Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(105)-7/2023 17.02.2023 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı X4 cavabdeh Azərbaycan X1rşı kompensasiyanın ödənilməsi tələbinə dair iş üzrə açar sözlər: torpaq sahəsinə görə ödənilməli olan kompensasiya tələbi Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının hakimləri: Ağayev Rəşadət Əhməd oğlu (sədrlik edən və məruzəçi), Dəmirov İlqar Kamal oğlu və Məmmədov Zahid Tahir oğlundan ibarət tərkibdə, Nəbizadə Rəşad Nəbi oğlunun katibliyi, iddiaçı X4 nümayəndəsi və vəkili – Bakı şəhər 2 saylı Vəkil Bürosunun vəkili Nümayəndə iştirakı ilə, İddiaçı X4 cavabdeh Azərbaycan X1rşı kompensasiyanın ödənilməsi tələbinə dair Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin 24 aprel 2019-cu il tarixli 2-1(085)-33/2019 saylı qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında, audio və video yazı aparılmaqla açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları:
1. İddiaçı X7 xx.xx.2017-ci ildə cavabdeh "xxxx" ASC-yə qarşı iddia ərizəsilə məhkəməyə müraciət edərək onun torpağının dövlət ehtiyacları üçün alınması ilə əlaqədar və qanunvericiliyin tələblərinə uyğun olaraq ona 135000 manat məbləğində kompensasiyanın və ödənilmiş 30 manat dövlət rüsumunun cavabdehdən tutularaq ona ödənilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
2. İşə məhkəmədə baxılarkən Azərbaycan Respublikasının Prezidentinin 18 oktyabr 2017-ci il tarixli, 1638 nömrəli fərmanı ilə "xxxx" Açıq Səhmdar Cəmiyyəti “Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi” publik hüquqi şəxsə çevrilmə yolu ilə yenidən təşkil edilmişdir. İddiaçının əsaslandırması:
3. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, 2006-cı ildə Abşeron rayonu, Mehdiabad qəsəbəsində 0.27 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi almışdır. Bununla bağlı ona Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən “Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən” 2006-ci il 28 noyabr tarixdə MH seriyalı ******* saylı çıxarış verilmişdir. 2015-ci ildə ona məlum olmuşdur ki, mülkiyyətində olan torpaq sahəsində qazma işləri aparılır. Özünü iş icraçısı kimi təqdim edən şəxslər ona bildirmişlər ki, cavabdehin işçiləridirlər. İddiaçının torpaq sahəsi dövlət ehtiyacları üçün alınacaq və ona kompensasiya ödəniləcəkdir. Bundan sonra o, cavabdehə müraciət etmiş və oradan ona bildirmişlər ki, torpaq sahəsi dövlət ehtiyacları üçün alınan torpaqlar siyahısına daxil edilmişdir. Ərazidən Azərbaycan Respublikasının Prezidentinin 2008-ci il 08 iyul tarixli, 2930 saylı sərəncamına əsasən təsdiq edilmiş “Bakı şəhərində nəqliyyat sisteminin təkmilləşdirilməsi üzrə 2008-2013-cü illər üzrə Tədbirlər Planı” çərçivəsində tikintisi aparılan Bilgəh-Sumqayıt-Tağıyev qəsəbəsinə qədər avtomobil yolu inşa ediləcəkdir və elə buna görə də ona sənədlərini cavabdehə təqdim edilməsi bildirilmiş və o da öz növbəsində bütün sənədləri toplayıb cavabdehə təqdim etmişdir. Layihə rəhbərinə və digər əməkdaşlara dəfələrlə müraciət olunsa da, məsələ öz həllini tapmamış və kompensasiya bu günə kimi ona ödənilməmişdir. İddiaçının 2017-ci il 01 mart tarixli yazılı ərizəsinə cavab olaraq ona H- 3/16-1944 saylı 2017-ci il 03 aprel tarixli cavab məktubu göndərilmişdir. Məktubda göstərilir ki, “iddiaçının cavabdehə ünvanladığı ərizəyə aidiyyəti üzrə baxılmışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci ilin dövlət büdcəsinin dövlət əsaslı vəsait qoyuluşu üçün nəzərdə tutulmuş vəsaitin sifarişçi təşkilatlar və obyektlər üzrə bölgüsündə “Bilgəh-Sumqayıt avtomobil yolunun tikintisi”nin davam etdirilməsi üçün vəsait nəzərdə tutulmamışdır. Bu səbəbdən, sözügedən layihə çərçivəsində tikinti altına düşən torpaq sahəsinə görə kompensasiya ödənilməsi gələcəkdə vəsait ayrıldığı təqdirdə öz həllini tapacaqdır”. Hazırda ona məxsus torpaq sahəsi cavabdehin əməkdaşları tərəfindən qazılaraq ilkin vəziyyətindən təxminən 10 metr dərinə və tam yararsız hala salınmışdır. Aradan uzun müddət keçməsinə baxmayaraq ona heç bir kompensasiya ödənilməmişdir. Onun torpaq sahəsinin hazırda real bazar qiyməti hər sot üçün 5000 manat olmaqla, ümumi dəyəri 135000 manat təşkil edir. Cavabdehin etirazları:
4. Cavabdeh məhkəməyə ünvanladığı iddiaya etiraz ərizəsində bildirilmişdir ki, Abşeron rayonu, Mehdiabad qəsəbəsində X2 təsərrüfatı təyinatlı torpaq sahəsi DƏDRX-i tərəfindən verilmiş çıxarış ilə qeydə alınmış, lakin həmin sahə yol tikintisi altına düşmür. Belə ki,“Bilgəh-Novxanı-Sumqayıt yolunun tikintisi” layihəsinə dəyişiklik edilmiş və avtomobil yolunun iddiaçının torpaq sahəsindən yan keçilməklə inşa edilməsi nəzərdə tutulmuşdur. Əlavə olaraq bildirilir ki, avtomobil yolunun tikintisi ilə bağlı iddia qaldırmış vətəndaş müraciət edəcəyi halda müdaxilə olunan torpaqda kultivasiya və bərpa işləri təmin ediləcəkdir. Ona görə də iddia tələbi əsassız olduğundan təmin edilməməsini xahiş edirlər. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsindəki icraat:
5. Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin 25 oktyabr 2017-ci il tarixli 2-1(085)- 4084/2017 saylı qərardadı (hakim Z.R.Pirverdiyev) ilə iddiaçı X4 cavabdeh "xxxx" ASC-yə qarşı iddiaçının torpaqlarının dövlət ehtiyacları üçün alınması ilə əlaqədar və qanunvericiliyin tələblərinə uyğun olaraq ona 135000 manat məbləğində kompensasiyanın və ödənilmiş 30 manat dövlət rüsumunun cavabdehdən tutularaq ona ödənilməsi barədə iddia ərizəsinə dair inzibati iş üzrə Azərbaycan Respublikasının Maliyyə Nazirliyi üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilməsi qərara alınmışdır.
6. Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin 29 noyabr 2017-ci il tarixli 2-1(085)- 4084/2017 saylı sorğusuna əsasən "xxxx" MMC-nin xx.xx.2017-ci il tarixli mütəxəssis rəyinə əsasən, Abşeron rayonu, Mehdiabad qəsəbəsində yerləşən “Bilgəh-Sumqayıt yolunun tikintisi” layihəsi çərçivəsində tikinti altına düşmüş MH № ******* saylı çıxarışa əsasən 0.27 ha torpaq sahəsinin dəyəri təqribən 121.500,0 manat məbləğində müəyyən edilmişdir.
7. Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin 24 aprel 2019-cu il tarixli, 2-1(085)- 33/2019 saylı qərarı (hakim Z.R.Pirverdiyev) ilə iddia qismən təmin edilərək X4 mülkiyyətində olan Abşeron rayonu, Mehdiabad qəsəbəsində yerləşən 0.27 ha torpaq sahəsinin dövlət ehtiyacları üçün alınması ilə əlaqədar 97200 manat məbləğində kompensasiyanın Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən tutularaq X6 ödənilməsi, iddianın qalan hissəsinin təmin edilməməsi qərara alınmışdır.
8. Qərardan narazı qalan cavabdeh və 3-cü şəxs apellyasiya şikayətləri verərək Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin 24 aprel 2019-cu il tarixli, 2-1(085)-33/2019 saylı qərarının ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişlər. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
9. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(105)-504/2019 saylı xx.xx.2019-cu il tarixli qərardadı (sədrlik edən və məruzəçi Z.İ.Məmmədov, hakimlər H.Ç.Babayeva və N.M.Nəsibov) ilə iş üzrə məhkəmə tikinti-texniki ekspertizası təyin edilmişdir.
10. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2020-ci il tarixli ekspert məlumatından görünür ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Kadastr və Ünvan Reyestri tərəfindən müvafiq mütəxəssis rəyi Mərkəzə təqdim edilmədiyindən ekspertizanın keçirilməsi barədə qərardad icra edilmədən iş geri qaytarılır.
11. “X8” MMC-nin 21 yanvar 2020-ci il tarixli qiymətləndirmə hesabatı və müşayiətedici məktubundan görünür ki, Abşeron rayonu, Mehdiabad qəsəbəsi ünvanında yerləşən, mülkiyyətdə olan 0.27 ha torpaq sahəsinin 2017-ci ilin iyun ayı üçün və halhazıradək bazar dəyərini müəyyən etmək üçün qiymətləndirmə işi həyata keçirilmişdir. Qiymətləndirmə zamanı hesablamalarda mütəxəssislər tərəfindən xüsusi olaraq əldə edilmiş daşınmaz əmlak bazarındakı vəziyyəti xarakterizə edən operativ bazar məlumatlarından, tikinti normalarından və hesablama düsturlarından istifadə olunmuşdur. Bütün göstərilənlər nəzərə alınmaqla aparılmış təhlil və hesablamalar nəticəsində məlum olmuşdur ki, Abşeron rayonu, Mehdiabad qəsəbəsi ünvanında yerləşən, mülkiyyətdə olan 0,27 ha torpaq sahəsinin bazar dəyəri 2017-ci ilin iyun ayına bazar dəyəri 100.000 manat, hal-hazırda bazar dəyəri 90.000 manatdır.
12. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(105)-6/2021saylı xx.xx.2021-ci il tarixli qərarı (sədrlik edən və məruzəçi Z.İ.Məmmədov, hakimlər H.Ç.Babayeva və F.Ə.Məmmədov) ilə cavabdehin və 3-cü şəxsin apellyasiya şikayətləri təmin edilməyərək Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin 24 aprel 2019-cu il tarixli qərarının dəyişdirilmədən saxlanılması qərara alınmışdır.
13. Qərardan narazı qalan cavabdehin nümayəndəsi kassasiya şikayəti verərək Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(105)-6/2021 saylı xx.xx.2021-ci il tarixli qərarının ləğv edilməklə iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. c) Kassasiya instansiyası məhkəməsindəki icraat
14. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)- 900/2021 saylı, xx.xx.2021-ci il tarixli qərarı ilə Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(105)-6/2021 saylı xx.xx.2021-ci il tarixli qərarının ləğv edilməsi, işin təkrar baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi, şikayətin qalan hissədə təmin edilməməsi qərara alınmışdır. Apellyasiya şikayətlərinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
a) apellyasiya şikayətlərinin dəlilləri
15. Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normaları əhəmiyyətli dərəcədə pozulduğundan və düzgün tətbiq edilmədiyindən qərar ləğv edilməklə iddia tələbi rədd edilməlidir ona görə ki, iddiaçının iddia etdiyi torpaq sahəsinin Bakı-Sumqayıt avtomobil yolunun tikintisi layihəsi çərçivəsində həqiqətən tikinti altına düşüb-düşməməsi, düşərsə hansı hissədə düşməsi müəyyənləşdirilməmiş və araşdırma aparılmamış, onlara düzgün qiymət verməyərək iddianı təmin etmişdir. Hesab edirlər ki, birinci instansiya məhkəməsi tərəfindən prosessual qanunvericiliyin müvafiq normalarının tələbləri də yerinə yetirilməmişdir. Belə ki, məhkəmə təcrübəsində bu cür işlərlə əlaqədar hər hansı kompensasiya məsələsinə aydınlıq gətirilməsi üçün müvafiq ekspertiza təyin edilməklə həmin ekspertizaya Maliyyə Nazirliyinin də mütəxəssisi cəlb olunur. Məlum olduğu kimi, Maliyyə Nazirliyi tərəfindən müvafiq məktubla Ali Məhkəməyə müraciət edilərək, dövlət ehtiyacları ilə əlaqədar məhkəmə işlərində Nazirliyin ekspert və ya mütəxəssislərin iştirakının təmin edilməsi xahiş edilmişdir. Maliyyə Nazirliyinin həmin müraciətinə uyğun olaraq Azərbaycan Respublikası Ali Məhkəməsi sədrinin xx.xx.2010-cu il tarixli 2-182 nömrəli məktubu ilə rayon (şəhər) məhkəmələrinə, yerli iqtisad məhkəmələrinə və apellyasiya instansiya məhkəmələrinə tövsiyə edilmişdir ki, dövlət ehtiyacları üçün alınan daşınmaz əmlakın qiymətləri ilə əlaqədar mübahisələrə baxılarkən daşınmaz əmlakın qiymətləndirilməsi prosesində iştirak etmək üçün Maliyyə Nazirliyinin ekspert və ya mütəxəssislərinin iştirakını təmin etsinlər. Lakin göründüyü kimi qeyd olunan tövsiyyəyə məhkəmə tərəfindən əməl edilməmiş və iddia tələbindən kənara çıxılmaqla nəticədə qeyriqanuni qərar qəbul edilmişdir.
16. İş üzrə 3-cü şəxs qismində cəlb edilmiş Azərbaycan Respublikasının Maliyyə Nazirliyinin apellyasiya şikayəti isə onunla əsaslandırılmışdır ki, Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin qəbul etdiyi qərar əsassız olduğundan, habelə mövcud qanunvericiliyin tələblərinə zidd olduğundan ləğv edilməlidir ona görə ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 10 aprel 2015-ci il tarixli, 5 saylı qərarının 1-ci hissəsinə əsasən mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Həmin qərarın 4.1-ci bəndinə əsasən İPM-in 35.1-ci maddəsinə görə, iddianın mümkün sayılması üçün iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində özünün hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırmalıdır. Həmin qərarın 9-cu bəndinə görə İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin də mövcudluğu yoxlanılmalıdır. Belə ki, iş materiallarında Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən qeyd olunan mübahisəli sahəyə görə kompensasiyanın ödənilməsindən imtina olunduğunu göstərən sübutlar mövcud olmadığından hesab edirlər ki, iddia tələbinin mövcud prosessual qanunvericiliyin tələblərinə uyğun olaraq mümkün sayılması əsasları birinci instansiya məhkəməsi tərəfindən düzgün qiymətləndirilməmişdir. Digər tərəfdən məhkəmə tərəfindən torpaqların dövlət ehtiyacları üçün alınmasına dair qüvvədə olan qanunvericiliyin tələbləri nəzərə alınmamışdır. Apellyator “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikası Qanununun 23-cü, 24-cü və 58-ci maddələrinə istinad etməklə dövlət ehtiyacı üçün alınan torpaqların qiymətləndirilməsinin qiymətləndirmə komissiyası tərəfindən müsabiqə əsasında cəlb edilən müstəqil qiymətləndiricinin alınan torpaq və digər əmlakın qiymətləndirilməsinə dair təqdim etdiyi təkliflər, həmin təkliflərə dair nəzarət orqanının rəyləri nəzərə alınmaqla həyata keçirilməklə kompensasiyanın məbləği barədə komissiya tərəfindən qərar qəbul edilməsinə əsaslanaraq onu da vurğulamışdır ki, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən həyata keçirilən “Bilgəh-Novxanı- Sumqayıt yolunun tikintisi” layihəsinə dəyişiklik edilmiş və avtomobil yolunun iddiaçının torpaq sahəsindən yan keçilməklə inşa edilməsi nəzərdə tutulmuşdur. Buna baxmayaraq göstərilən xüsusatlar məhkəmə tərəfindən diqqətə alınmamış, bununla bağlı zəruri araşdırma aparılmamışdır.
b) apellyasiya şikayətlərinə qarşı etirazın dəlilləri
17. Apellyasiya şikayətlərinə qarşı iddiaçı tərəfindən etiraz təqdim edilməmişdir.
c) məhkəmə icraatı iştirakçılarının izahatları
18. Məhkəmə kollegiyasının iclasında iddiaçının nümayəndəsi Nümayəndə apellyasiya şikayətlərinin dəlillərinə etiraz edərək onu da qeyd etdi ki, apellyasiya şikayətləri formal mülahizələrdən ibarət olmaqla, birinci instansiya məhkəməsinin qərarı qanuni və əsaslıdır, ləğv edilməsi üçün heç bir əsas yoxdur. Odur ki, apellyasiya şikayətlərinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi, həmçinin onu da vurğuladı ki, məhkəmə kollegiyası tərəfindən təyin edilmiş ekspertizanın rəyi ilə razıdırlar və verilmiş rəydən də məlum olur ki, iddiaçıya məxsus 27 sot olan sahənin bütün hissəsi yol tikintisi altına düşdüyündən və buna görə kompensasiya ödənilməsilə bağlı cavabdeh tərəfi müvəkkilinə heç bir ödəniş təklifi etməyib. İddiaçıya məxsus torpaq sahəsinə 2015-ci il tarixdən müdaxilə olunub və torpaq sahəsində tikinti işləri aparılmışdır. Ona görə də Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin 24 aprel 2019-cu il tarixli, 2-1(118)-33/2019 saylı qərarının dəyişdirilmədən saxlanılmasını xahiş edirlər.
19. Məhkəmə kollegiyasının iclaslarının yeri və vaxtı barədə dəfələrlə lazımi qaydada məlumat verilməsinə baxmayaraq cavabdeh Azərbaycan Avtomobil X5 nümayəndəsi, həmçinin İİİ şəxs Azərbaycan Respublikası Maliyyə Nazirliyinin nümayəndələri məhkəmə iclasına üzrlü səbəblər olmadan gəlməmişdir.
20. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq işə cavabdeh Azərbaycan Avtomobil X5 nümayəndəsi, həmçinin İİİ şəxsin nümayəndələrinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
21. Eyni zamanda məhkəmə kollegiyasının qərardadına əsasən iş üzrə İİİ şəxs qismində cəlb edilmiş Azərbaycan Respublikası Maliyyə Nazirliyinin hazırkı iş üzrə icraatda iştirakına xitam verilməsi, həmçinin apellyasiya şikayətinin mümkün hesab edilməməsi qərara alınmışdır.
Tədbiq edilən hüquq
22. Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 12.1-ci maddəsinə əsasən məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur.
23. Həmin Məcəllənin 12.2-ci maddəsinə əsasən məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər.
24. Həmin Məcəllənin 12.3-cü maddəsinə əsasən məhkəmə prosesinin iştirakçıları mübahisə ilə bağlı faktiki halların araşdırılmasında və sübutların toplanılmasında məhkəməyə yardım etməyə borcludurlar.
25. Həmin Məcəllənin 13-cü maddəsinə əsasən məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur.
26. Həmin Məcəllənin 14.1-ci maddəsinə əsasən mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir.
27. Həmin Məcəllənin 14.3-cü maddəsinə əsasən inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür.
28. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır.
29. Həmin Məcəllənin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir.
30. Həmin Məcəllənin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır.
31. Həmin Məcəllənin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər.
32. Həmin Məcəllənin 87.8-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir.
33. Həmin Məcəllənin 89-cu maddəsinə əsasən bu Məcəllənin 94.1-ci maddəsində nəzərdə tutulmuş müddətdə şikayətin verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda, məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadı isə 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Şikayətin geri götürülməsi haqqında bəyanat yazılı şəkildə məhkəməyə təqdim olunmalıdır.
34. Həmin Məcəllənin 90.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin qərar və ya qərardadlarından, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, Ali Məhkəmənin İnzibati kollegiyasına (bundan sonra – Ali Məhkəməyə) şikayət verilə bilər.
35. Həmin Məcəllənin 90.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsində mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatının iştirakçıları yalnız onların tələblərinin təmin olunmadığı hallarda şikayət vermək hüququna malikdirlər.
36. Həmin Məcəllənin 94.1-ci maddəsinə əsasən kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir.
37. Həmin Məcəllənin 94.3-cü maddəsinə əsasən bu Məcəllənin 94.1-ci maddəsində nəzərdə tutulmuş məhkəmə qərarından verilmiş şikayət əsaslandırılmadığı hallarda, həmin şikayətin verildiyi gündən 1 ay ərzində həmin şikayətin əsaslandırma hissəsi birbaşa Ali Məhkəməyə təqdim edilməlidir.
38. Azərbaycan Respublikasının Konstitusiyası: (-). Maddə 13. Mülkiyyət İ. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. (-). Maddə 29. Mülkiyyət hüququ (-). İV. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Əmlakın tam müsadirəsinə yol verilmir. Dövlət ehtiyacları üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər. (-).
39. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Maddə 157.9. Dövlət ehtiyacları tələb etdikdə, dövlət tərəfindən mülkiyyət yalnız “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulmuş hallarda dövlət əhəmiyyətli yolların və digər kommunikasiya xətlərinin çəkilməsi və quraşdırılması, sərhədboyu zolaqda dövlət sərhədinin etibarlı mühafizəsinin təmin edilməsi, müdafiə və təhlükəsizlik əhəmiyyətli obyektlərin tikilməsi, dövlət əhəmiyyətli dağ-mədən sənayesi obyektlərinin tikilməsi məqsədi ilə alınır. Maddə 246. Torpaqların dövlət ehtiyacları üçün alınması 246.1. Bu Məcəllənin 157.9-cu maddəsinə uyğun olaraq, torpaqların dövlət ehtiyacları üçün alınması haqqında qərar müvafiq icra hakimiyyəti orqanı tərəfindən “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada qəbul edilir. 246.2. Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında müvafiq icra hakimiyyəti orqanının qərarı daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmalıdır. 246.3. Torpağın alınması haqqında qərar qəbul etmiş müvafiq icra hakimiyyəti orqanı bu barədə torpaq sahəsinin mülkiyyətçisinə yazılı bildiriş göndərməlidir. 246.4. “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikası Qanununun 35.3-cü maddəsinə uyğun olaraq torpağın alğı-satqı müqaviləsi bağlandıqdan sonra alan orqan 90 (doxsan) təqvim günü ərzində aşağıdakıları həyata keçirir: 246.4.1. mülkiyyətçiyə torpağın dəyərini tam ödəyir; 246.4.2. torpaqla bağlı hüquqların dövlətə verilməsi (keçməsi) üçün öz xərcləri hesabına lazımi tədbirləri görür; 246.4.3. satılan torpaq mülkiyyətçinin, onun ailəsinin yaşayış yeri olduğu halda, torpağın dəyəri mülkiyyətçiyə tam ödənildikdən sonra “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikası Qanununun V fəslinə uyğun olaraq mülkiyyətçiyə torpağı boşaltmaqda və yeni yaşayış yerinə köçməkdə köməklik göstərir. 246.5. Bu Məcəllənin 246-249-cu maddələrinin müddəaları dövlət ehtiyacları üçün alınan torpaqla yanaşı həmin torpaqda yerləşən və ya yerləşməyən, eyni məqsədlərlə alınan torpaqla möhkəm bağlı olan (ondan ayrıla bilməyən) əşyalara da şamil edilir. 246.6. Torpağın alınmasından imtina hesab edilən hallarda, imtina edilmiş alınmanın obyekti olan torpağın ən azı 3 (üç) il ərzində alınmasına təkrar başlanıla bilməz. 246.7. Torpaqların dövlət ehtiyacları üçün alınması, bununla bağlı kompensasiya məbləğinin hesablanması və ödənilməsi qaydaları, habelə bu sahədə tərəflər arasında yaranan digər münasibətlər “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikasının Qanunu ilə tənzimlənir. Maddə 1100. Dövlət orqanlarının, yerli özünüidarə orqanlarının və onların vəzifəli şəxslərinin vurduqları zərər üçün məsuliyyət Dövlət orqanlarının, yerli özünüidarə orqanlarının və ya bu orqanların vəzifəli şəxslərinin qanunsuz hərəkətləri (hərəkətsizliyi) nəticəsində, o cümlədən dövlət orqanının və ya yerli özünüidarə orqanının qanuna və ya digər hüquqi akta uyğun gəlməyən aktının qəbul edilməsi nəticəsində fiziki və ya hüquqi şəxsə vurulmuş zərərin əvəzini Azərbaycan Respublikası və ya müvafiq bələdiyyə ödəməlidir. Maddə 1115. Zərərin əvəzinin ödənilməsi üsulları Zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur.
40. “Azərbaycan Respublikası Mülki Məcəlləsinə dəyişikliklər və əlavələr edilməsi haqqında” Azərbaycan Respublikasının 2007-ci il 7 dekabr tarixli 506 İİİ QD nömrəli Qanununun tətbiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 26 dekabr 2007-ci il tarixli, 689 №li Fərmanının 2.3-cü bəndində göstərilir ki, dövlət ehtiyacları üçün alınan daşınmaz əmlakın mülkiyyətçisinə həmin daşınmaz əmlakın qanunvericiliyə uyğun olaraq hesablanmış bazar qiymətinin 20 faizi miqdarında satınalma qiymətinə əlavə haqq ödənilir.
41. “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 3. Torpağın alınmasına əsas verən dövlət ehtiyacları 3.1.1. Dövlət əhəmiyyətli yolların və digər kommunikasiya xətlərinin (magistral neft və qaz boru kəmərlərinin, kanalizasiya, yüksək gərginlikli elektrik xətlərinin, hidrotexniki qurğuların) çəkilməsi və quraşdırılması torpağın alınmasına əsas verən dövlət ehtiyaclarıdır. (-). Maddə 4. Torpağın alınması ilə bağlı dövlətin əsas səlahiyyətləri 4.1. Bu Qanunun 3-cü maddəsinə uyğun olaraq dövlət ehtiyacları üçün tələb olunan hər hansı torpaq və ya paylı mülkiyyətdə olan torpaqda müvafiq pay (paylar) mülkiyyətçi (mülkiyyətçilər) ilə razılaşma əsasında, belə razılıq əldə edilmədikdə isə, məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında məcburi qaydada dövlət tərəfindən kompensasiya ödənilməklə bu Qanuna uyğun olaraq alına bilər. 4.2. Dövlət, alınmanın təsirinə məruz qalan şəxslərlə razılıq əldə etməkdə və həmin torpaq üçün bazar qiymətini və ya bərpa qiymətini ödəməkdə bütün səylərindən istifadə etmək öhdəliyini daşıyır və bu öhdəliyi yerinə yetirənədək bu Qanunda alınma ilə bağlı müəyyən edilmiş müvafiq səlahiyyətlərdən istifadə edə bilməz. Maddə 5. Alına bilən torpaqlar 5.1. İstifadədə, icarədə olmasından və torpaq sahəsindən istifadəyə dair müəyyən edilmiş yüklülüklərdən (məhdudiyyətlərdən) asılı olmayaraq aşağıdakı torpaqlar bu Qanuna uyğun olaraq dövlət ehtiyacları üçün alına bilər: 5.1.1. xüsusi mülkiyyətdə olan torpaqlar; (-). Maddə 7. Alınmanın təsirinə məruz qalan şəxs 7.1. Torpağın və ya onun müəyyən hissəsinin alınması nəticəsində öz torpağından köçürülən və həmin torpaqda yaşamaq və ondan istifadə hüququnu itirən, torpağının və digər əmlakının miqdarının, dəyərinin və ya faydalılığının azalmasına məruz qalan, sahibkarlıq fəaliyyətini tam və ya qismən davam etdirmək iqtidarında olmayan, iş yerini itirən, ümumi istifadə imkanlarını əldə etməkdən məhrum olan, əmlakının, yaxud da yaşamaq üçün vasitələrinin hər hansı digər itkisi və azalmasına məruz qalan şəxs alınmanın təsirinə məruz qalan şəxs hesab edilir. 7.2. Alınmanın təsirinə məruz qalan şəxs bu Qanunla müəyyən olunmuş qaydada bu Qanunun 7.1-ci maddəsində nəzərdə tutulmuş itki və məhrumiyyətlər nəzərə alınmaqla kompensasiya almaq hüququna malikdir. (-). Maddə 23. Alınan torpağın qiymətləndirilməsi 23.1. Bu Qanunun 19-cu maddəsinə uyğun olaraq qəbul edilən torpağın alınması haqqında qərarla yaradılan qiymətləndirmə komissiyası alan orqan və torpağın alınması qrupu (qrupları) ilə qarşılıqlı əlaqədə həmin qərarla müəyyən edilmiş müddətdə aşağıdakı tədbirləri həyata keçirir: 23.1.1. alınan torpağın və onunla yanaşı yerləşən torpağın bazar qiyməti ilə bağlı məlumat və dəlilləri toplayır və təhlil edir; (-). 23.1.5. müstəqil qiymətləndiricinin hər bir alınan torpaq və digər əmlakın qiymətləndirilməsinə dair təqdim etdiyi təklifləri, köçürülmə ilə bağlı planlaşdırıcının təklifləri, habelə həmin təkliflərə dair nəzarət orqanının rəyini təhlil edir, hər bir torpaq və digər əmlakın bazar qiyməti ayrıca göstərilməklə, hər bir alınmanın təsirinə məruz qalan şəxsə ödənilən kompensasiyanın məbləği barədə qərar qəbul edir; (-). Maddə 54. Alınmanın təsirinə məruz qalan şəxslərə ödənilən kompensasiya 54.1. Alınmanın təsirinə məruz qalan bütün şəxslərə torpaqlarının alınması əvəzində, yaxud torpağa dair digər hüquqları ilə bağlı bu Qanuna uyğun olaraq ədalətli kompensasiya ödənilməlidir. 54.2. Kompensasiya alınmanın təsirinə məruz qalan şəxslərə torpağın alınmasını zəruri edən layihənin hesabına ödənilir. Maddə 55. Kompensasiyanın məbləği ilə bağlı torpağın qiymətləndirilməsi üsulu 55.1. Bu Qanuna əsasən alınan torpaq üçün kompensasiyanın məbləği aşağıdakı üsullarla hesablanır: 55.1.1. bu Qanunun 58-ci maddəsinə uyğun olaraq torpağın bazar qiymətinin müəyyən edilməsi; Alınmanın təsirinə məruz qalan şəxslərə ödənilən kompensasiya 55.1.2. torpağın qiymətinin bazar qiyməti əsasında ədalətli müəyyən edilməsi üçün alınan torpağın yerləşdiyi ərazidə torpaq bazarı olmadıqda və ya mövcud torpaq bazarı real bazar qiymətinin müəyyən edilməsi üçün kifayət etmədikdə, yaxud alınan torpağın əvəzinə digər torpaq verildikdə bu Qanunun 59-cu maddəsinə uyğun olaraq bərpa qiymətinin müəyyən edilməsi. Maddə 58. Bazar qiyməti 58.1. Bu Qanunun məqsədləri üçün torpağın bazar qiyməti həmin torpağın siyahıya alınma tarixinə olduğu vəziyyətdə açıq bazarda satmaq istəyində olan satıcı tərəfindən almaq istəyində olan alıcıya satılacağı təqdirdə ehtimal olunan qiyməti deməkdir. 58.2. Torpağın bazar qiyməti torpağın siyahıya alınma tarixindən əvvəlki üç ay ərzində alınan torpağa uyğun torpağın notariat qaydada təsdiq edilmiş alqı-satqı müqavilələrində göstərilmiş 3 ən yüksək qiymətin orta göstəricisi əsasında müəyyən edilir. 58.3. Torpağın qiymətinin onun bazar qiyməti əsasında müəyyən edilməsi üçün alınan torpağı 100 metrədək əhatə edən ərazi üzrə, həmin ərazidə torpaqla bağlı bazar mövcud olmadıqda alınan torpağı 250 metrədək əhatə edən ərazi üzrə, həmin ərazidə torpaqla bağlı bazar mövcud olmadıqda alınan torpağı 500 metrədək əhatə edən ərazi üzrə mövcud olan, alınacaq torpağa uyğun torpağın bazar qiyməti əsas götürülür. 58.4. Torpağın qiymətinin onun bazar qiyməti əsasında müəyyən edilməsi üçün alınan torpağı 500 metrədək əhatə edən ərazidə torpaqla bağlı bazar mövcud olmadıqda həmin torpağın bazar qiyməti yerləşdiyi inzibati ərazi vahidinə uyğun olaraq rayon, şəhər və şəhər rayonlarında mövcud olan, alınacaq torpağa uyğun torpağın bazar qiyməti əsas götürülür.
42. İnzibati icraat haqqında Azərbaycan Respublikasının Qanun: Maddə 89. İnzibati orqanların məsuliyyəti 89.1. İnzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində maraqlı şəxsə vurulmuş ziyana görə müvafiq inzibati orqan Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə müəyyən olunmuş qaydada məsuliyyət daşıyır. 89.2. Maraqlı şəxs kompensasiyanın ödənilməsindən imtina olunması haqqında inzibati orqanın qərarından müvafiq məhkəməyə şikayət verə bilər.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
43. Məhkəmə kollegiyası hazırki qərarın 22-32-ci bəndlərində sadalanan prosessual hüquq normalarına əsaslanaraq tərəflərin izahatını, iş materialındakı, eləcə də məhkəmə kollegiyasının əldə etdiyi əlavə ekspertiza rəyinin və sorğuya əsasən əldə olunan sənədlərlə cavabdehin apellyasiya şikayətinin dəlillərini əlaqəli şəkildə tədqiq edərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən cavabdehin apellyasiya şikayəti qismən təmin edilməklə iddia tələbinin təmin edilməsinə dair birinci instansiya məhkəməsinin qərarı kompensasiyanın məbləği hissəsində dəyişdirilməlidir.
44. Eyni zamanda məhkəmə kollegiyası onu da nəzərə alır ki, iş üzrə 3-cü şəxs qismində cəlb edilmiş Azərbaycan Respublikasının Maliyyə Nazirliyinin hazırkı iş üzrə məhkəmə icraatında iştirakına ayrıca akt şəklində qəbul edilmiş xx.xx.2023-cü il tarixli məhkəmə qərardadına əsasən xitam verilməklə, 3-cü şəxs tərəfindən verilmiş apellyasiya şikayəti mümkün hesab edilməmişdir.
45. Kollegiya qeyd etməyi zəruri hesab edir ki, hazırkı iş üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 08 iyun 2021-ci il tarixli qərarında qeyd edilmişdir ki, torpaqların dövlət ehtiyacları üçün geri alınması ilə əlaqədar olaraq alınmanın təsirinə məruz qalan şəxslərə uğradıqları real itki və məhrumiyyətlər nəzərə alınmaqla qanunvericiliklə müəyyən olunmuş qaydada ədalətli kompensasiya ödənilməlidir. Kompensasiyanın məbləğinin müəyyənləşdirilməsi üçün isə şəxslərin alınma nəticəsində məruz qaldıqları itki və məhrumiyyətlərin real vəziyyətinin nədən ibarət olduğu aydınlaşdırılmalıdır. Geri alınma bir qayda olaraq şəxsə məxsus olan torpaq sahəsinin tamam olaraq və ya onun bir hissəsinin faktiki olaraq itirilməsi ilə nəticələnir. Bununla yanaşı, faktiki olaraq torpağın itirilməsi ilə nəticələnməsə də, onun dəyərinin və ya faydalılığının azalmasına gətirib çıxaran hərəkətlər də dövlət ehtiyacları üçün geri alınma proseduru çərçivəsində qiymətləndirilməklə müvafiq kompensasiya ödənilməsinə əsas verə bilər. Bu mənada, hazırkı mübahisə üzrə aydınlaşdırılmalı məsələ ondan ibarət olmalıdır ki, sözügedən avtomobil yolunun çəkilməsi ilə bağlı həyata keçirilən tikinti fəaliyyəti nəticəsində iddiaçı mülkiyyətində olan torpaq sahəsini tamamilə və ya qismən itirmişdirmi və tələb etdiyi kompensasiya məhz bu itkinin əvəzidirmi? Odur ki, təkrar apellyasiya baxışında bu məsələ aydınlaşdırılmalı, ilk növbədə torpaq sahələrinin tikinti altına düşüb-düşmədiyi, düşürsə hansı hissədə düşməsi məsələsinə dəqiq aydınlıq gətirilməlidir.
46. Ali Məhkəmənin istinad edilən qərarındakı göstərişlərin yerinə yetirilməsi istiqamətində məhkəmə kollegiyasının xx.xx.2021-ci il tarixli qərardadı ilə məhkəmə tikintitexniki ekspertizası təyin edilmiş və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 13 iyul 2022-ci il tarixli ekspert rəyindən görünür ki, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Kadastrı və Reyestri publik hüquqi şəxsin 4 saylı Ərazi İdarəsinin mütəxəssisləri tərəfindən tərtib edilmiş rəyə əsasən “Bilgəh-Sumqayıt avtomobil yolunun tikintisi” layihəsinin ilkin plan və profil cizgiləri çərçivəsində MA seriyalı ******* nömrəli "Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən” Çıxarışa əsasən X4 mülkiyyətində olan 0,27 ha torpaq sahəsinin plan və ölçüsünün döngə nöqtələrinin koordinatları layihədə göstərilən yolun tikintisi altına 0.1604 ha hissəsi, yolun qazma yamacına 0.1064 ha hissəsi düşür.
47. Kollegiya qeyd etməyi zəruri hesab edir ki, tərəflərin arasında yaranmış mübahisə alınmanın təsirinə məruz qalan şəxsə kompensasiya ödənilməsi ilə bağlı münasibətlərdən yaranmış və kollegiyanın qənaətinə görə, mübahisənin həllinə mülkiyyətin müdafiəsi haqqında Konstitusiya müddəaları rəhbər tutulmaqla, əlaqəli hüquq normaları tətbiq edilməlidir.
48. Belə ki, hazırkı qərarın 38-ci bəndində istinad edilən konstitusion normaların tələbləri xüsusi mülkiyyətin qarantı olmaqla, eyni zamanda Konstitusiyanın 15-ci maddəsinin İ hissəsində vurğulanır ki, Azərbaycan Respublikasında iqtisadiyyatın inkişafı müxtəlif mülkiyyət növlərinə əsaslanaraq xalqın rifahının yüksəldilməsinə xidmət edir. Vətəndaş cəmiyyətinin mühüm institutu olan mülkiyyət iqtisadiyyatın inkişafının əsasını təşkil edən ən vacib amillərdəndir. Mülkiyyət dövlət tərəfindən qorunur və mülkiyyət hüququ cəmiyyətdəki hər bir fərdin azadlığının əsası kimi çıxış edir, şəxsiyyətin inkişafı və azad sahibkarlıq üçün zəruri şərtdir.Lakin qeyd olunan hüququn əhəmiyyətinə baxmayaraq, o mütləq deyil və məhdudlaşdırıla bilər. Nəzərə almaq lazımdır ki, mülkiyyət insanın xüsusi maraqlarının həyata keçirilməsində vacib funksiya daşımaqla yanaşı, Konstitusiyanın 15-ci maddəsinin məzmununa əsasən, sosial yönümlü dövlətdə həm də mühüm sosial funksiyaya malikdir.
49. Konstitusiyada və “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının həyata keçirilməsinin tənzimlənməsi haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununda mülkiyyət hüququnun ümumi və xüsusi məhdudiyyətlərinin hüdudları müəyyən olunmuşdur (Konstitusiyanın 13-cü maddəsinin İİİ hissəsi, 29-cu maddəsinin İİhissəsi və 71-ci maddəsinin İİ hissəsi, “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının həyata keçirilməsinin tənzimlənməsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Qanununun 3.3-cü maddəsi).Qeyd edilən Konstitusiya Qanununda o da vurğulanır ki, mülkiyyət hüququnun məhdudlaşdırılması qanunçuluğun tələbinə cavab verməli, qoyulan məhdudiyyətlər həmin hüququn mahiyyətini dəyişməməli, başqa şəxslərin hüquq və azadlıqlarının müdafiəsi məqsədilə tətbiq edilməli, qanuni məqsədə yönəlməli və həmin məqsədə mütənasib olmalıdır.
50. Yuxarıda göstərilən normaların məzmunundan görünür ki, mülkiyyət hüququnun məhdudlaşdırılması qanunçuluğun tələblərinə cavab verməli, başqa şəxslərin hüquq və azadlıqlarının müdafiəsi məqsədilə tətbiq edilməli, mütənasib olmalı və bu konstitusiya hüququnun mahiyyətini dəyişməməlidir. Sadalanan prinsiplərə riayət edildikdə, mülkiyyət hüququnun məhdudlaşdırılmasına yol verilir. Mülkiyyətçilərdən hər hansı birinin əmlaka sahiblik, istifadə və sərəncamla əlaqədar hüquqları digərlərinin hüquqlarından üstün sayıla bilməz. Mülkiyyət hüququnun həyata keçirilməsi imkanı bütün tərəflər üçün bərabər olmalıdır.
51. İşin hallarından göründüyü kimi, iddiaçının torpaq sahəsinin bir qismi yol tikintisi altına, digər hissəsi isə yolun qazma yamacına düşdüyündən torpaq sahəsi dövlət əhəmiyyətli yolun inşası ilə əlaqədar alınmadır. Lakin iddiaçıya həmin torpaq sahəsinə görə ödənilməli olan kompensasiya cavabdeh tərəfindən icra edilmir və bunu müxtəlif hallarla əsaslandırmağa çalışaraq bu işdə iddiaçının haqsız tələb irəli sürdüyünü apellyasiya şikayətində vurğulamışdır.
52. Belə ki, cavabdehin hazırkı qərarın 15-ci bəndində öz əksini tapan apellyasiya şikayətinin dəlillərində qeyd edilir ki, iddiaçının iddia etdiyi torpaq sahəsinin Bakı-Sumqayıt avtomobil yolunun tikintisi layihəsi çərçivəsində həqiqətən tikinti altına düşüb-düşməməsi, düşərsə hansı hissədə düşməsi müəyyənləşdirilməmiş və araşdırma aparılmamış, onlara düzgün qiymət verilməmiş, kompensasiya tələb olunan torpaq sahəsinin həqiqətən iddiaçı tərəfindən istifadə olunmasının qeyri-mümkünlüyünün müəyyən edilməsi kifayət qədər ətraflı hüquqi həllini tapmamışdır.
53. Lakin, hazırkı qərarın 46-cı bəndində istinad edilən ekspertiza rəyindən müəyyən edildiyi kimi iddiaçı X4 mülkiyyətində olan 0,27 ha torpaq sahəsi “Bilgəh-Novxanı- Sumqayıt yolunun tikintisi” layihəsi çərçivəsində aparılan yol tikintisinin altına və yol yamacına düşdüyündən cavabdehin apellyasiya şikayətinin dəlilləri bütövlükdə əsaslı hesab edilə bilməz. Bu baxımdan məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini qismən, əsasən də torpaq sahəsinin bir sotunun qiyməti ilə bağlı hissəsini əsaslı hesab edilərək aşağıdakıları qeyd edir.
54. Belə ki, “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Qanunun 58-ci maddəsinə əsasən torpağın bazar qiyməti həmin torpağın siyahıya alınma tarixinə olduğu vəziyyətdə açıq bazarda satmaq istəyində olan satıcı tərəfindən almaq istəyində olan alıcıya satılacağı təqdirdə ehtimal olunan qiyməti deməkdir. İddiaçının mülkiyyət hüququna dövlət ehtiyacı ilə əlaqədar cavabdeh tərəfindən müdaxilə baş verilməsi təsdiq edilsə də, birinci instansiyası məhkəməsi “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Qanunun 58-ci maddəsinin tələblərinə uyğun torpaq sahəsinin bazar qiyməti ilə bağlı araşdırma aparmamış, ərazidə torpaq sahəsi ilə bağlı alqı-satqını həyata keçirən orqanlara sorğular etməmiş, alınacaq torpağa uyğun torpağın bazar qiymətini müəyyən etməmişdir.
55. Məhkəmə kollegiyası məhz hazırkı qərarın 41-ci bəndində istinad edilən qanun normalarının tələblərinə əsasən iddiaçının mübahisələndirdiyi torpaq sahəsinin bazar qiymətinin müəyyənləşdirilməsi üçün Abşeron rayon 1 saylı Dövlət Notariat Kontoruna sorğu göndərərək 2015-ci ilə dair Abşeron rayonunun Mehdiabad qəsəbəsində (dəqiq yeri bildirilməklə, yəni Novxanı qəsəbəsindən Bakı şəhərinin Binəqədi rayonu istiqamətinə gedən yolun sol tərəfində yerləşən “Praqa” restoranından sonra 500-600 metr aşağıda, sol tərəfdə təpənin üstündə yerləşsə də, rəsmi olaraq Mehdiabad qəsəbəsinə aid olan mübahisəli kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin bazar qiymətinin müəyyənləşdirilməsi məqsədilə həmin torpaq sahəsinin 100-500 metrədək əhatə edən ərazidə yerləşən torpaqların alqı-satqısı ilə bağlı notarial qaydada təsdiq edilmiş 2015-ci ilə aid 5-8 ədəd alqı-satqı müqavilələri tələb edilmiş və xx.xx.2022-ci il tarixli 4802 saylı cavab məktubu ilə məhkəməyə təqdim edilmiş “2015-ci il tarixdə Abşeron rayonu, Mehdiabad qəsəbəsi ərazisində yerləşən kənd təsərrüfatı təyinatlı torpaq sahələrinə dair alqı-satqı müqavilələri” ilə müəyyən olunur ki: -xx.xx.2015-ci il tarixli, AN-İ № ******* saylı alqı-satqı müqaviləsinə əsasən Abşeron rayonunun Mehdiabad qəsəbəsində 0,5 ha torpaq sahəsi 5000 manata satılmış, xx.xx.2015-ci il tarixli, AN-İ № ******* saylı alqı-satqı müqaviləsinə əsasən Abşeron rayonunun Mehdiabad qəsəbəsində 0,2 ha torpaq sahəsi 3000 manata satılmış, xx.xx.2015-ci il tarixli, AN-İ № ******* saylı alqı-satqı müqaviləsinə əsasən Abşeron rayonunun Mehdiabad qəsəbəsində 0,68 ha torpaq sahəsi 40000 manata satılmış, xx.xx.2015-ci il tarixli, AN-İ № ******* saylı alqı-satqı müqaviləsinə əsasən Abşeron rayonunun Mehdiabad qəsəbəsində 0,13 ha torpaq sahəsi 5000 manata satılmış, xx.xx.2015-ci il tarixli, AN-İ № ******* saylı alqı-satqı müqaviləsinə əsasən Abşeron rayonunun Mehdiabad qəsəbəsində 0,5434 ha torpaq sahəsinin 0,1 ha hissəsi 5000 manata satılmışdır.
56. Məhkəmə kollegiyası hesab edir ki, təqdim edilmiş alqı-satqı müqavilələrindən 2015-ci ilə aid 3 ən yüksək qiyməti seçməklə, 1 sotun orta qiyməti 2722 (1500+1667+5000=8167:3=2722) manat müəyyən edildikdə, iddiaçıya məxsus 0,27 ha torpaq sahəsinin qiyməti 73494(27 sot x 2722 m = 73494) manat təşkil edəcəkdir.
57. Kollegiya onu da nəzərə alır ki, hazırkı qərarın 6-cı bəndində istinad edilən mütəxəssis rəyində müəyyən edilmiş torpağın qiyməti 121.500,0 manat olmaqla torpaq sahəsinin bütövlükdə 27 sota aid olmaqla, hər sotunun qiyməti 4500 manat təşkil etsə də, həmin məbləğ 2017-ci ilə müəyyən olunmuş orta bazar qiyməti kimi hesablanmışdır. Bundan əlavə hazırkı qərarın 11-ci bəndində istinad edilən 21 yanvar 2020-ci il tarixli qiymətləndirmə hesabatında müəyyən edilmiş qiymətlərin 2017-ci ilin iyun ayı üçün və halhazıradək bazar dəyəri ondan ibarət olmuşdur ki, 2017-ci ilin iyun ayı üçün 27 sot torpağın bazar dəyəri 100.000 manat, hal-hazırda bazar dəyəri 90.000 manatdır. Yəni torpaq sahəsinin orta bazar qiymətinin bir sotu 2017-ci il üçün 3.703 manat, 2020-ci il üçün isə 3.333 manat kimi hesablanmışdır. Həmçinin, iş materialında cavabdehin birinci instansiya məhkəməsinə ünvanladığı xx.xx.2019-cu il tarixli 3/09-2656 saylı məktubda bildirilmişdir ki, “Bilgəh-Sumqayıt avtomobil yolunun tikintisi” layihəsi altına düşən xüsusi mülkiyyətdə olan torpaq sahəsinin 1(bir) sotuna bütün əlavələr nəzərə alınmaqla 3000 manat kompensasiya ödənilmişdir.
58. Məhkəmə kollegiyası hazırkı işdə torpaq sahəsinin qiymətilə bağlı əldə olunmuş qiymətlərlə bağlı qeyd edir ki, istər mütəxəssis rəyində, istər qiymətləndirmə hesabatında, istərsə də cavabdehin məktubunda göstərilən məbləğlər mübahisənin həlli üçün əsas kimi götürülə bilməz ona görə ki, həmin sənədlərdə əks edilən məbləğlər “kənd təsərrüfatı təyinatlı torpaqlar” kateqoriyasına aid edilən məbləğ kimi nəzərdə tutulmamışdır. Lakin məhkəmə kollegiyasının hazırkı qərarın 55-ci bəndində istinad edilən notariat orqanından əldə edilmiş torpaq alqı-satqı müqavilələrindən müəyyən edilən məbləğlər, məhz “kənd təsərrüfatı təyinatlı torpaq sahələrinin” 2015-ci ilə dair satış qiymətini özündə əks etdirən orta bazar qiymətini, yəni 2722 manat olmasını iddia tələbi üzrə əsas kimi götürülməsini mümkün hesab edir ona görə ki, iddiaçıya məxsus torpaq sahəsi 2015-cu ilin əvvəllərində dövlət əhəmiyyətli yolun çəkilməsi səbəbilə cavabdeh tərəfindən müdaxilə edildiyindən hazırkı qərarın 41-ci bəndində istinad edilən Qanunun 58.1 və 58.2-ci maddələrində müəyyən edildiyi zamana münasibətdə qiymətin müəyyən edilməsi əsas götürülməli, bu baxımdan hazırkı qərarın 57-ci bəndində istinad edilən sənədlərdəki qiymətlər nəzərə alına bilməz.
59. Eyni zamanda məhkəmə kollegiyasının iclasında iddiaçının nümayəndəsinin də qeyd etdiyi kimi iddiaçıya məxsus torpaq sahəsi bütövlükdə yol tikintisi altına düşdüyündən və buna görə kompensasiya ödənilməsilə bağlı cavabdeh tərəfindən müvəkkilinə heç bir ödəniş təklifi edilməmiş, həmçinin cavabdeh Agentliyin nümayəndəsinin məhkəmə iclaslarına gəlməməsi işin əsassız yerə uzadılmaqla dəymiş ziyanın ödənilməsindən yayınmaq kimi qiymətləndirilməlidir.
60. Beləliklə, məhkəmə kollegiyası yuxarıda şərh edilənlərə əsasən bu nəticəyə gəlir ki, iddiaçının iddia etdiyi 0,27 ha torpaq sahəsi bütövlüklə yol tikintisi altına düşməsi səbəbindən kompensasiya ödənilməsi tələbi qismən əsaslı hesab edilərək “Bilgəh- Novxanı-Sumqayıt yolunun tikintisi” layihəsi çərçivəsində aparılan yol tikintisinin altına və yol yamacına düşdüyündən, həmin “kənd təsərrüfatı təyinatlı torpaqlar” kateqoriyasına aid, məqsədli istifadə növü əkin olan torpaq sahəsinə görə müəyyən edilən məbləğ, hazırkı qərarın 55-ci bəndində istinad edilən notariat orqanından əldə edilmiş torpaq alqısatqı müqavilələrinə əsasən 2015-ci ilə dair satış qiymətini özündə əks etdirən orta bazar qiymətini, yəni bir sotu 2722 manat olmaqla, 27 sota görə 73.494 manat məbləği müəyyən olunmaqla, həmin məbləğə hazırkı qərarın 39-40-cı bəndlərində istinad edilən qanun normalarına görə 20%, yəni 14.699 manat əlavə edilməklə ümumilikdə - 88.193 (73494+14699=88193) manat məbləğinin tutulmaqla iddiaçıya ödənilməsi təmin edilməli, bununla da cavabdehin hərəkətlərində hazırkı qərarın 39-42-ci bəndlərində istinad edilən normaların tələblərinin pozulması müəyyən edildiyindən birinci instansiya məhkəməsi hazırkı iş üzrə qismən düzgün nəticəyə gəlsə də, kompensasiya məbləğinin hesablanmasında müəyyən uyğunsuzluq olduğundan cavabdehin apellyasiya şikayəti qismən təmin edilməklə Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin 24 aprel 2019-cu il tarixli 2-1(085)-33/2019 saylı qərarı dəyişdirilməli, cavabdeh Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən iddiaçının xeyrinə 88.193 manat məbləğində kompensasiya tutulmaqla iddiaçı X6 ödənilməlidir.
NƏTİCƏVİ HİSSƏ
61. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ:
Cavabdeh Azərbaycan Avtomobil X5 səlahiyyətli nümayəndəsi tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin 24 aprel 2019-cu il tarixli 2-1(085)-33/2019 saylı qərarı dəyişdirilərək X4 mülkiyyətində olan Abşeron rayonu Mehdiabad qəsəbəsibdə yerləşən, MH seriyalı ******* nömrəli Çıxarışa əsasən 0,27 ha “kənd təsərrüfatı təyinatlı torpaqlar” kateqoriyalı torpaq sahəsinin bütövlüklə dövlət ehtiyacları üçün alınması ilə əlaqədar olaraq 88.193 (səksən səkkiz min yüz doxsan üç) manat məbləğində kompensasiyanın X6 ödənilməsi öhdəliyi Azərbaycan Avtomobil X5 üzərinə qoyulsun. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti 70) vasitəsilə kassasiya şikayəti verilə bilər.