Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(105)-695/2025 23.07.2025 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Babayeva Hökümə Çingiz qızı (sədrlik edən və məruzəçi), Axundov Toğrul Bəhruz oğlu və Hacıyev Vahid Məcid oğlundan ibarət tərkibdə, X3 qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Təhsildə X1rşı “bakalavr diplomunun tanınması və ekvivalentlik haqqında şəhadətnamənin verilməsi” tələbinə dair inzibati mübahisə üzrə Sumqayıt İnzibati Məhkəməsinin 21 may 2025-ci il tarixli, 2-1(118)-3127/2025 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. İddiaçı xx.xx.2015-ci il tarixdən xx.xx.2016-cı il tarixədək Belarusiya Respublikası Fövqəladə Hallar Nazirliyi "xxxx" Dövlət Təhsil Müəssisəsində, xx.xx.2016-cı il tarixdən xx.xx.2016-cı il tarixədək isə BR FHN "xxxx" Dövlət Təhsil Müəssisəsində “Fövqəladə halların qarşısının alınması və aradan qaldırılması üzrə mühəndis” ixtisası üzrə qiyabi formada bakalavr təhsili almış və ona xx.xx.2020-ci il tarixli, ДИ seriyalı, ******* nömrəli bakalavr diplomu verilmişdir. Diplom xx.xx.2020-ci il tarixdə Belarus Respublikası tərəfindən 13317 nömrə ilə apostil edilmişdir.
2. İddiaçı cavabdeh Təhsildə Keyfiyyət Təminatı Agentliyinə ərizə ilə müraciət edərək, xx.xx.2020-ci il tarixli, ******* nömrəli bakalavr diplomunun tanınması və ekvivalentiyi haqqında şəhadətnamə verilməsini xahiş etmişdir.
3. Cavabdeh xx.xx.2024-cü il tarixli, NA00024273 nömrəli qərarı ilə iddiaçının müraciətinin icrasından imtina etmişdir. Qərar onunla əsaslandırılmışdır ki, iddiaçının bakalavriat səviyyəsinə uyğun kvalifikasiyaya münasibətdə nəzərdə tutulmuş təhsilin normativ müddətinin yarısı qədər təhsil aldığı ölkənin ərazisində olmadığı müəyyən edilmişdir. Beləliklə, Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 18 avqust tarixli, 2306 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması Qaydaları” nın 3.10.1-ci və 4.1.4-cü bəndlərinə əsasən ərizəçinin xarici dövlətin ərazisində ali təhsilə aid kvalifikasiyasının tanınmasından imtina edilməsi üçün hüquqi əsas yaranmışdır.
4. Verilən imtina cavabı ilə razılaşmayan İddiaçı cavabdeh Təhsildə X1rşı iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək, Belarus Respublikası Fövqəladə Hallar Nazirliyinin Mülki Müdafiə Universiteti tərəfindən verilmiş “Fövqəladə halların qarşısının alınması və aradan qaldırılması” bakalavr dərəcəsi ali təhsilinin 23 iyun 2020-ci il tarixli, ДИ seriyalı, ******* nömrəli bakalavr diplomunun Azərbaycan Respublikası ərazisində tanınması və ekvivalentlik haqqında şəhadətnamənin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını məhkəmədən xahiş etmişdir.
İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) Birinci instansiya məhkəməsində icraat
5. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh iddiaçının müraciətinin icrasından imtina edərkən ona tədris normativi üzrə təhsil almaq üçün tələb olunan müddətin qarşılığında müvafiq ölkədə qısa müddət ərzində olduğundan diploma əlavədə olan tədris yükünün yerində yetirməyinin qeyri-mümkün olduğunu bildirmişdir. Hesab edir ki, təhsillə bağlı oxuduğu müddət ərzində heç bir qaydanı pozmamış, verilmiş proqramları tam şəkildə yerinə yetirmiş, təhsil aldığı müddətdə universitetin tələbə ixtisasına müəyyən qədər yiyələnmişdir. Sözügedən təhsil dövründə İ, İİ, İİİ kursların hər 2 (iki) sessiyasında, İV kursun isə yalnız İ sessiyasında universitetə getmiş və dərslərdə mütəmadi iştirak etmişdir. İV kursun isə İİ sessiyasında pandemiya ilə əlaqədar həmin tədris proseslərində iştirak edə bilməmişdir. Bu xüsusat cavabdeh inzibati orqan tərəfindən nəzərə alınmamışdır. Hesab edir ki, diplomumun tanınmasında heç bir qadağa olmadığı halda diplom üzrə aldığı ixtisasın tanınmaması Beynəlxalq Konvensiyaya ziddir. Hətta xarici passportundan da təhsil aldığı müddətlərdə müntəzəm olaraq Belarus Respublikasına səfər etdiyi və uzun müddət orada qaldığı açıq-aydın görünür. Onun ölkədə qısa müddət ərzində olduğundan ölkədə müəyyən olunan səviyyə ilə uyğun gəlmədiyi hissəsi ilə əlaqədar isə qeyd etməyi zəruri bilir ki, FHN “Mühəndis- Komanda Universiteti” beynəlxalq standartlara cavab verən təhsil verir ki, bu təhsili bildirən diploma əlavə də ona təqdim edilmişdir.
6. Cavabdeh iddia tələbinə etiraz edərək qeyd etmişdir ki, iddiaçının müraciəti ilə əlaqədar aparılan icraat zamanı ərizəçinin təhsil aldığı ölkədə ali təhsil müəssisəsində sessiyalarda iştirak müddəti Azərbaycan Respublikasında qiyabi təhsilalma forması üzrə müəyyən edilmiş tələblərlə uyğunsuzluq təşkil etdiyi müəyyən edilmişdir. Belə ki, sözügedən müddət ərzində iddiaçının tədris ili ərzində müvafiq kvalifikasiya üzrə nəzərdə tutulmuş təhsilin normativ müddətinin ən azı yarısı qədər həmin ölkədə olmadığı və ona təqdim olunan diplom əlavəsində göstərilən tədris yükünü dövlət standartlarının tələblərinə uyğun yerinə yetirməsinin qeyri-mümkün olması müəyyən edilmişdir. Bu səbəbdən iddiaçının ali təhsilə dair kvalifikasiyasının tanınmasından imtina edilmiş və xx.xx.2024-cü il tarixdə inzibati akt tərtib edilərək onun elektron kabinetində yerləşdirilmişdir. İş üzrə icraat Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 18 avqust tarixil, 2306 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Xarici dövlətlərin ail təhsilə aid kvalifikasiyalarının tanınması Qaydaları” na (bundan sonra-Qaydarlar) uyğun olaraq aparılmışdır. Qaydalarda qeyd olunmuş bir tədris ili ərzində müvafiq kvaliftkasiya üzrə nəzərdə tutulmuş təhsilin normativ müddəti Azərbaycan Respublikası təhsil sistemini tənzimləyən normativ hüquqi aktlar əsasında həyata keçirilir.A zərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2010-cu il tarixli, 75 nömrəli qərarı itə təsdiq edilmiş “Ali təhsil pilləsinin dövlət standartı və proqramı” nın 8.7,1-ci yanmbəndinə əsasən həftəlik auditoriya dərsləri bakalavriat səviyyəsində 30, magistratura səviyyəsində isə 16 saatdan çox olmamalıdır və 8.7.2-ci yanmbəndinə əsasən qiyabi forma üzrə tələbələrin auditoriya dərslərinin həcmi bakalavriat səviyyəsində ildə 180-240 saat nəzərdə tutulur ki, bu da ərizəçinin auditoriya dərslərində 6-8 həftə müddətində iştirakını zəruri edir. Buna əlavə olaraq hər bir tələbənin qiyabi təhsilalma forması üzrə hər semestr üzrə 1 həftə ümumilikdə il ərzində 2 həftəlik imtahan sessiyalarında iştirak tələbi mövcuddur. Qaydalarda tanınmaya dair tələblər arasında yer alan bir tədris ili ərzində müvafiq kvalifikasiya üzrə nəzərdə tutulmuş təhsilin normativ müddətinin ən azı yarısı qədər təhsil aldığı ölkənin ərazisində olmasının iddiaçının vəziyyətinə nisbətdə dəyərləndirilməsi üçün onun sərhədkeçmə məlumatlarına baxış keçirilmiş, iddiaçının təhsil aldığı xarici ölkədə olmaq müddətini araşdırmış və onun serhədkeçmə məlumatları aşağıdakı kimi müəyyənləşdirilmişdir: ( İ il - 13 gün, ll il - 8 gün, İİİ il - 13 gün, İV il - 14 gün, V il-getməyib (İ semestr) (İİ semestr pandemiya dövrü). İddiaçının tədris yükünü dövlət standartlarının tələblərinə uyğun yerinə yetirməsinin qeyrimümkün olmasını nəzərə alaraq iddia tələbinin təmin edilməməsini məhkəmədən xahiş etmişdir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə:
7. Sumqayıt İnzibati Məhkəməsinin 21 may 2025-ci il tarixli, 2-1(118)-3127/2025 nömrəli qərarı ilə iddia təmin edilmiş, Belarus Respublikası Fövqəladə Hallar Nazirliyinin Mülki Müdafiə Universiteti tərəfindən iddiaçının adına verilmiş “Fövqəladə halların qarşısının alınması və aradan qaldırılması” bakalavr dərəcəsi ali təhsilinin 23 iyun 2020-ci il tarixli, ДИ seriyalı, ******* nömrəli bakalavr diplomunun Azərbaycan Respublikası ərazisində tanınması və ekvivalentlik haqqında şəhadətnamənin verilməsi öhdəliyi cavabdehə həvalə edilmişdir (hakim Rahim Həsənov).
8. Məhkəmə qərarını onunla əsaslandırmışdır ki, iddiaçının iş yerinin təqdim etdiyi əmrlərə əsasən o, təhsil aldığı müddətdə, ondan əvvəl və sonra (ixtisası üzrə) Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyində xidmətdə olmuş və Belarus Respublikası FHNnin Mülki Müdafiə Universitetində müvafiq çağırışlar əsasında Nazirlik tərəfindən təhsil məzuniyyətinin verilməsi haqqında əmrlərə uyğun olaraq dərslərdə iştirak etmişdir. İddiaçı təhsilini başa vurduqdan sonra FHN-də xidmətini davam etdirir. Odur ki, iddiaçının təhsil aldığı ölkədə olduğu müddətdə (İ tədris ili üzrə - 13 gün, İİ tədris ili üzrə - 8 gün, İİİ tədris ili üzrə - 13 gün, İV tədris ili üzrə - 14 gün, V tədris ili üzrə - 0 gün pandemiya dövrü) tədris yükünü yerinə yetirə bilməməsinə münasibətdə qeyd edilən müddət üzrə tədris yükünün mənimsənilməsinin yetərsiz hesab edilməsinə əsas yoxdur. Eyni zamanda, məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, FHN-nin xx.xx.2025-ci il tarixli məktubuna əsasən 2015-2020-ci illə ərzində Belarus Respublikası FHN-nin Mülki Müdafiə Universitetində təhsil almış nazirliyin bir neçə əməkdaşının diplomları cavabdeh tərəfindən respublika ərazisində tanınmışdır. Göründüyü kimi iddiaçı ilə eyni Universitetdə təhsil alıb diplom əldə etmiş eyni nazirliyin əməkdaşlarının diplomları tanındığı halda, cavabdeh təşkilat tərəfindən iddiaçıya münasibətdə “İnzibati icraat haqqında” Qanunda nəzərdə tutulmuş “Bərabərlik” və “Çoxun azı ehtiva etməsi” prinsiplərinin pozulmasına dəlalət edir.
9. Qərardan narazı qalan cavabdeh apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi və iddianın rədd edilməsini xahiş etmişdir.
APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a) Apellyasiya şikayətinin dəlilləri
10. Cavabdeh apellyasiya şikayətini iddia tələbinə etirazla eyni məzmunda əsaslandırmış və əlavə olaraq qeyd etmişdir ki, iddiaçının sərhədkeçmə məlumatları üzrə yalnız həftə içi, universitetlərin tədrisin təşkil olunduğu günlərinə təsadüf edən dövrləri üçün də məlumatlar araşdırılmış və araşdırma nəticəsində məlum olmuşdur ki, iddiaçı təhsil aldığı 5 il ərzində qeyri-iş günləri üzrə aşağıdakı kimi xarici ali təhsil aldığı ölkədə olmuşdur: 2015/2016-cı il tədris ili üzrə - 9 iş günü (2016-ci il üzrə 5 iyun -17 iyun). 2016/2017-ci tədris ili üzrə - 5 iş günü (2017-ci il üzrə 27 iyun - 5 iyul). 2017/2018-ci tədris ili üzrə - 9 iş günü (2018-ci il üzrə 17 aprel - 29 aprel). 2018/2019-cu tədris ili üzə -11 iş günü (2019-cu il üzrə 9 aprel - 23 aprel) 2019/2020-ci tədris ili üzrə - ümumiyyətlə getməyib. Sadəcə ali təhsil müəssisələrində sessiya və imtahanlarda iştirakın mümkün olduğu iş günlərinə baxıldıqda isə iddiaçının təhsil aldığı bütün dövr üzrə sadəcə 34 iş günü xarici ali təhsil aldığı ölkədə olduğu müəyyən edilmişdir. İddiaçının və onunla eyni dövrdə təhsil almış digər ərizəçilərin sərhədkeçmə məlumatları fərqin müəyyən olunması müqayisəli cədvəl şəklində təqdim olunur (əlaqəli sərhədkeçmə məlumatları əlavə olunur). Təqdim olunan cədvəldə təhsil prossesində iştirakın həmin dövrlər üzrə mümkünlüyü və hər hansısa məhdudiyyətin olmadığı görünür. İddiaçı ilə eyni ildə Azərbaycan Respublikasındakı ali təhsil müəssisələrindən birində eyni fakültəyə daxil olmuş tələbə məzun olmaq üçün qiyabi təhsilalma formasında pandemiya olmayan illər üzrə ən az 6 həftə ərzində sessiyalarda iştirak etməli idi və əgər bir tədris ili üçün belə bu şərt ödənilmədikdə həmin şəxs imtahanlara buraxılmaqdan məhrum ediləcəkdi. Bundan başqa, Fövqəladə Hallar Nazirliyi X2 Xidməti tərəfindən təqdim edilmiş məzuniyyət əmrləri mötəbər sübut kimi qəbul oluna bilməz. Çünki hər bir işçinin təhsil məzuniyyətinə çıxma hüququ vardır və bu hüquq işəgötürən tərəfindən mahdudlaşdırıla bilməz va bu məhdudlaşdırma tanınma üzrə icraatın yekununda inzibati aktın qəbulu üçün əsas ola bilməz. Bunlarla yanaşı, məhkəmənin diqqətinə çatdırılmalıdır ki, iş üzrə iddia tələbinin dəqiqləşdirilməsi zərurəti yaranmışdır. Belə ki, Qaydaların 6-cı hissəsinə əsasən Qaydaların əlavəsində nəzərdə tutulan peşələrə aid ixtisasların peşə tanınması zamanı ərizəçinin müvafiq kvalifikasiya üzrə peşə kompetensiyalarının Azərbaycan Respublikasında mövcud olan uyğun kvalifikasiya üzrə nəzərdə tutulmuş peşə kompetensiyalarının tələblərinə uyğunluğu müəyyən edilir. Müəllimlik, mühəndislik və hüquq ixtisasları üzrə ərizəçinin Agentliyin sifarişi ilə Azərbaycan Respublikası Dövlət İmtahan Mərkəzinin təşkil etdiyi sınaq imtahanında müvəffəqiyyət qazanması (keçid balının toplanması) tələb olunur. Nəzərə alınmalıdır ki, hazırkı iş üzrə icraat vətəndaşın müraciət tarixinə müvafiq olaraq Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 18 avqust tarixli, 2306 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması Qaydaları” na uyğun olaraq aparıldığından, bu Qaydaların peşə tanınması icraatı üzrə tələblərinə əsasən DİM tərəfindən təşkil olunan imtahanlarda iştirak etmədən Agentlik tərəfindən vətəndaşa peşə tanınması haqqında şəhadətnamə verilməsi mümkün deyil. Bu səbəbdən, iddia tələbinin ******* nömrəli, xx.xx.2020-ci il tarixli “Fövqəladə halların qarşısının alınması və aradan qaldırılması/qiyabi ixtisası üzrə ali təhsilə dair kvalifikasiyanın akademik tanınması” şəklində dəqiqləşməsi zəruridir.
b) Apellyasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları
11. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı izahatında bildirmişdir ki, onunla birlikdə 25-30 nəfər təhsil almaq üçün Belarusiya Respublikası Fövqəladə Hallar Nazirliyi "xxxx" Dövlət Təhsil Müəssisəsinə getmişdirlər. Təhsilin 5-ci ili pandemiyaya düşdüyündən həmin dövrdə dövlət imtahanlarını “Zoom” platforması vasitəsilə vermişdir. İddiaçı apellyasiya şikayətinin təmin edilməsini xahiş etmişdir.
12. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilsə də, məhkəmə iclasında iştirak etməmiş, gəlməməyin səbəbləri haqqında məlumat verməmişdir. İnzibati Prosessual Məcəllənin 62.3-cü maddəsinə əsasən, məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
TƏTBİQ EDİLƏN HÜQUQ:
13. “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 1. Əsas anlayışlar 1.0.9. distant (məsafədən) təhsil - tədris prosesinin elektron, telekommunikasiya, proqram-texniki vasitələr əsasında təşkil olunduğu təhsilalma forması; 1.0.36. xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyası – xarici dövlətlərin səlahiyyətli orqanları tərəfindən verilən və verildiyi ölkədə ali təhsil pilləsinə qəbul olunmaq və ya ali təhsilin növbəti səviyyələri üzrə təhsilini davam etdirmək və (və ya) ixtisasına uyğun əmək fəaliyyəti ilə məşğul olmaq hüququ verən, həmçinin şəxsin müvafiq standartlara uyğun bilik, bacarıq, səriştə və təcrübəyə malik olduğunu təsdiq edən təhsil haqqında sənəd; Maddə 13. Təhsilalma formaları 13.1. Azərbaycan Respublikasında aşağıdakı təhsilalma formaları müəyyən edilir: 13.1.1. əyani; 13.1.2. qiyabi; 13.1.3. distant (məsafədən); 13.1.4. sərbəst (eksternat). 13.2. Azərbaycan Respublikasında müəyyən edilmiş təhsilalma formaları çərçivəsində evdə təhsil, fərdi təhsil və stasionar təhsil təşkil oluna bilər. 13.3. Zəruri hallarda, müasir təhsil texnologiyalarından istifadə etməklə müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydada digər təhsilalma formaları da tətbiq edilə bilər. Maddə 27. Təhsil haqqında dövlət sənədi ... 27.4. Xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada həyata keçirilir. Maddə 29. Təhsil sahəsində dövlətin vəzifələri ... 29.0. Təhsil sahəsində dövlətin vəzifələri aşağıdakılardır: 29.0.21. Xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması qaydalarını müəyyən etmək və kvalifikasiyaların tanınmasını həyata keçirmək; ... Maddə 44. Azərbaycan Respublikası vətəndaşlarının xarici ölkələrdə, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında təhsil almaq hüququ ... 44.2. Azərbaycan Respublikası vətəndaşlarının xarici ölkələrdə, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında təhsil alması qaydaları, xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilmiş normativ hüquqi aktlarla tənzimlənir.
14. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il 13 may tarixli, 64 nömrəli Qərarı ilə təsdiq olunmuş “Xarici dövlətlərin ali təhsil sahəsində ixtisasların tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiya)” Qaydaları: 3.6. Ekvivalentlik haqqında Şəhadətnamə aşağıdakılara əsasən verilir: təhsil sahəsində ixtisasın tanınması barədə müsbət rəy; təhsilin məzmununun uyğunluğu haqqında müsbət ekspert rəyi; Azərbaycan Respublikasının müvafiq sahə üzrə tərəfdar çıxdığı beynəlxalq müqavilələr, eyni zamanda sənədi verən ölkədə və Azərbaycan Respublikasında təhsilin müvafiq strukturlarına qoyulan tələblərin uyğunluğu. 3.7. 3.6-cı bənddə göstərilən əsasların biri üzrə mənfi rəy ekvivalentlik haqqında Şəhadətnamənin verilməsinə imtina etmək üçün səbəb ola bilər. Mənfi rəy aşağıdakı hallarda verilə bilər: xarici dövlətdə ali təhsil sahəsində ixtisas almaq üçün təlimin ümumi normativ müddəti Azərbaycan Respublikasında təhsilin dövlət standartlarında nəzərdə tutulduğundan bir il az olduqda; təhsil haqqında sənədin verildiyi ölkədə onların sahiblərinə həmin sənədin verdiyi hüquqlar Azərbaycan Respublikasında müvafiq sənədin verdiyi hüquqlardan az olduqda (məsələn, onların sahiblərinin doktoranturaya daxil olmaq və ya peşə fəaliyyəti ilə məşğul olmaq hüququ yoxdursa); xarici ölkələrdə verilən təhsil istiqamətlər (ixtisaslar) üzrə qiyabi və əyani-qiyabi olduqda, lakin Azərbaycan Respublikasında həmin istiqamət (ixtisas) üzrə belə təhsil formasına yol verilmədikdə.
15. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 aprel 2010-cu il tarixli, 75 nömrəli Qərarı ilə təsdiq edilmiş “Ali təhsil pilləsinin dövlət standartı və proqramı”: 5.5. Ali təhsil pilləsinin müvafiq səviyyələri üzrə təhsil müddətləri təhsil proqramları ilə müəyyənləşdirilir. Bakalavriat səviyyəsində əyani forma üzrə təhsil müddəti 4-5 (qiyabi forma üzrə təhsil müddəti bir il artıqdır) ildir. ... 8.7. Ali təhsil müəssisələri tələbələrinin tədris yükünün ümumi həcmi və normaları aşağıdakı kimi müəyyənləşdirilir: ... 8.7.5. Əyani təhsil forması üzrə tədris ilinin müddəti 40 həftədir. Hər semestr 20 həftədən (o cümlədən 5 həftə imtahan sessiyası) ibarətdir. Qiyabi təhsil forması üzrə isə tədris ili 32 həftədir. Hər semestr 16 həftədən (o cümlədən 1 həftə imtahan sessiyası) ibarətdir və hər semestrə 24 kredit müəyyənləşdirilir. 8.7.6. Təlim müddətində istehsalat təcrübəsi üçün nəzərdə tutulan müddət bakalavriat səviyyəsində 8-18, magistratura səviyyəsində isə 8-10 həftədir.
16. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 12. İşin hallarının araşdırılması prinsipi 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya inzibati məhkəmə icraatı iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə proses iştirakçılarından əlavə məlumat və sübutlar tələb edə bilər Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Maddə 87.8 Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 89. Apellyasiya instansiyası məhkəməsinin qərarının qanuni qüvvəyə minməsi Bu Məcəllənin 94.1-ci maddəsində nəzərdə tutulmuş müddətdə şikayətin verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda, məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadı isə 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Şikayətin geri götürülməsi haqqında bəyanat yazılı şəkildə məhkəməyə təqdim olunmalıdır. Maddə 90.1. Apellyasiya instansiyası məhkəməsinin qərar və ya qərardadlarından, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla Ali Məhkəmənin İnzibati kollegiyasına (bundan sonra – Ali Məhkəməyə) şikayət verilə bilər.
APELLYASİYANİN MÜMKÜNLÜYÜ, APELLYASİYA BAXİŞİNİN HƏDLƏRİ
17. Apellyasiya şikayəti vaxtında, yəni məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində (İPM-in 85.1-ci maddəsi) verilmişdir. Şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir (İPMin 85.2 və 85.3-cü maddələri). Şikayət qanunla müəyyən edilmiş formal tələblərə və prosessual müddətə əməl olunmaqla verildiyindən onun mümkün sayılmaması üçün əsaslar yoxdur. Ona görə də şikayət qəbul oluna bilən hesab edilir.
18. Birinci instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır.
APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
19. Məhkəmə kollegiyası tərəfləri dinləyib, iş materiallarını araşdırıb, apellyasiya şikayətinin dəlillərinə qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.
20. Yaranmış mübahisə ilə bağlı kollegiya aşağıdakıları qeyd edir:
21. Hazırkı mübahisənin predmetini cavabdehin iddiaçıya məxsus xx.xx.2020-ci il tarixli, ДИ seriyalı, ******* nömrəli bakalavr diplomunun tanınması və ekvivalentiyi haqqında şəhadətnamə verilməsindən imtinası təşkil edir.
22. Cavabdehin imtinasını Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 18 avqust tarixli, 2306 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması Qaydaları” nın 3.10.1-ci və 4.1.4-cü bəndlərinə istinadla iddiaçının tədris normativi üzrə tələb olunan müddətin qarşılığında iddiaçının xarici ölkədə olduğu müddət ərzində diploma əlavədə qeyd edilmiş tədris yükününün onun tərəfindən yerinə yetirilməsinin qeyri-mümkün olması ilə əsaslandırmışdır.
23. İddiaçıya məxsus xx.xx.2020-ci il tarixli, ДИ seriyalı, ******* nömrəli diplom və diploma əlavənin məlumatlarından müəyyən edilir ki, iddiaçı təhsil müddəti 5 il (2015- 2016-cı illər, 2016-2017-ci illər, 2017-2018-ci illər, 2018-2019-cu illər, 2019-2020-ci illər) olmaqla, Belarusiya Respublikası Fövqəladə Hallar Nazirliyi "xxxx" və "xxxx" Dövlət Təhsil Müəssisələrində “Fövqəldə halların qarşısının alınması və aradan qaldırılması üzrə mühəndis” ixtisası üzrə qiyabi formada bakalavr təhsili almışdır.
24. İşin birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş hallarından görünür ki, iddiaçı təhsil aldığı dövrdə Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyində xidmət etmiş, xidmət etdiyi hərbi hissə komandirinin müvafiq əmrlərinə əsasən 2016-cı ildən 2019-cu ilədək müddət ərzində təhsil məzuniyyəti ilə əlaqədar Belarusiya Respublikasına getmişdir.
25. Belə ki, işə baxan məhkəmənin sorğusuna cavab olaraq FHN Mülki Müdafiə Qoşunları tərəfindən xx.xx.2025-ci il tarixli, 3-18-22/2-361/2025 nömrəli məktubla məhkəməyə təqdim edilmiş sənədlərdən görünür ki, iddiaçı xilasetmə briqadasının (9926 nömrəli hərbi hissə) xx.xx.2016-cı il tarixli nizami hissə üzrə əmri ilə xx.xx.2016-cı il tarixədək Belarusiya Respublikasının Minsk şəhərinə ezamiyyətə getmiş hesab edilmiş, xx.xx.2016-cı il tarixli əmrlə isə həmin tarixdən gəlmiş və vəzifəsinin icrasına başlamış hesab edilmişdir. Xilasetmə briqadasının müvafiq olaraq xx.xx.2017-xx.xx.2017-ci il, xx.xx.2018-xx.xx.2018-ci il, xx.xx.2019-xx.xx.2019-cu il tarixli əmrlərinə əsasən də iddiaçı eyni qaydada göndərilmiş və gəlmiş hesab edilmişdir. Həmçinin, sözügedən əmrlərin qəbul edilməsinə əsas olaraq Kadr siyasəti Baş idarəsi rəisinin məktubu, Fövqəladə hallar naziri müavinin məktubları və ezamiyyə vəsiqələri göstərilmişdir.
26. Göründüyü kimi iddiaçı xidmət etdiyi orqanın - Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin səlahiyyətli şəxslərinin əmrləri əsasında bakalavr təhsili alması üçün Belarusiya Respublikasına göndərilmişdir, hazırda da həmin orqanda xidmətini davam edir.
27. Tədris müddətinə münasibətdə iddiaçının xarici ölkə ərazisində olduğu müddətin yetərli olmadığına dair cavabdehin imtina məktubu və şikayətin dəlilinə münasibətdə kollegiya qeyd edir ki, tədris yükünün yerinə yetirilməsi ilə bağlı tədris müddətinə, o cümlədən hazırkı mübahisəyə münasibətdə iddiaçının tələb olunandan daha qısa müddət ərzində həmin ölkədə olmasına əlahiddə olaraq deyil, şəxsin tədris olunan fənlərə ümumiyyətlə hazırlaşması və həmin fənlərin məzmununu mənimsəməsi imkanları baxımından qiymət verilməlidir. Belə ki, təhsil alan şəxsin hazırlıq səviyyəsini artırması və tədris yükünü mənimsəməsi imkanları yalnız cavabdehin imtinasında istinad etdiyi müddətlə məhdudlaşmır. Bu zaman onun həmin müddətdən əlavə vaxtlarda və tədris müəssisəsindən kənarda da tədris olunan fənlər üzrə hazırlaşmaq imkanları da nəzərə alınmalıdır. Bundan əlavə, həmçinin konkret müddət ərzində şəxsin tədris yükünü yerinə yetirməsi və mənimsəməsi səviyyəsinin qiymətləndirilməsinin müvafiq ali təhsil müəssisəsinin müstəsna qiymətləndirmə səlahiyyətinə aid olduğu da diqqətə alınmalıdır.
28. İddiaçının sərhədkeçmə məlumatlarına əsasən o, Belarusiya Respublikasında 2015/2016 tədris ilində 13 gün, 2016/2017 tədris ilində 8 gün, 2017/2018 tədris ilində 13 gün, 2018/2019 tədris ilində 14 gün, 2019/2020 tədris ili üzrə - İ və İİ smestrlərdə olmamışdır (İİ smestr pandemiya dövrü olmuşdur).
29. Göründüyü kimi iddiaçı pandemiya dövrü istisna olmaqla, bütün tədris illərində təhsil aldığı ölkə ərazisində müvafiq müddətlərdə olmuşdur. İddiaçının təhsil müddəti təhsil aldığı müəssisə tərəfindən məqbul hesab edilərək, təhsil müddətinin yekununda ona bakalavr diplomu verilmiş, eləcə də, diplomu təhsil aldığı ölkənin müvafiq qurumu tərəfindən apostil olunaraq təsdiq edilmişdir.
30. Bu baxımdan, məhkəmə kollegiyası qeyd edilən müddətin müəyyən edilmiş tədris yükünün mənimsənilməsini yetərsiz hesab etməyə əsas görmür.
31. Həmçinin, Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2- 1(102)-2494/2024 nömrəli qərarından da göründüyü kimi, hazırkı iş üzrə iddiaçı ilə eyni dövrdə, eyni təhsil müəssisəsində və eyni ixtisas üzrə (2015–2020-ci illərdə Belarus Respublikası Fövqəladə Hallar Nazirliyinin Mülki Müdafiə Universitetində “Fövqəladə halların qarşısının alınması və aradan qaldırılması üzrə mühəndis” ixtisası üzrə) bakalavr təhsili almış digər bir şəxsin diplomunun tanınmasından imtina ilə bağlı cavabdeh orqana qarşı qaldırdığı eyni predmetli inzibati mübahisəyə baxılarkən, kassasiya instansiyası cavabdeh orqanın eyni hüquqi əsaslara söykənən kassasiya şikayətini əsassız hesab etmiş, birinci instansiya ilə apellyasiya instansiyası məhkəmələrinin iddianın təmin edilməsinə dair qərarlarını qüvvədə saxlamışdır.
32. Bundan başqa, AR FHN tərəfindən birinci instansiya məhkəməsinə ünvanlanmış xx.xx.2025-ci il tarixli məktubdan görünür ki, nazirlik tərəfindən 2015-2020-ci illər ərzində Belarus Respublikası Fövqəladə Hallar Nazirliyinin Mülki Müdafiə Universitetinə təhsil almaq üçün göndərilmiş 5 nəfər şəxsin diplomları cavabdeh tərəfindən tanınmışdır.
33. Göründüyü kimi iddiaçı ilə eyni qaydada xidmət keçdikləri orqan - AR FHN tərəfindən təhsil almaq üçün göndərilmiş, eyni dövrdə və eyni təhsil müəssisəsində təhsil almış vətəndaşların diplomları cavabdeh tərəfindən tanındığı halda, iddiaçının bununla bağlı müraciətindən imtina olunmuşdur.
34. Belə olan halda, kollegiya hesab edir ki, cavabdeh inzibati orqan tərəfindən birinci instansiya məhkəməsinin qeyd etdiyi kimi bərabərlik (bərabər yanaşma) prinsipi pozulmuşdur.
35. Halbuki, Azərbaycan Respublikası Konstitusiyasının 25-ci maddəsinin 5-ci hissəsinə əsasən, hüquq və vəzifələrlə bağlı qərarlar qəbul edən dövlət orqanları və dövlət hakimiyyəti səlahiyyətlərinin daşıyıcıları ilə münasibətlərdə hər kəsin bərabər hüquqları təmin edilir.
36. “İnzibati icraat haqqında” Qanunun həmin konstitusion normaya əsaslanan və onu daha da konkretləşdirən 12-ci maddəsinə görə, inzibati orqan tərəfindən eyni mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə fərqli qərarların qəbul edilməsi qadağandır.
37. Bu tənzimləmə müxtəlif vaxtlarda və müxtəlif şəxslərə münasibətdə analoji xüsusiyyətlərə malik işlər üzrə fərqli qərarların qarşısının alınması məqsədlərinə xidmət edir.
38. Bundan başqa, inzibati orqan tərəfindən hazırkı mübahisəyə münasibətdə eyni zamanda istinad olunan Qanunun 13-cü maddəsində təsbit edilmiş etimadın qorunması prinsipi də pozulmuşdur.
39. Nəzərə almaq lazımdır ki, inzibati orqan bir tərəfdən eyni faktiki hallara və hüquqi əsaslara söykənən işlər üzrə qərarların qəbuluna dair özünün formalaşdırdığı inzibati praktikaya, yəni hüququn tətbiqi praktikasına bağlıdır, digər tərəfdən isə, fiziki və ya hüquqi şəxslərin analoji vəziyyətlərdə həmin praktikanın onlara da tətbiq olunacağına dair əsaslı qanuni gözləntilərinə və həmin praktikaya etimadına bağlıdır. Bu zaman həm də nəzərə alınmalıdır ki, şəxsin etimad hüququ yalnız inzibati orqanların davranışının proqnozlaşdırılmasının mümkün olduğu hallarda təmin oluna bilər. Belə proqnozlaşdırma isə inzibati orqanların inzibati, yəni hüquq tətbiqi praktikasına və bu praktikanın davamlılığına bağlıdır. Maraqlı şəxs onun müraciətinin inzibati praktikaya uyğun və artıq həll edilmiş oxşar işlərə analoji qaydada həll olunacağını əvvəlcədən bilmək və proqnozlaşdırmaq imkanına malik olmalıdır. Şəxsə belə imkan məhz bərabər yanaşma və etimadın qorunması prinsipləri vasitəsi ilə yaradılır.
40. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, publik hüquq sahəsində həyata keçirilən idarəçilik fəaliyyəti zamanı inzibati orqanların konstitusion prinsipləri, o cümlədən bərabər yanaşma və hüquqi dövlət prinsipindən irəli gələn “İnzibati icraat haqqında” Qanunun 13-cü maddəsində təsbit edilmiş etimadın qorunması prinsiplərini birbaşa tətbiq etməyə borclu olduğu da nəzərə alınmalıdır.
41. Birinci instansiya məhkəməsi də işin qeyd olunan hallarını nəzərə almaqla, haqlı olaraq iddianı təmin etmişdir.
42. Cavabdeh apellyasiya şikayətinin dəlillərində əlavə olaraq, bildirmişdir ki, Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 18 avqust tarixli, 2306 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması Qaydaları” nın peşə tanınması icraatı üzrə tələblərinə əsasən DİM tərəfindən təşkil olunan imtahanlarda iştirak etmədən Agentlik tərəfindən vətəndaşa peşə tanınması haqqında şəhadətnamə verilməsi mümkün deyil.
43. Şikayətinin bu dəlilinin əsası kimi cavabdeh Qaydaların 6.2-ci bəndinə istinad etmişdir.
44. Bu normaya əsasən bu Qaydaların əlavəsində nəzərdə tutulan peşələrə aid ixtisasların peşə tanınması zamanı ərizəçinin müvafiq kvalifikasiya üzrə peşə kompetensiyalarının Azərbaycan Respublikasında mövcud olan uyğun kvalifikasiya üzrə nəzərdə tutulmuş peşə kompetensiyalarının tələblərinə uyğunluğu müəyyən edilir. Müəllimlik, mühəndislik və hüquq ixtisasları üzrə ərizəçinin Agentliyin sifarişi ilə Azərbaycan Respublikası Dövlət İmtahan Mərkəzinin (bundan sonra – DİM) təşkil etdiyi sınaq imtahanında müvəffəqiyyət qazanması (keçid balının toplanması) tələb olunur.
45. İddiaçının ixtisası mühəndis olduğundan cavabdeh ona münasibətdə də bu normanın tətbiq edilməli olduğunu hesab edir.
46. Halbuki, nəzərə almaq lazımdır ki, iddiaçının təhsil aldığı 2015-2020-ci illər ərzində bu Qaydalar qüvvədə olmamış, xx.xx.2023-cü il tarixdə qüvvədə minmişdir.
47. Hazırda mübahisəli hüquq münasibəti iddiaçının bakalavr təhsili olmaqla, 2015- 2020-ci illər ərzində yarandığından bu mübahisəyə iddiaçının cavabdehə müraciət etdiyi tarixdə deyil, məhz təhsil aldığı dövr ərzində qüvvədə olan maddi hüquq normaları tətbiq edilməlidir.
48. Təhsil adlığı dövrdə qüvvədə olan Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il 13 may tarixli, 64 nömrəli Qərarı ilə təsdiq olunmuş “Xarici dövlətlərin ali təhsil sahəsində ixtisasların tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiya)” Qaydalarında isə diplomun tanınması üçün DİM tərəfindən təşkil olunan imtahanlarda iştirakla bağlı hər hansı qayda müəyyən ediləmişdir.
49. Qeyd edilənlərə əsasən kollegiya hesab edir ki, iddiaçıya münasibətdə 2023-cü ildə qüvvədə minmiş həmin Qaydalar tətbiq edilə bilməz, odur ki, şikayətin bu dəlili əsassızdır.
50. Beləliklə, işin sadalanan xüsusatlarını nəzərə alaraq, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı təmin edərkən düzgün nəticəyə gəlmişdir. Məhkəmə qərarının ləğv edilməsi və ya dəyişdirilməsi əsas müəyyən edilmir. Şərh edilənlərə əsasən, məhkəmə kollegiyası
QƏRARA ALDİ:
Apelyasiya şikayəti təmin edilməsin. Sumqayıt İnzibati Məhkəməsinin 21 may 2025-ci il tarixli, 2-1(118)-3127/2025 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apelyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti 70) vasitəsilə kassasiya şikayəti verilə bilər.