Məhkəmə qərarları › İş №2-1(105)-690/2024

Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(105)-690/2024

29.10.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(105)-690/2024 29.10.2024 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı iş üzrə (Açar sözlər: dövlət vəsaiti hesabına mənzillə təmin edilməsi) Sədrlik edən və məruzəçi hakim X2, hakimlər Quliyev İsmayıl Rza oğlu və X1 ibarət tərkibdə, Hüseynov Mirazər Mirsaleh oğlunun katibliyi, İddiaçı və onun nümayəndəsi Nümayəndə iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı xx.xx.1991-ci il tarixdən xx.xx.1995-ci il tarixədək Ukrayna Respublikasının Poltava Ali Hərbi Rabitə Komandirlər Məktəbində təhsil aldığı dövrün həqiqi hərbi xidmət dövrünə daxil edilərək “Azərbaycan Ordusunun hərbi qulluçularının sosial müdafiəsinin gücləndirilməsi tədbirləri barədə” 28 dekabr 2011-ci il tarixli 569 nömrəli Fərmanına uyğun olaraq dövlət vəsaiti hesabına mənzillə təmin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair inzibati iş üzrə Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(118)-468/2024 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları EZ № ******* nömrəli hərbi biletin surətindən görünür ki, İddiaçı xx.xx.2013-cü il tarixli 0510 nömrəli əmrə əsasən “Hərbi xidmətkemə haqqında Əsasnamə”nin 156-cı maddəsinin ”j” bəndinə əsasən (öz arzusu ilə) ehtiyata buraxılmışdır. İddiaçıya aid hərbi biletin 18-ci bəndində aparılan qeyddən görünür ki, o, xx.xx.1991-ci ildən xx.xx.1995-ci il tarixədək Ukrayna Respublikası Poltava Ali Hərbi Komandirlər Məltəbində kursant kimi təhsil almışdır. İddiaçıya ünvanlanan mətublardan görünür ki, onun Poltava Ali Hərbi Komandirlər Məktəbinə göndərilməsi barədə əmr (məumat) aşkar edilmədiyindən onun həmin məktəbə Müdafiə Nazirliyi tərəfindən göndərilməsi təsdiqlənməmişdir. Cavabdehin iddiaçıya ünvanladığı xx.xx.2022-ci il tarixli məktubdan görünür ki, Heydər Əliyev adına hərbi litseyin 1991-ci il tarixli və Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin sənədləri Müdafiə Nazirinin katibliyi Mərkəzi Arxivə daxil olmadığından Sizin Ukrayna Respublikasının Poltava Ali Hərbi Rabitə Komandanlıq məktəbinə göndərilməyiniz barədə araşdırma apara bilmirik. Qüsursuz xidmətiniz və mənzil verilməsi üçün siyahıya daxil edilməyinə hüquqi qiymət verilməsi barədə məlumat almaq üçün aidiyatı üzrə müvafiq orqanlara müraciət etməyiniz məqsədəuyğundur. Birinci instansiya məhkəməsində icraat İddiaçı cavabdeh qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, Naxçıvanskidən Poltavaya göndərilməsi illəri Azərbaycan Respublikası Silahlı Qüvvələrdəki xidmət illərinə əlavə edilməsi, 20 il qüsursuz xidməti nəzərə alınaraq Müdafiə Nazirliyində tərtib edilən mənzil növbəliyinə alınması barədə qərar çıxarılmasını məhkəmədən xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5180/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərardadı ilə inzibati iş aidiyyəti üzrə baxılması üçün Sumqayıt İnzibati Məhkəməsinə göndərilmişdir. Daha sonra iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.1991-ci il tarixdən xx.xx.1995-ci il tarixədək Ukrayna Respublikasının Poltava Ali Hərbi Rabitə Komandirlər Məktəbində təhsil aldığı dövrün həqiqi hərbi xidmət dövrünə daxil edilərək “Azərbaycan Ordusunun hərbi qulluçularının sosial müdafiəsinin gücləndirilməsi tədbirləri barədə” 28 dekabr 2011-ci il tarixli 569 nömrəli Fərmanına uyğun olaraq dövlət vəsaiti hesabına mənzillə təmin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, ehtiyatda olan mayor İddiaçı Agaməhəmməd oğlu 1974-cü il fevral ayının 13-də Şamaxı şəhərində anadan olmuşdur. 1980-cı ildə Şamaxı şəhər 2 saylı orta məktəbə daxil olmuş, 1988-ci ildə Cəmşid Naxçıvanski hərbi litseyə daxil olmuş və 1991-ci ildə həmin məktəbi bitirmişdir. 1991-ci ildə Ukrayna Respublikasının Poltava şəhərində Ali Hərbi Rabitə Komandanlıq Məktəbinə göndərilmiş və 1995-ci ildə həmin məktəbi "Rabitə vasitələrinin istismarı üzrə mühəndis" ixtisası üzrə bitirmişdir. Məktəbi bitirdikdə ona “leytenant” hərbi rütbəsi verilmiş və o, öz xahişi ilə xidmətini davam etdirmək üçün Azərbaycan Respublikası Müdafiə Nazirliyinin sərəncamına göndərilmişdir. 1995-ci ilin avqust ayından 1996cı ilin dekabr ayına qədər N saylı hərbi hissədə məxfi bölmənin növbə rəisi, 1996-cı ilin dekabr ayından 1997-ci ilin may ayına qədər N saylı hərbi hissədə rabitə bölüyünün idarəetmə tağım komandiri, 1997-ci ilin may ayından 1998-ci ilin dekabr ayına qədər N saylı hərbi hissədə radiokəşfıyyat bölük komandiri, 1998-ci ilin dekabr ayından 2000-ci ilin avqust ayına qədər N saylı hərbi hissənin qarnizon rabitə qovşağının rəisi-qərargah rəisinin məxfi apparatlar üzrə köməkçisi, 2000-ci ilin avqust ayından 2003-cü ilin iyul ayına qədər 476 saylı xususi təyinatlı alayın rabitə rəisi, 2003-cü ilin iyul ayından 2004-ci ilin may ayına qədər N saylı hərbi hissənin rabitə rəisi, 2004-ci ilin may ayından 2005-ci ilin avqust ayına qədər N saylı hərbi hissədə rabitə rəisinin radio üzrə baş köməkçisi, 2005-ci ilin avqust ayından 2010-cu ilin fefral ayına qədər N saylı hərbi hissənin rabitə rəisi Q-6 bölmə rəisi, 2010-cu ilin fevral ayından 2011-ci ilin iyun ayına qədər N saylı hərbi hissədə Q-6 bölmə rəisi, 2011-ci ilin iyun ayından 2013-cü ilin noyabr ayına qədər 502 saylı hərbi mobil rabitə bölməsinin rəisi vəzifələrində xidmət etmişdir. 2013-cü ilin noyabr ayında öz arzusu ilə təxris olunmuşdur,156-cı maddə j- bəndi. Ona 17 iyun 1991-ci ildə “Leytenant”, dekabr 1996-cü ildə “Baş leytenant”, 28 dekabr 1998-ci ildə “Kapitan”, 19 mart 2003-cu ildə “Mayor” hərbi rütbələri verilmişdir. Xidmət etdiyi müddətin 14 ilini döyüş bölgəsində xidmət etmişdir. xx.xx.2007-ci il tarixdə “Qüsursuz xidmətə görə” 3-cü dərəcəli, xx.xx.2010-cu il tarixdə “Qüsursuz xidmətə görə” 2-ci dərəcəli medalı, xx.xx.2008-ci il tarixində “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 90 illiyi (1918-2008)” yubiley medalı, xx.xx.2009-cu il tarixində “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 10 illiyi (1991-2001)" yubiley medalı ilə də təltif olunmuşdur. O, mənzil növbəsinə götürülməsui ilə bağlı cavabdehə müraciət etdikdə onun 20 il qüsursuz xidmət etməsi sual altına alınmışdır. Belə ki, onun Ukraynada aldığı təhsili cavabdeh hərbi xidmət illərinə daxil etməkdən imtina etmişdir. Cavabdehin iddia tələbinə dair etirazının dəlilləri Cavabdeh iddia tələbinə qarşı etirazında qeyd etmişdir ki, İddiaçı Azərbaycan Ordusu sıralarında 8 iyul 1995-ci il tarixdən 11 noyabr 2013-cü il tarixədək xidmət keçmişdir. Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Ordusunun hərbi qulluqçularının sosial müdafiəsinin gücləndirilməsi tədbirləri barədə 28 dekabr 2011-ci ii tarixli 569 nömrəli Fərmanına əsasən İddiaçı Azərbaycan Ordusu sıralarında 20 təqvim ili xidmətə malik deyildir. Bununla əlaqədar olaraq, iddiaçının dövlət vəsaiti hesabına mənzillə təmin edilməsinə dair müraciətinə Müdafiə Nazirliyin Mənzil İstismar İdarəsində baxılmış və müvafiq cavab məktubu iddiaçıya təqdim edilmişdir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(118)-468/2024 nömrəli qərarı ilə iddia təmin edilmiş, İddiaçı xx.xx.1991-ci il tarixdən xx.xx.1995-ci il tarixədək Ukrayna Respublikasının Poltava Ali Hərbi Rabitə Komandirlər Məktəbində təhsil aldığı dövr onun həqiqi hərbi xidmət dövrünə daxil edilərək “Azərbaycan Ordusunun hərbi qulluçularının sosial müdafiəsinin gücləndirilməsi tədbirləri barədə” 28 dekabr 2011-ci il tarixli 569 nömrəli Fərmanına uyğun olaraq dövlət vəsaiti hesabına mənzillə təmin edilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin üzərinə qoyulması qərara alınmışdır (hakim Vəfa Əzizova). Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, məhkəmə araşdırması zamanı həmin əmr birbaşa aşkar edilməsə də, sübutlara məcmusu qaydada qiymət verdikdə iddiaçının həmin məktəbə Azərbaycan Respublikası Müdafiə Nazirliyi tərəfindən göndərilməsi təsdiq edilir. Belə ki, cavabdeh özü 1988-ci ilin avqust ayında C.Naxçıvanski adına Bakı İbtidai Hərbi Məktəbinə qəbul olunması, 1989-cu il tarixdə ll kursa keçməsi, 1990-cı ildə isə lll kursa keçməsi barədə məlumat verilir. Bundan sonra iddiaçının Ukrayna Respublikası Müdafiə nazirinini xx.xx.1995-ci il tarixli 252 nömrəliu əmrinə əsasən Azərbaycan Respublikası Müdafiə Nazirliyinin sərəncamına göndərilməsi Müdafiə nazirliyinin məktubunda qeyd edilmişdir. İddiaçıya 2004-cü ildə təqdim edilmiş “10 il qüsursuz xidmətə görə” medalında “1991- 2001-ci illər” qeyd edilmişdir. “Azərbaycan Ordusunun hərbi qulluçularının sosial müdafiəsinin gücləndirilməsi tədbirləri barədə” 28 dekabr 2011-ci il tarixli 569 nömrəli Fərmanı ilə Azərbaycan Ordusunun 20 təqvim ili və daha çox qüsursuz xidmət etmiş hərbi qulluqçuları dövlət vəsaiti hesabına mənzillə təmin edilməsi qərara alınmışdır. Cavabdeh qərardan apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsi və iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmə qərarı əsassız olduğundan ləğv edilməlidir. Azərbaycan Respublikası Prezidentinin "Azərbaycan Ordusunun hərbi qulluqçularının sosial müdafiəsinin gücləndirilməsi tədbirləri barədə" 28 dekabr 2011-ci il tarixli 569 nömrəli Fərmanına əsasən Azərbaycan Ordusunun 20 təqvim ili və daha çox qüsursuz xidmət etmiş hərbi qulluqçuları dövlət vəsaiti hesabına mənzillə təmin edilir. Belə ki, iddiaçı В.A.Fərmanlı Azərbaycan Ordusu sıralarında 8 iyul 1995-ci il tarixdən 11 noyabr 2013-cü il tarixədək xidmət keçmiş və Azərbaycan Ordusu sıralarında 20 təqvim ili xidmətə malik deyildir. İddia tələbini təmin edən birinci instansiya məhkəməsi İddiaçı 01 avqust 1991-ci il tarixdən 17 iyun 1995-ci il tarixədək Ukrayna Respublikasının Poltava Ali Hərbi Rabitə Komandirlər Məktəbində təhsil aldığı dövrün onun həqiqi hərbi xidmət dövrünə daxil edilməli olduğu qənaətinə gəlmişdir. Məhkəmənin qeyd olunan mövqeyi ilə razılaşmayaraq “Azərbaycan Ordusunun hərbi qulluqçularının sosial müdafiəsinin gücləndirilməsi tədbirləri barədə" 28 dekabr 2011-ci il tarixli 569 nömrəli Fərmanına əsasən Azərbaycan Ordusunda 20 təqvim ili və daha çox qüsursuz xidmət etmiş hərbi qulluqçuların mənzillə təmin edilməsi nəzərdə tutulduğundan məhkəmənin qeyd olunan mövqeyi əsaslı hesab edilə bilməz. Bu səbəbdən də birinci instansiya məhkəməsi tərəfindən inzibati işin qeyd olunan xüsusatları tam və hərətəfli araşdırılmamış, iddia tələbi əsassız olaraq təmin edilmişdir. İddiaçının apellyasiya şikayətinə qarşı etirazı daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında iştirak etmiş İddiaçı və nümayəndəsi Nümayəndə apellyasiya şikayətinə etiraz edərək, öz izahatlarında apellyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdilər. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada dəfələrlə xəbərdar olunmağına baxmayaraq iş üzrə cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Silahlı Qüvvələri haqqında Qanun: Maddə 1.0. Bu Qanunda istifadə edilən əsas anlayışlar aşağıdakılardır: 1.0.1. Azərbaycan Respublikasının Silahlı Qüvvələri - Azərbaycan Respublikasının müstəqilliyinin, suverenliyinin, ərazi bütövlüyünün qorunması, habelə təhlükəsizliyinin və müdafiəsinin təmin edilməsi məqsədilə yaradılmış, Azərbaycan Ordusundan və başqa silahlı birləşmələrdən ibarət hərbi təsisat; 1.0.2. Azərbaycan Ordusu - Silahlı Qüvvələrin əsas tərkib hissəsi olmaqla Azərbaycan Respublikasına qarşı yönəlmiş təcavüzün dəf edilməsini, ərazi bütövlüyünün və toxunulmazlığının silahlı müdafiəsini təmin edən və fəaliyyəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən təşkil edilən silahlı birləşmə; 1.0.3. Azərbaycan Respublikasının başqa silahlı birləşmələri - Silahlı Qüvvələrin tərkib hissəsi olmaqla bu Qanunla müəyyən edilmiş xüsusi vəzifələri yerinə yetirən və hərbi xidmət nəzərdə tutulan dövlət orqanları (dövlət orqanlarının strukturuna daxil olan qurumlar). Başqa silahlı birləşmələrə aid dövlət orqanlarının (dövlət orqanlarının strukturuna daxil olan qurumların) siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir. “Azərbaycan Ordusunun hərbi qulluqçularının sosial müdafiəsinin gücləndirilməsi tədbirləri barədə” Azərbaycan Respublikası Prezidentinin 569 nömrəli, 2011-ci il 28 dekabr tarixli Fərmanı: Bənd 1. Azərbaycan Ordusunun 20 təqvim ili və daha çox qüsursuz xidmət etmiş hərbi qulluqçuları dövlət vəsaiti hesabına mənzillə təmin edilsinlər. Bənd 2. Bu Fərmanın 1-ci hissəsinə uyğun olaraq dövlət vəsaiti hesabına mənzillərlə təmin olunan hərbi qulluqçuların siyahısını hazırlamaq, tələb olunan mənzillərin sayını və bölgüsünü müəyyən etmək məqsədi ilə aşağıdakı tərkibdə Komissiya yaradılsın. Bənd 3-1. Bu Fərmanın məqsədləri üçün “qüsursuz xidmət” müddəti dedikdə, bu Fərmanın 3-2-ci hissəsində nəzərdə tutulan müddət istisna olmaqla, hərbi qulluqçuların həqiqi hərbi xidmət müddəti nəzərdə tutulur. 3-2. Aşağıdakı müddətlər hərbi qulluqçunun qüsursuz hərbi xidmət müddətinə daxil edilmir: 3-2.1. hərbi rütbəni aşağı salma intizam tənbehinin daha əvvəl hərbi qulluqçunun üzərindən götürülməsi halları istisna olmaqla, həmin intizam tənbehi tətbiq edildiyi gündən bir il müddəti; 3-2.2. hərbi xidmət əleyhinə olan inzibati xəta törədilməsinə görə çıxarılmış inzibati tənbeh vermə haqqında qərarın icrasını bitirdiyi gündən bir il müddəti; 3-2.3. məhkumluğun olduğu müddət. 3-3. Azərbaycan Ordusunun 20 təqvim ili və daha çox xidmət etmiş hərbi qulluqçusu bu Fərmanın 3-2-ci hissəsində nəzərdə tutulmuş müddətlərdə bu Fərmana uyğun olaraq dövlət vəsaiti hesabına mənzillə təmin edilə bilməz. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi: Maddə 34.1. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2024-cü il tarixli qərardadı ilə apellyasiya şikayəti mümkün sayılmışdır. Apelyasiya şikayətində birinci instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. Apellyasiya instansiyasi məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası işdə iştirak edən şəxslərin izahatını dinləyib, iş materiallarını araşdırıb, apellyasiya şikayətinin dəlillərinə qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli, iddia təmin edilməməlidir. Hazırki iş üzrə iddia tələbi qüsursuz xidmət illərinə görə dövlət vəsaiti hesabına mənzilin verilməsi ilə bağlı olmuşdur. Cavabdeh inzibati orqan imtinasını onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 20 təqvim ili və daha çox qüsursuz xidmət etmiş hərbi qulluqçuları dövlət vəsaiti hesabına mənzillə təmin edilməlidirlər. Birinci instansiya məhkəməsi tərəfindən iddia tələbi təmin edilməsi barədə qərar qəbul edilmişdir. Məhkəmə kollegiyası hazırki iş üzrə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayaraq, aşağıdakıları qeyd edir. İşin müəyyən edilmiş hallarından görünür ki, cavabdeh inzibati orqan iddiaçıya münasibətdə onun 1995-2013-cü illərdə xidmət illərini qəbul edərək, onun 20 təqvim ilin qüsursuz xidmət ili tamamlanmadığından, müraciətini təmin etməmişdir. İşin mübahisəli halı ondan ibarətdir ki, cavabdeh inzibati orqan iddiaçının 1991-1995-ci illərdə Ukrayna Respublikasının Poltava Ali Hərbi Komandirlər Məktəbində təhsil aldığı dövrü mübahisələndirərək, keçmiş SSSR Silahlı Qüvvələrində xidmət illəri hesab edərək, həmin dövrü Azərbaycan Ordusunda xidmət illərinə daxil etməmiş, bu səbəbdən də iddiaçının məhz Azərbaycan Ordusunda 20 təqvim ili və daha çox xidmət illərinə malik olmadığını, müvafiq Fərmanın təsiri altına düşmədiyini qeyd etmişdir. Qeyd edilməlidir ki, iddiaçının hüquqi marağı Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Ordusunun hərbi qulluqçularının sosial müdafiəsinin gücləndirilməsi tədbirləri barədə” 569 nömrəli, 2011-ci il 28 dekabr tarixli Fərmanına əsasən ona dövlət vəsaiti hesabına mənzil verilməsindən ibarətdir. Azərbaycan Ordusunun hərbi qulluqçularının sosial müdafiəsinin gücləndirilməsi tədbirləri barədə“ Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 28 dekabr tarixli, 569 nömrəli Fərmanının (Azərbaycan Respublikası Prezidentinin 15 noyabr 2021-ci il tarixli, 1476 nömrəli Fərmanı ilə “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının sosial müdafiəsinin gücləndirilməsi tədbirləri barədə” Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 28 dekabr tarixli, 569 nömrəli Fərmanında dəyişiklik edilmişdir) 1-ci hissəsində Azərbaycan Ordusunun 20 təqvim ili və daha çox qüsursuz xidmət etmiş hərbi qulluqçularının dövlət vəsaiti hesabına mənzillə təmin edilməsi nəzərdə tutulmuşdur. Eyni zamanda, bu Fərmanın 1-ci hissəsinə uyğun olaraq dövlət vəsaiti hesabına mənzillərlə təmin olunan hərbi qulluqçuların siyahısını hazırlamaq, tələb olunan mənzillərin sayını və bölgüsünü müəyyən etmək məqsədi ilə Komissiyanın yaradılması da nəzərdə tutulmuşdur və Komissiyaya tapşırılmışdır ki, siyahının hazırlanması zamanı hərbi qulluqçuların qüsursuz hərbi xidmət müddətini, döyüş əməliyyatlarında iştirakını, hərbi rütbəsini, tutduğu vəzifənin xüsusiyyətlərini, ailə üzvlərinin sayını, yaşayış şəraitini nəzərə alsın və hazırlanmış siyahını Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə təqdim etsin. Qeyd edilən qanunvericilik normasının dispozitiv şərtlərinə əsasən dövlət hesabına mənzil almaq hüququna məhz Azərbaycan Ordusunun 20 təqvim ili və daha çox qüsursuz xidmət etmiş hərbi qulluqçuları malikdir. Həmçinin, digər qanunvericilik normasının tələbinə əsasən Azərbaycan Ordusu dedikdə Silahlı Qüvvələrin əsas tərkib hissəsi olmaqla Azərbaycan Respublikasına qarşı yönəlmiş təcavüzün dəf edilməsini, ərazi bütövlüyünün və toxunulmazlığının silahlı müdafiəsini təmin edən və fəaliyyəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən təşkil edilən silahlı birləşmə başa düşülür. Göründüyü kimi qeyd edilən qanunvericilik normasının dispoztiv şərtində məhz Azərbaycan Ordusunun 20 təqvim ili və daha çox qüsursuz xidmət etmiş hərbi qulluqçularının dövlət hesabına mənzil almaq hüququ olmuşdur. SSSR Silahlı Qüvvələrində xidmət illəri həmin normanın dispozitiv şərtində ehtiva olunmamışdır. Bu baxımından məhkəmə kollegiyası hesab edir ki, cavabdeh inzibati orqan iddiaçıya münasibətdə məhz Azərbaycan Ordusunda qüsursuz xidmət etdiyi 1995-2013-cü illərə aid dövrü əsas götürməklə, keçmiş SSSR Silahlı Qüvvələrində xidmət etdiyi (təhsil aldığı) dövrü nəzərə almamaqda haqlı olmuşdur. Buna baxmayaraq, birinci instansiya məhkməsi təərfindən işin halları tam araşdırılmamış, qanunvericilik normasının tələbləri düzgün tətbiq edilməmiş, cavabdehin hərəkətləri qanunauyğun olduğu halda, cavabdehin imtinasını əsassız hesab etməkdə haqlı olmamış, bununla da iş üzrə gəldiyi nəticə qanuni və əsaslı olmamış, cavabdehin apellyasiya şikayətinin dəlilləri əsaslı olmuşdur. Həmçinin, məhkəmə kollegiyası iddiaçının istinad etdiyi hallarla bağlı onu qeyd edir ki, Azərbaycan Respublikasının “Qüsursuz xidmətə görə” medalının Əsasnaməsinin və təsvirinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının 2002-ci il 17 may tarixli, 330-İİQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Qüsursuz xidmətə görə” medalı haqqında Əsasnamənin 1ci bəndinə əsasən “Qüsursuz xidmətə görə” medalı ilə Azərbaycan Respublikası Silahlı Qüvvələrində qüsursuz həqiqi hərbi xidmət keçən, hər il iyun ayının 26-na qədər 10, 15 və 20 təqvim ili tamam olmuş hərbi qulluqçular təltif edilirlər. Həmin Əsasnamənin 2-ci bəndinə əsasən “Qüsursuz xidmətə görə” medalının üç dərəcəsi vardır:“Qüsursuz xidmətə görə” 1-ci dərəcəli medal - Silahlı Qüvvələrdə 20 təqvim ili xidmətə görə;“Qüsursuz xidmətə görə” 2-ci dərəcəli medal - Silahlı Qüvvələrdə 15 təqvim ili xidmətə görə;“Qüsursuz xidmətə görə” 3-cü dərəcəli medal - Silahlı Qüvvələrdə 10 təqvim ili xidmətə görə… İş materiallarından görünür ki, iddiaçıya “Qüsursuz xidmətə görə” 3-cü dərəcəli medalı 25 iyun 2007-ci il tarixli Əmr əsasında verilmişdir. Qeyd edilən medal məhz Silahlı Qüvvələrdə 10 təqvim ili xidmətinə görə verilir. Göründüyü kimi həmin halda da iddiaçının məhz Azərbaycan Silahlı Qüvvələrində qüsursuz xidmət illəri nəzərə alınmış, 1991-1995-ci illərə aid dövr onun qüsursuz xidmət illəri kimi nəzərə alınmamışdır. Bu baxımından məhkəmə kollegiyası hesab edir ki, iddiaçının həmin dövrün xidmət illəri kimi nəzərə alınmaqla, ona medal verilməsi ilə bağlı istinad etdiyi arqumenti də əsassız olmaqla, iş materialları əsasında təkzib olunmuşdur. Qeyd edilən hallara əsasən məhkəmə kollegiyası hesab edir ki, iddiaçının iddia tələbi qanunvericilik normasının dispozitiv şərtləri ilə uzlaşmadığından, iddiaçı qeyd edilən iddia tələbini irəli sürməkdə haqlı olmamışdır. Bu baxımından məhkəmə kollegiyası hesab edir ki, iddiaçıya münasibətdə cavabdehin hərəkətləri qanunauyğun olmuş, nəticə etibarilə cavabdehin apellyasiya şikayətinin dəlilləri əsaslı olmuş, birinci instansiya məhkəməsi tərəfindən işin hallarına qanunvericilik normasının tələbi baxımından düzgün hüquqi qiymət verilməmiş, bununla da iş üzrə gəldiyi nəticə yanlış olmuşdur. Beləliklə, məhkəmə kollegiyası qeyd olunan halları əsas götürərək, hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli, iddia təmin edilməməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Apellyasiya şikayəti təmin edilsin. Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(118)-468/2024 nömrəli qərarı ləğv edilsin. İddia təmin edilməsin. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti, 70) vasitəsilə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar