Məhkəmə qərarları › İş №2-1(105)-696/2022

Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(105)-696/2022

29.11.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(105)-696/2022 29.11.2022 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə qarşı iş üzrə QƏRARİ Sədrlik edən və məruzəçi hakim Məmmədov Fuad Əli oğlu, hakimlər Babayeva Hökümə Çingiz qızı və Məmmədov Zahid Tahir oğlundan ibarət tərkibdə, Oruclu Nurlan Zöhrab oğlunun katibliyi, İddiaçı və Cavabdeh Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə qarşı Quba şəhəri, 22-ci məhəllədə yerləşən ümumi sahəsi 33.9 kv.m olan qeyri-yaşayış sahəsinin Cavabdeh ASC-nin su və kanalizasiya şəbəkəsi sisteminə qoşulması öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair inzibati iş üzrə Sumqayıt İnzibati Məhkəməsinin 14 sentyabr 2022-ci il tarixli, 2-1(118)-1644/2022 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları İddiaçı Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Quba şəhəri, 22-ci məhəllədə yerləşən ümumi sahəsi 33.9 kv.m olan qeyri-yaşayış sahəsinin Cavabdeh ASC-nin su və kanalizasiya şəbəkəsi sisteminə qoşulması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Birinci instansiya məhkəməsində icraat İddia tələbi onunla əsaslandırılmışdır ki, Quba şəhəri 22-ci məhəllə ünvanında yerləşən 33.9 kv.m torpaq sahəsində inşa etdiyi obyekt (paxlava sexi) xx.xx.2013-ci il tarixli ********** qeydiyyat nömrəli ******* saylı çıxarışa və texniki pasporta əsasən iddiaçının mülkiyyətindədir. 28 mart 2013-ci ildə Cavabdeh ASC-yə ərizə ilə müraciət edərək həmin paxlava sexini (obyektimə) su-kanalizasiya xətti ilə təchiz edilməsi barədə sərəncam verilməsini xahiş etmiş, texniki şərtə əsasən obyektinə su və kanalizasiya xətləri çəkilmişdir. Bu fakt ərizəsinə əlavə etdiyi fotoşəkillərlə təsdiq edilir. Keçən müddət ərzində sərf etdiyi suyun həcminə görə vaxtlı-vaxtında ödənişləri aparmış, təxminən 2011-ci ildən maddi vəziyyəti ilə və ağır ürək əməliyyatı nəticəsində əmək qabiliyyətini itirməyi ilə əlaqədar obyektində sahibkarlıq fəaliyyətini dayandırmaq məcburiyyətində qalmışdır. Quba şəhərində içməli su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması layihəsi 2015-ci il tarixdə tamamlanaraq istifadəyə verilmişdir. O cümlədən, onun paxlava sexinə də həmin layihə əsasında su və kanalizasiya xətləri yenidən çəkilmiş, lakin əmək fəaliyyətinin dayandırılması ilə əlaqədar sayğac quraşdırılması təmin edilməmişdir. 2020-ci ildən fəaliyyətini bərpa etmək üçün Cavabdeh ASC-yə müraciətlər edir, ilkin olaraq sayğacın quraşdırılmaqla yeni kod nömrəsi ilə təmin olunacağı bildirilsə də, kanalizasiya xətti mövcud olsa da bu günə kimi su sayğacı quraşdırılmamışdır. Ona görə də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Qeyd olunanlara əsasən iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh təşkilat iddia tələbinə etiraz edərək bildirmişdir ki, iddiaçının iddia tələbini tam və bütünlüklə rədd edilir. Belə ki, hazırkı iddia inzibati mübahisəyə aid deyildir, eləcədə iddia inzibati məhkəmə icraatı qaydasında baxılmalı olmadığından məhkəmə aidiyyatı düzgün verilməmiş və inzibati-prosessual qanunvericiliyə əsasən tələb cavabdeh üçün öhdəlik yarada bilməz. İddiaçının qaldırdığı məsələ ilə bağlı ötən və cari ildə eyni məzmunlu müraciətlərə baxılaraq müvafiq qaydada cavablandırılmışdır. Hazırkı mərhələdə Cavabdeh ASC-nin mövqeyi ilə razılaşmayaraq məhkəməyə müraciət etmişdir. İş materiallarından görünür ki, iddiaçı qeyri-əhali qrupuna aid istehlakçıdır. Qeyd edilir ki, bütün fiziki və hüquqi şəxslər nəzərdə tutulmuş qaydada və şərtlərlə su ehtiyatlarından istifadə etmək və bu məqsədlə su kəmərləri və kanalizasiya qurğularını tikmək və istismar etmək, tullantı suların və tullantıları atmaq hüquqlarına malikdirlər. Su təchizatı müəssisəsi öz su təchizatı zonasında yerləşən hər hansı istehlakçının müraciətinə əsasən onu aşağıdakı şərtlərlə su təchizatı sisteminə qoşmalıdır: a) müraciət edən istehlakçı mövcud və ya tikilməsi planlaşdırılan obyektin və ya onun bir hissəsinin sahibi olsun; b) qoşulma, fiziki şəxs olan istehlakçılar istisna edilməklə digər istehlakçı qruplar üzrə istehlakçının hesabına aparılsın, müraciətlə əlaqədar su təchizatı müəssisəsi aşağıdakıları tələb edə bilər: a) su təchizatı sisteminə qoşulma üçün zəruri olan məlumatların, habelə su təsərrüfatı pasportunun təqdim olunmasını. Beləliklə, iddaçının mübahisələndiridiyi tələbin heç bir hüquqi əsası yoxdur və o rədd edilməlidir. Sumqayıt İnzibati Məhkəməsinin 14 sentyabr 2022-ci il tarixli, 2-1(118)-1644/2022 nömrəli qərarı ilə (hakim Ceyhun Məmmədov) iddia tələbi təmin edilərək, İddiaçı mülkiyyətində olan Quba şəhəri, 22-ci məhəllədə yerləşən ümumi sahəsi 33.9 kv.m olan qeyri-yaşayış sahəsinin Cavabdeh ASC-nin su və kanalizasiya şəbəkəsi sisteminə qoşulması öhdəliyinin Cavabdeh ASC-nin üzərinə qoyulması qərara alınmışdır. Həmin qərardan cavabdeh apellyasiya şikayəti verərək qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməməsinə dair yeni qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apellyasiya şikayətinin dəlilləri Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, su təhcizatı və kanalizasiya müəssisəsi ilə istehlakçılar arasında qarşılıqlı münasibətləri və bununla əlaqədar yaranan digər məsələləri Azərbaycan Respublikasının “Su təchizatı və tullantı suları haqqında” Qanun və Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunmuş “Sudan istifadə Qaydaları” və “İstehlakçıların su təchizatı və tullantı sularının axıdılması sisteminə qoşulması üçün texniki şərtlərin verilməsi və qoşulması Qaydaları” ilə tənzimlənir. İddiaçı məhkəməyə müraciət edərək tələbini onunla əsaslandırmışdır ki, Quba şəhəri, 22-ci məhəllədə yerləşən qeyri-yaşayış sahəsi xx.xx.2013-ci il tarixdən onun mülkiyyətindədir, həmin obyekt paxlava sexi kimi fəaliyyət göstərmiş, 2015-ci ildə Quba şəhərində Cavabdeh ASC-nin sifarişi əsasında su və kanalizasiya şəbəkəsinin yenilənməsi layihəsi icra edilərkən, ona məxsus paxlava sexi bir müddət fəaliyyətini dayandırmış və nəticə olaraq onun sexini yerli sukanal sahəsi əməkdaşları su təchizatı sistemindən ayırmışlar. İddiaçının həmin ünvan üzrə, yəni Quba şəhərinin, 22-ci məhəlləsində istifadəsində 2 obyekti var və həmin obyektlərdən biri ünvan 3 ünvanı üzrə qeyri-əhali qrupuna aid olmaqla, su və kanalizasiya xidmətlərindən istifadəçisi kimi, İddiaçı adına 560185 nömrəli abonent kodu ilə Cavabdeh ASC-nin Müştəri Xidmətləri bazasında qeydiyyata götürülmüş və hazırda da iddiaçı göstərilən xidmətlərdən (həmin ünvan paxlava sexi kimi fəaliyyət göstərir) istifafə etməkdədir. İddiaçıya məxsus digər obyekt isə, birinci obyekt ilə eyni məhəllədə yerləşsə də, yerləşmə ərazisi başqadır. Həmin ikinci obyekt ilə bağlı iddiaçının ötən illər ərzində rəsmi olaraq Cavabdeh ASC-nin şəbəkəsinə qoşulması barədə Cavabdeh ASC-nin müştəri bazasında heç bir məlumat yoxdur. Bundan başqa həmin obyektə Cavabdeh ASC tərəfindən su təchizatı və tullantı sularının axıdılması sistemi qoşulması üçün heç vaxt texniki şərt verilməmiş və qoşulma həyata keçirilməmişdir. İddiaçı iddia edir ki, vaxtı ilə Cavabdeh ASC-nin şəbəkəsinə qoşulmuşdur və sudan bir müddət istifadə etmişdir, onda belə olan halda bu qoşulma qanunsuz olmaqla mülki məsuliyyətə səbəb olan bir əməldir. Digər tərəfdən iddiaçı əvvəllər həmin obyekt üzrə sudan istifadə etdiyini iddia etsə də bunun hər hansı bir sənədlərlə (ödəniş qəbzi, müqavilə və s.) sübut edə bilməmişdir. İşin bu hallarını məhkəmə ümumiyyətlə araşdırmamışdır. İddiaçının qaldırdığı məsələ, yəni su təchizatı şəbəkəsinə qoşulma, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-ci il 13 avqust tarixli 275 №-li qərarı ilə təsdiq edilmiş, “İstehlakçıların su təchizatı və tullantı sularının axıdılması sisteminə qoşulması üçün texniki şərtlərin verilməsi və qoşulması” Qaydaları ilə təzimlənir. Həmin qaydaların 2.1-ci bəndinə əsasən sifarişçinin tikinti obyektinin su təchizatı və tullantı sularının axıdılması sisteminə qoşulması su təchizatı və kanalizasiya müəssisəsi tərəfindən verilən texniki şərtlər əsasında həyata keçirilir. Həmin Qaydaların 2.6-cı bəndinə əsasən tikintiyə icazə icraatı çərçivəsində şəhərsalma və tikintiyə dair normativ sənədlərin tələblərinə uyğun olaraq, tikinti obyekti üçün texniki şərtlər (tələbatından asılı olmayaraq) sifarişçinin tikintiyə icazə verən orqana (quruma) müraciətinə (ərizəsinə) əsasən tikintiyə icazə verən orqanın (qurumun) su təchizatı və kanalizasiya müəssisəsinə sorğusu əsasında verilir. Tikintiyə icazə verən orqan (qurum) sorğu ilə yanaşı sifarişçinin ərizəsinin surətini, habelə bu Qaydaların 2.9.2-ci bəndinə uyğun olaraq həmin ərizəyə əlavə edilmiş sənədlərin surətlərini də su təchizatı və kanalizasiya müəssisəsinə təqdim etməlidir. Həmin qaydaların 2.7-ci bəndinə əsasən Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 79.2-ci və 80-ci maddələrinə əsasən barəsində məlumatlandırma icraatının tətbiq olunduğu tikinti obyektləri, həmçinin tikintisinə icazə tələb olunmayan tikinti obyektləri üçün texniki şərtlər (tələb edilən gücdən asılı olmayaraq) həmin yaşayış evinin və ya tikinti obyektinin məxsus olduğu sifarişçinin su təchizatı və kanalizasiya müəssisəsinə bilavasitə müraciəti əsasında verilir. Həmin Qaydaların 3.1-ci bəndinə əsasən sifarişçinin su təchizatı və tullantı sularının axıdılması sisteminə qoşulması onun texniki şərtləri, o cümlədən qoşulma ilə bağlı layihə işlərini yerinə yetirməsi şərtilə texniki şərtlərin verilməsi haqqında qərar qəbul olunduğu gündən sonra ən geci 15 (on beş) iş günü müddətində su təchizatı və kanalizasiya müəssisəsi tərəfindən aşağıdakı qaydada həyata keçirilir: 3.1.1 bu Qaydaların 2.6-cı bəndində göstərilən sifarişçiyə münasibətdə sifarişçinin vəsaiti hesabına (Azərbaycan Respublikasının Tarif (qiymət) Şurası tərəfindən müəyyən olunan qoşulma haqqı həmin müddətdə STKM-in bank hesabına ödənilir) 3.1.2 bu Qaydaların 2.7-ci bəndində nəzərdə tutulan sifarişçiyə münasibətdə - STKM-in vəsaiti hesabına. “Su təchizatı və tullantı suları haqqında” Qanunun 23-cü maddəsinə 1-ci bəndinə əsasən su təchizatı müəssisəsi öz su təchizatı zonasında yerləşən hər hansı istehlakçının müraciətinə əsasən onu aşağıdakı şərtlərlə su təchizatı sisteminə qoşmalıdır: a) müraciət edən istehlakçı mövcud və ya tikilməsi planlaşdırılan obyektin və ya onun bir hissəsinin sahibi olsun; b) qoşulma, fiziki şəxs olan istehlakçılar istisna edilməklə digər istehlakçı qruplar üzrə istehlakçının hesabına aparılsın 2. Müraciətlə əlaqədar su təchizatı müəssisəsi aşağıdakıları tələb edə bilər: a) su təchizatı sisteminə qoşulma üçün zəruri olan məlumatların, habelə su təsərrüfatı pasportunun təqdim olunmasını. Qeyd olunan normaların tələbindən göründüyü kimi, iddaçı ilk növbədə su təchizatı və kanalizasiya sistemlərinə qoşulmaq üçün müvafiq sənədlər əlavə edilməklə müraciət edərək texniki şərt almalıdır. Texniki şərt alındıqdan sonra iddiaçının vəsaiti hesabına qoşulma həyata keçirilir. Məhkəmə tərəfindən bu hallar araşdırılmamış, qərar qəbul edərkən maddi hüquq normaları pozulmuşdur. Bundan başqa, hazırkı iddia inzibati mübahisəyə aid deyildir, eləcə də iddia inzibati məhkəmə icraatı qaydasında baxılmalı olmadığından məhkəmə aidiyyatı düzgün verilməmiş və inzibati prosessual qanunvericiliyə əsasən tələb cavabdeh üçün öhdəlik yarada bilməz. b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri Apellyasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi X2 apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinin təmin edilmədən, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Tətbiq edilən hüquq “Su təchizatı və tullantı suları haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 12. Su təchizatı müəssisələrinin vəzifələri Hər bir su təchizatı müəssisəsi öz zonası hüdudlarında səmərəli və qənaətcil su təchizatı sistemini yaratmaq və saxlamaqla aşağıdakıları təmin etməlidir: a) məqsədlərindən asılı olaraq keyfiyyət normalarına və müvafiq dövlət standartlarının tələblərinə cavab verən istehlakçıların məişət (təsərrüfat)-içməli, istehsalat və digər məqsədlər üçün müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən miqdarda su ilə təmin olunmasını; b) su kəmərlərindən ətraf mühitə su sızmasının aradan qaldırılmasını və belə halların baş verməsinin qarşısının alınmasını; c) əsas vəsaitlərin lazımi qaydada saxlanılmasını və onların təkmilləşdirilməsini, xidmətlərin genişləndirilməsini və yaxşılaşdırılmasını, həmçinin su təchizatı sahəsində bu Qanuna müvafiq olaraq digər vəzifələrin yerinə yetirilməsini. Su təchizatı müəssisəsinin səlahiyyətli nümayəndələrinin sahibkarlıq subyektlərinin fəaliyyət göstərdiyi yerlərə gəlməklə və müqavilə şərtlərinin yerinə yetirilməsini tələb etməklə bağlı fəaliyyəti “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun tələbləri nəzərə alınmaqla həyata keçirilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 13 avqust tarixli 275 nömrəli qərarı ilə təstiq edilmiş “İstehlakçıların su təchizatı və tullantı sularının axıdılması sisteminə qoşulması üçün texniki şərtlərin verilməsi və qoşulması” Qaydaları:

2. Texniki şərtlərin hazırlanması və verilməsi 2.1. Sifarişçinin tikinti obyektinin STTSAS-a qoşulması STKM tərəfindən verilən texniki şərtlər əsasında həyata keçirilir. (...) 2.5. STKM tərəfindən STTSAS-da edilən dəyişikliklərə görə istehlakçıdan yeni texniki şərtlərin alınması tələb edilə bilməz. Bu halda STKM istehlakçını qabaqcadan xəbərdar etməli və onun yeni yaradılmış STTSAS-a qoşulmasını təmin etməlidir. (...)

“İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunu:

Maddə 2 . Qanunda istifadə olunmuş əsas anlayışlar 2.0. Bu Qanunda istifadə olunmuş əsas anlayışlar aşağıdakı mənalara malikdir: 2.0.1. inzibati orqan - Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxs; 2.0.2. inzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir (...)

Maddə 19. Mötəbərlik prezumpsiyası 19.1. İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. 19.2. Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür.

“İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 2.0.1 və 2.0.2-ci maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 06 oktyabr 2012-ci il tarixli Plenum qərarı: Təbii inhisar subyektlərinin publik hüquq sahəsindəki qərarlarından, hərəkət və ya hərəkətsizliyindən irəli gələn mübahisələrə Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 2.1-ci maddəsinə uyğun olaraq inzibati icraat qaydasında inzibati-iqtisadi məhkəmələr tərəfindən baxılır.

Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi:

Maddə 58. Sübutların araşdırılması qaydası (...) 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir.

Maddə 68. Məhkəmə qərarının əsası (...) 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.

Maddə 82. Mübahisə ilə bağlı işə şikayət üzrə yenidən baxılmasının hədləri Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır.

Maddə 87. Apellyasiya instansiyası məhkəməsində icraat (...) 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər.

Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri

Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 27 oktyabr 2022-ci il tarixli qərardadı ilə apellyasiya şikayəti mümkün sayılmışdır. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır.

Apellyasiya instansiyasi məhkəməsinin mövqeyi

Məhkəmə kollegiyası sədrlik edən hakimin məruzəsini dinləyib, iş materiallarını nəzərdən keçirib, apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayəti təmin edilməməlidir. Hazırkı mübahisənin predmetini istehlakçı olan iddiaçıya məxsus obyektin sukanalizasiya xətti ilə təchiz edilməsindən və obyektə sayğacın quraşdırılmasından cavabdehin imtinası təşkil edir. Mübahisənin predmeti təbii inhisar subyekti olan su təchizatı müəssisəsi Cavabdeh ASC-nin publik hüquq sahəsindəki hərəkətsizliyindən irəli gəldiyindən tələb öhdəliyin icrası haqqında iddia növü kimi inzibati icraat qaydasında baxılmalı olan iddiadır. Cavabdehin imtinasının əsas dəlili ondan ibarətdir ki, iddiaçıya məxsus qeyri-əhali obyektinin içməli su və kanalizasiya şəbəkəsinə qoşulmasından ötrü texniki şərtin alınması üçün Cavabdeh ASC-yə müraciət olunmalı və texniki şərt alındıqdan sonra qeyri-əhali obyektinin içməli su və kanalizasiya şəbəkəsinə qoşulması təmin olunacaqdır. İşdən görünür ki, Quba şəhəri 22-ci məhəllədə yerləşən qeyri-yaşayış sahəsi İddiaçı mülkiyyətində 28 mart 2013-cü ildən olmasına baxmayaraq, həmin müddətdən öncə iddiaçının faktiki sahibliyində olmuş və həmin paxlava sexi kimi fəaliyyət göstərmiş tikili su ilə təhciz olunmuşdur. Cavabdehin iddiaçıya ünvanladığı 18 mart 2022-ci il tarixli məktubda qeyd olunmuşdur ki, “su təchizatı və tullantı suların axıdılması xidməti hüquqi və fiziki şəxslərlə müqavilə ilə tənzimlənir və 1 (bir) il müddətinə bağlanılır. Əgər tərəflərdən hansısa biri müqavilənin bitməsinə 1 (bir) ay müddət qalmış müqavilənin ləğv edilməsi üçün müraciət etmirsə müqavilənin müddəti növbəti 3 (üç) il üçün uzadılmış hesab olunur. Siz sonuncu dəfə 605679 saylı 27 dekabr 2009-cu il tarixli mədaxil qəbzinə əsasən ödəniş etmisiniz. Bu günə qədər su və kanalizasiya xidmətindən istifadə etmədiyinizə görə sizin müqavilənizə müəssisə tərəfindən xitam verilmişdir. Quba şəhərində içməli su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması layihəsi 2015-ci ildə istifadəyə verilmişdir. Sizə məxsus qeyri-əhali obyektinin içməli su və kanalizasiya şəbəkəsinə qoşulmasından ötrü texniki şərtin alınması üçün Cavabdeh ASC-yə müraciət etməlisiniz. Texniki şərt alındıqdan sonra sizə məxsus qeyri-əhali obyekti içməli su və kanalizasiya şəbəkəsinə qoşulması təmin olunacaqdır.” Göründüyü kimi iddiaçıya məxsus obyektin 2009-cu ildən öncə su ilə təhciz olunduğu, sonradan müqaviləyə xitam verildiyi və 605679 saylı 27 dekabr 2009-cu il tarixli mədaxil qəbzi ilə ödəniş etdiyi cavabdeh təşkilatın imtina məktubu ilə təsdiq olunur. 2015-ci ildə Quba şəhərində içməli su təhcizatı və kanalizasiya sistemlərinin yenidən qurulması zamanı İddiaçı mülkiyyətində olan qeyri-yaşayış binasının bir müddət işləməməsi səbəbindən cavabdeh təşkilat həmin qeyri-yaşayış binasına su təhcizatını dayandırmışdır. İddiaçı sonradan qeyri-yaşayış binasına suyun verilməsini tələb etməsinə baxmayaraq ondan texniki şərt tələb edilmişdir. Məhkəmə kollegiyası cavabdehin imtina əsası ilə bağlı qeyd edir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 13 avqust tarixli 275 nömrəli qərarı ilə təsdiq edilmiş “İstehlakçıların su təchizatı və tullantı sularının axıdılması sisteminə qoşulması üçün texniki şərtlərin verilməsi və qoşulması” Qaydalarının 2.5-ci bəndinə əsasən, STKM (su təchizatı və kanalizasiya müəssisəsi) tərəfindən STTSAS-da (su təchizatı və tullantı sularının axıdılması sistemi) edilən dəyişikliklərə görə istehlakçıdan yeni texniki şərtlərin alınması tələb edilə bilməz. Bu halda STKM istehlakçını qabaqcadan xəbərdar etməli və onun yeni yaradılmış STTSAS-a qoşulmasını təmin etməlidir. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətinin dəlilləri əsassız olduğundan təmin edilməməli, iş üzrə birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Qərara aldı:

Apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt İnzibati Məhkəməsinin 14 sentyabr 2022-ci il tarixli, 2-1(118)-1644/2022 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti 70) vasitəsilə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar