Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(105)-7/2022 17.01.2022 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sədrlik edən və məruzəçi-hakim Məmmədov Fuad Əli oğlu, hakimlər Məmmədov Zaur İkram oğlu və Məmmədov Telman Qədir oğlundan ibarət tərkibdə, Tahirova Lətafət Almazxan qızının katibliyi, İddiaçı nümayəndəsi Nümayəndə iştirakı ilə İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Ərazi İdarəsinə qarşı “Quba rayonu Əski-İqriq bələdiyyəsinin 20 sentyabr 2006-cı il tarixli 09 saylı qərarı ilə fərdi yaşayış evinin tikintisi məqsədi ilə İddiaçı satılmış 0,10 ha torpaq sahəsinin üzərində mülkiyyət hüququnun Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətində qeydiyyata alınması, bununla bağlı müvafiq çıxarışın verilməsi və dövlət torpaq kadastrı kitabında 07 dekabr 2007-ci il tarixdə 505 nömrə ilə uçota alınaraq tərtib edilmiş A 022156 nömrəli torpaq sahəsinin plan və ölçüsü əsasında torpaq sahəsinin plan və ölçüsü sənədinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati iş üzrə Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin 2-1(085)-8/2019 saylı, 31 oktyabr 2019-cu il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında, şifahi məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Quba rayonu Əski-İqriq bələdiyyəsinin 20 sentyabr 2006-cı il tarixli 09 saylı qərarı ilə fərdi yaşayış evinin tikintisi məqsədi ilə ona satılmış 0,10 ha torpaq sahəsinin üzərində mülkiyyət hüququnun Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətində qeydiyyata alınması, bununla bağlı müvafiq çıxarışın verilməsi və dövlət torpaq kadastrı kitabında 07 dekabr 2007-ci il tarixdə 505 nömrə ilə uçota alınaraq tərtib edilmiş A 022156 nömrəli torpaq sahəsinin plan və ölçüsü əsasında torpaq sahəsinin plan və ölçüsü sənədinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Quba rayonu Əski-İqriq bələdiyyəsinin 20 sentyabr 2006-cı il tarixli 09 saylı qərarı ilə Əski-İqriq bələdiyyəsinin ümumi istifadəsinə aid olmaqla alğı-satqı predmeti olan torpaq sahəsindən fərdi yaşayış məqsədi ilə 0,10 ha torpaq sahəsi iddiaçıya satılmışdır. Bununla bağlı torpaqların alğı-satqısına dair akt tərtib edilərək DTXK-nın Quba rayon şöbəsində 01 oktyabr 2007-ci il tarixdə 1066 nömrə ilə qeydiyyata alınmış, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən İddiaçı həyətyanı məqsədlə 0,10 ha torpaq sahəsinin satılması barədə 572 nömrəli arayış verilmiş və sözügedən torpaq sahəsinin plan və ölçü sənədi tərtib edilmişdir. İddiaçı ərizə ilə DƏDRXnin 5 saylı Ərazi İdarəsinə müraciət edərək ona fərdi yaşayış evinin tikintisi məqsədi ilə satılmış 0,10 ha torpaq sahəsinə dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın və texniki pasportun verilməsini xahiş etmişdir. Lakin cavabdeh inzibati orqan 23 iyun 2016-cı il tarixli məktubla imtina cavabı verərək bildirmişdir ki, fərdi yaşayış evlərinin tikintisi üçün ayrılmış həmin 0,10 ha torpaq sahəsi elektron baza kadastr xəritə materiallarında yaşayış məntəqələrinin perspektiv inkişafı üçün nəzərdə tutulmuş torpaq sahələrinə aid deyildir. Həmçinin həmin torpaq sahələrinin elektron baza kadastr xəritə materiallarında kənd təsərrüfatı təyinatlı (biçənək) torpaq sahələri olduğu qeyd edilmişdir. Hesab edir ki, cavabdehin imtinası qanunsuzdur. Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin 31 oktyabr 2019-cu il tarixli 2-1(085)-8/2019 saylı qərarı ilə iddia təmin edilmiş, Quba rayonu Əski-İqriq Bələdiyyəsinin 20 sentyabr 2006-cı il tarixli 09 saylı qərarı ilə fərdi yaşayış evinin tikintisi məqsədi ilə ona satılmış 0,10 ha torpaq sahəsinin üzərində iddiaçının mülkiyyət hüququnun Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətində qeydiyyata alınması, bununla bağlı müvafiq çıxarışın verilməsi və dövlət torpaq kadastrı kitabında 07 dekabr 2007-ci il tarixdə 505 nömrə ilə uçota alınaraq tərtib edilmiş A 022156 nömrəli torpaq sahəsinin plan və ölçüsü əsasında torpaq sahəsinin plan və ölçüsü sənədinin verilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmuşdur. (hakim V.Əzizova) Qərardan cavabdeh apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini xahiş etmişdir. Sumqayıt Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 04 mart 2020-ci il tarixli 2-1(105)-182/2020 nömrəli qərarı ilə (sədrlik edən H.Babayeva, hakimlər M.Rzayev və F.Zeynallı) Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddianın rədd olunmasını xahiş etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)- 1383/2020 saylı, 11 avqust 2020-ci il tarixli qərarı ilə (sədrlik edən İ.Hüseynov, hakimlər N.Rəsulbəyova və İ.Şəfiyev) Sumqayıt Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 04 mart 2020-ci il tarixli 2-1(105)-182/2020 nömrəli qərarının ləğv edilməsi, işin təkrar baxılması üçün həmin məhkəməyə göndərilməsi, şikayətin qalan hissədə təmin olunmaması qərara alınmışdır. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ VƏ TƏRƏFLƏRİN İZAHATLARİ Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, təqdim edilmiş sənədlərin ekspertizası və daşınmaz əmlakın müayinəsi zamanı aşkar olunmuşdur ki, Quba rayonu, X3 20.09.2006-cı il tarixli 09 saylı qərarı ilə fərdi yaşayış evinin tikintisi üçün iddiaçıya ayrılmış 0.10 ha torpaq sahəsi 5 saylı Ərazi İdarəsinin elektron baza kadastr xəritə materiallarında yaşayış məntəqələrinin perspektiv inkişafı üçün nəzərdə tutulmuş torpaq sahələrinə aid deyildir. Həmin torpaq sahəsi ərazi idarəsinin elektron baza kadastr xəritə materiallarında kənd təsərrüfatı təyinatlı (biçənək) torpaq sahəsidir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 56.3-cü və “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 6.3-cü maddəsinə əsasən bələdiyyələrin ehtiyat fondunun kənd təsərrüfatı təyinatlı torpaqları yalnız məqsədli təyinatı üzrə qanunvericilikdə nəzərdə tutulmuş qaydalara əməl edilməklə istifadəyə və icarəyə verilə bilər. Qeyd edilən torpaq sahələri alğı-satqı predmeti deyildir. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı nümayəndəsi Nümayəndə apellyasiya şikayətinin təmin edilməməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında cavabdeh lazımi qaydada xəbərdar olunsa da, cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. ƏSASLANDİRMA HİSSƏSİ Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Məhkəmə kollegiyası sədrlik edən hakimin məruzəsini dinləyib, iş materiallarını nəzərdən keçirib, apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli, iddia tələbi təmin edilməməlidir. İş materiallarında olan Quba rayonu Əski-İqriq bələdiyyəsinin 20 sentyabr 2006-cı il tarixli 09 saylı protokolundan çıxarışdan görünür ki, Quba rayonu Əski-İqriq bələdiyyəsinin kənd təsərrüfatına yararlı torpaq sahəsindən İddiaçı həyətyanı torpaq qismində 0,10 ha torpaq sahəsi satılmışdır. Torpaqların alğı-satqısına dair aktdan görünür ki, Quba rayonu Əski-İqriq kəndi ərazisində yerləşən 0,10 ha torpaq sahəsinin İddiaçı satılmasına dair 20 sentyabr 2009ci il tarixdə qərar qəbul edilmiş və sonuncu tərəfindən bələdiyyənin hesabına 130 manat məbləğində pul ödənilmişdir. 26.12.2006-cı il tarixli 05 saylı qəbzdən görünür ki, İddiaçı tərəfindən 130 manat məbləğində pul ödənilmişdir. DTXK-nin Quba rayon şöbəsi tərəfindən tərtib edilmiş 07.12.2007-ci il tarixli torpaq sahəsinin plan və ölçü sənədindən görünür ki, İddiaçı satılmış 1000 kv.m ölçüdə torpaq sahəsinin koordinatları müəyyən edilmiş və torpaq sahəsinin təyinatı qrafasında “fərdi yaşayış evini tikmək üçün” qeyd edilmişdir. DTXK-nin Qusar rayon şöbəsi tərəfindən verilmiş rəydən görünür ki, Quba rayonu Əski-İqriq bələdiyyənin ərazisindən Əski-İqriq kənd sakini İddiaçı 0,10 ha torpaq sahəsinin ayrılması məqsədəmüvafiqdir. Birinci instansiya məhkəməsinin araşdırması zamanı müəyyən edilmişdir ki, İddiaçı müraciətinə cavab olaraq cavabdeh özünün 11.07.2018-ci il tarixli məktubu ilə bildirmişdir ki, təqdim edilmiş sənədlərin ekspertizası və daşınmaz əmlakın müayinəsi zamanı aşkar olunmuşdur ki, Quba rayonu, X3 20.09.2006-cı il tarixli 09 saylı qərarı ilə fərdi yaşayış evinin tikintisi üçün ayrılmış 0.10 ha torpaq sahəsi elektron baza kadastr xəritə materiallarında yaşayış məntəqələrinin perspektiv inkişafı üçün nəzərdə tutulmuş torpaq sahələrinə aid deyildir. Həmin torpaq sahəsi ərazi idarəsinin elektron baza kadastr xəritə materiallarında kənd təsərrüfatı təyinatlı (biçənək) torpaq sahəsidir. Bu səbəbdən iddiaçıya imtina cavabı verilmişdir. Məhkəmə tərəfindən cavabdeh inzibati orqanın imtinasının dəlillərinin yoxlanılması məqsədi ilə məhkəmənin 04.04.2019-cu il tarixli qərardadı ilə “Qiymətləndirmə xidməti mərkəzi“ MMC tərəfindən mütəxəssis rəyi alınmışdır. Həmin MMC tərəfindən verilmiş rəydən görünür ki, Quba rayonu Əski-İqriq kəndindən götürülmüş torpaq nümunəsində torpaq keyfiyyəti və məhsuldarlıq analizinin cavabına əsasən, torpaq əkin üçün yararsız, analiz olunmuş torpaqda azotun yetərli dərəcədə olmaması, kaliumun yüksək dərəcədə olmaması müəyyən olunmuş, torpaq sahələrinin münbitləşdirməsi üçün tövsiyyələr qeyd edilməmişdir. Aparılan təhlil və hesablamalar nəticəsində İddiaçı məxsus 0.10 ha torpaq sahəsinin kənd təsərrüfatına yararsız olması müəyyən edilmişdir. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, mübahisələndirilən torpaq sahəsi iddiaçıya satılarkən qanunun tələbləri gözlənildiyindən, cavabdeh iddiaçının hüququnu qeydə almaqdan imtina etməkdə haqlı olmamışdır. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayan məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin (2007-ci ildə qüvvədə olmuş redaksiyada) 8-ci maddəsinə əsasən, torpaq münasibətlərinin tənzimlənməsi sahəsində bələdiyyələrin öz inzibati əraziləri daxilində səlahiyyətləri aşağıdakılardır: qanunvericiliklə müəyyən olunmuş qaydada bələdiyyə mülkiyyətində olan torpaqlara sahiblik, onlardan istifadə və həmin torpaqlar barədə sərəncam verilməsi; qanunvericiliklə müəyyən edilmiş qaydada bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin mülkiyyətə, istifadəyə və icarəyə verilməsi; Həmin Məcəllənin 17-ci maddəsinə əsasən, torpaqların kənd təsərrüfatı ehtiyacları üçün yararlı olub-olmadığı dövlət torpaq kadastrı məlumatlarına əsasən, dövlət yerquruluşu xidməti tərəfindən müəyyən edilir. Həmin Məcəllənin 56-cı maddəsinə əsasən, bələdiyyələrin ehtiyat fondunun özəlləşdirilə bilən torpaqları xüsusi mülkiyyətə satıla bilər. Bələdiyyələrin ehtiyat fondunun yaşayış məntəqələrinin perspektiv inkişafı üçün cəlb olunan torpaq sahələri, habelə kənd təsərrüfatına azyararlı və yararsız torpaqları, hüquqi və fiziki şəxslərin istifadəsinə və icarəsinə verilməsi kənd təsərrüfatına azyararlı və yararsız torpaqların öz vəsaiti hesabına yararlı hala salınmış kənd təsərrüfatı təyinatlı torpaqları, qeyri-kənd təsərrüfatı məqsədləri üçün istifadəyə və icarəyə verilmiş torpaq sahələri özəlləşdirilə bilər... Həmin Məcəllənin 86-cı maddəsinə əsasən, bu Məcəllədə nəzərdə tutulmuş dövlət torpaqları, ümumi istifadədə olan, habelə hüquqi və fiziki şəxslərin istifadəsində və icarəsində olan bələdiyyələrin kənd təsərrüfatına yararlı torpaqları alğı-satqı obyekti ola bilməz. “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Qanunun (2007-ci ildə qüvvədə olmuş redaksiyada) 6.3-cü maddəsinə əsasən, bələdiyyələrin ehtiyat fondunun kənd təsərrüfatı təyinatlı torpaqları yalnız məqsədli təyinatı üzrə qanunvericilikdə nəzərdə tutulmuş qaydalara əməl edilməklə istifadəyə və icarəyə verilir. Həmin Qanunun 7.1-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının qanunvericiliyi ilə bələdiyyələrin ehtiyat fondunun aşağıdakı torpaqları xüsusi mülkiyyətə verilə bilər: 7.1.1. yaşayış məntəqələrinin perspektiv inkişafı üçün cəlb olunan torpaqlar; 7.1.2. kənd təsərrüfatına az yararlı və yararsız torpaqlar; 7.1.3. hüquqi və fiziki şəxslərin istifadəsinə və icarəsinə verilmiş kənd təsərrüfatına az yararlı və yararsız torpaqların öz vəsaiti hesabına yararlı hala salınmış kənd təsərrüfatı təyinatlı torpaqlar; 7.1.4. qeyrikənd təsərrüfatı məqsədləri üçün istifadəyə və icarəyə verilmiş torpaqlar. Birinci instansiya məhkəməsinin gəldiyi nəticənin əsası kimi İddiaçı məxsus 0.10 ha torpaq sahəsinin kənd təsərrüfatına yararsız olmasının müəyyən edilməsi barədə “Qiymətləndirmə xidməti mərkəzi“ MMC tərəfindən verilmiş mütəxəssis rəyinə istinad etmişdir. Halbuki, yuxarıda sadalanan normalardan müəyyən edilir ki, torpaqların kənd təsərrüfatı ehtiyacları üçün yararlı olub-olmadığı dövlət torpaq kadastrı məlumatlarına əsasən, dövlət yerquruluşu xidməti tərəfindən müəyyən edilir. Birinci instansiya məhkəmə qeyd olunan mütəxəssis rəyinə istinad etməklə, Torpaq Məcəlləsinin 17-ci maddəsinin tələbini nəzərə almamışdır. Ali Məhkəmənin torpaq sahəsinin hal-hazırda kənd təsərrüfatı ehtiyacları üçün yararlı olub-olmadığının dövlət torpaq kadastrı məlumatlarına əsasən, dövlət yerquruluşu xidməti tərəfindən müəyyən edildiyinə dair işdə məlumat olmaması barədə göstərişini nəzərə alan məhkəmə kollegiyası, Quba rayonu, X3 20 sentyabr 2006-cı il tarixli, 09 saylı qərarı ilə İddiaçı ayrılmış, Quba rayonu, Əski İqriq kəndində yerləşən 0,10 hektar torpaq sahəsi məqsədli təyinatına və hüquqi rejiminə uyğun olaraq hansı kateqoriya torpaqlara aid olması, ayrılmış torpaq sahəsi kənd təsərrüfatı təyinatlı olduğu təqdirdə həmin torpaq sahəsinin kənd təsərrüfatı ehtiyacları üçün yararlılığının hansı (yararlı, az yararlı, yararsız) səviyyədə olmasının müəyyən edilməsi üçün Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidmətinə mütəxəssis rəyinin alınması ilə bağlı sorğular vermiş, lakin rəyin alınması mümkün olmamışdır. Belə ki, Daşınmaz Əmlakın Kadastr və Ünvan Reyestr Xidmətinin məhkəməyə ünvanladığı **********99 nömrəli, 25.06.2021-ci il tarixli məktubunda göstərilmişdir ki, təqdim edilən smetada nəzərdə tutulmuş xidmət haqqı ödəniləcəyi və ödənişin təsdiqi barədə sənəd Daşınmaz Əmlakın Kadastr və Ünvan Reyestr Xidmətinə təqdim ediləcəyi təqdirdə mütəxəssis rəyinin məhkəməyə göndərilməsi təmin ediləcəkdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi Nümayəndə mütəxəssis rəyinin təqdim edilməsi ilə əlaqədar nəzərdə tutulmuş xidmət haqqını ödəməyi öhdəsinə götürməmiş və işə baxılmasının davam etdirilməsini tələb etmişdir. Mütəxəssis rəyinin təqdim edilməsi ilə əlaqədar nəzərdə tutulmuş xidmət haqqının ödənilməməsi səbəbindən iş üzrə mütəxəssis rəyinin alınması mümkün olmamışdır. Cavabdehin iddiaçının hüququnu qeydə almaqdan imtina əsası və apellyasiya şikayətinin eyni dəlili - torpaq sahəsinin kənd təsərrüfatı təyinatlı (biçənək) torpaq sahəsi olması ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, işdə olan (səh.45) Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Quba rayon şöbəsi tərəfindən verilmiş rəydən görünür ki, İddiaçı satılması nəzərdə tutulan torpaq sahəsi 0,10 ha olmaqla Əski-İqriq bələdiyyəsinin mülkiyyətinə aiddir və alğı-satqı predmetidir. Satılması nəzərdə tutulan torpaq sahəsi kənd təsərrüfatına yararlı olmaqla həmin məqsəd üçün satılması qanunamüvafiqdir. Bundan başqa, Quba rayonu Əski-İqriq bələdiyyəsinin 20 sentyabr 2006-cı il tarixli 09 saylı protokolundan çıxarışdan da görünür ki, İddiaçı satılması nəzərdə tutulan torpaq sahəsi kənd təsərrüfatına yararlıdır. Digər tərəfdən, iddiaçının nümayəndəsi tərəfindən məhkəməyə təqdim edilmiş hazırkı iş üzrə mübahisələndirilən torpaq sahəsi ilə qonşu olan torpaq sahəsinə dair Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidməti Kadastr və Yerquruluşu Layihə-Tədqiqat Mərkəzi MMC-nin Xaçmaz Layihə-Tədqiqat İdarəsi tərəfindən verilmiş C-122 saylı, 30 dekabr 2020-ci il tarixli mütəxəssis rəyinin surətindən görünür ki, Quba rayonu Əski-İqriq Bələdiyyəsinin 20 sentyabr 2006-cı il tarixli, 09 saylı qərarı ilə X2 bələdiyyənin ümumi istifadəsinə aid alqı-satqı predmeti olan kənd təsərrüfatına yararlı torpaq sahəsindən fərdi yaşayış məqsədi üçün ayrılmış və A seriyalı 022157 saylı torpaq sahəsinin plan-ölçü sənədinə əsasən onun adına qeydə alınmış 0,10 ha torpaq sahəsinin məqsədli təyinatına görə kənd təsərrüfatı təyinatlı torpaqlar kateqoriyasına aiddir. Qeyd edilən torpaq sahəsində torpaq tədqiqatı işləri aparılmadığından münbitlik göstəriciləri barədə məlumatın verilməsi mümkün olmamışdır. Həmçinin, Kadastr və Yerquruluşu Layihə Tədqiqat Mərkəzi MMC-nin Xaçmaz Layihə-Tədqiqat İdarəsi tərəfindən verilmiş 26 may 2021-ci il tarixli, A-214 saylı arayışda qeyd edilmişdir ki, A seriyalı 022157 saylı torpaq sahəsinin planı və ölçü sənədinə əsasən X1 adına qeydə alınmış 0.10 ha torpaq sahəsinin məqsədli təyinatına görə kənd təsərrüfatı təyinatlı torpaqlar kateqoriyasına aiddir. Həmin torpaq sahəsi orta keyfiyyətli torpaqlar qrupuna aiddir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 56-cı maddəsinin 3-cü hissəsinə əsasən, bələdiyyələrin ehtiyat fondunun kənd təsərrüfatı təyinatlı torpaqları yalnız kənd təsərrüfatı istehsalı üçün icarəyə verilə bilər. “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 6.3-cü maddəsinə əsasən, bələdiyyələrin ehtiyat fondunun kənd təsərrüfatı təyinatlı torpaqları yalnız məqsədli təyinatı üzrə qanunvericilikdə nəzərdə tutulmuş qaydalara əməl edilməklə icarəyə verilir. Həmin Qanunun 7.2-ci maddəsinə əsasən, ümumi istifadədə olan küçələrin, meydanların, bələdiyyə yollarının və təsərrüfatdaxili yolların, parkların, meşə parkların, bulvarların, çimərliklərin, sahillərin, keçidlərin, sututarların, stadionların və idman meydançalarının altındakı torpaqlar, tarlaqoruyucu meşə zolaqlarının, yerli əhəmiyyətli su təsərrüfatı obyektlərinin, hidrotexniki qurğuların, ümumi istifadədə olan yerli əhəmiyyətli obyekt və qurğuların yerləşdiyi torpaqlar, əhalinin mal-qarası üçün istifadə olunan örüş sahələrinin torpaqları, habelə hüquqi və fiziki şəxslərin istifadəsində və icarəsində olan bələdiyyələrin kənd təsərrüfatı təyinatlı, eləcə də meşə və su fondu torpaqları xüsusi mülkiyyətə verilə bilməz. Məhkəmə kollegiyası qeyd edir ki, işdə olan sübutlardan göründüyü kimi mübahisəli torpaq sahəsi kənd təsərrüfatı təyinatlı olmaqla, kənd təsərrüfatı ehtiyacları üçün yararlıdır. Yuxarıda sadalanan normalara əsasən, kənd təsərrüfatı təyinatlı torpaqlar yalnız kənd təsərrüfatı istehsalı üçün icarəyə verilə bilər, kənd təsərrüfatına az yararlı və yararsız torpaqlar isə xüsusi mülkiyyətə verilə bilər. Bələdiyyənin mülkiyyətinə aid mübahisəli torpaq sahəsi isə kənd təsərrüfatı ehtiyacları üçün yararlı olduğundan alğı-satqı obyekti ola və xüsusi mülkiyyətə verilə bilməz. Məhkəmə kollegiyası hesab edir ki, cavabdehin imtinası əsaslıdır və imtinasını əsaslandırdığı hallar iddiaçının əldə etdiyi torpaq sahəsi üzərində onun mülkiyyət hüququnun qeydə alınmasından imtinaya əsasdır. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 9-cu maddəsinin 3-cü bəndinə əsasən, torpaqların kateqoriyalara aid edilməsi və onların bir kateqoriyadan digərinə keçirilməsi müəyyən edilmiş qaydada müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilir. Akvakultura təsərrüfatlarına məxsus torpaqlar aid olduqları torpaq kateqoriyasında saxlanılır və digər kateqoriyaya keçirilmir. Həmin Məcəllənin 13-cü maddəsinə əsasən, kənd təsərrüfatı təyinatlı torpaqlar kənd təsərrüfatı məhsullarının istehsalı və emalı, habelə kənd təsərrüfatı sahəsində elmitədqiqat, tədris, tədris-təcrübə və sınaq məqsədləri üçün istifadə edilir. Kənd təsərrüfatı təyinatlı torpaqlarda kənd təsərrüfatının səmərəli təşkil edilməsi üçün vacib olan müvafiq ekoloji və texniki tələblərə uyğun kommunikasiyalar, müvəqqəti tikililər və qurğular quraşdırmaq olar. Kənd təsərrüfatı təyinatlı torpaqlardan başqa məqsədlər üçün istifadə edilməsi bu Məcəllənin 9-cu maddəsinin 3-cü bəndində nəzərdə tutulmuş qaydada həyata keçirilir. Hazırkı işdən görünür ki, torpaq sahəsinin kateqoriyası dəyişdirilmədən iddiaçıya fərdi yaşayış evi tikintisi üçün satılmışdır. Halbuki, yuxarıda sadalanan normalardan görünür ki, bələdiyyənin kənd təsərrüfatı təyinatlı torpaqları yalnız məqsədli təyinatı üzrə icarəyə verilə bilər və kənd təsərrüfatına yararlı torpaqlar alğı-satqı obyekti ola bilməz. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 28 mart 2017-ci il tarixli qərarı ilə müəyyən edilmişdir ki: “1. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin Vİ hissəsi baxımından “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 15-ci maddəsində nəzərdə tutulan hüquqların dövlət qeydiyyatına alınmasından imtina hallarının bu Qərarın təsviriəsaslandırıcı hissəsində əks olunan hüquqi mövqeyə uyğun təkmilləşdirilməsi Azərbaycan Respublikasının Milli Məclisinə tövsiyə edilsin. Məsələ qanunvericilik qaydasında həll edilənədək torpaq sahəsi üzərində hüquqların dövlət qeydiyyatına alınması üçün təqdim edilən sənədlərdə torpağın kateqoriyası (məqsədli təyinatı) müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunmuş kateqoriyaya uyğun gəlmədikdə, həmin torpaq üzərində hüquqların dövlət qeydiyyatından imtina edilə bilər.” Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin fərdi yaşayış evi tikintisi üçün bələdiyyənin qərarına əsasən satılması qanunvericiliyə uyğun aparılmadığından mövcud iddia tələbi əsassızdır və təmin edilməməlidir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Həmin Məcəllənin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Sadalanan xüsusatlara əsasən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməli, Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin 2-1(085)- 8/2019 saylı, 31 oktyabr 2019-cu il tarixli qərarı ləğv edilməli və iş üzrə yeni qərar qəbul edilməli, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Ərazi İdarəsinə qarşı “Quba rayonu Əski-İqriq bələdiyyəsinin 20 sentyabr 2006-cı il tarixli 09 saylı qərarı ilə fərdi yaşayış evinin tikintisi məqsədi ilə İddiaçı satılmış 0,10 ha torpaq sahəsinin üzərində iddiaçının mülkiyyət hüququnun Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətində qeydiyyata alınması, bununla bağlı müvafiq çıxarışın verilməsi və dövlət torpaq kadastrı kitabında 07 dekabr 2007-ci il tarixdə 505 nömrə ilə uçota alınaraq tərtib edilmiş A 022156 nömrəli torpaq sahəsinin plan və ölçüsü əsasında torpaq sahəsinin plan və ölçüsü sənədinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası təmin edilməməlidir. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Apellyasiya şikayəti təmin edilsin. Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin 2-1(085)-8/2019 saylı, 31 oktyabr 2019-cu il tarixli qərarı ləğv edilsin və iş üzrə yeni qərar qəbul edilsin. İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Ərazi İdarəsinə qarşı “Quba rayonu Əski-İqriq bələdiyyəsinin 20 sentyabr 2006-cı il tarixli 09 saylı qərarı ilə fərdi yaşayış evinin tikintisi məqsədi ilə İddiaçı satılmış 0,10 ha torpaq sahəsinin üzərində mülkiyyət hüququnun Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətində qeydiyyata alınması, bununla bağlı müvafiq çıxarışın verilməsi və dövlət torpaq kadastrı kitabında 07 dekabr 2007-ci il tarixdə 505 nömrə ilə uçota alınaraq tərtib edilmiş A 022156 nömrəli torpaq sahəsinin plan və ölçüsü əsasında torpaq sahəsinin plan və ölçüsü sənədinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası təmin edilməsin. Məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qüvvəyə minir. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti 70) vasitəsilə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(105)-7/2022
Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(105)-7/2022
17.01.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver