Məhkəmə qərarları › İş №2-1(105)-696/2024

Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(105)-696/2024

16.08.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(105)-696/2024 16.08.2024 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Babayeva Hökümə Çingiz qızı (sədrlik edən və məruzəçi), Quliyev İsmayıl Rza oğlu və X1 ibarət tərkibdə, X5 qızının katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi Nümayəndə iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “ödənilməmiş əlilliyə görə əmək pensiyası məbləğinin ödənilməsi” tələbinə dair inzibati mübahisə üzrə Sumqayıt İnzibati Məhkəməsinin 30 aprel 2024-cü il tarixli, 2-1(118)-2165/2024 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ İddiaçı Tibbi Sosial Ekspert Komissiyasında müayinədən keçmiş və ona xx.xx.2014cü il tarixdən ikinci dərəcəli əlillik təyin edilmişdir. Daha sonra əlillik hər dəfə 1 il müddətinə olmaqla, 2016-cı ilədək, 2016-cı ildən 5 il müddətinə xx.xx.2021-ci il tarixədək uzadılmış və buna müvafiq olaraq, ona pensiya ödənişi həyata keçirilmişdir. Əlillik müddəti bitdikdən sonra İddiaçı sağlamlıq vəziyyəti Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi publik hüquqi şəxsi tərəfindən xx.xx.2021-ci il tarixdə qiymətləndirilmiş, ona əlavə müalicəyə ehtiyacın olması səbəbi ilə əlilliyin təyin edilməsindən imtina edilmişdir. Daha sonra İddiaçı xx.xx.2021-ci il tarixdən 5 il müddətinə xx.xx.2026-cı il tarixədək ikinci dərəcəli əlillik təyin edilmişdir. Bundan sonra İddiaçı ərizə ilə Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına müraciət edərək, xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək olan dövr üzrə ona ödənilməmiş əlilliyə görə əmək pensiyası məbləğinin ödənilməsini xahiş etmişdir. İnzibati orqan xx.xx.2022-ci il tarixli, **********7 nömrəli məktubu ilə müraciətin icrasından imtina etmişdir. İmtina onunla əsaslandırılmışdır ki, əlillik müddətinin xx.xx.2021-ci il tarixdən bitməsi ilə əlaqədar əlilliyə görə əmək pensiyasının ödənişi xx.xx.2021-ci il tarixdən dayandırılmışdır. Əlilliyi xx.xx.2021-ci il tarixdən ikinci dərəcə olmaqla bərpa olunduğundan pensiyanın ödənişi həmin tarixdən bərpa edilmişdir. “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Qanunun 3.3-1-ci maddəsinə əsasən əlillik müddəti bitdikdən sonra 6 ay ərzində əlilliyin təkrar qiymətləndirilməsi nəticəsində şəxsin əlilliyi yenidən müəyyən olunduqda, şəxs ötürülmüş müddət də daxil olmaqla, əlilliyi olan şəxs hesab edilir. Əlillik müddəti bitdiyi tarixdən 6 aydan çox müddət keçdikdən sonra təkrar qiymətləndirilmə nəticəsində bərpa olunduğundan ötürülmüş müddət üzrə əmək pensiyasının ödənilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. İddiaçı ona xx.xx.2021-ci il tarixdən təyin edilmiş əlilliyin tarixi ilə razılaşmayaraq cavabdeh Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi publik hüquqi şəxsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək olan dövr üzrə ona ikinci dərəcəli əlilliyin təyin edilməsini xahiş etmişdir. Sumqayıt İnzibati Məhkəməsinin 08 may 2023-cü il tarixli, 2-1(118)-2068/2023 nömrəli qərarı ilə iddia təmin edilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 21 sentyabr 2023-cü il tarixli, 2-1(118)-633/2023 nömrəli qərarı ilə cavabdehin apellyasiya şikayəti təmin edilərək birinci instansiya məhkəməsinin qərarı ləğv edilmiş və iddia rədd edilmişdir. İddiaçı həmin qərardan kasssasiya şikayəti verməmiş və qərar qanuni qüvvəyə minmişdir. Bundan sonra İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək, xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək olan dövr üzrə ödənilməmiş əlilliyə görə əmək pensiyası məbləğinin ona ödənilməsini təyin olunmasını xahiş etmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) Birinci instansiya məhkəməsində icraat İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçıya xx.xx.2016-cı il tarixdə ümumi xəstəlik səbəbindən 5 il müddətinə 2-ci qrup əlillik təyin edilmiş və əlilliyin növbəti qiymətləndirmə tarixi xx.xx.2021-ci il tarixədək müəyyən edilmişdir. Növbəti əlillik xx.xx.2021-ci il tarixdə təyin edilmiş və həmin vaxtdan ona 353 (üç yüz əlli üç) manat pensiya təyin edilmişdir. Lakin, o, bununla razılaşmır və bildirmişdir ki, ona pensiya xx.xx.2021-ci il tarixdən hesablanmalıdır. Çünki, “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Qanunun 3.3-1 maddəsinə əsasən əlillik müddəti bitdikdən sonra 6 ay ərzində əlilliyin təkrar qiymətləndirilməsi nəticəsində şəxsin əlilliyi yenidən müəyyən olunduqda, şəxs ötürülmüş müddət də daxil olmaqla əlilliyi olan şəxs hesab edilir. Onun əlillik müddətinin bitdiyi xx.xx.2021-ci il tarixdən əlilliyin təyin edilməsi tarixinədək 3 dəfə elektron qaydada göndəriş göndərilmiş, lakin, TSEK komisssiya heç bir ciddi və üzrlü səbəb olmadan ona əlilliyin təyin edilməsini gecikdirmişdir. Qeyd edilənləri nəzərə alaraq ona təyin edilmiş pensiyanın xx.xx.2021-ci il tarixdən hesablanmasını xahiş etmişdir. Cavabdeh iddia tələbinə yazılı etiraz edərək iddiaçının hüquqi marağı əlillik müddətinin bitdiyi xx.xx.2021-ci il tarixdən əmək pensiyası ödənişinin bərpa edildiyi xx.xx.2021-ci il tarixədək olan müddət üzrə ona ödənilməmiş əmək pensiyası məbləğinin ödənilməsinə yönəlmişdir. Cavabdehin iddiaçıya əmək pensiyasının ödənilməsini bərpa etmək, habelə 6 ay ərzində onun əlilliyi yenidən müəyyən edildiyi təqdirdə, ötən müddət üzrə ödənilməmiş əmək pensiyası məbləğini ödəmək öhdəliyi məhz iddiaçının əlilliyinin təkrar qiymətləndirilməsi nəticəsində onun əlilliyini yenidən müəyyən edən aidiyyəti inzibati orqan tərəfindən qəbul edilmiş müvafiq qərar əsasında yaranır. İddiaçının əlilliklə bağlı təyinatının gecikdirilmiş olması hazırkı iş üzrə cavabdehin məsuliyyət sferasına aid məsələ deyildir. Əgər əlillik təyinatı 6 aydan sonra baş tutubsa, bu halda, pensiya ödənişini həyata keçirən orqanların vəzifəsi məhz təyinat tarixindən ödənişi həyata keçirməkdən ibarətdir. Bu halda əlilliyin təyinat tarixi dəyişdirilmədən ödənişi həyata keçirən orqanlara qarşı qaldırılmış iddialar təmin oluna bilməz. Hazırkı işdə də əlilliyin növbəti təyinatı 7 ay 3 gün sonra həyata keçirilmiş və iddiaçının təyinat tarixinin dəyişdirilməsi ilə bağlı tələbi məhkəmə tərəfindən təmin edilməmişdir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: Sumqayıt İnzibati Məhkəməsinin 30 aprel 2024-cü il tarixli, 2-1(118)-2165/2024 nömrəli qərarı ilə iddia təmin edilməmişdir (hakim C.Məmmədov). Məhkəmə qərarını onunla əsaslandırmışdır ki, iddiaçının mübahisələndirdiyi zaman kəsiyində (xx.xx.2021-xx.xx.2021) qüvvədə olan qanunvericilik normalarının tələbləri cavabdeh tərəfindən düzgün tətbiq edilməklə inzibati icraat aparılmış, iddiaçının sosial təminat hüququ pozulmamış, onun hüququnun mahiyyətinə zərər yetirilməmişdir. Belə ki, həmin dövrdə qüvvədə olan Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli 11 nömrəli qərarı ilə təsdiq olunmuş “Əlilliyin qiymətləndirilməsi Qaydasının 1.7-ci bəndinə əsasən, şəxs əlilliyin qiymətləndirilməsi barədə qərarın qəbul edildiyi tarixdən əlilliyin növbəti qiymətləndirilməsi tarixindən sonrakı ayın 1-dək əlilliyi olan şəxs hesab edilir. Həmçinin, həmin dövrdə qüvvədə olan “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Qanunun 3.3-cü maddəsinə əsasən, şəxs müvafiq icra hakimiyyəti orqanı tərəfindən bu barədə qərarın qəbul edildiyi tarixdən əlilliyi olan şəxs hesab edilir. Həmin qərardan narazı qalan iddiaçı apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a) Apellyasiya şikayətinin dəlilləri İddiaçı apellyasiya şikayətini iddia ərizəsi ilə eyni məzmunda əsaslandırmış, əlavə olaraq qeyd etmişdir ki, birinci instansiya məhkəməsi onun əlilliyin təyin edilməsi ilə bağlı inzibati orqana üç dəfə müraciətlərinə heç bir hüquqi qiymət verməmişdir. b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri Cavabdeh apellyasiya şikayətinə yazılı etiraz edərək etirazı iddia ərizəsinə etirazla eyni məzmunda əsaslandırmış və əlavə olaraq qeyd etmişdir ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının analoji işlərlə bağlı iddiaçı X2 cavabdeh Mərkəzi Filiala qarşı “iddiaçıya ikinci dərəcəli əlilliyə görə xx.xx.2021-ci il tarixindən xx.xx.2021-ci il tarixinə qədər olan dövr üçün müavinətin birdəfəlik ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair xx.xx.2023-cü il tarixli 2-1(102)-1388/2023 nömrəli qərarı ilə iddia yuxarıda qeyd edilən əsaslarla rədd edilmişdir. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı apellyasiya şikayətini müdafiə edərək izahatında əlavə olaraq bildirmişdir ki, onun xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək olan dövr üzrə ikinci dərəcəli əlilliyin təyin edilməsi tələbinə dair iddiası Sumqayıt Apellyasiya Məhkəməsinin 21 sentyabr 2023-cü il tarixli, 2-1(118)-633/2023 nömrəli qərarı ilə iddia rədd edilmiş, həmin qərardan kassasiya şikayəti verməmişdir. İddiaçı apellyasiya şikayətinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətinin dəlillərini qəbul etməyərək iddia ərizəsi və şikayətə etirazla eyni məzmunda izahat verərək şikayətin təmin edilməməsini xahiş etmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ: “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 1. Əsas anlayışlar 1.0. Bu Qanunda istifadə olunan anlayışlar aşağıdakı mənaları ifadə edir: 1.0.1. əlillik - müxtəlif maneələrlə qarşılaşdığı zaman şəxsin digər şəxslərlə bərabər səviyyədə cəmiyyət həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntularının olması; 1.0.2. əlilliyi olan şəxs - müxtəlif maneələrlə qarşılaşdığı zaman digər şəxslərlə bərabər səviyyədə cəmiyyət həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntuları olan şəxs; ... Maddə 3. Əlilliyin müəyyən edilməsi 3.1. Şəxs müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən bu barədə qərarın qəbul edildiyi tarixdən əlilliyi olan şəxs hesab edilir. ... 3.3-1. Əlillik müddəti bitdikdən sonra 6 ay ərzində əlilliyin təkrar qiymətləndirilməsi nəticəsində şəxsin əlilliyi yenidən müəyyən edildikdə, şəxs ötürülmüş müddət də daxil olmaqla, əlilliyi olan şəxs hesab edilir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 87. Apellyasiya instansiyası məhkəməsində icraat 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Maddə 87.8 Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 89. Apellyasiya instansiyası məhkəməsinin qərarının qanuni qüvvəyə minməsi Bu Məcəllənin 94.1-ci maddəsində nəzərdə tutulmuş müddətdə şikayətin verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda, məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadı isə 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Şikayətin geri götürülməsi haqqında bəyanat yazılı şəkildə məhkəməyə təqdim olunmalıdır. Maddə 90.1. Apellyasiya instansiyası məhkəməsinin qərar və ya qərardadlarından, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla Ali Məhkəmənin İnzibati kollegiyasına (bundan sonra – Ali Məhkəməyə) şikayət verilə bilər. APELLYASİYANİN MÜMKÜNLÜYÜ, APELLYASİYA BAXİŞİNİN HƏDLƏRİ Apellyasiya şikayəti vaxtında verilmişdir. Apellyasiya şikayəti formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə apellyasiya mümkün hesab edilmişdir. Birinci instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ Məhkəmə kollegiyası tərəflərin izahatını dinləyərək, iş üzrə materialları və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti əsassızdır. Birinci instansiya məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Birinci instansiya məhkəməsinin qərarının ləğv olunması üçün əsaslar müəyyən edilməmişdir. Bu səbəbdən, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Yaranmış mübahisə ilə bağlı kollegiya aşağıdakıları qeyd edir: Hazırda iddiaçının hüquqi marağı ona ikinci dərəcəli əlillik müddətinin bitdiyi xx.xx.2021-ci il tarixdən əlilliyin təyin edildiyi xx.xx.2021-ci il tarixədək olan dövr üçün əmək pensiyasının ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasına yönəlmişdir. Birinci instansiya məhkəməsi “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.3-1-ci maddəsinə istinad edərək cavabdehin imtinasını əsaslı saymaqla, iddanı təmin etməmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq əlavə olaraq aşağıdakıları qeyd edir: Məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsinə dair Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 32.1-1-ci maddəsinin tətbiqinə dair 03/2020 nömrəli, 8 oktyabr 2020-ci il tarixli kollegial Qərardadında aşağıdakılar qeyd edilmişdir: - 77-ci bənd. Sosial hüquqların təmin edilməsində və həyata keçirilməsində bir sıra özünəməxsus səciyyəvi xüsusiyyətlər mövcuddur və bu hal, onların özəl hüquqi təbiətini Konstitusiyada təsbit olunmuş digər şəxsi, iqtisadi, siyasi və mədəni hüquqlardan fərqləndirir. Sosial təminat hüququnun xüsusi hüquqi təbiəti isə ilk növbədə ondan irəli gəlir ki, Konstitusiyada eyni qaydada qorunmasına və müdafiəsinə təminat verilməsinə baxmayaraq, digər hüquqlardan fərqli olaraq sosial hüquqların səmərəli həyata keçirilməsi dövlətin bu hüquqları təmin edə biləcək maliyyə imkanları ilə əlaqəli və bəzən hətta ondan asılıdır. Qeyd olunan xüsusiyyət, həmçinin beynəlxalq aktlarda da öz əksini tapmışdır. Belə ki, “İqtisadi, sosial və mədəni hüquqlar haqqında” Beynəlxalq Paktın 2-ci maddəsinin mənasına görə həmin hüquqların dövlətlərin mövcud imkanlarının maksimal həddi çərçivəsində təmin edilməsi öhdəliyi müəyyən edilmişdir. - 78-ci bənd. Azərbaycan Respublikası Konstitusiyasının yuxarıda sadalanan müddəaları (bax: 9-11-ci bəndlər) sosial dövlət prinsipinə uyğun olaraq dövlətin üzərinə müəyyən pozitiv öhdəliklər qoyur. Hər nə qədər sosial hüquqların təmin edilməsi dövlətin maddi imkanlarından birbaşa asılı olsa da, dövlətin ən azı minimum səviyyədə bu hüquqları təmin etmək vəzifəsi də var. Bundan başqa, dövlət büdcə sabitliyinin və uzun müddətli maliyyə dayanıqlılığının qorunması maraqlarından çıxış etməklə, özünün bu pozitiv öhdəliklərinin yerinə yetirilməsində müəyyən mülahizə səlahiyyətinə malik olmaqla yanaşı, həm də həmin səlahiyyətlərini hüquqi dövlətin hamılıqda qəbul edilmiş prinsiplərinə uyğun həyata keçirmək öhdəliyi daşıyır. - 80-ci bənd. Lakin sosial təminat hüququnun məhz Konstitusiyada təsbit olunmuş bir hüquq olması qanunvericinin mülahizə sərbəstliyinin də müəyyən məhdudiyyətlərə tabe olduğunu təsdiq edir. Əvvəla, belə tənzimləmənin məqsədi şübhəsiz ki, səmərəli və ədalətli sosial təminat sisteminin yaradılmasına yönəlməlidir. Ona görə də, tənzimləmələr Konstitusiyada təsbit olunmuş bərabərlik hüququna, eləcə də normativ hüquqi aktların hüquqa və haqqədalətə (bərabər mənafelərə bərabər münsibətə) əsaslanmalı olduğuna dair tələblərə uyğun həyata keçirilməlidir. Yuxarıda əks olunan hüquqi mövqedən çıxış edən məhkəmə kollegiyası hesab edir ki, iddiaçının mübahisələndirdiyi zaman kəsiyində (xx.xx.2021-xx.xx.2021-ci il tarixləri) qüvvədə olan qanunvericilik normalarının tələbləri cavabdeh tərəfindən düzgün tətbiq edilməklə inzibati icraat aparılmış, iddiaçının sosial təminat hüququ pozulmamış, onun hüququnun mahiyyətinə zərər yetirilməmişdir. Belə ki, mübahisələndirilən dövrdə və hazırda qüvvədə olan Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli, 11 nömrəli qərarı ilə təsdiq olunmuş “Əlilliyin qiymətləndirilməsi Qaydası” nın 1.7-ci bəndinə əsasən, şəxs əlilliyin qiymətləndirilməsi barədə qərarın qəbul edildiyi tarixdən əlilliyin növbəti qiymətləndirilməsi tarixindən sonrakı ayın 1-dək əlilliyi olan şəxs hesab edilir. Həmçinin, həmin dövrdə qüvvədə olan “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Qanunun 3.3-cü maddəsinə əsasən, şəxs müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən bu barədə qərarın qəbul edildiyi tarixdən əlilliyi olan şəxs hesab edilir. Qanunun yuxarıda göstərilən müddəalarından görünür ki, xx.xx.2021-ci il tarixli, 356- VİQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə (25 iyul 2021-ci il dən qüvvəyə minmişdir) gətirilmiş yenilik ondan ibarət olmuşdur ki, əlillik müddəti bitdikdən sonra 6 ay ərzində əlilliyin təkrar qiymətləndirilməsi nəticəsində şəxsin əlilliyi yenidən müəyyən edildikdə, şəxs ötürülmüş müddət də daxil olmaqla, əlilliyi olan şəxs hesab edilir. Bu yeni normanın əlilliyi olan şəxslərin xx.xx.2021-ci il tarixdən sonra yaranan hüquqlarına münasibətdə tətbiq ediləcəyi ilə bağlı şübhə yoxdur. Lakin, bu normanın Azərbaycan Respublikasının Konstitusiyasının 149-cu maddəsinin Vİİ hissəsinə əsaslanmaqla geriyə tətbiq edilməsi yolverilməzdir. Əvvəla, sözügedən Qanunun özündə onun yeni müddəasının geriyə tətbiq edilməsinə dair müddəa nəzərdə tutulmamışdır. Bundan başqa, nəzərə alınmalıdır ki, qanunla əvvəllər mövcud olmayan yeni məzmunlu normativ tənzimləmə həyata keçirilmişdir. Sözügedən tənzimləmələr əlillik təyin edilmiş şəxsin - iddiaçının hüquqi vəziyyətini yaxşılaşdıran, hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən xarakterli tənzimləmə olmamış, eləcə də onların qazanılmış hüquqlarına müdaxilə edilməmişdir. Belə ki, “fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran hallar” dedikdə, hüquq və azadlıqlara qoyulmuş məhdudiyyətlərin götürülməsi, şəxsin əvvəllər üzərinə qoyulmuş vəzifələrdən azad edilməsi, əvvəllər verilməmiş hüquqların verilməsi və s. başa düşülür. Beləlilklə, həmin norma dövlətin sosial təminat hüququ sahəsində malik oldluğu geniş mülahizə sərbəstliyi çərçivəsində həyata keçirilmiş yeni tənzimləmə olmuşdur. Müvafiq olaraq qanunun özündə onun əvvəlki münasibətlərə tətbiq ediləcəyinə dair müddəa olmadığından, normayaratma fəaliyyətinin ümumi prinsipinə əsasən bu Qanun qüvvəyə mindiyi tarixidən sonra yaranmış münasibətlərə şamil edilməlidir. İşin yuxarıda qeyd olunan mübahisəsiz hallarında görünür ki, iddiaçının əlillik müddəti xx.xx.2021-ci il tarixdə bitmiş, ona təkrar əlillik isə 7 ay 03 gün sonra xx.xx.2021-ci il tarixdə təyin edilmişdir. Qeyd edilməlidir ki, cavabdeh inzibati orqan əlillik təyin edən qurumun qərarında göstərilən əlilliyin təyin tarixi ilə bağlıdır. Başqa sözlə, əlillik təyin edən qurumun qərarında qeyd olunan əlilliyin təyin tarixi cavabdehə pensiya ödənişinin hansı qaydada və hansı tarixdən həyata keçirilməli olması üçün əsasdır. Hazırda iddiaçı ona əlilliyin vaxtında təyin edilməməsində təqsirsiz olması halından çıxış edirsə, bu halda, ilk növbədə o, əlilliyin təyini ilə bağlı xx.xx.2021-ci il tarixli qərarı mübahisələndirməklə, həmin qərarla təyin edilmiş əlilliyin tarixinin dəyişdirilməsinə nail olduqdan sonra hazırkı iş üzrə cavabdehə qarşı əvvəlki dövr üçün pensiya ödənişinin həyata keçirilməsi ilə bağlı tələb irəli sürə bilər. İşin hallarından da görünür ki, iddiaçı bu hüququndan istifadə edərək əlilliyin təyinat tarixini məhkəmə qaydasında mübahisələndirmiş, Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının qanuni qüvvəyə minmiş 21 sentyabr 2023-cü il tarixli, 2-1(118)-633/2023 nömrəli qərarı ilə iddia rədd edilmişdir. Eyni zamanda Azərbaycan Respublikası Ali Məhkəməsi İnzibati Kollegiyasının 2- 1(102)-1388/2023 və 2-1(102)-1482/2023 nömrəli qərarlarında məhkəmənin formalaşmış mövqeyi də ondan ibarət olmuşdur ki, “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Qanunun 3.3-1-ci maddəsində göstərilən 6 ay müddətdən sonra əlilliyin təyin edilməsi halında pensiya və ya sosial müavinət təyin edən inzibati orqanın həmin ödənişləri həyata keçirmək öhdəliyi yoxdur. Əlavə olaraq kollegiya qeyd edir ki, iddiaçı əlilliyin gec təyin edilməsində təqsirli olan dövlət orqanının qanunsuz hərəkətləri (hərəkətsizliyi) nəticəsində ona vurulmuş zərərin əvəzinin ödənilməsini də tələb edə bilər (“İnzibati icraat haqqında” Qanunun 89-cü maddəsi və Mülki Məcəllənin 1100-cü maddəsi). Qeyd olunanlara əsasən kollegiya hesab edir ki, hazırkı işin hallarından iddiaçının cavabdeh tərəfindən sosial təminat hüququnun hər hansı şəkildə pozulması və ya onun sosial vəziyyətinin pisləşməsi ilə nəticələnən qərarın qəbul edilməsi müəyyən edilmir. Odur ki, iddiaçı hazırkı tələbində haqlı olmamış, mübahisə üzrə cavabdehin imtinası qanuna zidd deyil və iddiaçının hüquqlarını pozmamışdır, imtina mövcud inzibati praktikaya uyğun, cavabdehin inzibati orqan olaraq güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmuşdur (“İnzibati icraat haqqında” AR Qanununun 13.2 və 17-ci maddələri). Beləliklə, işin sadalanan xüsusatlarını nəzərə alaraq kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi iddia tələbini təmin etməməklə düzgün nəticəyə gəlmişdir. Göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: Apelyasiya şikayəti təmin edilməsin. Sumqayıt İnzibati Məhkəməsinin 30 aprel 2024-cü il tarixli, 2-1(118)-2165/2024 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apelyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti 70) vasitəsilə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar