Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(105)-693/2024 13.09.2024 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Babayeva Hökümə Çingiz qızı (sədrlik edən və məruzəçi), Quliyev İsmayıl Rza oğlu və X2 ibarət tərkibdə, X10 qızının katibliyi, İddiaçının nümayəndəsi (vəkili) Vəkil, Cavabdehin nümayəndələri X8 və X1 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X12 şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və əvvəlki üç il üçün pensiya məbləğinin ödənilməsi” tələbinə dair inzibati mübahisə üzrə Sumqayıt İnzibati Məhkəməsinin 05 aprel 2024-cü il tarixli, 2-1(118)-2049/2024 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ: İddiaçı xx.xx.1960-cı il təvəllüdlüdür (AA seriyalı, ******* nömrəli şəxsiyyət vəsiqəsi). НЗ ******* nömrəli hərbi biletə əsasən İddiaçı 1979-1981-ci illərdə SSRİ Silahlı Qüvvələrində həqiqi hərbi xidmətdə olmuşdur. KT seriyalı, 023166 nömrəli diploma əsasən, İddiaçı 1981-ci ildə Sumqayıt Politexnik Texnikuma daxil olmuş və 25 fevral 1987-ci il tarixdə ona “texnikmexanik” ixtisası verilmişdir. İddiaçı təqdim etdiyi ИТ seriyalı, ******* nömrəli əmək kitabçasının qeydlərinə əsasən o, xx.xx.1978-ci il tarixdən xx.xx.1979-cu il tarixədək xx.xx.1981-ci tarixdən xx.xx.1982-ci il tarixədək Azərbaycan Boruyayma Zavodunun Mexaniki Alət sexinin mexanika şöbəsində tornaçı işləmiş, xx.xx.1982-ci il tarixdən zavodun marten sexinə metallurgiya avadanlıqlarının təmiri üzrə çilingər peşəsinə keçirilmiş, xx.xx.1985-ci tarixdən həmin sexdə təmirçi çilingər peşəsinə keçirilmiş, xx.xx.1985-ci il tarixdən Metallurgiya Avadanlıqlarının Təmiri sexinə əsas sexlərin kran avadanlıqlarının təmiri üzrə çilingər peşəsinə keçirilmiş, xx.xx.1993-cü il tarixdən həmin sexdə Yayma və Boruyayma sexlərinin dəzgahlarının təmiri sahəsinə təmirçi çilingər peşəsinə keçirilmiş, xx.xx.1997-ci il tarixdən həmin vəzifədə işləmiş, xx.xx.1998-ci il tarixdən xx.xx.1998-ci il tarixədək Bakı Aeroportunda işləmiş, xx.xx.2003-cü il tarixdən xx.xx.2005-ci il tarixədək, xx.xx.2006-cı il tarixdən xx.xx.2006-cı il tarixədək və xx.xx.2015-ci il tarixdən xx.xx.2016-cı il tarixədək X3raşdırıcı və daşçı vəzifələrində, xx.xx.2007-ci il tarixdən xx.xx.2007-ci il tarixədək "xxxx" MMC-də montajçı vəzifəsində, xx.xx.2008-ci il tarixdən xx.xx.2009-cu il tarixədək "xxxx" MMC-nin Sumqayıt Tikinti Quraşdırma Sahəsində quraşdırıcı, xx.xx.2009-cu il tarixdən xx.xx.2012-ci il tarixədək "xxxx" ASC-də quraşdırıcı, xx.xx.2012-ci il tarixdən xx.xx.2015-ci il tarixədək "xxxx" MMC-də Ağır maşınqayırma zavodunun 1 nömrəli Quraşdırma sahəsinin hazırlama bölməsində quraşdırıcı çilingər vəzifəsində, xx.xx.2017-ci il tarixdən xx.xx.2018-ci il tarixədək X13 və Ticaret Anonim Şikətinin Azərbaycan Respublikasındakı nümayəndəliyində borucu briqadiri işləmiş, xx.xx.2018-ci il tarixdən ona işsizlik sığorta ödənişi təyin edilmiş, xx.xx.2019-cu il tarixdən Azfen BM-ə daşçı vəzifəsinə qəbul edilmiş, xx.xx.2021-ci il tarixdən borucu vəzifəsinə keçirilmiş, hal-hazıradək həmin vəzifədə işləyir. İddiaçı 08 sentyabr 2021-ci il tarixdə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X12 Şəxsinin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına ərizə ilə müraciət edərək ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsini xahiş etmişdir. İnzibati orqan 12 noyabr 2021-ci il tarixli, **********7 nömrəli məktubu ilə müraciətin icrasından imtina etmişdir. İmtina onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli, 320 nömrəli Qərarı ilə təsdiq edilmiş 2 nömrəli siyahının Metallurgiya istehsalatı (qara metallar) bölməsində 2040100a-18559 kodu üzrə və NK-nın 23 yanvar 2007-ci il tarixli, 12 nömrəli Qərarı ilə təsdiq edilmiş "Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı’’ nda təmirçi-çilingərlər peşəsi nəzərdə tutulmuşdur. Mərkəzi Filiala təqdim edilən "Azərboru” ASC-nin İddiaçı dair 1 fevral 2023-cü il tarixli, 7 nömrəli araşdırıcı arayışında onun xx.xx.1982-xx.xx.1985-ci il və xx.xx.1986-xx.xx.1993-cü il tarixləri arasındakı dövr ərzində "xxxx" ASC-də çilingər vəzifəsində işlədiyi qeyd olunmuşdur. Göründüyü kimi, işlədiyi çilingər vəzifəsi müəssisə tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli, 63 nömrəli arayışda istinad olunan 2 nömrəli Siyahı üzrə Metallurgiya istehsalatı (qara metallar) bölməsində 2040100a-18559 kodu üzrə nəzərdə tutulan təmirçi-çilingər peşəsinə uyğun deyil. Bu səbəbdən, güzəştli iş stajı 12 il 6 aydan az (05 il 04 ay 17 gün (xx.xx.1993-xx.xx.1996-cı il, xx.xx.2003-xx.xx.2005-ci il, xx.xx.2006-xx.xx.2006-cı il tarixləri arasındakı dövrlər)) təşkil edir. Qeyd olunanları nəzərə alaraq, İddiaçı güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. Daha sonra İddiaçı yenidən 01 fevral 2023-cü il tarixdə eyniməzmunlu ərizə ilə inzibati orqana müraciət etmişdir. İnzibati orqan 03 mart 2023-ci il tarixli, 3-17-1/2-A-45514/2023 nömrəli məktubu ilə müraciətin icrasından imtina edərək qeyd etmişdir ki, İddiaçı 05 sentyabr 1985-ci il - 1 aprel 1987-ci il tarixləri arasındakı dövr ərzində Azərbaycan Boruyayma zavodunun Metallurgiya Avadanlıqlarının Təmiri sexində işlədiyi (çilingər vəzifəsində) əsas sexlərin kran avadanlıqlarının təmiri sahəsi NK-nın 23 yanvar 2007-ci il tarixli, 12 nömrəli Qərarı ilə təsdiq edilmiş Siyahının metallurgiya istehsalatı bölməsinin Polad və ferroərintilər istehsalı, qarışıqların hazırlanması və kopyor işləri, metallurgiya sobalarının təmiri, dolomitin və əhəngin yandırılması və boru istehsalı (boruyayma, boru qaynaqetmə, elektrik boru qaynaqetmə, boru çəkmə, borutökmə, fitinq, balon) və sinkləmə sexləri sahələrinə aid deyil. Eyni zamanda, onun X6 AZF-065 və AZF-067 layihələrində 7 oktyabr 2003-cü il - 17 may 2005-ci il, 7 fevral 2006-cı il - 14 noyabr 2006-cı il tarixləri arasındakı dövrlər ərzində quraşdırıcı vəzifəsində və 9 fevral 2015-ci il - 27 oktyabr 2016-cı il, 1 oktyabr 2019-cu il - 7 iyul 2021-ci il tarixləri arasındakı dövrlər ərzində isə AZF-086 və AZF-100 layihəsində daşçı vəzifəsində işlədiyi müddətdə müvafiq olaraq polad və dəmir-beton konstruksiyalarının quraşdırılması üzrə işləyib-işləməməyi barədə (quraşdırıcı kimi) və daş emalı müəssisələrində (sexlərində, sahələrində) məşğul olub-olmamağı barədə (daşçı kimi) hər hansı məlumat göstərilməmişdir. Bu səbəbdən də həmin dövrləri güzəştli iş stajına daxil etmək mümkün olmadığından onun güzəştli iş stajı 12 il 6 aydan az (5 il 10 ay 20 gün (14 oktyabr 1982-ci il – 4 sentyabr 1985-ci il və 1 aprel 1993-cü il – 1 aprel 1996-cı il tarixləri arasındakı dövrlər)) təşkil edir. Verilən imtina cavabları ilə razılaşmayan İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X12 şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi filialına qarşı iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək, ona xx.xx.2017-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması, həmin dövrdən indiyə qədər olan dövr üçün pensiyanın hesablanaraq ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) Birinci instansiya məhkəməsində icraat İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçının xx.xx.2017-ci il tarixədək 25 ildən çox ümumi, 12.5 ildən çox güzəştli iş stajına malikdir. Ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün bir neçə dəfə cavabdehə müraciət etmiş, lakin cavabdeh hər fədə onun müraciətinin icrasından imtina etmişdir. Hesab edir ki, cavabdehin imtinaları qanunsuz və əsassız olmuşdur. Cavabdeh iddia tələbinə yazılı etiraz edərək etirazı 03 mart 2023-ci il tarixli, 3-17- 1/2-A-45514/2023 nömrəli imtina məktubu ilə eyni məzmunda əsaslandırmışdır. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: Sumqayıt İnzibati Məhkəməsinin 05 aprel 2024-cü il tarixli, 2-1(118)-2049/2024 nömrəli qərarı ilə iddia qismən təmin edilmiş, iddiaçıya 57 yaşı tamam olduğu 1 yanvar 2017-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi və pensiyanın müraciət edilən tarixdən (8 sentyabr 2021-ci il) əvvəlki üç il üçün, yəni 8 sentyabr 2018-ci il tarixdən hesablayaraq ödənilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmuş, iddia qalan hissədə təmin edilməmişdir (hakim Könül Həbibova). Məhkəmə qərarını onunla əsaslandırmışdır ki, iş materialına əlavə edilmiş sənədlərdən görünür ki, iddiaçının güzəştli şərtlə pensiya hüququ verən işlərdə çalışmasına dair iş yerlərindən arayışlar təqdim edilmişdir. Bu arayışlarda iddiaçının çalışdığı peşələrin və istehsalat sahəsinin siyahıda göstərilən hansı bölməyə və hansı koda aid olması aydın şəkildə və konkret olaraq göstərilmişdir. Həmin vəzifələrin Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli, 320 nömrəli Qərarı ilə təsdiq edilmiş 2 nömrəli Siyahı üzrə uyğunluq təşkil etməsi arayışlarla öz təsdiqini tapır. Göründüyü kimi iddiaçının 57 yaşı tamam oduğu 1 yanvar 2017-ci il tarixə kimi ümumi 25 ildən, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən 12 il yarımdan artıq stajının olması mübahisəsizdir. Bundan əlavə, məhkəmə etirazda qeyd olunan iddiaçının quraşdırıcı vəzifəsində çalışdığı müddətdə polad və dəmir-beton konstruksiyalarının quraşdırılması üzrə işləyibişləməməsi barədə və daşçı vəzifəsində işlədiyi müddətdə isə daş emalı müəssisələrində (sexlərində, sahələrində) məşğul olubolmaması barədə hər hansı məlumat göstərilməməsinə dair dəlilini də əsassız hesab edir. Məhkəmə hesab edir ki, iddiaçı cavabdehə 8 noyabr 2021-ci il tarixdə müraciət etdiyindən “Əmək pensiyaları haqqında” Qanunun 37.7-ci maddəsinə əsasən ona ödənilməyən pensiya məbləğinin müraciət tarixindən əvvəlki son üç ilə aid hissəsi ödənilməlidir. Həmin qərardan narazı qalan cavabdeh apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a) Apellyasiya şikayətinin dəlilləri Cavabdeh apellyasiya şikayətini imtina məktubu və iddia ərizəsinə etirazla eyni məzmunda əsaslandırmış və əlavə olaraq qeyd etmişdir ki, birinci instansiya məhkəməsi iddiaçının işlədiyi vəzifə üzrə müəssisədən vəzifə təlimatlarını əldə etməmiş, həqiqətə nail olmaq üçün göstərilən faktlara hüquqi münasibət bildirmədən əsassız olaraq iddianı təmin etmişdir. Buna görə də hesab edir ki, birinci instansiya məhkəməsinin iddianın təmin edilməsi ilə bağlı gəldiyi nəticə maddi hüquq normalarının tətbiqi baxımından qanunsuz, işin faktiki halları baxımdan əsassızdır. Əlavə olaraq bildirir ki, analoji iş üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(102)-482/2024 nömrəli qərarında qeyd olunmuşdur ki, güzəştli şərtlərlə yasa görə əmək pensiyası təyin edilməsi üçün iddiaçı güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerinin arayışını təqdim etməlidir. Eyni ilə, güzəştli şərtlərlə yasa görə əmək pensiyasının təyin edilməsinə dair işlərə baxılarkən iddiaçının işlədiyi müəssisədən onun zərərli əmək şəraitində işləməsinə dair arayış (güzəştli iş arayışı) tələb edilməli və həmin sənəd iş materiallarına əlavə olunmalıdır. İş yerindən əldə edilən həmin sənəd məzmunca iddiaçının arayışda qeyd olunan işlərdə və müddətlərdə zərərli əmək şəraitində işləməsini müəyyən etməyə imkan verməli, ümumi ifadələrdən istifadə edilməməli, iddiaçının işlədiyi sahələr, peşələr və vəzifələr müvafiq icra hakimiyyətinin təsdiq etdiyi Siyahılarda təsbit olunmuş aidiyyəti kodlara uyğunluğu göstərilməlidir. Məhkəmə kollegiyası, həmçinin, oxşar mübahisələrlə bağlı Ali Məhkəmənin formalaşmış hüquqi mövqeyinə uyqun olaraq qeyd edir ki, məhkəmələr iş yerlərindən təqdim edilmiş belə arayışları heç də həmişə birmənalı sübut kimi qəbul etmək vəzifəsi daşımırlar. Odur ki, işlərə baxılarkən həmin arayışların məzmunu diqqətlə tədqiq edilməli və qiymətləndirməli, zərurət yaranarsa, sənədi vermiş müəssisədən əlavə məlumat, vəzifə təlimatları tələb edilməklə və ya digər müvafiq araşdırma aparılmaqla iddiaçının həqiqətən güzəştli şərtlə pensiyaya hüquq verən sahədə və peşədə işləyib-işləmədiyi mötəbər qaydada müəyyən olunmalıdır. b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri İddiaçı apellyasiya şikayətinə etiraz təqdim edərək etirazı iddia ərizəsi ilə eyni məzmunda əsaslandırmış və əlavə olaraq qeyd etmişdir ki, iş materialına əlavə edilmiş sənədlərdən görünür ki, iddiaçının güzəştli şərtlərlə pensiya hüququ verən işlərdə çalışmasına dair iş yerlərindən arayışlar təqdim edilmişdir. Bu arayışlarda iddiaçının çalışdığı peşələrin və istehsalat sahəsinin siyahıda göstərilən hansı bölməyə və hansı koda aid olması aydın şəkildə və konkret olaraq göstərilmişdir. Həmin vəzifələr Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 21 iyun1993-cü il tarixli, 320 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa, qocalığa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı” üzrə uyğunluq təşkil etməsi arayışlarla öz təsdiqini tapır. İddiaçının təqdim etdiyi sənədlərlə və məlumatlarla, o cümlədən cavabdehin şəxsə pensiya təyinatından imtina edərkən istinad etdiyi hallarla bağlı hərtərəfli yoxlamanın aparılması, bununla əlaqədar aidiyyəti qurumlara müvafiq sorğuların göndərilməsi və sənədlərin tələb olunması, obyektiv qərarın qəbulunu təmin edən həcmdə araşdırmanın həyata keçirilməsi əslində və ilk növbədə şəxsə pensiya təyinatı üzrə inzibati icraatı həyata keçirən cavabdehin xidməti vəzifəsinə aiddir. Hazırkı mübahisəyə münasibətdə cavabdehin qanunvericiliyin tələb etdiyi qaydada inzibati icraat apardığı, iddiaçının xeyrinə olan halları araşdırdığı və nəzərə aldığı, bunun üzərindən obyektiv qərar qəbul edildiyi iş üzrə materiallardan təsdiq olunmur. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndələri apellyasiya şikayətini müdafiə edərək şikayətin təmin edilməsini xahiş etmişdilər. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi (vəkili) apellyasiya şikayətinin dəlillərini qəbul etməyərək, iddia ərizəsi və şikayətə etirazla eyni məzmunda izahat verərək şikayətin təmin edilməməsini xahiş etmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ: Azərbaycan Respublikasının Konstitusiyası: Maddə 38. Sosial təminat hüququ İ. Hər kəsin sosial təminat hüququ vardır. ... İİİ. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 7. Yaşa görə əmək pensiyasının təyin edilməsi şərtləri (xx.xx.2017-ci il tarixədək qüvvədə olan redaksiyası) 62 yaşına çatmış kişilərin və 57 yaşına çatmış qadınların azı 12 il sığorta stajı olduqda (bu Qanunun qüvvəyə mindiyi günədək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd: Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2010-cu il yanvarın 1-dən başlayaraq 2012-ci ilin yanvarın 1-dək, qadınların yaş həddi 2010-cu ilin yanvarın 1-dən başlayaraq 2016-cı ilin yanvarın 1-dək hər il altı ay artırılır. Maddə 9. Güzəştli şərtlərlə əmək pensiyası hüququ olan digər şəxslər (xx.xx.2017-ci il tarixədək qüvvədə olan redaksiyası) 9.1. Axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığorta olunanların: kişilər - 57 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 52 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Maddə 32.1-1 Əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Bu Qanuna uyğun olaraq ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli, 320 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin” 2 nömrəli Siyahısı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli, 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı” “İnzibati icraat haqqında” Qanun: Maddə 19. Mötəbərlik prezumpsiyası 19.1. İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. 19.2. Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. İnzibati Prosessual Məcəllə: Maddə 12. İşin hallarının araşdırılması prinsipi 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya inzibati məhkəmə icraatı iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə proses iştirakçılarından əlavə məlumat və sübutlar tələb edə bilər. Maddə 58. Sübutların araşdırılması qaydası ... 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 87. Apellyasiya instansiyası məhkəməsində icraat 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Maddə 87.8 Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 89. Apellyasiya instansiyası məhkəməsinin qərarının qanuni qüvvəyə minməsi Bu Məcəllənin 94.1-ci maddəsində nəzərdə tutulmuş müddətdə şikayətin verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda, məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadı isə 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Şikayətin geri götürülməsi haqqında bəyanat yazılı şəkildə məhkəməyə təqdim olunmalıdır. Maddə 90.1. Apellyasiya instansiyası məhkəməsinin qərar və ya qərardadlarından, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla Ali Məhkəmənin İnzibati kollegiyasına (bundan sonra – Ali Məhkəməyə) şikayət verilə bilər. APELLYASİYANİN MÜMKÜNLÜYÜ, APELLYASİYA BAXİŞİNİN HƏDLƏRİ Apellyasiya şikayəti vaxtında verilmişdir. Apellyasiya şikayəti formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə apellyasiya mümkün hesab edilmişdir. Hazırda apellyasiya baxışının hədlərini iddianın qismən təmin edilən hissəsinin qanuniliyinin və əsaslılığının yoxlanılması təşkil edir. Belə ki, hazırki iş üzrə iddia qismən təmin olunsa da, iddiaçı qərardan apellyasiya şikayəti verməmiş, iddianın təmin edilməyən hissələrini mübahisələndirməmişdir. Qərardan yalnız cavabdeh apellyasiya şikayəti verdiyi üçün məhkəmə kollegiyası qərarın əsaslılığını onun barəsində mübahisə edilən hissələri üzrə yoxlamışdır. APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ Məhkəmə kollegiyası tərəflərin izahatını dinləyərək, iş üzrə materialları və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti əsassızdır. Bu səbəbdən, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Yaranmış mübahisə ilə bağlı kollegiya aşağıdakıları qeyd edir: İddiaçı iddia ərizəsinin dəlillərindən müəyyən edilir ki, o, iddiaçının 57 yaşının tamam olduğu 01 yanvar 2017-ci il tarixdə 25 ildən artıq ümumi, 12,5 ildən artıq güzəştli iş stajının mövcud olduğunu iddia edərək “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 9.1-ci maddəsinin məhz həmin tarixdə qüvvədə olan redaksyasının tələbinə uyğun olaraq ona güzəştli şərtlərlə yaşa görə pensiya təyin olunmasını tələb edir. Qanunun 9.1-ci maddəsinin iddiaçının 57 yaşının tamam olduğu 01 yanvar 2017-ci il tarixdə qüvvədə olan redaksiyasının tələblərinə əsasən iddiaçıya həmin tarixdən güzəştli şərtlərlə yaşa görə pensiya təyin olunması üçün iki element mövcud olmalıdır: 1) xx.xx.2017-ci il tarixədək azı 25 il ümumi iş stajının mövcud olması 2) xx.xx.2017-ci il tarixədək azı 12,5 il güzəştli iş stajının mövcud olması. Ümumi iş stajı ilə bağlı kollegiya qeyd edir ki, işdən görünür ki, iddiaçı 1979-1981-ci illərdə SSRİ Silahlı Qüvvələrində həqiqi hərbi xidmətdə olmuş (02 il), xx.xx.1978-ci il tarixdən xx.xx.1979-cu il tarixədək xx.xx.1981-ci tarixdən xx.xx.1997-ci il tarixədək Azərbaycan Boruyayma Zavodunda, xx.xx.1998-ci il tarixdən xx.xx.1998-ci il tarixədək Bakı Aeroportunda, xx.xx.2003-cü il tarixdən xx.xx.2005-ci il tarixədək, xx.xx.2006-cı il tarixdən xx.xx.2006-cı il tarixədək və xx.xx.2015-ci il tarixdən xx.xx.2016-cı il tarixədək X5, xx.xx.2007-ci il tarixdən xx.xx.2007-ci il tarixədək "xxxx" MMC-də, xx.xx.2008-ci il tarixdən xx.xx.2009-cu il tarixədək "xxxx" MMC-nin Sumqayıt Tikinti Quraşdırma Sahəsində, xx.xx.2009-cu il tarixdən xx.xx.2012-ci il tarixədək "xxxx" ASC-də, xx.xx.2012-ci il tarixdən xx.xx.2015-ci il tarixədək "xxxx" MMC-də işləmişdir (xx.xx.2017-ci il tarixədək 27 il 07 ay 19 gün). İddiaçının 25 ildən artıq ümumi iş stajı olduğu cavabdeh tərəfindən də mübahisələndirilmir. Güzəştli iş stajı ilə bağlı isə kollegiya ilk növbədə qeyd edir ki, cavabdeh iddiaçının xx.xx.1993-xx.xx.1996-cı il, xx.xx.2003-xx.xx.2005-ci il, xx.xx.2006-xx.xx.2006-cı il tarixləri arasındakı işlədiyi dövrləri, ümumilikdə, 05 il 04 ay 17 günlük müddət cavabdeh tərəfindən mübahisələndirilməyərək güzəştli iş stajı kimi qəbul edilmişdir. Cavabdeh iddiaçının iki müəssisə üzrə işlədiyi dövrü güzəştli iş stajı kimi qəbul etmir: 1) xx.xx.1985-ci il tarixdən xx.xx.1987-ci il tarixədək Azərbaycan Boruyayma zavodunun Metallurgiya Avadanlıqlarının Təmiri sexində əsas sexlərin kran avadanlıqlarının təmiri üzrə çilingər vəzifəsində, xx.xx.1987-ci il tarixdən xx.xx.1993-cü il tarixədək həmin sexdə əsas sexlərin kran avadanlıqlarının təmiri və quraşdırılması üzrə çilingər vəzifəsində işlədiyi dövr; 2) xx.xx.2015-xx.xx.2016-cı il, xx.xx.2019-xx.xx.2021-ci il tarixləri arasındakı dövrlər ərzində X6 AZF-086 və AZF-100 layihələrində daşçı vəzifəsində işlədiyi dövr. Birinci dövrə münasibətdə cavabdehin mübahisələndirdiyi məsələ iddiaçının Azərbaycan Boruyayma zavodunda işlədiyi əsas sexlərin kran avadanlıqlarının təmiri sahəsinin NK-nın 23 yanvar 2007-ci il tarixli, 12 nömrəli Qərarı ilə təsdiq edilmiş Siyahının metallurgiya istehsalatı bölməsinin “Polad və ferroərintilər istehsalı, qarışıqların hazırlanması və kopyor işləri, metallurgiya sobalarının təmiri, dolomitin və əhəngin yandırılması və boru istehsalı (boruyayma, boru qaynaqetmə, elektrik boru qaynaqetmə, boru çəkmə, borutökmə, fitinq, balon) və sinkləmə sexləri” sahələrinə uyğun olmamasıdır. Bununla bağlı kollegiya qeyd edir ki, "xxxx" Azərbaycan Boruyayma zavodu tərəfindən iddiaçı barəsində verilmiş 01 fevral 2023-cü il tarixli güzəştli arayışdan görünür ki, o, 1978-ci ildən həmin müəssisədə işləməklə, xx.xx.1985-ci il tarixdən xx.xx.1987-ci il tarixədək Azərbaycan Boruyayma zavodunun Metallurgiya Avadanlıqlarının Təmiri sexində əsas sexlərin kran avadanlıqlarının təmiri üzrə çilingər, xx.xx.1987-ci il tarixdən xx.xx.1993-cü il tarixədək həmin sexdə əsas sexlərin kran avadanlıqlarının təmiri və quraşdırılması üzrə çilingər, xx.xx.1993-cü il tarixdən xx.xx.1997-ci il tarixədək həmin sexdə Yayma və Boruyayma sexlərinin dəzgahlarının təmiri sahəsinə təmirçi çilingər peşəsində işləmişdir. Qeyd olunan vəzifələr Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli, 320 nömrəli Qərarı ilə təsdiq edilmiş 2 nömrəli siyahının 3-cü Metallurgiya istehsalatı (qara metallar) bölməsinin 2-ci “Polad və ferroərintilər istehsalı, qarışıqların hazırlanması və kopyor işləri. Metallurgiya sobalarının təmiri. Dolomitin və əhəngin yandırılması” bəndinin a) fəhlələr yarımbəndinin “təmirçi-çilingərlər” (2040200a-18559) vəzifəsinə və həmin bölmənin 4-cü “Boru istehsalı (boruyayma, boru qaynaqetmə, elektrik boru qaynaqetmə, boru çəkmə, borutökmə, fitinq, balon) və sinkləmə sexləri” bəndinin a) fəhlələr yarımbəndinin “təmirçi-çilingərlər” (2040400a-18559) vəzifəsinə uyğundur. Güzəştli arayışdan və əmək kitabçasından göründüyü kimi iddiaçı xx.xx.1985xx.xx.1993-cü il tarixləri arasındakı dövr (07 il 06 ay 27 gün) ərzində təmir üzrə çilingər vəzifəsində Azərbaycan Boruyayma zavodunun məhz Metallurgiya Avadanlıqlarının Təmiri sexində işləmişdir. Hansı ki, güzəştli arayışda istinad edilən sahələrdən biri də iddiaçının işlədiyi sahəyə uyğun olmaqla, ”Metallurgiya sobalarının təmiri” sahəsidir. Bu baxımdan, iddiaçının işlədiyi metallurgiya avadanlıqlarının təmiri sahəsinin metallurgiya sobalarının təmiri sahəsinə uyğun olub-olmaması ilə bağlı xüsusi araşdırma aparılmasına zərurət yoxdur. Belə olan halda, kollegiya hesab edir ki, iddiaçının xx.xx.1985-xx.xx.1993-cü il tarixləri arasındakı dövr ərzində Azərbaycan Boruyayma zavodunun Metallurgiya Avadanlıqlarının Təmiri sexində əsas sexlərin kran avadanlıqlarının təmiri (quraşdırılması) üzrə çilingər vəzifəsi güzəştli şərtlərlə pensiya hüququ verən peşə olmaqla, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1993-cü il 21 iyun tarixli, 320 nömrəli qərarı ilə təsdiq edilmiş 2 nömrəli Siyahının İİİ. Metallurgiya istehsalatı (qara metallar) (********) bölməsinin “2. Polad və ferroərintilər istehsalı. Qarışıqların hazırlanması və kopyor işləri. Metallurgiya sobalarının təmiri. Dolomitin və əhəngin yandırılması” yarımbəndinin 2040200a—18559 koduna (təmirçi çilingərlər) uyğundur. Qeyd olunanlara əsasən kollegiya hesab edir ki, cavabdeh iddiaçının xx.xx.1985xx.xx.1993-cü il tarixləri arasındakı işlədiyi 07 il 06 ay 27 günlük dövrü güzəştli iş stajına daxil etməyərkən haqlı olmamışdır. Həmin dövr iddiaçının güzəştli iş stajına daxil edilməlidir. İddiaçının xx.xx.1993-cü il tarixdən xx.xx.1997-ci il tarixədək həmin müəssisənin Metallurgiya Avadanlıqlarının Təmiri sexində Yayma və Boruyayma sexlərinin dəzgahlarının təmiri sahəsində işlədiyi təmirçi çilingər vəzifəsi isə cavabdeh tərəfindən mübahisələndirilməyərək güzəştli iş stajı kimi qəbul edilmişdir. Həmin vəzifəyə münasibətdə kollegia bildirir ki, həqiqətən də həmin vəzifə 2 nömrəli Siyahının İİİ bölməsinin “4. Boru istehsalı (boru yayma, boru qaynaqetmə, elektrik boru qaynaqetmə, boru çəkmə, borutökmə, fitinq, balon) və sinkləmə sexləri” yarımbəndinin 2040400a—18559 koduna (təmirçi çilingərlər) əsasən güzəştli şərtlərlə pensiya hüququ verən vəzifə sayılır. İkinci, yəni iddiaçının xx.xx.2015-xx.xx.2016-cı il, xx.xx.2019-xx.xx.2021-ci il tarixləri arasındakı dövrlər ərzində X6 AZF-086 və AZF-100 layihələrində daşçı vəzifəsində işlədiyi dövrü cavabdeh güzəştli arayışda iddiaçının daş emalı müəssisələrində (sexlərində, sahələrində) məşğul olub-olmamağı barədə hər hansı məlumatın göstərilmədiyini əsas gətirərək güzəştli iş stajına daxil etməmişdir. Cavabdehin həmin dəlilinə münasibətdə kollegiya qeyd edir ki, X9 tərəfindən iddiaçı barəsində verilmiş 23 yanvar və 11 oktyabr 2023-cü il tarixli, AZF-2023/15 K və AZF- 2023/100 K nömrəli güzəştli arayışlardan görünür ki, iddiaçı xx.xx.2003-17.05. 2005-ci il tarixlərində (1 il 7 ay 11 gün) “Azfen” BM-in AZF-065 layihəsində quraşdırıcı, xx.xx.2006xx.xx.2006-cı il tarixlərində (9 ay 8 gün) AZF-067 layihəsində quraşdırıcı peşəsində, xx.xx.2015-xx.xx.2016-cı il tarixlərində (01 il 08 ay 19 gün) AZF-086 layihəsində daşçı peşəsində, xx.xx.2019-xx.xx.2021-ci il tarixlərində (01 il 09 ay 07 gün) AZF-100 layihəsində daşçı peşəsində, xx.xx.2021-xx.xx.2022-ci il tarixlərində (01 il 03 ay 04 gün) AZF-100 layihəsində boruçu peşəsində işləmişdir. Onun AZF-065 və AZF-067 layihələrdə işlədiyi quraşdırıcı vəzifəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007ci il tarixli, 12 saylı Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı” nın 29-cu bəndinin “Bina, qurğu və digər obyektlərin inşası, yenidən qurulması, texniki təchizatı, bərpası və təmiri” “polad və dəmir-beton konstruksiyalarının quraşdırılması üzrə quraşdırıcılar” yarımbəndinə, AZF-086 və AZF-100 layihələrində işlədiyi daşçı vəzifəsi isə 29-cu bəndin “daş frezerçiləri, o cümlədən daş emalı müəssisələrində, (sexlərində, sahələrində) məşğul olanlar” yarımbəndinə uyğundur. İddiaçının qeyd olunan dövrlərdə X3raşdırıcı və daşçı vəzifələrində işlədiyi əmək kitabçasından da görünür. Qeyd olunan vəzifələrin güzəştli şərtlərlə pensiya hüququ verən vəzifələrə aid olubolmadığını müəyyən edilməsi məqsədilə kollegiya tərəfindən iddiaçının quraşdırıcı vəzifəsində işlədiyi AZF-065 və AZF-067 layihələr, habelə daşçı vəzifəsində işlədiyi AZF- 086 və AZF-100 layihələr, həmin layihələrdə quraşdırıcı və daşçı vəzifələrində gördüyü işin xarakteri və müəssisənin özünün fəaliyyət istiqaməti ilə bağlı “Azfen” Birgə müəssisəsinə sorğu verilmişdir. Məhkəmə kollegiyasının sorğusuna cavab olaraq “Azfen” BM tərəfindən məhkəməyə təqdim edilən quraşdırıcı və daşçı vəzifələrinin əmək funksiyaları barədə məlumatdan görünür ki, iddiaçı həmin müəssisədə quraşdırıcı vəzifəsində işlədiyi dövrdə “polad və dəmir-beton konstruksiyalarının quraşdırılması, quraşdırma və emal kimi konstruksiya işlərinin icrası üçün lazımi bütün iş alətləri və avadanlıqlardan istifadə və s.” kimi işləri, daşçı kimi isə “kəsilib hazır olan detalların (qaynaq ağızlarının) cilalanması (lazım olarsa cilalama maşını ilə kəsilməsi), zədələnmiş detalların təmiri zamanı cilalama işlərinin görülməsi, qaynaq təmirləri zamanı və ya qaynaqdan öncə və sonra qaynaqların cilalanması, montaj olunmuş konstruksiyaların boyadan öncə tinlərinin və ya qaynaq üstlərinin cilalanması” işlərini yerinə yetirmişdir. Eyni zamanda, sorğuya cavaba əlavə edilən müəssisənin boru, o cümlədən, FRP boru, polad və dəmir-beton konstruksiyalarının quraşdırılması işləri üzrə STMN Qiymətləndirməsi cədvəlindən, habelə, iş növlərinə görə (daşçı) risklərin qiymətləndirilməsi cədvəlindən görünür ki, iddiaçının həm quraşdırıcı vəzifəsində işlədiyi polad və dəmirbeton konstruksiyalarının quraşdırılması sahəsi, həm də daşçı vəzifəsində işlədiyi cilalayıcı alətlərdən istifadə sahəsi sağlamlıq üçün təhlükəli maddələrin olduğu əmək şəraiti zərərli və ağır olan işlərin olduğu sahələrdir. Beləliklə, məhkəmə araşdırması nəticəsində müəyyən edildi ki, mübahisələndirilən xx.xx.2015-xx.xx.2016-cı il, xx.xx.2019-xx.xx.2021-ci il tarixləri arasındakı dövrlər ərzində iddiaçının X6 AZF-086 və AZF-100 layihələrində işlədiyi daşçı vəzifəsi həqiqətən də güzəştli şərtlərlə pensiya hüququ verən vəzifə olmaqla, NK-nın 23 yanvar 2007-ci il tarixli, 12 saylı Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı” nın 29-cu “Bina, qurğu və digər obyektlərin inşası, yenidən qurulması, texniki təchizatı, bərpası və təmiri” bəndinin a) fəhlələr: “daş frezerçiləri, o cümlədən, daş emalı müəssisələrində, (sexlərində, sahələrində) məşğul olanlar” yarımbəndinə uyğundur. Belə olan halda, kollegiya hesab edir ki, iddiaçının 57 yaşından pensiya hüququnun xx.xx.2017-ci il tarixdən yarandığı nəzərə alınaraq, onun daşçı vəzifəsində işlədiyi xx.xx.2015-xx.xx.2016-cı il tarixləri arasındakı 01 il 08 ay 18 günlük müddət onun güzəştli iş stajına daxil edilməlidir. İddiaçının xx.xx.2003-17.05. 2005-ci il və xx.xx.2006-xx.xx.2006-cı il tarixlərində həmin müəssisədə işlədiyi quraşdırıcı vəzifəsi isə cavabdeh tərəfindən mübahisələndirilməyərək güzəştli iş stajı kimi qəbul edilmişdir. Hansı ki, kollegiya tərəfindən aparılmış araşdırma ilə də həmin vəzifənin yuxarıda qeyd olunan Siyahının 29cu “Bina, qurğu və digər obyektlərin inşası, yenidən qurulması, texniki təchizatı, bərpası və təmiri” bəndinin a) fəhlələr: “polad və dəmir-beton konstruksiyalarının quraşdırılması üzrə quraşdırıcılar” yarımbəndinə uyğun olduğu müəyyən edilmişdir. Beləliklə, kollegiya qeyd edir ki, iddiaçının Azərbaycan Boruyayma zavodunda Metallurgiya Avadanlıqlarının Təmiri sexində kran avadanlıqlarının təmiri (quraşdırılması) üzrə çilingər vəzifəsində işlədiyi 07 il 06 ay 27 günlük dövr, eləcə də, X6 daşçı vəzifəsində işlədiyi 01 il 08 ay 18 günlük dövr cavabdeh tərəfindən mübahisələndirilməyən 05 il 04 ay 17 günlük dövrlə birgə nəzərə alınarsa, onun xx.xx.2017-ci il tarixədək 12,5 ildən artıq güzəştli iş stajına malik olduğu müəyyən edilir. Qeyd edilənlərə əsasən, kollegiya şikayətin dəlillərini əsassız hesab edir. Beləliklə, işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddia tələbini təmin etməklə iş üzrə düzgün hüquqi nəticəyə gəlmişdir. Göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: Apelyasiya şikayəti təmin edilməsin. Sumqayıt İnzibati Məhkəməsinin 05 aprel 2024-cü il tarixli, 2-1(118)-2049/2024 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apelyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti 70) vasitəsilə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(105)-693/2024
Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(105)-693/2024
13.09.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver