Məhkəmə qərarları › İş №2-1(105)-689/2024

Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(105)-689/2024

22.08.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(105)-689/2024 22.08.2024 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyiin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iş üzrə (Açar sözlər: güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının dayandırılması barədə qərarın ləğv edilməsi, əmək pensiyasının bərpa edilməsi, kimya istehsalatı) Sədrlik edən və məruzəçi hakim X2, hakimlər Babayeva Hökümə Çingiz qızı və Quliyev İsmayıl Rza oğlundan ibarət tərkibdə, Səfərli Fidan Nuru qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil, Cavabdehin nümayəndəsi Nümayəndə iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyiin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı cavabdeh tərəfindən qəbul edilmiş qərarların ləğv edilməsi və ona güzəştli şərtlərlə təyin edilmiş əmək pensiyasının xx.xx.2023-cü il tarixdən ödənilməsinin bərpa edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair inzibati iş üzrə Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(118)-1370/2024 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları "xxxx" Dövlət Şirkəti Sumqayıt Üzvi Sintez zavodu tərəfindən verilmiş arayışdan görünür ki, TATİ-texnoloji avadanlıqların təmiri və quraşdırılması sahəsinin təmirçi-çilingəri X5 həqiqətən 1995ci ilin oktyabr ayının 10-dan 1997-ci ilin iyul ayının 17-dək “Üzvi sintez” zavodunun texnloji istehsalat və sexlərində təmirçi-çilingər vəzifəsində işləmişdir. Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının xx.xx.2023-cü il tarixli 3-17-1/3-3-16637/2023 saylı qərarından görünür ki, İddiaçı əmək pensiyasının təyin edilməsi barədə qərar ləğv edilmişdir. Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının xx.xx.2023-cü il tarixli 3-17-1/3-3-16638/2023 saylı qərarından görünür ki, əmək pensiyasının dayandırılması qərara alınmışdır. Cavabdehin iddiaçıya ünvanladığı güzəştli şərtlərlə pensiya təyinatından imtina haqqında məktubunun surətindən görünür ki, Mərkəzi Filiala təqdim etdiyi sənədlərdə qeyd olunan məlumatlardan göründüyü kimi, sizin güzəştli iş stajınız 12 il 6 aydan az (7 il 5 ay 29 gün (xx.xx.2008-xx.xx.2008-ci il, xx.xx.2008- xx.xx.2011-ci il, xx.xx.2012-xx.xx.2012-ci il, xx.xx.2012xx.xx.2013-cü il, xx.xx.2013-xx.xx.2015- ci il, xx.xx.2016-xx.xx.2016-cı il, xx.xx.2016-xx.xx.2016-cı il tarixləri arasındakı dövrlər)) təşkil edir. 30 noyabr 1970-ci il tarixli əmək kitabçanızda və Socar “Neftqaztikinti” trestinin 11 avqust 2023-cü il tarixli 14-2-14/2-1400/2023 nömrəli sizə dair arayışında xx.xx.1997-xx.xx.2001-ci il tarixləri arasındakı dövr ərzində “Xəzərdənizneftinşaat” trestinin səyyar mexanikləşdirilmiş dəstəsində texnoloji boru kəmərlərinin quraşdırılması üzrə quraşdırıcı, xx.xx.2001-xx.xx.2005-ci il tarixləri arasındakı dövr ərzində “Xəzərdəniznefqaztikinti” trestinin 2 saylı ixtisaslaşdırılmış tikinti quraşdırma fililalında texnoloji boru kəmərlərinin quraşdırılması üzrə quraşdırıcı, xx.xx.2005-xx.xx.2008-ci il tarixləri arasındakı dövr ərzində isə həmin müəssisənin 4 saylı ixtisaslaşdırılmış tikinti quraşdırma fililalında dəmir beton məmulatlarının quraşdırılması üzrə quraşdırıcı peşələrində işlədiyiniz qeyd olunub, işlədiyiniz boru kəmərlərinin quraşdırılması üzrə quraşdırıcı və dəmir beton məmulatlarının quraşdırılması üzrə quraşdırıcı peşələri sözügedən arayışda istinad olunan Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nın Bina, qurğu və digər obyektlərin inşası, yenidən qurulması, texniki təchizatı, bərpası və təmiri bölməsində (29) nəzərdə tutulmamışdır. Əlavə olaraq 2008-cı ilin iyul ayı, 2011-ci ilin dekabr ayı, 2012-ci ilin yanvar, iyun ayları, 2013-cü ilin iyun ayı, 2015-ci ilin dekabr ayı, 2016-cı ilin may, iyun, iyul, avqust, sentyabr və oktyabr ayları üzrə işlədiyiniz müddətdə ödənilməli olan məcburi dövlət sosial sığorta haqları fərdi hesabınızın sığorta hissəsində (12 ay) sığorta ödənişləri öz əksini tapmamışdır. Qanunvericilikdə məcburi dövlət sosial sığorta haqları ödənilməyən dövrlər sığorta stajına aid edilmədiyi üçün (“X3” Azərbaycan Respublikası Qanununun 21,2-ci maddəsində qeyd edilənlər istisna olunmaqla) yuxarıda qeyd olunan məcburi dövlət sosial sığorta haqlarının ödənilmədiyi ayları sizin iş stajınıza daxil etmək mümkün deyil. Qeyd olunanları nəzərə alaraq sizə güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. Birinci instansiya məhkəməsində icraat İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək, cavabdehin üzərinə güzəştli şərtlərlə ona təyin edilmiş pensiyanın xx.xx.2023-cü il tarixdən ödənilməsinin bərpa edilməsi öhdəliyinin qoyulması barədə qərar çıxarılmasını məhkəmədən xahiş etmişdir. Daha sonra iddiaçının nümayəndəsi iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi filialı tərəfindən qəbul edilmiş 3-17-1/3-3-16637/2023 saylı, xx.xx.2023-cü il tarixli və 3-17- 1/3-3-16638/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarların ləğv edilməsi və iddiaçıya güzəştli şərtlərlə təyin edilmiş pensiyanın xx.xx.2023-cü il tarixdən ödənilməsinin bərpa edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Sumqayıt şəhərində yerləşən “Azneft” Kimyaquraşdırma Tresti”nin 1 saylı Tikinti Quraşdırma idarəsində, bundan sonra "1 nömrəli Tikinti Quraşdırma İdarəsi” MMC-də xx.xx.1968-ci ildən əvvəl stajor kimi, xx.xx.1970-ci il tarixdən isə 2-ci dərəcəli “quraşdırıcı çilingər” vəzifəsinə daxil olmaqla əmək fəaliyyətinə başlamışdır. 1972-1974-ci illərdə hərbi xidməti başa vurduqdan sonra xx.xx.1974-cü il tarixdən qeyd olunan idarədə 3-cü dərəcəli “quraşdırıcı çilingər” vəzifəsinə təyin edilmişdir. xx.xx.1986-cı il tarixdən həmin idarənin 77 saylı əmri ilə işdən azad edilmiş və digər idarələrdə əmək fəaliyyətini davam etdirmişdir. “X3” Azərbaycan Respublikası Qanununun 9.8-ci maddəsinə əsasən 1 yanvar 2006-ci il tarixinədək Qanunun 9.1-ci maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərlə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunverciliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə həmin qanuna uyğun olaraq təyin edilir. Azərbaycan Respublikasının xx.xx.2007-ci il tarixli 260-İİİQD nömrəli Qanunu ilə qüvvədən düşmüş ”Vətəndaşların Pensiya təminatı haqqında" Qanunun 13-cü maddəsinin “a” bəndinə uyğun olaraq 20 il stajı olan və bu stajın azı 10 ilini toplamış 52 yaşı tamam olmuş zərərli iş şəraitində çalışan kişilərin Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş 1 №-li Siyahı üzrə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd olunan qanunun tələbinə uyğun olaraq 2006-cı ildən 52 yaşı tamam olduğunu nəzərə alıb 10 ildən artıq xüsusilə zərərli işlərdə əmək fəaliyyətini təsdiq edən sənədləri toplamaqla DSMF-nin Sumqayıt şəhər şöbəsinə, hazırki Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tabeliyində olan Dövlət Sosial Müdafiə Fondunun Abşeron-Xızı regional Filialina təqdim etmişdir. xx.xx.2006-cı il tarixdən şəxsin güzəştli şərtlərlə pensiya almaq hüququ təmin edilmişdir. Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yanında Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən xx.xx.2023-cü il tarixdə iddiaçıya zərərli işlərdə işlədiyini təsdiq edən xx.xx.2005-ci il tarixli 6 saylı arayışa istinad olunaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş 1 nömrəli siyahısında işlədiyi quraşdırıcı çilingər vəzifəsinin siyahıda kimya istehsalatı sahəsinə aid olmadığının müəyyən edildiyi əsasına görə şəxsin xx.xx.2006-ci il tarixədək güzəştli iş stajı olmadığı bildirilmişdir. Bu barədə xx.xx.2023-cü il tarixli 3-17-1/2-N-1731/2023 saylı imtinaedici akt iddiaçıya təqdim edilmiş və təqdim etmə ilə bağlı xx.xx.2023-ci il tarixdə akt tərtib edilib şəxsə verilmişdir. Cavabdeh təqdim etdiyi xx.xx.2023-cü il tarixli 3-17-1/2-N-1731/2023 saylı imtinaedici aktını onunla əsaslandırıb ki, onun tutduğu vəzifənin adı Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş 1 №-li siyahısında göstərilən xüsusilə zərərli iş şərati olan iş yerlərinin adları sırasında yoxdur və mübahisənin həlli onların səlahiyyəti xaricindədir. Bu səbəbdən onun pensiyasının ödənilməsini xx.xx.2023-cü il tarixdən dayandırılmışdır. Cavabdehin iddia tələbinə dair ərizəsinin dəlilləri Cavabdeh iddia tələbinə qarşı ərizəsində qeyd etmişdir ki, iddiaçıya vaxtilə əmək pensiyası təyinatı aparılarkən əsas götürülmüş halların pensiya qanunvericiliyinin tələblərinə uyğunluğu araşdırılıb. Eyni zamanda bildiririk ki, “X3” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinin 1 iyul 2017-ci il tarixinədək qüvvədə olmuş redaksiyasına əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatın, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan kişilər 57 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda, bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışmışlarsa əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. "X3” Qanunun 9.8-ci maddəsinə əsasən 1 yanvar 2006-cı il tarixinədək Qanunun 9.1-ci maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə həmin Qanuna uyğun olaraq təyin edilir. Vaxtilə iddiaçıya pensiya təyin olunarkən təqdim etdiyi sənədlərdə xx.xx.1968- xx.xx.1986-cı il tarixləri arasındakı dövr ərzində “1-ci Sumqayıt Tikinti-Quraşdırma" MMCdə quraşdırıcı vəzifəsində işlədiyi qeyd edilib. Araşdırma zamanı, işlədiyi "xxxx" MMC-nin fəaliyyət sahəsinin sözügedən müəssisənin ona dair 26 aprel 2005-ci il tarixli 6 nömrəli arayışında istinad olunan Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq edilmiş “Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 №-li siyahısında nəzərdə tutulan kimya istehsalatı sahəsinə aid olmadığı müəyyən edilib. Bu səbəbdən də 1 yanvar 2006-cı il tarixinədək 1 №-1i siyahı üzrə iddiaçının güzəştli iş stajı yoxdur. Göstərilən uyğunsuzluğa baxmayaraq, ona xx.xx.2006-cı il tarixindən Dövlət Sosial Müdafiə Fondunun Sumqayıt şəhər şöbəsi tərəfindən qanunvericiliyə zidd olaraq güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin olunduğu aşkar edilmişdir. Həmçinin iddiaçının iştirakı ilə 09 avqust 2023-cü il tarixində qəbul keçirilərək qeyd olunan əsaslar barədə ona ətraflı məlumat verilməklə “İnzibati icraat haqqında" Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun qaydada mülahizələrinin dinlənilməsinə dair birgə akt tərtib olunub. Yekun olaraq Mərkəzi Filial tərəfindən iddiaçıya dair əmək pensiyasının ləğv olunmasına dair 11 08.2023-cü il tarixli 3- 17-1/3-3-16637/2023 nömrəli və xx.xx.2023-cü il tarixli 3-17-1/3-3-16638/2023 nömrəli əmək pensiyasının dayandırılması haqqında qərarlar qəbul edilmişdir. Məlumat üçün bildiririk ki, ona müvafiq qaydada yaşa görə əmək pensiyasının təyin edilməsi məsələsinə baxılması üçün pensiya işinə aid sənədlər Fondun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına göndərilmişdir. Birinci instansiya məhkəməsində icraat və qəbul edilmiş məhkəmə aktı Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(118)-1370/2024 nömrəli qərarı ilə iddia təmin edilmiş, cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi filialı tərəfindən qəbul edilmiş 3-17-1/3-3-16637/2023 saylı, xx.xx.2023-cü il tarixli və 3-17-1/3-3- 16638/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarların ləğv edilməsi, İddiaçı güzəştli şərtlərlə yaşa görə təyin edilmiş əmək pensiyanın xx.xx.2023-cü il tarixdən ödənilməsinin bərpa edilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəz Filialının üzərinə qoyulması qərara alınmışdır (hakim Vəfa Əzizova). Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, faktiki xarakterli hərəkətlərin qanuniliyinin yoxlanılması inzibati aktların qəbulu, dəyişdirilməsi, ləğvi, icrasının qanuniliyinin yoxlanılması ilə bağlı olduğu kimi “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunun müəyyən etdiyi şərtlər çərçivəsində həyata keçirilməlidir. Qərar əlverişli inzibati aktların və ya inzibati orqanın əlverişli xarakter daşıyan hərəkətlərinin iddiaçıya ehtimal olunan artıq pul ödənişinin həyata keçirilməsi ilə nəticələnən hüquqi nəticəsinin aradan qaldırılmasına yönəldiyindən, əlverişli inzibati aktın isə hazırkı işin faktiki halları nəzərə alınmaqla hüquqi nəticələrinin aradan qaldırılmasına yol verilmir. Beləliklə, əmək pensiyasının növünün dəyişdirilməsi və ya hesablanması barədə qərar qanunsuz hesab edilsə belə, məsuliyyəti həmin inzibati orqanın səhvə yol vermiş əməkdaşları daşıya bilər, həmin səhvlərin iddiaçının hesabına düzəldilməsi yol verilməzdir.Cavabdeh inzibati orqan iddiaçıya əmək pensiyasının təyin edilməsini düzgün olmadığını müəyyən etsə belə, qanunvericilikdə təsbit edilmiş qaydada inzibati icraatı aparmadan, yəni iddiaçının iştirakı olmadan, məlumat verilmədən ona təyin olunmuş əmək pensiyasının ləğv edilməsi barədə qərar qəbul etməkdə haqlı olmamışdır. Cavabdeh qərardan apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsi və iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri Cavabdehin apellyasiya şikayətinin dəlilləri iddia ərizəsinə etiraza uyğun əsaslandırılmışdır. Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri İddiaçı apellyasiya şikayətinə qarşı etirazda apellyasiya şikayətinin təmin edilməməsi və Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(118)-1370/2024 nömrəli qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında iştirak etmiş cavabdehin nümayəndəsi Nümayəndə apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, apellyasiya şikayətini müdafiə edərək, öz izahatında apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak etmiş iddiaçının nümayəndəsi Vəkil apellyasiya şikayətinə etiraz edərək, öz izahatında apellyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası: Maddə 38.1 Hər kəsin sosial təminat hüququ vardır. Maddə 38.3 Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. Maddə 60. Hüquq və azadlıqların inzibati və məhkəmə təminatı İ. Hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. İİ. Hər kəsin hüququ var ki, onun işinə qərəzsiz yanaşılsın və həmin işə inzibati icraat və məhkəmə prosesində ağlabatan müddətdə baxılsın. İİİ. Hər kəsin inzibati icraat və məhkəmə prosesində dinlənilmək hüququ vardır. İV. Hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. “X3” Azərbaycan Respublikası Qanunun: Maddə 9.1. Axırıncı iş yerindən asılı olmayaraq, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrinin, yeraltı, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin və azı 10 il çalışmış qadınların bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır. Maddə 9.8 Bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9.1-ci maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə bu Qanuna uyğun olaraq təyin edilir. “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanunun: Maddə 13 Axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna aşağıdakılar malikdir: a) yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışan işçilər, dənizdə çalışan neftçilər—istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunan 1 nömrəli siyahısı üzrə: kişilər—50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa; ... “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununa dəyişiklik edilməsi haqqında 13 iyun 1997-ci il tarixli, 321-İQD №li Qanununa əsasən 13-cü maddədə nəzərdə tutulmuş yaş həddi 1997-ci il avqustun 1-dən başlayaraq, 2000-ci ilin avqustun 1-dək hər il 6 ay artırılması nəzərdə tutulmuşdur. “X3” Azərbaycan Respublikası Qanunun 9.1-ci maddəsində nəzərdə tutulmuş axırıncı iş yerindən asılı olmayaraq, yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işçilərdə çalışmış şəxslərin əmək pensiyası hüququ Azərbaycan Respublikası Nazirlər kabinetinin 2007-ci il 23 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı” üzrə, həmjin “Siyahı” təsdiq olunanadək isə Qanunun 9.8-ci maddəsinə uyğun olaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş “Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzfələrin və göstəricilərin 1 nömrəli Siyahısı” və “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin,vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı” (Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 12 yanvar 2007-ci il traixli 12 nömrəli Qərarı ilə bu siyahılar qüvvədən düşmüşdür) əsasında müəyyən edilir. “İnzibati icraatı haqqında” Azərbaycan Respublikası Qanun: Maddə 11.1. İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. Maddə 11.2. İnzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər. Maddə 13.1. İnzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. Maddə 16.1. Fiziki və ya hüquqi şəxsə münasibətdə hər hansı hüquq normasını tətbiq etməli olan inzibati orqan, maraqlı şəxsin vəsatətinə əsasən və ya xidməti vəzifəsindən irəli gələn hallarda öz təşəbbüsü ilə həmin normanı tətbiq etməyə borcludur. Maddə 19.1. İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Maddə 21.1. Qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, inzibati orqan inzibati icraat barədə maraqlı şəxsə və ya onun nümayəndəsinə məlumat verməli və işdə onun iştirakını təmin etməlidir. Maddə 21.2. Qanunda başqa hallar nəzərdə tutulmamışdırsa, inzibati aktı qəbul etməzdən əvvəl inzibati orqan onun məzmunu, xüsusilə işin müəyyən edilmiş faktiki halları və həmin işlə bağlı nəzərdə tutulan tədbirlər haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə məlumat verməyə və bu barədə onların mülahizələrini dinləməyə bocludur. Maddə 21.3. İnzibati orqan aşağıdakı hallarda maraqlı şəxsləri və ya onların nümayəndələrini dinləməkdən imtina edə bilər: 21.3.1. maraqlı şəxslərin tələblərinin tam təmin olunduğu inzibati aktın qəbul edilməsi nəzərdə tutulduqda; 21.3.2. ictimai və ya dövlət maraqlarına ziyan vura biləcək təhlükənin qarşısının alınması və ya aradan qaldırılması ilə əlaqədar inzibati aktın dərhal qəbul olunması zərurəti yarandıqda; 21.3.3. dinləmənin keçirilməsi inzibati aktın qəbul edilməsi ilə bağlı müddətin buraxılmasına səbəb ola biləcəyi halda; 21.3.4. ümumi xarakterli sərəncamın və ya çoxlu sayda identik məzmunlu inzibati aktların və ya avtomatik qurğular vasitəsilə inzibati aktların qəbul edilməsi nəzərdə tutulduqda; 21.3.5. barəsində müstəqil şəkildə şikayət verilə bilməyən aralıq inzibati aktın qəbul edilməsi nəzərdə tutulduqda; 21.3.6. inzibati aktların məcburi qaydada icrası ilə bağlı tədbirlərin tətbiqi nəzərdə tutulduqda. Maddə 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. Maddə 24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. Maddə 24.3. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. Maddə 24.4. Təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. Maddə 24.5. İnzibati orqan inzibati icraatda iştirak edən şəxslər tərəfindən təqdim olunmuş və baxılması onun səlahiyyət dairəsinə aid olan ərizə, şikayət və ya vəsatətləri işə aid olmaması və ya əsassız olması səbəbindən qəbul etməkdən imtina edə bilməz. Maddə 25.1. Qanunla nəzərdə tutulmuş hallar istisna olmaqla, maraqlı şəxslər həm icraat zamanı, həm də icraatdan sonra inzibati icraat materialları ilə tanış olmaq və ya icraatla bağlı məlumat almaq hüququna malikdirlər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi: Maddə 34.1. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2024-cü il tarixli qərardadı ilə apellyasiya şikayəti mümkün sayılmışdır. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. Apellyasiya instansiyasi məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası işdə iştirak edən şəxslərin izahatını dinləyib, iş materiallarını araşdırıb, apellyasiya şikayətinin dəlillərinə qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Hazırki iş üzrə iddia tələbi əmək pensiyasının dayandırılması barədə qərarın ləğv edilməsi və əmək pensiyasının bərpa edilməsindən ibarət olmuşdur. İşin müəyyən edilmiş hallarından görünür ki, iddiaçıya xx.xx.2006-ci il tarixdə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmiş, xx.xx.2023-cü il tarixdən əmək pesniyası dayandırılmışdır. İşin mübahisəli halları ondan ibarətdir ki, cavabdeh inzibati orqan iddiaçının "xxxx" MMC-də işlədiyi xx.xx.1968-xx.xx.1986-cı il tarixlər arasındakı dövrləri mübahisələndirərək, həmin müəssisənin faliyyət sahəsinin müvafiq Qərarla təsdiq edilmiş güzəştli şərtlərlə pensiya hüququ verən 1 №li Siyahısında nəzərdə tutulmuş kimya istehsalatı sahəsinə aid olmadığının müəyyən edildiyini, bu səbəbdən də xx.xx.2006-cı il tarixədək güzəştli iş stajının olmadığını əsas götürərək, 01.008.2023-cü il tarixli əmək pensiyasının dayandırılması barədə qərar qəbul etmişdir. Birinci instansiya məhkəməsinin qərarı ilə iddia tələbi təmin edilmişdir. Məhkəmə kollegiyası hazırki iş üzrə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq, aşağıdakıları qeyd etməyi zəruri hesab edir. İş materiallarında olan "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən verilmiş arayışın məzmunundan görünür ki, iddiaçı 1-ci Sumqayıt tikinti-Quraşdırma Açıq Səmdar Cəmiyyətində (keçmiş “Azneftkimyaquraşdırma” trestinin 1-ci Sumqayıt Quraşdırma İdarəsində) xx.xx.1968-ci ildən xx.xx.1986-cı ilə kimi quraşdırıcı vəzifəsində çalışmışdır. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.1993-cü il 320 №li qərarına əsasən 1080A010 istehsalatda 1-ci siyahıya 8 dərəcəyə aid edilir, işlədiyi müəssisələrin (Sintezkauçuk, Kimya, Superfosfat zavodları) adları və istehsal olunan məhslun adları (P-7 butədien, korpus 120-sulfanol, sulfat turşusu və s.) qeyd edilmişdir. İş materiallarında olan “Sumqayıt Təmir-Tikinti Servis” X7 Cəmiyyəti tərəfindən verilmiş arayışın məzmunundan görünür ki, iddiaçı “Azərəlvanmetaltəmirtikinti” tresti Sumqyaıt İxtisaslaşdırılmış Təmir-Tikinti İdarəsində xx.xx.1986-cı il tarixdən xx.xx.1992-ci ilə qədər “Üzvi- Sintez” İb-nin texnoloji avadanlıqlarının təmirində zərəli əmək şəraitində, 6 saatlıq iş günündə, zərəli əmək şəraitinə görə əlavə məzuniyyət verilməklə, xüsusi qida və xüsusi geyim vasitələri ilə təmin edilməklə quraşdırıcı-çilingər peşəsində işləmişdir. İş materiallarında olan "xxxx" X7 Cəmiyyəti tərəfindən verilmiş məktubun məzmunundan görünür ki, Azərəlvan metaltəmirtikinti tresti Sumqayıt ixtisaslaşdırılmış Təmir-Tikinti İdarəsi (xx.xx.1998-ci il tarixli 987 saylı Dövlət Əmlak Komitəsinin sərəncamı ilə “Azərəlvanmetal təmirtikinti” tresti Sumqayıt-Tikinti Servis ATSC-nə çevrilmişdir) Sumqayıt şəhərində yerləşən kimya sənayesi zavodlarının ərazisində kimya sənayesi zavodlarının sifarişi ilə podratçı təşkilat kimi təmir-tikinti və quraşdırma işlərini aparmışdır,kimya zavodlarının fəaliyyət istiqamətləri ilə əlaqədar olaraq müəssisə (əməkdaşlar) heç bir texnoloji prosesdə iştirak etməyib. İş materiallarında olan "xxxx" İstehsalat Birliyi ”Etilen-Polletilen zavodu tərəfindən verilmiş məktubun məzmunundan görünür ki, Birliyin strukturuna daxil olan və artıq fəaliyyətini dayandırmış adları qeyd edilmiş kimya müəssisələrinin arxiv sənədləri təhvil verilmişdir, həmin müəssisələrin sifarişi əsasında vaxtilə podratçı təşkilat kimi zavodların ərazisində təmir-tikinti quraşdırma işləri aparmış digər bütün kənar təşkilatların işçilərinin arxiv sənədlərinin öz arxiv fondlarında saxlanıldığı qeyd edilmişdir. İş materiallarında olan “Neftqaztikinti” tresti tərəfindən verilmiş arxiv arayışının məzmunundan görünür ki, iddiaçı xx.xx.1997-ci tarixdən “Xəzərdənizneftinşaat” trestinin X1 6-cı dərəcəli texnoloji boru kəmərlərinin quraşdırılması üzrə quraşdırıcı peşəsinə işə qəbul olunmuş,xx.xx.2001-ci il tarixdə həmin işdən azad olunuş, xx.xx.2001-ci il tarixli əmrə əsasən 2 saylı İxtisaslaşdırılmış Tikinti Quraşdırma Filialına 6-cı dərəcəli texnoloji boru kəmərlərinin quraşdırılması üzrə quraşdırıcı peşəsinə işə qəbul olunmuş, xx.xx.2005-ci il tarixdə işdən azad edilmiş, xx.xx.2005-ci il tarixli əmrə əsasən dəmir betinların quraşdırılması üzrə quraşdırıcı peşəsinə işə qəbul edilmiş, xx.xx.2008-ci il tarixdə işdən azad edilmiş, xx.xx.2008-ci il tarixli əmrə əsasən 8 syalı Tikinti Quraşdırma İdarəsinə 6-cı dərəcəli polad və dəmir beton konstruksiyaların quraşdırılması üzrə quraşdırıcı peşəsinə işə qəbul edilmiş, xx.xx.2014-ci il tarixdə işdən azad edilmiş….. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar 12 saylı qərarı ilə təsdiq edilmiş Siyahının 29-cu bölməsinin “a” bəndinə əsasən polad və dəmir-beton konstruksiyalarının quraşdırılması üzrə quraşdırıcı peşəsi güzəştli şərtlərlə pensiya hüququ verir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş “Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzfələrin və göstəricilərin 1 nömrəli Siyahısı”na əsasən 10800000 Vİİİ Kimya istehsalatı, 1080A00—17541 A. Tam iş günü aşağıda sadalanan istehsalatlarda və işlərdə məşğul olan kimya müəssisələrinin və neft kimya sənayesi sahələrinin fəhlələri, rəhbərləri və mütəxəssisləri: 1080A010 işıq tərkiblilər; qurğuşun, civə, xrom, onların oksidləri, birləşmələrinin maddələri; selen, tellur, selenli, misli, sinkli birləşmələr; kükürd-karbon; silikaqel; sintetik kauçuklar, sintetik vitaminlər; sintetik rəngləyici, piqmentlər, onların xırdalanması, qurudulması, sintetik qatranlar, laklar; barium, titan birləşmələri; spirtlər, onların törəmələri; stirol, onun törəmələri; polimerləri, polimer kimiləri; kömür-sulfid; ssintilyasiya materialları; termohəssas rənglər qeyd edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar 12 syalı qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın 29-cü bölməsinin “Bina, qurğu və digər obyektlərin inşası, yenidən qurulması, texniki təchizatı, bərpası və təmiri”, a) fəhlələr: polad və dəmir-beton konstruksiyalarının quraşdırılması üzrə quraşdırıcılar peşəsi qeyd edilmişdir. Göründüyü kimi, iddiaçının işlədiyi sahənin məhz kimya istehsalatı sahəsinə aid olması halı iş materiallarında olan işəgötürən tərəfindən təqdim edilmiş arayışlar və digər sənədlər əsasında öz təsdiqini tapmışdır. Həmçinin, işin müəyyən edilmiş hallarından görünür ki, cavabdehin mübahisələndirdiyi dövrlər üzrə iddiaçının işlədiyi müəssisə podratçı təşkilat kimi “Sintezkauçuk”, Kimya, Üzvi-Sintez zavodlarının fəaliyyətində iştirak etmiş, iddiaçı məhz podratçı təşkilatın əməkdaşı kimi həmin zavodlarda fəaliyyət göstərmiş, qeyd edilən müəsssilərin fəaliyyətinin kimya istehsalatı olması halı isə aşkardır. Nəticə etibarilə iddiaçının işlədiyi zavodlar və onların fəaliyyət istiqamətləri (istehsal etdiyi məhsullar) məhz kimya istehsalatı ilə bağlı olmuşdur. Cavabdeh tərəf isə iddiaçının işlədiyi "xxxx" MMC-nin fəaliyyət sahəsinin kimya istehsalatı sahəsinə aid olmaması halını qeyd etsə də, həmin hala dair heç bir dəlilə istinad etməmişdir. Yalnız müəssisəsinənin adı və fəaliyyəti ilə bağlı hallara istinad etmiş, lakin həmin müəssisənin podratçı təşkilat kimi məhz müvafiq kimya istehsalatı sahəsinə aid olan müəssəsilərdə fəaliyyət göstərməsi, habelə iddiaçının həmin kimya müəssisələrində işləməsi və gördüyü işin xarakteri, işlədiyi əmək şəraitinin şərtlərinə diqqət yetirməmiş, bu halları nəzərə almamışdır. Bu baxımından məhkəmə kollegiyası hesab edir ki, cavabdeh inzibati orqanın qeyd edilən hallara istinad edərək, iddiaçıya münasibətdə təyin edilmiş əmək pensiyasının dayandırılması ilə bağlı hərəkətləri və qəbul etdiyi qərarları qanunvericiliyin tələbinə uyğun olmamışdır. Həmçinin, məhkəmə kollegiyası cavabdehin istinad etdiyi müvafiq aktla bağlı qeyd edir ki, qarşılıqlı yoxlamanın nəticəsinə dair aktın məzmununda iddiaçı barəsində işlədiyi dövrlərdən yalnız xx.xx.1995-xx.xx.1997-ci illərə aid texnoloji avadanlıqların təmiri və quraşdırılması barədə məlumata rast gəlindiyi qeyd edilmişdir. Bununla bağlı məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının cavabdehin mübahisələndirdiyi dövrlərdə işlədiyi işin xarakteri, əmək şəraitinin şərtləri və müvafiq siyahı üzrə hansı koda uyğun olması barədə işəgötürən tərəfindən ətraflı arayış təqdim edilmişdir. Bundan əlavə, indiki halda mübahisləndirilən hala dair arxiv məlumatların tam şəkildə mövcud olmaması halı iddiaçının təqsiri ilə əhatə olunmamaqla, həmin məlumatların tam və lazımı qaydada saxlanılmasının təmin edilməsi məhz müvafiq səlahiyyətli qurumun və ya müəssisənin öhdəlik daşıdığı hal kimi çıxış etmişdir. Bu baxımından məhkəmə kollegiyası hesab edir ki, cavabdeh inzibati orqanın imtina və etirazının əsası kimi qarşılıqlı yoxlamaya dair akta istinad etməsi halı iş materialları əsasında təkzib olunmaqla, əsassız olmuşdur. Qeyd edilən hallara əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən işin hallarına düzgün hüquqi qiymət vermiş, iş üzrə gəldiyi nəticə qanuni və əsaslı olmuş, cavabdehin apellyasiya şikayətinin dəlilləri əsassız olmuşdur. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(118)-1370/2024 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti, 70) vasitəsilə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar