Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(105)-690/2025 23.07.2025 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Axundov Toğrul Bəhruz oğlu (sədrlik edən və məruzəçi), Babayeva Hökümə Çingiz qızı və Hacıyev Vahid Məcid oğlundan ibarət tərkibdə, Məmmədova Jalə Həsən qızının katibliyi, İddiaçı, onun vəkili və nümayəndəsi X1, cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X3 şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının nümayəndəsi Nümayəndə3 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə X3 Şəxsin Xüsusi Şərtlərlə Təyinatı üzrə Mərkəzi Filialına qarşı “əmək pensiyasının yenidən hesablanması haqqında qərarın ləğv edilməsi və müdaxilədən əvvəlki pensiya məbləği bərpa edilməsi” tələbinə dair inzibati mübahisə üzrə Sumqayıt İnzibati Məhkəməsinin 16 may 2025-ci il tarixli, 2-1(118)- 4181/2025 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. İŞİN HALLARİ: İş materiallarında olan iddiaçıya məxsus AZE seriyalı, 15655796 nömrəli “şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, iddiaçı xx.xx.1965-ci il tarixdə anadan olmuşdur. İddiaçıya xx.xx.2017-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmişdir. İddiaçının əmək pensiyası xx.xx.2023-cü il tarixdə “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 37.3.1-ci maddəsinə əsasən, yenidən hesablanaraq 566,73 manat məbləğində müəyyən edilmişdir. Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının xx.xx.2024-cü il tarixli 3-17-1/3-3-11318/2024 nömrəli qərarından görünür ki, İddiaçı əmək pensiyasının yenidən hesablanması və 482,05 manat məbləğində müəyyən edilməsi qərara alınmışdır. İddiaçı cavabdeh Azərbayan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi şərtlərlə Təyinat üzrə Mərkəzi filialına ərizə ilə müraciət edərək sonuncu qərarın ləğv edilməsi, tutulan pul məbləğinin geri qaytarılmasını xahiş etmişdir. Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi iddiaçının müraciətinin icrasından imtina edilmişdir. Verilən imtina cavabı ilə razılaşmayan iddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinatı üzrə Mərkəzi Filialının üzərinə 15 avqust 2024-cü il tarixdən güzəştli şərtlərlə pensiya təyin edilməsi və ödənilməsi öhdəliyinin qoyulması barədə qərar qəbul edilməsini xahiş edilmişdir. Daha sonra iddiaçının nümayəndəsi və vəkili iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə birinci instansiya məhkəməsinə müraciət edərək, Dövlət Sosial Müdafiə X3 şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən qəbul edilmiş əmək pensiyasının yenidən hesablanması haqqında xx.xx.2024-cü il tarixli 3-17-1/3-3-11318/2024 nömrəli qərarının ləğv edilməsi və müdaxilədən əvvəlki pensiya məbləğinin bərpa edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ Birinci instansiya məhkəməsində icraat: İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı əmək fəaliyyətinə erkən yaşlarda başlamışdır. Uzun müddət zərərli şərtlərlə işləmişdir. 24 sentyabr 2017-ci il tarixində fondun Sumqayıt şəhər şöbəsi tərəfindən ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmişdir. İddiaçı bir müddət güzəştli şərtlərlə yaşa görə əmək pensiyası 630 (altı yüz otuz) manat alsa da, sonradan əmək pensiyasında azalma baş vermişdir və iddiaçı 482 ( dörd yüz səksən iki) manat almağa başlamışdır. İddiaçı pensiyasının yenidən güzəştli şərtlərlə hesablanması üçün fonda müraciət etsə də, ona imtina verilmişdir. Cavabdehin iddia tələbinə dair etirazının dəlilləri: Cavabdeh iddia tələbinə etirazında qeyd etmişdir ki, iddiaçı N.Canıyevin əmək pensiyası xx.xx.2023-cü il tarixçə “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 37.3.1-ci maddəsinə əsasən, yenidən hesablanaraq 566,73 manat məbləğində müəyyən edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 aprel 2022-ci il tarixli 175 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydası”nın 6.1-ci bəndinə əsasən, əmək pensiyaçısının müraciəti, yaxud Fondun fəaliyyət istiqamətlərinə uyğun olaraq apardığı yoxlamalar nəticəsində əmək pensiyasının məbləğinin düzgün hesablanmadığı aşkar edildikdə əmək pensiyaları yenidən hesablanır. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 28.1.2-ci maddəsinə əsasən, inzibati orqanın təşəbbüsü və ya qanunla nəzərdə tutulmuş hallarda inzibati orqanın inzibati aktı qəbul etmək vəzifəsi inzibati icraatın başlanılması üçün əsasdır. Bununla əlaqədar olaraq, iddiaçı N.Canıyev barəsində inzibati icraat başlamışdır. Həmin inzibati icraatın gedişində Mərkəzi Filial tərəfindən iddiaçının müraciəti əsasında xx.xx.2023-cü il tarixdən əmək pensiyası yenidən hesablanaraq 433,50 manat (xx.xx.2024-cü il tarixə indeksləşdirilməklə 482,05 manat) məbləğində müəyyən edilməli olduğu halda, 566,73 manat məbləğində müəyyən edildiyi aşkar olunmuşdur. İddiaçı N.Canıyevə xx.xx.2022-ci il tarixdən əvvəl, yəni xx.xx.2017-ci il tarixdə pensiya təyin olunmasına baxmayaraq, əmək pensiyası yenidən hesablanarkən fərdi hesabının sığorta hissəsində toplanmış pensiya kapitalı qanunvericiliyə uyğun olaraq gözlənilən pensiya ödənişi müddəti aylarının sayına 156 aya (65 il-58 il =84 ay+(144 ay-72 ay))) bölünməli olduğu halda, səhvən 72 aya bölünmüşdür. Belə ki, iddiaçının əmək pensiyası yenidən hesablandıqdan sonra 31,08.2023-cü il tarixdən işləməyən əmək pensiyaçısı kateqoriyasına keçməyi ilə əlaqədar işləyən əmək pensiyaçısı olduğu dövrdə fərdi hesabının sığorta hissəsində qeydə alınmış 16581,24 manat pensiya sığorta kapitalı Qanunun 37.3.1- ci maddəsinin və 45-ci maddəsinin ikinci cümləsinin tələblərinə uyğun qaydada gözlənilən pensiya ödənişi müddətinin aylarının sayına - 156 aya bölünməklə əmək pensiyasının (327,21 manat) üzərinə 106,29 manat (16581,24:156) əlavə edilərək həmin tarixdən pensiya məbləğinin 433,50 manata (327,21+106,29) artırılmalı (indeksləşdirilərək xx.xx.2024-cü il tarixə 482,05 manat) olduğu halda, səhvən 566,73 manata (indeksləşdirilərək xx.xx.2024- cü il tarixə 630,21 manat) artırılmaqla ödənilmişdir. Göstərilənlərlə əlaqədar, iddiaçı N.Canıyeva təyin edilmiş əmək pensiyası cavabdeh inzibati orqan tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, 3-17-1/3-3-11318/2024 nömrəli “Əmək pensiyasının yenidən hesablanması haqqında” qərarla qanunvericiliyin tələblərinə uyğun qaydada yenidən hesablanaraq, 482,05 manat məbləğində müəyyən edilmişdir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: Sumqayıt İnzibati Məhkəməsinin 16 may 2025-ci il tarixli, 2-1(118)-4181/2025 nömrəli qərarı ilə iddia təmin edilmiş Cavabdeh Dövlət Sosial Müdafiə X3 şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən qəbul edilmiş əmək pensiyasının yenidən hesablanması haqqında xx.xx.2024-cü il tarixli 3-17-1/3-3-11318/2024 nömrəli qərar ləğv edilsin və müdaxilədən əvvəlki pensiya məbləği bərpa edilmişdir. (hakim Mehriban Mahmudlu-Abbaszadə). Məhkəmə qərarını onunla əsaslandırmışdır ki, “Əmək pensiyaları haqqında” Qanununda dəyişiklik edilməsi barədə xx.xx.2022-ci il tarixli Qanunun 2.2-ci maddəsinə (keçid müddəalarına) əsasən, müəyyən edilmiş tənzimləmə (qanunun qüvvəyə mindiyi günədək təyin edilmiş yaşa görə əmək pensiyalarının (əmək pensiyası təyin olunduqdan sonra toplanmış pensiya kapitalı əsasında) yenidən hesablanması hallarına münasibətdə tətbiq edilməməsi) yuxarıda qeyd edilənlər əsasında təfsir və tətbiq edilməlidir. “Əmək pensiyaları haqqında” Qanunun 45-ci maddəsi Əmək pensiyasının gözlənilən pensiya ödənişi müddəti adlanmaqla xx.xx.2022-ci il tarixli qanunla ləğv olunan ikinci cümləsi (Bu Qanunun 9-cu maddəsinə əsasən, yaşa görə əmək pensiyası təyin olunan şəxslərin əmək pensiyasının sığorta və yığım hissələrinin hesablanmasında gözlənilən pensiya ödənişi müddəti aylarının sayı güzəştli şərtlə pensiyaya çıxma yaşı ilə bu Qanunun 7-ci maddəsi ilə müəyyən edilmiş pensiya yaşı arasındakı ayların sayı qədər artırılır) 10 mart 2017-ci il tarixli Qanun ilə əlavə edilmiş və Qanunun 9-cu maddəsinə əsasən, yaşa görə əmək pensiyası təyin olunması qaydasını tənzimləyir. Odur ki, 10 mart 2017-ci il tarixli Qanun qüvvədə olduğu müddətdə 9-cu maddəyə əsasən, yaşa görə pensiya hüququ yaranmış şəxslərə pensiya məhz qeyd edilən qaydada təyin edilməlidir və normanın (45-ci maddənin ikinci cümləsi) xx.xx.2022-ci il tarixli qanunla ləğv olunması həmin şəxslərə təyin edilmiş yaşa görə əmək pensiyasının yenidən hesablanmasına səbəb olmur. Qərardan narazı qalan cavabdeh apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi və iddianın təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a) Apellyasiya şikayətinin dəlilləri Cavabdeh apellyasiya şikayətini iddia ərizəsinə etirazla eyni məzmunda əsaslandırmış və əlavə olaraq qeyd etmişdir ki, birinci instansiya məhkəməsinin qərarı qanunsuz və əsassız olduğundan ləğv edilməlidir. b) Apellyasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətini müdafiə edərək şikayətlə eyni məzmunda izahat verərək şikayətin təmin edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı və onun vəkili (nümayəndəsi) şikayətin dəlillərini qəbul etməyərək iddia ərizəsi ilə eyni məzmunda izahat verərək şikayətin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişlər. TƏTBİQ EDİLƏN HÜQUQ: Azərbaycan Respublikasının Konstitusiyası Maddə 38. Sosial təminat hüququ İ. Hər kəsin sosial təminat hüququ vardır. ... İİİ. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 1. Əsas anlayışlar 1.0. Bu Qanunun məqsədləri üçün aşağıdakı əsas anlayışlardan istifadə olunur: 1.0.1. əmək pensiyası - bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların (bundan sonra – sığortaolunan) onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanlarin ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir. Maddə 26. Əmək pensiyasının yenidən hesablanması 26.1. 2017-ci il iyulun 1-dək təyin edilmiş əmək pensiyasının baza və sığorta hissəsinin cəmi məbləği dəyişdirilmədən əmək pensiyasının sığorta hissəsinə şərti çevrilməsi aparılır. 26.2. 2017-ci il iyulun 1-dək təyin edilmiş əmək pensiyasının baza hissəsinə əlavələr dəyişdirilmədən əmək pensiyasının sığorta hissəsinə əlavələr kimi nəzərə alınır. 26.3. 2017-ci il iyulun 1-dək bu Qanunun 20-ci maddəsində nəzərdə tutulmuş şəxslərə təyin edilmiş əmək pensiyasının ümumi məbləği 2017-ci il iyulun 1-i tarixinə azaldılmamaqla ödənilir. 26.4. 2022-ci il üzrə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) əmək pensiyaçılarına münasibətdə müəyyən etdiyi maddi yardım 2023-cü il yanvarın 1-dən onların əmək pensiyalarının tərkibinə daxil edilməklə, qulluq stajına görə əlavələr alan əmək pensiyaçılarına münasibətdə aylıq maddi yardım məbləğində, digər əmək pensiyaçılarına münasibətdə isə illik maddi yardımın bir aya düşən hissəsi məbləğində hesablanır. Maddə 29. Əmək pensiyalarının indeksləşdirilməsi https://eqanun.az/framework/11566 29.1. Əmək pensiyasının sığorta hissəsi, bu Qanunun 20-ci maddəsinə əsasən qulluq stajına görə əmək pensiyasına əlavələr təyin edilmiş əmək pensiyaçılarına münasibətdə, həmin əlavələrlə birlikdə müəyyən edilmiş məbləği ildə bir dəfə ölkə üzrə orta aylıq nominal əməkhaqqının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən illik artım tempinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanının qərarına əsasən indeksləşdirilir. 29.1-1. Sığortaolunanların fərdi şəxsi hesabının sığorta hissəsində qeydə alınan pensiya kapitalı ildə bir dəfə müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunan istehlak qiymətləri indeksinin illik səviyyəsinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanının qərarına əsasən indeksləşdirilir. 29.3. Əmək pensiyasının indeksləşdirilməsi bu Qanunun 6-cı maddəsi ilə müəyyən edilmiş əmək pensiyasının ödənişinin maliyyə mənbələrinə uyğun olaraq müvafiq qaydada nəzərdə tutulmuş vəsaitlər dairəsində müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 12. İşin hallarının araşdırılması prinsipi.
1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur.
2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Maddə 87.8 Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 89. Apellyasiya instansiyası məhkəməsinin qərarının qanuni qüvvəyə minməsi Bu Məcəllənin 94.1-ci maddəsində nəzərdə tutulmuş müddətdə şikayətin verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda, məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadı isə 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Şikayətin geri götürülməsi haqqında bəyanat yazılı şəkildə məhkəməyə təqdim olunmalıdır. Maddə 90.1. Apellyasiya instansiyası məhkəməsinin qərar və ya qərardadlarından, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla Ali Məhkəmənin İnzibati kollegiyasına (bundan sonra – Ali Məhkəməyə) şikayət verilə bilər.
APELLYASİYANİN MÜMKÜNLÜYÜ, APELLYASİYA BAXİŞİNİN HƏDLƏRİ Apellyasiya şikayəti vaxtında verilmişdir. Apellyasiya şikayəti formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə apellyasiya mümkün hesab edilmişdir. Birinci instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır.
APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
Məhkəmə kollegiyası tərəflərin izahatını dinləyərək, iş üzrə materialları və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti əsassızdır. Birinci instansiya məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Birinci instansiya məhkəməsinin qərarının ləğv olunması üçün əsaslar müəyyən edilməmişdir. Bu səbəbdən, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Yaranmış mübahisə ilə bağlı kollegiya aşağıdakıları qeyd edir: İşin müəyyən edilmiş faktiki hallarından görünür ki, iddiaçıya xx.xx.2017-ci il tarixdən 52 yaşının tamam olduğu tarixdə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmişdir. Onun əmək pensiyası xx.xx.2023-cü il tarixdə “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 37.3.1-ci maddəsinə əsasən, yenidən hesablanaraq 566,73 manat məbləğində müəyyən edilmişdir. Daha sonra “Əmək pensiyasının yenidən hesablanması haqqında” xx.xx.2024-cü il tarixli 3-17-1/3-3-11318/2024 nömrəli qərarına əsasən xx.xx.2017-ci il tarixdə təyin edilmiş, hazırkı 630,21 manat pensiya məbləği yenidən hesablanaraq, 482,05 manat məbləğində təyin edilmiş, yenidən (ikinci dəfə) hesablamanın səbəbi “yenidən hesablama (m.45 tətbiq edilməklə)” olaraq göstərilmişdir. Hazırda iddiaçı cavabdehin xx.xx.2024-cü il tarixli 3-17-1/3-3-11318/2024 nömrəli qərarının ləğv edilməsi, eyni zamanda əvvəlki pensiya məbləğinin bərpa edilməsini tələb edir. Cavabdeh orqanın dəlilləri (imtinanın, etirazın, şikayətin) ondan ibarətdir ki, iddiaçıya 29 iyun 2022-ci il tarixdən əvvəl, yəni xx.xx.2017-ci il tarixdə pensiya təyin olunmasına baxmayaraq, əmək pensiyası yenidən hesablanarkən fərdi hesabının sığorta hissəsində toplanmış pensiya kapitalı qanunvericiliyə uyğun olaraq gözlənilən pensiya ödənişi müddəti aylarının sayına 156 aya (65 il-58 il =84 ay+(144 ay-72 ay))) bölünməli olduğu halda, səhvən 72 aya bölünmüş və nəticədə iddiaçıya artıq pul vəsaiti ödənilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 16 yanvar 2025ci il tarixli, 2-1(102)-53/2025 nömrəli qərarında da göstərilmişdir ki, “iddiaçının pensiya çıxdıqdan sonra işləməsi və onun pensiya kapitalında müvafiq məbləğin toplanması işin mübahisəsiz halıdır və həmin kapital əsasında onun pensiyası “Əmək pensiyaları haqqında” Qanunun 37.3.1-ci maddəsinə əsasən yenidən hesablandıqda pensiya məbləği artacaqdır. Bu səbəbdən iddiaçının əmək pensiyası 45-ci maddənin tələbinə əsasən deyil, 37.3.1-ci maddənin tələbinə istinad olunmaqla yenidən hesablanmalıdır.” Kollegiya qeyd edir ki, “Əmək pensiyaları haqqında” Qanunun 37.3.1-ci maddəsi pensiya təyin olunduqdan sonra işləməyə davam edən şəxslərin pensiyasının artırılmasını nəzərdə tutur. Nəzərə alınmalıdır ki, həmin maddənin tətbiqi üçün iki əsas şərt nəzərdə tutulmuşdur: - şəxs işləyən əmək pensiyaçısı olmalıdır. - pensiya təyin olunandan sonrakı dövr üzrə qazanılan sığorta və yığım hissələri üzrə pensiya kapitalı toplanmalıdır. Bundan əlavə, bu maddəyə əsasən pensiyanın yenidən hesablanması üçün iki hal nəzərdə tutulur: ya şəxs işləməyən əmək pensiyaçısı kateqoriyasına keçməlidir, ya da pensiya təyin olunandan sonra 6 il və daha çox müddət işləməlidir. İş materialları ilə müəyyən olunur ki, iddiaçı pensiya təyin olunduqdan sonra işləməyə davam etmiş, pensiya kapitalı toplanılmış və 6 ildən çox işləmişdir. Buna görə onun pensiyası 37.3.1-ci maddəyə uyğun yenidən hesablanmalıdır və 45-ci maddə tətbiq olunmamalıdır. Həmçinin, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.6-cı maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə, 25-ci maddəsinə, 29-cu maddəsinin İ və İV hissələrinə, 38-ci maddəsinin İ və İİİ hissələrinə, 149-cu maddəsinin İ və İİİ hissələrinə uyğunluğunun yoxlanılmasına dair 2 fevral 2022-ci il tarixli qərarında qeyd olunmuşdur ki, qanunverici “Əmək pensiyaları haqqında” Qanunun 37.3.1-ci maddəsində pensiyaya çıxmasına baxmayaraq, hər hansı sahədə əmək fəaliyyətini davam etdirən şəxslərin ödədikləri məcburi dövlət sosial sığorta haqları hesabına pensiya kapitalının sığorta, habelə yığım hissələri üzrə toplanmanın davam etdiyini, həmin şəxsin sonradan işləməyən əmək pensiyaçısı kateqoriyasına keçdikdə və ya işləməyə davam etdiyi təqdirdə hər 6 ildən bir əmək pensiyalarının bu maddədə nəzərdə tutulmuş qaydada yenidən hesablanmalı olduğunu imperativ qaydada müəyyən etmişdir. Bundan başqa kollegiya qeyd edir ki, 45-ci maddənin xx.xx.2017-ci il tarixdən xx.xx.2022-ci il tarixədək qüvvədə olmuş ikinci cümləsində qeyd edilir ki, bu Qanunun 9cu maddəsinə əsasən yaşa görə əmək pensiyası təyin olunan şəxslərin əmək pensiyasının sığorta və yığım hissələrinin hesablanmasında gözlənilən pensiya ödənişi müddəti aylarının sayı güzəştli şərtlə pensiyaya çıxma yaşı ilə bu Qanunun 7-ci maddəsi ilə müəyyən edilmiş pensiya yaşı arasındakı ayların sayı qədər artırılır. xx.xx.2022-ci il tarixdə “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununda dəyişiklər edilməsinə dair 530-VİQD nömrəli Qanun qəbul edilmiş (həmin Qanun xx.xx.2022-ci il tarixdən qüvvəyə minmiş) və Qanunun 1.11-ci maddəsinə əsasən “Əmək pensiyaları haqqında” Qanunun 45-ci maddəsinin sözügedən ikinci cümləsi Qanundan çıxarılmışdır. Həmin Qanunun keçid müddəalarının 2.2-ci bəndində qeyd edilmişdir ki, qeyd olunan 1.11-ci maddənin Qanunun qüvvəyə mindiyi günədək təyin edilmiş yaşa görə əmək pensiyalarının yenidən hesablanmasına, eləcə də həmin günədək pensiya hüququ yaranmış şəxslərə yaşa görə əmək pensiyasının təyin edilməsi və yenidən hesablanması hallarına münasibətdə tətbiq edilmir. Kollegiya qeyd etməyi zəruri hesab edir ki, 45-ci maddənin ikinci cümləsinin məzmunundan göründüyü kimi bu norma əmək pensiyasının təyin edilməsi ilə bağlı münasibətləri tənzimləyir. Hazırkı halda isə iddiaçıya 2017-ci ildən güzətşli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmiş, daha sonra xx.xx.2023-cü il tarixli qərar qəbul edilərkən qanununun tələblərinə uyğun olaraq (37.3.1) iddiaçının əmək pensiyası yenidən hesablamış, sonuncu dəfə xx.xx.2024-cü il tarixli qərarla isə 45-ci maddənin xx.xx.2017-ci il tarixdən xx.xx.2022ci il tarixədək qüvvədə olmuş ikinci cümləsini tətbiq edərək iddiaçının pensiyasını yenidən (ikinci dəfə) hesablamış, xx.xx.2023-cü il il tarixli qərar ləğv edilmişdir. Kollegiya qeyd edir ki, həmin norma pensiyanın yenidən hesablanması deyil, təyin edilməsi qaydasını müəyyən etdiyindən həmin normanın ləğvi ilə bağlı keçid müddəaları sığorta kapitalı əsasında pensiyanın yenidən hesablanması şərtlərini müəyyənləşdirə, yəni normanın tənzimləmədiyi münasibətlərin ulktraaktivliyini şərtləndirə bilməz. Çünki, 45-ci maddənin ləğv olunmuş ikinci cümləsi qüvvədə olduğu müddətdə pensiyanın yenidən hesablanması qaydasını deyil, məhz (yalnız) pensiyanın təyin edilməsi qaydasını tənzimləyir. Pensiyanın təyin edilməsi və yenidən hesablanması isə fərqli hüquqi hallar və tənzimləmədir. Odur ki, yuxarıda qeyd edildiyi kimi norma tənzimləmədiyi münasibətlərə və faktlara münasibətdə ultraaktiv ola (yaşana) bilməz. Kollegiya onu da nəzərə alır ki, iddiaçıya güzəştli şərtlərlə ilkin pensiya təyinatı 45-ci maddənin sözügedən ikinci cümləsinin qüvvəyə mindiyi və qüvvədən düşdüyü tarixlər aralığında olsa da, nəzərə alınmalıdır ki, cavabdeh inzibati orqan pensiyanın təyin edilməsi zamanı deyil, məhz pensiyanın yenidən hesablanması zamanı həmin normanı tətbiq etmişdir. Yuxarıda qeyd edildiyi kimi həmin norma pensiya təyinatı ilə bağlı olduğundan iddiaçının pensiyası yenidən hesablana bilməz. Kollegiya onu da qeyd etməyi zəruri hesab edir ki, yuxarıda qeyd edildiyi kimi 45-ci maddəsinin sözügedən ikinci cümləsi pensiyanın yenidən hesablanması deyil, təyin edilməsi qaydasını müəyyən etdiyindən cavabdeh orqan xx.xx.2023-cü ildə il tarixdə iddiaçının pensiyasını yenidən hesablayarkən haqlı olaraq həmin normanı tətbiq etməmiş, “Əmək pensiyaları haqqında” Qanununun tələblərinə uyğun (37.3.1) olaraq hesablama aparmışdır. Yuxarıda qeyd edilənlərə əsasən kollegiya hesab edir ki, cavabdeh inzibati orqan keçid müddəalarını hazırkı mübahisəyə səhv tətbiq etmişdir. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, cavabdehin apelyasiya şikayətinin dəlilləri əsassızdır, birinci instansiya məhkəməsi iddianı təmin edərkən haqlı olmuşdur. Odur ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər.
NƏTİCƏVİ HİSSƏ
Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
QƏRARA ALDİ: Apelyasiya şikayəti təmin edilməsin. Sumqayıt İnzibati Məhkəməsinin 16 may 2025-ci il tarixli, 2-1(118)-4181/2025 nömrəli qərarı apellyasiya şikayətinə əsasən dəyişdirilmədən saxlanılsaın. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apelyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti 70) vasitəsilə kassasiya şikayəti verilə bilər.