Məhkəmə qərarları › İş №2-1(105)-69/2024

Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(105)-69/2024

16.02.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(105)-69/2024 16.02.2024 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Məmmədov Zaur İkram oğlu (sədrlik edən və məruzəçi), Babayeva Hökümə Çingiz qızı və X1 ibarət tərkibdə, Əliyeva Aysel Sərvan qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “cavabdeh inzibati orqanın üzərinə iddiaçıya veteranlıq statusunun və veteranlıq vəsiqəsinin verilməsi öhdəliyinin qoyulması” tələbinə dair Sumqayıt İnzibati Məhkəməsinin 02 may 2023-cü il tarixli, 2-1(118)-1416/2023 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ AZE seriyalı ******** saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1974-cü il təvəllüdlüdür. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin iddiaçıya ünvanladığı 27 sentyabr 2018-ci il tarixli məktubundan görünür ki, iddiaçının Mərkəzi Arxivin xx.xx.2018-ci il tarixli 9/213957 nömrəli arayışına əsasən N nömrəli hərbi hissədə hərbi xidməti hərbi hissə komandirinin əmrləri ilə təsdiqlənmədiyindən, ona “Müharibə veteranı” adının və vəsiqəsinin verilməsindən imtina olunmuşdur. Azərbaycan Respubikası Müdafiə Nazirliyi İşlər İdarəsi Mərkəzi Arxivinin 17 sentyabr 2018-ci il tarixli arxiv arayışında qeyd edilmişdir ki, 1973-cü il təvəllüdlü İddiaçı Saatlı RHKdan çağırılması,xx.xx.N-cü il tarixdə hərbi hissəyə daxil olması və müdafiə nazirinin xx.xx.N7-ci il tarixli N №-li əmrinə əsasən hərbi hissə komandirinin xx.xx.N7-ci il tarixli N №-li əmrilə şəxsi heyətin siyahısından çıxarılması barədə məlumat vardır; N №-li hərbi hissə komandirinin avqust N-cü il tarixli, iyul N7-ci il tarixli nizami hissə üzrə əmrlərində İddiaçı xidməti barədə məlumat aşkar olunmamışdır; N №-li hərbi hissə komandiri tərəfindən xx.xx.N7-ci il tarixdə N №-li nizami hissə üzrə əmr verilməmişdir. Məhkəməyə sorğu əsasında daxil olmuş Azərbaycan Respublikası Müdafiə Nazirinin Katibliyinin Mərkəzi Arxivinin 4/2-803 saylı, xx.xx.2023-cü il tarixli arayışında qeyd olunmuşdur ki, N №-li hərbi hissənin şəxsi heyətinin əlifba qeydiyyatı kitabında xx.xx.N-cü il tarixdə Saatlı RHK-dan çağırılmış, 1973-cü il təvəllüdlü İddiaçı xx.xx.N-cü il tarixdə hərbi hissənin şəxsi heyətinin siyahısına salınaraq atıcı vəzifəsinə təyin olunması (hərbi hissə komandirinin əmrinin nömrəsi yazılmamışdır) və Müdafiə Nazirinin xx.xx.N7-ci il tarixli N №-li əmrinə əsasən, ehtiyata tərxis olunduğundan hərbi hissə komandirinin xx.xx.N7-ci il tarixli N №-li əmrilə hərbi hissənin şəxsi heyətinin siyahısından çıxarılması barədə məlumat vardır; əlifba qeydiyyatı kitabında qeyd olunmuş N №-li hərbi hissə komandirinin xx.xx.N7-ci il tarixli N №-li əmri Müdafiə nazirinin Katibliyi Mərkəzi Arxivdə olan N №-li hərbi hissə komandirinin iyul N7-ci il tarixli əmrində öz əksini tapmamışdır; Müdafiə nazirinin Katibliyi Mərkəzi Arxivdə olan avqust-noyabr, iyul-dekabr N4-cü il, iyul N7-ci il tarixli nizami hissə üzrə əmrlərində İddiaçı xidməti barədə məlumat aşkar edilməmişdir; N №-li hərbi hissə komandirinin dekabr N-cü il, yanvar-iyun N4-cü il tarixli nizami hissə üzrə əmrləri Müdafiə nazirinin Katibliyi Mərkəzi Arxivə daxil olmamışdır. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ Birinci instansiya məhkəməsində icraat İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “iddiaçının veteranlıq statusu və veteranlıq vəsiqəsinin alınması ilə bağlı Müdafiə Nazirliyi aparatının komissiyasına xx.xx.2018-ci il tarixli ilkin müraciəti əsas götürülməklə cavabdeh qurumun ona aid sənədlərdə qüsurların aradan qaldırılması, təhrif edilmiş sənədlərin qaydasına salınması və bununla da cavabdeh qurumun onu veteranlıq statusu və veteranlıq vəsiqəsi ilə təmin etməsi” tələbinə dair qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı daha sonra iddia tələbini dəqiqləşdirərək, “cavabdeh inzibati orqanın üzərinə iddiaçıya veteranlıq statusunun və veteranlıq vəsiqəsinin verilməsi öhdəliyinin qoyulması” barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı xx.xx.1974-ci il təvəllüdlü Azərbaycan vətəndaşı N-cü il avqust ayının 2-də “Hərbi vəzifə və hərbi xidmət haqqında Azərbaycan Respublikası Qanununun” 3.1 və 3.2 bəndinə əsasən Saatlı Rayon Hərbi Komissarlığı tərəfindən hərbi xidmətə başlamışdır. Ona məxsus hərbi biletə istinadən bildirir ki, hərbi xidmət müddəti müharibə şəraitinə (dövrünə) təsadüf etdiyinə görə xidmət müddəti xx.xx.N7-ci ilə qədər davam etmişdir. xx.xx.N7-ci il tarixində hərbidən tərxis olunaraq yaşayış ünvanına qayıtmışdır və Saatlı Rayon Hərbi Komissarlığına müraciət edib hərbi qeydiyyata alınmışdır. O, xx.xx.2018-ci il tarixində Müharibə veteranı adının verilməsi qaydası haqqında Əsasnaməyə əsasən Müdafiə Nazirliyi aparatı nəzdində Veteran adının və vəsiqəsinin verilməsi komissiyasına müraciət etmişdir. Həmin komissiya tərəfindən xx.xx.2018-ci ildə onun sənədləri komissiyasının gündəliyinə salınmış, cavabdeh tərəfin səhlənkarlığı səbəbindən sənədlərdə müəyyən təhriflər (səhvlər) və xüsusilə təvəllüd tarixində səhv aşkarlanmasına görə sənədləri xx.xx.2018-ci il tarixində həmin komissiya tərəfindən geri qaytarılmışdır. Mərkəzi Arxivin təqdim etdiyi xx.xx.2018ci il tarixli 9/213957 saylı arayışa əsasən veteranlıq statusunun və veteran vəsiqəsinin verilməsi məqsədəuyğun sayılmamışdır. O, Müdafiə Nazirliyinin müvafiq şöbəsinə veteranlıq üçün təkrar müraciət etmək məqsədi ilə zəruri sənədləri əldə etmək üçün 28 və 29 noyabr 2022-ci il tarixində Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Komitəsinin ərazi üzrə şöbəsinə şifahi müraciət və 28 noyabr 2022-ci il tarixində xüsusi innovasiya Mərkəzi olan Asan Xidmətə müraciət etmişdir. Lakin adı çəkilən qurumlar sənədlərdə olan təhriflərə, səhvlərə, xüsusilə təvəllüd tarixinin fərqli olduğuna görə lazım olan sənədləri təqdim edə bilməmişlər. Bu günə qədər dövlətin vətəndaş məmnunluğuna xidmət edən xüsusi imtiyazlarından yararlana bilmir. Həqiqi hərbi xidmət müddəti 24 ay olduğu halda müharibə şəraiti ilə əlaqədar 48 ay müvafiq ərazidə hərbi xidmətdə olmuşdur, İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin bir sıra qərarlarında formalaşdırdığı hüquqi mövqeyə əsasən dövlət orqanı tərəfindən yol verilmiş səhvlərə görə məsuliyyəti dövlət daşıyır və belə səhvlər maraqlı şəxsin hesabına düzəldilə bilməz.(Gashi Xorvatiyaya qarşı iş üzrə 2007-ci il 13 dekabr tarixli paraqraf 40 və Stolyarova Rusiya Federasiyasına qarşı iş üzrə 2015-ci il 29 yanvar paraqraf 49. Qərarlar) Sənədlərdə olan bütün uyğunsuzluqlara görə cavabdeh qurum, yəni Müdafiə Nazirliyi məsuliyyət daşıyır. Cavabdeh iddia tələbinə yazılı etiraz edərək qeyd etmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 22 sentyabr N5-ci il tarixli 216 №-li Qərarı ilə təsdiq edilmiş «Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi və şərtləri haqqında» Əsasnamənin 1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 1988-ci ilin fevralın 1-dən N4-cü ilin mayın 12-dək erməni millətçi dəstələrinə qarşı Ermənistanla həmsərhəd inzibati ərazi vahidlərində-Naxçıvan Muxtar Respublikası (Kərki kəndi daxil olmaqla) keçmiş DQMV ərazisində, habelə Laçın, Qubadlı, Zəngilan (Seyidlər kəndi daxil olmaqla), Cəbrayıl, Füzuli, Ağdam, Tərtər (keçmiş Mirbəşir), Goranboy (Qasım İsmayılov və Şaumyan (kənd), Daşkəsən, Göygöl (keçmiş Xanlar), Kəlbəcər, Gədəbəy, Tovuz, Ağstafa, Qazax (Sofulu, Barxudarlı, Yuxarı Əskipara kəndləri daxil olmaqla) rayonlarının ərazilərində aparılan döyüş əməliyyatlarında özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində iştirak etmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş, həmçinin N4-cü il 12 may tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən, yaxud döyüş zonasında döyüş tapşırığınımn yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən, bilavasitə döyüş əməliyyatlarında iştirak edən və həmin döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçulara-müdafiə, daxili işlər, dövlət təhlükəsizliyi, ədliyyə, fövqəladə hallar orqanları, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidməti və hərbi idarəetmə orqanları tərəfindən verilmiş arayışlar, şəxsi işlər, hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar, yerli icra hakimiyyəti orqanlarının təsdiq etdikləri siyahılar, əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı təsdiq edən başqa sənədlər əsasında verilir. Göründüyü kimi, inzibati orqan və vətəndaş arasında yaranan və məcburetmə iddiası ilə nəticələnən inzibati hüquq münasibətin əsasını bilavasitə tənzim edən qüvvədə olan veteranlar haqqında qanunvericiliyin fakültativ deyil, imperativ göstərişi şəxsin hərbi xidmət keçməsi və bunun qeyd olunan normanın dispozisiyasında əks edilmiş sənədlərdə əks edilməsidir. Hərbi xidmət keçmə dedikdə isə şəxsin hərbi hissəyə daxil olması və hərbi hissədən qanuni əsaslarla ehtiyata buraxılmasıdır. Şəxsə müharibə veteranı adı və vəsiqəsinin verilməsi üçün normanın dispozisiyasında göstərilən 2 zəruri şərtin gözlənilməsi inzibati orqan və nəticədə yaranan inzibati mübahisəyə baxan məhkəmə üçün imperativdir.

1. Şəxsin xidmət keçməsi. Hərbi xidmət keçmə məfhumu altında hərbi qulluqçunun hərbi hissə komandirinin müvafiq əmri ilə hərbi hissənin siyahısına daxil olması, hərbi xidmət müddətinin sona çatması ilə hərbi hissədən qanuni əsaslarla müvafiq əmrlə ehtiyata buraxılması.

2. Bunun müvafiq sənədlərdə əks edilməsi. Bu zaman zəruri sənədlər məfhumuna AR Nazirlər Kabinetinin 2018-ci il 28 sentyabr tarixli Qərarı ilə qeyd olunan normaya edilmiş dəyişiklikdən sonra hərbi biletlə yanaşı hərbi hissənin nizami hissə üzrə əmrləri və ya arxiv arayışı da daxil edilmişdir. Qeyd olunan şərtlərin birinin və ya hər ikisinin mövcud olmaması şəxsə “Müharibə veteranı” adı və vəsiqəsinin verilməsindən imtina edilməsi üçün əsasdır. İddia tələbinin təmin edilməsini istisna edən faktiki əsasına gəldikdə qeyd etmək zəruridir ki, məhkəmənin 18 yanvar 2023-cü il tarixli 2-1(118)-1416/2023 nömrəli sorğusunun icrasını təmin etmək, həmçinin inzibati işin tam və hərətərəfli araşdırıması məqsədi ilə Müdafiə Nazirliyi Mərkəzi Arxivinə sorğu verilmişdir. Mərkəzi Arxivin 16 fevral 2023-cü il tarixli arayışına əsasən əlifba qeydiyyatı kitabında qeyd olunmuş N nömrəli hərbi hissə komandirinin N iyul N7-ci il tarixli 196 nömrəli əmri Müdafiə nazirinin Katibliyi Mərkəzi Arxivdə olan N nömrəli hərbi hissə komandirinin iyul N7-ci il tarixli əmrlərində öz əksini tapmamışdır. Həmçinin, Müdafiə nazirinin Katibliyi Mərkəzi Arxivdə olan avqustnoyabr, iyul-dekabr N4-cü il, iyul N7-ci il tarixli nizami hissə üzrə əmrlərində İddiaçı xidməti barədə məlumat aşkar edilməmişdir.

Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: Sumqayıt İnzibati Məhkəməsinin 02 may 2023-cü il tarixli, 2-1(118)-1416/2023 nömrəli qərarı ilə İddiaçı veteranlıq statusunun və veteranlıq vəsiqəsinin verilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin üzərinə vəzifə olaraq qoyulmuşdur. (L.Mirzəyeva). Məhkəmə qərarını onunla əsaslandırmışdır ki, cavabdeh orqan tərəfindən arxiv sənədlərində texniki yanlışlığa yol verilərək onun təvəllüdü xx.xx.1974-cü il yerinə 1973-cü il kimi qeydə alınmışdır. Dövlət orqanı tərəfindən yol verilmiş bu yanlışlıq iddiaçının məsuliyytinə səbəb ola bilməz və onun əlayhinə şərh oluna bilməz. İddiaçıya məxsus olan НЗ-6555992 saylı hərbi biletin surətindən də görünür ki, iddiaçı N iyul N7-ci il tarixədək hərbi xidmətdə olmuşdur. Dövlət orqanı tərəfindən yol verilmiş bu hal iddiaçının hüquqarının məhdudlaşdırılmasına səbəb olmamalıdır. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək, iddianın təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.

APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ Apellyasiya şikayətinin dəlilləri Cavabdeh apellyasiya şikayəti və apellyasiya şikayətinə əlavə təqdim etmiş və apellyasiya şikayətinə əlavəni onunla əsaslandırmışdır ki, "Müharibə veteranı” adı və vəsiqəsinin verilməsi üçün zəruri şərt hərbi biletdəki qeydlərin arxiv arayışı və nizami hissə üzrə əmrlərlə də təsdiq edilməsidir. Bununla əlaqədar qeyd etmək zərurudir ki, iddiaçıya məxsus ******* nömrəli hərbi biletdəki qeydlər iddiaçının N nömrəli hərbi hissədə xidməti və qanuni əsaslarla ehtiyata buraxılması Mərkəzi Arxivdə olan nizami hissə üzrə əmrlərlə təsdiq edilmir. İnzibati iş materiallarında olan iddiaçıya məxsus hərbi biletin 3,4,8,10-cu səhifəsində olan möhürlər sonradan vurulduğundan mötəbər hesab edilə bilməz. Belə ki, həmin qeydlərin aparıldığı dövrdə yəni, N-N7-ci illər intervalında möhürlərdəki yazı rus və azərbaycan dillərində (kiril qrafikası ilə) həkk olunurdu. Hazırki hərbi biletin yuxarıda qeyd olunan səhifələrinə vurulan möhürdəki yazılar isə latın qrafikası ilə əks edildiyindən, bu həmin möhrülərin sonradan- yəni 2000-ci ildən sonra möhürlərdə yazıların latın qrafikası ilə həkk edildiyi dövrə aid olduğunu və həmin qeydlərin mötəbər olmadığına dəlalət etmiş olur. Bu səbəbdən də həmin qeydlər Mərkəzi arxivdə olan nizami hissə üzrə əmrlərlə təsdiq edilmir. Beləliklə də inzibati iş materiallarında olan Mərkəzi Arxivin 02 noyabr 2023-cü il tarixli 1929 nömrəli arayışına əsasən Müdafiə Nazirliyinin Mərkəzi Arxivində olan N nömrəli hərbi hissə komandirinin avqust-noyabr N, iyul-dekabr N4-cü il, iyul N7-ci il tarixli nizami hissə üzrə əmrlərində İddiaçı xidməti barədə məlumat aşkar edilməmiş, həmçinin əlifba qeydiyyatı kitabında yazılmış N nömrəli hərbi hissə komandirinin N iyul N7-ci il tarixli 196 nöməli əmri Müdafiə Nazirliyinin Mərkəzi arxivində olan N nömrəli hərbi hissə komandirinin iyul N7-ci il tarixli nizami hissə üzrə əmrlərində öz əksini tapmamışdır. Bununla da iddiaçının hərbi biletində onun xidmətinə dair qeydləri təsdiq edən möhürlər sonradan vurulduğundan, bu səbəbdən də mötəbər olmadığından, həmçinin, iddiaçının N nömrəli hərbi hissədə hərbi xidməti və qanuni əsaslarla ehtiyata buraxılması Mərkəzi Arxivdə olan nizami hissə hissə üzrə əmrlərlə təsdiq edilmədiyindən iddiaçıya “Müharibə veteranı” adı və vəsiqəsinin verilməsi üçün qanunvericiliklə müəyyən edilmiş əsaslar mövcud deyildir.

Apellyasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir.

Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı apellyasiya şikayətinin dəlillərini qəbul etməyərək, iddia ərizəsi ilə eyni məzmunda izahat verərək, şikayətin təmin edilməməsini xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar olunmasına baxmayaraq, məhkəmə iclasında iştirak etməmiş, gəlməməyin səbəbləri haqqında məlumat verməmişdir. İnzibati Prosessual Məcəllənin 62.3-cü maddəsinə əsasən məhkəmə kollegiyası iddiaçının iştirakı olmadan işə baxılmasını və iş üzrə qərar qəbul edilməsini mümkün saymışdır.

TƏTBİQ EDİLƏN HÜQUQ “Veteranlar haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 3. Müharibə veteranları Aşağıdakılar müharibə veteranları sayılırlar: (-) Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər; (-) Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı ərazilərin və dövrlərin siyahısı, habelə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının iştirakçılarına aid edilən şəxslərin kateqoriyalarının siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir. (-) Qeyd: Bu maddənin birinci hissəsinin üçüncü abzası Azərbaycan Respublikası ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər istisna olmaqla, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı dövrdə hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etməyə, fərariliyə və ya digər hərbi cinayətlərə görə məhkum edilmiş (2000-ci il sentyabrın 1-dək qüvvədə olmuş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 42-ci maddəsinin ikinci hissəsinə əsasən cəzadan azad edilmiş şəxslər istisna olmaqla) və ya barələrində cinayət təqibinə bəraətverici əsaslar olmadan xitam verilmiş və ya amnistiya aktına əsasən cinayət məsuliyyətindən azad edilmiş şəxslərə şamil edilmir. Maddə 7. Veteran adlarının və vəsiqələrinin verilməsi Müharibə veteranı, Silahlı Qüvvələrin veteranı və əmək veteranı adlarının verilməsi qaydaları və şərtləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. (-) “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri" haqqında Əsasnamə (Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.N5-ci il tarixli 216 saylı qərarı ilə təsdiq edilmişdir)

1. Müharibə veteranları Müharibə veteranı adı aşağıdakı qaydada verilir: (-) Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 1988-ci il fevralın 1-dən N4-cü il mayın 12-dək erməni millətçi dəstələrinə qarşı Ermənistanla həmsərhəd inzibati ərazi vahidlərində – Naxçıvan Muxtar Respublikası (Kərki kəndi daxil olmaqla), keçmiş DQMV ərazisində, habelə Laçın, Qubadlı, Zəngilan (Seyidlər kəndi daxil olmaqla), Cəbrayıl, Füzuli, Ağdam, Tərtər (keçmiş Mirbəşir), Goranboy (Qasım İsmayılov və Şaumyan (kənd), Daşkəsən, Göygöl (keçmiş Xanlar), Kəlbəcər, Gədəbəy, Tovuz, Ağstafa, Qazax (Sofulu, Barxudarlı, Yuxarı Əskipara kəndləri daxil olmaqla) rayonlarının ərazilərində aparılan döyüş əməliyyatlarında özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində iştirak etmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş, həmçinin N4-cü il 12 may tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən, yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən, bilavasitə döyüş əməliyyatlarında iştirak edən və həmin döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçulara – müdafiə, daxili işlər, dövlət təhlükəsizliyi, ədliyyə, fövqəladə hallar orqanları, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidməti, Azərbaycan Respublikasının Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Xidməti, Azərbaycan Respublikasının Strateji X3 Agentliyi və hərbi idarəetmə orqanları tərəfindən verilmiş arayışlar, hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar, yerli icra hakimiyyəti orqanlarının təsdiq etdikləri siyahılar (döyüşlərdə iştirakı sübut edən sənədlərlə birgə təqdim edildiyi halda), əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında; (-) Qeyd. 1. Bu qayda Azərbaycan Respublikası ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər istisna olmaqla, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı dövrdə hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etməyə, fərariliyə və ya digər hərbi cinayətlərə görə məhkum edilmiş (2000-ci il sentyabrın 1-dək qüvvədə olmuş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 42-ci maddəsinin ikinci hissəsinə əsasən cəzadan azad edilmiş şəxslər istisna olmaqla) və ya barələrində cinayət təqibi bəraətverici əsaslar olmadan xitam verilmiş və ya amnistiya aktına əsasən cinayət məsuliyyətindən azad edilmiş şəxslərə şamil olunmur. Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda Naxçıvan Muxtar Respublikası (Kərki kəndi daxil olmaqla), keçmiş DQMV ərazisində, habelə Laçın, Qubadlı, Zəngilan (Seyidlər kəndi daxil olmaqla), Cəbrayıl, Füzuli, Ağdam, Tərtər (keçmiş Mirbəşir), Goranboy (Qasım İsmayılov və Şaumyan (kənd), Daşkəsən, Göygöl (keçmiş Xanlar), Kəlbəcər, Gədəbəy, Tovuz, Ağstafa, Qazax (Sofulu, Barxudarlı, Yuxarı Əskipara kəndləri daxil olmaqla) rayonlarının ərazilərində aparılan döyüş əməliyyatlarında özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində iştirak etmiş şəxslərə müharibə veteranı adı və müvafiq veteran vəsiqəsi (o cümlədən, onun dublikatı) Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən onun yaratdığı müvafiq komissiyanın rəyinə əsasən verilir. (-). Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 14. Sübut etmə vəzifəsi (-) 14.3. İnzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Maddə 87.8 Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 89. Bu Məcəllənin 94.1-ci maddəsində nəzərdə tutulmuş müddətdə şikayətin verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda, məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadı isə 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Şikayətin geri götürülməsi haqqında bəyanat yazılı şəkildə məhkəməyə təqdim olunmalıdır. Maddə 90.1. Apellyasiya instansiyası məhkəməsinin qərar və ya qərardadlarından, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla Ali Məhkəmənin İnzibati kollegiyasına (bundan sonra – Ali Məhkəməyə) şikayət verilə bilər.

APELLYASİYANİN MÜMKÜNLÜYÜ, APELLYASİYA BAXİŞİNİN HƏDLƏRİ Apellyasiya şikayəti vaxtında verilmişdir. Şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbi göstərilmişdir. Ona görə də şikayət üzrə apellyasiya mümkün hesab edilmişdir. Birinci instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır.

APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ Məhkəmə kollegiyası tərəflərin dinlənilmə hüququnu təmin edib, iş üzrə materialları və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti əsassızdır. Birinci instansiya məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Birinci instansiya məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsaslar müəyyən edilməmişdir. Bu səbəbdən, şikayət təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Yaranmış mübahisə ilə bağlı kollegiya aşağıdakıları qeyd edir: Hazırkı mübahisənin predmetini cavabdehin iddiaçıya müharibə veteranı adının və vəsiqəsinin verilməsindən imtinası təşkil edir. Birinci instansiya məhkəməsi iddiaçının Müdafiə Nazirinin xx.xx.N7-cü il tarixli N №-li əmrinə əsasən, ehtiyata tərxis olunduğundan hərbi hissə komandirinin xx.xx.N7-ci il tarixli N №-li əmrilə hərbi hissənin şəxsi heyətinin siyahısından çıxarılması barədə məlumat olması əsası ilə iddianı təmin etmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq aşağıdakıları qeyd edir: Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “X2 şikayətinə əsasən Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının xx.xx.2006-cı il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2007-ci il tarixli Qərarında göstərilmişdir ki, müharibə veteranı adının verilməsi ilə bağlı mübahisələr məhkəmələrdə həll olunarkən hər bir halda şəxsin döyüş zonasında hansısa obyektiv və ya subyektiv səbəbdən olması və bu halda hansı şəxs qismində çıxış etməsi ilə yanaşı, onun Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirakının sübuta yetirilməsi vacibdir. Məhkəmə baxışı zamanı hər hansı bir şəxsin məhz döyüş əməliyyatlarının hərbi terminologiyada qəbul olunmuş anlayışına və məzmununa aid edilə biləcək əməllərdə iştirakı tədqiq olunmalıdır. Bundan başqa, artıq oxşar işlər üzrə formalaşmış məhkəmə təcrübəsi ondan ibarətdir ki, qanunvericiliyin yuxarıda sadalanmış tələblərinə görə müharibə veteranı adı döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə verilir. Bu mənada, iddiaçının qanunla müəyyən edilmiş qaydada tərxis olunmaması onun “döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxs” statusunu əldə etməməsinə səbəb olur. Başqa sözlə, şəxsin hərbi hissəyə daxil olması kifayət etmir, hərbi xidmətdən qanuni əsaslarla ehtiyata buraxılması (tərxis olunması) da baş verməlidir. İşdə olan iddiaçıya məxsus H3 seriyalı, ******* nömrəli hərbi biletin 4-cü və 7-ci səhifəsinin qeydlərindən görünür ki, o, N-cü il tarixdən xx.xx.N7-ci il tarixədək N nömrəli hərbi hissədə xidmət etmişdir, Azərbaycan Respublikası Müdafiə Nazirinin Katibliyinin Mərkəzi Arxivinin 4/2803 saylı, xx.xx.2023-cü il tarixli arayışında qeyd olunmuşdur ki, N №-li hərbi hissənin şəxsi heyətinin əlifba qeydiyyatı kitabında xx.xx.N-cü il tarixdə Saatlı RHK-dan çağırılmış, 1973cü il təvəllüdlü İddiaçı xx.xx.N-cü il tarixdə hərbi hissənin şəxsi heyətinin siyahısına salınaraq atıcı vəzifəsinə təyin olunması (hərbi hissə komandirinin əmrinin nömrəsi yazılmamışdır) və Müdafiə Nazirinin xx.xx.N7-cü il tarixli N №-li əmrinə əsasən, ehtiyata tərxis olunduğundan hərbi hissə komandirinin xx.xx.N7-ci il tarixli N №-li əmrilə hərbi hissənin şəxsi heyətinin siyahısından çıxarılması barədə məlumat vardır. Göründüyü kimi cavabdeh orqan tərəfindən arxiv sənədlərində texniki yanlışlığa yol verilərək iddiaçının təvəllüdü xx.xx.1974-cü il yerinə 1973-cü il kimi qeydə alınmışdır. Dövlət orqanı tərəfindən yol verilmiş bu yanlışlıq iddiaçının məsuliyytinə səbəb ola bilməz və onun əleyhinə şərh oluna bilməz. İddiaçıya məxsus olan НЗ-6555992 saylı hərbi biletin surətindən də görünür ki, iddiaçı N iyul N7-ci il tarixədək hərbi xidmətdə olmuşdur. Dövlət orqanı tərəfindən yol verilmiş bu hal iddiaçının hüquqarının məhdudlaşdırılmasına səbəb olmamalıdır. Həmçinin iddiaçıya məxsus olan НЗ-6555992 saylı hərbi biletin surətindən də görünür ki, iddiaçı N iyul N7-ci il tarixədək hərbi xidmətdə olmuşdur. Eləcə də, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin vətəndaşın həqiqi hərbi xidmət keçməsinə dair elektron arayışa əsasən İddiaçı həqiqətən xx.xx.N-xx.xx.N7 tarixlərində həqiqi hərbi xidmət keçmişdir. Xidməti müddəti başa çatdığına görə (kadr zabitlərindən başqa) ehtiyata buraxılmışdır. Cavabdeh iddia tələbinə etiraz və apellyasiya şikayətinin dəlillərində bildirmişdir ki, iddiaçıya məxsus ******* nömrəli hərbi biletdəki qeydlər iddiaçının N nömrəli hərbi hissədə xidməti və qanuni əsaslarla ehtiyata buraxılması Mərkəzi Arxivdə olan nizami hissə üzrə əmrlərlə təsdiq edilmir. İddiaçıya məxsus hərbi biletin 3,4,8,10-cu səhifəsində olan möhürlər sonradan vurulduğundan mötəbər hesab edilə bilməz. Belə ki, həmin qeydlərin aparıldığı dövrdə yəni, N-N7-ci illər intervalında möhürlərdəki yazı rus və azərbaycan dillərində (kiril qrafikası ilə) həkk olunurdu. Hazırki hərbi biletin yuxarıda qeyd olunan səhifələrinə vurulan möhürdəki yazılar isə latın qrafikası ilə əks edildiyindən, bu həmin möhrülərin sonradan- yəni 2000-ci ildən sonra möhürlərdə yazıların latın qrafikası ilə həkk edildiyi dövrə aid olduğunu və həmin qeydlərin mötəbər olmadığına dəlalət etmiş olur. Bu səbəbdən də həmin qeydlər Mərkəzi arxivdə olan nizami hissə üzrə əmrlərlə təsdiq edilmir. Beləliklə də inzibati iş materiallarında olan Mərkəzi Arxivin 02 noyabr 2023-cü il tarixli 1929 nömrəli arayışına əsasən Müdafiə Nazirliyinin Mərkəzi Arxivində olan N nömrəli hərbi hissə komandirinin avqust-noyabr N, iyul-dekabr N4-cü il, iyul N7-ci il tarixli nizami hissə üzrə əmrlərində İddiaçı xidməti barədə məlumat aşkar edilməmiş, həmçinin əlifba qeydiyyatı kitabında yazılmış N nömrəli hərbi hissə komandirinin N iyul N7-ci il tarixli 196 nöməli əmri Müdafiə Nazirliyinin Mərkəzi arxivində olan N nömrəli hərbi hissə komandirinin iyul N7-ci il tarixli nizami hissə üzrə əmrlərində öz əksini tapmamışdır. Kollegiya cavabdehin sözügedən dəlillərinə münasibətdə qeyd edir ki, işdən göründüyü kimi iddiaçı Müdafiə Nazirinin xx.xx.N7-cü il tarixli N №-li əmrinə əsasən, ehtiyata tərxis olunduğundan hərbi hissə komandirinin xx.xx.N7-ci il tarixli N №-li əmrilə hərbi hissənin şəxsi heyətinin siyahısından çıxarılması barədə məlumat vardır. Şikayətdə qeyd olunan hallar hazırki halda iddiaçının ziyanına şərh oluna bilməz. Belə ki, müharibə veteranı adı və vəsiqəsinin verilməsi üçün zəruri şərtlərdən biri şəxsin döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçməsi və bunun qanunda sadalanmış müvafiq sənədlərdə əks edilməsidir. Qanunvericiliyin yuxarıda göstərilmiş müddəalarından göründüyü kimi döyüş əməliyyatları aparan hərbi hissənin tərkibində xidmət keçməyə dair hərbi biletdəki qeydlərlə yanaşı, həm də hərbi xidmət keçməni sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları da təqdim olunmalıdır. Hazırki halda, işin yuxarıda sadalanan xüsusatlarından iddiaçının N nömrəli hərbi hissənin tərkibində döyüş əməliyyatlarında iştirak etməklə, hərbi xidmət etməsi və bununla əlaqədar hərbi hissə komandirinin xx.xx.N7-ci il tarixli N №-li əmrilə həmin tarixdən xidmətdən ehtiyata buraxılması qanunvericiliyin tələbinə müvafiq olaraq hərbi biletin qeydləri, Azərbaycan Respublikası Müdafiə nazirinin Katibliyi Mərkəzi Arxivinin arxiv arayışı, o cümlədən, N nömrəli hərbi hissənin şəxsi heyətinin əlifba qeydiyyatı kitabından çıxarışla da təsdiq edilir. İşdən görünür ki, Müdafiə Nazirliyinin Mərkəzi Arxivində olan N nömrəli hərbi hissə komandirinin avqust-noyabr N, iyul-dekabr N4-cü il, iyul N7-ci il tarixli nizami hissə üzrə əmrlərində İddiaçı xidməti barədə məlumat aşkar edilməmiş, həmçinin əlifba qeydiyyatı kitabında yazılmış N nömrəli hərbi hissə komandirinin N iyul N7-ci il tarixli 196 nöməli əmri Müdafiə Nazirliyinin Mərkəzi arxivində olan N nömrəli hərbi hissə komandirinin iyul N7-ci il tarixli nizami hissə üzrə əmrlərində öz əksini tapmamışdır. Bununla bağlı kollegiya qeyd edir ki, müvafiq əmrin nizami hissə üzrə əmrlərində öz əksini tapmaması iddiaçının təqsiri olmamaqla, qeyd olunan hal sözügedən əmrin mötəbərliyini şübhə altına almağa əsas vermir. Odur ki, iddiaçının qanuni əsaslarla ordudan tərxis olunması mötəbər sübutlarla təsdiq edildiyindən cavabdehin dəlilləri əsassızdır. Qeyd olunanlara əsasən, kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi iddia tələbini təmin edərkən haqlı olmuşdur, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər.

NƏTİCƏVİ HİSSƏ

Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

QƏRARA ALDİ:

Apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt İnzibati Məhkəməsinin 02 may 2023-cü il tarixli, 2-1(118)-1416/2023 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti 70) vasitəsilə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar