Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(105)-696/2025 01.10.2025 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Babayeva Hökümə Çingiz qızı (sədrlik edən və məruzəçi-hakim), Axundov Toğrul Bəhruz oğlu və Hacıyev Vahid Məcid oğlundan ibarət tərkibdə, X8 qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı “mənzil uçotuna alınması” tələbinə dair inzibati mübahisə üzrə Sumqayıt İnzibati Məhkəməsinin 13 may 2025-ci il tarixli, 2-1(118)-2603/2025 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ:
1. İddiaçı xx.xx.2022-ci il tarixdən etibarən müddətsiz olaraq “Azərbaycan Respublikası ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar” üçüncü dərəcəli əlillik təyin edilmişdir.
2. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Baş Pasport Qeydiyyat və Miqrasiya İdarəsinin xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, iddiaçı xx.xx.2011-ci il tarixdən xx.xx.2019-cu il tarixədək Şəki rayonu, Əliyar kəndində, xx.xx.2019-cu il tarixdən hal-hazıradək Abşeron rayonu, Qobu qəsəbəsində yaşayış yeri üzrə qeydiyyatdadır.
3. İddiaçı ərizə ilə Cavabdehnə müraciət edərək, üçüncü qrup Qarabağ müharibəsi əlili kimi Abşeron rayonu üzrə mənzil uçotuna alınmasını xahiş etmişdir.
4. Cavabdeh xx.xx.2024-cü il tarixli, 5-29/2-M-378-068/2024 nömrəli məktubu ilə müraciətin icrasından imtina etmişdir. İmtina onunla əsaslandırılmışdır ki, XDS İcraiyyə Komitəsinin 27 dekabr 1983-cü il tarixli qərarı ilə təsdiq edilmiş “Abşeron rayonunda mənzillərin bölüşdürülməsi qaydaları” nın 8-ci bəndinə əsasən yaşayış sahəsinə ehtiyacı olan şəxslər Cavabdehndə mənzil uçotuna o halda götürülürlər ki, azı son 5 il ərzində Abşeron rayonunda yaşamış və daimi pasport qeydiyyatında olmuş olsunlar. Yaşayış müddəti Abşeron rayonunda daimi pasport qeydiyyatında olması ilə müəyyən edilir.
5. Verilən imtina cavabı ilə razılaşmayan iddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun mənzil uçotuna götürülməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir.
İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ: a) Birinci instansiya məhkəməsindəki icraat
6. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüş əməliyyatlarında iştirak etmiş, döyüşlərdə fəal iştirakı ilə əlaqədar olaraq Azərbaycan Respublikasının Prezidenti tərəfindən medallarla təltif olunmuşdur. Ona “Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar” üçüncü dərəcəli əlillik təyin edilmişdir. O hazırda Abşeron rayonu, Qobu qəsəbə ərazi dairəsi, Qobu qəsəbəsi ünvanında pasport qeydiyyatındadır və mənzil şəraiti yaxşı deyildir. Bu səbəbdən Abşeron rayonu üzrə mənzil uçotuna alınması ilə bağlı cavabdehə müraciət etmiş, lakin ona imtina cavabı verilmişdir. Hesab edir ki, iddia tələbi təmin edilməlidir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə:
7. Sumqayıt İnzibati Məhkəməsinin 13 may 2025-ci il tarixli, 2-1(118)-2603/2025 nömrəli qərarı ilə iddia təmin edilmiş, iddiaçının mənzil uçotuna alınması öhdəliyi cavabdehin üzərinə vəzifə olaraq qoyulmuşdur (hakim Aynur Axundova).
8. Məhkəmə qərarını onunla əsaslandırmışdır ki, iddiaçının Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar üçüncü dərəcəli əlilliyinin olması işin mübahisə olunmayan tərəfidir. Məhkəmə qeyd edir ki, XDS İcraiyyə Komitəsinin 27 dekabr 1983-c il tarixli qərarı ilə “Abşeron rayonunda mənzil şəraitinin yaxşılaşdırılmasına ehtiyacı olan vətəndaşların uçotu və mənzillərin bölüşdürülməsi qaydaları” nın 8-ci bəndi şəxsin azı son beş il ərzində Abşeron rayonunda pasport qeydiyyatının olması şərtilə yaşamış olmasını tələb etsə də, hazırda qüvvədə olan qanunvericiliyin belə bir tələbi mövcud deyildir. Azərbaycan Respublikasının Prezidentinin 25 yanvar 2021-ci il tarixli, 2449 nömrəli sərancamının verdiyi imtiyazlara uyğun olaraq iddiaçının Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin, konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxs kimi mənzil və ya fərdi evlə təmin edilməsi üçün gözlənilən hüququ mövcuddur. Cavabdeh tərəfindən iddiaçının mənzilə ehtiyacı olan şəxs kimi qeydiyyata alınmaması onun gözlənilən hüququnun məhdudlaşdırılmasına səbəb olur.
9. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək, iddianın təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.
APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a) Apellyasiya şikayətinin dəlilləri
10. Cavabdeh apellyasiya şikayətini imtina məktubu ilə eyni məzmunda əsaslandırmış, əlavə olaraq qeyd etmişdir ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Pasport Qeydiyyat və Miqrasiya İdarəsindən verilmiş xx.xx.2024-cü il tarixli arayışda iddiaçının xx.xx.2019-cu il tarixdən Abşeron rayonu Qobu qəsəbəsində qeydiyyatda olduğu bildirilsə də, qeydiyyat üçün əsas olmuş sənədlərdən aydın olur ki, Qobu qəsəbəsində qeydiyyata alınması üçün fərdi yaşayış evinin mülkiyyətçisi xx.xx.2024cü il tarixdə razılıq ərizəsi vermişdir.
b) Apellyasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları
11. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı apellyasiya şikayətin etiraz edərək izahatında bildirmişdir ki, əvvəllər Şəki rayonunda yaşasa da, orada mənzil uçotuna alınmamışdır. Hazırda Abşeron rayonu, Qobu qəsəbəsində yaşayır, ailəlidir, 2 və 4 yaşlarında iki övladı var, özü Qaradağ rayonunda FHN-nin maddi texniki təchizat idarəsində işləyir. Oğlu Abşeron rayonu, Qobu qəsəbəsində 31 saylı bağçaya gedir, yoldaşı isə işləmir. Birinci instansiyada məhkəmə icraatının gedişində mənzil uçotuna alınmasının mümkün olması üçün Şəkidə yerləşən mülkiyyətində olan torpaq sahələrini atası X1 bağışlamışdır. Qeyd edilənlərə əsasən, birinci instansiya məhkəməsinin qərarının dəyidirilmədən saxlanılmasını xahiş edir.
12. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilsə də, nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş, gəlməməyin səbəbləri haqqında məlumat verməmişdir. İnzibati Prosessual Məcəllənin 62.3-cü maddəsinə əsasən, məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
TƏTBİQ EDİLƏN HÜQUQ:
13. Azərbaycan Respublikasının Mənzil Məcəlləsi: Maddə 48. Sosial kirayə müqaviləsi əsasında verilən yaşayış sahələri 48.1. Sosial kirayə müqavilələri əsasında bu Məcəllə ilə və digər qanunvericilik aktları ilə müəyyən edilmiş əsaslarla yaşayış sahələrinə ehtiyacı olan hesab edilən aztəminatlı vətəndaşlara, o cümlədən sosial müdafiəyə ehtiyacı olan aztəminatlı gənclərə, habelə qanunvericiliklə müəyyən edilən kateqoriyadan olan digər vətəndaşlara dövlət və ya bələdiyyə mənzil fondunun yaşayış sahələri verilir. 48.2. Qanunla başqa qayda nəzərdə tutulmayıbsa, dövlət və ya bələdiyyə mənzil fondunun yaşayış sahələri sosial kirayə müqavilələri əsasında göstərilən kateqoriyalardan olan vətəndaşlara bu Məcəllədə müəyyənləşdirilmiş qaydada verilir. ... Maddə 51. Yaşayış sahəsinə ehtiyacı olan qismində vətəndaşların uçota alınması 51.1. Bu Məcəllə ilə müəyyən edilmiş hallar istisna olmaqla, sosial kirayə müqaviləsinə əsasən yaşayış sahələri yaşayış sahələrinə ehtiyacı olan qismində uçota alınmış vətəndaşlara verilir. 51.2. Yaşayış sahəsinə ehtiyacı olan hesab edilə bilən bu Məcəllənin 48-ci maddəsində göstərilən kateqoriyalardan olan vətəndaşların yaşayış sahəsinə ehtiyacı olan qismində uçota durmaq hüququ vardır. Əgər vətəndaşın göstərilən uçotda bir neçə əsaslara (aztəminatlı vətəndaş və ya qanunvericiliklə müəyyən edilən digər kateqoriyaya aid vətəndaş kimi) görə durmaq hüququ varsa, həmin vətəndaş özünün mülahizəsinə görə göstərilən əsaslardan biri üzrə və ya bütün əsaslar üzrə uçota alına bilər. 51.3. Vətəndaşların yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınması onların yaşayış yeri üzrə müvafiq icra hakimiyyəti orqanına və ya bələdiyyə orqanına təqdim etdikləri ərizələri (bundan sonra – uçota alınma haqqında ərizə) əsasında həmin orqan (bundan sonra – uçota alınmanı həyata keçirən orqan) tərəfindən həyata keçirilir. 51.4. Uçota alınma haqqında ərizə ilə birlikdə müvafiq vətəndaşların yaşayış sahələrinə ehtiyacı olan qismində uçota durmaq hüququnu təsdiq edən sənədlər təqdim edilməlidir. Uçota alınma haqqında ərizəni təqdim edən vətəndaşa uçota alınmanı həyata keçirən orqan tərəfindən qəbul edilən sənədlərin siyahısı və sənədlərin qəbuletmə tarixi barədə qəbz verilir. ... 51.5. Uçota alınma və ya uçota almaqdan imtina haqqında qərar uçota alınmanı həyata keçirən orqan tərəfindən bu Məcəllənin 51.4-cü maddəsində göstərilən uçota alınma haqqında ərizənin və digər sənədlərin baxılmasının nəticələri əsasında sənədlərin həmin orqana təqdim edildiyi gündən otuz iş günündən gec olmayaraq qəbul edilməlidir. 51.6. Uçota alınmanı həyata keçirən orqan uçota alınma haqqında qərar qəbul etdiyi gündən üç iş günündən gec olmayaraq belə qərarın qəbul edilməsini təsdiqləyən sənədi uçota alınma barədə ərizə vermiş vətəndaşa təqdim edir və ya göndərir. 51.7. Vətəndaşların yaşayış sahəsinə ehtiyacı olan qismində uçotunun aparılması qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Maddə 52. Vətəndaşlar tərəfindən yaşayış şəraitinin qəsdən pisləşdirilməsinin nəticələri Yaşayış sahəsinə ehtiyacı olan qismində uçota durmaq hüququnu əldə etmək niyyəti ilə həmin vətəndaşların yaşayış sahəsinə ehtiyacı olan hesab edilmələri ilə nəticələnə biləcək hərəkətlərə yol vermiş vətəndaşlar göstərilən niyyətli hərəkətlərə yol verdikləri gündən beş ildən tez olmayaraq yaşayış sahəsinə ehtiyacı olan qismində uçota götürülür. Maddə 53. Yaşayış sahəsinə ehtiyacı olan vətəndaş qismində uçota almaqdan imtina 53.1. Yaşayış sahəsinə ehtiyacı olan vətəndaş qismində uçota almaqdan imtinaya aşağıdakı hallarda yol verilir: 53.1.1. bu Məcəllənin 51.4-cü maddəsində nəzərdə tutulmuş sənədlər təqdim edilmədikdə (bu Məcəllənin 51.4-cü maddəsinin üçüncü və dördüncü cümlələrinin tələbləri nəzərə alınmaqla); 53.1.2. müvafiq vətəndaşın yaşayış sahəsinə ehtiyacı olan qismində uçota durmaq hüququnu təsdiq etməyən sənədlər təqdim edildikdə; 53.1.3. bu Məcəllənin 52-ci maddəsi ilə nəzərdə tutulmuş müddət bitmədikdə. ...
14. ““Azərbaycan Respublikası Mənzil Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 27 avqust 2009-cu il tarixli, 153 nömrəli Fərmanının 2.3-cü yarımbəndinə əsasən həmin Məcəllənin 51.3-cü maddəsində nəzərdə tutulmuş həmin Məcəllənin 51.3-cü maddəsində “müvafiq icra hakimiyyəti orqanı” dedikdə yerli icra hakimiyyəti orqanları nəzərdə tutulur.
15. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 12. İşin hallarının araşdırılması prinsipi 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. Maddə 14. Sübut etmə vəzifəsi ... 14.3. İnzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Maddə 87.8 Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 89. Apellyasiya instansiyası məhkəməsinin qərarının qanuni qüvvəyə minməsi Bu Məcəllənin 94.1-ci maddəsində nəzərdə tutulmuş müddətdə şikayətin verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda, məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadı isə 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Şikayətin geri götürülməsi haqqında bəyanat yazılı şəkildə məhkəməyə təqdim olunmalıdır. Maddə 90.1. Apellyasiya instansiyası məhkəməsinin qərar və ya qərardadlarından, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla Ali Məhkəmənin İnzibati kollegiyasına (bundan sonra – Ali Məhkəməyə) şikayət verilə bilər.
APELLYASİYANİN MÜMKÜNLÜYÜ, APELLYASİYA BAXİŞİNİN HƏDLƏRİ
16. Apellyasiya şikayəti vaxtında verilmişdir. Apellyasiya şikayəti formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə apellyasiya mümkün hesab edilmişdir.
17. Birinci instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır.
APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
18. Məhkəmə kollegiyası tərəflərin dinlənilmə hüququnu təmin edib, iş üzrə materialları və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməklə, iddia tələbinin rədd edilməsi barədə yeni qərar qəbul edilməlidir.
19. Yaranmış mübahisə ilə bağlı kollegiya aşağıdakıları qeyd edir:
20. İşin hallarından göründüyü kimi iddiaçı xx.xx.2019-cu il tarixdən hazıradək Abşeron rayonu, Qobu qəsəbəsində yaşayış yeri üzrə qeydiyyata alınması faktına istinad edərək, Abşeron rayonu üzrə mənzil uçotuna alınmasını tələb edir.
21. Cavabdehin bununla bağlı iddiaçının müraciətindən imtinasının səbəbi - XDS İcraiyyə Komitəsinin 27 dekabr 1983-cü il tarixli qərarı ilə təsdiq edilmiş “Abşeron rayonunda mənzillərin bölüşdürülməsi qaydaları” nın 8-ci bəndinin tələbi baxımından iddiaçının Abşeron rayonu üzrə mənzil uçotuna alınması üçün son 5 il ərzində həmin rayonda yaşamadığı və daimi pasport qeydiyyatında olmadığıdır.
22. Birinci instansiya məhkəməsi cavabdehin əsaslandığı qaydaların hazırda qüvvədə olmadığına istinad edərək imtinanı əsassız hesab etmiş və iddiaçı yaşayış sahəsinə ehtiyacı olan şəxs kateqoriyasından olduğundan hazırkı iddianı təmin etmişdir.
23. Məhkəmə kollegiyası işə baxan məhkəmənin gəldiyi nəticə ilə razılaşmayaraq bildirir ki, birinci instansiya məhkəməsi tərəfindən Mənzil Məcəlləsinin müddəalarını hazırkı işin hallarına düzgün tətbiq edilməmiş, İnzibati Prosessual Məcəllənin 12-ci və 58.7-ci maddələrinin tələbləri pozularaq işin hallarının tam və hərtərəfli araşdırılması təmin olunmamışdır.
24. Nəzərə alınmalıdır ki, mənzil qanunvericiliyinin məqsədi sosial müdafiəyə ehtiyacı olan şəxslərin layiqli həyat səviyyəsi, onların sosial təminatı və cəmiyyətin həyatında tam həcmdə iştirakını və sosial inteqrasiyasına şərait yaradılmasını, onların həyat şəraitinin yaxşılaşdırılmasını təmin etməkdən ibarətdir. Bununla bağlı dövlətin vəzifəsi müvafiq kateqoriyadan olan şəxslərin ehtiyaclarının ödənilməsi üçün köməklik göstərilməsidir. Sosial müdafiəyə ehtiyacı olan şəxslərə köməklik göstərilməsinin meyarı onların həqiqətən də bu köməyə ehtiyacı olmasıdır.
25. Bu baxımdan, hazırkı işə münasibətdə də iddiaçının əmlak vəziyyəti nəzərə alınaraq onun həqiqətən də yaşayış sahəsinə ehtiyacı olub-olmamasının müəyyən edilməsi xüsusi əhəmiyyət kəsb edir.
26. Bununla bağlı kollegiya qeyd edir ki, daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2022-ci il tarixli, **********54, **********57, **********55 reyestr nömrəli çıxarışlara əsasən Şəki rayonu, Əliyar kəndində yerləşən 0,44 ha, 0,54 ha və 0,86 ha kənd təsərrüfatı təyinatlı torpaq sahələri iddiaçı və 2 nəfər ailə üzvünün - X3 və X2 adına ümumi birgə mülkiyyət hüququ ilə reyestrdə qeydiyyata alınmışdır. Həmçinin, xx.xx.2023-cü il tarixli, **********53-10301 reyestr nömrəli çıxarışdan müəyyən olunur ki, Şəki rayonu, Əliyar kəndində yerləşən 0,29 ha yaşayış məntəqələri təyinatlı torpaq sahəsi də iddiaçı və 3 nəfər ailə üzvünün – A.M.Allahverdiyev, A.C.Allahverdiyeva və X4 ümumi birgə mülkiyyətlərində olmuşdur.
27. Ümumi birgə mülkiyyətində həyətyanı torpaq sahəsinin olduğuna dair işin faktiki halı qanunvericiliyin yaşayış sahəsinə ehtiyacı olmanın hesab edilməsi ilə bağlı tələbi ilə birgə nəzərə alındığında, kollegiya hesab edir ki, iddiaçının yaşayış sahəsinə ehtiyacı olan şəxs hesab edildiyi müəyyən edilmir.
28. Nəzərə almaq lazımdır ki, qeyd olunan məsələyə münasibətdə formalaşmış məhkəmə təcrübəsi də mövcuddur.
29. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2- 1(102)-1877/2023 nömrəli və 2-1(102)-1484/2024 nömrəli qərarlarında kassasiya məhkəməsi dövlət reyestrində ümumi birgə mülkiyyət hüququ üzrə həyətyanı torpaq sahəsi, eləcə də, xüsusi mülkiyyət hüququ üzrə yaşayış evi qeydiyyata alınan iddiaçının yaşayış sahəsinə ehtiyacı olan qismində mənzil uçotuna alınması üçün əsasların olmadığı qənaətinə gəlmişdir.
30. Bundan başqa, işdən görünür ki, iddiaçı birinci instansiyada məhkəmə icraatının gedişində ümumi birgə mülkiyyətində olan 0,29 ha yaşayış məntəqələri təyinatlı torpaq sahəsinin və 0,86 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin ona məxsus hissələrini xx.xx.2025-ci il tarixli daşınmaz əmlakın bağışlama müqavilələrinə əsasən digər birgə mülkiyyətçi olan - atası Altay Allahverdiyevə bağışlamışdır.
31. Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 52-ci maddəsinə əsasən yaşayış sahəsinə ehtiyacı olan qismində uçota durmaq hüququnu əldə etmək niyyəti ilə həmin vətəndaşların yaşayış sahəsinə ehtiyacı olan hesab edilmələri ilə nəticələnə biləcək hərəkətlərə yol vermiş vətəndaşlar göstərilən niyyətli hərəkətlərə yol verdikləri gündən beş ildən tez olmayaraq yaşayış sahəsinə ehtiyacı olan qismində uçota götürülür.
32. Sözügedən normanın mənasına görə həmin normada nəzərdə tutulan hüquq subyekti yaşayış sahəsinin mülkiyyətçisidir. Yaşayış sahəsinə ehtiyacı olan qismində uçota durmaq hüququnu əldə etmək niyyəti ilə özünün yaşayış sahəsinə ehtiyacı olan hesab edilməsi ilə nəticələnə biləcək hərəkətlərə (ailə üzvlərinin adambaşına düşən yaşayış sahəsinin uçot normasından az olduğunu göstərmək üçün faktiki onunla yaşamayan ailə üzvlərini də həmin yaşayış sahəsinə qeydiyyata saldırmaq, yaşayış sahəsinin müəyyən edilmiş tələblərə cavab vermədiyini göstərmək üçün bu və ya digər hərəkətlər və s.) məhz yaşayış sahəsinin mülkiyyətçisi yol vermiş ola bilər. Qeyd edilən niyyətlə belə hərəkətlərə yol verdiyi müəyyən edildikdə də qanunverici yaşayış sahəsinin mülkiyyətçisinin həmin hərəkətlərə yol verdiyi gündən beş ildən tez olmayaraq yaşayış sahəsinə ehtiyacı olan qismində uçota götürülə biləcəyini təsbit etmişdir.
33. İddiaçı məhkəmə iclasında izahatında məhz Abşeron rayonunda mənzil uçotuna alınmaq məqsədilə Şəki rayonunda yerləşən və ailə üzvləri ilə ümumi birgə mülkiyyətində olan torpaq sahələrinin özünə məxsus hissəsini atasına bağışladığını etiraf etmişdir.
34. Qeyd edilənləri nəzərə alaraq kollegiya hesab edir ki, hazırkı halda iddiaçının məhkəmə icraatının gedişində torpaq sahələrinin ona məxsus hissələrini bağışlaması onun yaşayış sahəsinə ehtiyacı olan hesab edilməsi ilə nəticələnə biləcək hərəkət hesab edilməli və Mənzil Məcəlləsinin 52-ci maddəsində qeyd edildiyi kimi mənzil şəraitinin süni şəkildə pisləşdirilməsi kimi qiymətləndirilməlidir.
35. Həmçinin, analoji mübahisə üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)-1429/2025 nömrəli qərarından görünür ki, həmin iş üzrə iddiaçının mülkiyyətində yaşayış evi və torpaq sahələri olmuş, o, həmin daşınmaz əmlakları bağışlama və alqı-satqı müqavilələri əsasında digər şəxslərin adına özgəninkiləşdirmişdir. Kassasiya instansiya məhkəməsi iddiaçının bu hərəkətlərinə yaşayış şəraitinin qəsdən pisləşdirilməsi kimi qiymət verərək, onun mənzil uçotuna alınmasından cavabdehin imtinasını əsaslı hesab etmişdir.
36. Beləliklə, qeyd edilənlərə əsasən kollegiya hesab edir ki, iddiaçı mənzil uçotuna götürülməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut edə bilməmişdir. Belə ki, iddiaçı mənzil uçotuna alınmaq məqsədilə yaşayış şəraitini qəsdən pisləşdirdiyindən yaşayış sahəsinə ehtiyacı olan qismində həmin rayon üzrə mənzil uçotuna alına bilməz.
37. Lakin, birinci instansiya məhkəməsi işin bu xüsusatlarını nəzərə almadan iddia tələbini təmin etmişdir.
38. Halbuki, mübahisə həll olunarkən cavabdeh inzibati orqanın imtinasının qanuni və əsaslı olub-olmadığının müəyyən edilməsi ilə yanaşı, iddiaçının arzuladığı inzibati aktın qəbulunu tələb etməkdə nə dərəcədə haqlı olduğu da iş üzrə müəyyən edilməlidir. Bu qəbildən olan işlərə baxarkən məhkəmələr cavabdehin imtina, etiraz, apellyasiya şikayətlərinin dəlillərinə münasibət bildirməli olsalar da, yalnız həmin dəlillərin araşdırılması və qiymətləndirilməsi ilə məhdudlaşmayaraq, işin mahiyyəti üzrə həll edilməsinə təsir edən hissədə, yəni iddiaçıya arzuladığı inzibati aktın qəbuluna (hərəkətin edilməsinə) imkan verən bütün zəruri faktiki halların mövcudluğunu müəyyən etməli və onlara tətbiq edilməli hüquq normaları əsasında məsələyə qiymət verməlidirlər.
39. İPM-nin yuxarıda istinad olunan 14.3-cü maddəsinin məzmunundan göründüyü kimi məcburetmə haqqında iddialar üzrə inzibati aktın qəbul edilməli olmasını zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının, belə inzibati aktın qəbulunu istisna edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi isə cavabdehin üzərinə düşür ki, hazırkı işdə iddiaçı faktiki şərtlərin mövcudluğunu sübut edə bilməmişdir.
40. Kollegiya hesab edir ki, iddiaçı hazırkı tələbində haqlı olmamış, buna görə də hazırkı mübahisə üzrə cavabdehin imtinası qanuna zidd deyil və iddiaçının hüquqlarını pozmamışdır, imtina mövcud inzibati praktikaya uyğun, cavabdehin inzibati orqan olaraq güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmuşdur (“İnzibati icraat haqqında” AR Qanununun 13.2 və 17-ci maddələri).
41. Odur ki, cavabdehin apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli, iddianın rədd edilməsinə dair yeni qərar qəbul edilməlidir. Şərh edilənlərə əsasən, məhkəmə kollegiyası
QƏRARA ALDİ:
Apellyasiya şikayəti təmin edilsin. Sumqayıt İnzibati Məhkəməsinin 13 may 2025-ci il tarixli, 2-1(118)-2603/2025 nömrəli qərarı ləğv edilsin. İş üzrə yeni qərar qəbul edilsin. İddia rədd edilsin. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti 70) vasitəsilə kassasiya şikayəti verilə bilər.