Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(105)-698/2022 07.12.2022 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Babayeva Hökümə Çingiz qızı (sədrlik edən və məruzəçi), Məmmədov Zahid Tahir oğlu və Məmmədov Fuad Əli oğlundan ibarət tərkibdə, Hüseynli Aydın Hüseyn oğlunun katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil, Cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi fililalına qarşı “güzəştli şərtlərlə əmək pensiyasının təyin olunması” tələbinə dair Sumqayıt İnzibati Məhkəməsinin 22 sentyabr 2022-ci il tarixli, 2-1(118)- 1372/2022 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ İddiaçı xx.xx.1962-ci il tarixdə Azərbaycan Respublikası, Lənkəran rayonu, Boladi kəndində anadan olmuşdur. ünvan 1 ünvanında qeydiyyatdadır. (AZE seriyalı, ******** saylı şəxsiyyət vəsiqəsi). İddiaçının təqdim etdiyi ИТ-İ ******* nömrəli əmək kitabçasının qeydlərinə əsasən o, xx.xx.1984-cü il tarixdən xx.xx.1994-cü il tarixədək Azərbaycan Boru Prokat Zavodunda növbətçi usta, xx.xx.1997-ci il tarixdən xx.xx.2001-ci il tarixədək "xxxx" İstehsalat Birliyində işləmiş, xx.xx.2001-ci il tarixdən xx.xx.2001-ci il tarixədək “X5” MMC-də yayma sahəsində yayıcı, xx.xx.2001-ci il tarixdən xx.xx.2009-cu il tarixədək həmin müəssisədə hazır məhsul anbarında usta, xx.xx.2009-cu il tarixdən xx.xx.2015-ci il tarixədək hazır məhsul anbarında briqadir vəzifəsində işləmiş, xx.xx.2016-cı il tarixdən hal-hazıradək "xxxx" MMC-də işləyir. İddiaçı ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi barədə xx.xx.2021-ci il tarixli ərizə ilə cavabdeh inzibati orqana müraciət etmişdir. Cavabdeh orqan 16 fevral 2022-ci il tarixli, **********1 nömrəli məktubu ilə iddiaçının müraciətinin icrasından imtina etmişdir. İmtina onunla əsaslandırılmışdır ki, "Əmək pensiyaları haqqında" Qanunun 9.1-ci maddəsinə əsasən, axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı” nın Metallurgiya istehsalatı bölməsində (3) Boru istehsalı (boruyayma, boru qaynaqetmə, elektrik boru qaynaqetmə, boru çəkmə, borutökmə, fitinq, balon) və sinkləmə sexləri bəndində (3.8) avadanlığın təmini üzrə ustalar, polad və ferroərintilər istehsalı, qarışıqların hazırlanması və kopyor işləri, metallurgiya sobalarının təmiri, dolomitin və əhəngin yandırılması bəndində (3.6) istehsal prosesində xammalın yarımfabrikatların və hazır məhsulun yerdəyişməsi üzrə fəhlələr və briqadirlər nəzərdə tutulmuşdur. Mərkəzi Filiallara təqdim edilən "xxxx" ASC-nin 09 yanvar 2019-cu il tarixli 4 və 5 nömrəli arayışlarında iddiaçının xx.xx.1984-xx.xx.1987-ci il tarixlərində Yayma sexində və xx.xx.1987-xx.xx.1994-cü il tarixlərində Boru Yayma-2 sexində növbə ustası və “X5” MMC-nin 19 fevral 2020-ci il tarixli 193/A nömrəli arayışında xx.xx.2009-xx.xx.2015-ci il tarixlərində hazır məhsullar anbarında briqadir vəzifəsində işlədiyi qeyd olunmuşdur. Göründüyü kimi, iddiaçının işlədiyi növbə ustası vəzifəsi yuxarıda qeyd olunan avadanlığın təmiri üzrə usta vəzifəsinə, “Hazır məhsullar anbarı” isə metallurgiya istehsalatı sahəsinə aid deyil. Bu səbəbdən, iddiaçının güzəştli iş stajı 12 il 6 aydan az (08 il 02 ay 10 gün (xx.xx.2001-xx.xx.2001-ci il, xx.xx.2001- xx.xx.2009-cu il tarixləri arasındakı dövrlər) təşkil edir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) Birinci instansiya məhkəməsində icraat Verilən imtina cavabı ilə razılaşmayan cavabdeh Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi fililalına qarşı iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müaciət edərək ona 04 yanvar 2022-ci il tarixdən güzəşli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı xx xxxxxx 1962-ci il tarixdə anadan olmuşdur. 1979-cu ildə X2 Bayrağı Ordenli L.İ.Brejnev adına Metallurgiya institutuna daxil olub, xx.xx.1984-cü il tarixdə həmin institutu bitirərək, mexanik-mühəndis ixtisasına yiyələnmişdir. Ali təhsil aldıqdan sonra Azərbaycan Boru Prokat Zavodunda əmək fəaliyyətinə başlamışdır. xx.xx.1984-cü ildən Prokat sexində 850 qızdırıcı quyunun dəzgah avadanlığının təmiri üzrə usta köməkçisi, xx.xx.1985-ci ildən Prokat sexinin avadanlığının təmiri üzrə növbətçi usta, xx.xx.1987-ci ildən TNS-2 İstehsal Nasoskompressor sahəsində növbətçi usta işləmiş, xx.xx.1994-cü ildən işdən azad olunmuş, xx.xx.1997-ci ildən "xxxx" X3 İdarəsində istehsal-satış şöbəsində opetaror-texnik, xx.xx.1997-ci ildən zavodun baş dispetçerin vəzifəsini müvəqqəti icra edən, xx.xx.1997-ci ildən İstehsalat Şöbəsinin daimi növbətçi dispetçeri işləmiş ("xxxx" İstehsalat Birliyi "xxxx" X6 Cəmiyyəti kimi yenidən təşkil edilib), xx.xx.2001-ci ildən işdən azad olunmuş, xx.xx.2001-ci ildən “X5” MMC-də Yayma sahəsində yayıcı işləmiş, xx.xx.2001-ci ildən əmək müqaviləsinə xitam verilmiş, xx.xx.2001-ci ildən hazır məhsul anbarında usta işləmiş, xx.xx.2009-cu ildən işdən azad olunmuş, xx.xx.2009-cu ildən hazır məhsul anbarında briqadir işləmiş, xx.xx.2015-ci ildən işdən azad olunmuş, xx.xx.2016-cı ildən bu günədək "xxxx" MMC-də işləyir. "xxxx" Azərbaycan Boru Yayma Zavodu tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli, 4 saylı arayışda onun xx.xx.1984-cü il tarixdən xx.xx.1987ci il tarixədək yayma sexində növbə ustası işlədiyi qeyd edilmişdir. Göstərilən iş yeri, vəzifə, peşə Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli, 320 saylı qərarı ilə təsdiq edilmiş 1 saylı siyahının 3-cü bəndinin За yarımbölməsində (1030300b-23187) öz əksini tapmışdır. Sözügedən müəssisə tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli, 5 saylı arayışda onun xx.xx.1987-ci il tarixdən xx.xx.1994-cü il tarixədək Boru Yayma – 2 sexində növbə ustası işlədiyi qeyd edilmişdir. Göstərilən iş yeri, vəzifə, peşə Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli, 320 saylı qərarı ilə təsdiq edilmiş 2 saylı siyahının 3-cü bəndinin 4b yarımbölməsində (2040400a-23187) öz əksini tapmışdır. “X5” MMC tərəfindən verilmiş 01/L saylı, xx.xx.2019-cu il tarixli araşdırıcı arxiv arayışına əsasən onun xx.xx.2009-cu il tarixdən xx.xx.2015-ci il tarixədək hazır məhsullar anbarında zərərli iş şəraitində briqadir vəzifəsində çalışdığı göstərilmişdir. Qeyd edilmiş peşələr AR NK-nın xx.xx.2007-ci il tarixli, 12 saylı qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququnu verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın 3-cü Metallurgiya istahsalatı bölməsinin 3.6 (a) yarımbəndində istehsal prosesində xammalın yarımfabrikatların və hazır məhsulun yerdəyişməsi üzrə fəhlələr və briqadirlər kimi öz əksini tapmışdır. Həmşinin, adıçəkilən MMC tərəfindən verilmiş 26/L saylı, xx.xx.2020-ci il tarixli araşdırıcı arxiv arayışında da onun xx.xx.2009-cu il tarixdən xx.xx.2015-ci il tarixədək hazır məhsullar anbarında zərərli iş şəraitində briqadir vəzifəsində çalışdığı göstərilmişdir. Qeyd edilmiş peşələr AR NK-nın xx.xx.1993-cü il tarixli, 320 saylı qərarı ilə təsdiq edilmiş 2 saylı siyahının 3-cü bəndinin Metallurgiya istahsalatı 2-ci (a) yarımbəndində istehsal prosesində xammalın, yarımfabrikatların və hazır məhsulun yerdəyişməsi üzrə fəhlələr və briqadirlər kimi (2040200a-1753a) öz əksini tapmışdır. İddiaçı ona güzəşli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün cavabdehə müraciət etmiş, lakin cavabdeh imtina cavabı vermişdir. Hesab edir ki, cavabdehin imtinası əsassızdır. Belə ki, 04 yanvar 2022-ci il tarixində 60 yaşı tamam olmuşdur. Həmin tarixədək əmək stajı 34 il 5 ay 23 gün təşkil edir (5 il ali təhsil illərini hesablamadan) və həmin müddət ərzində ixtisasi üzrə ağır və zərərli işlərdə işləmişdir. Cavabdeh iddia tələbinə yazılı etiraz təqdim edərək etirazı imtina məktubu ilə eyni məzmunda əsaslandırmış və əlavə olaraq qeyd etmişdir ki, AR NK-nın 2007-ci il 23 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı” nın metallurgiya istehsalatı bölməsində yalnız boru istehsalı və sinkləmə sexləri bəndində avandanlığın təmiri üzrə ustalar və polad və ferroərintilər istehsalı, qarışıqların hazırlanması və kopyor işləri, metallurgiya sobalarının təmiri, dolomitin və əhəngin yandırılması bəndində istehsal prosesində xammalın yarımfabrikatların və hazır məhsulun yerdəyişməsi üzrə fəhlələr və briqadirlər nəzərdə tutulduğundan iddiaçının xx.xx.1984xx.xx.1987-ci il tarixlərdə yayma sexində, xx.xx.1987- xx.xx.1994-cü il tarixlərdə Boru Yayma-2 sexində işlədiyi növbə ustası peşəsində və “X5” MMC-də xx.xx.2009-xx.xx.2015ci il tarixlərdə hazır məhsullar anbarında işlədiyi briqadir vəzifəsində işlədiyi illər onun güzəştli iş stajına daxil edilə bilməz. Sumqayıt İnzibati Məhkəməsinin 22 sentyabr 2022-ci il tarixli, 2-1(118)-1372/2022 nömrəli qərarı ilə iddia tələbi təmin edilmiş, iddiaçıya 60 yaşının tamam olduğu 04 yanvar 2022-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmuşdur. (hakim L.Mirzəyeva) Həmin qərardan narazı qalan cavabdeh apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a) Apellyasiya şikayətinin dəlilləri Cavabdeh apellyasiya şikayətini imtina məktubu və iddia ərizəsinə etirazla eyni məzmunda əsaslandırmış və əlavə olaraq qeyd etmişdir ki, birinci instansiya məhkəməsi işə baxarkən qanunvericilik normalarının tələblərini pozaraq iş üzrə əhəmiyyətli olan halları tam, hərtərəfli və obyektiv araşdırmamışdır. b) İddiaçı apellyasiya şikayətinə qarşı etiraz edərək etirazı iddia ərizəsi ilə eyni məzmunda əsaslandırmış və əlavə olaraq qeyd etmişdir ki, cavabdehin apellyasiya şikayətində qeyd etdiyi halların hüquqi əsası yoxdur və birinci instansiya məhkəməsi tərəfindən qəbul edilmiş qərarın ləğvi üçün səbəb ola bilməz. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayəti ilə eyni məzmunda izahat verərək birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi və iddianın təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili apellyasiya şikayətinin dəlillərini qəbul etməyərək iddia ərizəsi ilə eyni məzmunda izahat verərək apellyasiya şikayətinin təmin olunmamasını və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanmasını xahiş etdi. TƏTBİQ EDİLƏN HÜQUQ Azərbaycan Respublikasının “Əmək pensiyaları haqqında” Qanunu (mübahisəli hüquq münasibətləri yaranan zaman qüvvədə olan redaksiyası): Maddə 9. Güzəştli şərtlərlə əmək pensiyası hüququ olan digər şəxslər. 9.1. Axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər-60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. “Əmək pensiyaları haqqında” Qanun (hazırda qüvvədə olan redaksiyası): Maddə 9. Güzəştli şərtlərlə əmək pensiyası hüququ olan digər şəxslər 9.1. Axırıncı iş yerindən asılı olmayaraq, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrinin, yeraltı, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin və azı 10 il çalışmış qadınların bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli, 320 №-li Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququverən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin” 1 №-li və 2 №-li Siyahısı. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 12. İşin hallarının araşdırılması prinsipi 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. Maddə 82. Mübahisə ilə bağlı işə şikayət üzrə yenidən baxılmasının hədləri Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Maddə 87.8 Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 89. Apellyasiya instansiyası məhkəməsinin qərarının qanuni qüvvəyə minməsi Bu Məcəllənin 94.1-ci maddəsində nəzərdə tutulmuş müddətdə şikayətin verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda, məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadı isə 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Şikayətin geri götürülməsi haqqında bəyanat yazılı şəkildə məhkəməyə təqdim olunmalıdır. Maddə 90.1. Apellyasiya instansiyası məhkəməsinin qərar və ya qərardadlarından, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla Ali Məhkəmənin İnzibati kollegiyasına (bundan sonra – Ali Məhkəməyə) şikayət verilə bilər. APELLYASİYANİN MÜMKÜNLÜYÜ, APELLYASİYA BAXİŞİNİN HƏDLƏRİ Apellyasiya şikayəti vaxtında, yəni məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində (İPM-in 85.1-ci maddəsi) verilmişdir. Şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir (İPM-in 85.2 və 85.3-cü maddələri). Şikayət qanunla müəyyən edilmiş formal tələblərə və prosessual müddətə əməl olunmaqla verildiyindən onun mümkün sayılmaması üçün əsaslar yoxdur. Ona görə də şikayət qəbul oluna bilən hesab edilir. Birinci instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ Məhkəmə kollegiyası işdə iştirak edən şəxslərin izahatını dinləyərək, iş materiallarını araşdırıb, apellyasiya şikayətinin dəlillərinə qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası hazırkı mübahisə üzrə aşağıdakıları qeyd etməyi zəruri hesab edir: Birinci instansiya məhkəməsi iddianı təmin etmiş və qərarını belə əsaslandırmışdır ki, iddiaçıya pensiya təyini ilə bağlı mübahisənin əsasını iddiaçının xüsusi iş stajına malik olub-olmaması təşkil edir. Məhkəmə hesab edir ki, cavabdehin bununla bağlı dəlili əsassızdır. Çünki, iddiaçının işlədiyi vəzifənin adının növbə ustası olması onun avadanlığın təmiri ilə məşğul olmasını istisna etmir. Onun vəzifəsinin adı işin növbəlilik xüsusiyyətinə görə növbə ustası adlanır və vəzifə üzrə yerinə yetirilən funksiyaları özündə əks etdirmir. Cavabdeh iddiaçının növbə ustası olaraq avadanlığın təmiri ilə məşğul olmadığını təsdiq edəcək hər hansı bir sənədi məhkəməyə təqdim etməmişdir. Bunun əksinə olaraq yuxarıda adı qeyd olunan arayışlarla iddiaçının məhz həmin işlə məşğul olduğu öz təsdiqini tapmışdır. Məhkəmə eyni zamanda cavabdehin “Hazır məhsullar anbarı” nın isə Metallurgiya istehsalatı sahəsinə aid olmaması ilə bağlı dəlilinə münasibətdə qeyd edir ki, iddiaçının işlədiyi “X5” tərəfindən verilmiş 12 sentyabr 2022-ci il tarixli arayışda onun hazır məhsullar anbarında isti və zərərli iş şəraitində briqadir peşəsində işləməsi, eyni zamanda Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli siyahısında həmin peşənin Metallurgiya İstehsalatı bölməsinin 3.6. Polad və ferroərintilər istehsalı, qarışıların hazırlanması və kopyor işləri. Metallurgiya sobalarının təmiri. Dolomitin və əhəngin yandırılması bəndinin (a) fəhlələr yarımbəndində istehsal prosesində xammalın yarımfabrikatların və hazır məhsulun yerdəyişməsi üzrə fəhlələr və briqadirlər peşəsinə uyğun olduğu qeyd edilmişdir. Qeyd olunan arayışda iddiaçının hazır məhsullar anbarında işləməsinin qeyd edilməsi şəxsin hazır məhsulun yerdəyişməsi ilə məşğul olmasını istisna etmir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq aşağıdakıları qeyd edir: “Əmək pensiyaları haqqında” Qanunun mübahisəli hüquq münasibətləri yaranan zaman qüvvədə olan redaksiyasının 9.1-ci maddəsinin müddəalarına görə, iddiaçının 60 yaşının tamam olduğu 12 noyabr 2019-cu il tarixdə güzəştli şərtlərlə yaşa görə pensiya təyin olunması üçün üç element mövcud olmalıdır: 1) azı 25 il ümumi iş stajının mövcud olması; 2) azı 12,5 il güzəştli iş stajının mövcud olması; 3) fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalının əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməsi. Kollegiya ilk növbədə qeyd edir ki, iddiaçının 25 ildən artıq ümumi və əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verən pensiya kapitalına malik olması işin mübahisə edilməyən halıdır. Belə ki, cavabdeh imtina məktubu, iddia ərizəsinə etiraz və apellyasiya şikayətinin dəlillərində iddiaçının ümumi iş stajını və pensiya kapitalını mübahisələndirməmişdir. Başqa sözlə, cavabdeh iddiaçının həm ümumi iş stajının, həm də pensiya kapitalının mövcudluğunu qəbul etmişdir. Buna baxmayaraq, kollegiya bir daha hər iki şərtin mövcudluğunu araşdıraraq qeyd edir ki, iddiaçıya məxsus ИТ-İ ******* nömrəli əmək kitabçasının qeydlərinə əsasən o, xx.xx.1984-cü il tarixdən xx.xx.1994-cü il tarixədək Azərbaycan Boru Prokat Zavodunda növbətçi usta, xx.xx.1997-ci il tarixdən xx.xx.2001-ci il tarixədək "xxxx" İstehsalat Birliyində operator-texnik və dispetçer işləmiş, xx.xx.2001-ci il tarixdən xx.xx.2001-ci il tarixədək “X5” MMC-də yayma sahəsində yayıcı, xx.xx.2001-ci il tarixdən xx.xx.2009-cu il tarixədək həmin müəssisədə hazır məhsul anbarında usta, xx.xx.2009-cu il tarixdən xx.xx.2015-ci il tarixədək hazır məhsul anbarında briqadir vəzifəsində işləmiş, xx.xx.2016-cı il tarixdən halhazıradək "xxxx" MMC-də işləyir. X2 Bayrağı Ordenli L.İ.Brejnev adına Metallurgiya institutu tərəfindən verilmiş 06 iyun 1984-cü il tarixli KB seriyalı 666004 nömrəli diplomdan görünür ki, İddiaçı 1979-1984-cü il tarixlərində “Qara metallurgiya zavodlarının mexaniki avadanlığı” ixtisası üzrə təhsil almışdır. Beləliklə, təhsil dövrü ilə birlikdə iddiaçının 25 ildən artıq ümumi iş stajına malik olması sübuta yetirilir. Pensiya kapitalı ilə bağlı kollegiya qeyd edir ki, cavabdeh inzibati orqan tərəfindən DSMF-nin Məhkəmə Mübahisələri ilə İş üzrə Mərkəzi Filialına ünvanlanmış xidməti məktubdan görünür ki, iddiaçının 2006-cı ilədək olan əmək stajına uyğun hesablamış pensiya kapitalı 15353,88 manat, 2006-cı ildən sonrakı dövr üçün isə fərdi hesabın sığorta hissəsində qeydə alınan 44845,52 manat olmaqla, cəmi pensiya kapitalı 60199,40 manat təşkil edir. İş materiallarında olan Sumqayıt İnzibati Məhkəməsinin 12 sentyabr 2022-ci il tarixli, 2-1(118)-1372/2022 nömrəli məhkəmə iclas protokolundan görünür ki, cavabdehin nümayəndəsi izahatında iddiaçının 60199,40 manat pensiya kapitalı olduğunu və kapitalla bağlı mübahisə olmadığını bildirmişdir. Beləliklə, iddiaçının qanunvericilikdə tələb olunan pensiya kapitalına malik olması müəyyən olunur. Cavabdeh apellyasiya şikayətinin dəlillərində iddiaçının işlədiyi növbə ustası vəzifəsinin AR NK-nın 2007-ci il 23 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı” na əsasən avadanlığın təmiri üzrə usta vəzifəsinə, “Hazır məhsullar anbarı” nın isə metallurgiya istehsalatı sahəsinə aid olmadığını bildirmişdir. Məhkəmə kollegiyası cavabdehin birinci dəlilinə münasibətdə aşağıdakıları qeyd edir: "xxxx" Azərbaycan Boru Yayma Zavodu tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, 23 saylı gözəştli arayışından görünür ki, iddiaçı xx.xx.1984-cü il tarixdən xx.xx.1987-ci il tarixədək yayma sexində növbə ustası işləmişdir. Göstərilən iş yeri, vəzifə, peşə AR NKnın xx.xx.1993-cü il tarixli 320 saylı qərarı ilə təsdiq edilmiş 1 №-li siyahının İİİ bölməsinin 3b yarımbölməsinin 1030300b-23187 şifri ilə güzəştli şərtlərlə “Əmək pensiyaları haqqında” AR Qanununun tələblərinə uyğun pensiya almaq hüququ verir. Eyni zamanda qeyd edilmişdir ki, iddiaçı işlədiyi müddətdə ödənişsiz məzuniyyətdə olmamışdır. Adıçəkilən müəssisə tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli, 5 saylı arayışından görünür ki, iddiaçı xx.xx.1987-ci il tarixdən xx.xx.1994-cü il tarixədək Boru Yayma - 2 sexində növbə ustası işləmişdir. Göstərilən iş yeri, vəzifə, peşə AR NK-nın xx.xx.1993-cü il tarixli 320 saylı qərarı ilə təsdiq edilmiş 2 №-li siyahının İİİ bölməsinin 4b yarımbölməsinin 2040400a-23187 şifri ilə güzəştli şərtlərlə güzəştli şərtlərlə “Əmək pensiyaları haqqında” Qanunun tələblərinə uyğun pensiya almaq hüququ verir. İddiaçının yayma sexində işlədiyi növbə ustası peşəsinin güzəştli peşə olması ilə bağlı kollegiya qeyd edir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1993-cü il 21 iyun tarixli 320 saylı qərarı ilə təsdiq edilmiş “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa, qocalığa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin” 1 №-li Siyahının İİİ. Metallurgiya istehsalatı bölməsinin ******* kodlu 3-cü yarımbölməsində (Yayma, təkəryayma, bandajyayma, viloyayma, təbəqə metalyayma, qalaylama, sinkləmə və qurğuşunlama istehsalatları rels bəndləyicilərin istehsalı, isti metalın kəsmə və təmizlənməsi ... ) isti iş sahələrində və zərərli əmək şəraitli işlərdə məşğul olan ustalar və böyük ustalar 1030300b—23187 şifrinə, boru-yayma sexində işlədiyi növbə ustası peşəsi isə 2 №-li Siyahının İİİ. Metallurgiya istehsalatı (qara metallar) bölməsinin 20404000 kodlu 4-cü yarımbölməsinin (Boru istehsalı (boru yayma, boru qaynaqetmə, elektrik boru qaynaqetmə, boru çəkmə, borutökmə, fitinq, balon) və sinkləmə sexlərində ustalar və böyük ustalar) 2040400a—23187 şifrinə uyğun gəlir. Kollegiya hesab edir ki, iddiaçının güzəştli arayışlarda qeyd edildiyi kimi, yayma və boru-yayma sexlərində işlədiyi növbə ustası peşəsinin yuxarıda qeyd edilən siyahıda konkret olaraq adı çəkilməsə də həmin vəzifələr öz əmək şəraitinə və yerinə yetirilən işlərin xüsusiyyətlərinə görə yayma və boru istehsalatı sahələrinin “ustaları” vəzifəsinə uyğundur və güzəştli staj olaraq qəbul edilməlidir. Bu hissədə kollegiya apellyasiya şikayətinin dəlillərini əsassız hesab edir. Apellyasiya şikayətinin “hazır məhsullar anbarı”nın metallurgiya istehsalatı sahəsinə aid olmadığına dair ikinci dəlilinə münasibətdə kollegiya ilk növbədə qeyd edir ki, iddiaçının 10 ildən artıq "xxxx" Azərbaycan Boru Yayma Zavodunda növbə ustası vəzifəsində işlədiyi dövr ilə cavabdeh tərəfindən mübahisələndirilməyən 08 il 02 ay 10 gün güzəştli is stajı nəzərə alındıqda iddiaçının 12,5 ildən artıq güzəştli iş stajına malik olduğu və bu əsasla da, güzəştli şərtlərlə pensiya hüququnun yarandığı müəyyən edilir. Başqa sözlə, yuxarıda aparılan əsaslandırma ilə artıq iddiaçının güzəştli şərtlərlə pensiya almaq hüququnun yarandığı təsdiq edilir. Buna baxmayaraq, kollegiya şikayətin ikinci dəlilinə də hüquqi qiymət verməyi məqsədəmüvafiq hesab edir. “X5” MMC tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli, № 01/L saylı araşdırıcı arxiv arayışından görünür ki, iddiaçı 01 sentyabr 2009-cu il tarixdən 22 sentyabr 2015-ci il tarixədək hazır məhsullar anbarında zərərli iş şəraitində briqadir vəzifəsində çalışmışdır. Qeyd edilmiş peşə AR NK-nın 23 yanvar 2007-ci il tarixli, 12 saylı qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququnu verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı” nın 3-cü Metallurgiya İstehsalatı bölməsinin 3.6 (a) yarımbəndində istehsal prosesində xammalın, yarımfabrikatların və hazır məhsulun yerdəyişməsi üzrə fəhlələr və briqadirlər peşəsinə uyğundur. Cavabdeh apellyasiya şikayətinin dəlillərində iddiaçının “X5” MMC-də hazır məhsullar anbarında işlədiyi briqadir vəzifəsinin metallurgiya istehsalatı sahəsinə aid olmadığını qeyd etmişdir. Kollegiya qeyd edilən dəlillə razılaşmır. Belə ki, iddiaçının işlədiyi “X5” MMC ağır sənaye sahəsində yaradılmış özəl müəssisə olan poladəritmə müəssisəsi olmaqla metallurgiya istehsalatı sahəsinə aiddir. Belə olan təqdirdə kollegiya hesab edir ki, iddiaçının həmin müəssisənin hazır məhsullar anbarında işlədiyi briqadir peşəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli, 12 saylı qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququnu verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı” nın 3. Metallurgiya istehsalatı bölməsinin 3.6. Polad və ferroərintilər istehsalı. Qarışıqların hazırlanması və kopyor işləri. Metallurgiya sobalarının təmiri. Dolomitin və əhəngin yandırılması yarımbölməsinin istehsal prosesində xammalın yarımfabrikatların və hazır məhsulun yerdəyişməsi üzrə fəhlələr və briqadirləri peşəsinə uyğun gəlir. Qeyd olunanlara əsasən kollegiya hesab edir ki, cavabdehin ikinci dəlili də əsassızdır. Beləliklə, işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası hesab edir ki, iddiaçının 60 yaşının tamam olduğu 04 yanvar 2022-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması üçün qanunvericilikdə müəyyən edilmiş bütün şərtlərin ödənildiyi müəyyən olunduğundan birinci instansiya məhkəməsinin gəldiyi nəticə əsaslı olmuşdur. Odur ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. NƏTİCƏVİ HİSSƏ Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Apelyasiya şikayəti təmin edilməsin. Sumqayıt İnzibati Məhkəməsinin 22 sentyabr 2022-ci il tarixli, 2-1(118)-1372/2022 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apelyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Səməd Vurğun küçəsi 120) vasitəsilə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(105)-698/2022
Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(105)-698/2022
07.12.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver