Məhkəmə qərarları › İş №2-1(105)-698/2024

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(105)-698/2024

28.06.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-1(105)-698/2024 28.06.2024 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sədrlik edən və məruzəçi hakim X1, hakimlər Rəhimov Elman Gülbaba oğlu və Quliyev İsmayıl Rza oğlundan ibarət tərkibdə, Səfərli Fidan Nuru qızının katibliyi, Cavabdehin nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “hərbi xidmətdə olarkən taborun qərargah rəisi vəzifəsində onun pensiyasının hər bir məbləği ayrılıqda yazılmaqla (yəni vəzifə, rütbə, məharət, dərəcəsi, ərzaq pulu, xidmət illərinə əlavə və məxfi sənədlərlə işləməyinə görə) cəmi nə qədər pensiya almağı haqqında ona məlumat verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsi” tələbinə dair inzibati iş üzrə Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(118)-2594/2024 nömrəli qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. İşin halları: İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək, hərbi xidmətdə olarkən taborun qərargah rəisi vəzifəsində onun pensiyasının hər bir məbləği ayrılıqda yazılmaqla (yəni vəzifə, rütbə, məharət, dərəcəsi, ərzaq pulu, xidmət illərinə əlavə və məxfi sənədlərlə işləməyinə görə) cəmi nə qədər pensiya almağı haqqında ona məlumat verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Birinci instansiya məhkəməsinin mövqeyi Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(118)-2594/2024 nömrəli qərardadı ilə inzibati iş baxılması üçün aidiyyəti üzrə Bakı İnzibati Məhkəməsinə göndərilməsi qərara alınmışdır (hakim Ceyhun Məmmədov). Məhkəmə mövqeyini onunla əsaslandırmışdır ki, hazırkı iddia öhdəliyin icrası haqqında iddia olduğuna görə sözügedən məcəllənin 8.1.2-ci maddəsi hazırkı mübahisəyə tətbiq edilməlidir. Öhdəliyin icrası haqqında iddialara iddiaçının yaşadığı yerin məhkəməsinə verilməlidir. Belə ki, iddiaçının faktiki yaşadığı yer Bakı şəhəri, Sabubçu rayonu, Hövsan qəsəbəsi, E.Qasımov küçəsi, ev 15, mənzil 48-dir və müvafiq ərazi Bakı İnzibati Məhkəməsinin yurisdiksiyasına aiddir. Bu səbəbdən də müvafiq iş Bakı İnzibati Məhkəməsinə göndərilməlidir. Həmçinin, məhkəmə onu da qeyd etməyi zəruri bilir ki, iddiaçının öhdəliyin icrası ilə bağlı digər iddia tələbinə dair Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)-3711/2022 nömrəli, xx.xx.2022-ci il tarixli inzibati işi məhkəmə aidiyyəti qaydalarına uyğun olaraq Bakı İnzibati Məhkəməsinə göndərilmiş və müvafiq qərardad Sumqayıt Apellyasiya Məhkəməsi tərəfindən də dəyişdirilmədən qüvvədə saxlanılmışdır. İddiaçı qərardaddan apellyasiya şikayəti verərək, qərardadın ləğv edilməsi, iddia tələbi üzrə icraatın davam etdirilməsi barədə yeni qərardad qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlillər İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, xx.xx.1979-cu il tarixində Azərbaycan Respublikası, Laçın rayon, Pircahan kəndində anadan olmuşdur. 1996-cı ildən 2013-cü ilədək Azərbaycan Respublikası Silahlı Qüvvələrində hərbi xidmət etmişdir. Xidmət müddətində Müdafiə Nazirliyinin tərkibində olan N saylı hərbi hissələrdə mayor rütbəsində zabit kimi müxtəlif vəzifələrdə xidmət etmişdir. Hal hazırda ehtiyyatda olan zabitdir, Prezident təqaüdçüsü, 2-ci qrup müddətsiz Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlildir. 2004-cü ildə Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 10 illiyi (1991- 2001) yubley medalı ilə, 2008-ci ildə Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 90 illikyubley medalı ilə, 2011-ci ildə 3-cü dərəcəli qüsursuz xidmətlərə görə medalı ilə təltif olunmuşdur. Xidmətinin axırıncı 8 ilini düşmənlə təmas xəttində olan cəbhədə Qazax rayon Daşsalahlı, Kəmərli, Aslanbəyli, Qaymaqlı, Abbasbəyli, Fərəhli, Məzəm, Quşçuayrım, Cəfərli, Qızılhacılı kəndlərinin ərazilərində keçirmişdr. Azərbaycan Respublikası ərazi bütövlüyü uğrunda aparılan 44 günlük X2, Tərtər və Murov dağ istiqamətlərində bir çox hərbi hissələrdə şəxsi heyyətə maddi və mənəvi dayaq olmaqla ehtiyatda olan zabit kimi əsgərlərin yanında olmuşdur. Müdafiə Nazirliyinin Əməliyyat Baş İdarəsinə müraciət etmiş ki, Müdafiə Nazirinin 11 dekabr 2007-ci il tarixli 0113 əmrinə əsasən N nömrəli hərbi hissə döyüş şəraitində yerləşməsi və döyüş əməliyyatı aparması barədə müraciətinə yazılı məlumat verilsin, lakin müraciətinə cavab verməyərək Müdafiə Nazirinin 11 dekabr 2007-ci il tarixli 0113 əmrinə zidd olan qaydada Müdafiə Nazirliyinin Əməliyyat Baş İdarəsi xx.xx.2023cü il tarixdə Müdafiə Nazirliyinin Hüquq idarəsinə cavab məktubu yazaraq qeyd etmişdir ki, guya N nömrəli hərbi hissə döyüş əməliyyatlarında iştirak etməmişdir. Bəs onda Müdafiə Nazirinin 11 dekabr 2007-ci il tarixli 0113 əmri səfdir, ancaq Müdafiə Nazirliyinin Əməliyyat Baş İdarəsinin əmrə istinad etmədən yazdığı məktub düzdür. Belə olan halda önəmli inanılacaq əmrlər Müdafiə Nazirliyinin deyil, Müdafiə Nazirliyinin Əməliyyat Baş İdarəsinin məktubları olmalıdır. Əlavə olaraq əmrdən çıxarışına görə iddia təmin edilməmişdir. Bu barədə Sumqayıt İnzibati Məhkəmə işə tam araşdırmadan aidiyyat baqədə qərardad qəbul etmişdir. Bu barədə Sumqayıt inzibati Məhkəməsinə müraciət etdi, lakin məhkəmə aidiyyat məsələsinə və digər mühüm əhəmiyyətli halları araşdırmadan əsassız olaraq qətnamə qəbul etmişdir. Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri Apellyasiya şikayətinə qarşı etirar daxil olmamışdır. Apellyasiya instansiya məhkəməsində keçirilən məhkəmə iclası və verilən izahatlar Məhkəmə kollegiyasının iclasında iştirak etmiş cavabdehin nümayəndəsi Nümayəndə apellyasiya şikayətinin dəlillərinə etiraz edərək, öz izahatında apellyasiya şikayətinin təmin edilmədən, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar olunmağına baxmayaraq iş üzrə iddiaçı məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Konstitusiyası: Maddə 62. Hər kəsin onun işinə qanunla müəyyən edilmiş məhkəmədə baxılması hüququ vardır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi: Maddə 8. Məhkəmə aidiyyətinin müəyyənləşdirilməsi 8.1. İnzibati mübahisələrin ərazi aidiyyəti müəyyən edilərkən aşağıdakı qaydalar tətbiq olunur: 8.1.2. Mübahisələndirmə haqqında iddialara mübahisə edilən inzibati aktı qəbul etmiş inzibati orqanın yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. İnzibati akt səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə edən inzibati orqan tərəfindən qəbul edildiyi hallarda, belə inzibati aktlara qarşı iddialara hüquqlarına (qanunla qorunan maraqlarına) müdaxilə edilən şəxsin yaşayış yerinin və ya olduğu yerin məhkəməsi tərəfindən baxılır. Azərbaycan Respublikasının xaricdə yerləşən diplomatik nümayəndəlikləri və konsulluqlarının səlahiyyətinə aid olan ərazilərdə Azərbaycan Respublikasına qarşı iddialara müvafiq icra hakimiyyəti orqanının yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. Bu Məcəllənin 8.1.2-ci maddəsi ilə müəyyən edilmiş aidiyyət qaydaları məcburetmə və öhdəliyin icrası haqqında iddialara da şamil olunur; Maddə 8.2. Predmet və ya ərazi aidiyyəti üzrə mübahisəyə baxılması onun səlahiyyətinə aid olmadığı hallarda, məhkəmə tərəfləri dinlədikdən sonra xidməti vəzifəsinə görə mübahisənin aidiyyətini müəyyənləşdirir və həmin mübahisə ilə bağlı işi aidiyyəti üzrə müvafiq səlahiyyətli məhkəməyə göndərir. Maddə 8.4. Tərəflərdən birinin məhkəmə aidiyyətini mübahisələndirdiyi hallarda, mübahisəyə baxılmasının onun səlahiyyətinə aid olması barədə məsələ məhkəmə tərəfindən həll edilir. Maddə 8.5. Bu Məcəllənin 8.2-8.4-cü maddələrində nəzərdə tutulmuş hallarda məhkəmə əsaslandırılmış qərardad qəbul edir. Məhkəmənin aidiyyətlə bağlı qərardadından, həmin qərardadın təqdim olunduğu vaxtdan 10 gün müddətində yuxarı məhkəməyə şikayət verilə bilər. Maddə 8.6. İnzibati məhkəmənin aidiyyətlə bağlı qərardadı qanuni qüvvəyə mindikdən sonra həmin qərardad apellyasiya instansiyası məhkəmələrinin inzibati kollegiyaları və ya bu Məcəllənin 9.1.3-cü maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, mübahisə ilə bağlı işin göndərildiyi məhkəmə üçün məcburidir. Apellyasiya instansiyası məhkəməsinin inzibati kollegiyasının aidiyyətlə bağlı qərardadı qanuni qüvvəyə mindikdən sonra, mübahisə ilə bağlı işin göndərildiyi məhkəmə üçün məcburidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 27.1. Fiziki şəxsin adətən yaşadığı yer onun yaşayış yeri sayılır. Şəxsin bir neçə yaşayış yeri ola bilər. Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2024-cü il tarixli qərardadı ilə apellyasiya şikayəti mümkün sayılmışdır. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığının tam olaraq yoxlanılması apellyasiya baxışının predmetini təşkil edir. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq, hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Hazırki iş üzrə iddia tələbi hərbi xidmətdə olarkən taborun qərargah rəisi vəzifəsində onun pensiyasının hər bir məbləği ayrılıqda yazılmaqla (yəni vəzifə, rütbə, məharət, dərəcəsi, ərzaq pulu, xidmət illərinə əlavə və məxfi sənədlərlə işləməyinə görə) cəmi nə qədər pensiya almağı haqqında ona məlumat verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasından ibarət olmuşdur. Birinci instansiya məhkəməsi iddiaçının yaşayış yeri üzrə olduğu ünvanı əsas götürərək, hazırki işə baxılması üçün ərazi aidiyyəti üzrə Bakı İnzibati Məhkəməsinə göndərilməsi barədə qərardad qəbul emişdir. Məhkəmə kollegiyası hazırki iş üzrə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq, aşağıdakıları qeyd edir. İş materialllarından görünür ki, iddiaçının yaşayış yeri üzrə qeydiyyatda olduğu ünvan Laçın rayonu, Qayğı qəsəbə Ərazi Dairəsi, Qayğı qəsəbəsidir. İddiaçının faktiki yaşayış yeri Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, E.Qasımov küçəsi, ev 15, mənzil 48-dir (iddiaçı özü iddia ərizəsində və məhkəməyə ünvanlanmış ərizələrdə yaşayış yeri kimi həmin ünvanı qeyd etmişdir). Göründüyü kimi, indiki halda iddiaçının pasport qeydiyyatında olduğu ünvan ilə onun faktiki yaşayış yeri fərqli ünvanlardan ibarət olmuşdur. Həmçinin, iddiaçı məlum səbəblərdən qeydiyyatda olduğu ünvanda deyil, məhz faktiki yaşayış yerinə dair ünvan üzrə yaşayır. Bununla bağlı məhkəmə kollegiyası qeyd edir ki, yuxarıda istinad edilən inzibati prosessual qanunvericiliyinin müvafiq normasının dispozitiv şərtlərinə əsasən hazırki iddia tələbinə münasibətdə aidiyyət qaydalarına əsasən iddiaçının yaşayış yeri və ya olduğu yerin məhkəməsi tərəfindən baxılır. Mülki qanunvericiliyin tələbinə əsasən iddiaçının yaşayış yeri adətən yaşadığı yer onun yaşayış yeri sayılır, şəxsin bir neçə yaşayış yeri ola bilər. Həmçinin, yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında qnaunvericiliyin tələbinə əsasən şəxsin yaşayış yeri tam həcmdə fəaliyyət qabiliyyətli şəxsin mülkiyyətçi kimi icarə və kirayə müqaviləsi üzrə, yaxud Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslarla daimi və ya daha çox yaşadığı ev, mənzil, xidməti yaşayış sahəsi, yataqxana, ahıllar və əlilliyi olan şəxslər üçün sosial xidmət müəssisələri, xüsusi təhsil müəssisələri və digər bu kimi yaşayış yerləri başa düşülür. Göründüyü kimi şəxsin bir neçə yaşayış yeri ola bilər. İndiki halda iddiaçı məlum səbəblərdən qeydiyyatda olduğu ünvan üzrə deyil, faktiki yaşayış yeri üzrə yaşayır. İddiaçının faktiki yaşayış yerinin onun yaşayış yeri kimi əsas götürülməsi ilk növbədə şəxsin məhkəməyə müraciət imkanının asanlaşdırılmasına xidmət etməklə, məhkəməyə əlçatımlığın, çəkişmə, prosessual qənaət, işə ağlabatan müddətdə baxılması və şəxsin pozulmuş hüquqlarının daha səmərəli şəkildə müdafiəsinin təmin edilməsi prinsiplərinin mahiyyətindən və həmin prinsiplərin tələblərinə riayət edilməsindən irəli gəlir. Bununla bağlı qeyd edilməlidir ki, Konstitusiyada əsas insan hüquqlarından biri kimi müəyyən edilmiş hüquq və azadlıqların məhkəmə təminatı hüququ, ilk növbədə, qanunla müəyyən edilmiş müvafiq yurisdiksiyalı məhkəmələr tərəfindən işə baxılmasını nəzərdə tutur. Konstitusiyanın 62-ci maddəsinə görə hər kəsin onun işinə qanunla müəyyən edilmiş məhkəmədə baxılması hüququ vardır. Bu normada nəzərdə tutulmuş “qanunla müəyyən edilmiş məhkəmə” müddəası işlərin aidiyyət qaydalarını, qanuni məhkəmə tərkibinin mövcudluğunu və s. subyektiv elementləri ehtiva edir. “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 35.1, 35.3 və 39.1-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 02 iyun 2021-ci il tarixli Qərarında qeyd edilmişdir ki, Konstitusiyanın bu maddəsinə uyğun olaraq məhkəmə aidiyyəti qanunvericiliklə dəqiq müəyyən edilməli və bu norma məhkəmə vasitəsindən istifadə edən subyektlər üçün aydın olmalıdır. Məhkəmə aidiyyətinin qanunla dəqiq müəyyən edilməsi hər kəsin hüquq və azadlıqlarının məhkəmə təminatı hüququnun səmərəli həyata keçirilməsinə zəmanət yaradır. Eyni zamanda məhkəmə sistemi daxilində mülki işlərə mahiyyəti üzrə tez bir zamanda baxılıb həll edilməsinin təmin olunması üçün məhkəmə aidiyyəti qaydalarına riayət edilməsi müstəsna əhəmiyyət kəsb edir (Konstitusiya Məhkəməsi Plenumunun M.A.Muradovun şikayəti üzrə 2004-cü il 28 aprel tarixli və “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 30-cu maddəsinin şərh edilməsinə dair” 2013-cü il 28 mart tarixli Qərarları). Konstitusiya Məhkəməsinin Plenumu “İcra haqqında Azərbaycan Respublikası Qanununun 87.2-ci və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.1-ci maddələrinin şərh edilməsinə dair” 2012-ci il 4 aprel tarixli Qərarında göstərmişdir ki, ərazi aidiyyətinin müəyyənləşdirilməsində başlıca məqsədi:-şəxslərin məhkəməyə əlçatanlığının;işlərə ağılabatan müddətdə baxılmasının;- prosessual qənaət prinsipinin;- ədalət mühakiməsinin səmərəliliyinin təmin edilməsidir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi Avropa ölkələrinin milli qanunvericiliyində məhkəmə aidiyyəti məsələsinin dəqiq tənzimlənməsinin vacibliyini xüsusi vurğulamışdır. Belə ki, Çerniçkin Rusiya Federasiyasına qarşı iş üzrə 2010-cu il 16 sentyabr tarixli Qərarda qeyd edilmişdir ki, qanunverici tərəfindən aidiyyət məsələlərinin dəqiq müəyyən edilməməsi şəxsin məhkəmədə müdafiə olunmaq hüququnu və “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi” haqqında Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndinin tələblərini pozur. Qeyd olunan hallara əsasən məhkəmə kollegiyası hesab edir ki, iddiaçının qeydiyyatda olduğu ünvan üzrə məlum səbəblərdən yaşamaması halı nəzərə alınmaqla, habelə iddiaçının hüquqlarının daha səmərəli şəkildə müdafiəsinin, məhkəməyə əlçatımlığın təmin edilməsi və digər yuxarıda istinad edilən prinsiplərin tələbləri əsas götürülməklə, hazırki iddiaya münasibətdə ərazi aidiyyətinin müəyyən edilməsi zamanı İPM-in 8.1.2-ci maddəsinin tələbi baxımından iddiaçının yaşayış yeri qismində məhz onun faktiki yaşayış yeri əsas götürülməldir. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, hazırki iş üzrə birinci instansiya məhkəməsi tərəfindən aidiyyət qaydalarının müəyyən edilməsi zamanı qeyd olunan prinspilərin tələbləri nəzərə alınmış, iş üzrə gəldiyi nəticə düzgün olmuş,apellyasiya şikayətinin dəlilləri əsassız olmaqla, məhkəmə qərardadının ləğvi üçün əsas hesab edilmir. Beləliklə, məhkəmə kollegiyası yuxarıda qeyd olunan normalara istinad edərək, qeyd olunan səbəbləri əsas götürərək, hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(118)-2594/2024 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan inzibati məhkəmə icraatının iştirakçıları rəsmi qaydada təqdim olunduğu gündən 10 (on) gün müddətində Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti 70) vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar