Məhkəmə qərarları › İş №2-1(105)-699/2022

Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(105)-699/2022

01.12.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(105)-699/2022 01.12.2022 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X6 Şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi filialına qarşı iş üzrə QƏRARİ Sədrlik edən və məruzəçi hakim Məmmədov Zahid Tahir oğlu, hakimlər Babayeva Hökümə Çingiz qızı və Məmmədov Fuad Əli oğlundan ibarət tərkibdə, Mirzəzadə Bəhruz Fizuli oğlunun katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X6 şəxsinin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “xx.xx.1979-cu ildən xx.xx.1997-ci ilədək "xxxx" SC-nin 1 saylı müəssisəsində, xx.xx.1997-ci ildən xx.xx.2005-ci ilədək "xxxx" SC-nin 2 saylı müəssisəsində işlədiyi dövrlərin sosial sığorta stajı kimi nəzərə alınaraq hüququnun yarandığı tarixdən, yəni 57 yaşından güzəştli şərtlərlə pensiya təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati mübahisə üzrə Sumqayıt İnzibati Məhkəməsinin 09 sentyabr 2022-ci il tarixli, 2-1(118)-361/2022 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. İddiaçı xx.xx.1961-ci ildə anadan olmuş, xx.xx.1978-ci ildən xx.xx.1979-cu ilədək Sumqayıt Şəhər 44№-li texniki peşə məktəbində “əl ilə elektrik qaynaqçısı” ixtisası üzrə təhsil almış (227№-li attestat), xx.xx.1980-ci il tarixdən xx.xx.1982-ci il tarixlərdə hərbi xidmətdə olmuşdur (НЗ ******* saylı hərbi bilet)

2. İddiaçıya məxsus əmək kitabçasının təsdiq edilmiş surətində onun xx.xx.1979xx.xx.1980, 02.08.198-xx.xx.1997 və xx.xx.1997-xx.xx.2005-ci ilələrdə müxtəlif tikinti müəssisələrində elektrik qaynaqçısı peşəsində işləməsi barədə qeydlər mövcuddur.

3. "xxxx" SC-nin 2 saylı Müəssisəsinin 09/11 saylı, xx.xx.2021-ci il tarixli arayışında qeyd olunmuşdur ki, İddiaçı xx.xx.1979-cu ildən xx.xx.2005-ci ilədək “Azərsənayetikinti SC-nin 2 saylı müəssisəsində elektrik qaynaqçısı peşəsində işləmişdir.

4. İddiaçının 60 yaşı xx.xx.2021-ci il tarixdə tamam olmuş və o, xx.xx.2021-ci il tarixli məktubla cavabdehə müraciət edərək ona güzəştli şərtlərlə pensiya təyin edilməsini xahiş etmişdir.

5. Cavabdeh xx.xx.2021-ci il tarixli, **********3 saylı məktubla iddiaçının müraciətinin təmin edilməsindən imtina etmişdir. İmtina onunla əsaslandırılmışdır ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatın, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) kişilər 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda, bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verirsə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. “Əmək pensiyaları haqqında” Qanunun 1.0.8-ci maddəsinə uyğun olaraq fərdi hesabın sığorta hissəsi əmək pensiyasının sığorta hissəsinin hesablanması üçün nəzərə alınan, sığortaolunanlar üzrə ödənilmiş məcburi dövlət sosial sığorta haqlarının 90 faizinin və xüsusi hesabdakı vəsaitin qeydə alındığı subhesabdır. Onun fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən aşağı olmayan pensiya təminatına imkan vermir. Belə ki, hazırda əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatı üçün fərdi hesabın sığorta hissəsində qeydə alınmalı olan pensiya kapitalının aşağı həddi qanunvericiliyə uyğun olaraq ona münasibətdə 40200,00 manat hesablandığı halda, fərdi hesabının sığorta hissəsində qeydə alınan pensiya kapitalı cəmi 19801,41 manat təşkil edir. Qeyd olunanlar nəzərə alınaraq ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. Əlavə olaraq bildirilmişdir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.18-ci maddəsinə görə sığortaolunanlar əmək pensiyasının sığorta hissəsinin hesablanması üçün nəzərə alınan fərdi hesabın sığorta hissəsindəki məbləği Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 12 sentyabr tarixli 1597 nömrəli Fərmanı ilə təsdiq edilmiş qaydada xüsusi hesaba əlavə vəsait ödəyərək artırmaqla əmək pensiyasının minimum məbləğində və ya daha yuxarı məbləğdə pensiya təminatının formalaşdırılması imkanına malikdirlər.

Birinci instansiya məhkəməsində icraat

6. İddiaçı xx.xx.2021-ci il tarixdə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək ona güzəştli əsaslarla əmək pensiyasının təyin edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulmasına dair qərar qəbul edilməsini xahiş etmişdir.

7. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, xx.xx.1961-ci ildə anadan olmuşdur, 1978-1979-cu illərdə Texniki Peşə Məktəbini oxumuşdur, xx.xx.1979-cu ildən xx.xx.1997ci ilədək "xxxx" SC-nin 1 saylı müəssisəsində 4-cü dərəcəli elektrik qaynaqçısı işləmişdir. xx.xx.1997-ci ildən xx.xx.2005-ci ilədək "xxxx" SC-nin 2 saylı müəssisəsində 5-ci dərəcəli elektrik qaynaqçısı peşəsində işləmişdir. 1980-1982-ci illərdə hərbi xidmətdə olmuşdur. Onun ümumi əmək stajı 26 il 10 aya yaxın olmuşdur. İddiaçının ümumi stajı 26 il 10 ay olmaqla pensiyaya çıxmaq hüququ verən iş stajı olduğu üçün əmək pensiyasına çıxmaq hüququ verir. İddiaçı müvafiq sənədləri toplamaqla 2021-ci ilin iyun ayında cavabdeh təşkilata müraciət etmiş, lakin xx.xx.2021-ci il tarixli məktubunda cavabdeh ona fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalının əmək pensiyasının minimum məbləğindən az olduğunu göstərmişdir. (40200,00 manata qarşı 19801,41 manat) İddiaçı cavabdehin bu imtinası ilə razılaşmır və bildirmək istəyir ki, «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 1.0.1-ci maddəsinə əsasən əmək pensiyası-bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əmək haqqı və digər gəlirlərin, yaxud sığortaolunanların ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir. Həmin qanunun 4.1-ci maddəsinə görə bu Qanuna uyğun olaraq əmək pensiyasının aşağıdakı növləri müəyyən edilir: yaşa görə əmək pensiyası, əlilliyə görə əmək pensiyası, ailə başçısını itirməyə görə əmək pensiyası. Həmin Qanunun 9.8-ci maddəsinə əsasən bu Qanun qüvvəyə mindiyi gündən bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. Həmin Qanunun 31.1-ci maddəsinə əsasən əmək pensiyası hüququ olan şəxslər əmək pensiyası hüququnun yarandığı gündən heç bir müddət məhdudiyyəti olmadan istənilən vaxt əmək pensiyasının təyin olunması üçün müraciət edə bilərlər. Həmin Qanunun 32.1-ci maddəsinə əsasən yaşa görə əmək pensiyası, buna hüququ olan şəxsin müraciəti əsasında əmək pensiyasının yarandığı gündən, lakin bu qanunun qüvvəyə mindiyi gündən tez olmayaraq ömürlük təyin edilir. Qarşı tərəf iddiaçıya pensiya təminatından imtina edərkən bunu sosial kapitalının az olması ilə əlaqələndirmiş, halbuki, onun göstərdiyi məbləğ hansı mənbədən götürülmüşdür, iddiaçıya aydın deyildir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2-ci maddəsinə əsasən qanunla başqa aidiyyət qaydası müəyyən edilməmişdirsə, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatı inzibati-iqtisadi məhkəmələr və inzibati-iqtisadi kollegiyalar tərəfindən həyata keçirilir. İnzibati məhkəmə icraatı qaydasında aşağıdakı iddialara baxılır: 2.2.1.şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunması və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndİrmə haqqında iddia) 2.2.2.inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqunda iddia); Maddə 14. Sübut etmə vəzifəsi 14.1.Mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. 14.2.inzibati orqanın inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan və bilavasitə şəxsin hüquq və azadlıqlarını pozan qanunsuz müdaxiləsindən müdafiəyə dair iddialar üzrə belə müdaxiləni zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi müvafiq inzibati orqanın üzərinə düşür.

8. İddiaçı daha sonra iddiasını dəqiqləşdirərək xx.xx.1979-cu ildən xx.xx.1997-ci ilədək "xxxx" SC-nin 1 saylı müəssisəsində, xx.xx.1997-ci ildən xx.xx.2005-ci ilədək "xxxx" SC-nin 2 saylı müəssisəsində işlədiyi dövrlərin sosial sığorta stajı kimi nəzərə alınaraq hüququnun yarandığı tarixdən, yəni 57 yaşından güzəştli şərtlərlə pensiya təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, 01 yanvar 2006-cı il tarixdən qüvvədə olan “Əmək pensiyaları haqqında” Qanunun 9.8-ci maddəsinə əsasən həmin Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. İddiaçının xx.xx.2006-cı il tarixədək 25 ildən artıq sığorta stajı olduğundan və bu müddətin azı 12 il 6 ayını əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə işlədiyindən cavabdeh orqanın imtinasına əsas olmuş pensiya kapitalının kifayət etməməsi əsası əsassızdır. Bu səbəbdən də cavabdeh inzibati orqanın qanunvericilikdə edilmiş dəyişikliyə görə iddiaçı barəsində yeni qanunvericiliyin tətbiq etməsini və tələb olunan pensiya kapitalının az olması əsas gətirməsini düzgün hesab etmir.

Cavabdehin iddia tələbinə dair etirazının dəlilləri

9. Cavabdeh iddia tələbinə qarşı etirazında qeyd etmişdir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrinin, yeraltı, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin və azı 10 il çalışmış qadınların bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun qeyd olunan maddəsinə görə yeraltı işlər, incəsənətin xüsusi sahələri, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlər Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunmuş siyahı üzrə müəyyən edilir. Sözügedən qanunun 9.8-ci maddəsinə əsasən 1 yanvar 2006-cı il tarixinədək Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericililklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. Azərbaycan Respublikasının 6 mart 2007-ci il tarixli 260-İİİQD nömrəli Qanunu ilə qüvvədən düşmüş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 13-cü maddəsinin “b” bəndinə uyğun olaraq, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş 2 №li siyahı üzrə müəyyən edilmiş 25 il ümumi iş stajı olan və bu stajın azı 12 il 6 ayını zərərli və ağır işlərdə çalışan 57 yaşı tamam olmuş kişilərin güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Eyni zamanda bildirirlər ki, Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filial əsasnaməsinə uyğun olaraq öz fəaliyyətində Azərbaycan Respublikasının Konstitusiyasını, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələri, Azərbaycan Respublikasının qanunlarını, Azərbaycan Respublikası Prezdentinin fərmanlarını və sərəncamlarını, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamlarını, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Əsasnaməsini və Dövlət Sosial Müdafiə Fondunun Nizamnaməsini, Nazirliyin normativhüquqi aktlarını, əmək və əhalinin sosial müdafiəsi nazirinin əmr və sərəncamlarını, X5 qərarlarını, X5 sədrinin sərəncam və əmrlərini rəhbər tutur. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.8-ci maddəsinə uyğun olaraq fərdi hesabın sığorta hissəsi əmək pensiyasının sığorta hissəsinin hesablanması üçün nəzərə alınan, sığortaolunanlar üzrə ödənilmiş məcburi dövlət sosial sığorta haqlarının 90 faizinin və xüsusi hesabdakı vəsaitin qeydə alındığı subhesabdır. İddiaçı fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən aşağı olmayan pensiya təminatına imkan vermir. Belə ki, hazırda əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatı üçün fərdi hesabın sığorta hissəsində qeydə alınmalı olan pensiya kapitalının aşağı həddi qanunvericiliyə uyğun olaraq iddiaçıya münasibətdə 40200,00 manat hesablandığı halda, fərdi hesabının sığorta hissəsində qeydə alınan pensiya kapitalı cəmi 19801,41 manat təşkil edir. Etirazda göstərilir ki, iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir.

10. Cavabdeh etiraza əlavəsində qeyd etmişdir ki, Dövlət Sosial Müdafiə Fondunun Xüsusi şərtlərlə təyinat üzrə mərkəzi filialı tərəfindən İddiaçı verilmiş xx.xx.2021-ci il tarixli **********3 nömrəli cavab məktubunda fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən aşağı olmayan pensiya təminatına imkan vermədiyindən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsinin mümkün olmadığı qeyd edilmişdir. İddiaçının fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı, həmçinin tələb olunan pensiya kapitalı qanunvericiliyə uyğun olaraq aşağıdakı kimi hesablanmışdır: “Əmək pensiyaları haqqında” Qanunun 29.2-ci maddəsinə əsasən sığortaolunanların fərdi hesabının sığorta hissəsində qeydə alınan pensiya kapitalı ildə bir dəfə müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunan istehlak qiymətləri indeksinin illik səviyyəsinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanının qərarına əsasən indeksləşdirilir. Buna uyğun olaraq iddiaçının 25 il 11 ay 25 gün sosial sığorta stajına münasibətdə 21833 manat pensiya kapitalı hesablanmışdır. “Əmək pensiyaları haqqında” Qanunun 7-ci maddəsinə əsasən kişilər üçün nəzərdə tutulmuş yaş həddinin 65 yaş olduğunu nəzərə alaraq, 65 yaş-61 yaş=4 il, yəni 48 ay müəyyən olunmuşdur. Pensiya ödənişi müddətinin 144 ay olmasını nəzərə alaraq 144 ay + 48 ay=192 ay. Hal-hazırda minimum pensiya məbləğinin 240 manat olduğundan, 240 manat*196 ay= 46080 manat tələb olunan pensiya kapitalı müəyyən olunur. Göründüyü kimi, əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatı üçün fərdi hesabın sığorta hissəsində qeydə alınmalı olan pensiya kapitalının aşağı həddi qanunvericiliyə uyğun olaraq İddiaçı münasibətdə 46080 manat hesablandığı halda, fərdi hesabın sığorta hissəsində qeydə alınan pensiya kapitalı cəmi 21833 manat təşkil edir. Belə olan halda, İddiaçı “Əmək pensiyaları haqqında” Qanunun 7-ci maddəsinə əsasən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin olunması üçün fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan vermədiyindən iddia tələbi təmin edilə bilməz.

Birinci instansiya məhkəməsinin gəldiyi nəticə

11. Sumqayıt İnzibati Məhkəməsinin 09 sentyabr 2022-ci il tarixli, 2-1(118)- 361/2022 nömrəli qərarı ilə iddianın qismən təmin edilməsi, İddiaçı xx.xx.1979-cu ildən xx.xx.1997-ci ilədək və xx.xx.1997-ci ildən xx.xx.2005-ci ilədək işlədiyi (hazırda "xxxx" SC adlanan müəssisə) dövrlər sosial sığorta stajı kimi nəzərə alınaraq 57 yaşının tamam olduğu tarixdən güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsi və xx.xx.2018-ci il tarixdən hesablanaraq ödənilməsi öhdəliyinin Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X6 Şəxsinin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulması qərara alınmışdır.

12. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi üçün tələb olunan şərtlər iddiaçıya münasibətdə mövcuddur. Bu baxımdan iddiaçı ona 57 yaşı tamam olduğu tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi ilə bağlı tələbində haqlı sayılmalıdır. Qeyd edilənlər cavabdeh inzibati orqanın iddianın rədd edilməsi ilə bağlı pensiya kapıtalının çatmaması dəlilinin hüquqi əsasının olmadığını göstərir.

13. Qərardan narazı qalan cavabdeh apellyasiya şikayəti verərək qərarının iddianın təmin olunduğu hissədə ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.

Apellyasiya şikayətinin dəlilləri

14. Apellyasiya şikayətində iddia ərizəsinə qarşı etirazda göstərilən hallara təkrar olunmaqla yanaşı göstərilir ki, “Əmək pensiyaları haqqında” Qanunun 1.0.2-ci maddəsinə əsasən sosial sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə məcburi dövlət sosial sığorta haqları ödəmək şərti ilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusu hesab edilir. Qanunun 25-ci maddəsinə əsasən sosial sığorta stajı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi barədə verdiyi sənədlə təsdiq olunur. “Əmək pensiyaları haqqında” qanunun müddəalarından göründüyü kimi pensiya təyin olunarkən iş illərinin sığorta stajına daxil edilməsi məcburi dövlət sosial sığorta stajının ödənilməsi ilə şərtlənir. Bundan əlavə, Ali Məhkəmənin 2-1(102)-853/2020 saylı qərarından da göründüyü kimi, əmək (iş) dövrlərinin yalnız o hissəsi (hissələri) sosial sosial sığorta stajı kimi nəzərə alınır ki, həmin dövrlərdə müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödənmiş olsun. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının 2017-ci il tarixli 11 dekabr 17 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə köçürülməsi və ödənilməsi Qaydalarına 2 nömrəli əlavənin (Əmək pensiyasının təyin olunması üçün zəruri sənədlərin siyahısı) 2.4-cü bəndinə görə şəxsə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi üçün şəxsin güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerinin arayışı pensiya təyin edən müvafiq quruma təqdim olunmalıdır. İddiaçının tələbi qanunvericiliyə uyğun olmadığından iddia tələbi təmin edilə bilməz.

Məhkəmə icraatı iştirakçılarının izahatları

15. Cavabdehinin nümayəndəsi apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək onun təmin edilməsini xahiş etdi.

16. İddiaçı apellyasiya şikayətinə etiraz edərək şikayətin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi.

Tətbiq edilən hüquq

17. Azərbaycan Respublikasının Konstitusiyası: Maddə 38.1 Hər kəsin sosial təminat hüququ vardır. Maddə 38.3 Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir.

18. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 9.1 Axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların kişilər – 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar – 55 yaşına çatdıqda azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Maddə 9.8. Bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir.

19. xx.xx.1956-cı ildə qüvvəyə minmiş “Dövlət pensiyaları haqqında” SSRİ Qanununun 1-ci maddəsinin “V” bəndinə əsasən ali məktəblərdə, orta xüsusi ixtisas məktəblərində, texniki peşə məktəblərində, başqa məktəblərdə və kadr hazırlayan kurslarda oxuyan dövlət pensiyası almaq hüququna malikdirlər.

20. SSRİ Nazirlər Sovetinin 1044 saylı, 04 avqust 1956-cı il tarixli qərarı ilə təsdiq edilmiş “Dövlət pensiyalarının təyin edilməsi və ödənilməsi” Qaydalarının 109-cu bəndinə təsbit edilmişdi ki, ali, orta ixtisas, texniki peşə məktəblərini bitirmiş şəxslərin təhsil müddəti iş stajına daxil edilir.

21. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun 32.1-1-ci maddəsinə əsasən əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Bu Qanuna uyğun olaraq ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir.

22. “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının Qanunu (iddiaçının 57 yaşı tamam olduğu zaman qüvvədə olan redaksiyada): Maddə 13. Axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna aşağıdakılar malikdir: ... b) əmək şəraiti zərərli və ağır olan digər işlərdə çalışan işçilər— istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli siyahısı üzrə: kişilər - 57 yaşına çatdıqda və azı 25 il iş stajı olduqda bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa; Maddə 67. İş stajına daxil edilən əmək fəaliyyətinin növləri İş stajına bunlardan başqa aşağıdakılar daxil edilir: ğ) ali, orta ixtisas; texniki peşə məktəblərini bitirmiş şəxslərin təhsil müddəti…

23. İnzibati Prosessual Məcəllə: Maddə 1.1. Bu Məcəllə inzibati hüquq münasibətləri ilə bağlı mübahisələrin (bundan sonra - inzibati mübahisələr) məhkəmə aidiyyətini, həmin mübahisələrə məhkəmədə baxılmasının və həll edilməsinin prosessual prinsiplərini və qaydalarını müəyyən edir. Maddə 34.1. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri

24. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2022-ci il tarixli qərardadı ilə apellyasiya şikayəti mümkün sayılmışdır. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır.

Apellyasiya instansiyasi məhkəməsinin mövqeyi

25. Məhkəmə kollegiyası işdə iştirak edən şəxslərin izahatını dinləyib, iş materiallarını araşdırıb, apellyasiya şikayətinin dəlillərinə qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.

26. İşdən görünür ki, iddiaçı məhkəmə icraatının gedişində təqdim etdiyi iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizəsinə əsasən xx.xx.1979-cu ildən xx.xx.1997-ci ilədək "xxxx" SC-nin 1 saylı müəssisəsində, xx.xx.1997-ci ildən xx.xx.2005-ci ilədək "xxxx" SC-nin 2 saylı müəssisəsində işlədiyi dövrlərin sosial sığorta stajı kimi nəzərə alınaraq ona hüququnun yarandığı tarixdən, yəni 57 yaşından güzəştli şərtlərlə pensiya təyin edilməsini istəyir.

27. Cavabdeh isə qeyd etmişdir ki, əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatı üçün fərdi hesabın sığorta hissəsində qeydə alınmalı olan pensiya kapitalının aşağı həddi qanunvericiliyə uyğun olaraq İddiaçı münasibətdə 46080 manat hesablandığı halda, fərdi hesabın sığorta hissəsində qeydə alınan pensiya kapitalı cəmi 21833 manat təşkil edir. Belə olan halda, İddiaçı “Əmək pensiyaları haqqında” Qanunun 7-ci maddəsinə əsasən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin olunması üçün fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan vermədiyindən iddia tələbi təmin edilə bilməz.

28. Birinci instansiya məhkəməsi iddianı qismən təmin etmiş və bunu qərarında düzgün olaraq belə əsaslandırmışdır ki, iddiaçıya pensiya təyinatı ilə bağlı tələbinə cavabdeh inzibati orqanın pensiya kapitalı ilə bağlı normaları tətbiq etməsi aşkar qanun pozuntusudur. Belə ki, bununla bağlı qanunvericilikdə aydın formada ifadə olunmuş tənzimləmə mövcuddur. Cavabdehin imtinasında istinad etdiyi müddəalar “Əmək pensiyaları haqqında” AR Qanununun 9.1-ci maddəsinə “Əmək pensiyaları haqqında” Qanuna dəyişikliklər və əlavələr edilməsi barədə” xx.xx.2017-ci il tarixli, 543-VQD nömrəli Qanunla əlavə edilmiş və xx.xx.2017-ci il tarixdən qüvvəyə minmişdir. Halbuki, iddiaçı pensiya hüququ həmin tarixdən əvvəl yarandığı üçün ona “Əmək pensiyaları haqqında” Qanunun 9.8-ci maddəsinə istinadən həmin tarixə qədər qüvvədə olmuş qanunvericiliyə əsasən pensiya təyin olunmasını istəyir. Nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası “Əmək pensiyaları haqqında” Qanunun 9.8-ci maddəsinə əsasən, bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. Məhkəmə qərarında onu da qeyd etmişdir ki, hazırki iş üzrə mübahisəyə “Əmək Pensiyaları haqqında” Qanunun xx.xx.2017-cı il tarixədək qüvvədə olmuş müddəaları tətbiq olunmalıdır. Həmin normalara əsasən, axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunan kişilər 57 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışmışlarsa, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır.

29. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iddiaçının xx.xx.1979-cu ildən xx.xx.1997-ci ilədək və xx.xx.1997-ci ildən xx.xx.2005-ci ilədək işlədiyi dövrlərin sosial sığorta stajı kimi nəzərə alınaraq 57 yaşının tamam olduğu (xx.xx.2018-ci il) tarixdən güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsi və xx.xx.2018-ci il tarixdən hesablanaraq ödənilməsi ilə bağlı gəldiyi nəticəni əsaslı hesab edərək qeyd edir ki, apellyasiya şikayətində göstərilən dəlillər qərarın ləğv edilməsi və iddianın təmin edilməməsi üçün əsas hesab edilə bilməz.

30. Belə ki, iddiaçının güzəştli şərtlərlə yaşa görə əmək pensiya hüququ yarandığı dövrdə qüvvədə olan yuxarıda istinad edilən qanunvericilik norması güzəştli şərtlələ yaşa görə əmək pensiyası təyinatının aparılmasını yalnız iki şərtlə - kişilər üçün 57 yaş həddi, ən azı 25 il sığorta stajı və 12 il 06 ay güzəştli iş stajı ilə şərtləndirmişdir.

31. İddiaçının əmək kitabçası üzrə işlədiyi, eyni zamanda təhsil aldığı və hərbi xidmət etdiyi dövrlər də daxil olmaqla onun xx.xx.2018-ci il tarixə 25 ildən artıq ümumi stajı vardır.

32. Belə ki, iddiaçı xx.xx.1979-cu il tarixdə “əl ilə elektrik qaynaqçısı” ixtisası üzrə texniki peşə məktəbində təhsilini başa vurduqdan sonra xx.xx.1979-cu ildən 3-cü dərəcəl ielektrik qaynaqçısı işinə qəbul olunmuş, 1980-1982-ci illər ərzində hərbi xidmətdə olmuşdur. Daha sonra xx.xx.1982-ci ildən 4-cü dərəcəli elektrik qaynaqçısı, xx.xx.1986-cı ildən 5-ci dərəcəli elektrik qaynaqçısı işinə, xx.xx.1988-ci ildən 4-cü dərəcəli elektrik qaynaqçısı, xx.xx.1990-cı ildən 5-ci dərəcəli elektrik qaynaqçısı ixtisasına keçirilmişdir. xx.xx.1990-cı il tarixdə isə köçürmə yolu ilə 1 nömrəli Trestin nəzdində Sənaye Kombinatına 5-ci dərəcəli elektrik qaynaqçısı işinə qəbul edilmişdir. xx.xx.1995-ci ildə 1 nömrəli Trest Z.S.Hacıyev adına “Sumqayıtsənayemülkitikinti” Birliyi adlandırılmışdır. xx.xx.1997-ci ildən öz xahişi ilə işdən azad edilmişdir. xx.xx.1997-ci ildən "xxxx" Dövlət Şirkəti Sumqayıt Sənaye Kommunaltikinti Birliyi 3 saylı X2 5-ci dərəcəli elektrik qaynaqçısı işinə qəbul edilmişdir. xx.xx.1999-cu ildə "xxxx" Dövlət Şirkəti Sumqayıt Sənaye Kommunaltikinti Birliyi 3 saylı X4 "xxxx" Səhmdar Cəmiyyətinin 2 nömrəli müəssisəsi adlandırılmışdır. xx.xx.1999-cu il tarixdən 2 nömrəli müəssisəyə 5-ci dərəcəli elektrik qaynaqçısı təyin edilmişdir. xx.xx.2005-ci ildən öz xahişi ilə işdən azad edilmişdir.

33. Kollegiya qeyd edir ki, əsli iş materiallarında olan iddiaçıya məxsus əmək kitabçasının mötəbərliyi hər-hansı ciddi şübhə doğurmur (tərtib edildiyi dövr və aparılmış qeydlərin dəqiqliyi, kiril əlifbası ilə yazılması və müvafiq dövrlərə uyğun möhürlərlə təsdiq olunması baxımından). İddiaçının əmək kitabçasındakı məlumatların həqiqətə uyğun olmadığını təsdiq edən sübut işdə yoxdur.

34. Qeyd olunan əmək fəaliyyətinə dair məlumatlar iddiaçıya məxsus əmək kitabçası ilə yanaşı iş materiallarında olan "xxxx" Səhmdar Cəmiyyətinin 2 nömrəli müəssisəsinin 23 iyun 2021-ci il tarixli, 09/11 saylı arayışında da öz təsdiqini tapmışdır. İddiaçının "xxxx" SCnin 2 saylı müəssisəsində işləməsi həmin müəssisənin direktoru tərəfindən imzalanaraq təqdim olunmuş iddiaçıya dair əmrlər, qeyd edilən müəssisənin DSMF vəsaitləri üzrə haqq-hesab cədvəli, habelə DSMF-nin Abşeron-Xızı regional filalının həmin müəssisənin hesablanmış, ödənilmiş və silinmiş sosial sığorta haqları barədə xx.xx.2021-ci il tarixli məktubu ilə də öz təsdiqini tapır.

35. Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstərilən siyahıların təsdiq edilməsi haqqında Azərbayvcan Respublikası Nazirlər Kabinetinin 1993-cü il 21 iyun tarixli 320 saylı qərarı ilə təsdiq edilmiş 2 nömrəli siyahıda qeyd olunan (XXXİİİ, 23200000-19906) əl ilə qaynaq aparan elektrik qaynaqçıları peşəsi iddiaçının işlədiyi peşəyə tam uyğundur. İddiaçının “elektrik qaynaqçı”sı kimi işlədiyi müddət əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququnun yaranması üçün tələb olunan 12 il 6 aylıq müddətdən artıqdır.

36. Kollegiya qeyd edir ki, şəxsin pensiya təyin edilməsi zamanı nəzərə alınmalı olan sosial sığorta stajı (iş stajı) bir qayda olaraq uzun illər ərzində toplanır. Bu illər ərzində onun işlədiyi, təhsil aldığı, hərbi xidmətdə olduğu və s. dövrlərin pensiya hüququ verən sosial sığorta stajına hesablanması, eləcə də hansı sənədlərin iş stajını təsdiq edən sənədlər kimi nəzərə alınmasının mümkünlüyü məsələsinə münasibətdə qanunvericiliyin normaları dəyişkən ola bilər. Belə dəyişkənliyin şəxsin hüquqlarını pozmamasını təmin etmək üçün “qazanılmış hüquq” konsepsiyası tətbiq edilməlidir. Qazanılmış hüquqlara münasibətdə nəzərə almaq lazımdır ki, əvvəlki qanunvericiliklə qazanılmış hüquq sonradan həyata keçirilmiş qanunvericilik tənzimləmələri ilə ortadan qaldırıla və ya məhdudlaşdırıla bilməz. Bu qanunvericinin sosial təminat sahəsindəki tənzimləmə müstəqilliyinin mütləq olmayıb, “qanuni gözlənti” və “hüquqi müəyyənlik” prinsipləri ilə məhdudlaşdığından irəli gəlir. Qeyd edilən prinsiplərin mənasına görə qəbul edilmiş yeni tənzimləmələr əvvəllər yaranmış hüquq münasibətlərinin davamlılığına və sabitliyinə xələl gətirməmək üçün yalnız gələcəkdə, yəni qüvvəyə mindikdən sonra yaranmış hüquq münasibətlərinə tətbiq oluna bilər və yeni müddəalar qüvvəyə mindiyi vaxtdan əvvəl şəxslərin artıq əldə edilmiş hüquqlarını əvəzsiz ləğv edə bilməz.

37. Məhkəmə kollegiyası nəzərə alır ki, “İnzibati icraat haqqında” Qanunun 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər sübut hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır.

38. Kollegiya həmçinin qeyd edir ki, iddiaçı cavabdeh inzibati orqana xx.xx.2021-ci il tarixdə müraciət etdiyindən onun 57 yaşının xx.xx.2018-ci il tarixdən tamam olmasına baxmayaraq “Əmək pensiyaları haqqında” Qanunun 32.1-1-ci maddəsinə əsasən ona pensiyanın xx.xx.2018-ci il tarixdən hesablanmalı və ödənilməli olması barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə də əsaslıdır. Belə ki, iddiaçı iddia ərizəsində ona pensiya hüququnun yarandığı 57 yaşının tamam olduğu tarixdən əmək pensiyasının təyin olunmasını xahiş etsə də, birinci instansiya məhkəməsi İPM-nin 52-ci maddəsinə istinad etməklə iddiaçıya pensiyanın xx.xx.2018-ci il tarixdən təyin olunması barədə qərar qəbul etmiş, iddiaçı həmin qərarla razılaşaraq qərarı mübahisələndirməmişdir.

39. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətinin dəlilləri əsassız olduğundan təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.

40. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

QƏRARA ALDİ:

Apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt İnzibati Məhkəməsinin 09 sentyabr 2022-ci il tarixli, 2-1(118)-361/2022 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti, 70) vasitəsilə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar