Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(105)-69/2022 15.07.2022 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sədrlik edən və məruzəçi-hakim Dəmirov İlqar Kamal oğlu, hakimlər Məmmədov Telman Qədir oğlu və Ağayev Rəşadət Əhməd oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Mirzəzadə Bəhruz Fizuli oğlunun katibliyi ilə, Cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 4 saylı Abşeron Ərazi İdarəsinin nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh ƏMDX-nin yanında DƏDRX-nin 4 saylı Abşeron Ərazi İdarəsinə qarşı (hazırkı adı: Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 4 saylı Abşeron Ərazi İdarəsi) Abşeron rayon İcra Hakimiyyəti Başçısının Masazır kənd Ərazi nümayəndəsinin 06 avqust 1996-cı il tarixli 28 saylı sərəncamına əsasən ona fərdi yaşayış evi tikdirmək üçün ayrılmış 0,1 ha torpaq sahəsi üzərində hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair Sumqayıt İnzibati Məhkəməsinin 18 iyun 2021-ci il tarixli, 2-1(118)-335/2021 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında, şifahi məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: TƏSVİRİ HİSSƏ İddiaçı cavabdeh DƏDRX-nin 4 saylı Abşeron Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Abşeron rayon İcra Hakimiyyəti Başçısının Masazır kənd Ərazi nümayəndəsinin 06 avqust 1996-cı il tarixli 28 №-li sərəncamına əsasən ona fərdi yaşayış evi tikdirmək üçün ayrılmış 0,1 ha torpaq sahəsinin Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətində qeydiyyata alınması vəzifəsinin 4 saylı Abşeron Ərazi İdarəsinin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçıya Abşeron rayon İcra Hakimiyyəti Başçısının Masazır kənd Ərazi nümayəndəsinin 06 avqust 1996-cı il tarixli 28 №-li sərəncamına əsasən fərdi yaşayış evi tikdirmək üçün 0,1 ha ölçüdə torpaq sahəsi ayrılmışdır. Həmin vaxtdan da mövcud torpaq sahəsi onun istifadəsində və sahibliyindədir. Lakin torpaq sahəsinə mülkiyyət hüququ əldə edə bilməmişdir. Sənədləri toplayıb Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti 4 saylı Ərazi İdarəsinə müraciət etsə də, müsbət cavab almamışdır. Abşeron rayon İcra Hakimiyyəti Başçısı Masazır kəndi üzrə Ərazi nümayəndəliyinin 06 avqust 1996-cı il sərəncamında Xırdalan Südçülük-tərəvəzçilik sovxozunun 26 aprel 1995ci il tarixli iclas protokolundan çıxarışın Abşeron rayon İcra Hakimiyyətinin Memarlıq Şöbəsi ilə razılaşdırıldıqdan sonra kənd yeri üçün tövsiyyə olunmuş lahiyə üzrə sovxozda işləyən fəhlə və qulluqçulara fərdi yaşayış evlərinin tikintisi üçün torpaq sahələri ayrılmış o, cümlədən iddiaçı da həmin dövr sovxozda işlədiyinə görə adı 26 aprel 1995-ci il tarixli protokola salınmış, Abşeron rayon İcra Hakimiyyəti Başçısının Masazır kəndi üzrə nümayəndəliyi tərəfindən 06 avqust 1996-cı il tarixli, 28 №-li sərəncam verilmişdir. Protokola əlavə olunmuş siyahı üzrə məlum sərəncamla torpaq sahələri ayrılmış vətəndaşların hamısı mülkiyyət hüququ əldə etmişlər. O, isə səhhəti ilə bağlı müəyyən səbəblərdən vaxtında sənədləri Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə təqdim edə bilməmişdir. Cavabdeh məhkəməyə ünvanladığı etiraz ərizəsində bildirmişdir ki, sözügedən torpaq sahəsi səlahiyyətsiz şəxs, yəni Abşeron rayon İcra Hakimiyyəti Başçısının Masazır kəndi üzrə İcra Nümayəndəliyinin sərəncamı əsasənda ayrıldığından iddiaçıya imtina cavabı verilmişdir. Həmin sərəncama torpaq sahəsinin ilkin baş planı və ya təsdiq edilmiş ayrıc aktı əlavə edilməmişdir. Sərəncam verilən vaxt qüvvədə olan Azərbaycan Respublikası Torpaq Məcəlləsinin müddəalarına əsasən torpaq sahibliyi və torpaqdan istifadə məsələlərinin həll edilməsi İcra Hakimiyyəti başçısının müstəsna səlahiyyətlərinə aid edilmişdir, səlahiyyətsiz şəxs icra kənd nümayəndəliyinin sərəncam verməsi həm də o dövrdə qüvvədə olan Mülki Məcəllənin 59-cu maddəsinin tələblərinin kobud şəkildə pozulması deməkdir. Həmin Məcəllənin 59-cu maddəsinə əsasən əqd bağlamağa müvəkkil edilməyən və ya səlahiyyət həddini aşmaqla başqasının adından bağlanılan əqd, təmsil edilən üçün mülki hüquq və vəzifələri yalnız o halda əmələ gətirə, dəyişdirə və xitam edə bilər ki, o bu əqdi bəyənmiş olsun. Hazırki Azərbaycan Respublikası Mülki Məcəlləsinin 351.1-ci maddəsinə əsasən əhəmiyyətsiz əqd onun bağlandığı andan etibarsızdır. İş materiallarında olan : - Abşeron rayon İcra Hakimiyyəti Başçısının Masazır kənd Ərazi nümayəndəsinin 06 avqust 1996-cı il tarixli 28 №-li sərəncamından görünür ki, İddiaçı fərdi evi tikintisi üçün 0.1 ha torpaq sahəsi ayrılmışdır. - Abşeron rayon İcra Hakimiyyəti Memarlıq və Tikinti Şöbəsi tərəfindən tərtib edilmiş yerquruluşu planından çıxarışdan görünür ki, həmin çıxarış İddiaçı məxsus 0.10 ha torpaq sahəsinə dair tərtib edilmişdir. -Torpaq sahəsinin yerləşmə planından görünür ki, həmin sənəd İddiaçı istifadəsində olan 0.10 ha torpaq sahəsinin orthophoto görünüşü əsasında tərtib olunmuşdur. - Abşeron rayon Dövlət Arxivi tərəfindən verilmiş F-1462 nömrəli xx.xx.2019-cu il tarixli arxiv arayışından görünür ki, Xırdalan südçülük-tərəvəzçilik sovxozu direktorunun 26 aprel 1995-ci il tarixli məktubuna əsasən, aşağıda adları qeyd olunan vətəndaşların hər birinə, o cümlədən İddiaçı 0.1 ha torpaq sahəsinin naturada bölgüsünü rayon memarlıq şöbəsi ilə razılaşdırıldıqdan sonra təhkim edilmiş həyətyanı torpaq sahəsində Azərbaycan Respublikasında kənd yeri üçün tövsiyə olunmuş layihə üzrə ev tikdirilməsini məqsədəuyğun hesab edilir. - Abşeron rayon Dövlət Arxivi tərəfindən məhkəmənin sorğusuna əsasən verilmiş H- 15 nömrəli xx.xx.2021-ci il tarixli arxiv arayışından görünür ki, Abşeron rayonu Masazır kənd İN-nin 06 avqust 1996-cı il tarixli 28 saylı sərəncamı ilə İddiaçı adına 0,10 ha torpaq sahəsi ayrılmışdır. Xırdalan südçülük-tərəvəzçilik sovxozunun 26 aprel 1995-ci il 84 saylı məktubu saxlanılması üçün Abşeron rayon Dövlət Arxivinə verilməmişdir. -DƏDRX-nin 4 saylı Abşeron Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli **********45 saylı məktubdan görünür ki, aparılan araşdırma zamanı 0.10 ha torpaq sahəsinin Abşeron rayon RİH başçısının Masazır kənd nümayəndəliyi üzrə 06 avqust 1996-cı il tarixli 28 nömrəli sərəncamı ilə ayrıldığı müəyyən edilmişdir. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2015-ci il tarixli 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısında torpaq sahələrinin ayrılması barədə qəsəbə nümayəndəliklərin sərəncamları nəzərdə tutulmamışdır. Bu səbəbdən ərizənin icrasından imtina edilmişdir. Sumqayıt İnzibati Məhkəməsinin 18 iyun 2021-ci il tarixli, 2-1(118)-335/2021 nömrəli qərarı ilə iddia təmin edilmiş, Abşeron rayon İcra Başçısı Masazır kənd nümayəndəliyinin 06 avqust 1996-cı il tarixli 28 saylı sərəncamına əsasən fərdi yaşayış evi tikdirmək üçün ayrılmış 0,1 ha torpaq sahəsi üzərində İddiaçı mülkiyyət hüququnun qeydə alınması öhdəliyinin cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Abşeron Ərazi İdarəsinin üzərinə qoyulması qərara alınmışdir (hakim Vəfa Əzizova). Qərardan narazı qalan cavabdeh apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddianın təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ Cavabdeh apellyasiya şikayətini məhkəməyə ünvanladığı etiraz ərizəsi ilə eyni qaydada əsaslandıraraq göstərmişdir ki, məhkəmə tərəfindən maddi və prosessual hüquq normaları əhəmiyyətli dərəcədə pozulmuş, məhkəmə qərarında göstərilən dəlillər işin hallarına uyğun olmamış, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar araşdırılmamış, habelə məhkəmə tərəfindən müəyyən olunmuş hesab edilən iş üçün əhəmiyyətli olan hallar sübut olunmamışdır. Cavabdeh qeyd etmişdir ki, məhkəmə qərarı araşdırılarkən müəyyən olunmuşdur ki, səlahiyyətsiz şəxs - Abşeron rayon icra Hakimiyyəti Başçısının Masazır kəndi üzrə İcra Nümayəndəliyinin 06 avqust 1996-cı il tarixli 28 nömrəli sərəncamı ilə vətəndaşın istifadəsinə Abşeron rayonu, Masazır kəndi ərasində yerləşən 0.10 ha torpaq sahəsi ayrılmışdır. Əlavə olaraq cavabdeh bildirmişdir ki, təqdim edilmiş sənədlər ekspertiza edilərkən Abşeron rayon İcra Hakimiyyəti Başçısının Masazır kəndi üzrə İcra Nümayəndəliyinin 06 avqust 1996-cı il tarixli 28 nömrəli sərəncamı ilə ayrılmış 0,10 ha torpaq sahəsinin ilkin baş planının və ya təsdiq edilmiş ayrıc aktının ərizəyə əlavə edilmədiyi aşkar edilmişdir. Torpaq Məcəlləsinin 66-cı, 67-ci, 68-ci maddələrinə əsasən torpaq sahibliyi və torpaqdan istifadə məsələlərinin həll edilməsi İcra Hakimiyyəti başçısının müstəsna səlahiyyətlərinə aid edilmişdir, səlahiyyətsiz şəxs Masazır kəndi üzrə Nümayəndəliyinin sərəncam verməsi həm də o dövrdə qüvvədə olan Mülki Məcəllənin 59-cu maddəsinin tələblərinin kobud şəkildə pozulması deməkdir. Hazırki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 351-ci maddənin 1-ci bəndinə əsasən əhəmiyyətsiz əqd onun bağlandığı andan etibarsızdır.Həmin maddənin 2-ci bəndinə əsasən isə əgər əhəmiyyətsiz əqdi bağlamış şəxs onu təsdiq edərsə, onun hərəkətləri əqdin yenidən bağlanması kimi qiymətləndirilir. Məcəllənin 358-ci maddəsinə əsasən də səlahiyyətsiz şəxsin əşyaya və ya hüquqa dair sərəncam verməsi, əgər səlahiyyətli şəxsin icazəsi (qabaqcadan verilmiş razılığı) ilə həyata keçirilirsə, etibarlıdır. Əşyaya və ya hüquqa dair sərəncam verilməsi, əgər səlahiyyətli şəxs bunu bəyənirsə, etibarlı olur. Eləcə də, o zaman qüvvədə olmuş Azərbaycan Respublikası Prezidentinin 1999-cu il 16 iyun tarixli 138 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Yerli icra hakimiyyətləri haqqında Əsasnamə”nin 36-cı maddəsinə əsasən rayon tabeli şəhərlərdə, qəsəbələrdə və kəndlərdə rayon, şəhər, şəhər rayonu icra hakimiyyətinin nümayəndəliyi rayon, səhər, şəhər rayonu icra hakimiyyəti başçısının səlahiyyətlərinin həyata keçirilməsinə kömək göstərir, onun səlahiyyətlərinə aid olan məsələlərə dair təkliflər verir, tapşırıqlarını həyata keçirir, vətəndaşların qəbulunu həyata keçirir, onların şikayət, ərizə və təkliflərinə baxır və lazımi tədbirlər görür. Qanunvericiliklə müəyyən edilmiş qaydada vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparır, notariat işlərini görür, vətəndaşlara onların şəxsiyyətini, ailə vəziyyətini təsdiq edən arayışlar və qanunvericiliklə nəzərdə tutulmuş digər arayışlar verir, Azərbaycan Respublikasının Prezidenti tərəfindən müəyyən edilmiş digər səlahiyyətləri həyata keçirir. Araşdırılan halda isə səlahiyyətli şəxs olan Abşeron rayon İcra Hakimiyyəti başçısının Masazır kəndi üzrə Nümayəndəliyinə torpaq sahəsi ayrılması səlahiyyəti verməsi mümkünsüz idi, çünki yuxarıda göstərildiyi kimi, sözügedən torpaq sahəsinin ayrılması Abşeron rayon İcra Hakimiyyəti başçısının müstəsna səlahiyyətlərinə aid edilmişdir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunun 10.2-ci maddəsinin tələbinə əsasən Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün Qeydiyyat orqanına verilən ərizəyə bu qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri, torpaq sahəsinin planı və ölçüsü, torpaq sahəsində yerləşən bina, qurğu, tikililərin və digər daşınmaz əmlakın (onların tərkib hissələrinin) texniki pasportu, plan-cizgisi, dövlət rüsumunun ödənilməsi barədə qəbz əlavə olunur. Bundan başqa, AR MM-nin 139-1.1.8-ci maddəsinə uyğun olaraq Azərbaycan Respublikası Prezidentinin xx.xx.2015-ci il tarixli 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı” müəyyənləşdirilmiş və mövcud qanunvericilik aktlarında ərazi nümayəndəliklərinin torpaq ayırması barədə qərarları nəzərdə tutulmayıb. Apellyasiya şikayətində Sumqayıt İnzibati Məhkəməsinin 18 iyun 2021-ci il tarixli, 2- 1(118)-335/2021 nömrəli qərarının ləğv edilib, İddiaçı iddia tələbinin təmin edilməməsinə dair yeni qərar qəbul edilməsi xahiş olunmuşdur. TƏRƏFLƏRİN iZAHATİ Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi Nümayəndə apellyasiya şikayətini müdafiə edərək şikayətin təmin edilməsini və birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək yeni qərar qəbul edilməsini məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə kollegiyasının iclasında İddiaçı və onun vəkili Vəkil1 apellyasiya şikayətinin dəlillərini əsassız hesab edərək apellyasiya şikayətinin təmin edilməməsini məhkəmə kollegiyasından xahiş etdilər. ƏSASLANDİRMA HİSSƏSİ Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Azərbaycan Respublikası İPM-nin 12-ci maddəsinin (İşin hallarının araşdırılması prinsipi) müddəalarına əsasən, məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur (12.1). Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər (12.2). Həmin Məcəllənin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Məhkəmə kollegiyası cavabdehin nümayəndəsini dinləyib, iş materiallarını nəzərdən keçirib, apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, cavabdeh inzibati orqan apellyasiya şikayətinin dəlilləri kimi Azərbaycan Respublikası Prezidentinin xx.xx.2015-ci il tarixli 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı”nda torpaq sahələrinin ayrılması barədə qəsəbə nümayəndəliklərinin sərəncamlarının nəzərdə tutulmadığını göstərmişdir. Bununla əlaqədar məhkəmə kollegiyası tərəfindən Abşeron rayon İcra Hakimiyyətinin Abşeron rayon Dövlət Arxivinə 10 dekabr 2021-ci il tarixli sorğu verilmiş və həmin sorğuya cavab olaraq Abşeron rayon İH-nin torpaqların vətəndaşlara Abşeron Rayon İcra Hakimiyyəti Başçısının Masazır kənd nümayəndəliyinin sərəncamı ilə ayrılmasına icazə verilməsi barədə 04 mart 1993-cü il tarixli 170 saylı və 01 fevral 1994-cü il 46 saylı Sərəncamlarının təsdiq olunmuş surəti Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilmişdir. Yuxarıda qeyd olunan Abşeron rayon İH-nin 04 mart 1993-cü il tarixli Sərəncamının 2-ci bəndinə əsasən fərdi yaşayış evi tikintisi üçün Masazır kəndində kəndin içərisindən və ətrafından 46 ailəyə hər ailəyə 0,10 hektar hesabı ilə 4,6 hektar həyətyanı torpaq fondu ayrılması haqqında toplanmış sənədlər təsdiq edilmişdir.Həmin sərəncamın 3-cü bəndinə əsasən həyətyanı torpaq sahələri Masazır kəndində yaşayan və orada pasport qeydiyyatında olan vətəndaşlara torpaq qanunvericiliyinə əməl olunmaqla Abşeron rayon İcra Hakimiyyəti başçısının Masazır kəndi üzrə nümayəndəsi tərəfindən sənədləşdirilib paylanmasına icazə verilmişdir. Abşeron rayon İH-nin 01 fevral 1994-cü il tarixli Sərəncamının 2-ci bəndinə əsasən fərdi mənzil tikintisi üçün hər ailəyə 0,10 hektar hesabı ilə 57 ailəyə 5,7 hektar həyətyanı və 1,37 hektar küçə və yollar altına cəmi 7,07 hektar torpaq sahəsi Xırdalan südçülük sovxozundan alınıb Abşeron rayon icra hakimiyyətinin başçısının Masazır kəndi üzrə nümayəndəliyinə verilməsi haqqında toplanmış sənədlər təsdiq edilmişdir.Həmin sərəncamın 7-ci bəndinə əsasən torpaqların vətəndaşlara Abşeron rayon İcra Hakimiyyəti başçısının Masazır kəndi üzrə nümayəndəsinin sərəncamı ilə ayrılmasına icazə verilmişdir. Məhkəmə kollegiyası tərəfindən Abşeron rayon İcra Hakimiyyətinin Abşeron rayon Dövlət Arxivinə 23 mart 2022-ci il tarixli sorğusuna cavab olaraq Xırdalan südçülüktərəvəzçilik sovxozunun direktorunun İddiaçı 0.1 ha torpaq sahəsi ayrılması barədə 26 aprel 1995-ci il tarixli məktubu ilə ünvan 1 ünvanlanmış 06 avqust 1996-cı il tarixli, 28 saylı sərəncamının təsdiq olunmuş surəti Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka hüquqlar dövlət qeydiyyatına alınmalıdırlar. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Həmin Məcəllənin 139.3-cü maddəsinə əsasən daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. “Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinin 1ci hissəsinə görə müvafiq ərazi vahidi daxilində dövlət mülkiyyətində saxlanılan və xüsusi mülkiyyətə verilən torpaqlar çıxılmaqla qalan torpaqlar bələdiyyə mülkiyyətinə verilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka hüquqlar dövlət qeydiyyatına alınmalıdırlar. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Həmin Məcəllənin 139.3-cü maddəsinə əsasən daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. “Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.1-ci maddəsində göstərilir ki, daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün), başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Həmin Qanunun 2.2-ci maddəsində göstərilir ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində aparılır. “Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə əsasən vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Həmin Qanunun 10-cu maddəsinə əsasən fərdi yaşayış evlərinin, həyətyanı sahələrin və bağların altında olan torpaqlar üzərində vətəndaşların mülkiyyət hüququ yerquruluşu işlərinin tərtibi ilə torpaq ayırma qaydasında hazırlanan sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 66-cı maddəsinin 2-ci bəndinə əsasən torpaq üzərində hüquqlar (müddəti on bir aydan az olan icarə və istifadə hüquqları istisna olmaqla) qanunvericiliklə müəyyən edilmiş qaydada daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınır və həmin reyestrdən çıxarışla rəsmillədirilir. Həmin Məcəllənin 67-ci maddəsinin 1-ci bəndinə əsasən torpaq üzərində hüquqların dövlət qeydiyyatı qanunvericilikdə nəzərdə tutulmuş qaydada daşınmaz əmlakın dövlət reyestrində aparılır. 67.3-cü maddəsinin tələbinə görə dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin alınması ilə yaranan hüquqların, habelə torpaq sahələri və digər daşınmaz əmlaka dair bağlanılan əqdlər nəticəsində əldə edilən hüquqların dövlət qeydiyyatına alınması məcburidir. Cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Ərazi İdarəsinin xx.xx.2020-ci il tarixli **********45 saylı məktubunda iddiaçının müraciətinin təmin edilməsindən imtina olunmasının əsası kimi Abşeron rayon İcra Hakimiyyəti başçısının Masazır kəndi üzrə nümayəndəliyinin İddiaçı Abşeron rayonu Masazır kəndi ərazisində yerləşən 0,10 ha torpaq sahəsini ayırmaq səlahiyyətinin olmaması göstərilmişdir. Məhkəməyə təqdim olunmuş Abşeron rayon İcra Hakimiyyəti başçısının Masazır kəndi üzrə nümayəndəliyinin xx.xx.1996-cı il tarixli 28 saylı sərəncamından görünür ki, Xırdalan südçülük-tərəvəzçilik sovxozunun direktorunun 26 aprel 1995-ci il tarixli 84 saylı məktubuna əsaslanaraq Masazır kənd nümayəndəliyi bir sıra vətəndaşlara, o cümlədən İddiaçı 0.10 ha torpaq sahəsini fərdi yaşayış evinin tikintisi üçün ayırmışdır. Mübahisəli torpaq sahəsinin iddiaçıya ayrıldığı vaxt, yəni 1996-cı ildə qüvvədə olan Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 7-ci maddəsinə əsasən Azərbaycan Respublikasında torpaq X3 ixtiyarındadır və onlar torpaq barəsində öz səlahiyyətləri dairəsində sərəncam verirlər. X1 müəyyən edilmiş hallarda torpaq sahələrini bu Məcəllənin 20-ci maddəsinin 3cü bəndində nəzərdə tutulmuş torpaq sahələri istisna olmaqla, vətəndaşların, kolxozların, sovxozların və digər dövlət, kooperativ, ictimai kənd təsərrüfatı müəssisələrinin, idarələrinin və təşkilatlarının, eləcə də digər hüquqi şəxslərin xüsusi mülkiyyətinə, sahibliyinə, istifadəsinə və icarəsinə verirlər. X2ra aid ərazidə torpağın verilməsinə və geri alınmasına dair müəyyən səlahiyyətlərini müvafiq icra orqanına verə bilərlər. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, 0.1 ha ölçüdə torpaq sahəsinin iddiaçıya ayrılmasına dair sərəncam qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunmamışdır. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Həmin Qanununun 17-ci maddəsinə əsasən fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Sadalanan xüsusatlara və işin yuxarıda qeyd olunan faktiki hallarına birinci instansiya məhkəməsi tərəfindən düzgün qiymət verilməsinə əsasən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. NƏTİCƏVİ HİSSƏ Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6 və 94.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 4 saylı Abşeron Ərazi İdarəsinin apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt İnzibati Məhkəməsinin 18 iyun 2021-ci il tarixli, 2-1(118)-335/2021 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Məhkəmə qərarından təqdim olunduğu gündən 1 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti 70) vasitəsilə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(105)-69/2022
Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(105)-69/2022
15.07.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver