arasında bağlanan "Bağlar" təsərrüfatı idarəsinin 21 noyabr 1989-cu il tarixli 6469 nömrəli "Bağ sahəsinin və tikintilərin uzun müddətli icarəyə verilməsi üçün" müqaviləyə əsasən, Corat qəsəbəsində 0,12 ha torpaq sahəsi olan B-4159 A bağ sahəsi iddiaçıya icarəyə verilmişdir. İddiaçı cavabdeh təşkilata müraciət edərək Sumqayıt şəhəri, Saray bağlar massivi, B-4159 A ünvanda yerləşən 0,12 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasını xahiş etmiş, lakin müraciətinin icrasından imtina edilmişdir. Hesab edir ki, cavabdehin imtinası qanunsuz və əsassızdır. Belə ki, AR Torpaq Məcəlləsinin 49-cu maddəsinin 4-cü bəndinin tələblərinə görə Sumqayıt şəhər İcraiyyə Komitəsinin 21 noyabr 1989-cu il tarixli müqaviləsi ilə iddiaçıya ayrılmış torpaq sahəsi axırıncı Azərbaycan Respublikası vətəndaşı olduğu vaxt dövlət tərəfindən bağışlanmışdır. Hesab edir ki, qanunvericiliyin tələblərinə əsasən iddiaçıya 1989-cu ildən ayrılan 0,12 ha torpaq sahəsi üzərində mülkiyyət hüququ yerquruluşu işlərinin tərtibi ilə torpaqayırma qaydasında hazırlanan sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla rəsmiləşdirilməlidir. O, 2014-cü ildən Rusiya Federasiyasının vətəndaşı olsa da, xx.xx.1989-cu il tarixdən nikahda olan arvadı X1, həmin birgə nikahdan doğulan xx.xx.1992-ci il təvəllüdlü X4 və xx.xx.1996-cı il təvəllüdlü X3 Azərbaycan Respublikasının vətəndaşlarıdırlar. Hesab edir ki, Sumqayıt şəhər Saray bağ massivindən B-4159A saylı bağ evi tikintisi üçün 1200 kv. metr bağ torpaq sahəsi 2001-ci il yanvarın 1-dək iddiaçıya ayrıldığından əvəzsiz olaraq onun mülkiyyətinə verilməli və bir il ərzində özgəninkiləşdirmədikdə dövlət tərəfindən satın alınmalıdır. Cavabdeh iddia tələbinə yazılı etiraz edərək etirazı imtina məktubu ilə eyni məzmunda əsaslandırmış və əlavə olaraq qeyd etmişdir ki, hazırkı iş üzrə idarənin hərəkəti və ya hərəkətsizliyi nəticəsində iddiaçının hüquqlarının və ya qanunla qorunan maraqlarının pozulduğu əsaslandırılmamışdır. Bu səbəbdən, iddiaçının cavabdehə qarşı iddiası təmin edilməməlidir. Sumqayıt İnzibati Məhkəməsinin 22 avqust 2022-ci il tarixli 2-1(118)-1968/2022 nömrəli qərarı ilə iddia təmin edilmiş, Sumqayıt şəhər Saray bağ massivində B-4159A saylı 1200 kv.m bağ torpaq sahəsi üzərində xüsusi mülkiyyət hüququnun iddiaçının adına daşınmaz əmlakın dövlət reyestrinə qeydiyyata alınması və bu barədə çıxarışın verilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmuşdur. (hakim V.Əzizova). Qərardan narazı qalan cavabdeh ondan apelyasiya şikayəti verərək, qərarın ləğv edilməsini, iddia tələbinin təmin edilməməsinə dair yeni qərar qəbul edilməsini xahiş etmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a) Apellyasiya şikayətinin dəlilləri Cavabdeh apellyasiya şikayətini iddia ərizəsinə etirazla eyni məzmunda əsaslandırmış və əlavə olaraq qeyd etmişdir ki, “Yerli icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələrinin ləğv edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 22 may 2007-ci il tarixli, 2186 nömrəli Sərəncamı ilə yerli icra hakimiyyəti orqanlarının, o cümlədən Bakı Şəhər İcra Hakimiyyətinin nəzdində olan bağ təsərrüfatı idarələri ləğv edilərək onların yalnız arxivlərinin Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Xidmətinə verilməsi qərara alınmışdır. İddiaçı ilkin olaraq qanunvericilikdə müəyyən edilmiş qaydada bağ sahəsinə dair sənədlərlə birlikdə hüquqların daşınmaz əmlakın dövlət reyestrinə qeydiyyata alınması üçün 2 saylı Sumqayıt Ərazi İdarəsinə müraciət etməli, bunula əlaqədar dövlət rüsumunu ödəməli, onun ərizəsinin icrasından əsassız imtina edildiyi halda aidiyyəti üzrə məhkəmədə iddia qaldırmalı idi. Hazırkı iş üzrə müəyyən olunmuş qaydaya riayət edilməmiş, sözügedən bağ sahəsi ilə bağlı sənədlərdə çatışmazlıqlar olmasına baxmayaraq formal bir müraciət əsasında məhkəmədə iddia qaldırmış, iddiaçı və işə baxan məhkəmə tərəflərindən verilmiş bildirişdə və etirazda göstərilənləri nəzərə almamış və iddianın təmin edilməsi haqqında qərar qəbul etmişdir. b) Apellyasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili iddia ərizəsi ilə eyni məzmunda izahat verərək birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı haqqında lazımi qaydada xəbərdar olunsa da nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş, gəlməməyin səbəbləri haqqında məlumat verməmişdir. İnzibati Prosessual Məcəllənin 62.3-cü maddəsinə əsasən məhkəmə kollegiyası işə cavabdehin iştirakı olmadan baxılmasını və qərar qəbul edilməsini mümkün hesab etdi. TƏTBİQ OLUNAN HÜQUQ: “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 2.1 Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Maddə 2.4. Hüquqların dövlət qeydiyyatı ilə bağlı mübahisələr məhkəmə qaydasında həll edilir. Maddə 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: (-) 8.0.7. 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış; (-). Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 139-1. Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar 139-1.1. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: (-) 139-1.1.7. 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər, kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış; (-). Torpaq Məcəlləsi: Maddə 48. Hüquqi və fiziki şəxslərin torpaq sahəsi üzərində hüquqlarının ümumi xarakteristikası (-)
3. Əcnəbilər və vətəndaşlığı olmayan şəxslər, xarici hüquqi şəxslər, beynəlxalq birliklər və təşkilatlar, habelə xarici dövlətlər Azərbaycan Respublikasında torpaq sahələrini yalnız icarə hüququ əsasında əldə edə bilərlər. Maddə 49. Torpaq üzərində xüsusi mülkiyyət hüququ (-)
4. Xarici hüquqi və fiziki şəxslərə torpaq sahələrinin vərəsəlik, bağışlama və ipoteka əqdləri nəticəsində keçən mülkiyyət hüququ bir il müddətinə Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun özgəninkiləşdirilir. Xarici hüquqi və fiziki şəxslər torpaq sahəsi üzərində olan mülkiyyət hüququnu qanunvericiliyə uyğun özgəninkiləşdirmədikdə, müvafiq icra hakimiyyəti orqanı və ya bələdiyyə torpaq sahəsini bu Məcəllədə nəzərdə tutulmuş qaydada məcburi satın alır.
Zamana görə qüvvədə olan Azərbaycan Respublikası Prezidentinin 1997-ci il 10 yanvar tarixli 534 №-li Fərmanı ilə təsdiq edilmiş “Vətəndaşların qanuni istifadəsindəki (fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların) torpaqların onların mülkiyyətinə verilməsi haqqında” Əsasnamə: Bənd 1. Vətəndaşların qanuni istifadəsində və ya icarəsində olan (fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların) torpaqlar əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. Bənd 2. Göstərilən torpaqları öz mülkiyyətinə keçirmək üçün vətəndaşlar ərizə ilə Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinə müraciət edirlər. Ərizəyə vətəndaşların fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların və dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqların onların qanuni istifadəsinə və ya icarəsinə verilməsini təsdiq edən sənədin surəti əlavə edilməlidir.
İnzibati Prosessual Məcəllə (İPM): Maddə 12. İşin hallarının araşdırılması prinsipi 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. (-). Maddə 34.1. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Maddə 58. Sübutların araşdırılması qaydası Maddə 58.1. Sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. 58.2. Məhkəmə sübutlara yerində baxış keçirə, şahidləri, ekspertləri və proses iştirakçılarını dindirə, zəruri sənədləri tələb edə bilər. (-). 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. (-). Maddə 87. Apellyasiya instansiyası məhkəməsində icraat 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Maddə 89. Apellyasiya instansiyası məhkəməsinin qərarının qanuni qüvvəyə minməsi Bu Məcəllənin 94.1-ci maddəsində nəzərdə tutulmuş müddətdə şikayətin verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda, məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadı isə 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Şikayətin geri götürülməsi haqqında bəyanat yazılı şəkildə məhkəməyə təqdim olunmalıdır. Maddə 94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir.
APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ: Məhkəmə kollegiyası tərəflərin dinlənilmə hüququnu təmin edib, iş materiallarını araşdırıb, apellyasiya şikayətinin dəlillərinə qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilməlidir. Belə ki, birinci instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuş, prosessual hüquq normalarının tələblərinə riayət edilmişdir. Birinci instansiya məhkəməsi iddianı təmin etmiş və qərarını onunla əsaslandırmışdır ki, Torpaq Məcəlləsinin 49-cu maddəsinə əsasən xarici hüquqi və fiziki şəxslərə torpaq sahələri üzərində mülkiyyət hüququ vərəsəlik, bağışlama və ipoteka əqdləri nəticəsində keçə bilər, lakin həmin şəxslər bir il müddətində Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq torpaq sahəsini özgəninkiləşdirməlidirlər. Həmin normada əvvəllər Azərbaycan Respublikasının vətəndaşı olmuş, lakin sonradan digər dövlətin vətəndaşlığını qəbul etmiş şəxsin torpaq sahəsi üzərində mülkiyyət hüququları (gözlənilən mülkiyyət hüququ) ilə bağlı norma öz əksini tapmamışdır. Bununla bağlı məhkəmə hesab edir ki, həmin imtina cavabı əsassız hesab edilməlidir. Belə ki, torpaq sahəsi iddiaçının qanuni istifadəsinə verilərkən, yəni 1989-cu ildə iddiaçı Azərbaycan Respublikası vətəndaşı olmuşdur, həmin torpaq sahəsi ona qanuni əsaslarla ayrılmış və hazıradək onun və ailə üzvlərinin faktiki istifadəsindədir. İddiaçının sonradan başqa ölkənin vətəndaşlığını qəbul etməsi onun mülkiyyət hüquqlarını məhdudlaşdırmamalıdır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq aşağıdakıları qeyd etməyi zəruri hesab edir: Hazırkı mübahisənin predmetini cavabdehin iddiaçının Sumqayıt şəhər, Saray bağlar massivi ünvanında yerləşən 0,12 ha torpaq sahəsi olan B-4159A nömrəli bağ sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınmasından imtinası təşkil edir. İddiaçının hüquqi marağı torpaq sahəsi üzərində mülkiyyət hüququnun dövlət tərəfindən tanınmasına nail olmaqdan ibarətdir. Cavabdehin imtina məktubu, iddia ərizəsinə etiraz və apellyasiya şikayətinin yeganə dəlili ondan ibarətdir ki, iddiaçı Rusiya Federasiyası vətəndaşı olduğu üçün torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydiyyata alınması mümkün olmamışdır. Məhkəmə kollegiyası cavabdehin dəlilini əsassız hesab edərək qeyd edir ki, qanunverici əcnəbinin adına torpaq sahəsinə xüsusi mülkiyyət hüquqlarının qeydiyyatını istisna etmir. Belə ki, Torpaq Məcəlləsinin 49-cu maddəsinə əsasən, xarici hüquqi və fiziki şəxslərə torpaq sahələri üzərində mülkiyyət hüququ vərəsəlik, bağışlama və ipoteka əqdləri nəticəsində keçə bilər, lakin həmin şəxslər bir il müddətinə Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq torpaq sahəsini özgəninkiləşdirməlidirlər. Torpaq Məcəlləsinin 49-cu maddəsində əvvəllər Azərbaycan Respublikasının vətəndaşı olmuş, lakin sonradan digər dövlətin vətəndaşlığını qəbul etmiş şəxsin torpaq sahəsi üzərində mülkiyyət hüquqları (gözlənilən mülkiyyət hüququ) ilə bağlı norma öz əksini tapmamışdır. Lakin, “Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsində vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqların qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilməsi təsbit edilmişdir. Başqa sözlə, torpaq islahatı zamanı iddiaçı Azərbaycan Respublikasının vətəndaşı olmaqla, sözügedən torpaq sahəsi əvəzsiz olaraq ona verilmiş, torpaq sahəsi əvəzsiz olaraq ona verildiyindən mülkiyyət hüquqlarının qeydə alınmasına iddiaçının qanuni gözləntisi yaranmış, lakin iddiaçı torpaq üzərində mülkiyyət hüquqlarını qeydə aldırmadan başqa dövlətin vətəndaşlığını qəbul etmişdir. Belə olan halda, məhkəmə tərəfindən qiymət verilməli olan məsələ, iddiaçının mülkiyyət hüquqlarının qeydə alınmasına qanuni gözləntisinin hazırkı halda ona sözügedən torpaq üzərində mülkiyyət hüququnu qeydə aldırmaq imkanını veribverməməsidir. Bu hala qiymət verilməsi isə mülkiyyət hüququnun anlayışının təhlilini tələb edir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ bəndinə əsasən, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Konstitusiyanın 29-cu maddəsinin İ və İİ bəndlərinə əsasən isə hər kəsin mülkiyyət hüququ vardır və mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsində təsbit olunan mülkiyyət hüququ üzrə oxşar hüquqi mövqelər ifadə etmişdir. Belə ki, məhkəmənin presedent hüququna əsasən, 1 saylı Protokolun 1-ci maddəsinin birinci və ən mühüm tələbi ondan ibarətdir ki, mülkiyyətdən maneəsiz istifadə hüququna dövlət hakimiyyəti orqanı tərəfindən edilən istənilən müdaxilə qanuni olmalıdır. Konvensiya tərəfindən tanınan hüququn və ya azadlığın həyata keçirilməsinə hər hansı müdaxilə legitim məqsəd daşımalıdır. 1 saylı Protokolun 1-ci maddəsinə xas olan “ədalətli balans” prinsipi özlüyündə cəmiyyətin ümumi marağının mövcudluğunu nəzərdə tutur. Mülkiyyətdən maneəsiz istifadə etmək hüququna müdaxilə zamanı cəmiyyətin ümumi maraqları ilə fərdin əsas hüquqlarının müdafiəsi tələbləri arasında “ədalətli balans” gözlənilməlidir. Konkret olaraq, dövlət istənilən tədbiri tətbiq edərkən, ... tətbiq edilən vasitələrlə qarşıya qoyulan məqsəd arasında ağlabatan mütənasiblik əlaqəsi olmalıdır. (Broniovski Polşaya qarşı iş üzrə Böyük Palatanın 2004-cü il 22 iyun tarixli Qərarı, §147-148, 150; Skordino İtaliyaya qarşı iş üzrə Böyük Palatanın 2006-cı il 29 mart tarixli Qərarı, § 93). İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedent hüququna əsasən məhkəmə tərəfindən dəfələrlə qeyd edilmişdir ki, “mülkiyyət” ifadəsi qanunvericinin verdiyi anlayışla məhdudlaşmır, avtonom anlayışa malikdir. “Əmlak” a “mövcud əmlak” və ya aktiv, o cümlədən ərizəçinin əmlak hüquqlarından istifadəni təmin etmək üçün ən azı “qanuni gözləntisi” olan iddialar ola bilər. (Prince Hans-Adam İİ of Liechtenstein v. Germany, and Gratzinger and Gratzingerova v. the Czech Republic ); “Mülkiyyət” anlayışı “mövcud mülkiyyətlə” məhdudlaşmır və tələblər də daxil olmaqla, ərizəçinin ən azından mülkiyyət hüququndan səmərəli şəkildə istifadənin əldə olunmasına ağlabatan və “qanuni gözləntisi” olan əmlakı da əhatə edə bilər. “Gözlənti” mübahisə obyekti olan mülki maraqla bağlı hüquqi müddəaya və ya hüquqi akta əsaslandığı halda “qanunidir” (Saghinadze və başqaları Gürcüstana qarşı). Hazırkı halda, iddiaçı ona məxsus torpaq sahəsi üzərində hüquqlarını qeydə aldırmadan vətəndaşlığını dəyişsə də, yuxarıda qeyd olunan hüquqi mövqe baxımından onun həmin torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının qeydə alınmasına dair legitim gözləntisi olmuşdur və bu gözlənti isə ona həmin torpaq sahəsi üzərində mülkiyyət hüquqlarını qeydiyyata aldırmağa hüquqi imkan verir. Belə ki, sözügedən torpaq sahəsi ona qanuni əsaslarla icarəyə verilmiş (bu hal tərəflər arasında mübahisələndirilmir), eyni zamanda torpaq islahatı zamanı iddiaçının həmin torpaq sahəsini özəlləşdirmək üçün qanuni imkanı olmuş, lakin iddiaçı həmin imkandan istifadə etmədən digər dövlətin vətəndaşlığını qəbul etmişdir. İddiaçının ona verilmiş hüquqlardan vaxtında istifadə etməməsi, artıq əldə edilmiş hüquqlarının itirilməsi ilə nəticələnə bilməz. Lakin iddiaçının hal-hazırda xarici ölkənin vətəndaşı olması nəzərə alındıqda, Topraq Məcəlləsinin 49-cu maddəsində nəzərdə tutulan 1 (bir) il ərzində özgəninkiləşdirmək öhdəliyi iddiaçıya da şamil olunmalıdır və bu məhdudiyyət legitim məqsəd daşıyır, o cümlədən “ədalətli balans” a xidmət edir. Odur ki, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilməli, Sumqayıt şəhər, Saray bağlar massivi ünvanında yerləşən 0,12 ha torpaq sahəsi olan B-4159A nömrəli bağ sahəsi üzərində xüsusi mülkiyyət hüquqlarının iddiaçı tərəfindən bir il müddətində məcburi qaydada özgəninkiləşdirilməsi şərti ilə, daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq çıxarışın verilməsi vəzifəsi cavabdehin üzərinə qoyulmalıdır.
NƏTİCƏVİ HİSSƏ
Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
QƏRARA ALDİ:
Apelyasiya şikayəti təmin edilməsin. Sumqayıt İnzibati Məhkəməsinin 22 avqust 2022-ci il tarixli 2-1(118)-1968/2022 nömrəli qərarı dəyişdirilsin. İddiaçı Sumqayıt şəhəri, Saray bağlar massivində yerləşən 0,12 ha torpaq sahəsi olan B-4159A nömrəli bağ sahəsi üzərində xüsusi mülkiyyət hüquqlarının iddiaçı tərəfindən bir il müddətində məcburi qaydada özgəninkiləşdirilməsi şərti ilə, daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq çıxarışın verilməsi vəzifəsi cavabdehin üzərinə qoyulsun. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apelyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Səməd Vurğun küçəsi 120) vasitəsilə kassasiya şikaayəti verilə bilər.