Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(105)-69/2021 02.07.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Giriş hissə: Hakimlər: Babayeva Hökümə Çingiz qızı (sədrlik edən və məruzəçi hakim), Məmmədov Zaur İkram oğlu və Məmmədov Fuad Əli oğlundan ibarət tərkibdə, İsmayılova Sehran Sabir qızının katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X1 iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X8 Şəxs 1 saylı regional ərazi filialına qarşı “əmək kitabçasında qeyd edilən 1976-2002-ci illərdə işlədiyi müddətlərin sosial sığorta stajına hesablamaqla ona yaşa görə əmək pensiyasının təyin edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair Sumqayıt İnzibati Məhkəməsinin 12 avqust 2020-ci il tarixli 2-1(118)-806/2020 saylı qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı (bundan sonra iddiaçı) Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Qubadlı rayon Şöbəsinə (bundan sonra cavabdeh) müraciət edərək, yaşa görə əmək pensiyasının təyin edilməsini xahiş etmişdir. Cavabdeh iddiaçıya 14 fevral 2020-ci il tarixli, **********6 saylı məktubla imtina cavabı verərək bildirilmişdir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanılması Qaydalarının 3.1.1-ci maddəsinə əsasən Qanunun qüvvəyə mindiyi günədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitançasına əsasən müəyyən edilir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanılması Qaydalarının 4.2.7 maddəsinə əsasən sənədlərin yerində qarşılıqlı yoxlanılması zərurəti yarandığından 1976-cı ildən 30.12.2002-ci il tarixədək sığorta stajı öz təsdiqini tapmadığı üçün məhkəməyə müraciət etmək tövsiyyə olunmuşdur. Verilən imtina ilə razılaşmayan iddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, əmək kitabçasında qeyd edilən 1976-2002-ci illərdə işlədiyi müddətlərin sosial sığorta stajına hesablamaqla ona yaşa görə əmək pensiyasının təyin edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulmasına dair qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, xx.xx.1955-ci ildə Qubadlı rayonunda anadan olmuş12.05.1976-ci ildən əmək fəaliyyətinə başlayaraq Azbaşenerji idarəsi Qubadlı elektrik şəbəkəsinə elektrik montyoru işinə qəbul edilmiş və 30.12.2002-ci ildə bu işdən azad edilmişdir. Ümumilikdə hərbi xidməti də daxil olmaqla 28 il ümumi əmək stajı vardır. Sumqayıt İnzibati Məhkəməsinin 12 avqust 2020-ci il tarixli 2-1(118)-806/2020 saylı qərarı ilə iddia təmin edilmişdir. (hakim C.Məmmədov) Həmin qərardan narazı qalan cavabdeh apellyasiya şikayəti verərək qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. İşə baxılarkən məhkəmə kollegiyasının 05 oktyabr 2020-ci il tarixli qərardadı ilə cavabdeh prosessual hüquqi varisi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X8 Şəxs 1 saylı regional ərazi filialı ilə əvəz edilmişdir. Apellyasiya şikayətinin dəlilləri: Əmək Məcəlləsinin 87-ci maddəsində qeyd olunmuşdur ki, işçinin əmək fəaliyyəti haqqında sənəd əmək kitabçası hesab edilir. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının 21 noyabr 2011-ci il tarixli 17 №-li qərarı ilə təsdiq edilmiş “Əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanılması qaydaları”nın 4.2.7-ci bəndinə əsasən zəruri hesab olunan hallarda sənədlərin verində qarşılıqlı yoxlanması həyata keçirilir. Həmçinin “İnzibati icraat haqqında” Azərbaycan Respublikasinin Qanunun 19.2-ci maddəsinə əsasən təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil səkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. Qanunvericiliyin tələbinə əsasən işçinin iş stajını təsdiq edən sənəd əmək kitabçası hesab olunur. Lakin, “Əmək kitabçası işəgötürən və ya işəgötürənin müəyyən etdiyi məsul şəxs tərəfindən imzalanır. Əmək kitabçası ilk dəfə hansı işverən tərəfindən doldurulursa, onun da möhürü ilə təsdiq edilir”. Keçmişdəki iş haqqında əmək kitabçasında yuxarıda göstərilən məlumat tam dərəcədə olmadığı hallarda, əmək kitabçasının dublikatına yalnız sənəddəki məlumat daxil edilir. Əmək kitabçasının təkrarının 17.07.1997-ci ildə tərtib edilməsinə baxmayaraq 12.05.1976-cı ildə işçinin 06 nömrəli əmrlə işə qəbul edilməsi qeydinin olması şübhəlidir. Çünki 1993-cü ilə qədər illərin arxiv sənədləri işğal zonasında qaldığından bu qeydin 1997-ci ildə yazılması qeyri-mümkündür. Göstərilənlərdən məlum olur ki, birinci instansiya məhkəməsi işi tam araşdırmamış, iddiaçının 12.05.1976-cü ildən etibarən 30.12.2002-ci il tarixinədək işləməsi faktı ilə əlaqədar düzgün əsaslandırma aparmadan qərar çıxarmış, bununla da maddi hüquq normalarını pozmuşdur. Vətəndaş iddia edir ki, müəssisənin arxiv sənədləri, həmçinin əmək kitabçası 1993cü il 31 avqust tarixində Qubadlı rayonu işğal edildiyindən işğal zonasında qalmışdır. Vətəndaşın təqdim etdiyi əmək kitabçasının təkrarı 17 iyul 1997-ci il tarixdə tərtib edilmişdir. əmək kitabçasının təkrarındakı qeydə əsasən vətəndaş işə 12.05.1976-cı il tarixdə daxil olmuş 30.12.2002-ci il tarixli 15 nömrəli əmrlə işdən azad edilmişdir. 30.12.2002-ci il tarixdə verilmiş əmrin Qubadlı rayonu işğal edilən zaman orda qalması qeyri-mümkündür. Qubadlı rayonunun işğal edildikdən sonra vətəndaş "xxxx" ASC-nin hər hansı filialında çalışmış olsa idi, məhz həmin filial tərəfindən işdən çıxma əmri verilməli idi. 30.12.2002-ci il tarixli 15 nömrəli işdən çıxma əmri "xxxx" ASC-nin həmin filialında saxlanılmalı idi. "xxxx" ASC-yə göndərilmiş sorğuya cavab məktubunda bildirilmişdir ki, Qubadlı rayonunun işğal edilməsi ilə əlaqədar olaraq Qubadlı elektrik stansiyasına məxsus arxiv sənədləri işğal zonasına qalmışdır. Lakin, vətəndaşın 30.12.2002-ci il tarixli 15 nömrəli işdən azadedilmə əmrinin Qubadlı rayonu işğal edilən zaman orda qalması qeyri-mümkündür. Məhkəmə icraatı iştirakçılarının izahatları: Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətini müdafiə edib, onun məzmununa uyğun izahat verərək təmin olunmasını xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı apelyasiya şikayətinə etiraz edib təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Əsaslandırma hissəsi: Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. İlkin olaraq qeyd olunmalıdır ki, apellyasiya şikayəti vaxtında, yəni məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində (İPM-in 85.1-ci maddəsi) verilmişdir. Şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir (İPM-in 85.2 və 85.3-cü maddələri). Şikayət qanunla müəyyən edilmiş formal tələblərə və prosessual müddətə əməl olunmaqla verildiyindən onun mümkün sayılmaması üçün əsaslar yoxdur. Ona görə də şikayət qəbul oluna bilən hesab edilir. Lakin şikayət əsassızdır. Bu, aşağıdakı səbəblərdən irəli gəlir. Yaranmış mübahisə ilə bağlı kollegiya aşağıdakıları qeyd edir: Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinin İİİ hissəsinin tələbinə görə hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda. xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası qanunun: - 3.1-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının vətəndaşları bu Qanunda göstərilən hallarda əmək pensiyası təminatı hüququna malikdirlər; -7-ci maddəsinə əsasən, 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Qüvvədə olan pensiya qanunvericiliyinə əsasən, yaşa görə pensiyanın yaranması üçün iki şərt tələb olunur: - şəxsin qanunla müəyyən edilmiş pensiya yaşına çatması; - fərdi hesabın sığorta hissəsində əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verən qeydə alınmış pensiya kapitalına malik olması, pensiya kapitalı toplanmadığı təqdirdə ən azı 25 il sığorta stajı toplaması. Hazırkı işin hallarından görünür ki, iddiaçı pensiya təyini üçün qanunla müəyyən edilmiş (64 il 6 ay) yaş həddinə çatmış, 25 ildən artıq sığorta stajı olduğunu nəzərə alaraq pensiyanın təyin olunmasını xahiş etmişdir. Cavabdeh iddiaçının 1976-2002-ci illərin iş stajının yoxlanılması zamanı işləmə faktının öz təsdiqini tapmadığı üçün həmin dövrlərin sosial sığorta stajı kimi hesablanmasının qeyri-mümkün olduğunu əsas tutaraq həmin dövrləri staja daxil etməmişdir. Həmin müddət nəzərə alınmadığından ümumi sığorta stajı 25 ildən az olmuş, iddiaçının topladığı pensiya kapitalı isə tələb edilən miqdarda olmadığından iddiaçıya pensiyanın təyinindən imtina edilmişdir. Beləliklə işin mübahisə edilən məqamı yuxarıda qeyd edilən dövrlərin sığorta stajına daxil edilməsidir. Birinci instansiya məhkəməsi iddianı təmin etmiş və bunu onunla əsaslandırmışdır ki, qanunvericiliyin tələbinə əsasən iddiaçının işlədiyi müddətlər əmək kitabçasına əsasən hesablanıb sosial sığorta stajına daxil edilməlidir. Beləliklə işin mübahisə edilən məqamı 12.05.1976-cü ildən etibarən 30.12.2002-ci il tarixinədək olan dövrlərin sığorta stajına daxil edilməsidir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq aşağıdakıları qeyd edir: Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 87-ci maddəsinin 1-ci hissəsinə əsasən işçinin əmək fəaliyyəti haqqında sənəd əmək kitabçası hesab edilir. İşçinin əmək fəaliyyəti haqqında sənəddə onun əmək stajı haqqında-işə girdiyi gün, ay, il, işlədiyi peşəsi (vəzifəsi), işdən çıxarılmanın əsası, günü, ayı və ili barədə qeydlər göstərilir. “İşçilərin əmək kitabçasının forması və onun tətbiqi qaydaları” haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1996-cı il 26 dekabr tarixli, 186-cı qərarının 1.1-ci bəndinə əsasən, əmək kitabçası işçinin əmək fəaliyyətini və əmək stajını təsdiq edən əsas sənəd hesab edilir. Həmin Qaydaların 7-ci bəndinə əsasən, bu əsasnamənin 3.10 bəndinə əsasən dublikat almaq hüququna malik olan işçi axırıncı iş yeri üzrə işəgötürənə əmək kitabçası və ona əlavə içliyin verilməsi haqqında müraciət etməlidir. İşəgötürən 15 gün ərzində bu müraciətə baxıb onu həll etməlidir. Əmək kitabçası itdikdə və ya yararsız hala düşdükdə işçiyə verilən yeni əmək kitabçasının işçi haqqında məlumat səhifəsinin yuxarı sağ tərəfində iri hərflərlə “Dublikat” sözü yazılır. Əmək kitabçası, yaxud əlavə içliyin dublikatı ümumi qayda üzrə doldurulur. Əmək kitabçasının və onun əlavə içliyinin dublikatı verildiyi zaman həmin vaxta qədər əmək stajına malik olan işçilərin əmək stajı müvafiq əmrə (sərəncama) əsasən müəyyənləşdirilir və dublikatda qeyd olunur. Keçmişdəki iş haqqında əmək kitabçasında yuxarıda göstərilən məlumat tam dərəcədə olmadığı hallarda, əmək kitabçasının dublikatına yalnız sənəddəki məlumat daxil edilir. Qüvvədən düşmüş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 67-ci maddəsinin 1-2-ci hissəsinə əsasən mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativlərdə əmək müqaviləsi və ya üzvlük əsasında əmək fəaliyyəti xarakterindən və müddətindən asılı olmayaraq ümumi iş stajına daxil edilir. Həmin Qanunun 69-cu maddəsində isə təsbit edilmişdir ki, iş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. Əmək fəaliyyəti barəsində sənəd olmadıqda və ya həmin sənədi bərpa etmək mümkün olmadıqda iş stajı iki və ya daha çox şahidin ifadələrinə əsasən təsdiq edilir. Əmək kitabçası və ya bu kitabçada müvafiq qeydlər olmadıqda mövcud iş stajını sübut etmək qaydasını Azərbaycan Respublikasının Nazirlər Kabineti müəyyənləşdirir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 noyabr 1992-ci il tarixli 638 nömrəli qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnamənin 1-ci bəndinə əsasən əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir. Həmin Əsasnamənin 3-cü bəndinə əsasən iş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Göründüyü kimi, əmək kitabçası işçinin əmək fəaliyyətini və əmək stajını təsdiq edən əsas sənəd hesab edilir. ИТ-İ ******* saylı təkrar əmək kitabçasının təsdiq olunmuş surətindən görünür ki, iddiaçı 12.05.1976-ci ildən 30.12.2002-ci ilə qədər X2 Şəbəkəsində mantyor vəzifəsində işləmişdir. Həmçinin "xxxx" ASC-nin birinci instansiya məhkəməsinə ünvanladığı 13 iyul 2020-ci il tarixli, 02-05-983 saylı məktubdan görünür ki, Qubadlı rayonun işğalı zamanı kadr məlumatları işğal zonasında qalmış və Qubadlı PEŞin kadr əmrləri "xxxx" ASC-də yoxdur. Vətəndaşın təqdim etdiyi əmək kitabçasına əsasən 12.05.1976-cı il tarixində 06 nömrəli əmrlə X4 elektrik mantyoru vəzifəsinə işə qəbul olunmuş və 30.12.2002-ci il tarixində 15 nömrəli əmrlə işdən azad olunmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası Milli Arxiv İdarəsi Qubadlı rayon Dövlət Arxivinin Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində DSMF-nun Məhkəmə Mübahisələri ilə İş üzrə Mərkəzi filialına ünvanladığı məktubda qeyd edilmişdir ki, 02.10.2020-ci il tarixli **********4 saylı sorğuya cavab olaraq bildirilmişdir ki, Qubadlı rayon Elektrik şəbəkəsi müəssisəsindən Qubadlı rayon Dövlət Arxivinə dövlət mühafizəsinə heç bir sənəd təhvil verilməmişdir. Cavabdehin sorğusuna cavab olaraq, "xxxx" ASC 08 fevral 2021-ci il tarixdə 03-05- 207 saylı məktubla bildirmişdir ki, “Qubadlıl rayon X6” "xxxx" ASC-nin tabeliyində olsa da, kadrlara dair əmrlər rayon X6 (PEŞ) tərəfindən verilmişdir. Qubadlı rayonunun işğalı zamanı həmin məlumatlar işğal zonasında qalmış və Qubadlı PEŞ-ə aid kadr əmrləri və digər sənədlər "xxxx" ASC-də yoxdur. Məlum səbəbdən İddiaçı aid sənədlər də onlarda yoxdur. Apellyasiya baxışı zamanı məhkəmə kollegiyası tərəfindən "xxxx" ASC-nə təkrar sorğu verilərək, iddiaçının işdən azad edilməsinə dair X5 30.12.2002-ci il tarixli 15 nömrəli əmrinin əslinin məhkəmə kollegiyasına təqdim edilməsi tələb olunmuşdur "xxxx" ASC 01 aprel 2021-ci il tarixli, 05-05-491 saylı məktubla sorğuya cavab olaraq bildirmişdir ki, hüquqi şəxs olmayan Qubadlı X6 Qubadlı rayonu erməni terrorist hərbi birləşmələri tərəfindən işğal olunanadək "xxxx" ASC-nin tərkibində olmuşdur. Qubadlı PEŞ hüquqi şəxs olmasa da, həmin dövrdə əmrlər və işçilərin sənədləri Qubadlı PEŞ tərəfindən icra olunmuş və şəbəkədə saxlanmışdır. Qubadlı rayonunun işğalı zamanı Qubadlı PEŞ-in sənədləri orada qalmış və “Azərenerji" ASC-də qeyd olunan sorğu iiə bağlı sənədlər yoxdur. Vətəndaş İddiaçı aid əmək kitabçasının surətindəki 30.12.2002-ci il tarixli işdən azad olunma barədə qeydlə bağlı bildirilmişdir ki, Qubadlı PEŞ-ə aid işğal zamanı çıxarılmış sənədlərin müəyyən hissəsi "xxxx" ASC-də olmuş, lakin enerji təchizata aid aktiv və passivlərin bir hüquqi şəxsdən digərlərinə təhvil-təslim işləri zamanı itirilmişdir ("xxxx" MMC və digər hüquqi şəxslərin idarəetməsi dövründə). Azərbaycan Respublikasının Prezidentinin 10 fevral 2015-ci il tarixli 1045 nömrəli Sərəncamına əsasən Azərbaycan Respublikası ərazisində istehlakçıların elektrik enerji ilə təmin olunması (təchizatına) fəaliyyətinə aid "xxxx" ASÇ-nin balansındakı əmlak və digər avadanlıqlar (aktivlər), o cümlədən "xxxx" ASC-dən qəbul olunmuş aktivlər (sənədlər) 10.04.2015-ci il tarixdən "xxxx" ASC-nin balansına təhvil verilmişdir. "xxxx" ASC "xxxx" MMC və "xxxx" ASC-nin hüquqi varisi deyildir, onların hüquq və vəzifələri "xxxx" ASC-yə keçməmiş və "xxxx" ASC yarandığı vaxtdan isə ümumiyyətlə "xxxx" ASC-nin tabeliyində olmamışdır. Bundan sonra məhkəmə Kollegiyası 13 aprel 2021-ci il tarixdə "xxxx" ASC-yə sorğu verilmişdir. "xxxx" Açıq Səhmdar Cəmiyyəti 17 iyun 2021-ci il tarixli, 01/05-06/2690 saylı məktubla məhkəmənin sorğularına cavab olaraq bildirmişdir ki, İddiaçı işdən azad edilməsinə dair 30 dekabr 2002-ci il tarixli, 15 nömrəli əmrin təqdim edilməsi ilə bağlı 2- 1(105)-69/2021 saylı iş üzrə 31 may 2021-ci il tarixli müraciətə "xxxx" ASC-də aidiyyəti üzrə baxılmışdır. Tələb olunan əmrin "xxxx" ASC-nin fəaliyyəti dövründən əvvəl tərtib olunması və həmin dövrə aid sənədlərin "xxxx" ASC-yə təhvil verilməməsi səbəbi ilə sorğunun cavablandırılması mümkün deyildir. Beləliklə, həm cavabdeh tərəfindən, həmçinin məhkəmə kollegiyası tərəfindən aidiyyəti orqanlara çoxsaylı sorğular edilməsinə baxmayaraq, iddiaçıya aid sənədlərin aşkar edilməsi mümkün olmamışdır. Kollegiya hesab edir ki, iddiaçının əmək fəaliyyəti əmək kitabçası ilə təsdiq edildiyindən, arxiv sənədlərinin aşkar edilməməsi həmin dövrlərin sığorta stajı kimi nəzərə alınmasında maneə ola bilməz. Belə ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanılması qaydalarının 3.1-ci bəndinə əsasən sığortaolunanların qazanmış olduqları pensiya hüquqlarının müəyyən edilməsi zamanı nəzərə alınan sığorta stajı əhatə etdiyi dövrə uyğun olaraq 2 hissəyə bölünür: Qanunun qüvvəyə mindiyi 01.01.2006-cı il tarixədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajı; Qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı. Həmin qaydaların 3.2.1-ci bəndinə əsasən, 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçası üzrə PAS-a(X9) daxil edilmiş məlumatlara əsasən müəyyən edilir. Göründüyü kimi, mövcud “Qaydalar” da "Əmək pensiyaları haqqında" Qanun qüvvəyə minən günədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün sosial sığorta stajının əmək kitabçasına əsasən müəyyən edildiyini təsbit etmişdir. İddiaçının işlədiyi dövr 01.01.2006-cı il tarixə təsadüf etdiyindən sığorta haqqlarının ödənilməsi tələb olunmur. Odur ki, kollegiya hesab edir ki, iddiaçının əmək kitabçası üzrə işlədiyi dövr pensiya hesablanmasına əsas verən ümumi iş stajına daxil edilməlidir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 15.2-ci maddəsinə əsasən, qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz. Həmin Qanunun 15.3-cü maddəsinə əsasən inzibati orqanlar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunmuş sənədlərdə yazı və hesab zamanı yol verilmiş aşkar və düzəldilməsi mümkün olan səhvlərə görə həmin sənədləri qəbul etməkdən imtina edə bilməz. Həmçinin, həmin qanunun mötəbərlik prezumpsiyası adlanan 19-cu maddəsinə əsasən, inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. Hazırkı halda da, iddiaçı tərəfindən təqdim edilən əmək kitabçasındakı məlumatların həqiqətə uyğun olmadığı cavabdeh tərəfindən sübuta yetirilmədiyindən mötəbər hesab olunur. Eyni zamanda iddiaçıya məxsus H3 ******* nömrəli hərbi biletin surətindən görünür ki, iddiaçı 1974-1976-cı illərdə hərbi xidmətdə olmuşdur. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, əmək kitabçasına və hərbi biletə əsasən, iddiaçı 25 ildən artıq sığorta stajına malikdir. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, cavabdeh iddiaçıya pensiya təyin olunmasından imtina etməkdə haqlı olmamış, birinci instansiya məhkəməsi iddianın təmin edilməsi ilə bağlı düzgün nəticəyə gəlmişdir. Odur ki, apelyasiya şikayətinin dəlilləri əsassızdır, qanuni məhkəmə qərarının ləğvinə səbəb ola bilməz. NƏTİCƏVİ HİSSƏ Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Apelyasiya şikayəti təmin edilməsin. Sumqayıt İnzibati Məhkəməsinin 12 avqust 2020-ci il tarixli 2-1(118)-806/2020 saylı qərarı dəyişdirilmədən saxlanılsın. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apelyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Səməd Vurğun küçəsi 120) vasitəsilə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(105)-69/2021
Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(105)-69/2021
02.07.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver